"Sənət haqqında hekayələr" silsiləsindən.
Unudulmaz tarzən
Əhsən Dadaşovun
xatirəsinə həsr
olunur
...İşıq o qaranlığı
qəfildən, bircə
anın içindəcə
dağıtdı və
zülmətin qeybə
çəkilməyi ilə
gözlərinin qabağında
uşaq vaxtı nənəsindən eşitdiyi
nağıllardakı sirli
məkana - cənnət
bağına bənzəyən
gülüstanın görünməyi
bir oldu. Bağın gözəlliyi,
çiçəklərin rənglərinin çalarları
göz qamaşdırırdı.
Ləçəklərin üstündəki
şeh damlaları günəşin işığında
bərq vurub min bir rəngə çalırdı. Rəngbərəng
çiçəklərə qərq olmuş ağaclar yüngül mehin havasına, hardasa, yaxınlıqda axan çayın şırıltısına sağa-sola
yellənib nazla rəqs edirdilər.
Bura hara idi, görəsən?
Qəfildən söyüdlərin
salxım budaqlarının
arasında Ənvərin
tanış çöhrəsini
gördü. Uşağın
dodaqlarında həmin
o təbəssüm, qara
gözlərində sevinc
vardı. Əlində
atasının sədəfli
tarını tutmuşdu.
Əhsən müəllimin
ürəyi quş ürəyi kimi çırpınmağa başladı.
On üç il əvvəl
itirdiyi ciyərparası
sağ imiş, demək. Niyə indiyədək bunu bilməyib? Bəs o vaxt amansız xəstəliyin pəncələri
arasında bu dünyadan nakam köçüb ata-anasını
gözüyaşlı qoyan
kim imiş, görəsən?
Uşaq əlində
tar, atasına tərəf
gəlirdi və qəribədir ki, hər addımda dodaqlarındakı
təbəssüm, üz-gözündəki
fərəh, sevinc misqal-misqal azalırdı.
Nəhayət, gəlib
atasının iki addımlığında dayandı
və elə həmin andaca hönkürtü vuraraq, içini çəkə-çəkə
tarı atasına uzatdı. Əhsən müəllimi vahimə basdı, tükləri
biz-biz oldu, tarı almaq üçün yox, oğlunu ovundurmaq, göz yaşlarını silmək,
başını sığallayıb
əzizləmək üçün
sağ əlini irəli uzatmaq istədi, amma qolu qalxmadı, elə bil əvvəldən sağ qolu yox
imiş. Var gücünü
toplayıb bir də cəhd elədi və elə o andaca qolunun yerində elə dəhşətli bir ağrı qopdu ki, cənnət bağını yada salan
o işıqlı, çal-çağırlı
gülüstan bu ağrının şiddətinə
tab gətirməyib qeybə
çəkilərək öz
yerini yenə də qaranlığa verdi...
Gördüyü yuxudan yatdığı otağa
adlayan yeganə ecgahanlıq sağ qolundakı o amansız ağrı oldu. Amma 13 il əvvəl itirdiyi övladının yuxuda gördüyü haləti
də beyninə, ruhuna hopmuşdu, gözlərinin qabağından
getmirdi...
Öz sevimli müəlliminə hörmət
əlaməti olaraq
ilk övladına Ənvər
adı vermişdi. Totuq-motuq, enerjili, hər şeyə maraq göstərən uşaq idi. Atası ilə oynamağı, tar çalanda
gəlib böyrünə
qısılmağı xoşlayırdı.
Yeddi yaşından sonra qəfildən saralıb-solmağa, halsızlaşmağa,
arıqlamağa başladı.
Əvvəl elə bildilər soyuq dəyib. Dava-dərman, müalicələr bir nəticə vermədi.
Sonra məlum oldu ki,
problem uşağın qanında,
iliyində imiş.
Analiz üçün qolundan
qan götürəndə
atası da yanında idi və şprislə
uşağın qolundan
çəkilən qanı
görəndə kişini
dəhşət bürüdü
- bu, qan deyildi, sadəcə, azacıq qırmızıya
çalan su kimi maye idi
və qanın həmin o suyunun suyu nə 8 yaşlı Ənvərə
qıydı, nə də başına-gözünə
döyə-döyə nə
edəcəklərini bilməyən
valideynlərinə. Bir müddət
sonra uşaq ata-anasının qolları
üstündə qumral
gözlərini əbədi
yumdu.
Əhsən müəllim
o gün özünü
tanıyandan həyatında
ilk dəfə uşaq
kumi için-için
ağladı.
O gündən
kişinin ürəyindən
elə bil on batmanlıq daş asıldı, ruhu da həmin o daşın ağırlığının altında əzilib xıncım-xıncım oldu
və elə həmin o ölü vəziyyətdə də
donub qaldı.
"Zaman hər yaranı sağaldır", - deyiblər.
Amma oğlunun vəfatından
keçən hər
an, hər dəqiqə,
gün, həftə bağrının başındakı
o yaranın ağrısını
səngitmək əvəzinə,
qaysağını qopartmaqda,
ağrısı üstünə
ağrı qoymaqda idi. Günlərin bir günü başa düşdü
ki, belə getsə, ürəyi o yaranın ağrısına, o daşın
ağırlığına dözməyəcək, bütün
ruhu - hissləri, duyğuları birdəfəlik
iflic olacaq. Nə edəcəyini bilmirdi. Həmin o böhranlı günlərin
birində qəribə
yuxu gördü. Gördü ki, hardasa onu ağ örtük
üstünə uzadıblar
və ağ əbalı, ağ saqqallı, nurani bir kişi onun
sol əlindən yapışıb
biləyini elə qatlayır ki, barmaqları
köksünə tərəf
yönəlsin. Sonra barmaqları
yavaş-yavaş uzanmağa
başladı və gəlib sinəsinə çatanda qışqırmaq
istədi, amma səsi
çıxmadı, tərpənib
müqavimət, dirəniş
göstərməyə çalışdı
ki, barmaqları sinəsini
yarmasın - sanki bütün əzaları
ölmüşdü. Elə
o andaca üzünü
heç cür görə bilmədiyi nurani kişi astadan pıçıldadı:
"Tarını çal,
oğul. Dillə, sözlə deyə bilmədiklərini simlərin
səsi, barmaqlarının
və ürəyinin dili ilə de. Çal, ürəyini didən, sıxan duyğular çölə
püskürsün, yaran
qaysaq bağlasın. Yoxsa, çətin olacaq sənə, ruhun tamam öləcək,
canlı meyitə çevriləcəksən".
Ertəsi gün xeyli vaxtdan bəri
evin bir küncündə mürgüləyən
tarına yaxınlaşdı,
qolundan yapışıb
sinəsinə qaldırdı
və qəfildən ona elə gəldi
ki, tar da xeyli ağırlaşıb.
Sol əlinin barmaqlarını
ağ simlərin üstünə qoyub pərdələr üzərində
gəzişdirdi. Mizrab
vurmasa da, barmaqları
ilə simlərin təmasından yaranan xəfif bir səs otağa yüngül yaz mehi kimi yayıldı.
Neçə ilin tarzəni idi və bilirdi ki, istənilən alətdə
çalınan melodiyanın
ruhu, canı ifaçının barmaqları
ilə ürəyi arasındakı məsafədən
asılıdır. İndi tar ilə təkbətək qaldığı o otaqda xəfif bahar yeli kimi oynayan melodiyanı
eşidəndə ona
elə gəldi ki, tarın qolunda gəzən barmaqları yox, qövr edən ürəyidir, simlərin üstündə
çırpına-çırpına öz nəğməsini oxuyur. Qəfildən elə bil içində
nə isə qırıldı, ayaqlarından
ta başının tüklərinəcən
vücudunu soyuq bir gizilti bürüdü.
Hər gözündə
bir damcı yaş alt kipriklərindən
sallanıb aşağı
yuvarlanmağa bənd
idi. Bir addım atıb yaxınlıqdakı
paltar şkafının
dolablarından birini açdı - Ənvərin
uşaq vaxtından alınan paltarları səliqə ilə qatlanıb üst-üstə
yığılmışdı. Ən üstdə isə onun çox
sevdiyi, soyuq havada çölə - gəzməyə çıxanda
boynuna doladığı
yaşıl şərf
idi. Bayaqkı soyuq gizilti gözlərini
yandıran od-alova çevrildi və Əhsən müəllimin
gücü ona çatdl ki, şərfi götürüb əvvəlcə
gözlərinə, sonra
da iniltisi qonşu otaqlarda eşidilməsin deyə ağzına sıxsın.
"Bəs sonra nə oldu?" - indi çarpayıda uzanıb sağ əlinin ağrısı
ilə çarpışan
tarzən onun həyatını, bir ifaçı kimi taleyini dəyişən həmin o anların orbitindən çıxa bilmirdi.
Sonra o oldu ki, tar ürəyinin pasibanına çevrildi, tarı o özü - barmaqları, biləyi yox, ürəyi çalmağa başladı,
onu köksünə təkcə musiqi aləti kimi yox, nakam balası
kimi basdı, hər dəfə başını onun çanağı üstə
qoyanda Ənvərin ürəyinin döyüntülərini
eşitdi, xüsusən
də, "Segah",
"Şur", " Rast"
çalanda. Bu muğamlarda
indiyə kimi heç bir tarçalanın əli çatmayan və sonralar yalnız onun adı ilə
qoşa çəkilən
çalarlar, gəzişmələr
yarandı.
Musiqiçi dostları
bu möcüzəyə
mat qalmışdılar. Amma heç kim bilmirdi ki, bu, yuxusunda uzanıb Əhsən müəllimin
ürəyinə sancılan
barmaqların möcüzəsidir.
Şövkətlə (Ələkbərova
- müəl.) Ramiz Mirişlinin
"Oxu tar" mahnısını
lentə yazdırdıqları
ilıq yaz gününü xatırladı...
İfanın əvvəlində
giriş kimi
"Re" pərdəsində "Segah" gəzişmələri
edib, müğənniyə
keçid verdi. Amma Şövkət xanımdan
səs çıxmadı.
Əhsən müəllim
gördü ki, Şövkət
xanım özündə
deyil, üzünün
ifadəsi dəyişib,
gözlərini bir nöqtəyə zilləyib
fikir dəryasına qərq olub. Ürəyində "Olan şeydir"
- deyib gəzişmələri
təkrar elədi.
Şövkət xanım
yenə susurdu.
Əhsən müəllim
özünü saxlaya
bilmədi:
- Şövkət,
nə olub, niyə oxumursan?
Şövkət xanım
sanki yuxudan ayıldı, təəccüblə
səsyazma studiyasının
geniş salonuna, sonra da Əhsən müəllimə baxıb
titrək səslə
dedi:
- Əhsən,
ay zalım, ay insafsız,
səhərdən qoyursan
ki oxuyum. Bu nə
"Segah"dir belə
çalırsan? Adamın
az qala cızdağını
çıxardır ey?
Bunaoxşar vəziyyətlər
Qədirlə (Rüstəmov
- müəl.) "Sona bülbüllər"i,
"Neçin gəlməz"i,
Ariflə (Babayev - müəl)
"Yar bizə qonaq gələcəy"i yazılanda
da olmuşdu. Doğrudur,
nə Qədir, nə də Arif Şövkət xanım kimi çaşıb qalmamışdılar. Amma Qədir
muğam parçasını
oxuyanda qəfildən
elə zəngulələr
vurmağa, elə improvizasiyalar etməyə
başlamışdı ki, Əhsən müəllim
özü - neçə
illərin tarzəni az qala çaşıb
qalmışdı. Ona elə
gəlmişdi ki, barmaqları
o səslərin ucalığına
qədər gedib çatmayacaq, Qədir ona "ayaq" verəndə lazım olan gəzişmələri
o səsə layiq şəkildə səsləndirə
bilməyəcək. Amma barmaqlarının
arasında çırpınan
ürəyinin səsi
öz işini gördü. Gözəl bir duet alındı.
"Yar bizə qonaq gələcək"dəki duet də möhtəşəm
alınmışdı. Bu duet onun və Arifin səslər, sözlər
və bir-birləri ilə dialoqları əsasında baş tutduğuna görəmi belə təsirli alınmışdı? Axı
istənilən musiqi ifası ilk növbədə
monoloqdur, yəni onu ifa edənin
səsidir, izhari-nitqidir.
Amma yox, o həm də ifaçının
səslərlə, dinləyicilərlə,
onu müşayiət
edənlə dialoqudur
axı. Onlar da məhz bu uğurlu
dialoq sayəsində həmin mahnının özlərinəqədərki bütün variantlarını
sözün yaxşı
mənasında unudub,
bir növ dəfn edib, tamam yeni bir biçimdə dirildərək,
bənzərsiz və
təkrarsız bir nümunə yarada bilmişdilər.
Dialoqa məhz
"Segah" ladında
həzin bir monoloqla giriş vermiş, bəlkə də bədahətən gələn bu gəlişmələrlə uzun
illərin həsrətinin,
nisgilinin obrazını
yaratmış, sonra
"ayaq" verib Arifi dialoqa dəvət
etmişdi və Arif də, üstadın dəvətinə cavab olaraq, dialoqa öz monoloqunun izharı - mahnının ifası zamanı oxunan ən təsirli "Segah"lardan
birini oxumaqla başlamış, özü
də Vahidin mahnının ruhuna tam uyğun bir qəzəlinin sözləri
ilə:
Sənsiz ey şux, mənim xoş güzaranım yoxdur,
Sən ki yoxsan,
elə bir cismimdə canım yoxdur.
Yox, bu, təkcə Arifin hayqırtısı deyildi,
həm də dünyadan köçən
bütün nakam balaların ruhuna müraciət idi.
Eşq pərvanəsiyəm, qəm
oduna tabım var,
Xəstə bülbül
kimi hər ləhzə fəqanım
yoxdur.
Belə bir başlanğıcdan sonra
melodiya ilə sözlərin bu sayaq sintezinin sehrində trans vəziyyətinə
düşməmək olardımı?
İllah da ki, səslənən
hər söz illər boyu ürəyində qövr
edən, qəlbinin odunda bişən və heç kimə deyə bilmədiklərini deyə.
Elə bu trans vəziyyətdə də
barmaqlarının monoloqun
zirvəsini nə vaxt, necə fəth etdiyindən xəbəri olmadı. Tarın sədaları xanəndəni daha təsirli, ürəkdən
oxumağa, necə deyərlər, neçə-neçə
ürəyə batmış
tikanları o ürəklərin
canından çıxarmağa
çağırır, Arif də bu çağırışın
sehrinə təslim olub, öz monoloqunun
cövhərini ortaya qoyurdu. O elə bu ahəngdə də nəhayət, muğamı tamamlayıb mahnıya keçdi. Mahni isə sanki muğamın bətnindən qopub, azad olub doğulurdu.
Onların bir yerdə yaratdıqları
bu mahnının muğamdan doğuluşu,
sonra isə muğamla, yəni onu dünyaya gətirənə qovuşaraq
bütövləşməsi anının təntənəsi
idi.
Muğam frazaları
ilə mahnını bir-birinə bu sayaq hörmək, muğamda mahnını, mahnıda isə muğamı görmək,
yaşatmaq çoxlarının
düşündüyü kimi elə də
asan deyildi.
Musiqiçilər arasında
belə bir deyim var: "Filankəsi ifaçının ustalığı,
musiqinin gözəlliyi
oxutdurdu". Həmin
ifanın da dəyərini
şərtləndirən, onun
öz sehrli barmaqları ilə yaratdığı aura və
bu aurada Əhsən müəllimlə
dialoqa girməyi bacaran xanəndənin izharı idi.
İfa başa çatandan sonra bir-birinə baxdılar. Hər ikisinin gözləri yaşarmışdı.
...Sağ qolu yenə
də sancdı və ağrı qoltuğunun altına, kürəyinə, boynuna yayıldı. İçində
yenidən oyanan iniltini boğazında zorla cilovladı. Gecənin bu vədəsində evdəkiləri
narahat eləmək istəmədi. Həyat yoldaşı, on iki yaşlı qızı onsuz da, çarpayısının
yanından çəkilmirdilər.
Qızı Xanımı
bir saat əvvəl dilə tutub zorla yatmağa
göndərmişdi.
"Ağrıdır da, çəkilib
gedər. Hər ağrıya təslim olmaq, zarıldamaq kişilikdən deyil",
- deyə fikirləşərək
yenə də özünə toxtaqlıq
verdi.
Əhsən müəllimin
həkimlərin qoyduğu
dəhşətli diaqnozdan
xəbəri yox idi.
Hər şey adi bir zarafatdan,
dostunun şıltaqlığıdan
başlamışdı. Bakı
kəndlərindən birinə
toy çalmağa gedirdilər.
Əhsən müəllim
təzə aldığı
"Jiguli"nin sükanı
arxasında əyləşib,
gümüş kimi parlayan yolda adəti üzrə tələsmədən, orta
sürətlə sürür,
yandan şütüyüb
keçən maşınlara
əhəmiyyət vermirdi.
Yanında əyləşmiş
xanəndə dostu - Əhsən müəllim
onun xətrini çox istəyirdi. Yaxşı oxuyan idi - isə bayaqdan dil-boğaza qoymur, tez-tez saatına baxıb, onu tələsdirirdi.
"Boş yoldur da, niyə belə sürürsən?" - deyə
növbəti dəfə
iradını bildirəndə
Əhsən müəllim
"Tələsən təndirə
düşər. On dəqiqə
gec, ya tez
- gedib çatacağıq
da", - deyib gülümsədi.
Beş-altı dəqiqə
keçəndən sonra
xanəndə dostu hiylə işlədib ustadın zəif damarını tutdu. Dedi
ki, yadına gəlir,
söz vermişdin ki,
təzə maşın
alanda verəcəksən
bir az sürüm.
Ver, qurdumu öldürüm.
O, verdiyi sözə xilaf çıxan adamlardan deyildi. Ona görə də sürəti azaltdı. Maşını saxlayıb
zarafatla: "Görüm
sənin yaddaşına
şiş batsın",
- deyib aşağı
düşdü, fırlanıb
artıq sükanın
arxasına keçmiş
dostunun yerində oturdu. Maşın yerindən tərpəndi.
Dostu "Bax, maşını belə sürərlər", - deyib
dərhal qazı artırdı və elə birinci döngədə qəfildən
sol tərəfdən yola
çıxan itlə
toqquşmamaq üçün
əyləci axıra
qədər bassa da, maşını yolun kənarındaki iri qovaq ağacına çırpılmaqdan sığortalaya
bilmədi...
Əhsən müəllim
sağ qolundan aldığı zərbədən
az qaldı ki, huşunu itirsin...
Rentgendə dedilər
ki, biləyinin yuxarı
hissəsində sümük
çatlayıb. Əhsən
müəllim 40 gün
qolu gipsdə gəzdi. Ağrıları
keçəndən sonra
yenə tarını sinəsinə basdı, ürəyindəkiləri barmaqlarına,
barmaqlarındakıları da simlərə ötürdü.
Elə bildi ki, hər şey arxada qaldı. Amma..
Bir neçə ildən sonra qolunda qəribə
ağrılar, sancılar
başladı. Elə
bil sümüyünə
biz batırırdılar və
bu bizin batırıldığı yerdən
qopan dəhşətli
ağrı yavaş-yavaş
bədəninin digər
əzalarına yayılırdı.
Sonra qızdırma və
üşütmə bir-birini
əvəz eləməyə,
qolu şişməyə,
rəngini dəyişməyə
başladı. Bakıda
məsləhət gördülər
ki, Moskvaya getsin. Getdi. Özünə yox, yaxınlarına dedilər ki, neçə
il əvvəl aldığı
zədənin fəsadı
- sümük çürüməsidir,
xəstəni xilas etmək üçün qolu dirsəkdən yuxarı amputasiya olunmalıdır.
Bunu tarı
özünün bir parçası hesab edən Əhsən müəllimə deməkmi
olardı?!.
Amma deməli idilər. Bıçaq gəlib şümüyə dirənəndə
yaxınları əsil
xəstəliyini ondan
gizlədən həkimlərin
bu təklifini sağalmağın bir variantı kimi ona çatdırdılar.
Əhsən müəllim
etiraz elədi: "Məni diri-diri qəbirə qoymaqmı istəyirsiniz?"
Sonra yenə ev.., çarpayı.., cürbəcür sistemlər..,
ağrıkəsici iynələr..,
qızının, həyat
yoldaşının gizlincə
ağlamaqdan şişib-qızarmış
gözləri..., onu yoluxmağa gələn
dost-tanışın verdiyi
ürək-dirək və
nəzərlərində get-gedə balacalaşan, kiçilən dünya. Dünyanın çox ölkəsində olmuş,
konsertlər vermişdi
və həmişə
dünyanın böyüklüyünə,
ucsuz-bucaqsızlığına uşaq kimi heyrət eləmişdi.
Amma indi dünya onun gözlərində günbəgün kiçilib,
çarpayısının qoyulduğu otaq boyda olmuşdu. Elə bil böyük
bir okeanın ortasındakı kiçik
bir adada tək-tənha qalmışdı
və o ada nəyə görəsə
yaşıl rəngə
çalırdı.
Gecə keçirdi.
Qəfildən qalxıb
tarının futlyarını
açmaq, içinə
ehtiyat simlər, mizrablar qoyulan balaca qutunun qapağını qaldırmaq
istəyi bütün
varlığına hakim kəsildi.
Sanki sağalmaz dərdinin
dərmanı o balaca qutunun içindəydi.
Amma yerindən tərpənməyə
heyi qalmamışdı.
Epiloq
Bir ay sonra ustad tarzən vəfat elədi...
Bir müddət heç kim, hətta atasının təkcə
sevimli qızı yox, həm də
dostu, sirdaşı olan Xanım da içində atasının
tarı olan o futlyarına yaxın düşməyə ürək
eləmədi. Futlyarın
içindəki tar - Əhsən
müəllimin bir parçası sakitcə əbədi yuxuya getmişdi və onu bu yuxudan
oyatmaq ustadın həmin tarın pərdələrində, simlərində
uyuyan ruhunu narahat etmək kimi bir şey
idi. Amma Xanım sonda dözə bilmədi, tar heç olmasa, havasını dəyişsin deyə futlyarı açdı, atasının tellərini
sığallayırmış kimi simləri əzizlədi, adətən
içində ehtiyat
sim və mizrab qoyulan balaca qutunun qapağını qaldıranda isə gördüklərindən elə
heyrətləndi ki, donub
yerində qaldı - qutunun içində 13 il əvvəl dünyasını
dəyişmiş Ənvərin
bir vaxtlar boynuna doladığı yaşıl şərf onun ruhunun nişanəsi
kimi atasının ruhu ilə bir
yerdə uyuyurdu.
Sən demə,
ustad bu şərfi 13
il imiş hamıdan gizlin qutunun içində gəzdirir,
bununla təsəlli tapır, böhranlı anlarda oğlunun ətrini ondan alırmış...
Əlisəfdər HÜSEYNOV
Ədəbiyyat qəzeti.- 2025.- 30 may
(№19).- S. 10; 11.