O qədər sərhəd pozub - bir durna qatarında....
O qədər sədlər aşıb - fikir qanadlarında...
Niyəsi bilinməz, neçəsi bəllənməz.
Necəsinə inandıran inandırıb - taleyinə şair ömrü yazanda:
Böyük fikir qanadıyla
Uçulmaza uçmaq olar.
Uçulmazın keçilməzi olmayıbmı, görəsən?
Harda soruşasan, necə soruşasan?
Musa Yaqub, budu ha, ömrünün yaxası vaxtın əlində, vaxt bir az qabaqda, bir az geridə - elə bir ilahi yerdə durub ki...
Bir də ki, şairdən nə soruşasan, şair - bu dünyada verəcəyi hər cavabı şeirində deyəndi.
Vətən adlı, torpaq adlı
Bir sevginin sərhədini
Keçmək olmur, aşmaq olmur.
Əslində, bütün sərhədləri insan fikirləşib, insan qoyub; dövlət sərhədi, hava sərhədi, suya sərhəd, qoruğa sərhəd... Bir də var, insanın öz içində özünə qoyduğu sərhəd. Özündən keçmək olmur. Özündən qaçmaq olmur. Özündən keçəndə qanunlar gücdən düşür. "Vətən adlı bir sevginin sərhədi" də ona görə keçilməzdi yəqin:
Gərək öz kökündə qaynasın qanın,
Gedib özgəsinə tapınmaq olmur.
Kök də kök ola, ha! Musa Yaqubun sənəti, sözü, həyatı haqqında onu tanıyanların, ruhu-fikri birlərin, demək olar ki, böyük əksəriyyəti şairin halal ocağının istisini-tüstüsünü görüb, dünyaya "bir çiçək, bir ləçək, göy məqamında" yaşayan şairin gözüylə baxıb:
Belə nur məqamda, büllur məqamda
Bu dünya nə gözəl olur, Allahım!
***
Musa Yaqub şeiri çox məqamlarda çox oxucusunun hisslərinə tərcümanlıq edib, oxucu fərqinə varmayıb ki, fikrin gözəlliyidi onu tutan, "nifrətini əridib tamahını öldürən" mənzərənin, anın poeziyasıdı, yoxsa, hisslərini şeirə çevirən, duyğularını poeziya incisi edən şairin sənətkar istedadıdı onu "özgə"nin şeirini "özününküləşdirməy"ə sövq edən...
Sərhəd pozmaqda pərgar olan Musa Yaqub bu məqamda sərhədləri dəqiq cızır:
O cığırları ki, mən tanıyıram,
Heç kəs mənim kimi tanımaz ancaq.
O çiçəkləri ki, mən qoxlamışam,
O hicran, o kədər
yolları üstə
Heç kəs mənim
kimi ağlamayacaq,
O dərdi
könlündə saxlamayacaq.
***
...Şəhər
fəsil gözəlliyini niyə nimdaş göstərir? Nə
yazında nazlanır, nə qışında bəyazlanır.
Şəhər o ilahi məqamları da şeir dilində,
şeir sehrində çatdıra bilmir, olsa-olsa, prozaik ifadəyə
çevirib, təsəlliyə döndərir: "Nə
yaxşı ki, İsmayıllıda bir Buynuz kəndi və
orda da Musa Yaqub ocağı var". Mübahisə edə bilmərəm,
amma mənə elə gəlir ki, Sabir Rüstəmxanlı bu
sözləri yazanda Babadağ ziyarətində
olmamışdı, yəqin şəhərdəki
qayğıları macal verməmişdi Musa Yaqubun "gəl
gedək o nura tərəf - qaya kimi bərkiməyə, zirvə
olub ucalmağa, cığır-cığır burulmağa,
bulaq kimi durulmağa ..." çağırışına
qoşulmağa... Musa Yaqub şəxsən Sabirə səslənməmişdi
bu təkliflə, Musa Yaqub çoxdandı zirvə-dərə,
dağ-meşə sərhədini elədən-beləyə,
belədən-eləyə, yağır eləyirdi; "yaylaq
sularında təmizlənə, çiçək
baxışıyla əzizlənə-əzizlənə"
sərhədpozanlığındaydı. Babadağı - zirvə
boyda daş kitabı oxuyub-öyrənmək
çağırışı şairin insanlığa
xitabıydı:
Gedək ömrə gərək olan
Bir savabı
diriltməyə.
O zirvəni
görənəcən, o zirvədən baxanacan mən də
elə bilirdim, şeirimizdə-sözümüzdə tutiyaya
dönmüş kövrəklik, saflıq və möhtəşəmlik
Buynuzdandı Musa Yaqub şeirində. O zirvəyə gedən
yolu addım-addım qalxıb-enəni Musa Yaqub şeirlərinin
tamını duyuram, poeziyasının sirrini bilirəm.
Babadağa qalxanda "zirvə olmaq" eşqinə
düşmədim, o dağ səltənətində, o
müdhiş nəhənglikdə, ağ-mavi ənginlikdə,
aşağıda qıvrılan, iki
barmaq enində görünən çayların
"zavallı" görkəmində mən İnsanı
gördüm. Dünyanın bütün həvəsləri,
maraqları, cəhdlər, canatmalar, iddialar, hikkələr,
küskünlüklər, insanın insan kimi yaşamasına əngəl
olan hər cür xırdalıqlar cılızlaşıb
gözdən düşəndə, "qəzəb deyilən
şey, qəsd deyilən şey yoxdu bu dünyada, əfsanə
sözdü" fikrini, xoş anlarında yanında görmək istədiyin
doğman kimi qarşılayırsan. İnanırsan: belə
möhtəşəm təbiətin insana təsiri o olar ki:
İnsan
alt-üst edər çox qərarını,
Günahlar
yolundan qayıtmaq olar.
Qəribədir, hər yan daş, hər
tərəf sərt bir əzəmətdə və Musa Yaqubun
misraları zəriflik pıçıldayırdı
yaddaşıma:
Bu saat kobudluq mənə toxunsa,
Sınıb
çilik-çilik olar ürəyim.
İndi, üstündən neçə
illər keçəndən sonra da mən o anları
xatırlayanda şükran duyğularımçın
Sağ ol, ey qismətim,
möhlət verənim,
Bir az ömür
sürüb xeyli yaşadım
-
misralarından dolu söz
tapmamışam, heyrətim hələ də Musa Yaqubun
Bu dağlar, dərələr
bizimkimidi?
Bu göy də,
bu yer də bizimkimidi?
Yəni biz də
varıq,
dünya da
varmı?
Bu baxan gözlər
də bizimkidirmi?
İlahi, biz necə
bəxtəvərmişik!
- misralarına sığınıb
qalıb.
Mövzusundan
asılı olmayaraq, Musa Yaqub oxucusu ilə o dildə
danışır ki, "Bu cür yalnız Musa Yaqub
danışa bilər" fikri dərhal özünü
göstərir. Bu "söhbət"də sadəlik
heç vaxt dayazlıq, bəsitlik sözlərini yada
salmır, bu sadəlik adamı yoldan eləyir, öz cazibəsinə
salır, çünki şair qəlbinin səsidir və bu səs-söz
auditoriya rəyinə, oxucu reaksiyasına hesablanmır.
Gah deyirəm, qoy
olsun, nə gərəyim,
Namərd sözdən
sızıldadı kürəyim.
Ah, ürəyim,
mənim şair ürəyim,
Şər
axınla barışanda nə deyim?
Onun şeirlərində soyuqluq
yoxdur. Bunu yalnız səmimiyyətin adına yazmaq düz
olmazdı. Misralarda sözlərin bir-birilə
qarşılıqlı münasibətindən
danışmamaq olmur. Musa Yaqubun şair məharəti maraq, məşğuliyyət
və mənafeləri düzgün
uzlaşdırılmış qrupun, komandanın
başçısının məharətini
xatırladır. Bəli, bu qrup, komanda nəinki "bir dam
altında" işləyə, yaşaya bilir, bu qrupun
üzvləri arasında sözlə izah olunmayacaq
bağlılıq var. Musanın şeirlərində sözlər
bir-birini itələmir, yadlıq-ögeylik yoxdur aralarında,
sözlər bir-birinə söykəkdi, sözlər
bir-birini sevir:
Bir xəfif, xeyirxah bahar yelində,
Çiçək
açılanda nə deyir? - Heç nə.
Şehotu çəməndə
səhər şehində
Bəxtəvər
olanda nə deyir? - Heç nə.
Bax, mən də
eləyəm, ay iki gözüm.
Bir-birinə
söykək sözlərlə Musa Yaqub təzadlı lövhələr,
fikirlər verməkdə də ustadır.
Ulduz tək üstümə səpələn,
ay qar,
Belə soyuqluqla
isinmək olar.
Həyat ziddiyyətləri,
insan xisləti, cəmiyyətdəki naqisliklər də beləcə,
təzadlarla açılır.
Dünən haram
alıb əlimdən özü,
Bu gün bayraq
edir halalı, düzü.
Amma ən maraqlısı odur ki, həyatdan
baş aça bilməyən, "Hələ ki, qoruyur yalan
yamanı, Zamanın tənbehi, görkü
görünmür" - deyib dad edən şair, yerdən əlini
üzüb gözünü göyə diksə də, -
İlahi, mən hara gəlib çıxmışam?! - onun
heç bir şeirində təslimçilik ovqatı yoxdur, bədbinlik
bürüyəndə, peşmanlıq üstələyəndə
də şair özünü tarazlamağa güc tapır.
Mən çəkmişəm cəfanı,
Mən
görmüşəm səfanı,
Qaldırmışam
çiynimə,
Aparıram dərdimi;
demək, mənəm
dünyanın
Ən
güclü pəhləvanı.
Əksər həmkarlarından fərqli
olaraq, Musa Yaqub həyatımızın, cəmiyyətin
narahat məqamlarında, tərəzinin gözünü əyən
vəziyyətin yaranmasında özünü kənara
çəkmir, sığortalamır, günahını mərdanə
bir tövrlə etiraf edir və bu etirafdan sonra "Burax məni,
çıxım gedim azadlığa" bezginliyinə
qaçmaq deyə bilmirsən, əksinə,
düşünürsən ki, "söz sözə gələndə
sən nəfsi qıran, mən dünya malına göz yumub
duran, amma ayrılıqda daşı da yaran, bir tamah sənindir,
bir tamah mənim" - deyən şairin getməyində, bəlkə
mən də günahkaram?! Çünki "dünyanın ən
güclü pəhləvanı" "salimliyi"
üçün dərman bilmir, şair cəzasını
öz içində çəkir. Səbrin bir adı da bu
deyilmi? Kimin xatirinə, nəyin naminə?
...Ömür
yoldaşımın, balalarımın
Xətrinə
içirəm səbr kasamdan.
Əvvəl zorla
içdim həmin zəhərdən,
İndi
özbaşına içirəm hərdən.
Qəzalarının yoluna sərhəd
olan səbrini keçə bilməyən sərhədpozanımızı
"mən zülüm içirəm, zəhər içirəm
səbr kasamdan" sitəmi gör nə hala salır:
Səbr
kasasıdır mənim ürəyim,
Səbri
ölüb, quru kasası qalıb.
Tale Musa Yaquba elə bir Dost, Həmdəm,
Arxa verib ki, hər kəsə qismət olmayan bu xoşbəxtlik
Musa Yaqubun şair adına bir ad qoşub və həm də,
açığı, bir az da mane olur bu ad: təbiət
şairi. Təbiətdən
yazmaq hələ təbiət şairi olmaq deyil. Təbiətlə
dost olmaq təkcə onun gözəlliyinə vurğunluq,
möcüzəsinə heyranlıq, məharətinə
sığınmaq, qəzəbindən incimək deyil. Təbiət
də gərək səndə özünü görə bir
az da olsa.
Otaqda yazmıram bu şeirimi mən,
Yapışıb
payızın titrək əlindən,
Əvvəl
payızlandım o budaq kimi,
Sonra bu şeirimi
gətirdim dilə.
Bax, onda
"yüzlərin içində tənha könlü bir
qanadlı söz istəyəndə" insan təsəlli -
"cənnət" tapa bilir. Musa Yaqub kimi:
Məni deyirsənsə,
gördüm cənnəti...
Köçürdüm
könlümə mən təbiəti.
Amma... hər kəsin çox həvəslə
Musa Yaqub sözünə sinonim kimi dilə gətirdiyi "təbiət
şairi" ifadəsi onun
yaradıcılığının miqyasını
kiçildir. Hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatında
Musa Yaqub poeziyası təkcə fakt kimi təsdiqlənməyib.
Bu poeziya yoxluğu ilə yerində boşluq qoya biləcək
səviyyədə mövqeyi ilə, Azərbaycan dilinin
gözəlliyinə sərgi ola biləcək poetik zənginliyilə
mötəbər mövqeyini çoxdan qazanıb. Dilin
axıcı ahəngi, fikrin gözəl ifadəsi,
aşıq poeziyasının misilsiz nümunələri ilə
səsləşməsi, el deyimləri səviyyəsində
ayrılan çoxlu ifadələrin aforizm statusu ilə dilimizə
- nitqimizə daxil olması bu şeirlərin xalq arasında
geniş yayılmasını şərtləndirən amillərdəndir.
"Bu dünyanın qara daşı göyərməz",
"Kor görən düz oldu, biz görən yalan, səsimiz
yayıldı kar tərəfindən" və s. onlarla belə
ifadələr folklor yaddaşına köçüb
artıq.
Aşıq Ələsgərin
məşhur "Sənin ərin ölsün, mənim
arvadım, düşsün aramıza vay, gülə-gülə"
"arzusu" gör Musa Yaqub qələmində hansı
qiyafədə "interpretasiya" olunur:
Mənim könlüm yansın, sənin
çırağın
Etdiyim bu ahu-zar tərəfindən.
Yaxud
Qaracaoğlanın zərb-məsələ dönmüş
deyimini "bizim günlərin Qaracaoğlanı" necə
təzələyir:
Bir sirr əsiriyəm,
bir söz dustağı,
Ağ salıb
gözümə yalanın ağı.
Açımmı
sandığı, töküm pambığı? -
Açsam,
öldürərlər, açmasam, ölləm.
***
Biz dost əllərini
sıxdıq həmişə,
Mən namərd əlinə
öyrənməmişəm.
Mən güllə
səsinə, bomba felinə,
Mən hiylə
dilinə öyrənməmişəm.
Amma bu da hələ "kimsən?"
sualına cavab vermir. Cavab verməsə də, şairin
sözünü təsdiq edir:
Ölçü-biçilərin
itdiyi yerdə,
Dövrün ilan
yolu getdiyi yerdə
İlandan
qaçana oxşayıram mən,
Yalandan
qaçana oxşayıram mən.
***
Müasir genetika
elmi bu gün maraqlı tədqiqatların nəticələrini
ümumiləşdirir. Sən demə, insanların heç
bir sosial-dini, irqi-siyasi müxtəlifliyi onların genetik kodunu
bir nöqtəyə apardığına mane olmur.
Bütün insanların genetik kodu Adəmə aparır. Musa
Yaqub bunu genetikanın tədqiqatları olmadan da deyirdi:
Bütün
"izim"lərdən əvvəl yaranmış
Mənim
inandığım "adəmizm"dir.
Sən Allah,
qayıdaq o "adəmizmə",
Siz Allah,
qayıdaq ilk məhəbbətə.
Musa Yaqub poeziyası insanı, onun
duyğularını, təbiətə, gözəlliyə, təmizliyə
kökləyir. Bu poeziya heç vaxt janrın kəmiyyət
ölçüləri ilə qiymətləndirilməyib və
buna ehtiyac da yoxdur. Onun yaradıcılığının
çəkisi nə cildlərlə, nə poemalarla, nə
şeirlərinin mövzu rəngarəngliyi ilə
ölçülməməlidir. Musa Yaqubun qələmindən
çıxan hər poetik nümunənin də öz rəngi
var, sözlərin də və bu rəng ovqatı müəyyən
edir.
Bənövşə nə dinər,
nə haray salar,
Amma bu nəğmənin
yoxdur əvəzi.
Flora, belədir sənin
nəğmən də.
Uzaq xatirələr
ayıldar həzin
Sənin zanbaq səsin,
bənövşə səsin.
Bu rənglər həm də Musa
Yaqubun qəlb şairliyindən, ruh şairliyindən
danışır. Deyəsən, bu rənglərin olduğunu
ilk əvvəl şairin özü duyub:
Əgər hünərin var, o rəngi
saxla,
O rəngdə
qaynaşan ahəngi saxla.
Başa
düşüb ki, bu rəngi hər rəngə bir bozluq
qatan şəhərdə qoruya bilməyəcək, bu
qarışıq-bulanıq rəng içində ovqat da
boğular - şeirin ovqatı. Elə odu ki, bir vaxt mühit
havasına gəldiyi şəhərdə təngnəfəs
olunca, dünyanın, ədəbiyyatın bir QAYIDIŞ
ağrısına məlhəm olmağa dönüb. O qədər
olub ki, şəhərdə kənd xiffəti, dağ həsrəti,
bulaq göynəyi çəkə-çəkə,
peşman - ikili hisslərin əlində qovrula-qovrula
ömür yanıb. "Gedim-getməyim,
qayıdım-qayıtmayım" tərəddüdünü
keçən olub, ötən olub, amma dönəni...
Bu sevda qovdu məni,
Gözümü
külə verdi.
Yanğımın
yeri qaldı,
Külümü
yelə verdi.
Musa Yaqub başa
düşdü ki, şəhər ona şairlik verməyib,
şairliyi gətirib onu şəhərə. O, şəhərdə
tez başa düşdü ki:
Min yerə üz tutaram,
Bir yeri mənim
olmaz.
Şair müdrikliyiydimi, kəndli fəhmiydimi,
bir hiss ona pıçıldayırdı ki, qayıt kəndə.
"Axtaran insanın hər addımbaşı böyüyən,
kiçilən yolları varsa, duruluğa qarşı,
saflığa qarşı dünyanın keçilən
yolları varsa... mütləq o yol gəlib bura
çıxacaq".
Beləliklə,
Musa Yaqub kənd-şəhər-kənd, yoxsa, kənd-şəhər
yolundan birincisini seçdi və çoxuna keçilməz gələn
bir sərhədi də keçdi.
Dostlar nə o
gücdə, nə o dözümdə,
Üzlər
gördüm, əlim qaldı üzümdə.
Adını
özümdə, haqqı sözümdə
Belə
qarışıqda saxlayanım var.
***
...Bu
dünyanın çox yolu var;
aman yolu, güman yolu, bir ilahi iman yolu...
Bu qədər
yol saya-saya, Musa Yaqub deyir ki, mən eşqdən savayı bir
yol bilmirəm.
Nə var sevgidən özgə -
Başqa şeylər
hədərdir.
Dünyanın
ömrü eşqin
Yaşamağı
qədərdir.
Əslində, bu qənaətə gələn
nə birinci şairdir Musa Yaqub, nə də sonuncu. "Məhəbbət
dəftərçəsi" olmayan şair də yoxdur.
Şair var, elə bu "dəftər"lə şöhrətlənir,
adam var, şairini bu dəftərdən o yana nə
görür, nə tanıyır... Amma... Musa Yaqub sevgi
şairi də deyil. Çünki... şair ruhu
başdan-ayağa sevgidi, şeirsə sevgidə münasibət
arayır. Şair "sevgiyə münasibət yoxdur, sevgi
özü münasibətdir..." qənaəti ilə
haqlıdır. Di gəl, Musa Yaqubun şeirindəki sevgidəki
ağayana şahanəlik çox fərqlidir.
Mən sənin könlündə
ölən sevgini
Bir qəfil sehr
ilə dirildəcəyəm.
Qul tək
ayağına düşüb yenidən
Səni şah
taxtına qaldıracağam.
Musa Yaqub sevgisinin
yaddaşı çox güclüdür, nə zamanı
qarışdırır, nə gümana uyur.
Bahar çəməninə
baxma, ürəyim,
Meyvəli budaqla
gül açmaq olmaz.
Görüb-götürmüş
bu sevgi bu sərhədpozanı ehtiyatın kəməndinə
gör necə də bənd edib. Çox da deyir
"ölürəm bir dəli sevgidən ötrü",
arada "olar-olmaz" dirəkləri dikəlir.
At deyirsən,
atmaq olmur, ilahi,
Hicran başqa,
atmaq dərdi başqadır.
Musa Yaqubun lirikası təmiz,
ilıq, bir az da qəmgin hisslərlə doludur. Onun lirik məni
ağıldan bir addım qabaqda, hissdən bir addım geridə
durub, gələni xəbərdar edir, gedəni gözləyir.
Gələnini gözləməyə
de, nə var,
Gedənini
gözləməkdi intizar.
Deyirlər, sevgi köhnəlib. Bu
günün sevgisi reallığı qəbul edir. Görəsən,
nədir reallıq: hesablanmış mənafelər, xudbin həvəslər,
hissləri yeyinləşdirən texnika?
Yox, elə
dünənin də, bu günün də, sabahın da
reallığı birdir:
İki qəlbin
işığında yol gedən
Zülmət
çağı dağlar aşa, yorulmaz.
Əlini ver,
ömür dostum, əlini,
Əl ki əldən
bərk yapışa, yorulmaz.
***
Musa Yaqubun dost
mehri, doğma qayğısı, xalq məhəbbəti, ədəbiyyatda mövqe
sarıdan, şöhrətdən-şövkətdən
sıxıntısı olmadı heç. Musa Yaqub Azərbaycan
poeziyasında, türk düşüncəsinin etnik
yaddaşında da "ekoloji mədəniyyət"in səviyyəsini
bəlirləyən adlar sırasında əmin-arxayın qərar
tuta bildi. Bütövlükdə bu
yaradıcılığın, necə deyərlər,
"müsbət energetikası", inandırmaq
bacarığı və hissi - emosional təsir
gücü mənəvi mədəniyyətin həqiqi dəyərlərini diri
saxlamağa xidmət nümunəsi kimi dərk oluna bilirsə,
o zaman...
Sağ ol, təmiz ömür, var
ol, təmiz yol -
Ey mavi
zümzümə, ax, daim var ol...
Südabə AĞABALAYEVA
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S. 18-19.