Kafe tünlükdür,
boş masa axtarıram,
bütün masalar doludur. Göz gəzdirirəm, kafenin bucağında, yarısı
şüşədən olan
divarın yanında iki adamlıq masada bir qız
tək oturub. Masaların arasından sovuşub ona sarı getməyə başlayıram. Masalardan deyib-gülmək səsi,
qəhvə-çay və
siqaret qoxusu gəlir, kafenin atmosferini qəribə bir tərkib bürüyüb, qoxulu səslər, ya da səsli qoxular!
- Bura boş mu, yoxsa gözlədiyiniz
birinin yeridir? - deyə qızdan soruşuram.
Qız eşitmir.
Dayanıb ona baxıram, dalğın görünür, əl telefonuna dalmış, deyəsən. Başında
qırmızı şal
var, qara saçları şalın
altından çıxıb
üzünə və
çiyninə tökülüb.
Qızdan cavab gəlmədiyinə görə
qayıdıb kafedən
çıxıb getmək
istəyirəm, arxadan
bir səs eşidirəm.
- İstəsəniz, otura bilərsiniz.
Qayıdıram, qız
mənə baxır, dodağında solğun bir gülümsəmə
var.
- Oturun, mən
təkəm.
Qızın qabağında
bir fincan qəhvə var, bir az o yanda
boş bir külqabı var.
- Siz də təksiniz?! - deyə soruşur məndən.
- Hə, bugün
təkəm.
- Bu yaxşıdır,
qoşa olsaydınız,
biriniz ayaq üstə qalmalı olacaqdınız! - deyib gülür.
- Elədir, Aral,
yoldaşımı deyirəm,
bugün sevgilisiylə
eşiyə çıxıb.
Gülümsəyirəm, qız isə fincanı götürüb
qəhvədən bir
qurtum içir. Fincanın qırağından
boylanan gözləri dalğın görünür.
Qız tanış
görünür mənə,
onu haradasa gördüyümü düşünürəm.
- Tanış görünürsünüz
mənə, haradasa görüşməmişikmi?! - deyib mənə baxır.
Fikrimi oxudumu bu qız?! Mən
bu sualı soruşmaq istəyirdim.
- Mən də
sizi bir yerdə gördüyümü
düşünürəm!
- Deməli, tanışıq,
ona görə də siz birbaşa
gəlib bu masada mənimlə oturmusunuz!
Gülüşürük.
Gözlərinə odaqlanıram,
qumraldır, tanışdır,
ancaq yadlığı
da var. Bəlkə
bu qızı heç görməmişəm,
gördüyümü sanıram,
kiməsə bənzədirəm,
bəlkə də yuxuda görmüşəm...
Qarsona iki qəhvə tapşırıram,
qızın qabağındakı
boş fincanı götürüb gedir.
- Siqaret çəkirsiniz?
- deyib qutudan bir gilə çıxardır.
- Hərdənbir.
- Onda bu axşam da o hərdənbirdən ola bilər?! - deyib gülür.
Gülüşü də tanışdır, deyəsən.
- Ola bilər.
Gülümsəyirəm.
Çaxmağı çaxır,
siqaretlərimizin tüstüsü
bir-birinə qarışır.
Tüstünün arxasından
bənizindəki tanışlıq
bir az da
artır.
- Arxayınam, sizi
yüzdə yüz haradasa görmüşəm!
- deyirəm.
- Nə deyim! Mənə də elə gəlir.
- Bu kafeyə tez-tez gəlirsiniz?
- Hə, həftədə
bir yol gəlirəm,
- deyib, tüstünü
tavana sarı piləyir. - Siz necə?
- Mən
də ayda bir yol.
- Bəlkə
elə burada qarşılaşmışıq, - deyirəm.
- Bəlkə.
Hərdən yuxuda gördüyüm bir qız var, bu ona da bənzəyir, deyəsən.
- Tez-tez yuxu görürsünüz?!
- deyə soruşur.
- Yox,
hərdənbir.
- Deyəsən,
sizdə hər şey hərdənbirdir!
- deyib, qaqqıldayıb
gülür.
- Siz
necə?!
- Mən
tez-tez yuxu görürəm. Bilirsiniz,
yuxular zamansız olur, bu dünyanın
yasalarına, qaydalarına
boyun əymir, qadağaları pozur, ölüləri dirildir!
- Heç
bunları düşünməmişdim
indiyəcən! - deyib
yüngül çaşqınlıqla
ona baxıram.
Gülür, pəncərədən
eşiyə baxır,
mən də baxıram, qaranlıq düşməkdə, maşınlar
sovuşmaqdadır.
Qarson qəhvələri
gətirir.
Siqaretimi söndürürəm,
aramızdakı tüstü
bir az yüngülləşir,
qızın bənizindəki
tanışlıq azalır.
- Getməliyəm,
hava qaranlıqlaşır,
- deyib siqaretini külqabıda söndürür.
Tüstü çəkilir,
qızın üzündəki
yadlıq bir az da artır.
Ayağa qalxır.
- Yenə
görüşə bilərik
mi?! - soruşub qızın
üzünə baxıram.
- Bilmirəm,
bəlkə. Mən keçmişi tez-tez unuduram, gələn günlərdə bu görüşü də
unuda bilərəm! Hələlik!
Qız gedir.
Tanış yad sandığım
birinin bütünlüklə
mənə yad olduğunu
düşünürəm. Divardakı saata baxıram, artıq mən də getməliyəm.
Əl telefonumun
zəngi ilə yuxudan oyanıram, saat altı yarımdır, işə
getməliyəm!
Küyülü Nəccari SƏİD
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 27.