Eşqin rəngləri
Romandan
hissə
(Əvvəli
ötən saylarımızda)
Müəllif
-
Gülçin
- 32 yaşında, istedadlı
rəssam
Böyükkişi
- 35 yaşında, Gülçinin
əri
Yalçın
- 34 yaşında, Böyükkişinin
müdiri
Nemət -
45 yaşında, tanınmış
psixiatr
Nemət
Gülçin növbəti
seansa gələndə
tam başqa əhval-ruhiyyədə idi.
Üzündəki hüzn
azalmışdı, solğun
yanaqlarına rəng gəlmişdi. İçəri
girəndən bəri
coşqu ilə danışırdı. Mən
onun hər bir hərəkətini diqqətlə izləyirdim.
Hiss edirdim ki, onun bu
coşğunluğunun ardında
nəsə qeyri-adi duyğular gizlənir. Gözlərinə sanki bu seansda daha
diqqətlə fikir verdim, necə də gözəl idi. Baxışları insanın düz ürəyinin içinə
zillənirdi. Onun seansa gələcəyini səbirsizliklə gözləmişdim.
Halbuki mən, sadəcə, həkim idim, o da mənim
pasiyentlərimdən biri...
Emosiyalarım soyuqqanlı
olmağıma imkan vermirdi, amma mən təmkinimi qorumağa çalışırdım...
Bu dəfə, özümü onunla baş-başa yalnız həkim deyil, bir insan kimi
hiss edirdim.
"Həkim,
sizin yazdığınız
dərmanlar məni xeyli yaxşılaşdırıb"
- dedi, sonra yavaşca gülərək
əlavə etdi:
"Amma Yalçını
unutmağı düşünmürəm..."
Seans boyunca, o, yalnız Yalçın haqqında danışdı.
Şövqlə hisslərini
ifadə etdikcə parıldayan gözləri,
qızaran yanaqları,
gözəl biçimli
dodaqları gözümün
qarşısında parlaq
işıqlar kimi sayrışırdı. Qəfildən
hiss etdim ki, qəlbimdə qısqanclıq baş qaldırıb. Gülçinin
Yalçın haqqında
belə alovlu danışması niyəsə
qüruruma toxunurdu, daxilən əsəbiləşirdim.
"Lənət şeytana..."
pıçıldadım, su
qrafinini yaxınıma
çəkdim, Gülçinə
su təklif elədim, istəmədi, özümə süzdüm,
dolu stəkanı birnəfəsə başıma
çəkdim. Gülçin
sevdiyi kişi haqqında necə eşqlə danışırdı!
Artıq mən qısqanmağa başlamışdım!
Heç ağlıma
belə gəlməzdi
ki, mən bir həkim olaraq pasiyentimə qarşı sevgi-qısqanclıq
qarışıq belə
hisslər duya bilərəm. Özümə
sual verirdim - bunlar doğrudanmı, mənim hisslərimdir, yoxsa, sadəcə, içimdə illərdir yatırdığım bir
ehtiyacın yanlış
zamanda baş qaldırmasıdır? Onun
gözlərindəki baxış,
səsindəki titrəyiş
bəzən məni adi bir həkim-pasiyent
münasibətindən çox
uzaqlara aparırdı.
Bu məni qorxutmağa başlamışdı.
Çünki mən bu hisslərə nə hazır idim, nə də
haqqım olduğunu düşünürdüm. Amma insan ürəyi nə diplom tanıyır, nə də etik qaydalar. Daxilimdə bir tərəf bu duyğuları boğmağa
çalışırdı, digər tərəf isə onların varlığını etiraf
etdikcə rahat nəfəs alırdı.
O an başa düşdüm: bəzi hisslər seçim deyil, sadəcə baş verir və sən yalnızca onları daşımağa məhkum
olursan.
Bu təlatümü onun
hiss etməsini istəmirdim.
Gülçin danışarkən
sanki mən onun hər kəlməsinə
daha çox bağlanırdım. Onun gözlərində Yalçına
olan sevgi o qədər təmiz, o qədər ehtiraslı idi ki, mən indi Yalçının yerində olmaq istəyərdim... Bu
duyğuların nə
qədər təhlükəli
olduğunu başa düşürdüm. Amma
heç bir şey bunu dayandıra
bilmirdi - içimdəki
hisslər daha da artmağa başlamışdı. Mən
harada səhvə yol vermişdim, ürəyimə bu hisslər, bu qısqanclıq haradan yol tapmışdı? Görünür, hər bir kişinin arzusudur ki, onu
Gülçin kimi bir qadın belə dəlicəsinə
sevsin... O danışdıqca
mən düşünürdüm
ki, belə sevməyi bacaran bir qadın üçün hər şeydən keçməyə
dəyər! O, hər
dəfə "Yalçın"
dedikcə qəlbimdə
qarşısıalınmaz qısqanclıq, hüzn dalğası yüksəlirdi.
Mən
artıq onu eşitmirdim, sadəcə
ürəyimdə qopan
fırtına ilə mübarizə aparırdım.
Onun hər kəlməsi, hər sözü o fırtınanı
daha da şiddətləndirirdi.
Mən həkim idim, amma bu
qısqanclıq, bu ağrı, mənim peşəmi aşırdı
və bu, düzgün deyildi, qeyri-peşəkar bir yanaşma idi. Gülçinlə seansı
necə davam etdirəcəyimi bilmirdim.
O, mənim həyatımda
bir sınağa çevrilmişdi. Mən
həkim olduğumu unutmamalı idim, ancaq artıq hiss edirdim ki,
o, qəlbimdə eşq
qığılcımı yaradıb...
Gülçin
bütün əzablarını,
ən məhrəm sirlərini mənimlə paylaşırdı. Bu mənim həm xoşuma gəlməyə
başlamışdı, həm
də əsəbiləşdirirdi.
Gülçin, sadəcə,
bir pasiyent deyil, bir cazibə
mərkəzi idi. Amma bəyəm, mən bunu qəbul
edə bilərdimmi? Bu sevgi, bu
ehtiras, mənim üçün yolverilməz
idi... Özümü
ələ almalı, işimə peşəkarlıqla
davam etməliyəm. Bir neçə sual verdikdən sonra yeni resept
yazdım, tövsiyələrimə
riayət etməsini tapşırdım. İndi
mən özüm də ürəkdən arzulayırdım ki, o, bu sevgi vəsvəsəsindən
sağalsın, Yalçını
unutsun... Növbəti
seansı bir həftədən sonraya təyin etdim.
Gülçin
otaqdan çıxandan
sonra da vurduğu ətrin xoş rayihəsi xeyli müddət otağımda qaldı, yaddaşıma hopdu. Gələn həftəni
səbirsizliklə gözləməkdən
savayı əlacım
yox idi...
Böyükkişi
...Gülçinin
sərgisinə xeyli adam gəlmişdi. Amma mənim gözüm Yalçını
axtarırdı. Bir az keçəndən sonra, qapıdan direktorum içəri girəndə istər-istəməz
sevindim. Özüm də bilmədim niyə?.. Yavaşca Gülçinə yaxınlaşdığını
uzaqdan gördüm, özümü görməzliyə
vurdum. Yalnız xeyli vaxtdan sonra
onların artıq tanış olub söhbətləşdiyini görəndə
yaxınlaşıb salamlaşdım.
Yalçın heyranlıqla
arvadıma və onun çəkdiyi rəsmlərə baxırdı.
Daxilimdə bir qısqanclıq dalğası
qalxdı, sonra da yoxa çıxdı,
düşündüm ki,
qısqanmalı nə
var, onsuz da Gülçin mənimlə yaşayır,
əvvəl-axır yeri
mənim yanımdır.
Hiss olunmadan yanlarından uzaqlaşıb
sərgi salonunun aşağısına doğru
sivişdim. Yalçın
ona nəsə deyirdi, Gülçin isə bütün diqqətini ona vermişdi. Mən isə uzaqdan yalnız onları izləyirdim. Kənar müşahidəçiyə çevrilmişdim.
Həyatım boyu qısqanclığın nə
olduğunu anlamamışam.
Amma indi məni qəribə bir qorxu bürümüşdü.
Gülçin Yalçını
sevəndən sonra boşanıb gedərsə,
nə olacaq? Məişət rahatlığım,
evdəki o təbii harmoniya pozulmazmı? Özümdən bu fikirləri qovuram: "Yox, ola bilməz,
aralarında ciddi heç nə ola bilməz..."
Sərgidən
tez çıxdım,
zavodda həll ediləcək işlərim
vardı. Gecə işimi yekunlaşdırıb
evə qayıdanda narahatlığım daha da artmışdı. Qapını Gülçin
açdı, üzündə
füsunkar təbəssüm
parlayırdı. Ancaq
mənə qarşı
əvvəlkindən daha
məsafəli davranırdı,
baxışlarında qəribə
bir uzaqlıq yaranmışdı. Yaxınlaşıb
üzündən öpmək
istədim, yanağını
qaçırdıb, "qazın
üstündə yemək
var, yanacaq", - deyib mətbəxə sarı yüyürdü.
O, artıq əvvəlki
Gülçin deyildi,
sanki aramızda olan az-çox doğmalıq hissi də yox olmuşdu.
Sakitcə yeməyimizi
yedik, hərə bir otağa çəkildi. Gecə onu indiyəcən heç olmadığı
kimi arzulayırdım.
Yataq otağımızın
pərdələri tamamilə
qapanmışdı, içəri
qaranlıq idi, onun üzünü görmürdüm, amma məni əli ilə itələdiyini hiss etdim. Arxadan
qucaqlayıb qüvvətlə
özümə doğru
çəkdim, "burax,
yorğunam", - deyə
mızıldandı. Yuxum
qaçmışdı, ehtirasdan
gözüm heç nəyi görmürdü,
amma o, israrla müqavimət göstərirdi.
Axırda "əl çək, istəmirəm!"
- deyib qışqırdı.
Səsimi çıxarmadım,
hirslənsəm də
büruzə vermədim,
üzümü çevirib
uzandım. Əvvəllər
də elə həvəslə ağuşuma
atılmasa da, heç olmasa, hərdənbir yaxınlığa
izin verirdi, indi isə qəti
şəkildə məni
özündən uzaqlaşdırırdı.
Gülçini tamamilə
itirmişdim. Onun başqasına aşiq olacağını düşünmürdüm,
uzağı, kiməsə
meyil sala bilərdi. Sonra isə onsuz da birgə yaşamağa
davam edəcəkdik. Yuxuya gedə bilmirdim, yerimdən qalxıb balkona çıxdım, siqaret yandırdım. Gecənin
sükutunda başımdan
üzərindən burum-burum
qalxan siqaret tüstüsü havaya yayılırdı. Bir vaxtlar sevgili olduğumuzu xatırladım,
hər şeyin artıq keçmişdə
qaldığını nədənsə
kədərlə xatırladım.
Gülçin çoxdan
başqa biri olmuşdu. O, daha mənim istəyimlə yox, öz yolunda
addımlayırdı. Mənim
içimdəki bütün
narahatlıqlar, qorxular
bir-birinə qarışmışdı,
amma mən bu gecə ona
heç nə demədim. O, öz dünyasında idi. Bu dəyişiklikləri qəbul etməli idim. Yerimə qayıdıb uzananda Gülçin yataqda deyildi, iş otağının aralı
qapısından işıq
süzülürdü, Gülçin
palitrası əlində,
saçları cazibədar
şəkildə dağılmış
halda kətanın üzərində nəsə
çəkirdi...
Yalçın
...Kabinetimdə kresloya yayxanıb dünənki sərgini, daha doğrusu, Gülçini
düşünürdüm. Baxışları, saçları,
mütənasib bədəni,
yumşaq səs tonu bir an
da olsun ağlımdan çıxmırdı...
O sadəcə gözəl
bir qadın deyildi, o qarşısına
keçən hər şeyi silib-süpürməyə
qadir bir qasırğa idi! Sanki bir sınaq
kimi anidən həyatıma daxil olmuşdu. Bu sınağı qəbul etməyə də hazır idim, ancaq qəlbimin dərinlərində, bəlkə
də bir az qorxu da
vardı. Lakin bütün narahatlıqlara
və qorxulara baxmayaraq heç bir qüvvə məni Gülçindən
uzaq dayanmağa məcbur edə bilməzdi. O mənim qadınım olacaqdı, vəssalam!
Gülçinin
nömrəsini yığdım,
açmadı. Səbrim
çatmadı, yenidən
yığdım. İncə
səslə "Alo"
dedi, ürəyim titrədi. "Mənəm,
Yalçın", - dedim.
- Salam, Yalçın müəllim,
gözləmirdim belə
tez zəng edəsiniz...
- Olarmı
rəsmiyyəti, "müəllimli",
"sizli-bizli" danışmağı
bir kənara qoyaq? Səmimi şəkildə, sadəcə,
adımızla bir-birimizə
müraciət edək.
- Olar, Yalçın... Sərgidən
təəssüratın necə
oldu, evə gedəndən sonra düşündünmü?
- Düşündüm,
çox düşündüm,
çəkdiyin tabloları
da, səni də...
Telefonun o başında susdu. O sükutda çox şey vardı. Handan-hana dilləndi:
- Səninlə
tanış olmaq çox xoş idi, ilhamverici insansan...
Bu söz elə bil məni göylərə
qaldırdı. Onun səsi, nəzakəti bütün mənliyimi sarsıdıb yavaş-yavaş
məni öz aləminə çəkməyə
başladı. Ondan sonra nəyi necə danışdığımı
xatırlamıram. Bircə
onu bilirəm ki, nə soruşsa,
heyranlıqla cavab verir, nə desə, cani-dildən dinləyirdim. Danışığımız
bitəndən sonra da onu elə
görmək istədim
ki... Gün içində bir neçə dəfə zəng vurdum, hər dəfə də sevincli, fərəhli səslə
mənə cavab verirdi. Heç düşünmürdüm ki,
haqqımda nə fikirləşər? Mənə
görə, bir kişi qadını bəyənirsə, ondan diqqətini, qayğısını
əsirgəməməlidir. Böyükkişi onu elə diqqətsizliyi, biganəliyi ucbatından itirmişdi. Mən isə sevgi, qayğı və nəvazişimlə onun qəlbini qazanmaq istəyirdim. Gülçin
sevgiyə layiq qadın idi.
Bir neçə gün beləcə sanki yuxuda yaşadım. Onun zəngləri ilə, səsi, incə zarafatları ilə xoşbəxt oldum. Sanki sərxoş
idim, ona dəli kimi aşiq olduğumu hiss edirdim. Bir
gün axşamüstü
işdən çıxmazdan
əvvəl Gülçin
zəng etdi. Xeyli danışdıq, söhbətimizi yekunlaşdıranda
çəkingən səslə
soruşdu ki, sabah tablolarımı çəkdiyim emalatxanaya
gəlmək istəyirsən?
Həyəcandan nəfəsim
tutuldu, əvvəlcə
nə cavab verəcəyimi bilmədim.
Sanki bədənimdən
elektrik keçdi, bu əslində Gülçinin məni öz dünyasına dəvət etməsi idi. Qəlbim həyəcanla döyünürdü.
"Əlbəttə", - deyə cavab verdim, əlavə etdim ki, ünvanı
mesajla yazarsan, sabah mütləq emalatxanaya gələcəyəm.
Elə sevinirdim ki, sanki sabah
adi rəsm emalatxanasına yox, İstanbulu fəth etməyə gedən sultan idim... Ona olan heyranlığım
sadəcə gözəl
bədənindən deyil,
daha çox yaradıcı, qaynar ruhundan qaynaqlanırdı.
Bilirdim ki, aramızda nə baş versə, bu, adi macəra
olmayacaq, ikimizin də həyatına təsir edən unudulmaz sevgi hekayəsi olacaq. Səbirsizliklə sabahı
gözləyirdim...
Gülçin
...Yalçından
gələn hər zəng mənim üçün sevgi melodiyasına çevrilmişdi.
Az qalırdım hər
zənginə qol açıb oynayam. Hər dəfə onunla danışanda, həyatımın rəngarəng,
gözəl bir tabloya çevrildiyini hiss edirdim. Bizim
söhbətlərimiz də
artıq sadəcə
söhbət deyildi, əslində bir simfoniya kimi idi, içərisində hər cür sevgi, sevinc, ehtiras, qayğı, diqqət notları vardı. O, mənim iç dünyamın ən gizli sirlərinə
toxunduqca hər şeyin yavaşca öz yerini tapdığını hiss
edirdim. Həyatın mənasızlığını, daha doğrusu, əvvəlki dolğun olmayan, boşa gedən zamanlarımı unudurdum. Yalçının
səsi bir şeir kimi qulağımda səslənir,
baxışları isə
bir tabloda canlanan parlaq rənglər kimi könlümü oxşayırdı.
Telefonun digər ucunda səslənən hər kəlmə qəlbimdə indiyədək
yaranmış mənəvi
boşluğu doldururdu.
Həyatımda ilk dəfə olaraq Yalçınla danışarkən
özümü heç
vaxt olmadığım
yeni bir dünyada hiss edirdim. Hər fikrimi o qədər diqqətlə dinləyirdi
ki, söhbətlərimizdə
özümdən asılı
olmayaraq varlığımın
ən gizli yerlərinə səyahət
edirdi. Böyüyən
bu yeni duyğu
dəlisov bir eşqin başlanğıcı
idi. O, bir telefon zəngi ilə, bir baxışla,
bir söhbətlə
mənim həyatımın
bütün nizamını
dəyişirdi.
Yalçınla
danışmaq mənim
üçün yalnız
onu deyil, həm də özümü tapmaq demək idi. O, özü də hiss etmədən bir qadının ən gizli arzularını,
ən incə duyğularını oxumağı
bacarırdı...
Telefonda keçirdiyimiz uzun saatlar ərzində bir an belə
tənhalıq hiss etmirdim. O, mənim ən gizli düşüncələrimlə
də danışırdı.
Bir neçə dəfə düşündüm - Yalçına
olan bu dərin
duyğularım nə
qədər realdır?
Doğrudanmı, bu adama aşiq olmuşam? Bəzən özümdən, hisslərimdən
şübhə edirdim,
fikirləşirdim ki,
həyatımda boşluq
olan bir vaxta gəlib çıxdığı üçün
ona bağlanmışam.
Amma hər dəfə onunla danışdıqca qəlbimdəki
hissin getdikcə necə böyüdüyünün
də şahidi olurdum. O, subay idi, dediyinə görə evlənməyi
də düşünmürdü.
Belə desə də, günlərin bir günü evlənəcəyi ehtimalını
fikirləşmək məni
indidən dəli edirdi, ağlıma gələndə tez bu düşüncələri
beynimdən qovurdum. Onun sevgisi mənim
bütün duyğularıma
hakim olmuşdu.
Böyükkişi
ilə münasibətlərimiz
daha da soyuqlaşmışdı.
Onsuz da əvvəl də bir-birimizə isti davranmırdıq, ancaq indi ümumiyyətlə onunla üz-üzə gəlməməyə çalışırdım.
Sanki mənim Yalçına vurulduğumu
da hiss edir,
hətta daxilən sanki bundan məmnundur.
Bilmirəm, bəlkə
də mənə elə gəlir. Bu duyğu Böyükkişiyə
daha da ikrah
etməyimə səbəb
olur. Bircə onu bilirəm ki, artıq Böyükkişinin üzünü
də görməyə
tabım qalmayıb. Elə o da gəlib
sakitcə yeməyini yeyib, duş alıb divanda televizorun qarşısında
uzanır. Əvvəl
yenə ayda-ildə bir söhbətləşirdik,
indi heç o da yox idi.
Amma bu vəziyyət
məni qətiyyən
narahat etmir. Çünki indi həyatımda Yalçın
var. Qadın birini sevib ürəkdən
bağlananda digər hər kəs onun üçün sanki yox olur.
Böyükkişi beləcə
mənim üçün
yoxa çıxmışdı...
Yalçın
ilk baxışdan mənə təkəbbürlü
təsir bağışlamışdı,
amma bir-birimizi tanıyıb söhbətləşdikcə
onun nə qədər sadə, duyğulu, qadınla ünsiyyətin ən kiçik incəliklərinə
belə bələd olduğunu görürdüm.
Onu yenidən görmək həvəsim
getdikcə artırdı.
Rəssamlıq haqqında
dərin bilgilərə
sahib olmasa da, öyrənməyə
meyilli xasiyyəti xoşuma gəlirdi. İkinci görüşümüzün
şəhər kənarındakı
rəsm emalatxanamda olmasını arzulayırdım.
Onu oraya dəvət etmək, bəlkə elə də ağıllı fikir deyildi, ancaq qadınlar aşiq olandan sonra onsuz da
ağılın yox, hisslərinin səsinə
qulaq asırlar. Emalatxanam mənim yaradıcı, çılğın
ruhumun bir hissəsi idi. Hər küncündə,
hər tablosunda, hər boyasında mənim daxili dünyam vardı. Yalçını məhz
öz dünyama dəvət etmək istəyirdim.
Xeyli tərəddüd elədim,
ancaq fikrimi özlüyümdə qətiləşdirdikdən
sonra ona zəng elədim.
- Salam, Yalçın ...
Telefonun digər tərəfində
Yalçının rahat,
sevincli səsi eşidildi:
- Salam, gözəlim, necəsən,
nə var, nə yox?
Bir az susub ehtiyatla dilləndim:
- Yaxşıyam... Bilirsən,
sənə bir təklifim var, səni bir yerə dəvət
etmək istəyirəm...
Yalçın həminki
nəşəsi ilə
cavab verdi:
- Sən məni
dünyanın o biri başına da çağırsan,
gələrəm, əzizim.
Nə təklifdir o elə?
- Mənim rəsm
emalatxanam şəhər
kənarındadır. Səni
oraya dəvət etmək istəyirəm.
Yalçının heyrəti
səsindən hiss olundu:
- Emalatxana? Əlbəttə,
çox maraqlıdır,
mütləq gələrəm.
- Bu təklifim, səni
ora dəvət etməyim sənə qəribə gəlmədi
ki?
- Qəribə nə
ola bilər ki? Əksinə,
çox xoşuma gəldi. Hətta həyəcanlandım... Sənin
əsrarəngiz əsərlərinin
yarandığı məkanı
görməyi çox
istərdim.
Yalçının bu sözlərindən sonra həyəcanım sovuşdu,
bir az rahatladım.
- Bilirsən, Yalçın,
ora mənim hamıdan gizlədiyim dünyamdı, oranı ancaq sənə göstərmək istəyirəm...
Sabah görüşsək, necədir?
- Yaxşı, gülüm,
sən ünvanı yazarsan, birbaşa ora gələcəm...
Ona "ora gəl" demək elə bil indiyədək hamı ilə arama hördüyüm divarlarımı aralamaq, ürəyimi açmaq idi. Mən o zənglə sanki "Bax, mən buyam"
dedim. Boyasız, təmtəraqsız, olduğu
kimi... O da elə arxayınlıqla
"gəlirəm" dedi
ki, sanki çoxdan bəri onu orada gözlədiyimi
bilirmiş. Səsində
nə bir başqa sual, nə bir əlavə
tərəddüd vardı,
sadəcə "gəlirəm"
dedi. Sanki bir sirrimi bölüşdüm
və yüngülləşdim.
Bir qadının bir kişiyə "gəl" deməsi, bəzən sadəcə fiziki bir dəvət
olmur. O "gəl"in
içində "məni
gör, duy, anla, sev, qoru"
nidaları olur. Mən çəkinmədən
Yalçına məni
anlamaq üçün
bir qapı açdım. O isə içəri keçmək
üçün tərəddüd
etmədi. Özü olmaqdan qorxmayan cəsarətli bir qadının, istedadlı
bir rəssamın dünyasına gələcəyinə
əminliklə söz
verdi...
Müəllif
...Hekayənin
bu yerində həkim dostum Nemət bir az susdu, baxışları
uzaqlara zilləndi. Mən onun necə
dərin duyğuların
məngənəsinə düşdüyünü
hiss edirdim. Dərin bir nəfəs aldı. Nemət bu hekayəni
sadəcə danışmırdı,
o, yaşadığı və
bildiyi bir şeyi təfərrüatına
qədər bölüşürdü.
Sözlərinin arasında
gizlənən duyğular
onun da Gülçinə
aşiq olduğunu göstərirdi. Bəlkə
də özü də bunun fərqində
deyildi, amma bir kişidə qadına qarşı belə bir mərhəmət,
belə bir empatiya və qısqanclıq yaranıbsa,
o duyğular istər-istəməz
adamı məhəbbətə
doğru aparır.
Neməti uzun illərdi tanıyıram, zəhmətkeş,
əxlaqlı və sakittəbiətli adamdı.
Hər zaman düşünərdim ki,
o peşəsinin soyuq
qaydaları ilə duyğuları arasında
sərhəd çəkə
bilir. Amma danışdıqlarına diqqət
yetirdikcə görürəm
ki, Gülçin həyatına daxil olandan onun sərhədlər
çəkilmiş dünyasındakı
dinclik pozulub. Bu sevgi heç
də nə cılız, nə də ehtirasa dayanan bir şey
deyildi. O, Gülçini
bir qadın kimi yox, bir
ruhi portret kimi sevdiyini deyəndə, düşündüm
ki, bəzən ən böyük müalicə, ən lazımlı şəfa elə sevgidir...
Ancaq Nemətin sevgisi susqun idi. Bəzən sevgini sözlə demək çətindir, hətta mümkünsüzdür.
Çünki insan duyğularını qorumaq
üçün bəzən
susmağı seçir.
Elə Nemət də susurdu... Susaraq sevir, baxışlarıyla toxunur,
ürəyindəki fırtınaları
gizlədirdi. Amma nə
qədər gizlətsə
də, sevgi özünü göstərir;
onun dalğın baxışlarında, danışarkən
nəfəsindəki təntimələrdə,
danışarkən gözlərinin
bir nöqtədə ilişib qalmasında... Hər şey bir həqiqəti söyləyirdi: Nemət Gülçini sadəcə
sevmirdi - həm də onu anlayır,
hiss edir, onu öz ruhunun bir sirdaşı kimi içində daşıyırdı. O bilirdi
ki, bu hissi ifadə etmək olmaz. Həkimin xəstəsinə vurulması
peşə qaydalarına
sığmasa da, qəlbin
qanunları bəzən
tamam başqa şeyləri diktə edir. Mən onu qınamırdım. Qınamaq yerinə, sadəcə anlamağa çalışırdım...
Gülçinin Yalçına
olan sevgisinə isə qəlbimdə ayrı bir yer
ayırmışam. O qadın
aşiq olarkən heç nəyə, heç kimə baxmadı. Onun bu cür sevə
bilməsi həm güc, həm də cəsarət idi. O, Yalçını öz dünyasına dəvət edəndə,
əslində özünü
təqdim edirdi - "daxili emalatxana"sını,
dağılmış rənglərini,
tamamlanmamış portretlərini...
Gülçinin zəifliyi
sevdiyindən başqa
hər şeyə göz yummasında, özünü unutmasında,
gücü isə ayaqda qalmağında, sənətə sarılmağında
idi. Onun sevgisi təkcə bir adama deyil,
həm də həyata, var olmağa, yaratmağa yönəlmişdi.
Gülçin öz hisslərini kətanlara danışırdı. Bu sevgi
- bir qadının daxili savaşından doğulan əbədi bir sevgiydi. Belə
sevmək hər kəsin bacaracağı iş deyil. Bu, yalnız ruhu rənglərlə danışanların,
ağrını gözəlliyə
çevirə bilənlərin
işidir. Gülçin
də öz ağrısını sənətə,
sevgisini isə həyata çevirə bilən bir qadındır...
Yalçın isə,
əvvəlcə, bu qadına ancaq ehtirasın qarşısıalınmaz
gücü ilə cəzb olunsa da, sonralar bu eşqə
büsbütün tabe
olacağından xəbərsiz
halda gözüyumulu bu məhəbbətə doğru irəliləyirdi,
hətta qaçırdı.
Əvvəlcə Gülçinə
sadəcə maraq bəsləyirdi, hiss etdikləri,
bəlkə də kişi təbiətindən
doğan ani bir arzu idi. Ancaq
zaman keçdikcə bu
duyğuların kökləri
dərinlərə enir,
ürəyində səssiz,
amma sarsıdıcı duyğu
çevrilməsi baş
verirdi. Gülçin
isə onun qarşısında təkcə
bir qadın kimi dayanmırdı. O, dəyərli tablo kimi - hər baxanda başqa bir sirrini açan,
hər nəzər yetirəndə insanı dəyişdirən bir sənət əsəri kimi idi. Rəssam
Gülçin getdikcə
Yalçının da həyat
sınağına çevriləcəkdi...
Böyükkişiyə gəlincə...
Onun dünyası başqa ölçülərdəydi.
Nə sevgini yaşamağı bacarır,
nə də qadına hörmət etməyi. Nəinki qadına, getdikcə o, heç özünə də hörmət etmir... Gülçinin qəlbindəki yaraların
çoxu onun etinasızlığının, soyuqluğunun iziydi. O, nə doğru sevməyi, nə də düzgün tərk etməyi bacaran biri idi.
Bu hekayədə Gülçinin
sevməyə, Nemətin
şəfalandırmağa, Yalçının sevilməyə,
Böyükkişinin isə
susmağa səbəbləri
vardı...
Mən isə bütün bunları dostum Nemətin danışdığı
hekayədən dinləyirdim,
sanki gözümün
qarşısından hər
kadrında obrazların
qəlblərinin incə
titrəmələrinin, sükutda
gizlənən sözlərinin
dirildiyi filmin səhnələri keçib
gedirdi. Eşqin bütün rənglərinin
parlaqlıqla gözə
çarpdığı rəngli
bir sevgi filminin səhnələri...
Hüseynbala
MİRƏLƏMOV
Ədəbiyyat qəzeti.-
2025.- 30 may (№19).- S. 22-23.