Zəfərimizin
təməlində dayanan
50 yaşlı "Az i Ya"
Oljas
Süleymenovun "Az i Ya" kitabının 50 illiyi
münasibəti ilə YUNESKO-ya bağlı Beynəlxalq Mədəniyyətlərin
yaxınlaşması Mərkəzinin Almatada keçirilən
VII Beynəlxalq Konfransına -
"Türkoslavistikanın doğuluşu" konfransına dəvət
alarkən qürur və fərəh hissi keçirdim. Almatadakı çıxışıma
da elə bu sözlərlə başladım.
Nə yaxşı ki,
bu kitabın yubileyi İkinci Qarabağ savaşındakı
zəfərimizdən sonraya
təsadüf etdi. Axı Oljasın bu kitabı uzun illər təkcə sovet ideoloqlarının deyil, erməni millətçilərinin
də hədəfində
olub. Balayanın yazdığı "Ocaq"
kitabı da Oljasın
kitabının yaratdığı
bu qəzəb dalğasında hasilə gəlib. Almatıdakı konfransda Azərbaycan dilində etdiyim qısa çıxışımda
xüsusi vurğuladım
ki, biz Qarabağ savaşından
qalib çıxmış
bir kitabın yubileyini qeyd edirik. Oljasın "Az i Ya"sını aziyasentrizmdə, Asiyamərkəzçilikdə,
panislamçılıqda, türkçülükdə
ittiham edən Zori Balayanın bədnam "Ocaq" kitabının fitnəsi ilə son otuz ildə Qarabağda qırğınlar
törədildi. Asiyamərkəzçiliyin,
başqa sözlə,
turançılığın, türkçülük dalğasının
qarşısını almaq
üçün ermənipərəst
imperator Mixail Qorbaçovun
əmri ilə Azərbaycanda qanlar töküldü. Oljasın
kitabındakı ideyaların
zərərsizləşdirilməsi üçün 1986-cı ilin
17 dekabrında Qazaxıstanda
Jeltoksan, 1990-cı ilin
20 yanvarında Azərbaycanda
Yanvar hadisələri
başverdi, Almatada, Bakıda qanlar axıdıldı. Amma Oljasın
kitabı qalib gəldi. Çünki bu kitab dünyaya ayırmaq üçün
deyil, birləşdirmək
üçün gəlmişdi.
Oljasın "Az i
Ya"sı yeni dövrdə
mədəni Avrasiyaçılığın
olduğu kimi, turançılığın da bünövrəsini qoydu.
Oljas rus mədəniyyətinin dərin
qatlarında türk izlərini ortaya çıxarmaqla, əslində,
SSRİ adlı imperiyanın
çöküşünün ideoloji əsaslarını
hazırlamışdı. Bunu
hələ zamanında
Amerika sovetoloqları da etiraf
edirdilər. O zaman, millətçi
ruslar da, ermənilər
də türk respublikalarında əhalinin
say artımından təşvişə
düşüb SSRİ-də
bunun necə nəticə verəcəyindən
əndişələnirdilər. Yeganə nicat yolunu "sovetskiy narod", "edinıy splav" gerçəkliyində
arayırdılar. Bu gün
Türkslavistikanın bünövrəsi
kimi dəyərləndirilən
"Az i Ya"nı
1980-ci illərin əvvəllərində
erməni Balayan öz "Ocaq" kitabında panislamistlərin,
mürtəce türkçülərin,
rus düşmənlərinin
kitabı olaraq şərh edirdi. Balayan rusları qızışdırır, onları
təşviq edirdi ki,
SSRİ məkanında artmaqda
olan türk uluslarını ümumsovet
dəyirmanında üyüdüb
"vahid ərinti"yə
çevirsinlər...
O illərdə,
yəni 1970-ci illərin
ortalarından etibarən
gənc Oljas Süleymenovun səsi yalnız qazaxların deyil, bütün sovet türklərinin səsi kimi yüksəldi, "Az i
Ya" Sovet İttifaqında
yaşayan bütün
türklərin 1937-ci ildə
silinmiş etnik yaddaşını bərpa
etdi. Həm də rus alimlərinə
izah etdi ki, böyük rus mədəniyyəti müstəqil
şəkildə yaranmayıb.
Onun təməlində
güclü bir türk qatı var. Söhbət "İqor polku haqqında dastan"dan gedirdi.
Oljas itirilmiş
tarixi bərpa etdi. Rus tarixşünaslığında
hakim olan imperialist təfəkkürün
özülünü linqvistik
başlanğıca əsaslanaraq
sarsıtdı. Və
bunu bütün fəaliyyəti boyu davam etdirdi. Qədim Misir Allahlarının adına
(Osiris) və dilinə
qədər hamısının
başlanğıcını türk düşüncəsinə
bağladı. Və bunu YUNESKO-nun eqidası altında etməyi bacardı.
Oljasın fəlsəfəsi
İsmayıl bəy Qaspıralının fəlsəfəsinin
yeni dövrdə davamıydı.
İsmayıl bəy də rusların gələcəyini türklərlə
qlobal siyasi təhdidlərə istinad
etməyən münasibətlərin
qurulmasında görürdü.
Hətta Qaspıralının
fikrincə, Rusiyanın
taleyində yaxın gələcəkdə türklərin
artımı səbəbilə
böyük bir türk dövləti olmaq potensiyası gizlənib. Qaspıralının
təklif etdiyi model,
XIX yüzilin sonu, XX yüzilin əvvəllərində
panslavistlər tərəfindən
xoş qarşılanmadığı
kimi, Oljasın da fikirləri 1970-1980-ci illərdə
rus-sovet şovinistləri
və erməni daşnakları tərəfindən
xoş qarşılanmırdı.
Əslində, Oljas da
Qaspıralı kimi davranırdı. Qazaxıstanda
deyil, Rusiyada ortaq mədəniyyətə
baxışı sağlam
təməllər üzərində
oturuşdurmaq istəyirdi.
Elə bu vəsiləylə də böyük mədəniyyətdən
və mədəni keçmişdən məhrum
olan erməni zümrəsi Oljasın Böyük Çöl faktından qorxur, bu mədəniyyəti yaradan türkləri "vəhşi", "barbar",
"mədəniyyətsiz köçəri", "başkəsən"
adlandırırdı. Zori Balayan
Oljasın təklif etdiyi ortaq mədəniyyət
amilini zədələmək
üçün, Xəlil
Rza Ulutürk demişkən, Türk kainatı ilə rus arasında ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri qızışdırmaq,
alovlandırmaq qəsdilə
qanlı hadisələrə
rəvac verəcək
kitabını yazırdı.
İkinci Qarabağ savaşındakı zəfərimizin
timsalında tarix göstərdi ki, Oljas haqlıdır. Bu gün yaranmaqda olan Türk Dövlətlərinin
Birliyi də müəyyən mənada
Oljasın "Az i Ya"sına borcludur.
Oljas təkcə
kitabı ilə deyil, əməlləri ilə də düşüncələrimizdə yurd saldı. 1990-cı ilin qanlı Yanvarında da yanımızda
oldu, Birinci Qarabağ savaşında
da. Azərbaycanda unudulmayan
günlərdən biri
1992-ci ilin 1 iyun Uşaqların Beynəlxalq
Müdafiəsi günüdür.
Oljas Süleymenov həmin gün Azərbaycana gəldi. Amma
bu dəfə yazıçı kimi deyil, "Nüvə silahı əleyhinə
Nevada-Semipalatinsk Beynəlxalq hərəkatı"nın prezidenti
kimi; "Uşaqları
xilas edək" proqramı çərçivəsində
müharibə şəraitində
olan Azərbaycanın
yanında olmaq, ona qardaşlıq yardımı göstərmək
üçün... Özü
ilə müharibədən
əziyyət çəkən
Azərbaycan uşaqlarına
10 ton humanitar yardım
gətirdi. O günlərdə
Oljasın yaradıb rəhbərlik etdiyi hərəkat Semipalatinskdəki
nüvə sınaqlarına
50 ildən sonra son qoyduğuna görə bütün dünyanın
diqqət mərkəzindəydi.
"Nüvə silahı
əleyhinə Beynəlxalq
hərəkat"ın lideri
Oljas Süleymenov ilk beynəlxalq tədbirini Azərbaycandan başlamaqla,
həm də Azərbaycanın problemlərini
dünyanın diqqət
mərkəzinə gətirirdi.
Oljas bizim üçün həm də bu mənada
əzizdir, əvəzolunmazdır....
Təkcə bizim üçün deyil, həm də dünya üçün.
Xüsusən, Avropa üçün...
Əslən türk
olan yazıçı
Vsevolod İvanov ölüm
yatağındaykən Oljas
Süleymenovun "Günəşli
gecələr" kitabını
oxumuşdu. "Az i Ya"da Oljas yazırdı ki, "Qazax
xatunun nəvəsi, canına, sözünə
Böyük Çölün
səsləri, rəngləri
hopmuş yazar... sonralar nəhəng daş şəhərə
köçür və
ömrünün son dəmlərində
bir qazax dəliqanlısının şeirləriylə
Böyük Çölə
qayıdır. O öz
məşhur kitabxanasındakı
minlərcə cild kitabdan biriciyini - bu... sarı kitabçanı seçib oxuyur. Və əbədiyyətə
köçmüş çocuqluq
xatirələrinin işığıyla
onu irəlidə bəkləyən əbədi
zülmət bir-birinə
qovuşur. Dairə qapanır".
Böyük türk
milləti üçün
isə dairə qapanmır. Oljasın kitabı türk dünyasının sabahına
doğru gedən yolu işıqlandırır...
28 may 2025
Almata-Bakı
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 8.