"Sənətkar
ölmür" deyənlərin
sözünə qüvvət
2004-cü ilin noyabr
ayının 19-da Heydər
Əliyev adına Sarayda unudulmaz Xalq yazıçısı
İlyas Əfəndiyevin
90 illiyinə həsr olunmuş yubiley gecəsində iştirak edən sənətsevərlərə
dərin sayğısını
əsl övlad, oğul təəssübkeşliyi
ilə belə ifadə edirdi ustad yazıçımız
Elçin: "Mən,
ilk növbədə İlyas Əfəndiyevin xatirəsini əziz tutduğunuz üçün,
onun 90 illik yubileyini əsl ədəbiyyat bayramı kimi qeyd etdiyiniz
üçün sizin
hamınıza, eləcə
də bu gün bu saraya
gələ bilməyən
yüz minlərlə
oxucu və tamaşaçılara İlyas
Əfəndiyevin ailəsi
adından dərin təşəkkür və
minnətdarlığımı bildirirəm. Çox sağ olun.
İlyas Əfəndiyev
1996-cı ildə vəfat
edib və aradan keçən bu səkkiz ildə - mən bunu mübaliğəsiz deyirəm - bir gün belə olmayıb ki, biz, oxucuların, ədəbiyyat, sənət
təəssübkeşlərinin, dostların, cəmiyyətimizin
bütün təbəqələrinə
mənsub olan insanların İlyas Əfəndiyev yaradıcılığına
münasibətini hiss
etməyək... "Sənətkar
ölmür" deyirlər və bu mənada, yəqin, İlyas Əfəndiyevin ruhu şaddır ki, vəfatından sonra keçən bu dövrdə də onun əsərləri dəfələrlə nəşr
olunub, xarici dillərə çevrilib,
onun haqqında monoqrafiyalar yazılıb,
filmlər çəkilib,
verilişlər hazırlanıb...
Əlbəttə, bu
da bir yaradıcı
ömürdür..."
Davam edir.
Günümüzdə yaşayır.
Sabahlarımıza qoşur...
Və uzun sənələr boyunca da davam edəcək,
günümüzdə, gələcək
günlərimizdə yaşayacaq.
Bizimlə bərabər
sabahlarımıza qoşacaq.
Sözümüzdə yaşayacaq.
Çünki "İlyas
Əfəndiyev qələmi,
sözü hər şeydən üstün tuturdu. Görünür, onun bu həyatdakı
missiyası yalnız yazmaqdan ibarət idi və yəqin
elə buna görə də o, bütün ömrünü
yaradıcılığa həsr
etdi..."
Marağı xalqın
marağı oldu.
İstəyi vətənin
istəyincə oldu. Doğma Azərbaycanımızın
müstəqilliyi onun
üçün misilsiz
bir sevinc, qürur və fəxarət mənbəyinə
çevrildi.
İndi unudulmaz
sənətkarımızı Xalq şairi Nəriman Həsənzadənin
bu səmimi misralarıyla yad etməyin yeridi ki:
İli yox, həyatda insan ömrünün
Anı da tarixi hadisə imiş...
Bu gün dərin əminliklə deyə bilərik ki, İlyas Əfəndiyev öz sənətkar ömrünün hər anını, zərrəsini
əsl tarixi hadisə kimi yaşadı. Bu tarixi məqamlara əbədiyaşar ömür
verdi. Azərbaycan insanının azadlıq düşüncələrini tarixləşdirdi.
Onun ədəbi qəhrəmanları doğma
xalqının proqram xarakterli düşüncələrinin
ifadəçisi olaraq
səhnəyə çıxdı.
Anlatdı ki, "Əgər bu dünyada xoşbəxtlik
deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz ləyaqətinə sahib çıxmasındadır. Mən
azadlığın qüdrətinə
inanıram!".
İlyas Əfəndiyevin
(və gec olan, ancaq güc
olan Haqqın, Ədalətin) həyat idealı, başlıca qənaəti belədir. Unudulmaz yazıçının
aşağıdakı fikirləri
bugünkü qalibiyyətimizin
bayraqdarı olan ölkə başçımız
və Azərbaycan Ordusu ilə çiyin-çiyinə daha
böyük zəfərlərə
qoşan xalqımızın
yenilməz gücünü,
inamını dolğun
şəkildə ifadə
edir ki: "Azərbaycanın gələcəyinə
ümidlərim böyükdür.
Çünki Azərbaycan
xalqının vətəninə,
torpağına bağlılığı,
sevgisi əbədidir.
Bu gün millətin vətənpərvərlik
duyğusunun yeni təlatümünün coşub-kükrəyən
dövrüdür..."
İlyas Əfəndiyev
böyük sənətkar
fəhmi, uzaqgörənliyi
ilə bir arada məhz bu günümüzdədi,
bu dövrümüzdədi.
Ulu öndər Heydər Əliyev də İlyas Əfəndiyevi məhz bu uzaqgörən sənətkar amalına görə dəyərləndirir,
məqamını uca
tuturdu ki: "Mən bu gün
İlyas Əfəndiyevin
bütün yaradıcılığını,
onun yazdığı
əsərləri böyük
minnətdarlıq hissilə
xatırlayıram. Hesab
edirəm ki, o xalqımız qarşısında
öz borcunu, öz missiyasını şərəflə yerinə
yetirmişdir, xalqımıza,
mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza
çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaq..."
Təbii ki, unutmayacaq. Ən başlıcası, ona görə ki, Xalq yazıçısı
Elçinin də dediyi kimi, "İlyas Əfəndiyevin marağı xalqın marağı idi, onun istəyi vətənin istəyi idi. Və onun
içindəki ən
böyük təəssübkeşlik
də xalqın, vətənin, torpağın
təəssübkeşliyi idi..."
İlyas
Əfəndiyev ədəbiyyatımıza
(eyni zamanda mədəniyyət tariximizə)
mənsub olduğu xalqın milli yaddaşından, kökündən
gəldi. Onun yaradıcılığı, ilk
növbədə, millətin
özü olaraq qalmasına, özünə
qayıdışına (bu
kontekstdə, güclü
olmasına) xidmət işidi. Azadlıq mücadiləmizin zəfər
yolunda, müstəqillik
xoşbəxtliyimizdə İlyas
Əfəndiyev düşüncəsinin,
onun vətəndaş-yazıçı
çabasının özünəməxsus,
əlahiddə yeri, haqqı var.
Xalq yazıçısı
Elçin atası, unudulmaz İlyas Əfəndiyev haqqında
qələmə aldığı
bir xatirəsində böyük sənətkarla
yaxın münasibətindən
böyük qürur duyan, el-oba arasında
"havalı", məcnunanə
gəzib-dolaşan bir
şuşalının obrazını
yaradıb. Vaxt-bivaxt öz pünhan dünyasına qapanan, ona göstərilən azacıq şəfqət
duyğusundan hədsiz
dərəcədə xoşbəxt,
məmnun qalan həmin şuşalı kişi böyük sənətkara müraciətinin
axırında hər
dəfə son hərfləri xeyli uzada-uzada "İlyass"
- deyərmiş.
Adın bu cür ifadəsində xüsusi bir doğmalıq, könüldaşlıq,
ərk havası var.
Hər dəfə
əziz Şuşa, Kəlbəcər, Laçın,
Xankəndi barədə
düşünəndə, nədənsə, şuşalı
məcnunanənin o ərkli
"İlyass" -xitabı
da qulaqlarımda səslənib. Çünki
o xitabda, səslənişdə
adamın ruhuna, qəlbinin dərinliklərinə
işləyən bir səmimiyyət, izaholunmaz
doğmalıq havası
var. Daha çox Zamanda, ömrün unudulmazlığında, o gözəlim
dağlarda, yaylalarda doyumsuz bir havanın,
nəfəs genişliyinin
əks-sədası var.
O gözəl yerlərin
dağlardan havalanan mahnı səsi var. Şuşa koloriti, Şuşa sevdası, bağlılığı var.
Böyük sənətkarımız
İlyas Əfəndiyev
dağlarda qalan, qayaların hafizəsinə
yazılan o mübhəm
mahnıların yaddaşa
yansıtdığı hekayətlərin
sətiraltı mənalarını,
kodlarını öz
yaradıcılığında əbədiləşdirən ustad
idi. Külli Qarabağ sevdalısıydı.
Külli-Qarabağ mövzusu
onun yaradıcılığından
dönə-dönə keçirdi.
Qəlbini o yerlərdə
qoyub gəlmişdi. Ruhən o yerlərin havasında yaşayırdı.
Ona görə də bütün yaşamı boyunca yeriyən, hərəkətdə
olan, azadlıq duyğularına səfərbər
edən abidə insan ömrü yaşadı.
Qov kimi kövrək, nəğmə
kimi həzin, duyğulu qəlbində ömr etdi dağlarda
qoyub gəldiyi mahnıların xatirələri.
O mahnılar bahar nəfəsli, yaz ətirlidi. Günkü özü də gözəl bir yaz səhərində
- 26 may günündə dünyaya
göz açmışdı.
Bir çox rəsmi sənədlərdə
yazılan 13 may günü də yenə baharın, yazın havasına hesablanmışdı.
Yenə də Elçinin dərin təəssüf hissilə
ifadə etdiyi köksötürmələr üzərinə
qayıdıram: "İlyas
Əfəndiyev bu dünyada 82 il yaşadı və çox söz dedi. Amma bununla
belə, demədiyi çox sözü də özü ilə apardı.
Və onun deyəcəyi o Sözləri
daha heç kəs deməyəcək..."
Təbii ki, o deyiləcək sözləri
bir də heç kəs deməyəcək, deyə
bilməyəcək.
Amma Azərbaycan
oxucusunun sonsuz marağı və zehniyyəti müdam İlyas Əfəndiyevin yadigarları olan ölməz əsərlərinin
hər sətrində,
hər mətləbində
o deyilməmiş, deyilə
bilməmiş sözlərdən
nəsə yeni bir işarət arayacaq, axtaracaq və nəsə yeni bir işarət,
işarətlər bulacaq,
tapacaq, o işarətə
varacaq...
O deyilməmiş, deyilə
bilməmiş sözlərin,
mətləblərin işarətləri,
vacib kodları zaman-zaman İlyas Əfəndiyevin artıq klassikaya çevrilmiş çoxsaylı əsərlərinin
sətiraltı gizlinlərində,
cazibəsində müdam
var olacaq və öz oxucularının üzünə
açıq qalacaq...
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 21.