Nazim Hüseynli yaradıcılığına baxış

 

Şair Nazim Hüseynli imzasını ötən əsrin 90-cı illərindən tanıyıram. Ayrı-ayrı vaxtlarda dövri mətbuatda - "Ədəbiyyat qəzeti"ndə, "Ulduz" jurnalında digər mətbu orqanlarda şeirlərinə, publisistik yazılarına rast gəlirdim. Müəllifin müxtəlif dönəmlərdə qələmə aldığı hekayələri ilə tanışlığım vardır. Nazim Hüseynlinin nəsr nümunələrindəki təbiilik, yurda, elə bağlılıq, Vətən sevgisi, yurd həsrətinin tərənnümü, həmçinin onun şeirlərinə köçmüşdür. Şairin işğalda qalan Vətən torpağına həsr etdiyi bir şeirində dediyi kimi:

 

 Vətən oğlu, Şuşa, Laçın əsirdir,

 

Qarabağım, o baş tacım əsirdir,

 

Soydaşlarım, anam, bacım əsirdir,

 

Tapdaq altda inildəyir torpağım.

 

 Şair Nazim Hüseynli Vətən torpağının bir gün azad olunacağına qəlbən inanaraq bu inamını belə ifadə edib:

 

 Keçərik hücuma dəstəbədəstə,

 

Çökərik yağının sinəsi üstə,

 

Anlayar düşmən axır nəfəsdə,

 

Bir qarış torpağı vermərik yada!

 

 Nazim Hüseynli zaman-zaman öz şeirlərində Cənub həsrəti, bütövlük istəyini dilə gətirmişdir. Şairin "Tikanlı məftillər sökülür daha" adlı şeirində bu hisslərin aşağıdakı şəkildə nəzmə çəkildiyini görürük:

 

 Su axmır, göz yaşı axır Arazdan,

 

Bütövlük həsrəti baxır Arazdan,

 

Azadlıq hayqırıb çıxır Arazdan,

 

Tikanlı məftillər sökülür daha.

 

 Şairin müxtəlif illərdə qələmə aldığı şeirlərindən bu kimi çoxlu misallar gətirmək olar. Xüsusilə son illərdə qələmə aldığı şeirlərində dediklərimə daha çox rast gəlinir. Bu yaxınlarda Nazim Hüseynlinin çapa hazırlanan, Ön söz yazmaq üçün mənə təqdim etdiyi "Hamıdan da Vətən üstün" adlı növbəti şeirlər kitabında da yuxarıda sadaladıqlarıma rast gəlinməkdədir. Ümumiyyətlə, kitabda yer alan şeirlərin böyük əksəriyyəti Qarabağ müharibəsinə, Azərbaycan bayrağına, başı bəlalar çəkmiş Vətənimiz Azərbaycana, həmçinin II Qarabağ müharibəsinin şəhidlərinə qəhrəman oğullarımıza həsr edilmişdir. Şairin şeirlərini oxuduqca onun içindəki ağrı acını, şəhidlərə sonsuz ehtiramını, üstündə dolaşdığı hər qarış Vətən torpağına necə bağlı olduğunu hiss etməmək mümkün deyil.

Nazim Hüseynli həm Azərbaycan Yazıçılar Birliyinin Oğuz Bölməsinin aparıcı imzalarındandır. Oğuz Bölməsinin nəzdində fəaliyyət göstərən "Qönçə" ədəbi birliyinin yaradıcılarından olan şair bu gün gənc imzaların püxtələşməsi üçün onlara lazimi məsləhət verir.

Doxsanıncı illərdən üzü bəri, ayrı-ayrı illərdə qələmə aldığı şeirlərin toplaşdığı bu kitabın oxucuların diqqətini çəkəcəyinə inanıram. İnanıram ki, qələm dostumuz şair Nazim Hüseynli yaşının yetmişi haqlamasına baxmayaraq bundan sonra da bu mövzularda bir-birindən maraqlı, oxunaqlı sevilən poeziya nümunələri yaradacaqdır. Elə bu inamın arxasına sığınaraq şair Nazim Hüseynlinin növbəti kitabına uğurlar diləyirəm.

 

İlqar Fəhmi

 

Ədəbiyyat qəzeti.- 2025.- 30 may (№19).- S. 26.