Çoxyönlü fəaliyyətlə
izlənən alim ömrü
Professor Akif Abbasovun yaradıcılığı
çoxistiqamətlidir. Hər şeydən əvvəl
müəllimdir, orta məktəbdə ingilis dili, ali məktəbdə
pedaqogika fənnindən dərs deyib.
İkinci istiqamət elmi fəaliyyətidir. Akif Abbasov
elmlər doktoru, professor, akademik olmaqla yanaşı, onun elmi rəhbərliyi
və elmi məsləhətçiliyi ilə 35 nəfər
elmlər doktoru və fəlsəfə doktoru yetişib. Elmlər
doktoru (11 nəfər) və fəlsəfə doktoru (32 nəfər)
proqramları üzrə çoxsaylı dissertasiyaların
müdafiəsi zamanı rəsmi opponent kimi
çıxış etmişdir.
Akif Abbasov 40-dan artıq kitab və kitabçanın,
200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans
materiallarının müəllifidir.
O, yaradıcılığında diqqəti cəlb edən
digər istiqamət lüğətçilik fəaliyyətidir.
O, "İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət"
[1999] və "Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji
terminlər lüğəti" [2006, 2019] tərtib edərək
nəşrinə nail olmuşdur.
Akif Abbasov elmi yaradıcılıqda olduğu kimi, bədii
yaradıcılıqda da eyni uğurla fəaliyyət göstərir.
Bir yazıçı kimi də özünü təsdiq
etmişdir. O, "Atatürk" "Yaxşı dost"
pyeslərinin; "Aldanma sözlərə", "Samsundan
başlanan yol", "Acı xatirələr" və
"Sultan II Murad romanlarının müəllifidir.
Onun qələmindən "Lələşin
ayaqqabısı", "Qız gəlin
köçür", "Xəyanət", "Qaş
düzəltdiyi yerdə", "Dədəmə
oxşayırsan", "Gəl Məliyin
dovğasına", "Gəlin", "Xallı kəpənək",
"Müdirin ayağı", "Bir qıçlı
öz atasıdır", "Dar günün dostu",
"Geydirmə araq", "Banu və babası",
"Pyeslər", "Əsərləri. 10 cilddə. 1-7-ci
cildlər", "Roman, povest və hekayələr",
"Atilla və babası", "Yumruq",
"Yumurta", "Sənə quzu kəsim", "Pensiya
pulu", "Hekayələr", "Uşaqlar
üçün hekayələr", "Töhmət",
"Taxta qaşıq" kimi hekayə kitabları
çıxmışdır.
Atatürk mövzusu Akif Abbasov
yaradıcılığını qırmızı xətlə
kəsib keçir. O, türk dünyasının şərəfi
və iftixarı, əfsanəvi
sərkərdə, dövlət xadimi, Türkiyə
Respublikasının yaradıcısı və ilk Prezidenti
Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən
bəhs edən 6 kitab qələmə almışdır. Onlardan
"Samsundan başlanan yol" romanının, "Atatürk
haqqında hekayələr"in (birinci və ikinci kitab),
"Atatürk" pyesinin, "Böyük türk"
(uşaqlar üçün hekayələr) və
"Xallı kəpənək" hekayələr
kitabının adları qeyd oluna bilər.
Babək Abbaszadə "Atatürk" pyesi əsasında
libretto yazmış, bəstəkar, professor, Prezident təqaüdçüsü
Oqtay Rəcəbov "Atatürk" operasını bəstələmişdir.
Bundan başqa, "Atatürk" pyesi türk dilinə
çevrilmiş, 2015-ci ildə Ankarada nəşr
edilmişdir [Akif Abbasov. Atatürk (piyes). Ankara: Özel Der
Yayınları, 2015].
Akif Abbasovun yaradıcılığını məhsuldar
edən həm də tərcüməçilik sahəsindəki
fəaliyyətidir. O, ingilis, Amerika, İrlandiya, Kanada, Keniya,
rus, Moldova, qırğız, türkmən, gürcü, osetin
ədəbiyyatından diqqətəlayiq tərcümələr
edir. Onun həm ingilis, həm də rus dilindən etdiyi bədii
tərcümələr istər orijinala yaxınlıq və
istərsə də bədiilik baxımından önəmlidir.
Tərcümələri dövri mətbuatda müntəzəm
şəkildə dərc olunmuşdur. İngilis və rus dillərindən
tərcümələri 11 kitabda toplanmış və nəşr
edilmişdir. "Kristi Tökerin ölümü",
"Yağış altında pişik",
"Tiflissayağı boşanma", "Küçə
tinində hadisə", "Andro və Sandro" (müəllif:
G.Xuqayev), "Ali təhsilli arvad" (müəllif: T.Esenova),
"Duel" (müəllif: M.Bayciyev), "Yolagəlməz
qadın" (müəllif: U.S. Moem),
"Yağış" (müəllif: U.S.Moem) və
"Edvard Barnardın ruh düşkünlüyü"
(müəllif: U.S.Moem) kimi pyes, povest və hekayələrdən
ibarət tərcümə kitabları oxucular tərəfindən
rəğbətlə qarşılanmışdır.
İngilis yazıçısı Qrehem Qrinin
"Canlılar yaşayan otaq" pyesini də London nəşrindən
dilimizə Akif Abbasov çevirmişdir. Bundan başqa, onun tərcümə
etdiyi 6 pyes ("Səhra", "Nənə gələndə",
"Uğurlu skamya", "Buzda ehtiyatlı ol",
"İstəkli adamlar üçün hədiyyə",
"Duel", "Andro və Sandro" və s.) respublika
radiosunda tanınmış aktyorların, Mədəniyyət
və İncəsənət Universiteti tələbələrinin
ifasında səslənmişdir. "Andro və Sandro"
pyesi Həsən Əblucun rejissorluğu ilə radioda səslənmiş
[1987], əsas rolları Sofa Bəsirzadə, İlham Namiq
Kamal, Bürcəli Əsgərov, Məhluqə Sadıqova,
Muxtar Avşarov ifa etmişlər.
Akif Abbasovun jurnalistlik fəaliyyəti də diqqət mərkəzində
dayanır. O, 1967-68-ci illərdə Əli Bayramlı
(hazırda Şirvan) şəhərində çıxan
"İşıq" qəzeti redaksiyasında müxbir
kimi fəaliyyətə başlamış, ilk jurnalistlik, ilk qələm
təcrübəsini bu qəzetin redaksiyasında
keçmişdir. Bir jurnalist kimi formalaşmasında həmin
qəzetin yaradıcı heyətinin üzvlərindən
Möhsün Xəlilovun (redaktor), Tapdıq Xudayevin, Sabir
Gözəlovun, Çingiz Ələkbərzadənin, Fərmail
Əsədovun, Tofiq Hüseynin, Vaqif Abbasovun rolu olmuşdur.
Akif Abbasov hazırda Azərbaycan
Respublikasının Təhsil İnstitutunun "Elmi əsərləri"nin
baş redaktoru, Bakı Qızlar Universitetinin "Elmi əsərləri"nin
baş redaktorunun müavinidir. 2000-2006-cı illərdə həm
də "Təhsil, mədəniyyət, incəsənət"
jurnalının redaktoru olmuşdur. Azərbaycan
Respublikasının Təhsil İnstitutunun "Elmi əsərləri"
beynəlxalq qrift almışdır, ildə 6 nömrəsi
işıq üzü görür.
Professor hazırda Ukrayna Milli Müdafiə Universitetinin
orqanı olan "Viiskova osvita" jurnalının, Azərbaycanda
nəşr olunan "Mütərcim" ədəbi-bədii
və tərcümə jurnalının, "Humanitar fənlərin
öyrənilməsinin aktual problemləri",
"Pedaqogika", Naxçıvan Müəllimlər
İnstitutunun "Elmi xəbərlər"inin, "Azərbaycanda
xarici dillər" jurnallarının redaksiya heyətlərinin
üzvüdür.
Akif müəllim Azərbaycan Respublikasının Təhsil
İnstitutunun xətti ilə keçirilən respublika və
beynəlxalq səviyyəli elmi konfransların
materiallarının redaktə olunub çapa
hazırlanmasında xüsusi fəallıq göstərir.
Professorun tərtibçilik istiqamətindəki fəaliyyəti
də diqqəti cəlb edir. İyirmi çap vərəqi həcmində
olan "Az söylə, söz söylə" (Şərqin
şifahi və yazılı abidələrində tərbiyəvi
fikirlər", həmçinin "Qız gəlin
köçür" və s. nəşrlər də pedaqoji
ictimaiyyətin stolüstü kitablarına
çevrilmişdir.
Professorun elmi
redaktorluq fəaliyyəti də önəmlidir. O, 150-dən
artıq monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və
kitabçanın, metodik vəsaitin, tədris
proqramının elmi redaktoru, bir çox bədii əsərin
redaktoru, onlarla əsərin rəyçisi olmuş,
çoxsaylı dissertasiyalara, avtoreferatlara rəy vermişdir.
Professor
A.N.Abbasovun tədqiqatları təlim və tərbiyə
prosesinin optimallaşdırılması, ümumtəhsil və
ali məktəblərdə pedaqoji prosesin səmərəli təşkili
və idarə olunması, pedaqoji diaqnostika və pedaqoji
ekspertiza, interaktiv metodların tətbiqi, təhsil alanların
mənəvi və hüquq tərbiyəsi, gənc nəslin
ailə həyatına və uğurlu nikaha mənəvi və
psixoloji baxımdan hazırlanması, təlim və tərbiyə
texnologiyalarından istifadə və s. problemlərinə həsr
olunmuşdur.
İntiqam
CƏBRAYILOV
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S. 20.