Alfa nəslinin ədəbiyyatı necə
olmalıdır? -
İndi uşaq ədəbiyyatı
oxucuları Alfa nəsli
uşaqlarıdır, onları
metaforik olaraq "smartfonların övladları"
da adlandırırlar. Alfa nəslinin
ən böyüyü
hələ yeniyetmədir
və sirr deyil ki, onlar bir çox cəhətləri ilə
özlərindən əvvəlki
nəsillərdən fərqlənən
"xüsusi" uşaqlardır.
Məktəbə, dərsliyə,
ümumiyyətlə kitaba
münasibətləri nəinki
birmənalı deyil, əksəriyyəti süni
intellektin hökmran olduğu bu dünyada nəyisə kağızdan oxumağı
gerilik əlaməti sayır.
Yəqin ki, uşaq
yazarları ədəbiyyatı
məhz indiki nəslin yalnız onlara xas olan
bu cəhətlərini
nəzərə alaraq
yaratmalıdırlar. Bu isə
müəllifdən daha
böyük məsuliyyət
tələb edir. İndiki uşaq və yeniyetmələr bir linkdən başqasına sürəkli
keçid edən
"araşdırıcı"lardır.
Əlindəki qacetin ekranından gün ərzində onlarca məlumat əldə edə bilərək dünyagörüşünü formalaşdıra bilir.
Kitab oxumadıqları üçün
onlar heç də geridüşüncəli
və ya savadsız deyillər, sadəcə, məlumat əldəetmə üsulları
fərqlidir. Alfa nəsli
uşaqları kitabdan
oxuyacağını videoformatda
izləməyin tərəfdarıdır.
Daha öncəki nəsillər üçün
"kitab qoxusu"nu hiss edərək
mütaliə daha xoş idisə, Z və Alfa nəsilləri rahatca qulaqlıqda dinləyə biləcəyi
audiokitabları üstün
tutur. Elə isə bu uşaqların
diqqətini maraqsız
mətnlə cəlb etmək mümkündürmü?!
Son illər ölkəmizdə
uşaq ədəbiyyatı
sahəsində canlanmanın,
bu sahəyə marağın artması ilə yanaşı, ona qarşı tələblər də yüksəlib. Nəşriyyatların
sayı çoxaldıqca
çap imkanları
da artır. Zahirən
nəfis tərtibatlı,
gözoxşayan elə
kitablar var ki, məzmunu
ilə tanışlıq
məyusluq doğurur.
Kitab bolluğu nə qədər çox olursa olsun, məktəb
də, valideyn də ilk növbədə,
bir növ, tarixin sınağından
çıxmış klassik
əsərlərə müraciət
edir. Belə olduğu təqdirdə dövrümüzün uşaq
mətnləri artıq
bir addım geridə qalır. Çağdaş uşaq
ədəbiyyatı daim
yenilənən, yeniləşən
proses olmalı və mütləq şəkildə
uşaqların inkişafı
ilə həmahəngləşməli,
ayaqlaşmalıdır. Hər
bir uşaq yazarı öz yaradıcılığı vasitəsilə
bu canlı prosesə az-çox istiqamət verməyi bacarmalı, ona heç olmasa öz rəngini qatacaq qədər təsir edə bilməlidir. Uşaq yazarı klassik müəlliflərlə eyni
mövzunu oxşar məzmunda yazmaqla rəqabətdə uğur
qazana bilməz. Bunun yolu, ilk növbədə,
mövzu və problematika seçimində
aktuallığı nəzərə
almaqdırsa, ikincisi, mövzunu çağdaşlıqla
işləməkdir.
Uşaq mətnləri
uşağın şəxsiyyət
kimi formalaşmasına,
özünə inam hissinin yaranmasına əhəmiyyətli təsir
edir. Janrından asılı olmayaraq uşaq ədəbiyyatının
funksiyalarından biri də əyləncəli və maraqlı olması ilə yanaşı, həm də öyrədiciliyidir.
Bununla belə, uşaq mətnlərində
deklamasiya yolu ilə tərbiyələndirmə,
maarifləndirmə yolverilməzdir.
Çünki uşaqlar
öyrədilmə prosesinin
fərqində olanda öyrənməyə daha
az meyil edirlər. Ona görə uşaq ədəbiyyatının
bir vəzifəsi də təsvir yolu ilə, başqa sözlə, nümunə vasitəsilə
maarifləndirməkdir.
Təbaşirə bulaşmışdı
Dilarənin saçı,
üzü.
Arxayınca gəzirdi
o,
Xəbərsizdi bundan özü.
Qəh-qəh çəkib
gülüşdülər
Yoldaşları onu görcək.
Biri dedi: Üzün ağdır,
Üstünə də təbaşir çək.
Biri dedi: Nə gözəldir,
Nə qəşəngdir
bu görkəmin,
Ağappaqsan, "Qar
qız" olsun
Qoy bu gündən adın sənin.
Biri isə nə söz deyib,
Nə üzünə
güldü onun.
Yaylığını çıxardaraq
Üz-gözünü sildi onun.
Əli Kərimin
"Dilarə" adlı
bu sadə uşaq şeiri axıcı, yaddaqalan olmaqla yanaşı, kiçik, lakin əhatəli təsviri ilə aydın mənzərə yaradır.
Uşaqlar üçün
tərbiyəvi əhəmiyyət
daşıyan mətn
məhz belə olmalıdır. Estetik dəyərə malik bədii
mətn günəşə
barmağını tuşlayıb,
"baxın, bu, günəşdir, dünyanı
işıqlandırır" demir, qaranlığın bağrının günəş
şüasi ilə söküldüyünü göstərir.
Təəssüf ki, bizim
uşaq ədəbiyyatının
əsas problemlərindən
biri göstərmək,
təsvir əvəzinə,
danışmağın\nəqletmənin
üstünlük təşkil
etməsidir. Uşaq məzəmməti, danlağı,
deklamasiyanı sevmir, ona təsir etməyin ən doğru mexanizmi nümunədir. Uşaqlara
davamlı şəkildə
"tərbiyəli olun"
deməkdənsə doğru
tərbiyə nümunəsi
sərgiləmək ən
düzgün seçimdir.
Onlar üçün
yazılan mətnlər
də belə nümunələr üzərində
qurulanda uğurlu alınır.
Məktəbəqədər yaş gələcək mütaliə
qabiliyyətinin inkişafında
ilk addım olsa da, bu yaşda uşaqlar
özləri oxumaqdan daha çox, böyüklərin oxuduğu
mətnləri dinləyirlər.
Sonrakı yaş qruplarında isə uşaq özü sərbəst oxumağı
öyrənməklə yanaşı,
həm də mətnlə bağlı müstəqil fikir yürütməyə başlayır.
Bədii əsər qəhrəmanlarına bağlılıq
uşaqlarda elə ilk
yaş qrupundan başlayır - azyaşlı
tanıdığı qəhrəmanı
xəyalən özünün
dostu, hətta ailə üzvü kimi də qəbul
edə bilər, ondan nümunə götürər və s.
Bu baxımdan uşaq ədəbiyyatının üzərinə
böyük məsuliyyət
düşür. Mənfi
obraz balaca oxucuya elə təqdim olunmalıdır
ki, uşaq onun mənfiliyinin özü fərqində olsun. Yəni uşaqların beyninə sözbəsöz
nəyin yaxşı,
nəyin pis olduğunu yeritmək zamanı çox arxada qalıb. Əgər oxuduğu mətn əlindəki qacetdən daha maraqlı olarsa, uşaq könüllü şəkildə mütaliəni
seçər. Məcburiyyətdən
oxuduğunu isə öyrənsə də, sevməz.
Məncə, bu barədə ən acınacaqlı vəziyyət
vətən mövzusunda
yazılan əsərlərlə
bağlıdır. Problem bundadır
ki, müəllif qarşısına
uşağa vətənpərvərlik
tərbiyəsini aşılamaq
məqsədi qoyur deyə, emosiyalar mətnə yaradıcı
yanaşmanı arxa
plana itələyir. Bunu
bilərəkdən etməsələr
də, uşaq ədəbiyyatı mütəxəssislərinin
müəlliflərdən bu
həssas mövzuya həssas münasibət gözləməyə, hətta
tələb etməyə
ixtiyarı var.
Bədii ədəbiyyatın
estetik əhəmiyyəti
tərbiyəviliyi qədər
önəmlidir. Uşağın
təkcə nəyi öyrəndiyi deyil, necə öyrəndiyi də böyük əhəmiyyət kəsb
edir. Nitqin düzgün inkişafı,
doğru söz və ifadələrin seçilməsi kimi mühüm məsələlər
evdə valideyndən,
bağça və məktəbdə müəllimdən
öyrənilməkdən daha
çox, bədii ədəbiyyatdan mənimsənilən
bilgilərdir. Başqa
sözlə, uşaqlar
üçün yazılan
əsərlər məzmun
və ideya ilə yanaşı, nəzəri cəhətdən
də təhlilə cəlb edilməli, mətnin psixoloji əsasları ilə birgə estetik tərəfləri, yəni
uşaqlara təkcə
nəyi deyil, həmçinin necə öyrətdiyi də müzakirə olunmalıdır.
Bütün hallarda, bədii ədəbiyyatın
əsas alətinin söz olduğu unudulmamalıdır. Söz
bədii tutumdan xali olduqda mətn
bədii əsər olaraq dəyərləndirilə
bilmir. Çağdaş
uşaq ədəbiyyatında
isə müharibə
mövzusunda yazılmış
nümunələr əksər
hallarda uşağın
qəlbinə toxunmur,
sadəcə, ağlına
xitab edir.
Nümunə üçün
deyək ki, uşaq yazarı Çinarə Köçərlinin Qarabağ
müharibəsi və
qələbəmizlə bağlı
"44 gün Qarabağda",
"44 gün Qarabağda.
Şuşa fəthi",
"Qorxmaz bir macəra" kitablarında
publisistik ton bədiiliyi
xeyli üstələyir.
Hekayə adı ilə təqdim olunan bu mətnlərdən
birinə müraciət
edək: "Qubadlı
rayonunda şəhər
döyüşləri gedirdi.
Nicat və döyüş yoldaşlarına
müxtəlif mövqe
və yüksəkliklərdə
döyüş əmri
verilmişdi. Ağır
döyüş əməliyyatında
qəhrəman döyüşçülər
düşmənin xeyli
itki verməsinə
nail olmuşdu. Düşmənin
şəxsi heyəti,
canlı qüvvəsi
məhv edilmişdi. Hərbi texnikası sıradan çıxmış,
ordumuz tərəfindən
xeyli silah-sursat ələ keçirilmişdi.
Qorxaq düşmən
meydandan qaçarkən
cəsur Azərbaycan oğulları qələbə
sevincini yaşayırdılar.
İgid Azərbaycan oğullarından ibarət
taqım verilən tapşırığın öhdəsindən
layiqincə gəlmişdi.
Göstərilən yüksəkliyi
qısa zaman ərzində
düşməndən azad
etmişdi. İndi əsas
əməli etməyin
vaxtı çatmışdı.
Şanlı, şərəfli
üçrəngli bayrağımızı
azad edilmiş yüksəkliyə sancmağın
zamanı idi." Bu, bircə abzaslıq nümunədir, uşaqlar
üçün nəzərdə
tutulmuş bu kitabın, əslində, uşaqlarla, elə bədii sözlə də əlaqəsi çox azdır.
"Dostumun zirvəsi" hekayəsinə baxaq:
"Döyüşün çətinlikləri
onu əsla yormurdu. Əksinə, hər yeni qalibiyyət əhvalına xoş təsir edir, dostları ilə birlikdə sevinirdi. Ta ki dostu İqbalın düşmən gülləsinə
tuş gəlməsinə
qədər. Bu hadisə
İsraili çox sarıtmışdı. Özünə
heç cürə gələ bilmirdi. Digər dostu Əkbərin: "İndi daha
da güclü olmalıyıq.
İndi sarsılmaq zamanı
deyil. Düşməni
həm də İqbal
üçün məhv
etməyə çalışalıyıq"
sözlərindən sonra
yenidən özündə
güc topladı. Torpaqların alınmasında,
xüsusən Talış
yüksəkliyində davamlı
igidliklər göstərdi."
Uşaqlar üçün
nəzərdə tutulmuş
"44 gün Qarabağda"
adlı hekayələr
kitabının hər
iki cildinin ümumi üslubu, dili sonadək bu tonda davam
edir. Bu mətnlərin
əksərində bədii
situasiya, bədii
element yoxdur, hadisə
yerindən reportaj kimi nəqletmə, xatırlatma isə mətni tamamilə ədəbi estetikadan uzaq salır. Nəticədə, uşaqlar
üçün yazılmış
hekayələr yox,
milli qəhrəmanlar, şəhidlər
haqqında oçerklər,
xatirə yazıları
oxuyuruq. Burada təhkiyəçinin uşaq
olması da vəziyyəti
publisistik ahəngdən
xilas edə bilmir. Hekayənin özünə xas xüsusiyyətləri olduğunu
nəzərə alaraq,
Çinarə Köçərlinin
bu kitablarındakı
bütün mətnləri
janr etibarilə hekayə adlandırmağa
çətinlik çəkirik.
Bir müəllifin hekayə
adı ilə təqdim olunmuş mətnləri əsasında
bəhs etdiymiz bu hal, təəssüf
ki, vətənpərvərlik mövzusunda yazılmış
əsərlərimizin əksəriyyəti
üçün keçərlidir.
Xüsusən son bir neçə ildə 44 günlük müharibə
və qələbəmizi
əks etdirən uşaq mətnləri müharibə əhvali-ruhiyyəsi
və qələbə
sevincindən çox,
hay-küyü, şüarçılıq
və aşırı
pafosu ilə öndə olduğundan heç bir təəssürat yaratmır
və yadda qalmır.
"Ə.Cəmilin bir sıra müharibə
mövzulu əsərləri
uzun illərdir ki, məktəb dərsliklərindən
düşmür. Buna səbəb
bu uşaq əsərlərinin portret
və lirik mahiyyətli obrazlılığı,
həmçinin, məzmun
və məna baxımından böyük
tərbiyəvi əhəmiyyət
daşıması ilə
izah oluna bilər. "Şaxta
baba" və "Can nənə,
bir nağıl
de!" əsərləri bu
baxımdan xüsusi qeyd olunmalıdır."
Uşaq ədəbiyyatı
mütəxəssisi Füzuli
Əsgərlinin bu fikirlərini ümumiləşdirib
sözlə uşaq ruhuna toxuna bilən
bütün nümunələrə
aid etmək olar. Uşaq yalnız onu sözün sehrinə qərq edən, əhvalatdan daha artıq təəssüratı ilə
təsir gücünə
malik olan əsərləri
yaddaşının bir
küncündə qoruya
bilir.
Vətəni sevdirmək
üçün onun yolunda ölümə getməyi təbliğ etmək, pafoslu şüarlar səsləndirmək
ədəbiyyatın vəzifəsi
deyil. Küçədə
konfet yeyən uşağın kağızı
zibil qabına atması, zibil qabı tapmayanda onu hələlik cibinə qoyması kimi bir detalın
təsviri belə, həm əxlaq nümayişi, həm də qorumaq anlamında vətənpərvərlik
təbliğidir. Axı
onsuz da kitab oxumağı
sevməyən Alfa nəsli
uşaqlarının diqqətini
şüarçı, deklamativ
mətnlərlə cəlb
etməyə necə ümid etmək olar?!
Sahənin mütəxəssisi
filologiya elmləri doktoru Elnarə Akimovanın da "Uşaq
ədəbiyyatının praktik
imkanları: mətn və onun bədii
təsir gücü"
məqaləsində qeyd
etdiyi kimi, uşaq ədəbiyyatı
yaratmağın məsuliyyəti
başqadır - müəlliflər
uşaqlar üçün
nəzərdə tutduğu
əsərləri onların
psixolologiyasına və
mütaliədən gözləntilərinə
dərindən bələd
olmadan ərsəyə
gətirirlər. Mütəxəssisin
fikrinə şərik
olaraq qeyd edək ki, vətənpərvərlik,
xüsusən də uşaq ədəbiyyatında
manipulyasiya ediləcək
mövzu deyil: "Vətənpərvərlik duyğuları
bu cür ritorik, şablon deyim şəklində uşağa təqdim olunmamalıdır. Ən azı ona görə
ki, bu gün doğulan uşaqlar gözlərini açan kimi qulaqlarını yağır edən bu cümlələri çox eşidirlər...
Biz, sadəcə, onlarda
mövzuya həssaslıq,
sözə isə konkret fikir və
emosional tutum aşılamalıyıq, müharibənin
şəklini çəkməliyik
sözlə, yaşanan
ağrıları misra-misra
yaratmalıyıq onların
gözləri önündə."
Bu fikirlərə sözardı
olaraq qeyd edək ki, uşaq ədəbiyyatı onlara qələbəmizin necə
çətinliklərlə ərsəyə gəldiyini
anlatmağın, qəhrəmanları
tanıtmağın məhz
bədii sözdən
keçən yolunu tapmalıdır.
Xüsusən müharibə
ağrısını yaşamış,
alovu üzünü qarsmış yazıçı,
şair üçün
predmetin estetik yönünə fokuslanmaq
yüksək peşəkarlıq
tələb edir. Uşaqlar ədəbiyyatı
yalnız ideya və məzmun olaraq öyrənməməlidirlər,
bədii mətn onlara etik və
estetik olanı bir arada, bütöv,
tam olaraq təqdim edə bilməlidir. Bunun üçün uşaq ədəbiyyatı müəlliflərinin
əsərlərini çap
mərhələsinə qədər
mütəxəssisə təqdim
edib rəy alması, ciddi redaktorlarla işləməsi
vacibdir. Bu təcrübəni
tətbiq edən yazarların işi təqdirolunasıdır. Çünki
uşaqların seçim
imkanı, demək olar ki, yoxdur. Onlar qarşılarına qoyulan mətni oxuyub mənimsədikcə
sənətlə bağlı
anlayışları da formalaşır.
Bu gün uşaq ədəbiyyatı yarlıkı
ilə çap olunan, uşaqların kitabxanasını bəzəyən
dizaynı, illüstrasiyaları
ilə göz oxşayan xeyli rəngarəng kitablar var
ki, onların haqqında
"bu, həqiqətən,
bədii ədəbiyyatdırmı?"
sualını verməli
oluruq.
"Uşaq niyə mütaliə etməlidir?"
sualına cavab arayarkən həmişə
qeyd edirik ki, bədii mətn onlara xəyallarının
üfüqlərini genişləndirmək
imkanı yaradır. Mütaliə uşaqların
həyata baxdığı
çərçivədən başqaları ilə yanaşı, həm də özü ilə tanış olduğu bir pəncərədir. Bədii
ədəbiyyat uşağa
yalnız yaxşı
olanı təqdim etmək, "yaxşı
budur", "bu, yaxşıdır" şəklində
təlqinlərlə öyrətməməlidir.
Yaş xüsusiyyətlərini
nəzərə almaqla,
xeyirlə şər,
pislə yaxşı arasındakı fərqi müəyyənləşdirib müsbət olanı seçməyi uşağın
ixtiyarına buraxmaq lazımdır. Müəllif
yaxşını, güclünü,
haqlını uşağa
elə sevdirməlidir
ki, balaca oxucu ona nəyin təlqin edildiyinin fərqində olmadan sevsin, seçimin onun özünə məxsus olduğunu dərk etsin.
Bu gün uşaqlar mütaliə etməyi çox sevməməklərinə
rəğmən əksərən
dünyagörüşlü, erudisiyalıdırlar. Buna görə
onların kitabda gördüyü dünya
yaşadıqları reallıqdan
kəskin fərqlənməməlidir
- dinamikası, enerjisi
etibarilə yaxın olmalıdır. Estetik davranışın formalaşaması
üçün isə
biz böyüklər onların
yaş xüsusiyyətlərinə
uyğun vərdişlər
formalaşdırmağa çalışmalıyıq.
Uşağın hələ
yaxşını pisdən
ayrımaq kimi bir təcrübəsi yoxdur; o, hansı kitabı oxuyacağı barədə seçimə,
demək olar, malik deyil. Tərtibat, şəkillər uşağı
aldada bilir və belə bir kitabda təqdim
olunan mətni yaxşı olaraq qəbul edir. Böyüdükdən, müəyyən
bir intellektual bazaya malik olduqdan sonra oxucu seçim
imkanına malikdir, uşaqlar isə yalnız onlara təqdim ediləni oxuya bilirlər. Odur ki, valideyn və məktəb bədii mətn seçimində, yazar isə mütaliə üçün nəyi təqdim etdiyi məsələsində həssas
davranmalıdır.
Uşaq mətnlərində
müəllif qədər
redaktorun da üzərinə
böyük məsuliyyət
düşür. Onun işi yalnız mətnə texniki düzəlişlər etməkdən
ibarət olmamalıdır;
əsərin nə dərəcədə uşaq
mətni olduğu, müəllif məramının
nə dərəcədə
reallaşdığı barədə
yekun qənaəti verməlidir. İndiki plüralizm şəraitində
kim nəyi necə istəyir, yazır və çap etdirir. Amma müəllif işin məsuliyyətini dərk
edərək məqsədini
bir daha nəzərdən keçirməlidir:
seçimi uşaqların
oxuyub sevəcəyi, fayda görəcəyi mətn yazmaqdır, yoxsa kitabı çox satılan yazıçı olmaq. Fikrimizcə, uşaq ədəbiyyatı bu sahənin ən güzəştsiz istiqaməti
olmalıdır. Çünki
uşaq ədəbiyyatı
yaratmaq gələcəyi
yaratmaq deməkdir.
Mətanət
VAHİD
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 14; 15.