Füzulini
sevə-sevə öyrənən
alim
Görkəmli füzulişünas
alim Sabir Xəlil oğlu Əliyev 15 may 1935-ci ildə Gürcüstan SSR
Qarayazı (indiki Qardabani) rayonunun Qaracalar kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənddə alan S.Əliyev 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) filologiya fakültəsinə daxil olmuş, 1960-cı ildə
ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1961-62-ci illərdə
yenə ADU-nun Şərqşünaslıq fakültəsində
təhsil alıb, ərəb dili tərcüməçiliyi şöbəsini
də fərqlənmə
ilə bitirib. 7 ildən artıq (1960-cı
ilin sentyabrından
1967-ci ilin dekabrınadək)
Azərbaycan SSR EA-nın
Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. Eyni zamanda AMEA N.Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında təhsilini
davam etdirib və akademik H.Araslının rəhbərliyi
altında "Azərbaycan
klassik şeirinin şəkilləri" mövzusunda
namizədlik dissertasiyasını
yazıb başa çatdırıb. 1990-cı ildə
isə "Füzulinin
ədəbi-nəzəri görüşləri"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib.
1967-ci ildən ömrünün
sonuna kimi Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki GDPU) işləyib, Azərbaycan ədəbiyyatı
kafedrasının professoru
olub. 2007-ci il mayın 14-də dünyasını
dəyişib, doğma
kəndi Qaracalarda dəfn olunub.
S.Əliyevin bütün
elmi fəaliyyəti, demək olar ki, türk dünyasının
ən böyük şairi M.Füzulinin yaradıcılığı ilə
bağlıdır. Azərbaycan
klassik şeirinin şəkilləri haqqında
namizədlik dissertasiyası
müdafiə etdikdən
sonra bütün diqqətini "türk şairlərinin babası"
(F.B.Köçərli) M.Füzuli
poetikasına yönəltmişdir.
İkinci ali təhsil kimi, Şərqşünaslıq fakültəsində
təhsil alması da şərq dillərindəki klassik mənbələrə bələd
olmaq arzusuyla yanaşı, Füzulinin ərəb və farsdilli yaradıcılığını
daha dərindən öyrənmək, dahi sənətkarın bəhrələndiyi
elmi-dini qaynaqlara nüfuz etmək istəyindən doğmuşdu.
Deməliyik ki, Sabir müəllimin hələ sağlığında
dövri mətbuatda çıxan hər bir məqalə və yaxud müsahibəsi
oxucular arasında geniş müzakirələr
doğurar, qızğın
polemikalara səbəb
olardı.
Tanınmış alimin
"Füzulinin poetikası",
"Füzuli (ədəbi-nəzəri
düşüncələri)", "Füzuli ədəbi estetikası", 4 cildlik
"Füzuli qəzəlləri
şərhi", "Füzuli
sözü" və
b. əsərləri Füzulişünaslıq
sahəsində yeni söz və uğurlu addım kimi dəyərləndirilə
bilər. O, Füzulinin
mənzum əsərlərinin
sadə və anlaşıqlı nəsr
dilinə çevrilməsiylə
də məşğul
olmuş, bu sahədə çox gərəkli işlər
görmüşdür. Belə
ki, 1991-ci ildə
"Leyli və Məcnun" məsnəvisini
nəsrə çevirmiş,
müqəddimə və
şərhlər yazaraq
"Maarif" nəşriyyatında
çap etdirmişdir.
"Bəng və Badə" poemasını
da, eynilə, nəsrləşdirərək 1993-cü ildə nəşrinə nail olmuşdur.
1986-cı ildə çapdan
çıxmış "Füzulinin poetikası"
monoqrafiyası əhatə
etdiyi mövzu-mündəricə
və qarşısına
qoyduğu həlli vacib problemlər baxımından çox əhatəli və zəngindir. Kitabda şeirin mənşəyi,
mövzusu və məqsədi, həqiqət
güzgüsü, bədii
yalan, məzmun və forma, sadəlik və aydınlıq, orijinallıq
və təqlidçilik,
mədh və həcv, şeirdə elmilik və obrazlılıq, bədii obrazın real əsası, təsvir mütənasibliyi, elmi fikir və həyati
təcrübə və
s. ədəbi-nəzəri problemlər geniş təhlil olunmuşdur.
"Azərbaycanda ədəbi-nəzəri
fikrin təkamül və inkişaf tarixini sistemli şəkildə öyrənmək
üçün ayrı-ayrı
şair və yazıçıların, xüsusilə
də Füzuli kimi alim-şairlərin elmi qənaətlərini nəzərə almağın"
vacibliyini vurğulayan
tədqiqatçı alim
özünə qədər
"Füzulinin ədəbi-nəzəri
görüşləri haqqında
ciddi və əhatəli bir əsər yazılmadığını"
vaxtında anlamış
və bu işə girişmişdi.
Füzulinin şeirin
mənşəyi məsələsinə
münasibətini ayrıca
araşdıran S.Əliyev,
özünəqədərki bir çox tədqiqatçılardan fərqli
olaraq, dahi sənətkarın əsərlərində
realist-materialist məqamlar
axtarıb tapmağa çalışmır, onu
öz dövrünün
oğlu kimi araşdırıb öyrənməyə
üstünlük verir.
Şairin divanlarına
yazdığı dibaçələrdəki
və ayrı-ayrı
əsərlərində, yeri
gəldikcə, söylədiyi
fikirləri ümumiləşdirən
alim bu qənaətə
gəlir ki, "Füzuli istedadı şairliyin əsası saymaqla yanaşı, istedadın özünün
fitriliyi fikrini də irəli sürür". "Şairlik
istedadını "Allahın
lütfü" sayan
Füzuliyə görə,
şeirin mənşəyi
vəhdət, münşisi
Allah, hamisi peyğəmbər (s.ə.s.),
vəzifəsi tərbiyə,
məqsədi isə Allahı və hz. Məhəmmədi tanıtmaq, şərh və mədh etməkdir". Əlbəttə
ki, böyük şair şeirin-sənətin
məqsədinin yalnız
bundan ibarət olmadığını bilirdi.
Məsələn, məşhur
"Fəzliyə nəsihət"ində
dolayısıyla şeiri
hikmət, hikməti isə dünyanı nizama salmaq vasitəsi
hesab etdiyini dilə gətirirdi.
S.Əliyevə görə,
Füzuli şeirdən,
birinci növbədə,
yüksək ictimai məzmun, parlaq məqsəd, sərt həqiqət tələb
edir, şairin qarşısında cəmiyyəti
məşğul edən
məsələlərə cavab vermək tələbini qoyur.
Yeri gəlmişkən,
burada Füzulinin
"Leyli və Məcnun" məsnəvisindəki
məşhur beytinə
də münasibət
bildirir, Füzulinin özünəqədərki türkdilli
"Leyli və Məcnun"lardan xəbərinin
olub-olmaması məsələsini
də araşdırır.
Bütün bunlardan sonra S.Əliyev öz qənaətini ortaya qoyur: "Deməli, "ətrakda"
"Leyli-Məcnun" dastanının
yoxluğu şairin yox, oxucunun məlumat
dairəsidir. Axı Rum zərifləri Füzuli deyildi, onlar Füzuli səviyyəsində düşünə
və Füzuli dairəsində məlumatlı
ola bilməzdilər".
Füzulişünas alimin burada daha
ilginc bir məsələyə də
münasibəti maraq doğurmaya bilməz. Belə ki, o, həm Nizami, həm də Füzulinin eyniadlı dastanında "ərəb
əfsanəsinin fars məxəzindən xəbər
verən "dehqani-fəsihi-farsizad"
ifadəsinin işlənməsinə
diqqət çəkir
və onun güney İranın Xuzistan bölgəsində
doğulmuş, ancaq ərəbcə yazıb-yaradan
və ilk epik "Leyli-Məcnun"
müəllifi olan Əbu Nüvası nəzərdə tutduğunu
müəyyənləşdirir.
"Düzlüklə artmışdır sözün
qiyməti" deyən
Füzulinin şeirdən
tələb etdiyi əsas keyfiyyətlərdən
birinin həqiqət, həyatilik və inandırıcılıq olduğunu
qeyd edən müəllif ümumən
dahi şairimizin yaradıcılığını "həqiqət güzgüsü"
kimi səciyyələndirir.
Prof. S.Əliyevin Füzuli yaradıcılığında
ən çox qabardıb önəm verdiyi məsələlərdən
biri də "bədii yalan" fenomenidir. Qurani-kərimdən
qaynaqlanan, N.Gəncəvinin
oğlu Məhəmmədə
nəsihət şəklində
dediyi "Şeirə
və şeir fənninə aludə olma, çünki onun ən gözəli
ən yalan olanıdır" və Füzulinin "Aldanma ki, şair sözü,
əlbəttə, yalandır"
cümləsiylə davam
edən bədii yalan dedikdə, poetik sözün obrazlı xassəsi, məcazi təbiəti, idrak üsuluna münasibət və ümumən sənətin
rəmzi mahiyyətinin
nəzərdə tutulduğunu
göstərir.
Füzuli estetikasında
məzmun və forma kateqoriyalarının
işlənmə məqamlarını
da ayrıca araşdıran alim onun bu barədəki
mülahizələrinin bir
sistem təşkil etdiyini və bu gün də
öz əhəmiyyətini
itirmədiyini bildirir.
O, dahi sənətkarın
forma və məzmun məsələsində
də iki qaynağa - klassik poetikaya və öz bədii təcrübəsinə arxalandığını
vurğulayır. Maraqlıdır
ki, S.Əliyev Füzuli poetikasında məzmun və forma anlayışlarının
nə qədər müxtəlif və rəngarəng ad-istilahlarla
ifadə edildiyini də müəyyənləşdirir:
mərifət və zib, məzmun və ibarət, məna və sövt, can və tən, məna və təzyin, məni və süxən, cism və ərəz,
məzmun və ləfz, gövhər və sədəf, dürr və can, məni və surət, məani və ibarət, dərun və birun, sirət və surət, maarif və nəzm, zat və əlfaz,
elm və şeir, kəmal və cəmal, kəmal və surət və s.
Tanınmış alim
türk diliylə əruz vəzninin barışmasında, daha
doğrusu, ana dilimizin əruz vəzninə uyğunlaşdırılmasında
da böyük xidmətlərindən söz
açır, türk
dilində "nəzmi-nazik"
- incə şeir yaratmaq üçün var gücü və bütün istedadını sərf etdiyini bildirir.
"Qəlb şairinin"
öz yaradıcılığında
orijinallıq və təqlidçilik məsələsinə
xüsusi fikir verməsi, "köhnə
fikrin təzə ifadəsini, məlum mətləbin yeni bəyanını" da təkrarçılıq və
yeknəsəklikdən qaçmağın
bir yolu kimi görməsi S.Əliyevin diqqətindən
yayınmır. Hətta
ədəbi təxəllüs
seçimində də
orijinallığı gözləyən,
heç kəsə bənzəmək istəməyən
bir şair üçün bunu tamamilə təbii sayır.
Bu yerdə, o, klassik ədəbi örnəkləri romantizm
və realizm kimi iki əks
cəbhəyə bölən
marksist-leninçi ədəbiyyatşünaslıq
metodologiyasına qarşı
çıxır, "Füzuli
romantizmindən realizmin
istisnası şəraitində
danışmağı özülsüz
heykəl təsəvvür
etməyə bərabər"
sayır. Füzuli təxəyyülünün istinad
nöqtəsini bütün
hallarda real həyat hesab edən tədqiqatçı
alim onun bir beytində də, bir şeirində
də, bütün yaradıcılığında da eyni səviyyədə
- bədii təfəkkürün
ən uca zirvəsində durduğunu
təsdiqləyir.
S.Əliyevin fikrincə,
"şeirin alimi, elmin isə şairi" olan Füzuli poetikasında bədii təsvir mütənasibliyi, yaxud poetik müvazinə qanununun ayrıca yeri və önəmi
vardır. Dahi sənətkarın mətninə
yol tapmış bəzi hərf və ifadə qüsurlarının müəyyən
edilməsi və aradan qaldırılmasında
bədii müvazinə
qanununun köməyindən
yararlanmağın ən
doğru yol olduğunu gətirdiyi nümunələrlə sübut
edir. "Füzuli şeirində qeydi-adi diqqətlə gözlənilmiş
və ideal səviyyədə reallaşdırılmış
müvazinə qanunu şairin üslubuna dəqiqlik və elmilik aşılamaqdan başqa, bu şeirin "əyər-əskiyini"
düzəltmək, mətn
zədələrini sağaltmaq
üçün misilsiz
bir məhək rolunu da oynayır".
Görkəmli füzulişünas
alim S.Əliyevin
1996-cı ildə nəşr
olunmuş "Füzuli
(nəzəri-bədii düşüncələri)"
adlı kitabı, demək olar ki, "Füzulinin poetikası" kitabının
davamı kimi ortaya çıxmışdır.
Füzulini XVI əsrin
dahi Azərbaycan şairi olmaqla yanaşı, həm də qüdrətli ədəbiyyatşünas alim,
filosof tənqidçi
kimi öyrənməyi
məqsədəuyğun hesab
edən alimin fikrincə, o, müxtəlif
bədii və elmi əsərlərində
irəli sürdüyü
sanballı nəzəri
fikirlərlə ədəbi
inkişafa böyük
təkan vermiş, bədii və elmi fikrimizin inkişafında müstəsna
rol oynamışdır.
"Qəlb şairinin"
türk dilində
"nəzmi-nazik" yaratmağın
çətinliyindən gileylənməsinə
toxunan alim, onun, "ərəb-fars örnəyinin və böyük tarixi-ədəbi
təcrübənin nəcib
dərslərindən istifadə
ilə nəhəng istedadı və arasıkəsilməz fədakar
zəhməti sayəsində
Azərbaycan ədəbi
dilinə sığal
verib bahar havası gətirdiyini"
söyləyir.
S.Əliyev həmişə
yeni və dərin fikrin ideal bədii formada ifadəsini təbliğ edən, ömrü boyu fikir və üslub
sahəsində "tərzi-mücəddidə"
(novatorluq) tərəfdarı
olan Füzulinin öz ədəbi təcrübəsində bu
nəzəri mövqeyinə
tamamilə sadiq qaldığını qeyd
edir. Sübut üçün dahi şairin orta yüzillərin üç
böyük dilində
bədii ədəbiyyatın
nəzm və nəsr sahələrindəki
bütün ədəbi
şəkilləri, lirika
formalarını, vəzn
növlərini işlətdiyini,
nadir məharət göstərib ərəb
əlifbasının 33 hərfindən
31-ni qafiyə məqamında
işə qoşduğunu,
elmi və fəlsəfi əsərlər
yazdığını, özünün
dediyi kimi, "həzarpişə bir kargər" (universal usta) olaraq tanındığını
qeyd edir. Eyni zamanda onun
təkcə Azərbaycan-türk
divanında əruz vəzninin 10 bəhrini və bunların da 24 növünü və ya 100-dən çox variantını işlətdiyini diqqətə
çatdırır.
Füzulişünas alim "istər bədii yaradıcılığında,
istərsə də nəzəri baxışlarında
sənətin bütün
növlərinə qeyri-adi
bir bələdlik və məhəbbət müşahidə olunan"
Füzulinin musiqiyə
hədsiz bir rəğbət və aşinalılıq göstərməsinə
ayrıca önəm verir. Öz sözləriylə desək,
meysiz-məzəsiz, mahnısız-musiqisiz
keçən günləri
Füzuli ömürdən
saymır, bəzi
"siyasətçi dindarların
ifrat kədər fasiləsinə çevirdikləri
Ramazan ayının şairi qeyri-adi təlaş və sıxıntıya saldığını"
vurğulayır və
orucluq ayı ilə bağlı 2 qəzəlindən bəzi
örnəklər verir.
Bütün bunlardan sonra, doğrudan da, "türkcə, farsca və ərəbcə yazdığı
mənzum əsərlərdə
əruzun 30-dan çox
cazibədar ölçüsünü
işlədən, şeirləri
əsil nəğmə
təsiri buraxan, şairliyi ritmlər və havalar dünyasına köklənən,
çalğı alətlərinin
"danışan dili"
haqqında ayrıca poema yazan Füzulidən
musiqiyə daha hansı münasibəti gözləmək olardı?.."
Həmin kitabdakı
ən aktual məqalələrdən biri
"Azərbaycan nəsrinin
orijinal abidəsi"
adlanır. Adından da göründüyü kimi, söhbət S.Əliyevin "milli bədii nəsrimizin orijinal uğurlu bünövrəsi və ilk böyük abidəsi", "Azərbaycan
nəsrinin ilk qaranquşu", "həcmcə
Füzulinin ən böyük əsəri, mənaca isə şah əsərlərinin
heç birindən geri qalmayan qüdrətli
nəsr nümunəsi"
adlandırdığı "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası")dan gedir.
"Hədiqətüs-süəda"nın
tərcümə, yoxsa,
orijinal əsər olması haqqında S.Ə.Şirvani, F.B.Köçərli,
H.Araslı, Ə.Dəmirçizadə,
F.Qasımzadə, Ə.Səfərli,
Ə.Məmmədov, B.Nəbiyev,
M.Cumbur, M.Sultanov, Ə.Cəfər, H.Əfəndiyev
kimi müxtəlif tədqiqatçıların müxtəlif
fikirlərini diqqətlə
incələyən alim
onu tərcümə saymağı "elmi həqiqəti kölgələmək,
Füzuli irsini paralayıb, ədəbiyyatımızı
da möhtəşəm
bir örnəkdən
məhrum etmək"
kimi dəyərləndirir.
Doğrudan da, "əsərdə 2300 misradan
ibarət 540 (14-ü ərəbcə,
526-sı türkcə) orijinal
şeir parçasının
olması nə deməkdir? Füzuli başqasının əsərinə
öz şeirlərini
niyə əlavə etməli, nəyə görə onları başqa bir şairə bağışlamalıydı?"
suallarına cavab tapmaq çətindir.
"Hədiqətüs-süəda"nın
dili haqqında da sovetlər dönəmindən başlayaraq
ziddiyyətli fikirlər
ortaya çıxmışdır.
Dini-mənqəbəvi məzmun
daşıdığına və ərəb-fars tərkiblərinin sıx-sıx
işləndiyinə görə
əsərin guya dəbdəbəli saray üslubunda, yüksək təbəqələrin anlayacağı
bir dildə qələmə alındığını
deyənlər də olmuşdur. S.Əliyev bu məsələyə də öz etirazını bildirir,
"Hədiqə"nin dilini
"xalis ədəbi
dil örnəyi, kütləvi danışıq
diliylə toxtamış
yazı dilinin qovşağı, rəvan,
sığallı, dəqiq
dil nümunəsi"
kimi səciyyələndirir.
Doğrudan da, sadə xalq kütlələrinin, dindar
çoxluğun oxuyub-dinləməsi,
şairin öz sözlərilə desək,
"təfhimi-əvam" üçün yazılan
bir məqtəl örnəyi necə dəbdəbəli saray dilinə aid edilə bilər?! Sadəcə, Füzulinin həm şeir, həm də nəsr dili sadə və aydın olmaqla yanaşı, həm də qeyri-adi dərəcədə obrazlı,
rəngarəng və
çoxqatlıdır. Buna
görə də müəyyən hazırlığı
olmayan oxucu bu aydın və
adi sözlərin altındakı nazik mətləbi, dərin fikri ayırd etməkdə çətinlik
çəkir. Təsadüfi
deyil ki, bu yerdə S.Əliyev
"söz üzərində
ağlasığmaz hökmranlıq
eləyən şairin
hər misrasında dilə və onun vahidlərinə dahiyanə alim münasibətindən" danışmağı
vacib sayır.
Füzulinin hər
hansı bir sözün müxtəlif
və çoxçalarlı
mənalarından məharətlə
yararlanması, istər
türk, istərsə
də ərəb-fars
sözlərinin ən
uzaq məna çalarlarını belə,
gözdən qaçırmaması
füzulisevər, hazırlıqlı
oxuculara bəllidir. Maraqlıdır ki, o da Füzulini "sözdə mövcud və mümkün olan bütün mənaları işə cəlb etməkdə, unudulan və ya kölgələnən
mənaları oyadıb
işə qoşmaqda
ustad bir sənətkar" kimi xarakterizə edir. S.Əliyevin sarsılmaz inamına görə, Füzuli külli sayda ərəb və fars alınmalarını,
ədəbi dil "birovuzlarını" ustalıqla
tənzim etmiş, onları ana dilimizin qanun-qaydalarına uyuşdurub işlətmiş
və fikirlərinin ifadəsinə maksimum kolorit gətirmişdir. O,
hətta bəzi məqamlarda "Hədiqə"nin
dilinin "anlaşıqlıq
əmsalına", sadəlik
və aydınlıq dərəcəsinə, "dəqiqlik
və sığallıq
faizinə" görə
3-4 əsr sonranın nəsr dilini, məsələn, "Aldanmış
kəvakib"in, yaxud
Seyid Əzimin hekayələrinin dilini ötüb keçdiyini qətiyyətlə söyləyir.
Tanınmış alimin
"Rind və Zahid" əsərindəki
mənzum parçaların
vəzni və şəkillərindən bəhs
edən məqaləsində
həmin əsərin
məşhur türk mətnşünası K.Ə.Kürkçüoğlunun
tərtib etdiyi elmi-tənqidi mətni əsasında klassik nəsr poetikasının bəzi məsələləri
haqqında maraqlı fikirlər sərgiləyir.
Ümumən "bir neçə xırda-para qüsur nəzərə alınmazsa, ən məşhur və mötəbər əlyazmalara
əsaslanan, dürüstlük
cəhətdən yararlı
olub, heç bir şübhə doğurmayan" mətndəki
bütün mənzum
parçaları formal-struktur
baxımından diqqətlə
təhlil edib incələyir. Beləliklə,
nəsri-müsəccənin yeganə şəklinə
qarşı "Rindü
Zahid"də nəzmin
6 şəkli (misra, beyt, dübeyti, rübai, qitə və məsnəvi) və əruzun 11 ölçüsünün işləndiyini
müəyyən edir.
Əsərdəki 140 mənzum
parçada həzəc
bəhrinin 2 növü,
rəməl bəhrinin
4 növü, müzare,
müctəss, xəfif
və səri bəhrlərinin hərəsinin
1 növü və rübai vəzni tətbiq edildiyini göstərir.
Füzulişünaslıq sahəsində danılmaz
xidmətləri olan S.Əliyevin "Füzulinin
Leylisi" (21 "Leyli
və Məcnun"da
bir məsələ) adlı məqaləsi haqqında ayrıca danışmağa dəyər.
Burada, özünün
dediyi kimi, "Leyli və Məcnun"
süjetində ən
maraqlı və həlledici məqamlardan biri - Leyli ilə
İbni Səlamın
zifaf gecəsindəki
görüş səhnəsi
21 eyni məzmunlu məsnəvidə diqqətlə
incələnir. Nizamidən
başlayaraq, Ə.X.Dəhləvi,
Ə.B.Şirazi, Ə.Cami,
XV əsr şairlərindən
A.Hatifi, M.Şirazi, H.Həmdi, Ədirnəli Şahidi, Ə.Nəvai, Ə.Rizvan, XVI yüzil şairləri: Cəlili, H.Təbrizi, Sevdai, S.Cəlalzadə, XVII əsr
fars şairi Həbibi, XVIII əsr türkmən şairi N.Q.Əndəlib, XIX yüzil
Azərbaycan şairi İ.B.Nakam və b., eləcə də Azərbaycan xalq dastanı "Leyli və Məcnun"da Leylinin öz halal ərindən necə qorunması və onunla necə davranması səhnəsi tutuşdurulub
müqayisə edilir. Nizami poemasında Leyli qılınc, qətl və intihar hədəsi, Hatifidə - vurub yıxma və təhqir, Məktəbidə
- itələmə və
hədələmə, Həmdi
və Şahididə
- şillə, qətl
və intihar hədəsi, Nəvaidə
- zəhərli qılınc
və intihar niyyəti, Rizvanda - üsyankarlıq, Cəlilidə
- şillə, Həqiridə
- saymazlıq, Sevdaidə
- yumruq, L.Həmdi və C.Salihdə - şillə, Xəlifədə
- yumruq, Ətai, Həbibi, Əndəlib və Nakamda - bıçaq, intihar və qətl hədəsi, xalqda - möhlət və s. kimi üsullarla özünü qorumaq və Məcnunun vüsalına qovuşmaq yolunu seçir. Onlardan fərqli olaraq, Füzulinin Leylisi öz əsrinin və ictimai mühitinin tipik qadını kimi hərəkət edir, bəkarət və paklığını
qorumaq üçün
hiyləyə əl atmaqdan, yalan danışmaqdan başqa çıxış yolu tapmır. Özü də bu yalan
həm də doğrudur, çünki
"cinn" ilə
"məcnun" sözləri
eyni kökdəndir. Həssas təbiətli alimin haqlı qənaətinə görə,
"heç kəs mövhum qüvvə olan "cinni" ilə "Məcnun" adının eyni kökdən olması və əsərdə eyni mənada işlənməsi fərqinə
varmamışdır. Göründüyü
kimi, "cinni" sözünün məna və mənşəyi, təşkil və törəmələri özlüyündə
məlum olsa da, bu şəkli
müəmmadan ilk dəfə məhz Füzuli istifadə etmişdir". Maraqlıdır
ki, S.Əliyev Füzuli Leylisinin bu "doğru" yalanını adıçəkilən
bütün başqa şairlərin Leylilərinin
qeyri-real və inandırıcı olmayan
hərəkətlərindən üstün tutur və bunu Füzulinin
sənətkarlıq qüdrəti
və səriştəsi
ilə bağlı izah edir.
Füzuli yaradıcılığı
və şəxsiyyətinə
dərin hörmət
və sevgiylə yanaşan S.Əliyevin haqqında danışdığımız
kitabında "Füzulinin
üç dünyası"
adlı kiçik, ancaq çox dəyərli bir məqaləsi də vardır. Burada o, Füzulinin dünyanı üç ölçüdə
dərk və təsdiq etdiyini göstərir: bütün
bəşəriyyət, islam
aləmi və türk dünyası. Bir sözlə, "Füzuli filosof kimi ən çox
dünyaçı, şəxsiyyət
kimi ən çox islamçı, şair kimi isə ən çox türkçüdür".
Eyni zamanda Füzulinin nə Xəyyam kimi "kəmetiqad", nə Firdovsi kimi şovinist,
nə Xətai kimi mütəəssib, nə də başqaları kimi kosmopolit olduğunu, əksinə, ümumən
bəşərə məxsus
işıqlı və
ağlabatan nə varsa, hamısına rəğbət bəslədiyini
diqqətə çatdırır.
"Füzulinin bir
sözü" adlı
kiçik bir məqaləsində isə
şairin məşhur
"Söz" rədifli
qəzəlinin üçüncü
beytindəki bir sözə, daha doğrusu, bir şəkilçiyə (-ca
şəkilçisi) etirazını
bildirir. Əlyazma və çap mətnlərinin çoxunda
aşağıdakı kimi
gördüyümüz
Ver sözə
ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar
söz
- beytindəki
məna və məzmun çatışmazlığına
diqqət çəkən
S.Əliyev yalnız
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunda
saxlanan M-205-11217 şifrəli
qədim bir əlyazma nüsxəsində
"tutduqca" sözünün
yerində "tutduqda"
kəlməsi olduğunu
bildirir. Hər iki variantı tutuşdurub müqayisə
edən alim məhz ikinci sözün mətnə
"daha rəvan girdiyini" və şairin fikrini "dəqiq və yayınmasız ifadə etdiyini" sübut edir.
"Füzuli mətnində
yabançı notlar"
adlı məqaləsində
isə Türkiyə və Azərbaycanda nəşr olunmuş Füzuli divanında səhvən getmiş bəzi misra və beytlərə diqqəti çəkir, onların gələcək
nəşrlərdə mütləq
düzəldilməsinin vacibliyini
qeyd edir. "Rişteyi-canım yetər,
et bir gireh"
misrasındakı son iki sözün yanlış oxunduğunu,
"pürgireh" ifadəsinin
doğru variant olduğunu isbatlayır. Füzuli mətnlərinə
yol tapmış bu kimi yad-özgə
söz-ifadələrin həssas
mətnşünası uzaqdan
çağırdığını deyən S.Əliyevə görə: "Füzuli
şeir vahidi həndəsi teorem kimidir, - artıq söz götürmür,
qızıl kimidir, - aşınıb itirmir, insan gözəlliyi kimidir, - əyər-əysiyi
yoxdur əndamında.
Füzuli öz sözündən başlayır.
Bu sözün qalıqsız-əlavəsiz ədəbi
mətnini ortaya qoymaq elmi vəzifələrimizdən
birincisidir".
Onun 1987-ci ildə
"Hədiqətüs-süəda"nın
ilk elmi-tənqidi nəşrini həyata keçirən İstanbul
Universitetinin professoru Şeyma Güngörə
açıq məktub
şəklində yazdığı"
Zəkulla BAYRAMLI
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S.34-35.