Şuşa
adlı sevgili dərdimiz: Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" Zəfər
poeması
Şuşa... Bir
şəhərin adı
bu qədərmi çox hissi içində daşıyar?
Bu qədərmi insan taleləri, bu qədərmi dərd, kədər, qürur və zəfər bir ada sığar? Elçin İsgəndərzadənin
"Mənim Şuşa
dastanım" poemasında
bu sualların cavabını yalnız ağlımızla deyil, qəlbimizlə də hiss edirik.
Şuşa adlı...
Sevgili dərdim
çıxır hər
yerdə qarşıma,
sevgili kədərim
çökür üz-gözümə,
sevgili gözyaşları
axır gözlərimdən,
sevgili ağrılar
ağrıdır ürəyimi,
sevgili sancılar
doğrayır içimi,
sevgili ayrılıqlar
sarılır boynuma,
sevgili, sevgili, sevgili...
hamısı Şuşa
adlı.
Poema ədəbi
əsər olmaqla bərabər, işğaldan
azad olunmuş bir şəhərin - Şuşanın yaşadığı
kədərin və çaldığı zəfərin
poetik salnaməsidir. Müəllifin "Sevgili
dərdim çıxır
hər yerdə qarşıma" ifadəsi,
həm fərdi duyğuların, həm də xalqın keçdiyi ağrılı
yolun ümumiləşmiş
səsidir.
Poemanın ən
təsirli hissələrindən
biri Şuşanın
işğalı ilə
bağlıdır. "Bir
şəhər hər
yerindən tərk edilirdi..." deyən şair, bu ayrılığı
təkcə fiziki yox, mənəvi faciə kimi təqdim edir. Pəncərələrin "ayrılığa
açılması", ümidlərin
yollarda qalması - bunlar sadə təsvirlər deyil, illərlə xalqın sinəsinə çökmüş
ağrıların sözə
çevrilmiş halıdır.
Poemanın ilk bölməsində Şuşa
tərk edilmiş bir şəhər kimi təsvir olunur. "Evlərin pəncərə gözləri
ayrılığa açılırdı..."
- bu sətirlərdə
bir məkanın fiziki və mənəvi boşalması
vurğulanır. Müəllif
bu mənzərəni
həm vizual, həm də ruhən yaşadır. O, oxucunu ayrılığın
ilk anına aparır və bu ayrılığın insan ruhunun dərinliyinə
hopmuş mənəvi
bir faciə olduğunu göstərir.
Müəllifin "Heç bilmirdik bu yollar hara
aparır..." deyə
başladığı hissə
isə bir millətin düşdüyü
çaşqınlıq, iztirab
və taleyə tabe olmadan yaşamaq
iradəsindən xəbər
verir. Bu yollarda "zaman qovurdu, ayrılıq qovurdu, ölüm qovurdu" - bu obrazlar məcazi olmaqla yanaşı, real təhdidlərin də simvoludur.
Müəllif poemanın
bu hissəsində zamanla mübarizə aparan bir millətin
əzmini göstərir.
Onlar "vətənsiz
yaşamağa gedirdilər",
amma bu getmək
bir məhvə yox, yenidən doğulmağa aparırdı.
Və bu doğuluşun adı zəfər idi.
Müəllif qeyri-müəyyənliyi,
çaşqınlığı, suallar içində boğulan ruh halını əks etdirir: "Biz hardaydıq? bilmirəm... Biz varıydıqmı? bilmirəm..." Bu sualların cavabı isə oxucunun içində doğur. Çünki hər bir Azərbaycan vətəndaşı bu yoxluğun içində yaşayıb və zəfərlə birgə
"var olmağın"
nə demək olduğunu hiss edib. Əsərin bu introspektiv tonu, əslində böyük zəfərlərin
təkcə ordu ilə yox, həm
də ruhla qazanıldığını göstərir.
Elçin İsgəndərzadənin
"Mənim Şuşa
dastanım" əsəri
bütöv millətə
yazılmış sevgi,
ağrı, vəfa və zəfər poemasıdır. Bu əsər Qarabağ həqiqətlərinin ədəbi
dildə qələmə
alınmış salnaməsi
olmaqla yanaşı, həm də gələcək nəsillərə
bir ruh məktubudur.
Əsərin irəliləyən
hissələrində müəllif
bizi Şuşaya aparan uzun, çətin
yolların şahidi edir. "Heç bilmirdik bu yollar
hara aparır", - deyə yazan şair, bu qeyri-müəyyənliyin
içində xalqın
qətiyyətlə yol
getdiyini göstərir.
Zaman, ölüm, ayrılıq - hamısı
bu xalqın arxasınca düşmüşdü.
Amma xalq bu yolları getdi. Çünki məqsəd - torpağa, vətənə qayıdış
idi.
Poemada təsvir
olunan bir səhnə xüsusilə
diqqət çəkir:
tərk edilən evin canlı varlıq kimi təqdim olunması. Bu, milli yaddaşın
mərkəzində duran
ev anlayışının
poetik ifadəsidir.
"Bizim ev ardımızca qaçmaq
istəyirdi..." - deyə
başlayan bu hissədə ev artıq bir bina deyil, bir
ata, bir baba, bir ailə
halına gəlir. Onun pəncərəsindən
yaş süzülür,
bacasından ah tüstülənir. Evin divarlarının çatlaması,
onun əyilib ikiqat olması - bunlar xalqın taleyinin poemadakı simvolik təzahürüdür.
Müəllif evin qopmaq istəməsini - yəni yaddaşın, kimliyin, kökün getmək istəməməsini
təsvir edir. Bu isə bizi
sadəcə nostalji ilə deyil, həm də sarsıdıcı bir realizmlə qarşılaşdırır.
Evin bir insan kimi ağlaması
- onun milli kimliyin, ailə varlığının bir
rəmzinə çevrilməsi
- poemadakı poetik ustalığa dəlalət
edir.
Poemanın bir hissəsində təbiət
obrazları insan ruhunu təmsil edir.
"Buludların üstündən
keçirdik, buludluyduq.
Yağışların içindən
keçirdik, yağışlıydıq..."
- burada insan artıq təbiət hadisələrinə çevrilmişdir.
O, bulud kimidir - doludur, lakin boşalmaq istəmir; yağış kimidir - davamlı ağlayır; payız və qış kimidir - solmuş, donmuş, sükuta qərq olmuş. Bu təsvirlər müəllifin
yüksək poetik təfəkküründən doğur
və eyni zamanda milli poetik
yaddaşın gücünü
göstərir.
"Şuşam, oyy..."
- bu, həm də ümidin səsi, qayıdış
arzusunun fəryadıdır.
Poemada səslənən
bu nida bir
hayqırtıdır. O, həm
poetik, həm də gerçək bir fəryaddır. Bu nida sadəcə
şairin deyil, bütöv bir xalqın qəlbindən gələn səslə ahəng təşkil edir. Bu misralarla
şair həm də tarixə iz salır. Onun ahı buxarlanıb
göyə yüksələn
dua, qayıdış
istəyi və mübarizəyə çağırışdır.
"Şuşam ağrıyırdı,
hər yerdə ağrıyırdı, içimdə
bir Şuşa ağrıyırdı."
Bu ifadə bir fərdin deyil, bir xalqın ağrısıdır. Poemanın
bu yerində müəllif artıq poetik yaddaşı kollektiv bir qəlbin
sancısına çevirir.
Bu ürəkdə Şuşa mənəvi yetimlik rəmzidir.
Şair poemada yalnız insanı deyil, təbiəti də ağladır. "Buludlar da içində
ağladı, Şuşa
da içində ağladı, ağaclar da, sular da
içində ağladı." - bütün kainat bu ağrıya
ortaq olur. Hətta ən sadə bir məişət
detalı - "gedənlərin
ardınca su səpən də olmadı" - bir ənənənin, bir mədəniyyətin qırılmasını
göstərir. Bu, yurdun, torpağın, adətlərin, yaddaşın
məhvə sürüklənməsidir.
Poemanın bu hissəsində müəllif
dostla fəlsəfi bir dialoqa girir:
"Şuşa yetim
qaldı, dedim, Biz də Şuşadan
yetim qaldıq, dedi." - bu qarşılıqlı yetimlik
- vətənin insandan,
insanın vətəndən
qoparılması əsərin
mərkəzində duran
kədərli həqiqətdir.
"Biz Şuşasız
öləcəyik, dedim,
Biz artıq ölüyük, dedi".
Bu sətirlər artıq fiziki yoxluğu, mənəvi ölmüşlüyü - ruhsuzluğu,
yurd itkisini təsirli şəkildə
ifadə edir. İtirilmiş vətən,
itməyə başlamış
insan deməkdir.
"Zamana dur, dedim, zaman dayanmadı"
misrası xalqın zamanla apardığı çarəsiz savaşı
göstərir. İnsan
keçmişdə qalmaq
istəsə də, zaman irəli gedir. Amma arxada
qalan Şuşa, onun insanı zamanla bərabər getmir - ruh orada
qalır, bədənsə
bu tərəfdə. Bu hissə poemanın
fəlsəfi dərinliyindən
də xəbər verir.
"Həsrətə bit, dedim, həsrət
bitmədi" oxucunu ümidsizliklə, hətta
tale ilə barışmış vəziyyətlə
üz-üzə qoyur.
Amma bu barış
təslimiyyətlə yanaşı
zamanın gətirdiyi
ağır, lakin dərin bir qənaətdir. Şair burada fərdi hisslərini ümummilli hissə çevirir: "Bir şəhərin ağrısı, zamanın
ağrısıydı... sabahların
ağrısını çəkdik..."
Burada Şuşa
artıq keçmişlə
tən gələcəyin
də ağrısına
çevrilir. Bu itki həm də
gələcəyi olmayan
bir xalq olmağın təhlükəsidir.
Poemanın sonunda
şair gözlənilməz,
lakin güclü bir dönüş edir:
"Biz dönəcəyik..."
- müəllif bu qərarlı üslubu ilə həm özünü, həm oxucunu inandırır.
"Yenidən yollarda
yüyürmək, sevilmək,
sevmək, yaşamaq, var olmaq, doğulmaq"
- kimi ifadələr azadlığın və qayıdışın sözlü
elçiləridir. Burada
artıq söhbət
yalnız Şuşaya
fiziki dönüşdən
getmir. Bu, həm də ruhun, kimliyin, xalqın özünə dönüşüdür.
Elçin İsgəndərzadənin
"Mənim Şuşa
dastanım" poeması
tarixi şahidlik, kollektiv yaddaşın bədii manifesti, millətin ürəyindən
qopan fəryad və səssiz qələbəyə ünvanlanan
duadır. Bu poema oxucunu təkcə
ağlatmır, həm
də oyadır. O, unutmağın qarşısını
alır, yaşatmağa
sövq edir. "Çünki biz dönəcəyik - bu dəfə yalnız torpağa deyil, həm də öz ruhumuza". Bu parçada itki mövzusunu sadəcə bir şəhərin yoxluğu
kimi yox, mədəniyyətin, yaddaşın,
ruhun və əcdadların da yoxluğu kimi təqdim edir: "Qəbirlər sağ, ağaclar sağ, evlər sağ qaldımı?" sualı
sadəcə keçmişin
fiziki dağıntısını
mühakimə etmir, həm də xatirələrin, kökün
və kimliyin sağ qalma ehtimalını saf-çürük
edir. Və müəllif cavabı da verir: "Yoxsa, qəbirləri də öldürdülərmi?"
Bu ritorik sual qəbir daşlarının məhvini,
əcdadın unudulması
və xalqın köksüzləşməsi qorxusunu
dilə gətirir. Bu məqamda Şuşa vətən ruhudur.
"Şuşanı da götürmək istədim, amma qollarımın arasından
yağış kimi axdı" misrası Şuşanın sadəcə
fiziki olaraq yox, mənəvi olaraq da tutulmaz
hala gəlməsini göstərir. Vətəni
saxlamaq, qorumaq istəyirsən, lakin onu saxlamağa gücün çatmır.
Bu, xilaskar arzunun və acizliyin eyni anda yaşanmasıdır.
Və bu mənəvi bölünmə
oxucunun ruhunda sarsıdıcı bir təsir buraxır.
Əsərin bu yerində ana obrazı peyda olur. Bu obraz təkcə bioloji bir ana deyil, o, xalqın anası, torpağın, millətin analarıdır.
"Səni Allaha əmanət verirəm, Şuşam" cümləsi
həm dua, həm də bir ümidsizlik
etirafıdır. Ana daha
bir şey edə bilmir, dualarla torpağını
Tanrıya tapşırdığı
məqama çatır.
Bu həm inancla yaşamaq, həm də müqəddəsləşdirmək
anlamı daşıyır...
"Anam Şuşaydı, Analar Şuşa olmuşdu..."
misrasında vətənin
insanla birləşməsi,
qadın obrazında şəxsiləşməsi var. Analar - yəni, doğan, qoruyan, yaşadan qüvvə - artıq Şuşa adını daşıyır.
Və Şuşa təkcə Cıdır düzündə, Qala divarlarında
deyil, Bakıdakı qürbət evində, Almaniyadakı bir pəncərədə, Amerikadakı
bir ürəkdə, Türkiyədə bir universitet dəhlizində yaşayır. Bu sürgün
edilmiş vətənin
parçalanmış xəritəsidir.
Amma eyni zamanda da vəhdətə inamdır
- hər bir fərd öz içində Şuşanı
yaşatdığı üçün
o əbədi sağ qalır.
Poema xalq yaddaşının poetik arxividir. O, keçmişi
yalnız ağlamaq üçün xatırlamır,
həyata, ümidə
və doğma torpağa qayıdışa
inamla yaşadır.
Əmanət verilən
Şuşa - qorunan dəyərdir. Gəlməyən
qatar - gələcəyin
səsini hələ də eşidən qulaqlardır. Şuşa
- həm yaddır, həm içimizdir. Və hər birimiz, öz içimizdəki Şuşaya
qayıtmaqla bu əmanətə sahib çıxırıq.
Bəzən təkcə
torpaq, yurd deyil, həm də qəlb yarasıdır Vətən.
Elçin İsgəndərzadənin
"Mənim Şuşa
dastanım" poeması
da bu yaradan doğan sözlərin, sətirlərin həqiqətidir.
Bu poetik mətndə təkcə müəllifin
yox, bütöv bir xalqın həsrəti, göz yaşları, itkiləri,
duaları və nəhayət, zəfəri
dilə gəlir.
Poema bir poetik nəğmə kimi başlayır: "Şuşa adlı... sevgili dərdim..." - burada artıq oxucu anlayır ki, bu, bir millətin
bütünlüklə keçirdiyi
ayrılığın, dağılmanın,
parçalanmanın poetik
salnaməsidir. Hər
kəlmə, hər misra bir yaddaş
daşıyıcısıdır - pəncərələrdən axan
ayrılıqlar, evlərin
dilə gəlib ağlaması, bacalardan yüksələn ahlar...
Bu şeir təkcə estetik məqsədlərlə
yazılmayıb. O, həm
də tarixi bir sənəddir - insanların zamanla yaşadıqları ağrıların,
gözlədikləri qatarların,
dönməyən dostların,
dağılan ailələrin,
vətəndən didərgin
düşən evlərin
poetik ifadəsidir.
Elçin İsgəndərzadə
sətirlərlə bizə
göstərir ki, vətəni
tərk etmək yalnız fiziki ayrılıq deyil. Bu, həm də içindən bir parçanı qoparıb atmaqdır. "Biz də uzaqda qalırdıq - bizim evə, bizim yerə, bizim göyə, bizim olan hər
şeyə..." - deyə
müəllif, ayrılığın
nə qədər dərindən hiss olunduğunu
oxucunun ruhuna hopdurur.
Poemanın sonlarına
doğru isə ton dəyişir. Həsrət
zəfərlə tamamlanır.
Qayıdış, sevincli
göz yaşları,
qucaqlanan bir Şuşa var. Qucaq açan bir Vətən var. "Şuşa
azad idi... biz azad Şuşaya gedirdik..." - bu mənəvi qələbənin,
tarixi ədalətin bərpasının ifadəsidir.
Poemanın sonundakı
fəlsəfi suallar -
"Biz varıydıqmı?", "Biz
hardaydıq?" - oxucunun
öz içində axtarış aparmasına
səbəb olur. Müəllifin bu sualları cavabsız qoyması təsadüfi deyil. Çünki bu cavab - oxucunun
öz vicdanında, tarix qarşısındakı
yaddaşındadır.
"Mənim Şuşa dastanım" - Elçin
İsgəndərzadənin bu xalqın ruhunu duyan bir
qələm sahibi olduğunu göstərir.
Bu poema otuz illik ayrılıqdan sonra qazanılan zəfərin sözə çevrilmiş qürurudur.
Şuşa - artıq
kədər deyil, zəfərin özüdür.
Lakin o zəfərin haradan
gəldiyini unutmaq olmaz. Elə müəllifin bu əsəri də məhz unutdurmamaq üçündür.
"Mənim Şuşa dastanım" bir şairin, xalqın, şəhidlərin, qayıda
bilməyənlərin, gözləyə-gözləyə
ölənlərin və
nəhayət, Vətənə
qovuşub "Şuşam,
qurbanın olum" deyənlərin səsidir.
Poema, bir növ, ədəbiyyatın
və tarixin qovuşağında yazılmış
poetik zəfər salnaməsidir. Elçin İsgəndərzadə sözün
gücü ilə bizə sübut edir ki, vətən təkcə torpaq deyil, həm də duyğudur, xatirədir, gözdəki
yaş, sinədəki
nisgildir. Şuşa indi bir şəhər
və bir dastandır.
İlahə SƏFƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2025.- 23 may
(№18).- S. 31.