Bir əsr yaddaşlardan silinməyən ustad sənətkarımız - Fikrət
Sadıq
Qələmini söz
sənətinin müxtəlif
janrlarında sınamış,
bir-birindən mənalı,
oxunaqlı əsərlər
yaradan Fikrət Sadıq heç kimi təkrar etməyən, öz orijinallığı ilə
seçilən əsərləri
ilə Azərbaycan ədəbiyyatının öncülləri
sırasındadır.
O, yaradıcılığında müasir həyatla səsləşən mövzulara
daha çox müraciət edirdi. Mövzu və janr etibarı ilə zəngin və rəngarəng olan yaradıcılığını
nəzərdən keçirdikdə
iki aspekt diqqətimizi daha çox cəlb edir. Birinci cəhət,
xalqımızın zəhmətkeş
təbəqəsinin, ulularımızın
müsbət mənəvi
keyfiyyətlərinin tərənnümüdürsə,
ikinci cəhət, insani duyğulardan uzaq olan yaltaqlığın,
paxıllığın, kasıblığın,
ehtiyacın, cəmiyyəti
içindən yeyib-tökən
rüşvətxorluğun, pulun və digər
mənfi halların özünəməxsus orijinal
bir şəkildə tənqididir.
Sadə və həyati mövzuları mənalandırmaq, ona fərdi yaradıcılıq
prizmasından yanaşmaqla
lirik vüsət aşılamaq, müasirlik
Fikrət Sadıq yaradıcılığının mühüm cəhətləridir.
Yaradıcılığında xalqımızın qəhrəmanlıqlarla
dolu tarixi keçmişi, bəşəri
mövzular, xalqımızın
son onilliklərdə həm mədəni, həm siyasi, həm ictimai sahədə əldə etdiyi möhtəşəm
yeniliklər, mənəvi-psixoloji
aləmi, Azərbaycan
dilinə, mədəniyyətinə,
əxlaq kodeksinə, torpağına, onun təbiətinə, milli-mənəvi
dəyərlərinə hörmət
əsas mövzudur.
F.Sadıq məhz
bu sahədə, bəlkə də dövrünün bütün
ziyalılarını qabaqlamış,
dil məsələlərini
daima diqqət mərkəzində saxlamış,
yazdığı əsərlərində
dilimizin saflığı
naminə mübarizə
aparan qələm sahibi idi. Onun
əsərlərinin dili
sadə, canlı və təbiidir. O, poetik ovqatı qafiyə və vəznlə ölçmür.
Onun yaratdığı
əsərlərdə bədii
ümumiləşdirmə güclüdür.
Yaratdığı əsərlər
zamanın səsinə
səs verən əsərlərdir. 37-ci illərin
repressiyasının dəhşətli
nəticələri, imperialist
qüvvələrin Azərbaycanda
gedən milli-azadlıq
hərəkatını boğmaq
cəhdləri, bu yolda şəhidlər verən Azərbaycan xalqının mübarizliyi,
əzmkarlığı, ikiyə
parçalanmış Azərbaycanın
dərdinin üstünə
gələn Qarabağ,
Qərbi Azərbaycan dərdi, torpaq həsrəti, yurd göynərtisi, didərginlik
taleyi yaşayan soydaşlarımızın düşdüyü
sarsıdıcı-psixoloji vəziyyət, ictimai bəlalardan olan rüşvətxorluq, haramçılıq
böyük cəsarətlə
təsvir edilir.
"Vətənin əl
boyda daşı",
"20 ildən sonra",
"Ömrün bir günü", "On üç
şam", "Ana əli", "Arzu bulağı" və s.
poemaları, "Yaşıl
xatirələr" silsilə
şeirləri və digər əsərləri
onun sənətkarlıq
imkanlarını güzgü
kimi özündə əks etdirir.
***
Fikrət Sadıq
şeirlərində xalqına
sadiq insandır. Alnıaçıq, üzüağ
şair "xalqının
şair" övladı
olmasıyla fəxr edir:
Fələkdən sinə
dağlıyam,
Bəndi-bərəsi bağlıyam.
Xalqımın şair
oğluyam,
Quru dilmancı
deyiləm.
"Deyiləm"
F.Sadıq
şeirlərində vətənin,
xalqın birliyi məsələsini ön
plana çəkir. Şair fikir və duyğularını
Bütöv, Azad və Bölünməz Vətən üstündə
kökləyir.
***
Azərbaycan F.Sadıq
üçün dünyadır.
Hansı kitabda, harda Azərbaycan mövzusu var, orda Fikrət Sadıq duyulur. F.Sadıq qəlbindəki
Azərbaycanın böyüklüyünü
duyduğundan 1962-ci ildə
ədəbiyyatşünas alim Qulamhüseyn Beqdelinin xahişi ilə qüdrətli şairimiz Şəhriyarın
farsca yazdığı
"Azərbaycan" şeirini
ana dilimizə tərcümə etmişdir.
1995-ci ildə "Öyrətmən"
nəşriyyatı səhvən
8-ci sinif ədəbiyyat
dərsliklərində şeirin
tərcüməçisi kimi
hörmətli şairimiz
Balaş Azəroğlunu
göstərib. Əlbəttə,
bunun bir texniki səhv olduğunu bilirik.
1966-cı ildə Azərbaycan
Dövlət Nəşriyyatı
Şəhriyarın seçilmiş
əsərlərini nəşr
etdirərkən, tərcümənin
Fikrət Sadığa
aid olduğunu (Şəhriyar. Seçilmiş
əsərləri, Bakı,
Azərbaycan Dövlət
Nəşriyyatı. səh.
271-272) yazıb. Hələ
1996-cı ilin 28 noyabrında
Fikrət Sadıq mətbuatda gedən bu yanlışlığa
görə etirazını
bildirib: "Əvvəla,
bu dərsliyin müəllifi bilməlidir
ki, bu tərcümə
sonralar 1966-dan 1996-yadək azı
on dəfə dərc olunub. Hətta İranda nəşr olunan "Varlıq" dərgisində
də! O tərcümə
barədə Qulamhüseyn
Beqdeli və Cavad Heyət cənabları da söz deyiblər. Bu tərcüməyə görə mən İrana - Şəhriyar konfransına getmişəm.
Təbrizdə böyük
Şəhriyarın məqbərəsində
həmin tərcüməni
oxumuşam. Nəhayət,
bu şeir 1988-ci ildə, xalqın - o vaxt Lenin indi
- Azadlıq adlanan meydana axışmasında
beyt-beyt yazılıb,
divarlara vurulurdu. Sonralar "Koroğlu"
musiqi dəstəsində
çox gözəl bir mahnıya çevrildi. Az qala, bütün Azərbaycan ziyalıları bu tərcümənin mənə
məxsus olduğunu bildiyi halda, təəccüb eləyirəm
ki, bu dərsliyin
müəllifləri niyə
bilməyiblər? Bu tərcüməni mən
"Yazıçı" nəşriyyatında dərc
olunmuş "Dünya
öz işindədir"
(bu kitaba görə Dövlət Mükafatına layiq görülmüşəm) kitabında
"Qərib at, qəribə at" poemasında epiqraf vermişəm".
Tərcüməçilik çox çətin peşədir. İllah da ki, şair
olasan. Və o şeiri tərcümə
edəndə poetikanı
gözləyəsən, şeirin
ruhunu qoruyub saxlaya biləsən. Şəhriyar kimi böyük bir sənətkarımızın yaradıcılığının
qayəsini təşkil
edən "Azərbaycan"
şeiri Fikrət Sadıq kimi şeirə, sənətə,
sözə sərraf gözüylə baxan bir şair tərəfindən
əlbəttə, belə
gözəlliklə tərcümə
olunmalıydı:
Könlüm
quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin
getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən
uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim
kimi, qəlbi viran Azərbaycan...
...Övladların nə
vaxtadək tərki-vətən
olacaqdır?
Əl-ələ ver,
üsyan elə, bir də oyan,
Azərbaycan!
Bəsdir
fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya
azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın
ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır
mənə məlhəm, sənə dərman, Azərbaycan!
Bu misralardakı təbiilik,
doğmalıq, vətən məhəbbətidir ki, Fikrət
Sadığı özünə çəkib və bu
gözəlliklə, bu axıcılıqla, sənətkarlıqla
Şəhriyarın duyğularında öz istəyi ilə səsləşən
motivləri ustalıqla dilimizə tərcümə edib, o
taylı-bu taylı Azərbaycan şairlərinin fikirlərindən,
arzularından bir-birini xəbərdar edib.
***
F.Sadıq
yaradıcılığında dövlətçilik, birlik
prinsiplərini poetik bir dillə təbliğ edir. Azərbaycan
- Türk dünyasının keçmişi və dünəniylə
fəxr edən şair bu günü üçün də
narahatdır. Sabahına xoş ümidlərlə baxmaq
üçün bu gün düşünməli olduğumuzu
unutmamağa çağırır. "Tanrı türkü
qorusun!" kəlamı şeiri üçün
başlıq götürülsə də, şairin narahat
dünyasından xəbər verir. O yazır: "Eramızdan
yüzillərlə əvvəllərdən türk dövlətlərinin
bayraqlarında Aypara çəkilib. Bütöv Ayın lap
dörddə biri. Türklər o qədər təvazö sahibi
olublar ki, bütöv Ayı bayraqlarına çəkməyiblər.
Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət
və para-para. Bundan da elə Aypara doğur. Nə Oğuz, nə
Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə
Atatürk bayraqlarına bütöv Ay çəkməyiblər.
Bütöv Ay - bütün türklərin birləşməsindən
sonra çəkiləcək bayrağımıza. Hələ
ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə
paxıllığım tutur. Məsələn, Yaponiya.
Onların bayrağında bütöv günəş var. Yəqin
orda millət də, dövlət də bütövdür.
Bizim kimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə,
yüzillikdən-yüzilliyə aparır.
Gün o gün
olsun ki, türklər minillik arzularına çatsınlar.
Onda Ayparamız bədirlənmiş Ay olar!
İnşallah!"
Fikrət
Sadıq "Hələ qisası qalır Zəngəzurun"
- deyərək nalə çəkirdi, qəzəb dolu bir səslə
hayqırırdı, bəlkə də heyfindən içi od
tutub yanırdı, Fikrət Sadığın sinəsində
bir baca açmışdı bu torpaq dərdi, bu vətən
dərdi... Yoxsa "Türk özünü qorumur, Tanrı
Türkü qorusun" - misrasında bu qədər
misraaltı mənalarla dolu səsi duyulmazdı:
Dili, dini bir olan əqidəcə
bir gərək,
Bu millət bir
olunca, bizlərə səbir gərək.
İyirmi yüz
il azmış, bəlkə iyirmi bir gərək?!
Gəlsin,
Türkün açılan yarasını sarısın, -
Türk
özünü qorumur. Tanrı türkü qorusun!
***
Əlbəttə,
onun yaradıcılığı Azərbaycan ədəbi tənqidinin,
sənətşünasların diqqət mərkəzində
olmuşdur. Yeni nəşr olunan hər bir kitabı, mətbuatda
dərc olunan əsərləri haqqında ədəbi tənqid,
sənətsevərlər, şairlər,
yazıçılar ictimaiyyət yüksək qiymətini
vermişdir. Rəsul Rza, Bəkir Nəbiyev, Mirvarid Dilbazi, Xəlil
Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Elçin, Ağamusa
Axundov, Məmməd Araz, Qabil, Anar və onlarla sənətsevərlər
Fikrət Sadıq yaradıcılığı haqqında dəyərli
fikirlər söyləmiş, resenziyalar, məqalələr,
kitablarına Ön sözlər yazmışlar.
Şair
bütün ömrünü yaradıcılığına
bağlamış, otuzdan çox kitab nəşr
etdirmişdir. O nəsr sahəsində də qələmini
sınamış, "Xırdaca gəlin", "Daş
balkon", "İlk məhəbbət haqqında daha bir
hekayə", "Sinif-sinif oyunu" və s. hekayələrini
yazmışdır.
Fikrət Sadıq qələmini
publisistika sahəsində də sınamış, uğurlu nəticələr
əldə etmişdir. Belə ki, onun yazdığı bu ədəbi-bədii
publisist yazıları ədəbiyyatımızın
düzgun inkişafı məsələlərilə, bir
çox sənətkarların ədəbi-bədii
yaradıcılığı haqqında dəyərli fikirlərilə
zəngindir. "Məmməd Arazdan yeddi söz",
"Müşfiqin işığında yol getmək
olar", "Adını de, səni tanıyım",
"Ümmandan damla", "Rəsul Rza", "Vətənə
qayıt", "Balaş Azəroğlu", "Xəlil
Rza kimdir?", "Söz haqqında söz", "Təbiəti
qoruyun" kimi çoxlu sayda publisist yazıların müəllifidir.
"İçərişəhər",
"Naxçıvan-50", "Süleyman Rüstəm"
sənədli filmlərinin, "Cırtdanın yeni sərgüzəştləri"
cizgi filminin ssenarilərini yazmışdır.
Şairin əsərləri
dünyanın bir çox dillərinə də tərcümə
edilmişdir. "Raneniye doma" (1970), "Veçernaya
pesnya" (1974), "Semisvetni klubok" (1981), "Nadejda ot
zemli do neba" (1995), "Belaya tropa" (1995), Ukrayna, rus,
belarus, eston, litva, qazax, özbək, macar və digər dillərdə
tərcümə olunmuş şeirlərin müəllifidir.
Ədəbiyyatımızın
inkişafında xidmətləri yüksək qiymətləndirilmiş,
Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət
işçisi", "Əməkdə igidliyə görə"
medalı ilə təltif edilmiş, "Dünya öz
işindədir" kitabına görə Dövlət
mükafatına layiq görülmüşdür. Rəsul Rza
və Məmməd Araz Ədəbi mükafatlarının
laureatıdır. Sənət, ədəbiyyat onun həyatı
idi. Yazıçını yaşadan onun kitablarıdır.
Otuzdan çox kitabın müəllifi Fikrət
Sadığın həyatı, yaradıcılığı
hələ oxunmamış kitablar içərisindədir.
Yazılacaq, oxunacaq, əldən-ələ gəzəcək.
O hörmətli şairimiz Adil Cəmillə müsahibələrindən
birində deyir: "Kitab nəşr olunmayanda elə bilirəm,
yazıçı-oxucu "körpüsü"
qırılır". O əsərlər ki, insani duyğular
üzərində köklənir həmişə, hər
zaman insan qəlbinə yaxın olduğundan öz
müasirliyini itirmir.
Fikrət
Sadıq yaradıcılığını
bütünlüklə tədqiq etmək, müxtəlif
janrlarda yazdığı əsərləri ümumiləşdirib
qiymətini vermək, onun zəngin yaradıcılıq yolunu
açmaq, araşdırmaq, müasir Azərbaycan ədəbiyyatının,
poeziyasının inkişafında onun yerini, rolunu
düzgün qiymətləndirmək müasir ədəbiyyatşünaslığın
vəzifələrindəndir.
Gülxani PƏNAH
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 29.