Tanıyaq: Behbudovlar nəsli Ənvər
Məcid oğlu Behbudov
Həmin dövrdə Rostov
teatrının, onun bədii rəhbəri və baş
rejissoru Ənvər Behbudovun adı, sorağı bütün
ölkə teatrsevərləri arasında böyük
populyarlıq qazanmışdı. Teatr 100 illik tarixində ən
uğurlu, ən şərəfli dövrünü
yaşayırdı. Aydın məsələdir ki, qısa
zamanda belə böyük nailiyyətlərə imza atmaq bəzilərini
qıcıqlandırmaya bilməzdi. Rostov vilayət rəhbərliyinin
ideologiya şöbəsində, teatrda illərlə baş
girləməyi özünə peşə seçənlər
arasında Ənvər Behbudovun ildırım kimi çaxan
ardıcıl uğurlarından narahat olanlar da az deyildi.
Şübhə yoxdur ki, istedad, uğur və paxıllıq
qoşa əkizlər kimi bir-birinə bağlı olan hisslərdir.
Bu hər zaman belə
olub, belədir və bundan sonra da belə olacaq. Kimsə buna
tab gətirib qalib olur, kim isə paxıllıq girdabına
düşüb məhv olur.
İstedadın ən
böyük müdafiəçisi cəsarət, əzmkarlıq
və mübarizədir. Ənvər Behbudov 1959-cu ildə M.
Qorki adına Rostov Dram Teatrına bədii rəhbər və
baş rejissor təyin olunanda teatrın heç babat binası
da yox idi. Köhnə, qəza vəziyyətində olan teatr
binasında normal iş rejimi belə yox idi. Neçə il əvvəl
teatrın yeni binasının tikintisinə
başlanılmışdı. Lakin heç cür tikilib
başa çatdırılmırdı. Ənvər Behbudov
ildən-ilə artan nüfuzundan, hörmətindən istifadə
edərək, Rostov vilayət rəhbərliyindən
binanın tikintisinin yekunlaşdırılmasını
xahiş edir. Rəhbərlik qarşısında kollektiv
adından öhdəlik götürür ki, teatr yeni binaya
köçərsə, daha böyük uğurlar qazanmaq
üçün əzmlə çalışacaqlar.
1963-cü ildə
teatr Rostov şəhərinin mərkəzində, teatr
meydanındakı yeni tikilib istifadəyə verilmiş binaya
köçür. Ənvər Behbudov ilk dəfə olaraq
Rostov Bədii Texnikumunun bütün kursunu işə qəbul
edir. Bu haqda teatrşünas N.Perminova məqaləsində
yazır: "...Behbudov ilk dəfə olaraq Rostov Bədii
Texnikumunun bütün kursunu işə qəbul edir. 12 məzun
nəinki truppaya əlavə olundu, keçmişdə
deyildiyi kimi, onların hər birinə debüt imkanı
yaradıldı. Hər bir məzun müxtəlif
tamaşalarda baş rolda çıxış etdilər (belə
bir hadisə bir daha təkrar olunmadı). Həmin ildə
Rostovda ilk dəfə olaraq gənclərin
yaradıcılıq müsabiqəsi keçirildi..."
Ənvər
Behbudov rejissorluqla yanaşı, Kazanda olduğu kimi, Rostovda da
teatrın nəzdində studiya yaradır və paralel olaraq
pedaqoji fəaliyyətini davam etdirir. Bütün bu uğurlar,
yeniliklər, xüsusilə də truppaya gənclərin cəlb
olunması, onlara istedadlarını inkişaf etdirmək
üçün şəraitin yaradılması kollektivdəki
yaşlı artistlərin bəzilərində ciddi
qıcıq yaradırdı, intriqalara meydan
açırdı. İstənilən teatrın ayrılmaz
hissəsi olan intriqalar haqqında bir qədər sonra məlumat
verərəm. Hələ ki, Rostov teatrının
ağlasığmaz uğurlarına nəzər salaq.
1964-cü ildə
Ənvər Behbudov gənc dramaturq Edvard Radzinskinin "Məhəbbət
haqqında 104 səhifə" əsərini səhnəyə
qoyur. Bu əsərin olduqca maraqlı səhnə tarixi var.
1960-cı illərdə SSRİ-də siyasi ab-havanın
mülayimləşməsi nəticəsində xeyli sayda cəsarətli,
zamanın tələbinə uyğun bədii əsərlər
yaranmağa başladı. E.Radzınski də həmin
dövrün istedadlı gənclərindən biri kimi, "Məhəbbət
haqqında 104 səhifə" pyesini yazır. Moskvada məşhur
"Lenkom" teatrında tanınmış rejissor A.Efros əsəri
səhnəyə hazırlayır. Teatrın rəhbərliyi əsərin
səhnələşdirilməsinə razılıq vermək
istəməsə də, dünyaca məşhur A.Efros öz
nüfuzundan istifadə edərək tamaşaya
hazırlıqları davam etdirir. Teatr rəhbərliyi SSRİ
Mədəniyyət naziri Yekaterina Furtsevanı ilkin
baxışa dəvət edir və ümid edirlər ki, nazir
tamaşanın nümayişinə icazə verməyəcək.
Lakin Y.Furtseva əsəri çox bəyənir və
tamaşanın repertuara salınmasına icazə verir.
Tamaşa böyük uğur qazanır.
Leninqrad
Böyük Dram Teatrı da elə həmin ildə pyesi
tamaşaya qoyur. Əsərə məşhur rejissor
Q.Tovstonoqov quruluş verir. Eyni ildə, demək olar ki, eyni
vaxtda Ənvər Behbudov da "Məhəbbət haqqında
104 səhifə" pyesini Rostov teatrında hazırlayır.
Ölkənin ən məşhur rejissorlarının Moskvada və
Leninqradda, ən qabaqcıl teatrlarda bu əsəri səhnəyə
qoyması Ənvər Behbudovu heç də çəkindirmir.
Əksinə, öz istedadına, bacarığına inanaraq
dövrünün məşhur rejissorları ilə
yaradıcı rəqabətə girməkdən çəkinmir.
Maraqlıdır ki, Q.Tovstonoqov, A.Efros və Ə. Behbudov - hər
üçü görkəmli rejissor və pedaqoq A.Popovun tələbələri
idi. Hər üç sənətkar eyni məktəbin yetirmələri
olmuşdu. Moskvada, Leninqradda olduğu kimi, Rostovda da "Məhəbbət
haqqında 104 səhifə" tamaşası böyük
uğurla nümayiş olunur və
tamaşaçıların rəğbətini qazanır.
1965-ci ildə
Rostov teatrı növbəti dəfə Moskvaya qastrola dəvət
olunur. Teatrşünas N.Perminova yazır: "...1965-ci ildə
kollektiv Moskvaya böyük qastrol səfərinə dəvət
alır. Qəzetlərdə 98 rəy öz əksini
tapır. Demək olar ki, hamısı da müsbət rəylər.
Başlıcası isə, paytaxt resenziyaçıları
xüsusi olaraq qeyd etdilər ki, "...rostovlular beş
tamaşa gətiriblər ki, onlardan üçü heç
yerdə oynanılmayıb!" Bu məqam indiyə qədər
çox qiymətlidir..."
1965-ci ildə Ənvər
Behbudov "RSFSR Xalq artisti" fəxri adına layiq
görülür. Yeri gəlmişkən, qeyd edim ki, Ə.Behbudov
bu yüksək ada layiq görülmuş ilk azərbaycanlıdır.
Elə həmin ildə rejissor Moskvaya Mədəniyyət
Nazirliyinə dəvət olunur. Nazirlikdə ona bildirilir ki,
Bolqarıstanda M.Şoloxovun "Oyanmış torpaq"
romanını səhnələşdirmək
üçün ora ezam olunur. Heç şübhəsiz ki,
bu, sənətkara böyük etimadın göstəricisi
idi. Moskvada, Leninqradda çox məşhur teatr rejissorları
fəaliyyət göstərirdi. Buna baxmayaraq, SSRİ Mədəniyyət
Nazirliyi Bolqarıstana yaradıcı ezamiyyətə Ə.Behbudovu
göndərmək qərarına gəlmişdi.
Bolqarıstanın
Q.Kirkorov adına Pleven Dram Teatrında "Oyanmış
torpaq" əsərinin səhnələşdirilməsinin Ənvər
Behbudova həvalə olunması rejissora böyük sevinc və
fərəh hissi bağışladı. O Rostova gəlib səfərə
hazırlığa başladı. Teatrşünas N.Perminova
yazır: "... Ə.Behbudov Rostov dram teatrından xarici
ölkədə işləmiş ilk və (hələ ki)
yeganə rejissordur...".
Bolqarıstanda səfərdə
olduğu müddətdə teatrda baş rejissorun başgicəlləndirici
uğurlarını qəbul edə bilməyənlər hərəkətə
keçirlər. Rostov vilayət partiya komitəsinə
rejissordan şikayətlər göndərilir. Onun uzunmüddətli
xarici səfərdə olmasından istifadə edərək və
vilayət partiya komitəsindəki himayədarlarının dəstəyi
ilə onlar "teatrda qeyri-sağlam atmosfer" olması
haqqında rəy formalaşdırırlar. Guya rejissor bəzi
qadın aktrisalara istedadlarına görə deyil, başqa səbəbdən
xüsusi münasibət göstərir. Əslində bu
ittihamlar həqiqətə uyğun deyildi. Aktyor və dramaturq
V.P.Pokrovski bu hadisələri belə xatırlayır: "...
Çoxları Behbudovu kənardan, Mədəniyyət
Nazirliyinin qərarı ilə təyin olunduğuna və eyni
zamanda ciddi şəxsiyyət olduğuna görə sevmirdilər.
İlk görüşümüzdə mən ondan
soruşdum: "Necə-necə? Adınız və ata
adınız necədir?.." Və zarafat etdim: "İndi gərək
truppanı iki günlük buraxasınız ki,
adınızı və ata adınızı tələffüz
etməyi öyrənsinlər". Bu replikanı baş
rejissor mənə keçmədi. Onun rəhbərliyi
dövründə mən repertuardan kənarlaşdırıldım.
İntriqalar çox idi... Bütün intriqalar əsasən
(adətən olduğu kimi) arxada, gizlində qurulurdu... Daha
ciddi intriqalar rejissor Bolqarıstanda olanda baş verdi. Bu haqda
vilayət partiya komitəsinə siqnallar
ötürüldü və nəticədə vilayət
partiya kömitəsinin iclaslarının biri "Qorki
adına teatrda qeyri-sağlam mühit"ə həsr olundu...
Artist Malçenko baş verənlərin əsas mahiyyətini
belə dəyərləndirdi: "Sadəcə,
paxıllıq etmək lazım deyil. Onda hər şey öz
yerini tutacaq".
Teatrşünas
N.Perminova məqaləsini belə tamamlayır: "Ənvər
Məcid oğlu Behbudov çox məğrur insan idi. O,
özünün və teatrın şöhrətinin pik həddində
inciyərək Rostovdan getdi. Vətənində, Bakıda uzun
müddət Rus Dram Teatrına rəhbərlik etdi".
Göründüyü
kimi, bəzi rostovluların nankorluğu tanınmış sənətkara
çox pis təsir edir. 100 illik tarixində görünməmiş
şöhrətə, şana, uğura
çatdırdığı, öz zəhməti,
istedadı, bacarığı ilə yaratdığı,
formalaşdırdığı kollektivdən belə
nankorluğu qəbul edə bilmədi. Nə qədər
intriqalara etinasız yanaşsa da, belə ədalətsiz, xain
münasibətə biganə qala bilmədi. Qurşaqdan
aşağı vurulan bu zərbəyə cavab verməyi belə
özünə sığışdırmadı.
Ə.Behbudov həmin
iclasdan sonra işdən çıxmaq haqqında ərizəsini
yazıb Rostovdan gedir Moskvaya. Həmin ərəfədə
Moskvada SSRİ Ali Sovetinin növbəti sessiyası
keçirilirdi. Rəşid Behbudov da SSRİ Ali Sovetinin
deputatı kimi sessiyada iştirak edirdi. Ə.Behbudov Moskvaya gələn
kimi qardaşı Rəşidlə əlaqə saxlayır və
elə həmin gün görüşürlər. Rəşid
Behbudovun həyat yoldaşı Ceyran xanım bu hadisəni belə
xatırlayır: "Ənvər işdən çıxmaq
haqqında ərizə yazıb Rostovdan Moskvaya gedir. Moskvaya gələn
kimi Rəşidlə əlaqə saxlayır və onlar
görüşürlər. Ənvər çox pərişan
halda başına gələnləri Rəşidə
danışır. Rəşid bərk qəzəblənir və
deyir ki, səhər mən Rostov vilayət rəhbərliyinə
zəng edib izahat tələb edərəm. Demiçevə də
məlumat verərəm (P.N.Demiçev 1961-1974-cü illər
ərzində Sov. İKP MK Siyasi Büro üzvlüyünə
namizəd, Sov. İKP-nin ideologiya, tarix və mədəniyyət
işləri üzrə katibi, 1974-1986-cı illər SSRİ
Mədəniyyət naziri idi. Rəşid Behbudovla Demiçev
yaxın, səmimi münasibətdə idilər - K.Ş.). Ənvər
qardaşından dönə-dönə xahiş edir ki, bu məsələyə
qarışmasın. O, bildirir ki, mənim qəlbim onlardan
qırılıb. Onlarla nəinki işləmək, onları
bir daha görmək belə istəmirəm. Mən orda daha
işləyə bilmərəm. Ona görə də kiməsə
nəsə deməyə ehtiyac yoxdur.
Rəşid belə
olan halda onun gələcək planları ilə maraqlanır. Ənvər
tez-tez Moskva, Leninqrad teatrlarından dəvət
aldığını bildirir. Bu yaxınlarda isə Moskvada
qastrolda olanda Azərbaycanın yeni Mədəniyyət naziri
Rauf Hacıyevlə görüşdüyünü söyləyir
(Rauf Hacıyev - SSRİ Xalq artisti, bəstəkar, 1965-1971-ci
illərdə Azərbaycanın Mədəniyyət naziri -
K.Ş.). Rauf Hacıyev Kreml sarayında Ənvərin
tamaşasına baxır və tamaşadan sonra birlikdə
şam edirlər. Rauf Hacıyev söhbət əsnasında Ənvərə
Bakıda opera və balet teatrının baş rejissoru
olmağı təklif edir. Ənvər Rostovda bəzi
planlarının olduğunu bildirir. Rəşid elə həmin
axşam Rauf Hacıyevlə əlaqə saxlayır və məsələni
ona danışır. Rauf Hacıyevlə
danışdığını Ənvərə bildirmir.
Qardaşına təklif edir ki, sessiya başa çatsın,
birlikdə gedək Bakıya. Bir müddət dincələrsən,
sonra iş haqqında düşünərsən.
Tezliklə Rəşidlə
Ənvər Bakıya gəldilər. Bir neçə gün
keçəndən sonra Rəşid mənə zəng elədi
ki, axşama yaxşı bir çay dəmlə, Rauf bizə
gələcək. Axşam Rəşid, Ənvər və
Rauf Hacıyev gəldilər bizə. Xeyli söhbət etdilər,
planlar qurdular. Növbəti gün Ənvər opera və
balet teatrının baş rejissoru təyin olundu..."
Ənvər
Behbudov Azərbaycan Dövlət Opera və Balet Teatrında
işə başlayır. Tanınmış rejissor teatrın
repertuarında olan bütün tamaşalara əl gəzdirir,
dekorları yeniləyir, quruluşlarda bəzi dəyişikliklər
və əlavələr edir. Teatrda yeni nəfəs hiss
olunmağa başlayır. O, dram rejissoru olsa da, opera
tamaşalarının quruluşlarında da maraqlı rejissor
həlli tətbiq edir. Ənvər Behbudov Üzeyir bəy
Hacıbəylinin "Koroğlu" operasına yeni
quruluş verir. Bu quruluş opera və balet teatrının səhnəsində
nümayiş olunur. Tanınmış rejissor opera və balet
teatrında nə qədər işlər görsə də,
dram tamaşaları onu özünə daha çox çəlb
edirdi.
1969-cu ildə Ənvər
Behbudov Səməd Vurğun adına Azərbaycan Dövlət
Rus Dram Teatrının baş rejissoru təyin olunur. Rejissor
burada da böyük həvəslə, tükənməz
enerji ilə işə başlayır. Rus dram teatrında
işlədiyi illər Ə.Behbudovun çox məhsuldar
dövrü hesab olunur. O, burada Stravinskinin "Gur saatda",
M.Şatrovun "Altı iyul", İ.Dvoretskinin "Kənar
adam", R.İbrahimbəyovun "Kənar adam", N.Xəzrinin
"Sən yanmasan", A.Vampilovun "Ötən yay
Çelumskidə", "Şəhər kənarında
görüş", A.Gelmanın "Bir iclasın
protokolu", V.Şuksinin "İşgüzar adamlar",
L.Yuxovitskinin "Dayan, bax", İ.Qasımovun
"Ömür elə qısadır ki...", Y.Çebalinin
"Reallaşan arzular" və digər əsərlərə
quruluş verir. Bu tamaşaların hər biri teatrsevərlər
və mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilir. Ənvər Behbudov M.Qorkinin
"Zıkovlar" pyesinə quruluş vermək
üçün Milli Dram Teatrına dəvət olunur və
yüksək peşəkarlıqla əsəri səhnəyə
qoyur.
1969-1978-ci illər
Azərbaycan Dövlət Rus Dram Teatrının baş
rejissoru vəzifəsində çalışan Ənvər
Behbudov bundan əvvəl çalışdığı
teatrlarda olduğu kimi istedadlı aktyorlardan ibarət
maraqlı truppa formalaşdırdı. Klassik və müasir,
yerli və xarici müəlliflərin əsərlərini səhnələşdirərək
rəngarəng repertuarla teatr həyatında canlanmaya öz
töhfəsini verdi. Olduqca prinsipial, ədalətli, inadkar, məqsədinə
nail olmağı bacaran, geniş dünyagörüşünə
və yüksək erudisiyaya malik olan rejissor sənətdə
kompromis anlayışını qəbul etmirdi. Özü
yorulmadan çalışdığı, ən xırda, kimlərəsə
əhəmiyyətsiz görünə biləcək
nüanslara belə, ciddiyyətlə yanaşdığı
üçün, bəzən bütün bunlar kimlərdəsə
narazılıq yaradırdı.
Ə.Behbudov adəti
üzrə belə hallara reaksiya verməz və bütün
bunları mənasız məşğuliyyət hesab edərdi.
Harda işləməsindən asılı olmayaraq,
bütün varlığı ilə özünü işə,
sənətə həsr edərdi. İşində, sənətində
olduqca məsuliyyətli idi. Özünə qarşı da bu
cür münasibət gözləyirdi. Zəhməti, əziyyəti
dəyərləndirilməyəndə isə sakit, səs-küysüz
həmin yerdən uzaqlaşardı. Özünə
qarşı hədsiz tələbkar olduğu
üçün, başqalarından da bunu tələb edirdi.
Özünə hörmət edən, öz dəyərini bilən
və olduqca məğrur insan idi. Özünə, sənətinə
layiqli qiymət, diqqət görməyəndə, o da
bütün sənət adamları kimi ruhən inciyirdi.
Nomenklatur insanlardan xoşu gəlməzdi. Heç vaxt kiminsə
qapısını döyüb özünə diqqət tələb
etməzdi. Kimlərəsə xoş gəlmək
üçün öz prinsiplərinə xəyanət etməzdi.
Sənətdə kimsəyə güzəştə getməzdi.
Azərbaycanda əvvəl opera və balet teatrinda dörd il,
sonra S.Vurğun adına Rus Dram Teatrında doqquz il baş
rejissor kimi çalışsa da, onlarla tamaşaya quruluş
versə də, qapı döymədiyinə, kabinetləri gəzib
heç nə istəmədiyinə görə hər dəfə
mükafatlandırılanların siyahısına
adının salınmasının unudulduğunu görüb
məyus olardı. Bunu heç kimə bildirməsə də,
daxılən əzilirdi. Bütün sənət adamları
kimi, o da gördüyü işlərə qiymət verilməsini
istəyirdi. Çoxlarından fərqi onda idi ki, bu istəyini
heç zaman, heç kimə bildirməzdi...
1978-ci ildə ərizə
yazaraq öz istəyi ilə S.Vurğun adına Rus Dram
Teatrının baş rejissoru vəzifəsindən azad olunur.
Moskvaya gedərək ömrünün sonuna qədər Moskva
Dövlət Mədəniyyət Universitetində pedaqoji fəaliyyətlə
məşğul olur. 18 mart 1993-cü ildə görkəmli
rejissor, pedaqoq, teatr təşkilatçısı, ensiklopedik
biliyə malik olan Ənvər Behbudov 81 yaşında Moskvada vəfat
edir və orada da dəfn olunur.
(Əvvəli
ötən sayımızda)
Kamil
ŞAHVERDİ
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 6; 7.