Yollar getdi... hələ ki üzü Moskvaya
Unutmağa kimsə
var... (Əvvəli ötən
saylarımızda)
Nə zamansa belə yazmışdım:
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən
çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə
yox...
Sonra, illər ötdükcə yollar çox yerə gedəcəkdi... Hələ
ki bu yollar Moskvaya - nəhəng və bu nəhəngliyindən
həm qürurlanan, həm də əzab çəkən bir ölkənin paytaxtına aparırdı.
O dövrün Moskvası
təzadlar şəhəri
idi. Həm xeyirxah və sadədil rus insanı, həm də zalım və ədalətsiz rus çinovniki - bunlar bir-birinin yanında oturmuşdular...
Bunların özünün
də bir-birindən zəhləsi gedirdi.
...Başqa bir şəhərdə - evdəkilərdən,
yaxınlardan, qohumlardan
uzaq bir şəraitdə yaşamaq
həm asandır, həm də çətin. Asandır ona görə ki, sən mütləq azadlıq axarına düşürsən. Çətindir
ona görə ki, sən yenə də mütləq azadlıq axarındasan.
Zaman belə yerlərdə
saat əqrəblərindən,
ya daha tez,
ya da daha gec hərəkət edir.
Moskva, Dmitriy
Ulyanov-5 ünvanı həm
Azərbaycanda, həm
də o zamankı başqa sovet respublikalarında ziyalılar
arasında yaxşı
tanınır. SSRİ Elmlər
Akademiyasının Aspirantlar
evi məhz burada yerləşir. Bu aspirantlar evində böyük ölkənin
hər bucağından
gəlmiş gənc alimlər yaşayırdı.
Bu nəhəng binanın
Dmitriy Ulyanova baxan tərəfi və bir də Dmitriy Ulyanovu kəsən Vavilov küçəsinə baxan
tərəfi var idi. Bizim binanın üzbəüzündə, Vavilov küçəsində "Akademkniqa"
kitab evi yerləşirdi. Və bizim binanın mən tanıyan aspirantları ən azı həftədə bir dəfə ora girib kitablar
üzərində ümumi
"reviziya" aparmasa
idi, özünü narahat hiss edərdi. Vavilov
küçəsi ilə
sağa-sola şütüyən
tramvaylar bizi "Universitetskaya" metro stansiyasına
- Moskva Dövlət Universitetinə
tərəf və üzü aşağı
- şəhərin mərkəzinə
tərəf aparırdı.
Qərəz, Aspirantlar
evi kifayət qədər haylı-küylü
bir məkanda yerləşirdi və buna
binanın içindəki
hay-küyü də əlavə eləsək,
biz, demək olar ki, həmişə "hadisələrin
tam ortasında" özümüzü
hiss edirdik.
Bu yarıotel, yarıyataqxana
təsəvvürü bağışlayan
binanın ən hörmətli "rəhbəri"
Dusya xala adında qoca bir qadın idi. Kim idi Dusya
xala? O, sadəcə, binanın qapıçısı
idi. Kifayət qədər gombul, kifayət qədərdən
artıq dərəcədə
sərt, yataqxanaya daxilolma proseduruna çox böyük bir ciddiyyətlə diqqət və riayət
edən bu "xanım"la hamı dostluq eləməyə çalışırdı və
heç kim bu "şərəfli"
dostluğa nail olmurdu.
Dusya xalanın
xüsusi hörmət
yiyəsi olmasının
əsl səbəbkarı
oğlanlar idi. Oğlanlar Dusya xalaya xüsusi
ehtiramla yanaşırdılar.
Səbəb isə məlum idi. Bunun yeganə səbəbi o idi ki, oğlanlar öz moskvalı rəfiqələrini yaşadıqları
otağa dəvət edəndə onların qarşısını Ərəbzəngi
kimi kəsən məhz Dusya xala olurdu. Pasport
tələbi, ərizə
yazılması kimi prosedurlar zəhlətökən,
qanqaraldan məqamlara gətirib çıxarırdı.
Amma Dusya xala da bu dünyanın adamı idi və onun da belə çətinliklərdən
çıxma üsulları
var idi. Danışırdılar
ki, qonaq gəlməzdən
iki-üç saat əvvəl ona yaxınlaşıb, stolunun
üstündəki 5 qəpiklik
açıqcalar olardı,
1 manat verib bu açıqcadan alırsan
və pulun qalığını Dusya
xalaya buraxırsan. Qonaq da gələndə Dusya xala gözlərini
o biri tərəfə
zilləyib özünü
görməzliyə vurur.
Qonaq sahibi bu minvalla özünü
xoşbəxt hiss edirdi.
Qonaq gələn qızı içəri,
otağa aparmaq uğrundakı yorucu prosedurlar da unudulurdu.
Ricət. Moskva, nə
Moskva! Qəflətən qəfəsi
açsınlar və
sən azadlığa
çıxasan və
birdən-birə ilk baxışda
kommunizmin tüğyan
elədiyi bir şəhərə düşəsən,
bunun aqibətini, yəqin ki, bu dönəmi yaşayanlar yaxşı bilir. Amma bir məsələ də var idi ki, biz bu "ilk baxış"dan
daha dərinə gedə və görə bilmirdik. Bizim azadlığımız
vaxtımızı istədiyimiz
kimi keçirməkdə
və "evə niyə gec gəldin?"
kimi suallardan uzaq olmaqda idi.
Bizim azadlığımız küçədə, kitabxanada, kafedə, metroda xoşumuza gələn qızlarla rahat tanış olmaqda, istədiyimiz yerə maneəsiz getməkdə idi. Bir dəfə dostlarla - Aydınla, İftixarla, axşamdan xeyli keçmiş yataqxanaya qayıtdıqda
girəcəkdə, Dusya
xalanın yanında üç-dörd nəfərin
dayanıb aspirantlarla söhbət elədiklərini
gördük. Sual-cavab
edirdilər. Onlar bizə də eyni sualı verdilər:
- Uşaqlar,
kinoya çəkilmək
istərdiniz?
- Necə
yəni? - Biz suala sualla cavab verdik.
- Sabah saat 10-da "Mosfilm"ə
gəlin. İndi isə
ad və familiyanızı deyin ki,
biz sizə sabah girişdə içəri
girmək üçün
buraxılış vərəqələri
qoyaq. N-li pavilyona gələrsiniz.
Getdik. Amma film çəkilən
o pavilyona deyil, bütün digər pavilyonlara getdik. Yanımızdan sanki həmkar kimi keçən Vitsinlə, Kramorovla tanış olduq. Heç yerdə görmədiyimiz
sayda qəşəng
qızlar gördük.
Bakıda belə azadlığımız yox
idi. Ricətin sonu.
Bir qədər əvvələ
qayıdım: Mən
Universitetdə 5 illik təhsilimi bitirdikdən sonra filologiya fakültəsinin "Türkologiya"
kafedrası tərəfindən
Moskvaya SSRİ EA-nın
Dilçilik İnstitutuna
məqsədli aspiranturaya
yönləndirildim. Kafedranın
müdiri tanınmış
türkoloq alim, professor Fərhad
Zeynalov idi. O mənə məqsədli
aspiranturanın iddiaçı
üçün hansı
gözləntilərdən ibarət olmasını başa salmışdı. Üç il ərzində mən dissertasiya yazıb müdafiə etməli, sonra da Fərhad müəllimin kafedrasına
qayıdıb burada müəllim kimi çalışmalı idim.
"Məqsədli" sözü
məni belə bir rejimə salırdı. Niyazi də
eyni şəkildə
fəlsəfə kafedrasından
Moskva Dövlət Universitetinə
yönəlmişdi.
Moskvada Dilçilik
İnstitutunda məni
o vaxtkı Leninqrada göndərdilər. Leninqradda
SSRİ EA Dilçilik İnstitutunun
filialı var idi. Mənim təyinatım o filiala verilmişdi. Rəhbərim də dövrünün məşhur türkoloqu Şerbak olacaqdı.
Şerbakı qiyabi olaraq tanıyırdım.
Həm Ağamusa müəllim, həm Musa müəllim, həm də Fərhad müəllim onun haqqında yüksək sözlərlə danışırdı.
Şerbakla görüşümüz
Neva sahilindəki Dilçilik
İnstitutunun filialında
baş verdi. Onunla çox səmimi söhbətimiz oldu. "Kitabi-dədə
Qorqud" dilində təkrarlarla məşğul
olduğumu bilib mənə dastanın sintaktik quruluşunun təkrarı ilə məşğul olmamı
uyğun bildi.
Amma bu böyük alimlə birgə işləmək qismət
olmadı. Mənim aspirantlıq həyatımı
yenidən Moskvaya qaytardılar.
Moskvada Dilçilik
İnstitutunda, nəhayət
ki, mənim aspirant kimi
əmrimi verdilər. Buradakı Türk dilləri
şöbəsinin aspirantı
oldum. Rəhbərim də qətiləşdi - Moskvada
yaşayıb boya-başa
çatan azərbaycanlı
alim, dünya şöhrətli
türkoloq, ixtisasından
asılı olmayaraq bütün dilçi alimlər arasında xüsusi hörməti olan bir xanım. Onunla elə ilk görüşümüz zamanı
mövzumuzu müəyyənləşdirdik. Yenə də "Dədə Qorqud" dastanı, yenə də təkrarlar sistemi. Bu aspekt rəhbərimin də elmi marağına
uyğun idi və biz "Kitabi-dədə
Qorqud"da sintaktik paralelizm" adının
üzərində dayandıq.
Mənim elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva sovet dönəmindəki türkologiyanın avtoritetli,
qiymətli nümayəndələrindən
biri idi. O həm də Dilçilik İnstitutunun
partiya komitəsinin katibi idi. Atası
azərbaycanlı idi.
Əslən Ordubaddan imiş. Ninel Zeynalovna uşaqkən atasını repressiya qurbanı kimi həbslərdə çürütmüşdülər.
Ninel Zeynalovnanın
anası moskvalı yəhudi bir qadın idi. Ninel Zeynalovna daha çox anası tərəfə bağlı bir adam idi. Ata qohumları
ilə əlaqəsi çox zəif, hətta mən deyərdim, yox dərəcəsində idi.
Və indi mən illərin bu tərəfindən onu yada salarkən, onu dərin hörmət və məhəbbətlə anarkən
başa düşürəm
ki, bu qadın ata vətəninə olan sevgisini bizə - özünün
azərbaycanlı aspirantlarına,
dissertantlarına göstərdiyi
qayğı ilə ifadə edirmiş. Məndən əvvəl
o, görkəmli Azərbaycan
dilçisi mərhum Aydın Ələkbərlinin
elmi rəhbəri olmuşdu. Məndən daha əvvəl görkəmli dilçi və ədəbiyyatşünas
rəhmətlik Aydın
Məmmədovun məsləhətçisi,
məndən sonra isə yenə də məşhur dilçi rəhmətlik Mehman Musaoğlunun elmi rəhbəri olmuşdu. Hələ mən Azərbaycandan onun yanına gələn onlarla dissertant barədə danışmıram, ondan elmi məsləhət, yaxud opponent rəyi alan onlarla, yüzlərlə
adam barədə demirəm. Ninel Zeynalovna öz ürək genişliyindən
gələn nəvazişi,
şəfqəti heç
kimdən əsirgəmirdi.
O hamını
bir-birilə dost kimi görmək istəyirdi.
Bunun üçün əlindən
gələni etməyə
hazır idi. Mən dəfələrlə
şahidi olmuşdum
ki, o zamankı Dilçilik
İnstitutunda digər
şöbələrdə baş verən qalmaqallı hadisələri
fitrətən özünəxas
müdrikliklə yatırda
bilirdi. Onun həyat yoldaşı görkəmli sovet dilçisi Boris Aleksandroviç
Serebrennikov idi. O, SSRİ EA-nın
müxbir üzvü idi. O zaman Dilçilik İnstitutunda bir, ya iki nəfər
müxbir üzv var idi və onlardan
biri - Viktoriya Nikolayevna Yarseva
institutun direktoru idi. Bu adamlar, həqiqətən, nəhəng
alimlər idilər. Yarseva Ninel Zeynalovnanın
yaxın rəfiqəsi
idi. Sonralar, mən artıq Bakıya dönəndən
sonra onlar ikisi bir yerdə
Bakıya da gələcəkdilər...
Ninel Zeynalovna
ilə Boris Aleksandroviç
bizim Aspirantlar evinə yaxın yerdə yaşayırdılar.
Tez-tez məni evlərinə dəvət
edirdilər. Onların
evində çay süfrəsi arxasında etdiyimiz
maraqlı söhbətləri
mən, yəqin ki, heç zaman unutmayacağam.
Nə üçün
mənə belə isnişmişdilər - bilmirəm.
Bəlkə onlara Bakıdan, o zamankı türkoloji mərkəzlərdən
birinə çevrilməkdə
olan Dilçilik İnstitutundan təzə
xəbərlər maraqlı
idi?! Mənə də bu xəbərlər
dostlar vasitəsilə
çatırdı. Amma nə
bilim, bəlkə də onlar, sadəcə olaraq, darıxırdılar. Övladsız,
yaxın qohumlarsız
yaşayan bu iki yaşlı adamın bir evin içində bir-birilə ünsiyyəti
ancaq elmi istiqamətdə ola bilərdi
və bu da davamlı ola bilməzdi. Mən indi düşünürəm
ki, onlar, sadəcə,
darıxırdılar. Mənə
münasibətləri həm
də bununla bağlı idi. Onlar məni bu yad və uzaq şəhərdə bu şəkildə qorumağa çalışırdılar.
SSRİ Dilçilik İnstitutunun
türkologiya şöbəsi
o illər - mən indi 1970-ci illərin ortasını nəzərdə
tuturam - bir ailə kimi idi. Burda kimlər
çalışmırdı?! Şöbənin müdiri
görkəmli türkoloq
alim, türk dillərinin
tarixinin və müasir durumunun dərin bilicisi Ədhəm Rəhimoviç
Tenişev idi. Burda görkəmli olmayan yox idi.
Xüsusilə, Nikolay Baskakovun
adını çəkmək
istəyirəm. Nikolay Aleksandroviç
Baskakov türkoloji dilçiliyin azmanlarından
biri idi. O zamanlar onun "Türk mənşəli rus familiyaları" kitabı çox dəbdə olan bir kitab idi və
bu kitabı, eləcə də türkolojiyə dair yazdığı, bəlkə
də yüzlərlə
nəzəri və praktik əsərləri onu bütün dünya türkoloqları
arasında məşhur
bir dilçiyə çevirmişdi. Yadıma
nə düşür?!
O zaman SSRİ-nin görkəmli
elm adamları haqqında
balaca broşürlər
çap olunurdu. Belə bir kitab Başqırdıstanda Baskakov
haqda da çap olunmuşdu. Bu, bir seriya idi. Seriyanın
adı azərbaycanca
"Ölkəmizin görkəmli
adamları" kimi səslənirdi. Başqırdıstanda
çıxan kitabın
seriyası isə belə səslənirdi:
"Ölkəmizin əjayıp
adamları". "Əjayıp"
sözü başqırd
dilində "görkəmli"
deməkdir. Baskakovun özü ilə bu dil uyğunluğunu
müzakirə edib xeyli gülmüş idik. Nikolay Aleksandroviç
Baskakov böyük
alim olmaqla yanaşı,
həm də çox sadə və incə qəlbli bir adam idi. Heç
yadımdan çıxmaz.
Mən ikinci dəfə uzun müddətə Moskvaya artıq doktorluq üzərində çalışmağa
getdiyimdə həyat yoldaşı ilə bir yerdə ciddi-cəhdlə mənim
yaşamağım üçün
münasib ev axtarırdı. Bunu ondan mən xahiş etmişdim və onun mənə
verdiyi ünvanlara o zaman mən az getmədim.
Başqa bir
"əjayıp" dilçi,
əlbəttə ki, Kenesbay
Musayev idi. Qazax xalqının bu ləyaqətli oğlu ilk baxışda bir qədər quru təsir bağışlasa da, daxilən
son dərəcə həssas
və qayğıkeş
insan idi. Lyudmila
Aleksandrovna Pokrovskayanı yaxşı
xatırlayıram. Qaqauz
dilinin bu tanınmış tədqiqatçısı
o zaman təzəcə Leninqraddan
Moskvaya köçmüşdü.
Mehriban və həlim
bir qadın idi. Fyodor Aşnin - bu son dərəcə sadə, təvazökar adam öz çiyinlərində
türkologiyanın ən
ağır yükünü
daşıyırmış. O, çox məşhur olan "Repressiya olmuş türkologiya"
kitabının müəlliflərindən
biri idi. Nəhayət, bir "əjayıp" dilçinin
də adını çəkməyə bilmirəm.
Bu Ervand Vladimiroviç
Sevortyan idi. Azərbaycan
dilinin söz yaradıcılığına və
sözdəyişməsinə dair yazdığı məşhur əsərlərlə
yanaşı, E.Sevortyan "Türk
dillərinin etimoloji lüğəti" adlı
fundamental əsəri ilə
ad qazanmışdı.
Mən şöbədə
görəcəyim fəaliyyət
proqramı barədə
(1-ci kurs aspirantı olaraq) məlumat verərkən mənim hansı dildən namizədlik minimumu verməm məsələsi
müzakirə olunurdu.
Mən, əlbəttə
ki, istəyirdim ki, bu dil, bildiyim və
qəbul imtahanı verdiyim fars dili
olsun. Şöbənin
müdiri Tenişev, Ninel Zeynalovna, məncə, başqaları
da məni dəstəkləyəcəkdi,
amma Sevortyan söz alıb
mənim mövzum barədə bir-iki söz deyəndən sonra təklif etdi ki, mən hökmən gərək bir türkoloqa vacib olan alman dilindən imtahan verim. Mən az qala, indiki
lafla desək, "şok"a düşdüm.
Alman dili ilə bağlı heç zaman dərs almamışdım.
Məktəbdə - fars
dili, Universitetdə - fars dili, aspiranturaya
qəbul zamanı - fars dili... Minimum imtahanını isə mən aspiranturanın 3-cü kursunadək
verməli idim. Bunun üçün alman dili kurslarına
getməli idim. Mən iki ilə
nə edəcəkdim?
Sevortyana əməlli-başlı
nifrət edirdim.
İki il zülm çəkə-çəkə
alman dili öyrəndim. Akademiyadakı
aspirantlar üçün
yataqxananın yaxınlığında
yerləşən axşam
kurslarına gedirdim. Və hər şey yaxşı nəticələndi. Yenə
Niyazi dadıma çatmışdı. O məni
Moskva Universitetində
oxuyan bir alman qızı ilə tanış elədi. Almaniya demokratik respublikasından olan bu alman
rəfiqəmlə yavaş-yavaş
almanca danışmağa
başladım. Düzdür,
minimumu verəndən
sonra alman dili çalışmaları
bir kənara atıldı. Amma indi düşünürəm
ki, alman və ingilis dillərini bilməkdə
deyil, hiss etməyimdə bu iki il alman
oxularımın mənə
böyük köməyi
oldu.
...Türk dilləri
şöbəsi ilə
bağlı bir məsələni isə xüsusi qeyd etmək istəyirəm. Bu gün mən
bir sıra müəllim həmkarlarımın
tələbələrdən imtahan götürmələri
metoduna haqq qazandıra bilmirəm. Mənim aləmimdə imtahan götürdüyün
tələbəyə həmkarın
kimi baxmalısan. Onu bildiyini unutmağa
sövq etməməlisən.
Qatmaqarışıq suallarla
onu çaşdırmağa
can atmamalısan. Tələbə ilə biletdəki suallara dair fikir mübadiləsi
aparmalısan. Mən öz imtahanlarımı həmişə bu cür aparmışam. Xarici dillər İnstitutunda kafedra müdiri, indi də rektor işlədiyim zaman da, Bakı Slavyan
Universitetində rektor
olduğum zaman da tələbələr məni bu cür
imtahan götürən
müəllim kimi xatırlayırlar. Başqa
cür xatırlaya bilməzlər. Və mən müəllim həmkarlarıma da imtahanı bu cür aparmağı tövsiyə etmişəm.
Görmüşəm, ya
da hiss etmişəm
ki, bu onların
xoşuna gəlmir. Əlbəttə, hər müəllimin öz təməl prinsipləri var. Heç kimi "sən imtahanı elə götürmə, belə
götür" deyə
məcbur edə bilməzsən. "Bəs
məndə bu tərz hardan yaranıb?" sualına cavabı, çox güman, hörmətli oxucu özü üçün aydınlaşdırdı.
Mən bunu Ədhəm Tenişevdən,
Ninel xanım Zeynalovnadan, Nikolay Baskakovdan öyrənmişəm.
Onlar məndən, digər aspirant yoldaşlarımdan imtahanı
məhz bu cür götürürdülər.
Bu görkəmlilər
sanki bizimlə bir yerdə biletdəki hansısa məsələni müzakirə
edirdilər. "Sizin,
Kamal Mextiyeviç, türkmən və yakut dillərindəki ilkin uzanmanın əsasları barədə
fikriniz nədir?" Kamal Mextiyeviç də türkmən və yakut dillərindəki
ilkin uzanmanın sonrakı uzanmadan fərqi barədə, bunların mahiyyəti barədə həvəslə
danışırdı. Bəzən
mübahisəli məqam
da olurdu. Mənim dediyimlə razılaşmırdılar, yaxud
mən etiraz edirdim. Maraqlı diskussiya yaranırdı. Elə bilirəm ki, müəllimlərim bu cür fikir
mübadiləsindən razı
qalırdılar. Aldığım
qiymətlər buna sübutdur. Türk dilləri şöbəsində
demokratik münasibətlər
özünü bu cür göstərirdi.
Məndən imtahanı
belə götürüblər
və buna görə də mənim bu gün
başqa cür imtahan götürməyə
mənəvi haqqım
yoxdur. Haqqım olsaydı, mən tələbəni susdurmağın,
hətta ən yaxşı tələbənin
belə gözünü
maddım-maddım döyməsinə
gətirən sualı
yaxşı bilirəm,
amma o sualı bir dəfə də olsun imtahan
zamanı tələbəyə
verməmişəm. O sual budur: "Bileti bir kənara qoy. Nə bilirsən,
onu danış". İnanın, bu sualın cavabı yoxdur.
(Davamı var)
Kamal ABDULLA
Ədəbiyyat qəzeti.- 2025.- 30 may
(№19).- S.4-5.