Tündüyün altında - Qurdun izində
Bişkekdə
keçirilən Dünya Xalqlarının Dastanları
Festivalından qeydlər
Qırğızıstanın paytaxtı
Bişkek şəhərində
keçirilən "Dünya
Xalqlarının Dastanları"
VIII Beynəlxalq Festival bu
il xüsusi bir anlam daşıyırdı.
Tədbir, böyük
qırğız manasçısı
Sayakbay Karalayevin 130 illik yubileyinə həsr edilmişdi.
Festival təkcə mədəniyyətlərarası
bir qovuşma nöqtəsi deyil, həm də türk xalqlarının ortaq yaddaşını dirçəldən bir mədəni hadisə idi. Elmi konfransda mən də "Türk epik təfəkküründə Qurd
simvolu" adlı çıxışımla iştirak
edirəm. Həmçinin
Azərbaycandan Yazıçı,
publisist Yunus Oğuz və tədqiqatçı
alim, ozan Fəxrəddin
Salim də iştirak edir.
Festivalın ilk günü
zəngin və simvolik məqamlarla yadda qaldı. Tədbirdə
30-a yaxın ölkənin
nümayəndəsi iştirak
edir və Qırğızıstan öz
qonaqpərvərliyi və
təşkilatçılığı ilə doğrudan da yüksək səviyyə
nümayiş etdirir. Mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi,
dastan irsinin qloballaşan
dünyada qorunması
kimi dəyərlər
bu tədbirin əsas məqsədləri
sırasındadlr.
Açılış mərasimi
qədim türklərin
müqəddəs ayini
olan "Tündük
qaldırma" mərasimi
ilə baş tutdu. Tündük - yurtanın günbəzi -
dörd əsas istiqamətdən gəlmiş
nümayəndələrin iştirakı ilə birlik rəmzi olaraq ucaldıldı. Bu
ayin, dünyanın müxtəlif
guşələrindən gəlmiş
qonaqlar üçün
dərin mənəvi
təəssürat yaratdı
və ortaq türk yaddaşının
simvolik qovşağına
çevrildi.
Daha sonra mədəni müxtəliflik
paradı, "Qırğız
köçü" etnoqrafik
kəndinin rəsmi açılışı, xalq
sənətləri və
dekorativ-tətbiqi incəsənət
sərgisi ilə proqram davam etdi.
Hər xalq öz əl işlərini, naxışlarını,
bəzək və geyimlərini təqdim edərək, öz köklərinə necə
bağlı olduqlarını
nümayiş etdirdi.
Xüsusi qeyd olunası məqamlardan biri isə qədim
qırğız adətinə
əsaslanan "Tuşoo
kəsmə" mərasimi
idi. Bu ayin uşağın
ilk addımlarına həsr
olunur və mərasim zamanı oğlan uşaqları, daha sonra qızlar
və nəhayət qonaqlar arasında dostluq xarakterli qaçış yarışları
keçirildi. Mən də bu yarışa
qatıldım, hətta
hədiyyə ilə təltif də olundum!
Tədbirin digər
hissəsində iştirakçılar
yurta şəraitində,
ənənəvi qırğız
üsulunda bardaş quraraq yemək yedilər. Bu sadə, lakin dərin mənəviyyat daşıyan
məqam, mədəniyyəti
yaşamaq üçün
ən yaxşı yollardan biri idi.
Axşam saatlarında
Manas adına Qırğız
Milli Teatrında "Taytoru"
tamaşasına, ardınca
isə "Alatau" (qırğızlar
Tanrı dağlarlna
"Alatau" deyir) kino evində
"Ağacın nəğməsi"
adlı müasir qırğız filminə
baxış keçirildi.
Film məzmun və texniki baxımdan olduqca yüksək səviyyəli idi və Qırğızıstanda
kino sənətinin yüksəlişə
doğru inkişaf etdiyini açıq şəkildə göstərirdi.
Günün son akkordu
isə ənənəvi
qırğız axşam
yeməyi oldu. Bütün bu zəngin proqram və dolğun təəssüratlar içərisində
yuxusuzluq, uzun yol yorğunluğu unudulmuşdu.
Bu festival təkcə bir tədbir deyil, mədəniyyətin, ortaq
köklərin və mənəvi dəyərlərin
təntənəsi idi.
Türk dastan düşüncəsinin simvolu
olan qurd kimi, bu tədbir
də bizə istiqamət göstərdi,
yaddaşımızı oyatdı,
bizi bir daha ortaq mədəni
xəritəmizlə bağladı.
Bu kimi tədbirlər
bir daha sübut edir ki, keçmiş yalnız xatırlanacaq bir tarix deyil,
eyni zamanda gələcəyə gedən
yolumuzda işıq salan mənəvi mayakdır.
Şəmil SADİQ
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 11.