Təzə
nərgizlər açır
köhnə xatirələrdə,
Arzuları don
vurur çiçəkli
tirələrdə
Aprel yağışları
Bir ümid tarlam var -
bütün çətinliklərə
səbrli,
vurana əlsiz,
söyənə dilsiz,
haqsızlığa susqun,
diz üstə
oturub
açıb əllərimi,
gözlərimlə eşq toxumları əkirəm...
Daşlıqda xam
torpaqdakından
daha gözəl
göyərəcək, bilirəm...
-
tam da yağmağa başlayıb
aprel yağışları...
***
Deyirlər, molyksun
içinə düşərsə
inci,
ilanın ağzına
düşərsə zəhər
olur
aprel yağışları...
Demək ki, bir damcısı
bir canlını
öz mahiyyətinə
çevirə bilir.
Günortadır, üzümü
tuturam
Sevgi kimi gözlənilmədən gələn
aprel yağışlarına...
Yarpaqlar titrəkdir,
sərçələr ürkək...
Qəlbimdə hərarət,
əynimdə
yağışdan köynək...
***
Nə gözəldir
islanmaq aprel yağışlarında...
Nə gözəldir
isinmək
baxışlarında...
Yağdıqca aprel yağışları,
gizlədə bilirəm
yaşları...
Bilirsən, ustayam duyğuları gizləməkdə.
Görməsin heç
kim,
amma sən
bil, qəlbimdə
olduğunu...
Günəş necə
gizlənibsə buludlarda,
mən də bürünmüşəm şeirlərə...
təbiət kimi tərtəmiz,
təptəzədir ruhum.
***
...və "beş"lər...
Həyatımda dönüm
nöqtələri oldular.
Az qaldı,
İyirmi beşinci
ilin beşinci ayı gəlir.
Hazır iki beşi qoşalamışkən,
aprel yağışları
da başlamışkən,
uzaqlaşma...
düş yanğın
kimi ürəyimə
-
açılsın qəlbin
qönçə çiçəklər
kimi...
***
Ah!
Aprel yağışları,
Sevincini göstərir
budaqların alqışları...
Sevgisini göstərir
nazlı yasəmənin
yırğanışları...
Başlayıb arıların
nektar axtarışları,
evimin qışdan
qalma yır-yığışları...
Hər şey bir yana,
suya həsrət yerlərə
çatırsan..
islatdıqca üzümü
mənə şeir
pıçıldayırsan,
aprel yağışları!
Səni görmür
Alnına yazılıb bəxtin, taleyin,
Göz səni
oxumur, qaş səni görmür.
Uzağa boylanır
yapalaq kimi -
Gözünün önündə
çaş səni görmür.
Kağızlar qələmdən
sinədağlıdır...
Tək "Quran" Allaha etibarlıdır...
Şükr elə
ki, qapın çöldən
bağlıdır...
Pəncərədən gələn
daş səni görmür.
Canım, nə yaşadın səbəbi
bəlli,
Qəlbini ovudur hüzur, - təsəlli,
Sonu bir məkandır ya yüz, ya
əlli,
"Bəlkə" görsə
belə, "kaş"
səni görmür.
Yaş gəlir
yaşının üstünü
bəzər,
Çatdın əlli
beşə, dəyməsin
nəzər.
Sən ona sevin ki, Adilə Nəzər,
Sən yaşı
görürsən, yaş
səni görmür.
Tanrım, varlıyam
səndən
Tanrım, qul olsam da, varlıyam
səndən,
Baxma ki, dilimdə
min bir ahım var.
Sənin mənim
kimi günahkar bəndən,
Mənim sənin
kimi bir Allahım var.
Bu yanğın yerinə can dayanarmı,
Odu kül olmuşlar bir də yanarmı,
Sorsalar gümanın,
ümidin varmı,
Deyərəm uca bir qibləgahım var.
Yox olar canımdan ağrılar, cəmi,
Unudar ürəyim
kədəri- qəmi,
Yaralı könlümün
həbi- məlhəmi,
Ruhları oxşayan
çahargahım var.
Sevdim, sevdiklərim oldular qənim,
Alışdı can evim,
yandı bədənim,
Ayrılıq adında
cəzam var mənim,
Bir də sevmək adlı bir günahım
var.
Üsyan eyləmədim bəxtə,
taleyə,
Nalədə bənzədim
bir həzin neyə,
Sənin tövbə
qapın açıqdır
deyə,
Rahatam, dönəcək
bir pənahım var.
Könül
Təzə tər səhəri verdin küləyə,
Barı günortaya
dur bələn, könül.
Axşamın düşəcək,
bir az tez
elə,
Bir gülə- bülbülə
cilvələn, könül.
Yaşa bir gününü toy-nişan kimi,
Süzülsün gözlərin
ballı şan kimi.
Qağayı dənizə
yaraşan kimi,
Sən də çıx sahilə, ləpələn, könül.
Dinlə bulaqları, xoşdur ahəngi,
Hicrana, həsrətə
bir az da ləngi.
İlhamın gətirsin
nəğmə çələngi,
Bir təzə eşqə düş, təzələn,
könül.
Adilə, nə olsun, quru budağam,
Payıza yol gedən sarı yarpağam.
Cadar-cadar olmuş
susuz torpağam,
Yağış ol, üstümə səpələn,
könül.
Bənövşə
Bir dərdim var,
bilmirəm desəm dinləyərsənmi,
Ağlasam gözlərimi
silərsənmi, bənövşə?
Yoxsa öz dərdlərini salıb yadına sən də,
Halıma ağlarsanmı,
gülərsənmi, bənövşə?
Təzə nərgizlər açır
köhnə xatirələrdə,
Arzuları don vurur
çiçəkli tirələrdə,
Sərçələr kolda-kosda,
quzğunlar zirvələrdə,
Mən hardayam,
yerimi bilərsənmi,
bənövşə?
Sən də mənim kimisən, boynuburuq, cəfakar,
Həm xəstəsən,
həm şəfa, həm təbibsən-şəfakar,
Ömrün çiçək
ömrüdür, bu dünyasa riyakar,
Desəm gəl,
çıxaq gedək,
gələrsənmi, bənövşə?
Yox, deyəsən sən məndən daha cəsarətlisən,
Bəlkə bir gün yel olam,
yanından bir kəz əsəm,
Mən yaslı
görkəmimi dəyişməyi
diləsəm,
Sən də eyni diləyi dilərsənmi, bənövşə?
Qardələn
Məni qış yuxusu alıb getmişdi,
Bu sabah oyatdı qərib qardələn.
Hansı dağdan
endi fevral ayında,
Qışa sinəsini
gərib qardələn?
Sevgi ətirlidir,
eşq nəfəslidir,
Dağ döşüylə
daşan çayın
vəslidir,
Baharın elçisi,
yaz həvəslidir,
Yolda güney
qarın dərib qardələn.
Eşqin timsalıdır,
aşiq Günəşə,
Çıxdı qar altından gəldikcə cuşa,
Canından olacaq tapanda nəşə,
Yoxluğunda varlıq
görüb qardələn.
Qar dənəsi qonur cığıra, izə,
İslanan yanağa,
qızaran üzə,
Qələmdən kağıza
süzülən sözə
Şehli baxışını
sərib qardələn.
Sənsiz çox
şərqilər əksilə
bilər,
Ürəyim kədərdən
əzilə bilər,
Söylə hansı
çiçək kəsilə
bilər,
Səndəki saflığa
rəqib, qardələn?
Qəzəl
Demə qəm xanəsi dünyaya, olur nəşəsi də,
Qara gözlərdə
var ağ inci üçün güşəsi
də.
Demə yox sevgi həyatda,
olanı adi həvəs,
Günəşin doğması,
de, sevgi deyildir nədi bəs?
Ölüb-öldürmək
elə adiləşib
- dinlə, əyil,
Bu qopan zəlzələlər
torpağın üsyanı
deyil?
Nə edək,
kimdi günahkar? İtirərsək ümidi,
Tapmarıq, qaytararıq
biz qapıdan naümidi.
Bir külək kaş əsə bir gün tutub
insanı əziz,
Şeir axdıqca
kağızdan edə
dünyanı təmiz.
Olmadı
Baxıram bütöv bir ömür yaşanıb,
Topladım, xoş
gün heç yarım olmadı.
Yaxşı ki, yaxşı
dost sərvət sayılır,
O üzdən
demirəm varım olmadı.
Dayanıb gözlədim
çay qırağında,
Bir hədiyyə, qismət,
pay sorağında,
Ömür varağında,
gün varağında,
Bir ətirli gülüm, barım olmadı.
Dedim, sakit axma, dağ
çayı, dillən,
Küləkdən başqa
yox gözümü silən.
Dərdimi, qəmimi
anlada bilən
Kamanım olmadı,
tarım olmadı.
Vaxtsız açdı-soldu bağçalar,
bağlar,
Hayana baxıram
xatirəm ağlar,
Sinəmdə düzülüb
silsilə dağlar,
Dağlarıma yağan
qarım olmadı.
Tez keçdim içindən çəmənin,
gülün,
Bir saçaq çəkmədim
içindən tülün,
Nə sən bir ev oldun,
nə də mən çulun,
Qıraqda-köşədə yerim olmadı.
Səhər-səhər
Oyan qəflətdən, ey dostum,
Haqqa şükr
et səhər-səhər.
Dolan üzdə gülümsəmə,
İslan, quru şəhər-şəhər.
Bağ içrə oxusa bülbül,
Naz eyləsə bülbülə
gül,
Haqq deməkdən qurusa dil,
Ömür olar bəhər-bəhər.
Kədərin yığısa
çin-çin,
Sev yenə
də, Haqqı sev ki...
Qəlbini yandırsa
sevgi,
Eşq iç
üstən qəhər-qəhər.
Dünya dayanacaq
deyil,
Dolaşma da veyil-veyil,
Qır dizini, Haqqa əyil,
Get Özünə təhər-təhər.
Dünyanın dönən
vaxtı
Hansı mahnıdan çıxıb
gəldin,
hansı şeirin
bəndindən qopdun,
adam?!
Sükütu sinəmdən,
möhürü dilimdən
qopardın.
Hara apardın
külək rəngli
axşamları,
həsrət qoxulu,
kirpikləri yağışlı
gecələri,
bir ucu yanıq şeirləri?!
Sən gələli
göyqurşağı kimi
püxtə nəğmələr
gəldi
bu xam dilimə.
Sevgi qoxulu təranələr axdı
muğam könlümə.
Bütün hüznləri
atdım,
mən səndə
çoxdandı itirdiyim
özümü tapdım.
Sən sevirsən
deyə,
şaqraq gülüşlərim
çoxaldı, -
sular qısqandı,
sellər küsdü...
Sən mənə
üç sözdən
ibarət bir cümlə,
mən sənə
bir ömrün kitabını susdum...
Hansı mahnıdan
çıxıb gəldin,
hansı şeirin
bəndindən qopdun,
adam?!
Hardan düşdün
qəlbimə,
necə qaldın
yadımda -
dünyanın dönən
vaxtı...
Adilə Nəzər
Ədəbiyyat qəzeti.- 2025.- 23 may
(№18).- S. 32.