Qürbətdə yazılan vətən
nəğməsi
Xəlil Rzanın şair və mücahid portreti
Türkiyədə yaşayan azərbaycanlı tədqiqatçı
Mahirə Asker (Qayıbova) tərəfindən qələmə
alınmış "İstiqlal Şairi Xəlil Rza
Ulutürk" adlı əsər işıq üzü
görüb. Azərbaycan poeziyasının mübarizə
simvoluna çevrilmiş, türklük sevdalısı,
istiqlal mücahidi Xəlil Rza Ulutürkün həyat və
yaradıcılığına həsr olunmuş bu monoqrafiya,
qardaş ölkədə bu mövzuya həsr edilən ilk
elmi nəşr olmaq etibarı ilə xüsusilə əhəmiyyətlidir.
Bu baxımdan, əsərin nəşri təkcə elmi deyil,
eyni zamanda milli-mənəvi müstəvidə də
mühüm və əlamətdar bir hadisə kimi qiymətləndirilməlidir.
Kitabın ön sözünün müəllifi - Xəlil
Rza Ulutürk irsinin yorulmaz tədqiqatçısı,
tanınmış ədəbiyyatşünas Əlizadə
Əsgərli - şairi sadəcə bir ədib kimi deyil, həm
də dövrünün vicdanı, azadlıq və milli kimlik
mübarizəsinin poetik siması kimi təqdim edir. Onun
vurğuladığı kimi, Xəlil Rzanın
yaradıcılığında əksini tapan istiqlal,
türklük, ana dili və ədalət
anlayışları, onun bütöv və prinsipial şəxsiyyəti
ilə tam vəhdət təşkil edir.
Dörd əsas fəsildən ibarət olan
monoqrafiyanın birinci fəslində Xəlil Rzanın həyatı,
təhsili, ədəbi fəaliyyəti və dövrün ədəbi
mühitindəki yeri geniş şəkildə təqdim
olunur. İkinci və üçüncü fəsillərdə
isə onun şeirlərində yer alan fərdi (sevgi, təbiət,
sənət) və ictimai (vətən, azadlıq, Güney Azərbaycan
problemi, milli şüur) mövzular tematik sistemləndirmə
və analitik yanaşma ilə təhlil olunur.
Dördüncü fəsil isə Xəlil Rzanın poetik dili,
ifadə tərzi və üslub xüsusiyyətlərini əhatə
edir.
Əsərdə Xəlil Rza Ulutürkün sovet
totalitarizmi ilə mübarizəsi, Lefortovo zindanında
keçirdiyi məhbəs həyatı, milli azadlıq hərəkatındakı
fəallığı və oğlu Təbrizin Qarabağda
şəhid olması kimi taleyüklü epizodlar sənədlərə
əsaslanaraq oxuculara təqdim edilir. Bu baxımdan, kitab həm
tarixi yaddaşın qorunması, həm də milli kimliyin dərki
baxımından mühüm bir mənbədir.
"İstiqlal Şairi Xəlil Rza Ulutürk" təkcə
Azərbaycan oxucusu üçün deyil, eyni zamanda Türkiyədə
yaşayan və təhsil alan gənc nəsil
üçün də Xəlil Rzanın poetik irsini və
mübarizə yolunu tanıtmaq baxımından əhəmiyyətli
bir vəsaitdir. Bu nəşr, həm də Azərbaycan ədəbiyyatının
Türkiyədə elmi əsaslarla təbliği yolunda
atılmış mühüm addımlardan biridir.
Ədəbiyyat qəzeti.- 2025.-
30 may (№19).- S. 25.