Himn Vətən
ilahisidir
İki həftə əvvəl, mayın 2-də "Ədəbiyyat qəzeti"ndə
"Himn mistikası" adlı məqalə yazmışdım. Yazı çap olunandan sonra Rəşid Behbudov Fondunun direktoru, 1991-ci ildə himnlə bağlı yaradılmış
komissiyanın eksperti
Kamil Şahverdi ilə
fikir bölüşərkən
onu və 1991-ci ildə Azərbaycan himninin musiqisini bərpa edən görkəmli bəstəkarımız
Aydın Əzimi redaksiyamıza dəvət
etdim ki, bu dəfə himnin musiqisindən danışaq.
Axı, mətni dartışma mövzusu olan himnimizin musiqisi də, yəni onun minor ladında olması da bu illərdə az müzakirə olunmadı...
Azər Turan: -
Üzeyir bəy də,
Əhməd Cavad da əslində, Cümhuriyyətin
ideoloqu olublar. Cavad Cümhuriyyətin ilk
şeirlərini yazıb.
Bu qəbildən olan şairlər azdır. Cümhuriyyət dövründə
şeir yazanların hamısı cümhuriyyət
şairi deyil. Cümhuriyyət şairi kimi daha çox
Məhəmməd Hadini,
Hüseyn Cavidi və Əhməd Cavadı xatırlatmaq olar; xüsusən də Əhməd Cavadı. 1918-ci ildə Hadinin də, Əhməd Cavadın da Gəncədə yazıb
Əli bəy Hüseynzadəyə bağışladıqları
şeirlər var. Hadi "Qəhrəman
türk əsgərinə",
Əhməd Cavad isə "Qara dəniz" şeirini Gəncədə avtoqrafla
Əli bəy Hüseynzadəyə təqdim
ediblər. Tutaq ki, Hadinin həmin
şeirində belə
misralar var:
Türkoğlu verməz
şanını,
Amma verir öz canını.
Namusunu hifz eyləyib,
Təqdim edər
qurbanını.
Yaxud Əhməd
Cavadın "Al bayrağa"
şeirindəki bu misralar:
Bu bənzəyiş
nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar
canına?!
Bunu hər şair yarada bilməz. İlk baxışda,
bəlkə də adi misralardır. Nəinki o dövrdə, hətta indi bu misraları yarada biləcək şairimiz varmı? Yoxdur. Çünki bu fərqli bir düşüncə sistemidir. Hər iki şairin hər iki şeirində
eynən himndə olan misralar yazılıb.
"Namusunu hifz eyləyib / Təqdim edər qurbanını".
"Namusunu hifz etməyə, minlərlə
can qurban oldu"...
"uğurunda can verənlər"
və s... himnin mətni ilə assosiasiya edirmi? Edir. Yaxud tutaq
ki, Hüseyn Cavid hələ Cümhuriyyət qurulmazdan
altı il əvvəl, yaxud Çəmənzəminli ilə
Üzeyir bəy arasındakı marş müzakirəsindən beş
il öncə, yəni 1912-ci ildə Yurdaqulun məşhur marşını "Maral"
faciəsinə əlavə
edirdi və s... Yalnız bu üç şair poeziyamızda paradiqmaları
dəyişib. Əslində,
himn həm də bu aspektdən
araşdırılmalıdır. Bu mənada, himnimizdə həqiqətən,
mistik sirlər var. Üzeyir bəy o mətni o dövrdə, ya Cavidlə, ya Məhəmməd Hadi ilə, ya da
Əhməd Cavadla bir yerdə işləyə bilərdi.
Dördüncü imza
ağla batmır.
Kamil
Şahverdi: - Tam doğru.
Aydın Əzim:
- Himnimizin mətni, əslində, cümhuriyyətin
proqramıdır. Daim
mücadiləyə çağırışdır.
Bütün millətə,
xüsusən, gəncliyə
xitabdır. Mətndə
ifadə olunanlar konkret Cümhuriyyət məsələsidir. Millətin
varlığı məsələsidir.
Onu Üzeyir bəylə yanaşı,
yalnız böyük
milli təfəkkürə
malik bir şair yaza bilərdi.
Azər Turan: -
Himnimizin mətnini Cümhuriyyət dövrünü
"müsavat ağalığı"
dövrü kimi lənətləyən, oktyabr
günəşini və
bolşevik inqilabını
vəsf edən,
1920-ci ilin 1 may nümayişindən necə
böyük sevinc və fərəhlə keçdiyini "Xatirələrim"
əsərində yazan
bir pedaqoqun adına çıxmaq doğru deyil axı?! Mətni dartışma mövzusu olduğu kimi, bir müddət əvvəl onun musiqisi də mənasız müzakirələrin
hədəfi olmuşdu.
Deyirdilər ki, himnimizin musiqisi minor ladındadır.
Aydın Əzim:
- Bu insanlar Azərbaycan musiqisindən
başı çıxmayanlardı.
Necə yəni minordur? Əvvəla, muğamatda minor, major məsələsi yoxdur. Həmişə demişəm. Himnimiz Nihavənd məqamında
yazılıb. Nihavənd
məqamını Üzeyir
bəy salmışdı
tədris proqramına.
Minor kədərlidir,
major şəndir, bunu,
ancaq balaca uşaqlara demək olar. Böyüklər üçün isə bu gülməli məsələdir. Minor var ki, şən
olur. Major var ki, çox
kədərlidir. Bunu niyə belə primitivləşdirib deyirlər?
Himnimiz dramatikdir. Xalqımızın tarixi kimi dramatikdir. Millətin güzgüsüdür.
O, kədərli deyil.
O sağlam dramatik bir marşdır. Milli marşdır. Belə də olmalıdır. Çünki həyat göstərir ki, hər
an əlimiz tətikdə
olmalıdır. Çünki
millət yalnız mücadilədə, toplumun
mücadiləsində yüksələr.
Həmişə tətikdə,
həmişə ayıq
olmalıyıq. Bu mənada,
himn də bizə onu təlqin
edir.
Azər Turan: - 1917-ci ildə Çəmənzəminli
də onu deyirdi: "Bizə milli şərqi lazımdır...
Milli şərqi bizim
yatmış milli hisslərimizi
oyadar".
Kamil Şahverdi: - Dünyanın
çox ölkələrinin
- Ukraynanın, Bolqarıstanın,
Türkiyənin, İsrailin
himni minordur.
Aydın Əzim:
- Avropa Birliyinin himni - Bethovenin 9-cu simfoniyası re minordadır.
Kamil Şahverdi: - 9-cu simfoniya Avropa Birliyinin musiqi rəmzidir. O da bizim himnimizlə eyni tonallıqdadı.
Aydın Əzim:
- Mən himni bərpa edəndə onu dəyişmədim. Dediyimiz kimi, re minor bir çox uluslararası məşhur
əsərlərin tonalıdır.
Azər Turan: - Bunu
bərpa zamanı siz etdiniz?
Aydın Əzim:
- Yox, Üzeyir bəy
belə yazmışdı.
Azər Turan: - Bəs sizin əlavələr nə oldu?
Aydın Əzim: - Himndə siqnal yoxdursa bu, böyük zafiyətdir. Mən siqnalı əlavə etdim. "Leyli və Məcnun"dan
"Vermə" epizodunu
himnin musiqisinə leyt akkord kimi
daxil etdim. Sonra "Minlərlə can qurban oldu" hissəsinə
"Koroğlu" operasının
"Üvertüra"sından bəlli parçanı əlavə etdim. Halay prinsipini himnin zilində tətbiq elədim
Azər Turan: - Məncə,
himnimiz həm sözləri ilə, həm musiqisi ilə dünyanın ən gözəl himnlərindən biridir.
Aydın Əzim:
- Biri deyil. Dünyanın
ən gözəl himni bizim himnimizdir.
Mən səksən ölkənin himnini dinləmişəm. Bizim himnimiz gözəllər gözəlidir.
Azər Turan: - Nəyə görə gözəllər gözəlidir?
Aydın Əzim:
- Çünki himn formaya uyğundur. Bilirsiniz, bəzi himnlər var ki, mahnıdır.
Məsələn, SSRİ-nin
himni. Təntənəli
mahnıdır. Nəqəratı
da var, bəndi də
var. Bu, mahnı formasıdır.
Belədə təntənəli
mahnı himn vəzifəsini yerinə yetirir. Himn isə
fərqlidir. Birnəfəsə
yazılan tekstə birnəfəsə musiqi yazırlar. Orda nəqərat-filan yoxdur. Əslində, himnimiz kiçik bir muğam dəstgahıdır.
Bərdaştı da var, mayesi
də. Bir də zərb-muğamı var. Bəmdən
zilə doğru gedir və zildə
bitir. "Azərbaycan
himni" dövlət
atributu olmaqdan əlavə, Azərbaycanın
əsl musiqi rəmzidir. Mini dəstgahdır.
Bir də başqa tərəfi var. Yunanıstanda
himnlər məhz bu formada olub.
Üzeyir bəy bunu daxildən necə hiss edə bilib? Necə bilib ki, milli marş belə olmalıdır? Bu adam kitaba baxmayıb, qədim yunan himnlərini dinləməyib.
İndi imkan yaranıb
onları dinləməyə.
Himnimiz qədim ilahilərimizlə eyni şeydi. Bayaq "Leyli və Məcnun"
barədə danışdıq.
O qədər nohələr
var ki, musiqidə. Üzeyir bəy nohələri götürüb nota yazıb.
Buna, bilirsinizmi, Avropada
nə deyirlər? - Xoral işləmələri.
Təksəsli ifa olunan dini ilahilər
xoral adlanır. İohan Bax da onları dinləyib kilsədə. Üzeyir bəy
də "Leyli və Məcnun"da
"Ah eylədiyim sərvi-xuramanın
üçündür, / Qan
ağladığım qönçeyi-xəndanın
üçündür" (Aydın Əzim Üzeyir bəyin musiqisini əlini sinəsinə döyərək, mərsiyə
ritmində oxuyur). Bütün bunlar hamısı o məhərrəmliklərdə,
şəbehlərdə səslənən
musiqilərdir. Biz bunları
öyrənməliyik. Amma nə
üçünsə öyrənmirik..
Kamil Şahverdi:
- Aydın müəllimin
gözəl bir sözü var. Deyir,
Üzeyir bəyin musiqisi
üçrənglidir; bizim
bayrağımızın rəngindədir.
Azər Turan: - Eyni
fikri Yaşar Qarayev Əhməd Cavadın poeziyası barədə söyləyir.
Aydın Əzim:
- Üzeyir bəydən sonrakı
bəstəkarlarımızda türkləşmə heç
yoxdur. İslamlaşma
yoxdur. Bir tək onların zənnincə, avropalaşma var... Asəf
Zeynallıdan Arif Məlikova
qədər... Mən
onları postüzeyirbəy
dövrü adlandırıram.
Kamil Şahverdi: - Üzeyir bəyi
dərindən araşdırmaq
lazımdır. Himn elə-belə əsər
deyil. Üzeyir bəy
də bilirdi ki, bu, sıradan bir əsər deyil. Və bu boyda əsəri
kiminləsə işləyibsə,
onun həmin müəlliflə dərin
yaradıcılıq təması
olmalıydı. Tutaq
ki, Əhməd Cavadla.
Azər Turan: - Üzeyir bəy Əhməd Cavadla dost idi. Demək olar ki, hər gün görüşüblər. Bir yerdə söhbət ediblər, nərd oynayıblar. Bağ mövsümündə Abşeron
kəndlərində dincəliblər.
Himnlə eyni ildə Əhməd Cavadın sözlərinə
bəstələdiyi başqa
musiqisi də var:
"Çırpınırdı Qara dəniz".
Kamil Şahverdi: - Cəmo Cəbrayılbəyli ilə
Üzeyir bəyin görüşməsi
haqqında yazılanlar
inandırıcı deyil.
Bunlar hamısı fərziyyədir. Yazırlar
ki, guya Cəmo Cəbrayılbəyli Bakıya
köçəndən sonra
(1915) təsadüfən Üzeyir bəyin evinə gəlir. Üzeyir bəy də evdə piano çalırmış. Amma piano yalnız zəngin adamların evində ola bilərdi. O illərdə
Üzeyir bəy həyat
yoldaşı Məleykə
xanımın müalicəsi
üçün pul axtarırdı. Elə bir vəziyyətdə yaşayan adamın evində piano ola bilərdimi?
Böyük sərvət
lazım idi piano sahibi olmaq üçün.
Yazırlar ki, guya
Üzeyir bəylə Cəmo
Cəbrayılbəyli eyni
məktəbdə işləyirmişlər.
Elə məktəbdə
də himnin əlyazmasını Üzeyir bəyə
verib. Əvvəla,
Üzeyir bəy həmin
ərəfələrdə Bakıda deyildi, İrandaydı... İkincisi,
Üzeyir bəy sonuncu dəfə
1914-cü ildə müəllim
işləyib.
Azər Turan: -
Mən çox istərdim ki, indi deyəcəklərim məsələni siyasiləşdirməyim
kimi səslənməsin.
Amma çox həssas bir məqamdı, deyə fikrimi möhkəmləndirmək
üçün deyil,
düşünmək üçün
söyləyirəm. Bəllidir
ki, Türkiyə kinematoqrafının 1967-ci ildə
çəkdiyi "501 numaralı
hücrə" filmi
Məhəmməd Altunbayın
xatirələri əsasında
çəkilib. Sovetlər
Birliyində yaşayan
insanların həyatından
bəhs edir, 1937-ci il hadisələrini əks etdirir. Və orda bizim
bu gün haqqında danışdığımız
himnin müşayiəti
ilə canlandırılan
çox faciəvi kadrlar var, 6 dəqiqədən artıq
çəkir. Təəssüf
ki, himnlə bağlı yazılan araşdırmalarda bu əhəmiyyətli epizod
unudulub. Mən indi o film barədə
danışmaq istəmirəm.
Sadəcə, vurğunu
başqa nöqtəyə
salıram. Bilirik ki, ümummilli lider Heydər Əliyev həmin illərdə Azərbaycan
Təhlükəsizlik Komitəsinin
sədri idi. Və heç ola bilməzdi ki, Türkiyədə Azərbaycan həyatından
bəhs edən belə bir film
onun diqqətini cəlb etməsin. Üstündən illər
keçəndən sonra,
yəni 1997-ci il sentyabrın 1-də Bakıdakı
18 saylı məktəbdə
Bilik günü etdiyi çıxışında
dövlət atributlarımız
barədə danışarkən
Heydər Əliyev dedi ki, "Azərbaycanın gözəl
himni var... Sevindirici haldır ki, bu himn
hələ 1918-ci ildə
yazılıbdır. Bunun
müəllifi bizim böyük bəstəkarımız
Üzeyir Hacıbəyovdur.
Himnimizin sözlərini
böyük şairimiz
Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır,
gözəldir". Mən
indi əminliklə deyirəm ki, Heydər Əliyevin bu qənaəti elə Təhlükəsizlik
Komitəsinin sədri
işlədiyi həmin
illərdə formalaşmışdı.
Və bu fikirləri də geniş anlamda Bilik günü kontekstində deyirdi. Amma sözünü bütün Azərbaycan cəmiyyətinə, xüsusən
də, Parlamentə ünvanlayırdı. Məlumdur
ki, həmin illərdə Azərbaycan
Parlamentinin bəzi deputatları himnin sözlərinin zəif olduğunu, bəziləri
isə musiqisinin minor ladında olduğunu əsas gətirib himnin dəyişdirilməsinin zəruriliyindən
danışırdılar. Heydər
Əliyev himnimizi məhz bu şəkildə
qorudu. Aydın müəllim, himnin bərpasını sizə
kim həvalə etdi?
Aydın Əzim:
- Yusif Səmədoğlu.
Azər Turan: -
Neçənci ildə?
Aydın Əzim:
- Himni Azərbaycanda ilk dəfə 1989-cu ildə bəstəkar həmkarım Sərdar Fərəcov "Ədəbiyyat
və İncəsənət"
qəzetində dərc
etdirdi. Mən onda başladım bu əsər üzərində işləməyə.
Bunu dostum Vaqif Səmədoğluya demişdim. Bir gün Vaqiflə bir yerdə idik. Yusif Səmədoğlu
zəng vurdu: "Sabah saat 11-də Yazıçılar İttifaqının
qarşısında bir
maşın olacaq. Sən maşına baxma. Arxa qapısını
açıb oturarsan".
Dedim, Vaqif, bu nə söhbətdi?
Cavab verdi ki, Yusifdi də.
Sən onun dediyini elə. Sabah saat 11-də dediyi yerdə gözləyirdim. Bir antennalı maşın dayanmışdı. Ehtiyatla
maşına yaxınlaşdım.
Arxa qapını açanda gördüm ki, Yusif oturub
arxada. Yanında əyləşdim. Sürücüyə
dedi ki, sən düş, havanı dəyiş. Əlində iki vərəq vardı. Vərəqləri mənə
uzatdı. Birinə not yazılmışdı.
Biri də mətn idi. Dedi, bunu neçə
günə işləyə
bilərsən? Orkestr
və xor üçün. Soruşdum
ki, sizə neçə günə lazımdır? Dedi, iki həftəyə.
"Baş üstə,
edərəm". Dedi,
təkcə bununla kifayətlənmə. İki
həftə ərzində
elə et ki, bunu simfonik
orkestr çalsın və xor oxusun
və lentə yazıb gətir mənə. Mən bu musiqini mitinqdə
səsləndirəcəm. Himni Dzerjinski adına klubda yazdıq. Aparıb verdik Yusif müəllimə.
Və noyabr ayının 17-də himn Azadlıq meydanında səsləndi. İlk dəfə belə səsləndi. Həmin gün "Bakıda Azərbaycanın dövlət
himni səslənib"
- deyə butün xarici radiostansiyalar bu barədə xəbər verdilər.
Azər Turan: - Siz kimin
mətnini işlədiyinizi
bilirdiniz?
Aydın Əzim:
- Əlbəttə. Mənə
deyilmişdi ki, mətn
Əhməd Cavadındır.
Amma bu mənim üçün o qədər
də önəmli deyildi. Bir bəstəkar kimi onu deyə
bilərəm ki, mətnin
yazılmasında Üzeyir bəy iştirak edib. Çünki musiqi ilə mətn çox həmahəngdir.
Kamil Şahverdi: - Deyirlər
ki, şeir musiqidən
əvvəl yazılıb.
Bu, mümkün deyil.
Çünki bu musiqiyə yazılmış
mətndir. Və yaxud da bəstəkarla şair bu əsər
üzərində birlikdə
çalışıblar.
Azər Turan: - Bəs
Vaqifin, Yusifin fikri necəydi?
Aydın Əzim:
- Onlar da Əhməd Cavad deyirdilər.
Azər Turan: - İndi deyirlər ki, səhv ediblər. Səhvləri nəymiş? Himnin mətnini Əhməd Cavadın adı ilə təqdim ediblər. Və qəbul etdiriblər. Nə baş vermişdi birdən-birə
belə, bu miqyasda səhv edirdilər? Hər halda, onlar Səməd
Vurğunun övladlarıydılar.
Bu qədər əmindilərsə,
bunu atalarından da eşidə bilərdilər.
Kamil Şahverdi: - Bunu ilk dəfə deyib Türkiyədə Kültür
Dərnəyinin başkanı
Cəmil Ünal - Məhəmməd Əmin
Rəsulzadənin silahdaşı.
Fikir ilk dəfə Cəmil Ünaldan qaynaqlanıb. Cəmil Ünaldan soruşublar ki, bunu Məhəmməd Əmin Rəsulzadədən
eşitmisənmi? Cəmil
Ünal da deyib ki, bu şeirin Əhməd Cavadın olması şübhəsizdir.
Deyiblər, siz özünüz eşitmisiz
Məhəmməd Əmindən?
Cavab verib ki, yox, Məhəmməd Əmindən eşitməmişəm.
Amma mən bunu Mehmet
Sadiq Aranla Kərim Ödərdən eşitmişəm.
Onlar mətn müəllifinin Əhməd
Cavad olduğunu deyirdilər.
Azər Turan: - Məncə,
Məmməd Sadıq
Aran məhz bu mövzuda yanıla bilməzdi. Adam həyatını
məfkurəsinə həsr
etmiş biridir. Cümhuriyyət parlamentində
də təmsil olunub. Mühacirət də Azərbaycan davasını sona qədər aparıb. Zəngəzur doğumlu Məmməd Sadıq Aran həm də şair idi.
Kamil Şahverdi: - Bu əsəri,
yəni himni mühacirətdə yaşayan
qiymətli insanlarımız
qoruyub saxladılar...
Azər Turan: - Kamil müəllim,
siz 1991-ci ilin martında himnlə bağlı Ali Sovetin qərarına əsasən
yaradılmış komissiyada
ekspert olmusunuz. Proses necə gedirdi?
Kamil Şahverdi: - Azərbaycan himninin mətninin yaranması haqqında müsabiqə elan olundu. Qərar beləydi ki, Azərbaycan SSR himninin musiqisi saxlanılır, həmin musiqinin əsasında yeni mətn
yazılması nəzərdə
tutulur. 17 nəfərdən
ibarət komissiya yaradılmışdı. Komissiyanın
tərkibində yeganə
bəstəkar Tofiq Quliyev idi. O illərdə Aydın müəllimin işlədiyi
versiya millətin qanına hopmuşdu. Hamı onu oxuyurdu.
Ali Sovet isə həmin versiyanın qəbul olunmasını istəmirdi. Azərbaycan Sovet himninin musiqisinə yeni söz yazılmasını istəyirdilər.
Ya yeni sözlər yazılmalıydı,
ya da Səməd Vurğunun "Azərbaycan"
şeirinin həmin musiqiyə uyğunlaşdırılmasını
məsləhət görürdülər.
Buna Vaqif və Yusif Səmədoğlular
etiraz etdi. Onlar ağıllı insanlar idi. Burda
ideoloji ziddiyyət olduğunu bilirdilər. Çoxlu görüşlər
keçirildi; bəstəkarlarla,
rəssamlarla, şairlərlə.
Aydın müəllimin
işlədiyi versiyaya
dəstək verənlərdən
biri Firudin Cəlilov idi. Firudin Cəlilov bildirdi ki, Türkiyədə
Azərbaycan Kültür
dərnəyi ilə təmasdadırlar və ordan deyilib ki, himnin sözləri Əhməd Cavadındır.
Bu prosesdə bizim bəzi bəstəkarlar gördülər ki, vəziyyət
dəyişib. Amma Ali Sovet
fikrini dəyişməmişdi.
Onlar Azərbaycan Sovet himninin musiqisinin qəbul olunmasını istəyirdilər.
O zaman Tofiq Quliyev tək olmasın deyə, başqa bəstəkarlar da himn müsabiqəsinə cəlb
olundu. Tofiq Quliyev Azərbaycan sovet himnini yeni versiyada, Vasif Adıgözəlov "Koroğlu"
operasından "and" xorunu
və Musa Mirzəyev isə Üzeyir bəyin
"Ey Vətən" xorunu
hazırladılar. Bir də
Aydın Əzimin hazırladığı bəlli
himn. Və bunlar 1992-ci il mayın 25-də
filarmoniyada ictimaiyyətə
təqdim olundu. Bütün əsərlər
maraqla qarşılandı.
Amma Aydın müəllimin
hazırladığı versiya
təqdim olunanda qeyri-adi hadisə baş verdi. Orkestrin üzvləri ayağa qalxıb əl çalmağa başladılar. Bu çox
mühüm idi. Orkestrin ifaçıları
- musiqiçilər öz
alqışlarıyla himnin
taleyini həll edirdilər. Yekunda komissiya qərar verməli idi. Amma komissiya qərar vermədi. Axşam televiziyada xəbərlər
proqramında süjet
göstərildi. Bildirildi
ki, Tofiq Quliyevin təqdim etdiyi versiyanın Azərbaycan himni olaraq müzakirəyə
çıxarılması qərara
alınıb. Amma belə
bir qərar olmamışdı. Ertəsi
gün telekomitəyə
gəldim. Sədrlə
görüşdüm. Yanlış
informasiya verildiyini dedim. "Xalq telekomitənin qarşısına
toplaşıb etiraz etsə, yaxşı olmayacaq", - dedim. Sədr həyəcanlandı.
Bir saatdan sonra sədr məni yenidən çağırdı.
"Nə istəyirsən
sən?" - deyə
soruşdu. "Canlı
efir istəyirəm",
- dedim. Soruşdu ki,
"Neyləyəcəksən?" "Aydın Əzimovla Cövdət Hacıyevi dəvət edəcəyəm",
- dedim. Çətinliklə
razılaşdı. Mayın
26-da axşam "Xəbərlər"dən
sonra efirə çıxdıq. Proses barədə
danışdıq. Verilişi
bu sözlərlə yekunlaşdırdım: "Xalqımızı
təbrik edirəm. Sabahdan artıq bizim milli himnimiz səslənəcək". Çox
gərgin anlar idi. Ertəsi gün Ali Sovetdə müzakirə keçirildi.
Himnin sözlərini çox kobud təhriflərlə yazıb
deputatlara paylamışdılar.
Bunu bilərəkdən
etmişdilər ki, mətnə
qarşı ikrah yaratsınlar. Axşama qədər himni səsləndirməyə imkan
vermirdilər. Müzakirəyə
Afiyyətdin Cəlilov
sədrlik edirdi. Axşam saat 4-ə yaxın kvorum birtəhər yığıldı.
Bundan sonra əsəri səsləndirdilər
və himnimiz qəbul olundu. Bir sözlə, himn çox çətin proseslərdən keçdi.
Azər Turan: - İndi deyirlər ki, himn tələm-tələsik qəbul olunub? Belə çıxır
ki, bunun əksi olub. Tələsənlər
əsl himnimizin qəbul olunmasına çalışıblar. Çətinliklə
də olsa, buna nail olublar. Müzakirələr
isə, gördüyümüz
kimi, indiyə qədər tamamlanmayıb,
hələ də yekunlaşmayıb.
Aydın Əzim:
- Düz deyirsiniz.
Sonra da bu məsələlər
başlandı. Xüsusilə,
bir televiziya verilişində söhbət
açıldı. Mən
incimişdim. Ora getmək
istəmirdim. Çünki
himndən söhbət
düşən kimi qurdalayırlar. Mən onsuz da mücadilə vermişəm bu qədər.Kamil Allah şahididir... Bu verilişə
heç getmək istəmirdim. Məni israrla apardılar. Getdim. Bir qız aparırdı verilişi.
Lap sonra qayıtdı
ki, himnin sözlərini
heç Əhməd Cavad yazmayıb, hansısa Cəmo yazıb. AzTV bunu bütün ölkəyə yayınladı.
İnanın, çox
hirsləndim. Əvvəla,
2018-də Prezident İlham Əliyev
fərman verib, mətnin müəllifi kimi Əhməd Cavadın adını təsdiq edib. Bu, konstitusiya aktıdır. Niyə bu məsələni
qurdalayırlar ki? Kim edir
bunu?
Azər Turan: - Kimin
etdiyi bəllidir. Amma niyə etdiyi bəlli deyil.
Kamil Şahverdi: - Çox böyük musiqişünas
Etəm Ruhi Üngör 1965-ci ildə
ilk dəfə bunu çap edib. O vaxta qədər bu, müxtəlif dərgilərdə çap
olunurdu. Bizim mühacirətdə yaşayan
dəyərli insanlarımız
bunu qoruyub saxladı. Və ilk dəfə Üngör bunu rəsmi olaraq çap etdi. Bunu Taksimdə
küçədən keçərkən
kimdənsə eşidib
nota almamışdı ki?! Hardansa dəqiq bir mənbədən köçürmüşdü bunu. Çox dəqiqliklə, tonallığı
da, minor olması da. Bunu
çap elədi və bununla da himnimizi əbədiləşdirdi.
Etməsəydi, itə
bilərdi, kiminsə yaddaşının bir küncündə qalsaydı,
sonralar ona əlavələr edilə
bilərdi və s.
Amma Etəm Ruhi Üngör himni çap etməklə himni qorudu. Bu adam çox böyük iş gördü. Həm də marş üzərində əməlli-başlı
araşdırma apardığı
hiss olunur. Bu səbəbdən
də himnin ilk əlyazma nüsxəsini Türkiyədə axtarmaq
lazımdır. Çox
ardıcıl və qiymətli tədqiqatların,
axtarışların nəticəsi
olaraq, Dilqəm Əhməd gerbimizin orijinalını tapıb.
Mən onu görmüşəm. Axı
himnlə gerb eyni müsabiqədə
elan olunub. Gerbin orijinalını Dilqəm
İstanbulda öz pulu ilə bir
kolleksionerdən alıb.
Deməli, himnin orijinalı da hardasa ola bilər.
Azər Turan: - Harda?
Kamil Şahverdi:
- Türkiyə Silahlı
Qüvvələrinin arxivində,
yaxud Türkiyənin foto-kino idarəsinin arxivində. 1967-ci ildə
o filmi çəkən rejissor
və ssenari müəllifi Nüsrət
Əraslanın da, bəstəkar
Nevit Kodallının
da arxivinə baxmaq lazımdır. Nevit Kodallı himni hansısa qaynaqdan götürüb, bunu araşdırmaq lazımdır.
Yaxud Məmməd Altunbayın arxivini. Dilqəm Əhmədlə
daim əlaqədəyəm.
O, himnlə bağlı
müəyyən insanlarla
əlaqə qurub və axtarışları
davam edir. Bu yaxınlarda Məmməd Altunbayın İsveçrədə
yaşayan oğlu ilə telefon görüşməsi olub.
Əfsuslar olsun ki, Altunbayın oğlu bu işlərdən məlumatsızdır. Məncə,
axtarışları daha
geniş miqyasda gerçəkləşdirmək lazımdır. Buna görə
də alimlərdən,
şairlərdən, bəstəkarlardan,
tarixçilərdən ibarət
akademik komissiya yaradılmalıdır.
Aydın Əzim:
- Əl Fərabinin
9-cu əsrdə dediyi
söz var, birbaşa bizim təfəkkürümüzü
yansıdır. Fərabi
deyir ki, musiqi hər hansı bir xalqın ana dilinin sintaksisinə, bir də poetikasına
tabedir. Bunu əl Fərabi deyib.
Azər Turan: - Aydın
müəllim, Əhməd
Cavadın poeziyası
ilə irtibatınız
davam edirmi?
Aydın Əzim:
- Mən Əhməd Cavadın sözlərinə
"Bayrağım" əsərini
də yazmışam.
İndi də gerbimizə
musiqi həsr etmək istəyirəm. Rəmzlər - Himn, Bayraq və Gerb.
Azər Turan: - Dünyada
olan bütün hadisələr kimi, himnin də mifoloji bir başlanğıcı
var.
Aydın Əzim:
- Əlbəttə. Bu
barədə keçən
dəfə bir konfransda xatırlatma etdim. Frigiyada (indi Anadoludadır) Himnos adında bir çoban varmış və bu çoban bir Pəri qızına
aşiq olubmuş. Pəri qızı çobanın sevgisindən
imtina edir. Himnos da eşqini
aləmə car çəkir. Çobanın
bu hərəkətindən
qəzəblənən qız
ox atıb Himnosu öldürür. Hamını kədərləndirən
bu hadisəyə xalq mahnı qoşur. Sonunda Himnos haqqında bir nəğmə yaranır. İlk himn belə yaranıb. Deməli, himn bir ilahidir.
Azər Turan: - Nə
vaxtsa Anadoluda oxunan belə bir şarkı olub:
Ah... yakar qəlbimi dərin bir sızı,
Yaralamış məni
bir pəri qızı,
Mən bir çoban, o bir çoban yıldızı...
Avropada himn ilahilərlə müqayisə olunur. Və bəzən də elə bu adla adlandırılır. Himn - Vətən ilahisidir...
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 24-25.