Hekayə
Qarovulçu
adəti üzrə, sübh namazına qalxıb boyun-boğazına
soyuq su çırpdı. Yaxşıca
yuyunub qurulandı, dəstəmaz aldı. Eşiyə çıxıb,
həyət-bacaya kənardan
göz gəzdirdi, əlinin bərəkətinə
baxıb qürrələndi.
Hər şey cağbacağ yerində: bağ-bağat tər-təmiz,
vaxtaşırı bolluca
su verib, əkib-becərmişdi, özü
demişkən, gül
gülü, bülbül
bülbülü çağırır,
baxdıqca, qulluğunda
durduqca təravətlənir,
nazlanırdı. Bax, budey, qoca bağbanın
ruhunu oxşayan güllər, - min cür rəngləri, ləçəkləri, laləzar
çəmənlik, alağı,
çör-çöpü yox, bal tök
barmaq yala və divar boyu
cərgələnmiş bol-bəhrəli
meyvə ağacları:
hamısı, hamısı
ətə-qana gəlmişdi...
...İntəhası, neyniyəsən ki, iş tərs gətirəndə, xəşil
diş sındırar...
Ağzı yumulmuş
bayquş hardan peyda oldu?
Və qərib
gecələrin birində
qəfil gəlişi
ilə necə ulamağa başladısa,
ipin ucu qırıldı, kələfi
pozuldu... xeyir-bərəkət,
hörmət-izzət - hər
şey yağlı əppəy olub qeybə çəkildi...
İki həyət
o tərəfə, bayquş
özünə, sanki
cəhənnəm yuvası
qurmuşdu: deyilənə
görə, sahibi nə qələt eləmişdisə, tutub içəri salmışdılar,
hələ indi də cəzasını çəkir...
Düşər-düşməzinə
görə yaxın durub almaq istəyən
yoxuydu, ot-əncər,
qurd-quş basmışdı
oraları.
Bəduğur bayquş,
qolu-qıçı qırılmış,
qaşına-qaşına, gəlib keçmişdi kor ocaq başına,
qaranəfəs zinhar tökməyə başlamışdı...
Və bir gün, bağın yiyəsi işə gedərkən, dönüb
gözətçinin şüşəsini
döyəclədi. Ədəb-ərkanlı,
təmkinli bir adam qəzəbindən bulud kimi tutulmuşdu:
"A kışşiii!.. - salamsız-kəlamsız, heç
vaxt olmadığı
kimi... - O tərəflərdə
neçə gündü
bir bayquş donqarıb, gecələr ulamaqdan yorulmur. Görürəm, heç
vecinə deyil sənin, ancaq mən onun səsinnən
yata bilmirəm bütün gecəni, qor dolur yatağıma..."
Bağın yiyəsi
qulluq sahibi idi, diqqətcil, böyük-kiçik bilən,
hamıya əl tutub hayan duran.
Heç bircə gün keçməmişdi,
səhər yenə işə gedəndə, əlinin işarəsiylə,
acıqlı soruşdu
ki, nooldu?!
- Allahın quşudu
da, məəllim... - Demişdi ki, qarovulçunun sözünü
kəsib, sifətini turşutdu:
- A kişi! Bura bax, Allahnan nə işin var sənin!? Lənətə gəlmiş
o quşu tapıb vurmaq lazımdı! Tüfəngi havayı yerdən nə söykəmisən o divara?
Neynirsən elə, bilmirəm, əlinə duz bas, yuxuna zəhər qat... amma yum onun
ağzını! Səsini
eşidən kimi, ətim ürpəşir...
O, nə fikirləşdisə,
duruxdu, yaxın gəldi, könül alırmış kimi, səsinin avazını aşağı salıb:
- Səən
gəl, eşit məni, əmi! - dedi. - Yadındamı, kənddə başıma
gələnlər? Rəhmətlik
dədəm, sənin
dostun, sonralar danışırdı ki, bəəəsss,
mən bələkdəykən,
elə qırxım çıxan günü,
anam gəlir məni yelləməyə.
Görür nəəə???
Baaaxxx, bu sinəmin üstündəcə,
bir boz gürzə
...qıvrılıb yatıb.
Qorxudan, nə təhər haray-həşir
salırsa rəhmətlik
anam, hamı tökülüb gəlir...
İstəyirlər öldürsünlər,
babam, yaranal bir kişi ürəkli
cumub, təpinir onlara. Salavat çəkib ovsunlayır,
"çıx get, Allahın heyvanı",
- deyir, - "çıx
öz yolunla get, yuvana çəkil!"
İlan, ovsunlanmış
kimi, başın qaldırıb fısıldayır,
açılıb düşür
beşikdən, otluğun
içinnəncə qeybə
çəkilir...
O, qarovulçunun papirosundan birini götürüb yandırdı. Meyli olmasa da, acı tüstünü şövqlə
çəkdi ciyərlərinə:
- Həə,
sonralar babam deyərdi ki, düz eliyib qoymadım, bala, bu, bəxt
ilanıydı, günahdı,
öldürmək olmazdı
onu... Belə ilanlar hər yetənə pənah gətirib sinəsində yatmaz... Görürsən
də, a kişi, məəəənnn, ilanla
da yola gedənəm...
Sən gəl, tovlama mənim başımı! Nə gizlədim, bayquşun özünnən də, səsinnən də zəhləm gedir. Yuxum zinhar olur...
Vur, rədd elə onu, sən
allah...
Qarovulçu uzun,
arğac kişiydi, həyəcanlananda soyuq tər basırdı, gözü-qaşı əsirdi.
Hiss edirdi ki, kotan kimi
bərk kötüyə
ilişib. Papirosdan bir qüllab vurub, fikrə getdi. Dərdini kimə desin, bu işə necə əlac eləsin?!.
Neynəsin yazıq,
haranın daşın
salsın başına?!
Hardan uçub gəldi qanadı qırılmış, qocanın
ağrımayan başına
necə dəsmal bağladı?!
Adama ta nətəhəər deyərlər:
ya bayquşu öldürüb ağzını
yummalı, ya da, onun yerinə
özün rədd olub getməlisən!..
Yaman yerdə axşamlamışdı, burda
deyillər eee... "heç bayquşun da dar olmasın
qəfəsi!.."
***
Tələsik həyətə,
qoşa qol kimi çarpazlaşan küçəyə çıxıb,
çökdü qapının
ağzındakı oturacağa,
yanğısını söndürürmüş
kimi, papirosunu axıracan, lap sinəsi dolanacan çəkdi. Həyət-bacalardan,
dolaşıq məhlələrdən
burulub gələn yellər onun tərləmiş qasığınacan
yayılıb can verdi.
Əyri döngənin
o başınnan gələn
hənirtiyə çevrildi.
Üzbəüz bağın
gözətçisi şellənə-şellənə
gəlirdi, qoy görək, az idi arıq-uruq, biri də gəlsin
dabanı cırıq...
Qarovulçu ağzını
əydi: "Bayquşun
dimdiklədiyi həşərat
da yaxşıdı bunnan, qələt eləyib beləsinə əl uzadıb, ürək açarlar, ay başıboş?!"
Ertəsi gün,
it tayadan düşməmiş, qapıbir
həyətin yolunu birgə təmizləyəndə,
o, dilini dinc qoymadı, bayquş söhbətini açıb
məsləhətləşdi qonşu gözətçi
ilə, "əl tut, köməkləşib,
bir yerdə bu işə bir əncam çəkək", - dedi.
Zalım balası o gedən yağlı əppəy olub, yoxa çıxmışdı,
gündüzlər itir,
gecələr çıxır
üzə - bayquş
kimi... Bütün günü də dəm, o qədər vurur ki, iylənib
cəmdəyə dönür...
"Bir bayquşun
kor nəfəsinə
dəyməz, dingiş
köpəyoğlu!" - qarasınca
deyindi onun. - "Budey, genə hardansa doldurub tuluğun, şalvarın darta-darta, elə yeriyir, elə bil, qırx eşşəyin sağınınnan
gəlir..."
Sıtqı sivrilmiş
kimi, yelləndi: "Qoy yaxın gəlsin qaranəfəsin
balası, görək
harda qurtdanırmış..."
Qonşunun sidik
kisəsi tez-tez qızdırırdı, yanpörtü
yeriyir, qasığını
sıxıb təntiyirdi,
elə ki, içdi, tablaşa bilmirdi, topuğun isladırdı... Yeddi qarış aralı iydən adamın ödü ağzına gəlir, qarmaqarışıq
cecə arağınnanmı,
ya peşovdanmı - bilmək olmurdu...
Hallı idi, qanı coşmuşdu. Çatan kimi, zarafatla: "Bayquş ovçularına eşq olsun!" - dedi və çırtma çalıb, qafiyə tutdu:
- Səən, qadasın
aldığım şair
Vahidin rübabına bir baax:
"Öz xəlqinə
hər kim mey içib, versə əziyyət,
Olsun yeri bayquş kimi, viranələr içrə..."
Baxdı ki, sözləri havada qaldı, duruxdu. Qocanın qanı qara, heç əhvalı yox və günahını yuyurmuş kimi, canıyananlıqla soruşdu:
- Həə, qonşu,
nooldu bəəə sənin xozeyinlə söhbətivin axırı,
nə qərar verə bildiniz?
- Nə bilim, eeee... - qoca güllə kimi açıldı - elə
o gedən itmisən, bilmirəm, sən havaxt yaralı bir barmağa zad eliyəsssən?!
Qonşu gözətçi,
elə bil sözə bənd idi, ayaqlarını cütləşdirib, təzim
etdi:
- Bəəə çeeeşşşmmm!!!
Məəən haaazıır...
mən sənin qulluğunda, ağsaqqal, mən ölüüm! Yağlayaq tüfənglərimizi,
ataq partapart. Hamını, bütün
məhləni bezdirib,
yemək-içməyimiz də
zəhər, gülləboran
eləməsəm, onda
içdiyim haram ola...
- Hə dəəəə...
Kişi içini çəkib, qonşunun sözünə dəstək,
özünə ürək-dirək
verdi. - Gərək səbrimizi basıb, yaxşıca güdək
onu, axırına çıxaq, andır səsi bit-birə kimi daraşıb canımıza... Çox sırtıq quşdu, gözdüyür, əl-ayaq
yığışannan, hamı
yatannan sonra, yuxunun şirin vaxtındaca, şonquyub qonur buralara, səsini də atır başına, ağzıyumulmuş, ula ki, ulayasan... Viran qoymasa buraları,
bir qismət çörəyimizə bais
olmasa, əl çəkən deyil!..
Və dəmiri
isti-isti, səbirsiz sözkəsdi elədi:
- Bir şüşə
cecən məndə,
sən öl!.. Qutaraq ee bu
işi, təhər-töhmətdən
abrımız getdi...
- Meysiz-badəsiz də
düzələr, əmican!
Od qonşusuyuq, ayıb dööyüülmü?!
Bağladıq söhbəti,
amma gərək əvvəlcə, barmağımıza
duz basıb əməlli-başlı güdək
o şoğəribi...
***
...O günnən qarovulçu bir əlçim şirin yuxuya həsrət qalmışdı, qara-qura
fikirlər beynini qarışdırır, qəlbini
əzirdi... Elə ki, gözünün hovunu almaq istəyir,
rəhmətlik arvadı
yuxusuna gəlir, ah-naləsi qulaqlarına dolur, vay-şivənlə,
ölüsünü qoyub
dirisini ağlayır.
"Gəl ay kişi, yalqız qoymusan məni, heç itirib-axtarmırsan,
yada salmırsan, yeddi ağac uzaq gəzirsən məndən... Gəl, hardasan?" - deyib fəryad qoparır.
O, dikəlib yatağında
çöməldi. Vallah,
bayquşun nəfsi, nıfsıdı bu yuxular, başı əzilməlidi, gözü
çıxarılmalıdı...
Fikirlər çözələnir,
qara-qura xatirələr
közərir, cızdağını
çıxarırdı.
Qızının, cavan
ikən, nifrət elədiyi səfeh bir tayfanın çiy süd əmmişinə qoşulub
qaçmağı, elə
o gedən, hansı cəhənnəmdəsə itib-batmağı,
vəfalı arvadının
balasını haylayıb
dərdindən azara düşməyi, əriyib
çöpə dönməyi
və bir gecənin dar vaxtında, ərinin qolları üstündəcə
can verməyi... Özünün isə, çölə-bayıra çıxmadan,
qırx gün, qırx gecə bayquş kimi ulaması, uşaqların
təhər-töhmətinnən sonra, başını qatmaq üçün, dostunun oğlunun istəyilə, onun evinə gözət çəkməyə razılaşması,
bağ-bağata dərhal
isinişməsi və
işlərinin sahmana
düşməsi, ali
məktəbə qəbul
olan oğul nəvəsinin vaxtaşırı
ona baş çəkməsi, hər
şeyin öz axarına düşməsi
bir titrək kölgə kimi gözlərinin qarşısından
gəlib keçdi.
Di gəl ki, bayquşun qəfil gəlişi, özü də bu tərəflərə köç salması sahmanı pozdu, hər şeyi zəhrimara döndərdi,
zəqqutun elədi...
Hə, necədi,
atam balası, di çıx görüm, bu düyünnən?! Dartıb
üzərsən, ipin
elə yerdən qırılar ki, el yığıla, ilgəh tapılmaz.
***
...O günü nəvəsi
babasını yoluxmağa
gəlmişdi, əli
çatan pay-püşlə.
Düzdü, Allah rizası, bağın yiyəsi, urvatlı, mərdanə bir insan idi, qoymazdı
bir çətinliyi olsun onun, amma
nəvədi, payı
da özü kimi şirin... Ancaq budəfəki gəlişi ilə o da bir yandan
korladı işləri.
Babasının təlx
olmuş əhvalının
səbəbini biləndən
sonra, atası kimi, qırsaqqız olub yapışdı onun yaxasından, elə bil dilotu
yemişdi.
"Baba, sən
nə danışırsan,
güllə nədi, vurub öldürmək nədi?! Köhnə təfəkkürünüzü bir qırağa qoyun?! Bayquşun sizinlə nə işi, öz həyatıdı, yaşayır...
Bəy quşudu ee bu, bəy
quşu! Necə qıyıb güllə ata bilərsən ona, ay baba?!"
Zalım balası,
elə bil, dərs deməyə gəlib bura: bildiklərini, oxuduqlarını
hüdüləyir, babasını
bu nainsaf yoldan çəkindirmək
üçün gözünü
qırpmadan danışırdı:
"Bilirsən, babacan,
dəcəl balaları
analarının ağuşuna
birdən atlanır deyin, cırnaqları anasının gözünə
batıb kor edər, o da müdrik səbirlə dözər, ağrıyıb-acımaz,
sevər öz çağalarını... Bax,
elə ona görə də miflərdə adına
"Ana bayquş"
deyirlər."
Qoca özü
də uşaq vaxtlarından görürdü
ki, hamı bayquşun zəhmindən,
naləsindən qorxur,
yerindən duran onu lənətləyir, qovur, daşlayır, qarasınca deyinir.
İlahi, binəva
quşcuğazın alın
yazısımı bu?
Yoxsa, belə hədyanlarla gecələrmi
əriyəcək, xarabalıqlarmı
qeyb olacaq? Ya yazıq quş
bayquşluğundanmı çıxacaq?!
Baba dizini uzadıb nıqqıldadı:
- Düzdü, "bayquş
necədirsə, şöhrəti
də elədir" məsəlini mən də eşitmişəm.
Amma a bala, neynəyəsən ki, bayquş xarabalığı
seyrangaha dəyişməz,
viranəliyə köç
salar... Burdan da, bağın yiyəsi dirəşib. Daşlamağınan, qovmağınan
gedəndi, ya ağlı olan da bayquşa güllə atar?!
Bu söhbət
çıxandan, kişinin
yaddaşı təzələnib,
dərin dərələrdən
yel çəkir, canında simləyirdi. Uşaqlıq çağları,
el-obanın yaşam tərzi, inancları, daşlaşmış adət-ənənələr,
kənd arvadlarının,
heç nə yox, tək elə
bu bayquşla bağlı qorxuları, təşvişlə keçən
gecələri, "üzü
bülöv həşərat!"
deyib daşladıqları,
çarəsiz qalanda
gecələr damların
hündür yerinə,
bayquşu diksindirib qaçırdan qırmızı
parça bağlamaları,
qapıların cəftəsindən
pişikcırnağı asmaqları,
anaların körpələrin
döşünə alaqurşaq
dağdağan budaqları
tikməyi...
Zaman dəyişir,
inanc, vərdiş, etiqad və... onu yaradan insanlarsa
dəyişmir...
Bayquş da ki, öz bayquşluğunda...
Çox qəribə
quşdu, heç bir canlıya qoşulmadan, tək-tənha
dolanır və sanki lal sükutun,
sirli kainatın və mübhəm gecələrin, özü
ilə gizlətdiyi sirlərin keşiyini təkbaşına çəkmək
istəyirdi.
"Sən onun
ildırım gözlərinə
baxmısanmı, baba,
gör qaranlıqda necə alışıb-yanır?!
- deyir nəvəsi. -
Ölü can yeməz, bərk dimdikləriylə təbiəti
qurd-quşdan təmizləyər,
qaralayıb şığıdığı
ovunu-qovunu boşuna buraxmaz... Beyni, qan damarları dayanmadan qaynayar, boynu, fəqərə sümükləri çevik
- bədənini bir səmtdə saxlasa da, başını tam bucaq altında
fırlada, qaranlığın
hər qarışını
görüb izləyə
bilər. Qulağı,
heç bir canlıda olmayan kimi, darı dələr. Eeeee, ay baba, onun
adıyla o qədər
miflər, nağıl,
rəvayətlər var
ki... Yormuramsa, qulaq as, bəlkə
quşunu oğurlayıb,
əlini nahaq qana batırmaqdan qoruya bildim..."
Nəvəsi dil-boğaza
qoymur: "Bayquş sizə neyniyib, hə, baba? Onun uğursuzluq, ölüm xəbərçisi
olmağı uydurmadı,
vallah, inan mənə! Gözləri
qaranlıqda parlayır
deyə, böcəklər,
xırda həşəratlar
çaş-baş qalıb
onun işığına
doğru gedir, ovuna çevrilirlər. Bilirsən, baba, bayquşun müdrikliyi həm də türk şamanlığından
gəlir. Şamanlar, hətta papaqlarına bayquş tükü taxarmışlar..."
Baba başı
ilə təsdiqləyib,
bığaltı gülümsədi:
"Vallah, belə baxıram, bu uşaq mənnən ağıllıdı, nəyi
düz demir axı... Allaha acıq gedər, ahıl vaxtımda qanamı calayım özümü?! Bu qədər ömür yaşa, axırda da gəl günaha
bat, bir bayquşun qanına bais ol? Qanmırlar
ki, bayquşun dalınca düşən,
xarabalığa gedib çıxar... Neyniyim, haranın daşın salım başıma, öz xoşumla cəhənnəmə gedim?
Günahsız bir quşnan nə işim, qarğış yiyəsi eləmə məni, ya Rəbbim!
İnsaf ver,
uçurt onu buralardan... Hara gedir-getsin, dalınca da qara yellər!.."
Bu düşüncələrlə həyəcanlanıb nəvəsinə
könülsüz qulaq
asan kişi qeyri-ixtiyari söhbətə
qoşuldu:
- Sən
düzsən, bala, bilirəm, çoxdu belə rəvayətlər.
Mənim rəhmətlik
dədəm, sənin
ulu baban, danışardı
ki, Allahın izniylə,
bütün canlıların
dilini bilən Süleyman peyğəmbər
bayquşu fərasətinə,
bacarığına görə
mükafatlandırıb, "sən bunnan sonra daha qida
axtarmayacaqsan" deyib.
Ona görə məsəl
var: "Bayquş başın
tək istər və qidası ayağına gələr..."
Nəsə... Boş
söhbət dananı
qurda verər. Kəmhövsələ baba nəvəsiylə
söhbəti burdaca tamamlamışdı və
o gedəndən sonra,
arxasınca bir parç su atıb dua eləmişdi və bir müddət
özünə gəlmədən,
eşitdiyi ilə gördüyü arasında
naəlac qalıb karıxmış, rahatlığı
ərşə çəkilmişdi...
***
Qarovulçu, yatağında
eşələnib sakitləşmək
istəyir, amma nə fayda, qara-qura fikirlər beyninə pərçim olub, əl çəkmir.
Yer üzündə nə qədər həşərat
növü varsa, bir o qədər də insan var: barmağının ucundan
tutmuş burnunacan - təkrarsız və bənzərsiz. Yazı yazan hamısını fərqli yaradıb: bir-birinə bənzəyən
canlı varmı, hərənin öz taleyi, yolu və
qisməti. Biri ölür,
birini öldürürlər.
- Qoca duyğulandı.
- Dərdi hərə
bir cür çəkər: için-için
ölən də, çölün-çölün əriyib sönən də... Hər canlı öz dərdinin daşıyıcısı
- sənin yaşadıqların
isə başqasına
çox uzaq gələr. Dərd - dərd çəkənindir!..
Get naxıra, gəl axura - heyvan ömrüdü, naxırla
axur arasında fərqi bilməyənin yaşamasına nə lüzum?! - rəhmətlik
atası yaman demişdi. Dörd fəsli, yaxud bir ili fərqsiz,
vecsiz yaşayan, ağzının tamını,
sözünün zamını
bilməyən, rəngləri
seçib ayırmayan
adamları görəndə,
deyərdi ki, beləsi,
ömründə bir istiot qırmayıb hələ... İndi bu qabırğası qalınlar
yorulmadan, usanmadan vurub yıxır, ovlayır, çapıb-talayır,
yeri-göyü uçurur
və qan tökür!..
Zəmanə xarab olub, üzü çönüb, bayquş
da yalan olub, qaranca elə hədyan, nifrin tökürlər ki, az qala yeddi arxa
dönəninin yeddi qatınnan keçə...
İlanın zəhərindən,
qurdun zəhmindən qorxuruq, ayının gücündən, bayquşun
səsindən... Hər
canlıya bir ayama qoşuruq: at kişnəyir, it hürür,
qoyun mələyir, xoruz banlayır, bülbül oxuyur - hərəsinin bir həyat tərzi, dili, səsi və naləsi...
Görəsən, bülbül
gecələr gəlib
oxusaydı və insanların yuxusuna haram qatsaydı, ona nə ayama
qoşardılar?!.
Bayquşun qəmli
səsi gecəni başına götürmüşdü,
haylanır, hallanır
və elə bil etiraz edirdi:
məəəəəənnn, mən, ulamıram! Açın qulaqlarınızı
eşidin: mən səslənirəm, dünyaya,
kainata car çəkirəm, ey dilimi bilən, məni anlayanım, hardasan?..
Cınqırını çəkmədən, səsinin
dalındaca gizlənən
o qədər canlı
var ki!?. Yazını tərsinə oxuyanlar, ayrı düşünüb,
özgə hava çalanlar?
İnsan - canına
qorxu düşən kimi, min hoqqadan
çıxır, nağıl
qoşur, mif uydurur, dua edir,
nə bilim, cadu qurur.
Qorxu isə... sonda qəddarlaşdırır
və ölüm gətirir!..
Gördüyün qorxunun,
duyduğun fəlakətin,
nə vaxtsa, qabağını alıb
dəf edə bilərsən, yaxşı
bəs, heç vaxt ağlına gətirmədiyin, gözləmədiyin
və qəfil ildırım kimi başına şığıyan
qarğışlar, latayır
söyüşlər, yellər,
fələyin gərdişi
və səni qəfil çuğlamış
qara talelər - bunların əlindən hara qaça bilərsən?!
Min illərlə
məskən saldığı
doğma yurdunu, insanların zülümlə
qurduğu ev-eşiyini
başına necə uçurtmaq olar? Vətən bilmədən,
sərhəd görmədən,
ədalət gözləmədən...
Bəyəm, bəşər
övladı hamısı
bir Allahın bəndəsi deyilmi? Niyə müxtəlif dinlər və dillər hamını arzuladığı və
istədiyi bir sülhə qovuşdura bilmir?
Eehh, ay qoca, sən belə düşüncələrlə
çabala, indi gör bayquş nələr düşünür
və necə baxır bizə? Görəsən, onun qaranlığın bağrını
dələn şüalı
gözlərində necə
görünür dünya?
O, canı ilə
əlləşirdi elə
bil, özünü bayquşun yerinə qoyub, onun dərdinə,
duyğularına həmdəm
olmaq istəyirdi.
"Yoxsa, qurbanı
olduğum, nəfəssiz
və hənirsiz bu viranəliyə keşik çəkmək
üçünmü xəlq
elədi məni, hə?! - Bayquşun hay-küylü səsi sanki özü kimi havalanmışdı - Guya
mən, bu xaraba qalmış tikilidən uçub getsəm, səsimi içimdə boğsam, düzələcəkmi bu
viranəlik? Niyə bəni-insan ancaq dara düşəndə yada salır məni, səsimnən qorxur, söyüş, nifrin yağdırır, dalımca qarğış
töküb, daşlayır
və güllə atır?! Bu qara ayamaları kim yazdı mənim taleyimə, ya Rəbbim, kim? Niyə? Nə üçün? Kim anladı mənim naləmi, kim yozdu? Bəlkə
mən elə bu faciələrə, dünyanın belə gərdişinə fəryad
edirəm? Başa düşməməyiniz bir
yana, hələ, məni heç harda görmək belə istəmir, bütün bəlaların
səbəbkarı sanırsız...
Ətrafımda - bağlarda,
həyətlərdə, evlərdə,
yollarda və dalanlarda nələr görürəm, "gecə
qara, cücə qara", deyib, nə oyunlar, şəbehlər çıxarırlar...
Amma mən, bütün qaranlıqları
aydın görürəm,
pıçıltıları eşidirəm, əyrilikləri,
fırıldaqları bilirəm...
Kim əyilir, kölgəsindən qorxub
gizlənir, kim başqasına torba tikib, darvazalardan xəlvət keçir? Nə yaxşı ki, dil açıb
danışa bilmirəm...
Bəlkə deyə bilmədiyim sirlərdən
qorxub belə hay-həşir qoparırsınız?!"
Zavallı quşcuğaz
hikkəsindən odlanıb,
çabalayırdı...
"Mənim naləm
dərdim oldu, başıma şəbehlər
açdı və axırda hamını qaçaq saldı mənnən..."
Bayquş dərindən
ah çəkir, dərdini, naləsini, öz dili ilə
bax beləcə, oxuyurdu...
Aaa -
uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
"Qaram gecə,
ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım
necə?!."
Bu qəm naləsi elə bil zindana
dönüb, qarovulçunun
qulağını çəkiclə
döyürdü. Hikkə
ilan zəhəri kimi boğazına tıxanıb nəfəsini
kəsirdi. Qarğış,
nifrin yağdıran, paxıllıqdan və xəbislikdən için-için
çürüyən adamlar
qarşına çıxanda,
işin düz gətirməz, bəduğur
tökər, yükün
əyər...
Yatmış insanlar,
oyaq günahlar: hər şey göz qabağında - ay
işığı kimi...
Gecə yatan, gündüz didişən
insanlar...
İçindəki xəbisliyə
rəvac verən, burnundan qabağı görməyənlər şeytana
daş atırlar, bayquşu lənətləyirlər:
hər şeyi, bütün günahları
kənarda, başqasında
axtarırlar...
Belə çıxır
ki, gizlinlərə gecələr
şahidlik edir, gecələrə də bayquşlar???
Xəfif meh bayquşun
ipək xovlu, bəyaz çilli tüklərini yellədikcə,
ağappaq və tərtəmiz zılğa
əti görünürdü.
Yaradan incə bir qələm çəkmişdi ona. Qoşa qanadlarına mor rəngli tünd xallar çiləyib, sanki gecələr üşüməsin deyə,
isti bir kürk kimi çiyinlərini örtmüşdü.
Qara tüklərini isə, nizamlı bir xətt boyunca,
pırpız qaşlarının
üstündən aşırıb,
ovurd çanaqlarından
ta şəkli qulaqlarının
dibinəcən fırlamışdı,
zərif naxışlı
nal kimi cizgiləyib, vücuduna yapışdırmış, yastı-yapalaq
canlını yaraşığa
mindirmişdi.
Bədirlənmiş Ay hər
yeri nura calasa da, güclü caynaqları altında gizlənmiş ölümü,
sanki bayquşdan savayı bilən və görən yoxuydu...
Bəy quşu
kimi gecənin
şahlığını yaşayırdı...
***
...Qəfildən göy guruldadı, şimşək
çaxdı, qarovulçunun
keşik çəkdiyi
otağın pəncərələri
taybatay açıldı,
şüşələr çilik-çilik
olub ətəyinə
töküldü.
Aaauuu!!! Aaauuu!!!
Baauuu!!! Baauuu!!!
Aman... Kaftar bir bayquş,
qanadlarını çırpıb
içəri şığıdı,
uzun-uzadı sızladı,
qara-qırtıq, qıllı
caynaqlarındakı şikarını
qəzəblə kişinin
ayaqları altına atdı... Qanrılıb baxdı ki, qızıdı,
yumağ kimi topuğuna döşənib
onun, qan tökür kor bəbəklərindən...
Çürük kəfən
içində, sarı
köpük qusurdu, oğurluq edən dovşan kimi ürkək idi, əyri ayaqlarını qoşulub qaçdığı
dərələrin kolu-kosu
sürtüb qançır
eləmişdi...
"Ay dədə, - deyib zarıdı - günahımnan
keçmə mənim,
noolar, heç üzümə də baxma... Yazıq anamın o nakam ruhu bağışlamaz, qırx gün, qırx gecə o zavallı qadını dalımca, bayquş kimi ulatdıran, için-için çürüdən
mən oldum, mən başıdaşlı!.. Bir binamusun yağlı, şirin vədinə allandım, ata-ana xeyir-duası almadan qoşulub qaçdım... Xeyir çörəyi yeyə
bilərmi beləsi?! Axırı çöllərdə
qaldım, dərdə-bəlaya
düçar oldum, qurd-quş da iylənmiş
meyidimə yaxın durmadı... Dalımca gəlmədin, niyə o gülləni götürüb
ikimizi də qanına qəltan eləmədin?.. Axı sən,
köhnə kişisən,
öz üstünnən
namus ləkəsini niyə yumadın, ay dədə? Üzünmü
çöndü, iyrəndinmi,
sıtqındınmı? Bilirəm,
yaxşı tanıyıram
səni, qəzəbindən
belinə, qanına, dölünə söydün.
- Onun pərişan saçları sicim kimi boğazına dolaşmışdı. - Nə
durmusan, mənim qeyrətli dədəm, nə fikrə qərq olmusan, götür, götür
o tüfəngi! Şərəfnən
yaşayıb qədrini
bilmədiyim günləri
qaytar, ləkəmi yu! Qoluna qüvvət,
vur, ay dədə, qanım halaldı sənə, öldür məni!.."
O, başı bıçağa
gələn quzu kimi mələyib, üzünü ümidsiz
göylərə tutub,
asi düşdü:
"Apar məni, a qara
yellər! Gəl, a bayquş, gəl, apar məni, soyxa qoy sümüklərimi!.."
Qızı sanki ilğımlarda uçur...
Sən ora bir bax, nə
illah eləyirsə, əlindəki yaylığı
başına bağlaya
bilmir, dəsmalın deşiklərindən qanlı
damlalar bayquşun ovcuna tökülür...
Aaa - uuu!
Baa - uuu! Heeeyyy, heeeyyy!
"Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım
necə?!."
Onun qandonduran
naləsi sankı son vəsiyyəti idi...
Və çox
ağladı, çox
sıtqıdı, sonra
özü də bayquş kimi qanad çalıb kükrədi və boz yellər kimi burulub, evin
çökmüş tavanındanca
qeybə çəkildi...
Atasının qolları
ixtiyarsız uzandı
və barıt qoxusu gələn havadan asılı qaldı: "Səba yellərimi əsdi sənin dalınca, qız, qarğışamı
ürcah oldun?! Çoxdan it-bat olmuşdun,
nə hayın vardı, nə huyun... Gör neçə ildi heç yuxuma da gəlməzdin... Hardan belə peyda oldun, ay günüqara, hardan?.."
...Kişi dik atıldı,
vaayy, bu nə yuxudu belə, yarəb? Əsirdi, bədəni buz kimi tərin
içindəydi. Tər
basmış yastığını
aşırıb, üzüqoylu
çevrildi, kürəyini
şişlə dağlamışdılar
elə bil, boğulurdu. Divara naümid söykənmiş
tüfəngə baxdı:
"Düz deyirdi, gərək vuraydım... Nəəə? Nəyi vuraydın, ay bədbəxt,
nə sayıqlayırsan,
ayılsana, yuxudu ee, yuuxuu?!."
Gör neçə
gündü zülüm
çəkib od ayaqlayır, gecəni diri gözlə açır, bir az mürgüləyən
kimi yeddi qəbir qarışır
bir-birinə...
Özü də
son zamanlar yaman kövrək olmuşdu, kədərli nəsə görən kimi, göz yaşları sellənib-sulanıb gedirdi...
Əli işdən soyumuş, bağa-bağata
qulluq eləməyə
heyi, həvəsi qalmamışdı.
Başına nə çarə qılsın?
Bəlkə gedib ev sahibinə desin ki, bu iş
mənlik deyil, a bala, qadan ürəyimə,
mən uşaqlığımnan
ta bu günə kimi, toyuq başı
da kəsməmişəm, bir qarışqanı belə tapdamamışam, durduğum
yerdə xataya salma məni... Bayquş ovu eşqinə düşənin
hansı biri indiyənəcən xeyir tapıb, ay başına dönüm?!
Birdən... o da çönə
ayrı söz deyə, bəs onda? İp də getsin, it də?! Bəlkə, yükünü
yığıb, siz sağ, mən salamat, üzüsulu çıxıb
getsin buralardan?!.
Yooxx, bu yaraşmaz sənə, ağsaqqal kişisən, bəs əhd-peyman, duz-çörək? O, sənin
elə günündəcə
əl tutub hayan oldu, indi
ağzı yumulmuş
bir quşcuğaza görə xətir-hörməti
yerə vurursan?!
Ayıbı it yeməz,
bayquş da dimdikləməz!.
Çörəyin yolu ağırdı, bu yolda duz daşı,
düz daşı!
Andır fikirlər
dəyirman daşı
kimi sallaşır boynunnan: aranı dağa, dağı arana daşıyır.
"Qu" desən, qulaq
tutulan dərələrdən,
sehrli kalafalardan yellənib gələn və min ilin sirrini yaşadan dərdli ağılar, mübhəm ağlaşmalar,
vay-şivən, üzü
tutqun ölü kölgələri... kimsə
bataqlıqda çabalayır,
imdad diləyir...
Arı - öz
balına batanda, ha dartınır, qurtula bilmir, amma karıxmır, səbirlə çevrilib,
dözümlə, aram-aram
təmizləyir özünü
və sonra da rahatca xilas olub
uçur azuqəsinin
dalınca. İnsansa,
bərkə-boşa düşüncə
çaşır, ətrafını
da arxasınca sürüyüb
aparmaq istəyir...
"Uca Tanrım! İnsanları yanlış verdikləri qərarla fəlakətə
sürüklənməkdən qoru!.."
- deyə yalvardı qarovulçu. - Duaları
da, gərək yerində
qılasan, Allahı dara düşəndə,
yükün əyəndə
axtarmaqla savab qazana bilməzsən!..
Müharibələr və savaşlar nəsə bir qazanc gətirə
bilər - ancaq qanın və ölümün çiyinləri
üstündə!
İnsan dayanmır:
dünyanı məhvərindən
çıxarır, yeri-göyü
silahla doldurub oda bələyir, ölüm saçır,
nahaq qana batırır. Hər gün silah-sursat, bomba, raket, atom, neytron icad edir.
Ölüm və qan gətirən kəşfləri ilə öyünür, hələ
bu azmış kimi, ödüllər, mükafatlar alır...
Allah eləməsin ki, bu
kəşflər və
sınaqlar yerlə göyün birləşməsinə
gətirib çıxara
və bir gün bütün canlılar ortada yanıb kül ola - bunumu istəyirik?
Hər səhər
bəşər övladı
səksəkə içində
oyanıb baxır ki, kainat yerindədimi, yer göylə toqquşmayıb hələ!?
Yağışı, quraqlığı,
aclığı, toxluğu,
istisi, soyuğu ilə dözüm, duruş gətirə bilirmi?!
Fərqli qitələr,
yeddi iqlim qurşağı, damarı
qaçmış fəsillər
və məhvərinnən
çıxmış dünya
- necə pozuldu sənin intizamın...
Böyük Yaradan isə, xəlq elədiyi bu insan məxluqunun qanlı əməllərinə
baxır, baxır... Dözür, səbirlə
dözür... Bir də
görürsən ki, qəfil
bir gündəcə səbir kasası daşır, acığı
tutur öz bəndəsinə, fırtına
qoparır, zəlzələ,
yanğın, qasırğa,
nə bilim, nələr, nələr gətirir və əməllicə silkələyir
ki, bəlkə ayılıb
dayana... Ancaq bəni-insan durmur, düzəlmir. - Qoca fikirləşib qıvrıldı,
bürüşüb yumağa
döndü. - Dünya
qocalır sənin kimi, əsrlər, qərinələr sıralanır,
gecə gedir, gündüz gəlir: amma
yenə də xarabalıq, dağılmış
yurdlar, viran qalmış, közü sönmüş ocaqlar...
Bayquş isə öz taxtında!.. Və minillikdən
üzü bəri səslənir, nalə tökür, hay qoparır!..
Qarovulçu xoflanıb,
özunə sual edirdi: görəsən, qurbanı olduğum, hər viranəliyə, çox yox, tək bircə bayquş bəxş eləsəydi, sayı-hesabı
bilinərdimi və bayquşlar bu kainatı başına götürüb hara aparardı?!
Bəyəm savaşın,
tökülən nahaq
qanın, bəlanın
baiskarı zavallı bayquşlardımı?"
Elə ki, qaranlıq
düşür, kainat,
canlılar qınına
yatıb, yuvasına çəkilir və bu lal səssizliyin
içindəcə tənha
qalan bayquşlar başlayırlar ələm
boyunca səslənməyə...
Və hamı - yatan da, oyaq da bayquşu baiskar bilir, qarasınca söyüb söylənir...
Bəlkə, insan, bayquşu lənətləyib
susdurmaqla, qovmaqla - öz əllərilə saldığı xarabalığın
səsini kəsir ki, xatırlayan və heç yerini bilən də olmasın?!.
Kainatın doğuluşundan,
təbiətin yaranışından,
taa ölümə kimi - bütün canlılar arasında mübarizə gedir: əzəli, əbədi və qanlı mübarizə...
Qocanın qəmli
gözləri uzaq nöqtəyə zillənib
yol çəkirdi, su içən toyuq kimi başını
qaldırıb udqundu:
"Kömək əlini
uzat, ya Rəbbim, səxavətini
əsirgəmə, qandan,
xatadan uzaq elə bizi!.."
Di gəl ki, insansız yurd - özü elə viranəlikdi, xarabalıqdı!.. İnsansız, hənirsiz həyat - ölüdür, ölü:
axı, burası da
var...
Həyatın gərdişini
anlayan insanlar nə çox, əzəli saçlarını
töküb təkəmseyrək
tükləri qalan qoca dünyayla bir-birinin abrına qısılır, min cür
hoqqadan çıxan qaragüruha baxır və çaşqınlıqla,
intizarla gözləyirlər...
Bu nədi, nə tilsimdi: həyatın, orası elə, burası belə, ortası da yox. Qızıl ortanı tapmaq və baş açmaq müşkül bir məsələ... Sənin
gərdişinnən heç
nə anlamadıq, ay gidi dünya!..
Qarovulçu dirsəklənib
əl-qolunu yellədi,
"əşşi, boşla
getsin, şeytan əməlidi bunlar, çıxart getsin başından!.." - deyib qalxdı.
Özünü yormağa,
cəfəng düşüncələrlə
içini çürütməyə
dəyməz. Sənin
haqlı bilib düşündüyün bu
fikirlərə, bəlkə
kimsə etiraz eləyər, fərqli düşünər və
ya istehza ilə yanaşıb gülər... sənsə,
ay qoca, bağda, öz xudmani otağında şonquyub,
köhnə pambıq
içi tökürsən,
isti çaydan içib filosofluq eləyirsən?! Kimi itirib,
nəyi axtarırsan?!
Söz dəyirmandakıdı:
sənin alın yazındır bu, əzizim, dolanıb doğanaqdan keçməlisən,
odur, küncə söykədiyin, lüləsini,
tor tüfəngini götür
yağla, darağını
doldur, sözünü
tut, qonşunun da arağını
al və düş ovunun
dalınca!..
***
...Aylı gecə səssizliyin ruhuna şellənmişdi...
Bayquş həminki
yerində, o xaraba evin tavanında çürümüş millərin
kəsiyinə qırtdaq
caynaqlarını elə
yapışdırmışdı ki, elə bil, döyüşə
gedirdi.
Gecəninmi, ya ölümünmü intizarını
çəkirdi?..
Ölümün iyini gecənin saf havasında duyurmuş kimi, baş çanağını dayanmadan
fırlayır, alışqan
gözlərisə bir
nöqtədə, tərpənmədən
şəraitə nəzarət
edirdi. Şəkli qulaqları darı dəlirdi, həvirləşib
yaxınlaşan hər
iki canlının - ovçunun, hətta təlaşlı ürək
döyüntülərini belə
eşidə bilirdi...
Həyat isə,
gecənin qaranlığında
üzücü intizarın
ağırlığına dözüb çabalayırdı.
Bayquş qaraltının
hər ikisini, süd kimi görürdü.
Qoşalülə tüfəng
əllərində, kəmər
daraqları da ağzınacan
dolu...
"Zalım uşağı, elə bil, meşəyə,
canavar sürüsü
ovlamağa gəliblər.
- Bayquş fısıldadı
- "Pahh, ovçularıma
bax, ee!? Neçə gecədi sərasər buralarda sümsünüb məni
güdürlər...Barıtınız
özünüzə qismət
olsun! Xatanız öz başınızda çatlasın, inşaallah!.."
Qabaqda əhlikef
yeriyən kepkasını
başına bərk-bərk
sıxmışdı. Bayquş,
onun papağının
altından qıvrılıb
çıxan, sallaşıb
tökülən yağlı
tüklərinə və
tez-tez əl dəydiyindən günlüyünə
yığılmış bir
əlçim kirə-kirsava
baxıb, istehzayla qımışdı: "Buna bax,
kürkünnən bit ürkən
pinti köpəyoğlu,
papağın boş qalsın sənin!.."
Onun dalınca
naümid gələn
qoca isə qıs-qıvraq, özünə
baxan idi, ancaq əhvalsız, könülsüz, naümid
halda, əlləri və ayaqları sözünə baxmadan, peşmanlıqla yeriyirdi, elə bil ki, ölüm ayağına,
cəhənnəm əzabına
gedirmiş kimi, can çəkirdi...
Qızının uzun illərdən sonra, elə bayquşun caynaqlarındaca, yuxusuna gəlib haram qatması və ulayıb, tozanaq qaldırıb, nəmli ilğımlar kimi buxarlanması - kişinin yaralı qəlbinin közünü
qopartmışdı...
Tüfəng qocanın
əlində duruş
gətirmirdi, tətiyi
çəkməyə belə
heyi yoxudu... Qonşu gözətçi
onun bu halını
görüb, səs çıxarmadan dümsüklədi
ki, fikrin hardadı, əmican, ayıl, özünə gəl...
Qəfil bir səs burulğan kimi guruldadı, sanki yaxasından tutub silkələdi gecəni. "Möhkəm
ol, a kişi, bu nə haldı,
nə duruşdu, sən əməlli-başlı
meyid olmusan ki..."
Deyəsən, arvadı
idi, kölgəsi boyundan uzun gəlirdi,
istədi göy damarı çıxmış
əlləri ilə qucaqlasın ərini, ancaq əlləri də sözləri kimi soyuq idi,
elə bil, il boyu, qışın sazağından üzübəri
donub buz bağlamışdı.
"Bizə, səfada da, cəfada da sənə şükr edən Həzrəti Əyyubun səbrini ver, İlahi!.." - qarovulçunun
duasını arvadının
kəsik hıçqırıqları
boğub soyutdu və boğazınacan nəm çəkmiş divarların kölgəsində
yel kimi sovurdu.
Bayquş yastılanıb,
dirəyə çökdü,
acığından dimdiklərini
tənəylə şaqqıldatdı:
"Ey yazıq, zavallı
məxluq! Bu boyda gen-bol dünyanı, bir belə genişliyi
qoyub, bura çathaçatdamı yadına
düşdü Allah?! Qəzəbdən
kükrəyən caynaqlarımın
altında heç yeridimi bu duaların?!
- Sənin gecikmiş duyğularının və
yalvarışlarının ömrü, mənim bax, bu caynaqlarımın
ucuna qədərdi, çox qısadı, çox, ay bədbəxt qoca!.."
Kölgələr dayandı,
sakitcə, əl-qol hərəkətləri ilə
şərtləşib ayrıldılar:
biri vəhşi akasiya kolluğuna girdi, o biri qoşa
millərin altına pərçim elədi özünü...
Sonra gecə ilbizləri səs-səsə verdi, sanki qaranlığın lal və dərin
sakitliyini özləri
ilə çəkib aparmaq istəyirdilər...
...Və qəflətən, bayquş caynaqlarını
sıxdı, isti və güclü qanı canına doldu, qüvvətləndi,
iri, yekə qanadlarını qəflətən
elə çırpdı
ki, şaqqıltısınnan gecənin bağrı çatladı...
Aaa - uuu!
Baa - uuu! Heeeyyy, heeeyyy!
"Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım
necə?!."
...Və güllələr dalbadal açıldı, gecənin
lal sükutunu parçalayıb dağıtdı,
isti gilizlər nəm divarlara dırmaşıb, siçan
kimi civildədi...
Uçuq damın
altında çöməlib
ağ kəfənə
bürünmüş qadının
kölgəsi əyildi,
sanki göydən yerə qanad saldı, başını
qarovulçunun parçalanmış
sinəsinə sıxıb,
gözünün qorasını
tökdü: "Aman!..
Sən neynədin, ay zalım, əlin qurusun!..
Kürəyin hardan deşildi, ay kişi? Ağ kəfənin necə boyandı qanına, ay kişi? Qarğışamı ürcah
oldun, günahamı batdın?!" -
ölümlə əlləşən
qarovulçunun canına,
sümüyünə, iliyinəcən
yeriyən bu kəsik hıçqırıqlar,
vay-şüvən bayquş
ulartısına çevrilib
gecənin soyuq ruhundaca əriyir, acı göz yaşları qanlı su kimi axıb
sellənirdi...
...Zülmət qaranlıq
öz canını xoruz banıyla səhərə təslim
edirdi...
...Göyün yeddi
qatınacan çəkilib,
qeyb olmuş bayquşun səsi - üzücü, qandonduran
ulartısı dünyanı
başına götürmüşdü...
Bayquş, elə
bil, qaranlıq bir qəbirdən indicə çıxırdı,
səsi çatınca,
ünü yetincə hayqırır və al qan içində
can verən qarovulçunu, naqəfil açılan güllə
ilə əlini nahaq qana batırmış
qonşunu, həm də, baiskar kimi özünü, özünü ağlayırdı...
İmamverdi İSMAYILOV
Ədəbiyyat qəzeti.-
2025.- 30 may (№19).- S. 16-18.