İçimdəki məzarına
qərənfillər qoyuram
hər gün dəstə-dəstə...
məndəki yerinlə oyanıram hər gün...
mənim olmaq üçünmü, yoxsa,
məndən getmək üçünmü ordasan?
Nəfəsin gülür içimdə
Bir az başqa... bir az fərqli biçimdə...
Hıçqırır keçən günlərin şən qəhqəhələri...
Səni sevdiyin adla çağırıram...
Dodaqların sevir gülücükləri, gözlərin qıyılır...
Eləcə, baxa-baxa qalıram... Demək ki,
sən sevməyi də, sevilməyi də bacarırmışsan,
elə sevə-sevə məndən uzaqlaşırmışsan...
Bir ömür məsafəsi məndən uzaq...
bir ömür məsafəsi mənə yaxınsan...
bu yaxınlığın buz uzaqlığı yandırır məni...
sənin sənsizlik adın sındırır məni...
...Sənsiz getdim sənlə getdiyim yerə...
elə həmin görüş yeri, elə həmin oturduğumuz yer,
həmin ofisiant oğlan...
ilk görüş-son
görüş oldu bizə qalan...
hər addım yeni
doğuldu o gün bizə...
işdən-gücdən
söhbətimiz... sənin mənimlə buz su,
mənim səninlə
çay içməyimiz.
bir parça şirin də
qatmışdın çayımın üzərinə...
indi neynəsəm də,
çata bilmirəm yox olan varların izinə...
Uçaraq gəlmişdin
bir saatlıq tanışlıq-vida görüşünə...
qaçaraq bir fotomuz ...o
gündən yadigar...
bir də... çantamın
bir küncündə...qızılı kağızda...
dadı qaçmış,
ilk gözəlliyini itirmiş bir konfet var.
ütülü xatırələrin
əzik-üzük nişanələri,
bir də səndən mənə
qalan...
hər gün ürəyimdə
boğulan inci dənələri...
İçimdəki məzarına
qərənfillər qoyuram
hər gün dəstə-dəstə...
məndəki yerinlə
oyanıram hər gün...
mənim olmaq
üçünmü, yoxsa...
məndən getmək
üçünmü ordasan?..
***
Ağ buludlardan keçib,
göylərdən gəldin mənə...
Qanadlarınla qovdun
içimdəki ağrıları, acıları...
kəsilmiş ümidlərin
qayçısını qırmızı lentlə
bağladın...
yeni tumurcuqlar
doğranmasın deyə...
Hər gün bir az da
sevindirdin,
dünyaya
bağlandığım yoxluğu var etməyinlə...
Xəbərin olmadı... bəlkə
də oldu, bilmirəm...
sevincdən
için-için ağladım...
duydum səni yumşaq sərtliyinlə...
Sənə olan
"borcum"u qaytarmaq üçün
ürəyimin səsilə
yudum
qəm dolu xoşbəxt
misraları...
- həyatımın ən
gözəl hədiyyəsini aldım ...
özün belə
demişdin.
Xatırladınmı?
Sözünü
sözümlə tutardım,
bir az rəng qatıb
özünə
qaytarardım...
Çox qısa kəlmələrlə
uzun xoşbəxtliyimiz vardı...
Sanki bir həyat hekayəsi
yazmış kimi...
anlardıq bir-birimizi...
- Biz sozün, sevginin
sarbanıyıq...demişdin...
ağır
yolçuluğumuz var...kinli dəvələrin
qurbanıyıq...
Mələklərmi söyləmişdi,
nədən bilmişdin?
İndi hərdən ah dolu lələk qopur
ağrılı dünyandan,
Bir qorun istisinə
qızınan xoşbəxtliyi
qoruya bilmədin deyə, od axtarırsan...
həyatın boz üzünə,
şeytan əməlinə,
fələyin gərdişinə
başqa bir ad axtarırsan...
Buludlar həmin bulud, göy
həmin göysə,
sən o yolun yolçusu isən,
yandırmaq istəyirəm
uzaq məsafələri
yaxın edən sehrli qanadlarını,
köməyimə yetəsən
deyə.
qara buludların arasından
sıyrılıb,
masmavi göylərdə
yolumda ağ işıq kimi bitəsən deyə...
***
Yuxuya qalmış
sabahları kimsə oyadacaqmı?
Əgər belə biri
varsa...
Dovşan kimi
gözaçıq
gecələri
öldürüb gəlsin.Yoxsa...
Qatar pəncərəsindən
əl edib sonsuzluğa gedənləri
Qarşılamağa gedirəm...
Bir əlimdə
qılınc, birində qələm.
Lap roman kimi...
Qanla yazılanı qələmlə
pozacağam,
Ağ bir səhifə
açacağam.
Ah, qarşıma
çıxanlar...
Məni çoxdan gözləyirsiniz,
bilirəm.
Bağışlanmaqdan
qorxuram.
Mənim günahlarım
çoxdu, çoxdu, deyirəm.
Bağışlanıb yenidən
günah etməyə adət etmişəm.
Bu bir qadın sirri, qadın
şəklidi...
Mələklər kişi
olur axı...indi xatırladım,
mənim adım doğmanın səbri,
yadın məkridi...
Bəs kimin Tanrıyla
işi olur axı?
Gəl, yola salaq bəxtsiz qərənfilləri,
Qara dünyanın
qırmızı gülləri.
Dan yeri ağaranda yeni bir
qatar köhnə vağzaldan yola çıxacaq,
Nigaran baxışlar
sındırıb relsləri geriyə baxacaq.
Gecənin
qaranlığından çıxarın yuxuya qalmış
sabahları,
Bağışlamayın
günahları...
***
Hər sonun
başlanğıcında səni axtardım,
Bəlkə, itmiş
günlərin küncünə qısılmısan deyə...
Bəlkə...
gözünü döyən günahın səni
bağışlasın,
bəlkə... bitişən
yolların kəsişməyən nöqtələrində
bir yolu xatırlayıb...
bağrına basasan deyə...
Xatırladınmı... bu
yolun rəngli xatirələrini?
Yasəmən yaxalı izlər...
Bənövşə qoxulu gözlər...
Nərgiz gülüşlü sözlər...
Yolu yola çəkməyin...
Torpaq kimi yola çökməyin...
Didişmələr,
gülüşmələr...
Çiçəklərin
küskün baxışları yadında?..
Bütün gözəlliklər,
bütün günahlar sənin adında,
Sənin addımında, sənin
dadında...
Hər yolun
başlanğıcında səni xatırladım...
Yeni yolun ilk addımı
kimi...
Lalənin
baxışları... bu yolun göz yaşları.
***
Kirpiyimdən
asmışdım
Sənin
baxışlarını,
Sürüşüb yerə
düşdü...
Mən gizlicə seyr etdim
Sakit
axışlarını...
İstədim ayaq basam,
İki göz arasında
kirpiklər dara düşdü...
Çəkildi
keçmişlərə, darıxdı bəbəklərin...
Narahat addımlarla irəli,
geri getdi...
Titrədi, qanad
çaldı...
Bilmədim... gözlərindən...
o sevgi hara düşdü...
***
Zamansız zamanların
sınağı etdin məni,
Məchulların sahibi,
qonağı etdin məni,
Gərəksiz gərəklərə
gərək olmam, bilirsən.
Sahibsiz ürəklərin
yolunu azmışam mən,
Sənin yox ürəyinə
mavi yol yazmışam mən.
Gedib, dayanmaq nədir?.. Geriyə
baxmaq nədir?
İçimdə
ağrılar var... Yaralanıb qanımda...
Bir hıçqırıq
ilişib, sərələnib canımda...
Susubdu
hönkür-hönkür, yaş silir yanağımda...
Addım-addım ah çəkir,
qarış qarış ruh sökür...
Dizini qucaqlayıb ruh əriyir,
ruh çökür...
Darıxır gedənlərin
getməyən sahibləri,
Yıxılır bu
dünyanın büt kimi rahibləri...
Deyirlər, Tanrıların
ürəyi olmur axı...
Tanrısız yazılanlar
ürəkdə qalmır axı...
***
Ümidim qollarımın
yaxasından tutub,
çırpır məni
yerdən-yerə,
getmə, getmə, deyir...
Ağrılar damarlarımda
danışır,
barmaqlarımın ucundan girib,
qanımla içimdən
çıxır...
başımda sərxoş
fikirlər dizi üstə düşüb
məni ayıltmağa
çalışır...
itmə, itmə, deyir...
Ürəyim özümdən
kənar gəzir,
dilim özümdən yox,
özgələrdən danışır...
sözlər əlbəyaxa
olub sarı sularda,
bitirmə, bitmə, deyir...
Gecələr
azğın-azğın açıb ağzını
udur səhərin dan
üzünü.
sən hələ görməmisən
bütövlüyün yan üzünü,
yanar, yandırar.
Sən yanırsan,
etmə, nə olar... etmə,
deyir...
İlahi, qurtar məni bu
doğulmadan,
halqanı çəkmə,
çəkmə...
əllərini çəpər
elə...
qurtar məni bu
boğulmadan...
qanad göndər, bu zülmətdən
qopar məni,
al özümdən,
işığına apar məni...
***
Bir rəssam vardı,
İbrahim Safi adında.
Doğuldu, yaşadı, yaratdı
göy üzünün altında.
Milliyyəti Azərbaycanlı,
Doğum yeri
Naxçıvan,
Yaşam yeri Türkiyə,
Almaniya, Fransa, Yunanıstan...
"Qafqazdan gəlmə"
dedilər ona.
Taleyə, qismətə bax,
Xalqı üçün
vuruşdu, döyüşdü,
Yurdundan, elindən didərgin
düşdü.
Çox bəlalar gəldi
başına.
Azərbaycanın,
Naxçıvanın
kiçik bir kəndindən gəldi,
Sığındı
Türk qardaşına...
Sevdi göy
qurşağının yeddi rəngini,
O rənglərdən yeni bir
dünya yaratdı - rəngli dünya.
Pozulsa da düzəni, yorulsa
da həyatın tərs üzündən
Pozmadı rənglərin incə
ahəngini.
Nəğmə kimi oxudu
dünyanı əsərlərində,
Tablolarından gündə
bir tarix boylandı üzümüzə.
Və bir gün...
əlinə firça
alıb, qarşısına kətan açdı.
ilk addım atdı türk -
dünya tarixində -
Böyük Atatürklə
söhbət edib,
Onun canlı portretini
yaratdı.
Hardasa, kiməsə yurd həsrətindən
göz yaşları içərisində
danışdı -
"Dünyanı gəzsəm
də, dünya məni tanısa da,
yurdumda məni arayan,
tanıyan olmadı.
Ruhum qərib oldu, sənətim
doğma,
Cismimdən yurdda nişanə
qalmadı", - dedi.
Doğulduğu qara torpaq
üçün ağlayıb getdi,
rənglərini,
fırçasını, on minlərlə əsərini bizə
yaddaş qoyub,
bizləri tərk etdi.
Təranə ARİFQIZI
Ədəbiyyat qəzeti.- 2025.- 30 may
(№19).- S. 21.