Bulaq
Dağların ətəyində
İnci sulu bulaq var.
Bulağın gözündə
də
Bitib yabanı otlar.
Bir-bir yoldum otları,
Sandım, bulaq ağlayır.
Baxdım, fərəh-sevincdən
Bulaq coşub-çağlayır.
Bulağın buz suyundan
İçəmmədim, dayandım.
Ancaq ayna suyunda
Sığallandım, darandım.
İlkin
Bizim İlkinin
Ad günü idi.
Bibisi güllü
Köynək gətirdi.
Şəkilli kitab
Aldı dayısı,
Vardı pələngi,
Vardı ayısı.
"Tüfəng" gətirdi
Əmisi ona.
Dedi: "Gedərsən
Ceyran ovuna".
Tez dedi İlkin:
-Kitab alıbdı
Atam Heyrana,
Orda yazıblar,
Güllə atmayın
Cüyür, ceyrana.
Səlim baba
Səlim baba atlanıb,
Əlindədi tatarı.
Çiynindədi aynalı,
Belindədi qatarı.
Tatarını yelləcək,
Cilovu tez boşlayır.
Kəhər at bircə
anda,
Qaçışına başlayır.
Yaşıl obalardakı
Sürülərə baş çəkir.
Hərdən bir ağız oxur,
Elə bil kəklik səkir.
Buz bulağın
başında
Həvəslə süfrə
sərir.
Hələ nəvələrinə
Lalə, nərgiz
də dərir.
Yorulmaq nədi,
bilməz
Ömrün ahıl
çağında.
Dözməz yadlar atlana
Obasında, dağında
Baxın, yenə
atlanıb,
Əlindədi tatarı.
Çiynindədi aynalı,
Belindədi qatarı.
Kəhərdi
Meşəbəyi Xəlilin
Bir atı var - kəhərdi.
Belindəki qədimi
Naxışlı bir yəhərdi.
Kəhərin yüyəninə
Əl uzadan Məhərdi.
Minə bilmir kəhərə,
Baxışı birtəhərdi.
Söyüd
Ağaclar arasında
Qoçaq gördüm
söyüdü.
Bircə ilin içində
O, boy atıb böyüdü.
İradım var söyüdə,
Baxmır sözə,
öyüdə.
Saçlarını daramır,
Özünə iv aramır.
Şeytan bala
Babamın dəcəl
Quzusu vardı.
Rəngi elə bil
Ağappaq qardı.
Yaman dəcəldi,
Yaman bəladı.
Hələ adı
da
"Şeytan bala"dı.
Səslədim mən də,
Gəlmədi quzu.
Göstərdim ona
Bir ovuc duzu.
Yanıma qaçdı,
Xoş görkəm
aldı.
Əlimdən öpdü,
Duzu yaladı.
Yovşan ətridi
Kəndimizdə var
"Dovşan dərəsi",
Burda qurulub
Ovçu bərəsi.
Dərənin hər vaxt
Dovşanı çoxdu.
Həm də ətirli
Yovşanı çoxdu.
Aymir bərədən
Süzdü dovşanı.
Tanıyammadı
Kollu yovşanı.
Bir qəşəng qoxu
Doldu burnuna.
Baxıb babaya
Söylədi ona:
- Bu qoxu, baba,
Dovşan ətridi?
Baba dedi: - Yox,
Yovşan ətridi.
Ayandı
Rəqs eyləyən
bir qıza,
Dovşan, dedim, dayandı.
Maskasını soyundu,
Dedi, adım Ayandı.
Mehriban gülüşləri
Qəlblərə nur saçandı.
Hamı qəlbən
söyləyir:
- Bu qız, bizim Ayandı.
Ərimir
Qar yağanda
bağçadan
Qaçırıq evə sarı.
Saçımıza yağan
qar
İsti duycaq əriyir.
Deyirəm ki, görəsən,
Bu nə sirdir, bu nə sirr,
Babamın saçlarına
Yağan qarlar ərimir?!
Bozdar
Çoban Əli otarır
Yaylaqda sürüsünü.
Bozdar iti qoruyur
Sürünü bütün
günü.
Sürüdən bircə
addım
Bozdar addım
atmayır.
Gecələr küz önündə
Mürgü vurur, yatmayır.
Kimsəylə işi olmaz,
Boş yerə
hürüməz də.
Gecələrin sükutun
"Ham",
"ham"a bürüməz
də.
Ancaq görcək
Arazı,
Tez hürməyə başlayır.
Axı bu dəcəl Araz
Bozdar iti daşlayır?!
Çaqqala
Budaqlardan sallanan
Çaqqaladı, çaqqala.
Bir cib yığdım yeməyə,
Babam dedi: -
dur, bala!
Əgər yesən
çaqqala,
Dodaqların büzülər.
Dişlərin bərk
qamaşar,
Göz yaşların
süzülər.
Günəşdən nur əməcək,
Morlanacaq çaqqala,
Yamanca xoş gələcək
Uşağa, ağsaqqala.
Ay hanı?
Doluxsunub ağlayır,
Asəf ovunmaq bilmir.
Yanağına axışan
Göz yaşlarını
silmir.
Deyir: - Yeyib yeməyi,
İçən kimi çayımı,
Baxdım, göydə
tapmadım
Mən dünənki
Ayımı.
Baba, mənim Ayımı
Kim bu günə salıbdı?
Qarpız boyda Ayımdan
Bircə dilim qalıbdı.
Bilirəm ki, günahkar
O bostançı
Nəsibdi.
Ayımı qarpız
bilib,
Dilimləyib kəsibdi.
İbrahim
YUSİFOĞLU
Ədəbiyyat qəzeti.- 2025.- 30 may
(№19).- S. 27.