Mikoyana yarınmaq üçün
Bağırovun üzünə
duranlar
İstedadlı tədqiqatçı
Adıgözəl Məmmədovun
"Mir Cəfər Bağırov - siyasi portret" kitabından müəyyən hissələri
təqdim edirik.
Azərbaycan Kommunist
Partiyasının 1954-cü il fevral ayının
12-də başlayan qurultayı
elə ilk gündən çox gərgin keçirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini ikinci katibi Vitali Səmədov
M.C.Bağırova qarşı
hücuma keçərək
onu aşağıdakı
şəkildə ittiham
edirdi: "Bağırov
bizə tapşırırdı
ki, orta məktəb dərsliklərində
Anastas Mikoyanın adı çəkilməsin,
Partiya İnstitutu Stepan Şaumyanın adı ilə çağırılmasın. O, Serqo Orconikidze barədə qərəz və kinayə ilə danışırdı".
Bu, həmin Serqodur ki, Dağlıq
Qarabağın taleyi həll olunanda Qarabağın Ermənistana
verilməsinə tərəf
çıxıb, buna
qarşı duran Nəriman Nərimanovu bir müddət sonra real siyasi
hakimiyyətdən uzaqlaşdırmağa
nail olub. Kremlin divarları arasında səsi eşidilməyən, heç
bir yüksək səlahiyyəti olmayan, koma vəziyyətindəki
Leninə Stalindən şikayət məktubları
yazan Serqo sonda onun ölümünə
səbəb olub.
Yaxud, həmin qurultayda Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin sədri Nəzər Heydərov M.C.Bağırovun əlinin
çörəyini yemiş
Məmməd İskəndərovla
baş-başa verərək,
erməni mənşəli
Astvatsaturovu - "Orconikidzeneft"in
keçmiş rəisini,
Mravyanı - "Stalinneft"
trestinin keçmiş
rəisini, Ter-Minasovu
- "Buzovnaneft"in keçmiş
baş mühəndisini
Azərbaycandan qovduğuna
görə M.C.Bağırovu
ittiham edirdilər. Bu insanlar Mikoyana
xoş gəlmək üçün sanki yarışa girmişdilər.
Çünki Mikoyanın
görən gözü,
eşidən qulağı
A.Sarkisov Dağlıq
Qarabağ Muxtar Vilayətindən qurultayda
nümayəndə kimi
iştirak edirdi.
Bu adam qurultayda aparılan müzakirələri istiqamətləndirirdi.
Misal üçün,
A.Sarkisov deyirdi:
"1952-ci ildə Bağırovun
təklifi ilə Azərbaycan KP MK-nın Bürosu Marksizm-Leninizm İnstitutlarında tədrisin
ermənicə aparılmasını
ləğv edib, Bakıda, Kirovabadda (Gəncədə), Naxçıvanda,
Stepanakertdə (Xankəndidə)
tədrisin ancaq rus dilində aparılması qərara alınıb. Bunun nəticəsində biz Stepanakertdə universitetin erməni bölməsini bağlamalı olduq. Bağırov millətçi
idi, həm də xüsusi tipə mənsub millətçi idi. O, digər millətlərin təkcə kadrlarını
deyil, mədəniyyətini
də bəyənmirdi.
Bakıda erməni teatrının bağlanması
dediklərimə parlaq
sübutdur".
Mikoyana yarınmaq
üçün
O, həmçinin M.C.Bağırovu
daşnak mərkəzi
olan Stepanakert Müəllimlər İnstitutunu
bağlamaqda ittiham edirdi. Təsadüfi deyil ki, bu
istiqamətləndirici çıxışdan
sonra qurultaydakı bütün çıxışlar
Mikoyanın müdafiəsi
üzərində qurulmağa
başladı. Mərkəzi
Komitənin elm və mədəniyyət
şöbəsinin müdiri
H.Həsənovun çıxışını
oxuyanda, onun sağlam azərbaycanlı
şüuruna sığmayan
fikirlərinə görə
xəcalət çəkməli
olursan. Görün o,
çıxışında nə deyirdi: "Bağırov "Azərbaycan
tarixi" dərsliyindən
Mikoyanın, Orconikidzenin,
26 Bakı Komissarının
adlarını çıxarmaq
barədə göstəriş
verməklə kifayətlənmirdi.
Şəxsən öz
əli ilə bu adların üstündən xətt
çəkirdi. Yadımdadır,
mənim iştirak etdiyim yığıncaqda
Bağırov həmin
dərsliyi hazırlamış
müəlliflərin üstünə
çığırdı ki, nə üçün
onun göstərişlərinə
əməl edilməyib,
həmin adlar dərslikdən çıxarılmayıb?"
Yəni, yuxarıdakı
misalları çəkməkdə
məqsədim odur ki, Mikoyan başda
olmaqla erməni siyasi elitası M.C.Bağırovu həm Azərbaycanda, həm də Cənubi Azərbaycanda apardığı
milli siyasətinə və Dağıstanı Azərbaycana birləşdirmək
istədiyinə görə
onu bağışlamayacaqdılar.
Bu baxımdan,
1954-cü il fevralın
12-dən 16-na kimi davam
edən qurultayda yuxarıda qeyd etdiyim çıxışların
ana xətti Mikoyana yarınmaq, Bağırova görə
ermənilərdən üzr
istətdirmək tələbi
üzərində qurulmuşdu.
Ona görə də bu qrup,
düşən nüfuzlarını
bərpa etmək üçün onların
milli ruha, milli dəyərlərə
bağlı olduqlarını
göstərməyə çalışırlar.
Azərbaycan dili məsələsini gündəmə
gətirirlər. Və
yazışmaların Azərbaycan
dilində aparılmasını
Mərkəzi Komitənin
qərarına salırlar.
Bu barədə
görkəmli alimimiz
Musa Əliyevin xatirələri təqdirəlayiqdir.
Musa Əliyev bu qrupu və
onun rəhbərini
"təsadüfi insanlar,
siyasətdən başı
çıxmayan dar düşüncəli, kinli
və qisasçı"
adlandırırdı. Bu
insanlar o qədər səhv addımlar atırdılar ki, bunları düzəltmək
üçün çox
uzun illər lazım gələcəkdi
(Öz dəst-xətti
ilə Musa Əliyevin gündəliyi.
Bakı 2022-ci il (rus dilində, səh. 313).
Mir Cəfər
Bağırova ölüm
hökmü kəsildikdən
sonra, daha doğrusu, güllələnmə
qərarından sonra,
onun oğlu Cen Bağırov öz müraciətində
Mir Cəfərin şəhid atası olduğunu, partiya və dövlət qarşısında xidmətlərini
nəzərə alıb,
güllələnmə hökmünün
dəyişdirilməsini xahiş
edir.
Sonra onun vəkili V.Qavrilov (əlbəttə ki, Mir Cəfər Bağırovun özü
yox, - A.M.) SSR-in Ali Sovetinin sədrinə
müraciət edir.
Baxın:
SSRİ Ali Soveti
Rəyasət Heyətinin
sədri K.Y.Vororşilova
V.N.Qavrilovdan əfv ərizəsi.
26 aprel 1956-cı
il.
Vəkil Qavrilov
Vladimir Nikolayeviç,
Moskva,
Kuybışev küçəsi 4, otaq 69, məsləhətçi.
Bağırov Mir Cəfər Abbasoviçin müdafiəçisi.
Əfv ərizəsi
Bu il aprelin 26-da
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Bakı
şəhərində məhkum Bağırovun işinə
baxaraq onu müqəssir hesab etmiş və ona ən
ağır cəza - güllələnmə
hökmünü vermişdir.
SSRİ Ali Soveti
Rəyasət Heyətinin sədrindən xahiş edirəm ki,
M.C.Bağırovun güllələnmə
hökmü yüngül cəza ilə əvəz olunsun.
Möhür: Vəkil
Qavrilov
SSRİ Ali Soveti
Rəyasət Heyətinin (Rusiya Dövlət İctimai-Siyasi
Partiya Arxivi - RDİSA, f. 17, siy. 171, iş. 479, səh. 46 - 48)
qərarı
Bağırov Mir
Cəfər Abbasoviçin (təvəllüdü 1896-cı
il, Azərbaycan SSR, Quba şəhəri), əfv ərizələri
rədd edisin!
SSRİ Ali Soveti
Rəyasət Heyətinin sədrı - K.Voroşilov,
SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi - N.N.Peqob
Moskva, Kreml.
çap. 53
nüsxə.
İş. №
LP-2028.
Sonradan isə Mir
Cəfər Bağırov özü də məktub yazır,
hərçənd, bu məktub bir az şübhəlidir.
Çünki mən o arxiv sənədin orijinalını
görmüşəm, Bağırovun qolu orada
görünmür. Çox güman ki, Bağırov sona qədər
inadından əl çəkmir, yəni, heç bir əfv
olunması barədə müraciət etmir. Ola bilsin ki, onun
adından vəkili V.Qavrilov mətni
yazır. Amma belə müraciət olmuşdur və
sonrakı mərhələdə isə hətta Sovet
İttifaqı Kommunist Partiyası Rəyasət Heyətinin
qapalı iclasında bu məsələ müzakirə olunur.
Bunu təsdiq edən sənədlər də var.
Bu müzakirədə
A.Mikoyan Mir Cəfər Bağırovun
güllələnməsinin dayandırılması məsələsini
qaldırır. Əlbəttə, burda da Mikoyanın öz
oyunu var idi. Yəni, Mir Cəfər Bağırovun güllələnməsində
erməni daşnaklarının və məlum xəttin rolunun
izlərini itirməyə çalışırdı.
Qeyd etdiyim kimi bu
məsələ Sovet İKP MK Rəyasət Heyətinin
iclasında qaldırılır, amma bu barədə qərar
müsbət olmur və hökm qüvvədə qalır.
O dövrü
xatırlayan Mirhəsən Seyidov qeyd edirdi ki: "Azərbaycanda,
xüsusən, 1940-cı illərin sonu 1950-ci illərin əvvəllərində
MK-yə və rəhbər vəzifələrə intensiv surətdə
azərbaycanlı kadrlar irəli çəkilirdi və Onun
reportariantların yerləşməsi üçün azərbaycanlıların
Ermənistandan köçünə etiraz etməsi və onun
xüsusi ilə son illər milliləşdirmə siyasəti
artıq Moskvanı çox hiddətləndirirdi. Və həmçinin
Bağırovun Cənubi Azərbaycan və Dağıstan məsələsindəki
mövqeyi yaddan çıxmamışdı (bu barədə
"M.C.Bağırov Siyasi portret"
kitabımda geniş bəhs edilib - A.M.)".
Ona görə də
bu addımlar şovinistlərlə, daşnak erməni siyasi
elitasını həmrəy şəkildə Azərbaycan
siyasi rəhbərinə qarşı yönəltmişdi.
Nikolay Konstantinoviç Baybakovla 1998-ci ildə
görüşüm zamanı o da mənə
xatırladırdı ki, "1950-ci ildən başlayaraq
Stalində belə bir fikir
formalaşdırılmışdı ki, Mir Cəfər
Bağırovu Bakıdan Moskvaya işə gətirmək
lazımdır. İlk olaraq onu Azərbaycandan
uzaqlaşdırmaq istəyirdi. Onu SSRİ neft naziri təyin
etmək istəyirdi. M.C.Bağırov isə
hər vəchlə Moskvaya getmək istəmirdi".
Adıgözəl
MƏMMƏDOV
Ədəbiyyat qəzeti.-
2025.- 30 may (№19).- S. 19.