Makovelski
Polyak əsilli
Azərbaycan filosofu
O, Azərbaycan fəlsəfə
elminin təşəkkül və inkişafında müstəsna
rol oynayıb.
O, bütün
dünyada Şərq və Qərb fəlsəfəsinin tədqiqi
sahəsində ən böyük alimlərdən biri hesab
olunur.
Akademiklərdən
- Heydər Hüseynov, Firudin Köçərli, Ziyəddin
Göyüşov, Aslan Aslanov onun yetirmələri idi.
O,
özünü məhz Azərbaycan alimi hesab edirdi.
Akademik Aleksandr
Osipoviç Makovelski. Antik fəlsəfə, məntiq və
psixologiya üzrə dünyanın tanınmış alimi.
Makovelski 2 iyul
1884-ci ildə Qrodno şəhərində polyak ailəsində
anadan olmuşdur. Xatırlatmaq istərdim ki, orta əsrlərdə
bu şəhər Litva knyazlığının paytaxtı
olub. 1921-ci ildə Riqa sülh sazişinə əsasən
şəhər Polşanın tərkibinə daxil olub,
İkinci Cahan müharibəsinin sonlarında (1944-cü ildə)
isə şəhər Belarusun tərkibinə keçib.
Aleksandr
Osipoviç Qrodnoda klassik gimnaziyanı bitirdikdən sonra Kazan
Universitetinin tarix-filoloji fakültəsində təhsil
alıb. O, 1908-ci ildən pedaqoji fəaliyyətlə məşğul
olmağa başlayıb.
Makovelskinin həyat
və fəaliyyətinin mühüm bir mərhələsi Azərbaycanla
bağlı olub. O, 1946-ci ildən SSRİ Elmlər
Akademiyasının tarix və fəlsəfə bölməsinin
müxbir üzvü (tarix-fəlsəfə üzrə)
olmuş,1949-cü ildə Azərbaycan SSR Elmlər
Akademiyasının akademiki seçilmişdir. Alimin fundamental əsərləri
antik fəlsəfə, məntiq və Yaxın Şərq
xalqlarının fəlsəfə tarixinə həsr
edilmişdir.
Makovelski 16 dekabr
1969-cu ildə Bakı şəhərində vəfat
etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir.
...Desəm ki, Makovelski mənim adını eşitdiyim ilk filosoflardan biri olub, təəccüblənməyin. Bunun öz tarixi var. Məsələ burasındadır ki, qonşumuz, tanınmış pedaqoq Qasım Köçəri oğlunun yolu hərdən Bakıya düşürdü və oradan qayıtdıqdan sonra o, öz təəssüratlarını həvəslə həmkarlarına və şagirdlərinə danışırdı. Qasım müəllimin Osip Makovelski ad-soyadlı bir alim haqda söylədikləri onu dinləyənlər arasında xüsusi maraq kəsb edirdi. O vaxt mən orta məktəbin aşağı sinfində oxuyurdum. Qasım Köçəri oğlu bizim qohum və qonşu idi. Onun oğlu - tanınmış filosof Firudin Köçərli o vaxtlar Fəlsəfə İnstitutunun direktoru idi. Sən demə, Firudin müəllimdən əvvəl həmin instituta (sektora) məhz akademik Makovelski rəhbərlik edibmiş. Müəllimimiz arada Makovelski haqqında, bu böyük alimin sadəliyini, böyüklüyünü təsdiq edən çox maraqlı əhvalat və epizodlar danışırdı. Bu qocaman pedaqoqların - Aleksandr Osipoviç ilə Qasım Köçəri oğlunun arasında bir dostluq yaranmışdı.
Xatırımdadır, bir gün Bakıya növbəti
səfərindən kəndə qayıdan qocaman müəllimimizin
əlində çox yaraşıqlı bir əsa
gördük. Əsanın üzərindəki sədəfli-zərli
işləmələr elə uzaqdan adamın diqqətini cəlb
edirdi. Qasım müəllim həmin əsanı ona
Makovelskinin hədiyyə etdiyini qürurla söyləyirdi. Bəli,
elə deyilişi, səslənməsi belə,
özlüyündə maraq doğuran bu "Makovelski"
adı mənə elə o vaxtlardan tanış idi. Sonralar mən bu böyük
alimin elmi irsi ilə tanış oldum. Deyim ki, onun antik fəlsəfəyə
dair tədqiqatları və orijinaldan tərcümələri
bu gün də öz dəyərini saxlamaqdadır. Mən
özüm vaxtilə "Avesta" ilə bağlı
yazdığım silsilə məqalələrdə bir
neçə dəfə onun əsərlərindən iqtibas gətirmişəm
(məsələn, böyük alim
yazırdı:"...Avestanın bizə gəlib
çatmış bütün kitabları (Vendidad, Yasna,
Vispered və Bundehiş) qədim Azərbaycan ədəbiyyatının
nümunələrindəndir").
Aleksandr
Osipoviçin ölümündən onillər keçir.
Doğrusu, mən bu böyük alimin Bakıda indiyəcən
hansısa vərəsəsinin qalması barədə məlumatsız
idim. Bir dəfə mərhum şairimiz İlyas Tapdıqla məşhur
"əjdaha" heykəlinin yanında yerləşən və
o heykəldən heç də az məşhur olmayan
"alimlər evi"nin qabağında gəzişərkən
müsahibim, yaxınlıqdakı skamyada əyləşib nəzərlərini
uzaqlara dikmiş nurani, ahıl bir qadını göstərib
məndən soruşdu: "Bilirsən, o qadın kimdir?"
Mən qadını tanımadığımı bildirdim.
Şair gülümsəyib dedi: "Bu xanım sənin məşhur
həmkarın, filosof Makovelskinin nəvəsi Olqa
xanımdır. Mənim qonşumdur. Musiqiçidir. Çox mədəni
xanımdır. İstəsən, səni tanış edə
bilərəm".
Tanışlıqdan
sonra mən Makovelski haqqında onun nəvəsinin xatirələrini
qələmə almaq istədiyimi bildirdim. Olqa Alekseyevna
Yujanina-Makovelskaya ilə vədələşib bir neçə
gündən sonra onun mənzilində görüşdük.
Bu mənzildə
hər şey qədimlikdən xəbər verir: mebellər də,
kitab rəfi də, rəfdəki kitablar da... Burada vaxtilə
böyük alim yaşayıb. Azərbaycan (və eləcə
də dünya) fəlsəfi fikrinin görkəmli tədqiqatçısı
bu mizin arxasında əyləşib, bu döşəmənin
üstə gəzişib, bu kresloda əyləşib.
- Olya xanım,
babanızı necə xatırlayırsınız?
O, xeyli fikrə
gedib aram-aram öz yaddaşını təzələməyə
çalışır.
- Babam çox
vicdanlı, zəhmətkeş, sadə, təvazökar adam
idi. Öz arvadını, yəni mənim nənəmi sonsuz
bir məhəbbətlə sevirdi. Ümumiyyətlə, onlar
bir-birinin vurğunu idilər. Gecə-gündüz işləyirdi.
Özünü Azərbaycan alimi hesab edirdi. Əsl vətəndaş
idi.
- O, daim,
bütün yaradıcılığı boyu dövlətin, partiyanın
himayəsində olub, mükafatlara, təltiflərə layiq
görülüb...
- Bəli, onunla
yaxın təmasda olan adamlara həmişə belə gəlib.
Amma əsl mahiyyətdə belə deyil. Bəlkə də
indi çoxlarına qəribə gələ bilər; babam
heç kommunist partiyasının üzvü də deyildi. Ona
dəfələrlə bu barədə demişdilər,
partiyaya keçməsini təklif etmişdilər, amma o, həmişə
bu təklifdən yayınmışdı. Cavanlıqda deyirdi
ki, özümü hələ kommunist olmağa hazır bilmirəm,
qocalanda isə artıq bunun gec olduğunu bildirirdi... Sizə
bir məsələni bildirmək istəyirəm, Aleksandr
Osipoviç gəncliyində Rusiyada sovet hakimiyyətinin
qurulmasını faciə hesab etmişdi. Bunun da öz səbəbi
vardı. Makovelski hələ lap gənc yaşlarından bir fəlsəfə
tədqiqatçısı kimi məşhur idi. Artıq
1914-cü ildə fundamental "Sokrataqədərkilər"
əsərinin birinci cildi işıq üzü
görmüşdü. Bu zaman alimin cəmi-cümlətanı
otuz yaşı vardı. 1915-ci ildə ikinci cild çapdan
çıxdı. Bu əsərin işiq üzü görməsi
Rusiya və Avropa elmi ictimaiyyəti üçün
böyük bir hadisə oldu. "Sokrataqədərkilər"
əsərinin hər iki cildi çapdan çıxdıqdan
sonra mətbuatda çoxsaylı rəylər, resenziyalar dərc
olundu. Elmi ictimaiyyət, alimlər, filosoflar qiymətli əsərin
ərsəyə gəlməsini müsbət rəylərlə
və böyük razılıqla
qarşılamışdılar. 1918-ci ildə "Sokrataqədərki
fəlsəfə" əsəri, yəni tarixi-təndiqi mənbələrin
xülasəsi kitab halında işıq üzü
gördü, 1919-cu ildə isə "Sokrataqədərkilər"in
üçüncü cildi çap olundu. Təsəvvür
edin ki, bütün bunlar vətəndaş müharibəsinin
qızğın dövründə Kazan şəhərində
yazılmış və çap olunmuşdur. Dediyim odur ki,
Aleksandr Osipoviç bütün həyatını elmə
bağlamışdı və ona elə gəlirdi ki, sovet
hakimiyyəti bəşər mədəniyyətinin mövcud
dəyərlərinin üstündən xətt çəkəcək.
Mən Olqa
xanımın dediklərinə əlavə edirəm:
- Aleksandr
Osipoviçi kommunistlər öldürmədi, o, sovet hakimiyyəti
illərində geniş elmi fəaliyyətlə məşğul
oldu. Nəinki rus və Azərbaycan, hətta bütün
dünya fəlsəfi elmi bundan qazandı.
- Elədir. Babam
1920-ci ildə müxtəlif şəhərlərdəki
universitetlərdən, o cümlədən, Bakı
Universitetindən dəvət almışdı. O, azərbaycanlıları
çox sevirdi, elə buna görə də tərəddüd
etmədən Bakını seçdi, Bakıda yaşamağa
qərar verdi.
Haşiyə.
Makovelski 1920-ci ildən ta 1960-cı ilə qədər indiki
Bakı Dövlət Universitetində müəllimlik edib. Eyni
vaxtda Politexnik, Pedaqoji və Müəllimlərin Təkmilləşdirilməsi
institutlarında mühazirələr oxumuşdur. Ümumiyyətlə, Makovelski təhsil
ocaqlarında bir neçə predmetdən mühazirələr
oxumuşdur: fəlsəfə tarixi, sosial-siyasi nəzəriyyə
tarixi, məntiq, psixologiya, məntiq tarixi, estetika, etika,
pedaqogika. O, müstəsna yaddaşa və məntiqə malik
bir insan idi.
Olqa xanımla
söhbətimiz davam edir:
- Makovelskinin Azərbaycanda
ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində də
əvəzsiz xidmətləri olmuşdur; Nizami və Vazeh
haqda qiymətli tədqiqatların müəllifidir. O, bizim
ölkədə yeni elmi sahənin əsasını
qoymuşdur - bu, "Azərbaycan fəlsəfəsinin
tarixi" adlanır.
- Bəli,
artıq sizə dediyim kimi, o, Azərbaycanı və azərbaycanlıları
çox sevirdi. Elə bu məmləkətdə
yaşayıb-işləmək istəyi də bu sevgidən
qaynaqlanmışdı.
- Onun bizdə
çoxlu yetirmələri - ardıcılları və
şagirdləri olub.
- Mən
onların, Makovelskinin yetirmələrinin, demək olar ki,
hamısını həyatda görmüşəm. Heydər
Hüseynov, Şükufə Mirzəyeva, Möhbalı
Qasımov, Firudin Köçərli, Aslan Aslanov, Ziyəddin
Göyüşov, Əddin Şakirzadə onun tələbələri
olmuşdur. Heydər Hüseynovun ölümü babama
çox təsir etmişdi, o, uzun müddət özünə
gələ bilmədi. İndi mən sizə bir şəkil
göstərəcəm, görün oradakı adamlardan kimisə
tanıyırsınızmı?
O, söhbətini
davam etdirir:
- İndi sizə bir foto göstərəcəm... Bu şəkil min doqquz yüz altmış dördüncü ildə çəkilib. Babamın səksən illiyinə onun dostları və tələbələri bizim mənzilə toplanıblar. Bax, babam burada, ortada əyləşib.
Mən fotoya diqqətlə baxıb deyirəm:
- İcazə verin, buradakıların bir qismi barədə mən danışım. Bax, burada, kresloda əyləşmiş Aleksandr Osipoviçın arxasında dayanan adamların bəzilərini mən şəxsən tanıyıram. Akademik Firudin Köçərli, akademiyanın müxbir üzvləri: Məqsəd Səttarov və Ziyəddin Göyüşov. Vaxtilə, onlar məndən imtahan götürüblər, müəllimim olublar. İndi onların heç biri həyatda yoxdur. Allah hamısına rəhmət eləsin.
- Heyif, hamısı gözəl, istedadlı adamlar idi...
- Onun əlyazmalarını saxlayırsınızmı?
- 1980-ci illərin birinci yarısında babamın vaxtilə işlədiyi instituta Moskvadan Fəlsəfə İnstitutuna çox görkəmli bir alim dəvət olunmuşdu: Zahid Orucov... Direktor idi. Tanıyırsız yəqin...
- Bəli. Dialektik məntiq üzrə dünyada tanınmış mütəxəssisdir.
- O mənə bir dəfə zəng vurub babamın nəşr olunmamış əsərlərinin taleyi ilə maraqlandı. Mən onun əlyazmalarını aparıb instituta verdim. Sonrasından xəbərim olmadı.
- Mən bu məsələ ilə maraqlanaram.
(P.S. Maraqlandım. Öyrəndim ki, böyük alimin əsərləri yığılıb, səhifələnib, nəşrə hazırdır, sadəcə, çap üçün vəsait çatışmazlığına görə "yatıb qalmaqdadır").
...Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, Olqa Alekseyevna Yujanina-Makovelskaya Azərbaycandakı polyak icmasının sədri olub. Tanınmış skripka ifaçısıdır. Ölkəmizdə onun çoxlu şagirdləri var.
Mən Olqa Alekseyevna ilə xudahafizləşirəm...
Haşiyə. Azərbaycanın böyük ziyalıları, akademik Mirəsədulla Mirqasımov, Mirzə İbrahimov, Səməd Vurğun, Yusif Məmmədəliyev Makovelskinin yaxın dostları olub. O, Üzeyir bəyin və Qara Qarayevin musiqisini çox sevir, Sabirin və Rəsul Rzanın şeirlərini oxumaqdan həzz alır, Azərbaycan folklorunu yüksək qiymətləndirirdi. Nizami poeziyası haqqında saatlarla danışardı. "Avesta"nın məhz Azərbaycan ərazisində yarandığını da ilk dəfə o iddia etmişdir.
Makovelski görkəmli Azərbaycan filosofu Heydər Hüseynovun müəllimi və onun rusca yazılmış məşhur "XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən" kitabının redaktoru olub. M.C.Bağırovun Makovelskidən ümumiyyətlə xoşu gəlmirdi. Çünki Aleksandr Osipoviç ictimaiyyət arasında böyük nüfuz sahibi idi. O vaxt Heydər Hüseynovla birlikdə böyük alimi də "vurmaq" üçün tiranın əlinə fürsət düşmüşdü. Hətta indinin özündə belə, bir çoxları Bağırovun bu kitabla bağlı qəzəbinin səbəbini müxtəlif yerə yozur, nağıllar uydurur. Əslində isə səbəb "sadə" idi. Belə ki, 1949-cu ildə Stalin mükafatı alimə Bağırovun "başının üstündən", yəni onun razılığı olmadan verilmişdi. H.Hüseynov həmin dövrdə Partiya Tarixi İnstitutunun direktoru işləyirdi. Aleksandr Osipoviç öz sevimli tələbəsinin "günah"larının səbəbi haqqında söhbət gedərkən dəfələrlə demişdi: "Heydəri yox, məni ittiham edin. O əsəri mən redaktə etmişəm..." Yadımdadır, tez-tez Fəlsəfə İnstitutuna gələn Sara xanım da (Heydər Hüseynovun qızı) öz atasının müəllimi haqqında həmişə ehtiramla danışardı.
Bildiyimiz kimi, Heydər Hüseynov təzyiqlərə dözməyərək 1950-ci ildə intihar etmişdi. Onun dəfnində iştirak edən Firudin Köçərli Universitetin həmkarlar təşkilatı sədrliyindən, Ziyəddin Göyüşov komsomol komitəsi katibliyindən, İrşad Əliyev aspiranturadan qovulmuşdu. Sonralar adlı-sanlı alimlər kimi tanınan bu simaların hamısı Makovelskinin tələbələri idi...
İşdən azad edilən, aramsız təhdid olunan bu böyük alim, bir müddət Türkmənistanda çalışmış, yalnız qanlı-qadalı "Bağırov erası" başa çatdıqdan sonra Azərbaycana qayıtmışdır.
Heç şübhəsiz ki, dünya fəlsəfə tarixinin titanlarından, zirvələrindən biri də Aleksandr Osipoviç Makovelski olub. Hesab edirəm ki, bu böyük alimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görüləcək.
Və nəhayət. Bu yazını işləyərkən, Makovelski ilə, habelə onun şəxsi həyatı ilə bağlı bir sıra materiallarla, sənədlərlə tanış oldum. Öyrəndim ki, böyük alim 1908-ci ildə Vanda Romanovna Zalevskaya ilə ailə qurmuş, onlar 60 il birgə həyat sürmüşlər. 1909-cu ildə onların Sofya adlı qızları dünyaya gəlib. Mənim müsahibim Olqa Alekseyevna məhz Sofyanın qızıdır. Olqa xanımın öz nənəsindən misal gətirdiyi bir şeir diqqətimi çəkdi. Orada belə misralar vardı:
Həyat - əyləncə yox, cəhddir, istəkdir,
Daş-kəsəkli yoldur - gedir Günəşə.
Polad iradəli aqil insanlar
Dözər, tab gətirər yanar atəşə.
Aleksandr Osipoviç Makovelski məhz bu cür polad iradəli
və... zərif qəlbli bir insan olub. O, polyak əsilli Azərbaycan
alimi idi.
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 12; 13.