Pyes
3-4-cü siniflər
üçün
Rollarda:
Günəş, günəbaxanlar, quşlar, bağban, kəsəyən
Romantik
Üsyankar
Müdrik
Qorxaq
Tema: mübarizə, həyat mücadiləsi
Mövzu: Günəbaxanların
həyat mübarizəsi
İdeya: çətinliklər
qarşısında ümidimizi
itirmədən yaşamı
sürdürməliyik
Birinci səhnə
Əvvəl küləyin
vıyıltısı gəlir. Sonra Günəş
Şərqdən yavaş-yavaş
doğulur, günəbaxanlar
başlarını bir-bir
ona sarı qaldırırlar. Yaşlı
müdrik Günəbaxanın
boynu isə əvvəldən Şərqə
tərəf durub. Bağban tələsə-tələsə
onları sulayır. Gec oyandığına görə özünü
danlayır, günəbaxanlardan
üzr istəyir.
– Bağışlayın,
mənim əzizlərim.
Axşam qonşuda toyda idim, oynamaqdan
ayaqlarım gücdən
düşmüşdü. Elə yorulmuşdum ki, necə yuxuya getmişəm, heç
özüm də baş açmıram. Yoxsa, sizi heç
susuz qoyaram? Amma bilirsiniz, oynamaq necə yaxşı bir şeydir? Çoxdandır qollarımı
açıb, başımı
sizin kimi qaldırıb oynamırdım.
Göstərim sizə
də, necə şıdırğı getmişəm?
Bağban suçiləyəni
kənara qoyub başlayır rəqs etməyə. Sonra onları sulayır, kənardan baxıb sevinir, əzizləyir, – Mənim
sarı çiçəklərim,
necə də gözəlsiniz! Gün qızır,özüm də yaman acmışam.
Gedim bir qismət çörək
yeyim. Hələlik, əzizlərim…
Bağban alnının
tərini silə-silə
gedir. Günəbaxanlar
onun arxasınca baş əyirlər.
Müdrik Günəbaxan:
– Hər
vaxtınız xeyir, Günəşin övladları!
Hər kəs bir ağızdan onu salamlayır: Salam… gününüz xeyir…
Romantik Günəbaxan:
– Hər
günümüz xeyirlərə
açılsın! Bağbanın
kefi yaman çağ idi.
Üsyankar günəbaxan:
– “Görək xeyir olurmu?”
Digər günəbaxanlar:
– “Yenə başladı…”
Romantik:
– Ay üsyankar, qaşqabağını
tökmə yenə. Bir bax,
gör nə gözəl sabahdır! Sahibimiz də günə rəqslə başladı. Dostlar, quşların
səsini eşidirsinizmi?!
Nə gözəl cəh-cəh vururlar, buludlar qıvrıla-qıvrıla
səmada süzürlər.Nə
gözəl gündür
bu gün! Şair demişkən,
“Ah, mən gündən-
günə bu gözəlləşən, işıqlı
dünyadan necə əl çəkim?!”
Müdrik:
– Kimsə Günəşi
sadəcə görər,
kimsə onu iliklərinəcən hiss edər.
Hiss edin, balalarım, göyün sevgisini hiss edin…
Qorxaq:
– Bu gün Günəş də bağban kimi həmişəkindən
gec gəldi.Tezdən
gözüm yolda qalmışdı, boynumu uzadıb onu görməyəndə çox
qorxdum. Ləçəklərim
tir-tir əsdi. Bilirsiniz, nə düşünürəm?
Günəbaxanlar bir ağızdan:
– Nə?
– Birdən,
birdən…
o, bir gün itdi. Birdən tamam başqa kainata köçdü.
Onda nə edəcəyik?
Biz bu dünyada bitməyəcəyik? Günəşsiz
həyat olmur axı... ( başlayır
ağlamağa)
Üsyankar:
– Düz
deyirsən! Biz Romantik
kimi bütün günü şeir qoşub yaşaya bilmərik! Müdrik kimi ağıllı-ağıllı
cümlələr qurub
danışmaqdansa,sabahı
düşünmək lazımdır.
Hər şey ola bilər! Biz nə bağbana, nə də Günəşə
etibar edə bilərik! Elə birinci Günəşdən
soruşun görək,
bu gün niyə gec çıxıb?
Soruşun da!
Hə, cəsarətiniz
çatmır? Mən
özüm soruşaram.
Günəş, ay Günəş!
Bir qulaq ver Yer üzündəki balalarına...
Günəş işığını
düz onun üstünə əyir və deyir:
– Eşitdim
hamısını. Ancaq
mən gecikməmişəm,
öz vaxtımda oyanmışam. Bu gün Şimaldan Xəzrinin səfəri başlamışdı.
Bilirsiniz də, o gələndə bütün
buludları qaraldıb
qatır qabağına.
Bayaqdan üstümə
elə əsirdi, elə əsirdi ki, az qalırdı qoğal kimi dığırlanıb gedib
Yupiterə dəyəm.
Yazıq quşların
hamısı yerə eniş etdilər.
Bir dəstə quş səhnədən ötüb
keçir,günəbaxanlar
arxasınca boylanırlar.
Qorxaq:
– Deyirəm
axı… niyə səhərə yaxın ləçəklərim titrəyirdi. Belə getsə, tufan da olacaq,
qasırğa da. Ah, mənim
yazıq tumlarım. Onlar hələ yetişməyiblər. Mən
niyə bu vəfasız dünyaya boylandım. Bilsəm, ölüm var, heç cücərməzdim.
Romantik:
– Həyat
varsa, ölüm də var. İşığı
seviriksə, qaranlığı
da qəbul etməliyik.
Eləcə də qorxu və cəsarəti.
Sən hansını seçmisən? Məncə,
sən qorxaq olmağı seçmisən.
Ona görə də qorxaq günəbaxansan. Bax o quşlara. Yazıqlar heç deyinmirlər, küləyin
istiqamətini izləyib
həyatlarına davam
edirlər. Hər şeyin sakitləşməyini
səbirlə gözləyirlər.
Üsyankar:
– Onlara
yazığın gəlməkdənsə,
öz başına çarə qıl, külək elə birinci sənin boynunu qıracaq. Burada bizə ağıl verməkdənsə,
problemin həllini göstər!
Romantik:
– Axı
sən niyə küləyi özünə
problem edirsən? İncimə,
Üsyankar, ancaq səndən bir yaxşı söz eşitməmişəm indiyə
qədər! Yaman üsyankarsan. Küləyi
də Günəş
kimi sevmək lazımdır! Küləkdir
dünyanı tərpədib
hər şeyə can
verən.
Müdrik:
– Mən
romantiklə razıyam.
Küləksiz olmaq nəfəs almamaq kimi bir şeydir.
Küləyi qınamaq
yox, onunla yola getməyi öyrənmək lazımdır.
Üsyankar:
– Hə,
sizdən olsa, hamımızı küləyə
verərsiniz. Yox, bu iş belə
olmaz! Bağbanı çağırmaq
lazımdır. Axı
o toxumları niyə bura səpib, niyə bizi burada göyərdib?Hələ
bir oynayır da. Dünyada yer qəhət idi?! Şəxsən mənə
külək heç lazım deyil. Küləksiz ərazilər
də var…
Müdrik:
– Eyy!
Olmadı ki, bir dayanın görək. Bir
dəqiqəliyə nəfəsinizi
tutun, buraxmayın. Hər kəs tutdu? Tutdunuz? Nəfəsinizi saxlayın
bir neçə dəqiqəliyinə.
Günəbaxanlar başlarını
tərpədirlər. Amma birdən
pıqqıltı ilə
nəfəslərini buraxırlar.
– Ay, ay! Ölmüşdük az qalsın, nəfəsi tutmaq olar?!
Müdrik:
– Gördünüz?
Havasızlıq həyatın
dayanmağıdır. Külək
də həyata nəfəs verir. Siz ancaq rahatlıq
istəyirsiniz. Belə
həyat olmur. Biz kökümüzü qoyduğumuz
bu torpaqda mübarizə apararaq böyüyəcəyik. Şair
demişkən, “Yoxdur
təbiətdə pis
hava, gerçək, hər hava bolluqdur,
hər hava nemət…” İndi təklif
edirəm ki, əvvəlki
kimi üzümüzü
Günəşə sarı
tutaq və sakitləşək.
Hər kəs üzünü göyə
tutur. Birdən qara buludlar toqquşur.
Şimşək səsi
gəlir.
Üsyankar:
– Gördünüz?Eşitdiniz? Yenə kəsdirdi başımızın üstünü!
Qəsdən edir bunu bizə təbiət. Günah bağbandadır. O bizi yetişdirmək üçün münasib
yer seçməliydi.
İndi boy atmadan quruyacağıq.
Qorxaq:
– Yəni
öləcəyik? Aman Tanrım,
mənim köklərim
hələ bərkiməyib,
bu nə gündür, mən görürəm. “Belə
tez ölmək istəmirdim”, – deyib özünü yerə atır.
Romantik:
– Siz
niyə belə bədbinləşdiniz axı?!
Biz burada möhkəmlənəcəyik.
Köklərimizdən indi
güc alıb küləyin qarşısında
dimdik duracağıq.
Başımızın üstündən
həmişə ağ
buludlar keçməyəcək
ki…
Müdrik:
– Tamamilə
haqlısan, Romantik. Hər kəs sakitləşsin və fırtına
sakitləşənə qədər
gövdəsinin tarazlığını
qorusun. Ay Qorxaq, sən də dikəl!.
Nə tez ölümü qəbul etdin?! Heç hələ yel sənin yanından ötməyib axı?!
Qorxaq:
– Qorusun,
qorusun… asandır bəyəm tarazlığı
qorumaq? Külək əsir, – ay ləçəyim
qopdu, hara uçdu ləçəyim? Ay səni
qara günə qalasan, külək, başım fırlandı,
vaay. Səbətim qopacaq indi. Vaxseey!
(Ləçəyin dalınca
qaçır)
Fırtına güclənir,
qaranlıq olur, səs-küy qopur, pərdə salınır.
Sonra səhər açılır,
bəzi ləçəklər
yerdədir.
Müdrik Günəbaxanın
altında iki quş civildəyir.
Müdrik:
– Deyəsən,
yaman üşümüsünüz?!
Quşlar:
– Biz küləkdə azmışdıq.
Gecə sizə rast gəldik deyə, çox sevindik, çox qorxmuşduq,ona görə də səbətinizin altında
gizləndik. İcazə
verin, bu yayı sizinlə keçirək, indi biz yumurta qoymaq üçün yuva qurmalıyıq.
Üsyankar və qorxaq:
– Olmaz!
– İcazə
vermirik! Özümüzü
güclə idarə edirik.
Müdrik:
– Onlara
qucaq açmaq lazımdır, dünyaya
yeni körpələr gələcək
və onların ilk evi günəbaxanların
tarlasında olacaq, bunun nəyi pisdir ki?! Öz qonaqlarımızı qorumalıyıq.
Bizim tarlamızda hamıya yer çatar. Xoş gəlibsiniz, əziz quşlar!
Qorxaq:
– Qətiyyən
olmaz, onların civiltisinə başqa quşlar da gələcək.
Bizdə tum qalar? Hə? Hamımızı dənləyərlər. Ah, bu
dünyada gün yoxdur mənə. Mən niyə boy atdım axı?! Bilsəm, cücərməzdim…
Quşlar:
– Qorxmayın,
biz başqa heyvanlardan,
böcəklərdən, həşəratlardan
sizi qoruyarıq. Təhlükə olanda da bağbana tez xəbər apararıq, qanadlarımız itidir.
Müdrik və Romantik bir ağızdan:
– Xoş
gəlib, səfa gətiribsiniz!
Quşlar mahnı
oxumağa başlayırlar:
Uzaqlardan gəlmişdik,
Azıb çöldə
qalmışdıq,
Nə yaxşı
ki rast gəldik
Günəbaxanlara biz.
Qonaq qalarıq
burda,
Yumurtalar qoyarıq.
Bir gün dimdiyimizdə
Günəbaxan tutarıq.
Onları yayarıq
biz
Dünyanın dörd
yerinə,
Artıb çoxalar
onlar.
Qoy həmişə
gün olsun,
Günəbaxanlar sağ olsun!
Üsyankar:
– Dayanın!Mahnı oxumaqla
bizi razı sala bilməzsiniz! Mən Qorxaqla razıyam. Elə siz özünüz
tumlarımızı dənləyəcəksiniz.
Gedin, başqa tarla seçin. Baxın, şimal tərəfdə kələm-kartof
bostanı var, cənubda
isə pomidor-xiyar dirriyi var, uçun oralara. Əl çəkin bizdən!
Müdrik:
– Onlara
hərəmiz bir az tum versək, bizdən heç nə azalmaz, Üsyankar. Pənah gətirəni qovmazlar.
Üsyankar:
– Niyə
axı? Niyə sakit həyatımıza kimisə dəvət edək? Mən öz tumlarımdan bircə dənə də verən deyiləm.
Quşlar:
– Biz sizə zərər vermərik. Yumru yastığınıza qonub
keşik çəkərik,
sizin gövdənizə
zərər vuran böcəkləri isə
yeyərik. Bizim sizə heç bir ziyanımız toxunmayacaq.
Qorxaq:
– Mənim
səbətimə yaxın
gəlməyin, mən
qanadı olan hər şeydən ürkürəm. Başqa
çiçəklər sizi
qonaq etsin qoy.
Müdrik:
– Qərar
verilmişdir. Quşlar
bizimlə qalır.
Pərdə
İkinci səhnə
Qaranlıq düşmək
üzrədir. Bağban
günəbaxanları sulayıb,
arvadına səslənir...
– Xanım,
ay xanım, çay dəmlə, gəlirəm. Ay mənim gözəllərim, yaxşıca
boy atmısınız, özü
də qəhrəmansınız,
dünənki küləyə
yaman davam gətirdiniz. Bərəkətli
tarlam mənim. Şükür ilahiyə!
Şükür olsun
ki, dünyanı belə
bəzəyib, nemət
verib!
Gedir.
İki kəsəyən
kisə ilə səhnəyə gəlir,
o baş-bu başa qaçışırlar.
– Əcəb
bərəkətli yer
tapmışıq.
– Dayan, dayan, haradansa civilti səsi gəlir.
– Səs
eləmə, sus!
– Tələsmək
lazımdır, qaş
qaralan kimi dırmaş cavan günəbaxanlardan birinə,
kisəni tumla doldur. Şansımız yaman gətirdi. Biz bu tarla ilə
bütün qışı
çıxaracağıq. Bağban əksin, biz yeyək. Hi- hi- hi…
– Yaxşı,
asta gül. Mən də yerin altına girib yumşaq köklərindən gəmirəcəyəm.
– İş
başına!
Səhər tezdən
hay-küy düşür.
Qorxaq günəbaxan qışqır-bağır salır.
– Ay, boynum qırıldı. Tumlarımı dənləyiblər.
Ay aman! Ay aman!
Üsyankar:
– Demişdim
mən sizə. Hamısı bu nankor quşların işidir, bir gün başımıza bəla olacaqlarını demişdim!
Müdrik:
– Səbirli
ol, tez mühakimə
etmə, qoy gəlsinlər ,soruşaq, görək əsl məsələ nədir?
Qorxaq:
– Onlara
yazığınız gəlməsəydi,
bu işlər başımıza gəlməzdi.
Tarlanın vəziyyətinə
baxın hələ. Görün, digər çiçəklərin başına
nə iş gətiriblər.
Romantik:
– Mən
nəğməkar quşların
bunu edəcəyinə
inanmıram.
Quşlar dimdiklərində
çırpı gəlirlər.
– Burada
nə baş verib?
Üsyankar:
– Guya bilmirsiniz? Sizə qoynumuzda yer verdik. Bu da “çoxsağol”unuz!
– Yox,
yox. Bu bizim işimiz deyil. Axı biz sizin yaxşılığınızı unutmarıq.
Qorxaq:
– Elə
isə kim edib, hə?
– Bizə
vaxt verin, araşdıraq.
Müdrik:
– Biz sizə inanırıq, axı siz nəğməkar
quşlarsınız. Nəğmə
oxuyanlar oğurluq etməzlər.
Quşlar yerə
enirlər. Onlar kəsəyən izlərini
görüb işin nə yerdə olduğunu bilirlər.
Günəbaxanlara deyirlər:
– Bu gecə oyaq qala bilərsiniz?
– Biz hər şeyi sübut edərik.
Romantik:
– Axı
bu mümkün olan iş deyil.
Günəş gözdən
itən kimi biz yumuluruq.
Quşlar qəmlənirlər.
Müdrik:
– Biz gecələr yatırıq,
ancaq bağban oyaq qala bilər.
O axı insandır ( burada şahid
kimi tamaşaçı
uşaqlara da müraciət
oluna bilər).
Quşlar:
– Çox
sağ olun ! Biz indi bu
tarlaya kim zərər verirsə, onları sizə tapacağıq.
Gecə quşlar
bağbanı gətirirlər.
Bağban:
– Gecənin
bu vaxtı niyə məni oyadırsınız?
Quşlar civildəyə-civildəyə
pijamalı bağbanı
tarlaya gətirirlər.
Bağban kəsəyənləri
görüb gizlənir.
Sonra deyir:
– Demək,
günəbaxanlarımı siz gəmirirsiniz? İndi görərsiniz.
O qaçıb
tələ gətirir.
Pusquda durur. Kəsəyənlər tələyə
düşür.
Səhər günəbaxanlar
görür ki, tarlada
iki kəsəyən ufuldayır.
Bağban yıxılmış
günəbaxanları sarıyır.
Üsyankar:
– Quşlar,
ay quşlar, məni bağışlayın,nahaqdan
sizi günahlandırdım.
Qorxaq:
– Quşlar,
məni də bağışlayın.
Müdrik:
– Kimisə
ittiham etməzdən əvvəl yaxşı-yaxşı
fikirləşmək lazımdır.
Səbirli olub gözləməkdə fayda
var.
Romantik:
– Bizim
qonaqlarımız etibarlı
çıxdılar. Onlar
kəsəyənlərdən fərqli olaraq bizdən icazə istədilər. Üzümüzə
də ağ olmadılar.Onlar əsl nəğməkarlardır.
Gəlin, mahnı oxuyaq! Bağban da bizi sulasın.
Bağban:
– Yaxşı!
Əvvəlcə bu oğru kəsəyənləri
lap uzağa göndərmək
lazımdır. Onların
quyruqlarından tutur, sürüyür, – itilin burdan, iziniz, tozunuz qalmasın. Kisələrini də dallarınca tullayır.
Quşlar cəh-cəh
vurur, hər kəs yaşıl dünya mahnısını
oxuyur.
Günəş
yenə doğacaq,
Quşlar nəğmə
deyəcək,
Tarlamız sulanacaq,
Təbiət oyanacaq.
Günəş varsa,
biz varıq,
Dünyaya havadarıq.
Pərdə
Nurlana İŞIQ
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 24; 25.