"Təbiət Tanrının
yazdığı kitabdır",
- deyirlər. Onun öz dili var
və onu heç bir tərcüməçi olmadan
da duymaq olar; suyun, ağacın,
gülün, yarpağın,
elə adını bilib-bilmədiyimiz cəmi
heyvanat və bitki aləminin də. Hətta ömrünü başa vurmuş ağac da insanla "danışa" bilir, keçmişindən, bu günündən söz açıb dərdləşir.
Təsəvvür edirsiz,
meh əsir yarpaqlar titrəşir, çiçəklər "gülümsəyir",
bir gülün ətrinə uçan arılar ehtiyatla, sanki icazə istəyibən çiçəklə
ünsiyyətə keçir.
Mövlana demiş, daşın ürəyi yoxdur, onu belə
yosun sarar. Bir də ilahinin
fərqli hisslər bəxş etdiyi, xüsusi istedadla mükafatlandırdığı tək-tük şəxsiyyətlər
var ki, fərqli
baxar, fərqli görər, fərqli duyar dünyanı. Elə ustad sənətkar, haqq aşığı dədə
Ələsgər kimi...
Novruz bayramında
qədim İrəvan
xanlığının Göyçə
mahalında Novruz bayramı günü dünyaya gəlmişdi el aşığı. Bəlkə ruhani bağlılığımızın bir səbəbi də onunla eyni gündə dünyaya gəldiyimdəndi,
bilmirəm. Bir onu bilirəm ki, rizasını İlahidən aldığındandır
ki, dədə Ələsgər yaradıcılığı
bu gün də sevilir, oxunur, araşdırılır.
İki yüz ildən üzü bəri tarixin qatlarından bulaq kimi tərtəmiz, dupduru süzülüb gələn poeziyasıyla
yaddaşlara möhürlənən,
şəxsiyyəti və
yaradıcılığı vəhdət təşkil
edən bu el sənətkarı haqqında söz sərrafları gələcək
nəsillərə zaman-zaman
yazılı və şifahi məlumatlar ötürmüşlər. Şair,
aşıq Ələsgər
bizim xalqın milli varidatı olmaqla, ədəbiyyatımızın
da elə köklü, çoxşaxəli
bar ağacıdır
ki, gələn nəsillər ondan bəhrələnə və
faydalana bilər. Mən də, haqqında yeni söz demək asan olmayacağını bilə-bilə, "çıxacağım
yerə səbri nərdivan edib", əlimi qələmdana məhəbbətlə uzatdım...
"Ələsgərəm, hər elmdən halıyam", - deyə oxucu və dinləyicilərinə
"sirr"ini bəyan
eyləyir, dünyanın
gözəlliklərini və
gözəllərini vəsf
etməkdən yorulmurdu.
Özü də hər gördüyünə
könül verən,
hər gözələ
aşiq olanlardan deyildi. "Hər yetən gözələ
"gözəl" demərəm",
- deyə haray çəkir, ruhuna meydan oxuya biləcək
gözəlliyin də
tərifini verir, "heykəl"ini yonub çıxarırdı Sözdən!..
Sevdalar, ayrılıqlar,
gözəllik, hünər,
etibar onun söz xəzinəsinin ünvanıydı. Aşıqlığı
arifliklə həmahəng
sayır, sənətlə
şəxsiyyəti bir-birindən
ayırmırdı. "Görmədim"
şeirini oxuyan hər kəs yazılanların sanki onun üçün yazıldığını zənn
edər, axı hansımız həyatda yadlar bir yana,
dost xəyanəti, bietibarlıq görməmişik
ki?..
Bivəfanın,
müxənnəsin, nakəsin
Doğru sözün,
düz ilqarın görmədim.
Namərdin dünyada
çox çəkdim
bəhsin,
Namusun, qeyrətin,
arın görmədim...
Azərbaycan ədəbiyyatının
sayılıb-seçilən nümayəndələri sağlığında
özü, onlar dünyasını dəyişəndən
sonra da dövlət və xalqımız tərəfindən
xatirələri əziz
tutulur. Amma son illərdə belə yazıçı
və şairlərin
övladları tərəfindən
də diqqət mərkəzində saxlanması,
sosial şəbəkələrdə
həyat və yaradıcılığından nümunələr paylaşmaqla
oxucuya bir daha xatırladılması
da hörmətə layiqdir. Bununla həm sənətkar yaşayır, həm də varisi mənəvi borcunu yerinə yetirmiş olur. Belə anların birində xatrıladım "Dədə
Ələsgər Ocağı"
İctimai Birliyini və bu birliyin
Aşıq Ələsgər
irsinin, aşıq sənətinin, milli ruh, milli kimlik
və milli dəyərlərimizin təbliğ
olunmasında nə qədər vacib olduğunu...
Elə həmin
günlərin birində
Aşıq Ələsgər
ocağını ziyarət
etmək üçün
daxili bir ehtiyac hiss etdim.
Birliyin sədri, dədə Ələsgərin
nəticəsi Xətai
Ələsgərli ilə
telefon əlaqəsi saxlayıb gün təyin elədik. Amma həmin günə qədər aşığın yaradıcılığına
təkrar döndüm,
sözlərinə yazılmış
mahnıları bir də dinlədim, ustad haqqında görkəmli sənətkarlar
tərəfindən deyilən
dəyərli fikirləri
bir də oxudum. Dədənin özü, onun İlahi təması haqqında indi mif kimi dolaşan
söhbətlərə bir
də təkrar qayıtdım. Xalq şairi Zəlimxan Yaqubun "Aşıq Ələsgər aşıq
şeirinin bütün
formalarında ən yüksək səviyyədə
hər formaya bir abidə qoyub." fikri həqiqəti doğru əks etdirməklə özü də abidədir .
Folklörşünas Məmmədhüseyn Təhmasib
Aşıq Ələsgər
yaradıcılığını tədqiq edərək söyləyir ki, o, şeirlərində toxunduğu
məsələlərin, hətta
qədim əsatir və dini ehkamların,
tarixi hadisə və şəxsiyyətlərin
hamısı haqqında
nə demişsə, yerli-yataqlı demiş, yaşadığı mühitin
səviyyəsinə görə
gözəl məlumata
malik olduğunu nümayiş etdirmişdir...
Deyişmələrində, hərbə-zorbalarında, qıfılbənd
və təcnislərində
elə sözlər və elə ifadələr işlətmişdir
ki, sözlərin elə çalarlarından
istifadə etmişdir
ki, adam heyrət etməyə bilmir. Bəzən, hətta təriqət rəmzlərinə belə
müraciət etmiş
və hamısından
xəbərdar olduğunu
nümayiş etdirmişdir."
Bu da aşığın
elminin haqq-təaladan gəldiyinin bir sübutudur. Aşığın
sözlərinə görkəmli
bəstəkarların yazdığı
qiymətli mahnılar
Azərbaycanın tanınmış
müğənniləri tərəfindən
ifa edilmiş və bu gün
də Azərbaycan
Radio və Televiziyasının
fonotekasında qorunub saxlanır.
Aşıq olub,
tərki-vətən olanın
Əvvəl, başda
pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin
bilə,
Mərifət elmindən
dolu gərəkdi...
Aşıq sənətini
yüksək qiymətləndirən
Ələsgər, bəri
başdan onun sirlərini, çətinliyini
də açıb göstərir və bu baxımdan "Gərəkdir" sanki bir konstitusiya qanunu kimi səslənir.
Şeirdən də bəlli olur ki, şəxsiyyətlə
sənət sənətkarın
qoşa qanadıdır
və biri digərini tamamlamalıdır.
Aşıq Ələsgərin
elm və sənətinin haqq-təalaya
söykəndiyi özünün
şeir diliylə bəyan etməsində də görünür. Aşığın deyişmə
vaxtı heç vaxt aciz vəziyyətə
düşməməsi onun
qarşısındakı şəxsin
qəlbindən keçəni
hiss etməsilə izah olunur. Öncəgörmə
qabiliyyəti, bir çox müəmma və olacaqların ona yuxuda əyan
olması kimi möcüzələri özü
də şeirlərində
etiraf edir.
Qeyri-adi hissiyyata,
güclü yaddaşa,
dərin biliyə sahib olan dədə
Ələsgər, məclislərdə
çox zaman şeiri bədahətən
söyləyər və
yadında saxlayarmış.
Oxuyub yazmaq bilməyən Ələsgər
sənətinin gücünü
məhz imam Əlinin adı ilə bağlayır və aldığı İlahi vergini belə təsvir edir:
Şəhrin şöləsindən
buldum bələdi,
Xoş gəldi
xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi
çox calalı qabaqda.
Və ya:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda.
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan
verir...
Aşıq Ələsgərin
ruhu o qədər pak, dühası o qədər parlaq, zəkası o qədər
işıqlı idi
ki, aldığı biliklərin
dərin və mürəkkəb məna
yükünü ilahi
fəhmlə açır
və sadə dillə şeirə çevirib xalqa çatdıra bilirdi. O, aldığı elmin gücünə, qüdrətinə,
öz inanc və etiqadına güvənərək özünü
sənətdə ümman,
digər aşıqları
isə dərya hesab edir və
yazırdı:
...Şahi-Mərdan sayəsində,
Elm içində ümmanam.
Dəryaların qaydasıdı,
Ümmana baş endirər...
...Vədələşdiyimiz
gün nəhayət,
yetişdi və mən deyilən ünvana yol başladım. Bir az sürücünün naşılığı,
bir az yolların
tıxacı məni
tam səhv bir ünvana aparıb çıxardı. Nəhayət,
gec də olsa, Ələsgər ruhunun dolaşdığı
məkana gəlib çatdım. Xətai müəllimlə elə
həyətdəcə görüşüb
söhbət edə-edə
pilləkənləri qalxdıq.
Böyük bir şadlıq evinin bir neçə otağını təmənnasız
olaraq "Dədə
Ələsgər ocağı"
İctimai Birliyinə
ayıran Rəşid
Süleymanov özü
də Göyçə
mahalındandır və
dədə Ələsgər
sevdalısıdır. Birliyin
bir otağı saz ifaçılığını
inkişaf etdirmək məqsədilə ayrılmış
və Birliyin öz hesabına bəlli sayda musiqi aləti ilə təmin olunmuşdur. Burada dərslər də tamamilə təmənnasız
keçilir, şagirdlərə
bu musiqi alətinin sirləri öyrədilir.
Otaqları gəzib
tanış olduqca ətrafımda müqəddəs
bir ruhun da dolaşdığını hiss edirdim. Sanki kimsə kənardan üstümə
göz qoyur, hər sözümə diqqət yetirirdi. Divardan asılan saz, müxtəlif şəkillər də canlı idi, Xətai müəllimin iş otağında masanın üstünə
qoyulmuş dədə
Ələsgərin simvolik
heykəli də gözümdə canlanır,
böyüyürdü. Bu dəm
ilahi məqamda olan sənətkarın əlindəki saz da dil açıb danışır, mizrab toxunduqca haray qoparan tellərdən ayrılan səslər içimdən süzülüb
gələn misralara qarışıb dodaqlarıma
axırdı...
Ələsgərin ruhu məni çağırdı,
Mən Dədənin
işığına yüyürdüm.
Saz səsiydi,
su səsiydi, bilmədim,
Mən o səsin
havasına yüyürdüm...
Qarışmışdı ruh bədənə, can suya,
Bir and içdik, o işığa,
mən suya.
Bir şəkildik, oda, suya yansıyan,
Səfasına, cəfasına
yüyürdüm...
Xətai müəllimlə
üz-üzə əyləşirik,
o danışır, Birliyin
yaranma ehtiyacından, bu işə necə başlamasından,
üzləşdiyi problem və
çətinliklərdən söz açır... Deyir, Yusif peyğəmbər
haqqında çəkilmiş
filmə uşaq vaxtı da, elə sonralar da çox baxmışam, Yusifin başına gələnlər,
düşdüyü çətinlik,
çəkdiyi iztirablar
və ağrı-acılar
həmişə qəlbimi
sızladıb. Amma nəhayətdə
onun yetişdiyi uca məqama sevinmişəm və sevmişəm onu. Həmişə özümü
ona bənzədir, gördüyüm işlərdə
Yusifi özümə
örnək götürürdüm.
Bir iş görəndə
və ya hansısa bir çətinlik qarşısında
"Yusif bu məqamda necə hərəkət edərdi?"
deyə düşünür
və qərar verirdim. Elə ulu babamın, el aşığının, xalqımızın
milli sərvəti olan
dədə Ələsgərin
nəsil davamçısı
olaraq bu işə başlayanda da belə olmuşdu...
Xətai müəllimin
bu istiqamətdə atdığı addımlar,
başladığı işi
sona çatdırması
o qədər mükəmməl
olub ki, özü də indi düşünəndə
heyrətlənir. "Bütün
işlərimi təxirə
saldım, başladığım
yeni işdən tam imtina
elədim", - deyir,
azacıq fikrə gedib əlavə edir ki, yox, bu
işi mən tək bacarmazdım, Yaradan özü və aşığın
ruhu mənə yol göstərirdi...
Xətai müəllim
2021-ci ildə həm də Ələsgərin
200 illik yubileyi olduğunu və bu münasibətlə ölkə başçısı,
hörmətli Prezidentimiz
İlham Əliyevin imzaladığı
Sərəncamı da minnətdarlıq
hissi ilə qeyd edir. Sərəncam
çərçivəsində keçirilən silsilə
tədbirlərlə yanaşı,
Bakı şəhərinin
görkəmli yerində
şair, aşıq Ələsgərın abidəsi
də ucaldılmışdır.
İndi Cənabi Sözə
baş endirmək, ilahi saz havaları
üstə köklənməyə
bir ünvanımız
da var...
Bu gün Azərbaycan İkinci Vətən müharibəsindən qalibiyyətlə
çıxan ölkədir.
Doğma Qarabağımızın
varidatı düşmən
tərəfindən yağmalanan,
özü isə yerlə-yeksan edilən şəhər və kəndləri yenidən qurulur, otuz ildən
artıq didərgin həyatı yaşayan soydaşlarımız öz
yurd-yuvalarına qayıdırlar.
Aşıq Ələsgərin
doğma yurdu Göyçə mahalına
yolumuz isə hələ bağlıdır.
Zaman-zaman qədim İrəvan
torpaqlarından da soydaşlarımızı
didərgin salan erməni vandalları həm də adətləri üzrə
bu ərazilərdən
tarixi izləri silib məhv etməyə çalışmışlar.
O cümlədən, Göyçədə
dədə Ələsgərin
məzarı da dağıdılmışdır.
Amma onun ruhu hələ də doğma yurdun başı üzərində
dolaşır, inanır
ki, bir gün gedən köç geri dönəcək, yenə ocaqlar tüstülənəcək, toy mağarları qurulacaq, ürəklər şadlıqdan,
gözlər sevincdən
dolacaq. Ağrı dağının sinəsində
bayram tonqalları çatılacaq, el-obaya şad xəbər yayılacaq, el aşıqları yenə
meydana çıxıb
səhərə kimi çalıb-oxuyacaqlar. Buna
biz də inanırıq...
Şahnaz ŞAHİN
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 30.