Ömür yolu, elmi irsi, yaddaşlarda
qalan izi
Professor Vilayət Cəfərov-85
"Ədəbiyyat qəzeti"
filologiya elmləri doktoru, professor Vüsalə
Musalının professor Vilayət
Cəfərovun 85 illik
yubileyinə yazdığı
məqaləni təqdim
edir.
Dost! Tərcümeyi-hal soruşma
məndən,
Sanma sevinclərim,
əzablarımdır.
Tərcümeyi-halım, nə danım səndən,
İrili-xırdalı kitablarımdır...
Əli Tudə
"Tərcümeyi-halımı
soruşma məndən..."
- deyə yazırdı
şair Əli Tudə. Bəli, bəzən bir insanın ömür yolu haqqında danışmaq üçün
sadəcə doğum
və ölüm tarixləri yetərli olmur. Alim həyatı yazdığı, tərcümə
etdiyi, araşdırdığı,
çap etdirdiyi əsərlərdə yaşayır.
Elm dünyasında adını
ərəb ədəbiyyatının
yorulmaz tədqiqatçısı
kimi yazdırmış
filologiya elmləri doktoru, professor Vilayət Cəfərov da məhz belə şəxsiyyətlərdəndir.
Onun zəngin elmi irsi, Şərq
poeziyasının klassik
və neoklassik qatlarına enən tədqiqatları, tərcüməçilik
fəaliyyəti və
pedaqoji xidməti, Azərbaycan şərqşünaslığında
silinməz izlər buraxmışdır.
Şərqşünas-ərəbşünas, tərcüməçi,
filologiya elmləri doktoru, professor Vilayət Abbasqulu oğlu Cəfərov 15 may 1940-cı ildə
Azərbaycanın Tovuz
rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. İlk təhsilini
Tovuz şəhərindəki
A.S.Puşkin adına orta məktəbdə almışdır.
Əmək fəaliyyətinə
1960-cı ildə "Orcenikidzeneft"də
qaz köməkçisi
olaraq başlamışdır.
1960-1965-ci illərdə Azərbaycan
Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin
ərəb şöbəsində
təhsil almışdır.
V.Cəfərov universiteti
bitirdikdən sonra
1965-1967-ci illərdə Yəməndə,
1978-1981-ci illərdə isə
İraqda tərcüməçi
kimi fəaliyyət göstərmişdir. Bu dövr
onun ərəb dilini və mədəniyyətini dərindən
öyrənməsinə imkan
yaratmışdır.
Vilayət Cəfərov
1971-ci ildə "Cəmil
Sidqi əz-Zəhavinin
həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə
etmişdir. 2002-ci ildə
isə "İraqda neoklassik poeziya" mövzusunda doktorluq dissertasiyasını müdafiə
edərək filologiya
elmləri doktoru elmi dərəcəsini almışdır. Onun elmi yaradıcılığı
Şərq ədəbiyyatını,
xüsusən də ərəb poeziyasını
əhatə etmişdir.
V.Cəfərov 1967-ci ildən
Azərbaycan Milli Elmlər
Akademiyasının Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutunda
Ərəb filologiyası
şöbəsində fəaliyyətinə
davam etmişdir. Uzun illər Şərqşünaslıq İnstitutunda
Ərəb filologiyası
şöbəsinin müdiri
vəzifəsində çalışmışdır.
Həmçinin Bakı
Dövlət Universiteti,
Qafqaz Universiteti və Təfəkkür Universitetlərində pedaqoji
fəaliyyətlə məşğul
olmuşdur.
Vilayət Cəfərov
AMEA Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda "Dünya
ədəbiyyatı" ixtisası
üzrə fəaliyyət
göstərən Müdafiə
Şurasının üzvü,
Seminar Komissiyasının sədri
kimi də fəaliyyət göstərmişdir.
Bu müddət ərzində
onun rəhbərliyi altında 10-a yaxın dissertasiya müdafiə olunmuşdur.
Cəfərovun ədəbiyyat
və elmi fəaliyyətlərindəki müstəsna
yeri, AMEA Rəyasət
Heyətinin onu bir neçə dəfə təltif etməsi ilə təsdiqlənmişdir. Şərqşünaslıq
İnstitutunun 50 illiyi
münasibətilə ona
verilən AMEA Rəyasət
Heyətinin Fəxri Fərmanı, onun bu sahəyə etdiyi əvəzsiz töhfələri qiymətləndirmək
məqsədi ilə təqdim edilib. Azərbaycanın təhsil
sahəsindəki töhfələrinə
görə, Azərbaycan
Respublikası Prezidentinin
sərəncamı ilə
"Tərəqqi" medalı
ilə təltif edilib.
Vilayət Cəfərovun
iki övladı var: Xəyal Cəfərov və Günay Verdiyeva. Hər ikisi də öz
sahələrində uğurlu
karyera sahibidirlər. Xəyal Cəfərov
SOCAR Heydər Əliyev
adına Bakı Neft Emalı Zavodunun direktorudur. F.ü.f.d., dosent Günay Verdiyeva isə AMEA Şərqşünaslıq
İnstitutunun İran Filologiyası
şöbəsinin müdiri
kimi fəaliyyət göstərir.
Vilayət Cəfərov
21 fevral 2021-ci ildə
Bakı şəhərində
vəfat etmişdir.
Professor Vilayət Cəfərov çağdaş Azərbaycan
ədəbiyyatşünaslığında
ərəb ədəbiyyatının
tədqiqi və tərcüməçilik sahəsində
xidmət göstərmiş
alim və tərcüməçidir.
Onun elmi yaradıcılığı ərəb
ədəbiyyatının klassik
və müasir dövrlərinin dərindən
öyrənilməsinə, Azərbaycan-ərəb ədəbi
əlaqələrinin təhlilinə
və mühacirət
ədəbiyyatının elmi
təhlilinə həsr
olunmuşdur.
Vilayət Cəfərovun
elmi yaradıcılığı,
ərəb ədəbiyyatının
müasir və klassik dövrlərini əhatə edən çoxşaxəli tədqiqatları
ilə diqqət çəkir. Onun elmi tədqiqatlarında əsasən aşağıdakı
istiqamətlər ön
plana çıxır:
1. Ərəb poeziyasının
tarixi və inkişafı, klassik və neoklassik dövr poeziyasının elmi təhlili.
2. Ədəbi əlaqələr:
Azərbaycan və ərəb ədəbiyyatları
arasındakı qarşılıqlı
təsirlərin öyrənilməsi.
3. Tərcümə fəaliyyəti:
Ərəb ədəbiyyatının
Azərbaycan mühitində
təqdimi.
4. Mühacirət ədəbiyyatı:
Mühacir şair və yazıçıların
yaradıcılığının tədqiqi.
Vilayət Cəfərovun
elmi fəaliyyətində
ərəb ədəbiyyatının
tədqiqi mühüm
yer tutur. Onun bu sahədəki
əsas əsərlərindən
biri "Cəmil Sidqi əz-Zəhavi"
(1984) adlı monoqrafiyadır.
Cəmil Sidqi Zəhavi (1863-1936) İraqın
görkəmli şairi,
pedaqoqu və filosofudur. O, qadın hüquqlarının müdafiəçisi
kimi tanınmış
və müasir ərəb poeziyasının
ən böyük nümayəndələrindən biri hesab olunur.
V.Cəfərov, "Cəmil
Sidqi əz-Zəhavi"
sərlövhəli monoqrafiyasında
ərəb poeziyasının
modernizmlə klassik üslub arasında keçid mərhələsini
təhlil edir.
V.Cəfərovun digər
mühüm əsərlərindən
biri "İraqda neoklassik poeziya" (1998) adlı kitabıdır. Məlum olduğu kimi, İraqda neoklassik poeziya, XIX əsrin sonu və XX əsrin əvvəllərində yaranmış,
ənənəvi ərəb
poeziyasının forma və
mövzu xüsusiyyətlərini
qoruyaraq, modern üslub
və ideyalarla zənginləşmişdir. "İraqda neoklassik poeziya" monoqrafiyasında
V.Cəfərov
İraq poeziyasının neoklassik
dövrünü dərindən
təhlil edir, şairlərin klassik ənənələrə bağlılığı
və müasir meyillərlə sintezini araşdırır. Bu tədqiqat
ərəb ədəbiyyatının
müasir dövrünü
anlamaq baxımından
xüsusi əhəmiyyət
daşıyır.
Vilayət Cəfərovun
"İraq-Türkiyə poetik
əlaqələri" adlı
kitabı təxminən,
bir əsr ərzində İraq və
Türkiyə arasında
poetik əlaqələrin
inkişafını araşdırır.
Kitabın əsas mövzusu, mühacirətdə
olan iki məşhur şair - iraqlı Əbdül Vəhab əl-Bəyati və Türkiyədən
gələn Nazim Hikmətin
Moskva mühacirətində qurduqları dostluq əlaqələri və bunun İraq-Türkiyə
poetik münasibətlərinə
təsiridir. Kitabda XIX
əsrin ikinci yarısından başlayaraq
İraq və Türkiyə
arasında poetik əlaqələrin tarixi müfəssəl şəkildə
şərh olunur. Müəllif, Osmanlı imperiyasının tərkibində
olduğu dövrlərdə
bu əlaqələrin
inkişafına diqqət
yetirir. Bu müddətdə
Midhət Paşa kimi ictimai-siyasi xadimlərin və Cəmil Sidqi Zəhavi, Məruf ər-Rusafi kimi şairlərin rolu xüsusi vurğulanır.
Kitabdakı əsas məqamlardan biri, Əbdül Vəhab əl-Bəyati ilə
Nazim Hikmətin Moskva mühacirətində
qurduğu dostluqdur. Kitabda, həmçinin
İraq-Türkiyə poetik
əlaqələrinin tarixi
inkişafı, Osmanlı
dövründən müasir
dövrə qədər
olan proseslər və bu əlaqələrin
siyasi təsirləri haqqında məlumat verilir.
Azərbaycan-Ərəb ədəbi
əlaqələrinin öyrənilməsi
də V.Cəfərovun
yaradıcılığında xüsusi yer tutur. Ədəbi əlaqə, müxtəlif
xalqların və ya mədəniyyətlərin
ədəbiyyatlarının bir-birinə təsir etməsi, qarşılıqlı
əlaqədə olması
və bu əlaqələr nəticəsində
yeni ədəbi əsərlərin
yaranması deməkdir.
Bu əlaqələr vasitəsilə
müxtəlif ədəbi
ənənələr, üslublar,
mövzular və janrlar qarşılıqlı
şəkildə zənginləşir
və inkişaf edir. Ədəbi əlaqələr əsasən
tərcümə, ortaq
mövzularda yazılan
əsərlər, ədəbi
təsirlənmələr və
mədəni mübadilələr
yolu ilə qurulur. Məsələn, Azərbaycan-ərəb ədəbi
əlaqələrində Azərbaycan
şairlərinin ərəb
poeziyasından təsirlənməsi
və ya ərəb şairlərinin
Azərbaycan ədəbiyyatına
maraq göstərməsi
bu əlaqələrin
nümunəsidir. Ədəbi
əlaqələr sayəsində
xalqlar bir-birinin ədəbi irsini daha yaxından tanıyır, yeni poetik formalar və ifadə vasitələri qazanır və nəticədə milli ədəbiyyatlar
beynəlxalq səviyyədə
daha da zənginləşir.
Bu baxımdan Azərbaycan-ərəb
ədəbi əlaqələri
səciyyəvi xarakter
daşıyır. Əsrlər
boyu bu iki
mədəniyyət arasında
yaranan ədəbi əlaqələr həm poeziyanın, həm də elmi-fəlsəfi fikrin inkişafında mühüm rol oynamışdır. Azərbaycan
şairlərinin ərəb
poeziyasından ilham alması və ərəb ədəbiyyatının
Azərbaycan mədəniyyətinə
təsiri, bu əlaqələrin gücünü
və əhəmiyyətini
göstərir. Bu istiqamətdə
V.Cəfərovun "Azərbaycan-ərəb ədəbi
əlaqələri" (1998) adlı məqaləsi diqqətəlayiqdir. Burada
müəllif, Azərbaycan
və ərəb ədəbiyyatları arasındakı
qarşılıqlı təsirləri
və ədəbi ənənələrin mübadiləsini
araşdırır. Vilayət
Cəfərov ərəb
poeziyasının Azərbaycan
ədəbiyyatına təsirini
təhlil edərək,
bu əlaqələrin
tarixi və müasir aspektlərini peşəkarcasına ortaya
qoyur.
Vilayət Cəfərovun
"Əli Qılıncı
Zülfüqar" (2000) adlı
əsəri, İslam tarixinin
ən mühüm və simvolik simalarından biri olan Əli ibn Əbu-Talibin məşhur
Zülfüqar qılıncının
tarixi və mədəni əhəmiyyəti
haqqında bir araşdırmadır. Qılıncın
"ikiuclu" olması,
təkcə onun fiziki xüsusiyyətinə
işarə etməklə
kifayətlənmir; həm
də onun simvolik mənası vardır. Zülfüqar, bir tərəfdən, Hz.Əlinin döyüş
gücünü və
cəsarətini təmsil
edərkən, digər
tərəfdən, onun
müdrikliyini və ədalətini də ifadə edir. Beləliklə, Hz.Əlinin
rəhbərliyi altında
Zülfüqar, həm
silah, həm də haqqın qorunması və ədalətin təmin edilməsi üçün
istifadə edilən bir simvol kimi
məşhurlaşmışdır. Kitabda, Zülfüqar adının bu qılınca necə və niyə verildiyi, onun tarixi kontekstdəki rolu və Əli
ibn Əbu-Talibin şəxsiyyətinin
simvolu olaraq bu qılıncın necə formalaşdığı
diqqətlə araşdırılmışdır.
V.Cəfərov, əsərin
Ön sözündə,
bu araşdırmanın
əsasını ərəb
mənbələrindəki Zülfüqarla bağlı
məlumatların təşkil
etdiyini və bu məlumatların təhlilinə əsaslandığını
qeyd edir. Müəllifin kitabı hazırlamaqda məqsədi
yalnız tarixi bir hadisəni araşdırmaqla məhdudlaşmır;
o, Birinci Qarabağ müharibəsi zamanı gənclərə Əli
ibn Əbu-Talibin şücaətini,
ədalətini, qeyrətini
və döyüş
bacarıqlarını təbliğ
etməyi qarşısına
məqsəd qoymuşdur.
Bu məqsədlə kitab, gənclərə
bir yolgöstərici olaraq Hz. Əlinin dəyərlərini aşılamanın
vacibliyini ön plana çıxarır.
Vilayət Cəfərovun
yaradıcılığında mühüm yer tutan istiqamətlərdən
biri də ərəb mühacir ədəbiyyatıdır. "Qürbətdə yaranan dostluq" adlı əsərində o, mühacir
şairlərin həyatını
və ədəbi fəaliyyətini təhlil
edir. Bu əsərdə
mühacir həyatının
sosial və mənəvi aspektləri,
onların yaradıcılıq
imkanlarına təsiri
geniş şəkildə
işıqlandırılır. Mühacir ədəbiyyatının
bədii və ideoloji çalarlarını
dərinliklə təhlil
edən V.Cəfərov,
milli kimlik və vətənpərvərlik mövzularının
əhəmiyyətini vurğulamışdır.
Vilayət Cəfərovun
yaradıcılığında tərcüməçilik mühüm
istiqamətlərdən biridir.
Onun tərcümə
etdiyi "Curcu Zeydan. Fərqanə gəlini"
əsəri Azərbaycan
oxucusunu ərəb ədəbiyyatının zəngin
irsi ilə tanış etmişdir.
"Ərusu-Fərqanə", yəni "Fərqanə
Gəlini", məşhur
ərəb yazıçısı
Curcu Zeydanın əsərlərindən biridir.
Bu roman, Curcu Zeydanın
1908-ci ildə qələmə
aldığı tarixi-romantik
bir əsərdir. Əsərin tərcüməsində
müəllifin poetik üsluba sadiq qalması və ərəb mədəniyyətinə
hörmətlə yanaşması
təqdirəlayiqdir.
Antologiyalar; müəyyən
mövzu, dövr və ya ədəbi
cərəyan üzrə
seçilmiş əsərləri
bir araya gətirən toplulardır
və ədəbiyyatın
inkişafında mühüm
rol oynayır. Onlar ədəbi irsin qorunmasına, tədris və tədqiqat prosesinə töhfə verir, mədəni inteqrasiya yaradır. Fərqli dövrlərin və üslubların zənginliyini
əks etdirən antologiyalar, oxuculara ədəbiyyatın rəngarəngliyini
bir yerdə təqdim edir. "Ağ günlərin sorağında: İraq ədəbiyyatından
nümunələr" antologiyası
1983-cü ildə Vilayət
Cəfərov tərəfindən
hazırlanmışdır. Bu toplu, İraq ədəbiyyatının
seçmə nümunələrini
Azərbaycan oxucusuna təqdim edir. Əsərdə azadlıq
mübarizəsi, vətənpərvərlik,
müharibə travmaları
və insan taleyi kimi mövzular
ön plandadır. Vilayət Cəfərovun bu antologiyadakı tərcümələri orijinalın
poetik ruhunu qoruyaraq Azərbaycan dilində yüksək səviyyədə təqdim
edilmişdir. Antologiya,
İraq ədəbiyyatının zənginliyini və çoxşaxəliliyini Azərbaycan
oxucusuna çatdırmaqdadır.
Vilayət Cəfərovun
tərcümə etdiyi
əsərlər arasında
müxtəlif Ərəb
ölkələrindən olan
müəlliflərin əsərləri
də yer alır. Bunların arasında Süleyman Musa
(İordaniya) tərəfindən
yazılmış "Miras"
və Adil Əbu Sənəb (Suriya) tərəfindən
qələmə alınmış
"Açar" hekayələri
vardır. Bu əsərlər,
ərəb ədəbiyyatının
sosial və mənəvi mövzularını
Azərbaycan dilində
uğurla oxucuya çatdıran tərcümələrdəndir.
V.Cəfərovun iştirak
etdiyi konfranslara nəzər saldıqda onun elmi fəaliyyətinin
geniş spektrini və müxtəlif mövzuları əhatə
etdiyini görürük.
Alimin iştirak etdiyi elmi simpozium
və konfranslarda təqdim etdiyi məruzələr tematik baxımdan aşağıdakı
istiqamətlər üzrə
sistemləşdirilə bilər:
Birinci istiqamət
- ədəbi əlaqələr
və mədəni inteqrasiya ilə bağlıdır. Bu çərçivədə
təqdim etdiyi "Azərbaycan-İraq ədəbi
əlaqələri", "Azərbaycan-ərəb ədəbi
əlaqələri", "Azərbaycanın ərəb
dünyası ilə mədəni əlaqələri"
kimi məruzələrində
Vilayət Cəfərov
iki regionun - Azərbaycan və ərəb aləminin - ədəbi və mədəni münasibətlərini
tarixi aspektdə təhlil etmiş, bu əlaqələrin qarşılıqlı təsirini
və çağdaş
dövrdəki aktuallığını
elmi əsaslarla şərh etmişdir.
İkinci istiqamət
- ədəbiyyatda klassik
ənənələr və
müasirlik problemi ilə bağlıdır.
"Şərq-Qərb ədəbi
əlaqələri", "Ədəbiyyatda klassik ənənələr və
müasirlik", "Şərq
poeziyasında novatorluq
ənənələri" kimi məruzələrində,
klassik poetik formaların müasir ədəbiyyatda yaşama
potensialını və
yeni poetik axtarışların
bu zəmin üzərində formalaşmasını
araşdırmışdır.
Üçüncü istiqamət
isə - neoklassik poeziyanın spesifik xüsusiyyətlərinə həsr
olunmuşdur. Bu sahədə
alim İraq ədəbiyyatında neoklassik cərəyanın
təşəkkülü, forma və məzmun xüsusiyyətləri, maarifçilik
ideyaları ilə zənginliyi kimi məsələlərə diqqət
yetirmişdir. "İraq ədəbiyyatında
neoklassik poeziyanın xüsusiyyətləri", "İraq neoklassik şeirində maarifçilik ideyaları",
"İslam İraq neoklassik şairlərinin yaradıcılığında"
kimi məruzələrində
Cəfərov, bu ədəbi istiqamətin klassik ərəb poeziyasına bağlılığı
ilə yanaşı, müasirliklə uzlaşma
imkanlarını da aydın
şəkildə ortaya
qoymuşdur.
Aida İmanquliyeva Azərbaycan
şərqşünaslığının
görkəmli simalarından
biri kimi zəngin elmi irs qoyub getmişdir.
Onun erkən vəfatından sonra bu irsin qorunması
və gələcək
nəsillərə ötürülməsi
işində professor Vilayət
Cəfərovun xidmətləri
xüsusilə önəmlidir.
Vilayət Cəfərov
Aida xanımın elmi
və insani keyfiyyətlərini təkcə
nekroloqlarda deyil, həm də dərin təhlillərlə
zəngin elmi və publisistik məqalələrində yaşatmışdır.
Onun tərtib etdiyi xatirə yazıları, nəşrə
hazırladığı məqalələr
və verdiyi şərhlər İmanquliyeva
irsinin sistemləşdirilməsində
və elmi dövriyyəyə daxil edilməsində mühüm
rol oynamışdır.
Vilayət Cəfərovun
rəhbərliyi ilə
formalaşan elmi məktəb Azərbaycan ərəb filologiyasında
xüsusi yer tutur. O, klassik və müasir ərəb ədəbiyyatını,
ərəb məhcər
ədəbiyyatını və
Şərq-Qərb ədəbi
əlaqələrini dərindən
araşdıraraq sahəyə
yeni yanaşmalar gətirmişdir.
Cəfərovun rəhbərliyi
ilə Səbinə Səlimova, Fatma Məcidova,
Anar Eyvazov, Səadət
İbrahimova, Xuraman Əliyeva, Kamil Şərifov,
Mirkərim Hüseyni kimi gənc tədqiqatçılar uğurlu
dissertasiyalar müdafiə
etmişlər. Onun vəfatından sonra da bu məktəb öz varlığını
davam etdirərək, Şahanə Şahbazova və Əzizə İsmayılova kimi yetirmələrinin uğurları
ilə zənginləşmişdir.
Bu elmi məktəb, ərəb filologiyasının
aktual problemlərinə
dair araşdırmaları
ilə bu gün də yaşayır.
Vilayət Cəfərovun
zəngin elmi irsi arasında nəşr olunmamış,
lakin elmi dəyəri və mövzu aktuallığı
ilə seçilən
bir sıra əsərləri də mövcuddur. Vilayət Cəfərovun işıq
üzü görməmiş
əsərləri sırasında
"Professor Aida İmanquliyeva", Əmin Ər-Reyhaninin
"Müluk əl-Ərəb"
əsərindən bir
bölümdən ibarət
tərcümə-təhlil yazısı, "Harun ər-Rəşid
və oğullarının
ərəb ədəbiyyatı
və mədəniyyətinin
inkişafındakı xidmətləri"
mövzusunda araşdırması,
eləcə də
"Ərəb tarixi
romanında Bərməkilər"
adlı tədqiqatı
yer alır.
Tovuz əsrlərdir
ki, sazın-sözün beşiyi,
aşıq sənətinin
qaynar ocağı kimi tanınıb. Bu bölgədə saz bir alət deyil,
həyatın özüdür.
Tovuzda H. Bozalqanlı,
Aşıq Əsəd,
Aşıq Vəli, Mikayıl Azaflı, Aşıq Səməd Köhnəqalalı, Aşıq
Yolçu Məhərrəmov,
Aşıq Gülarə
Azaflı kimi onlarca ustad sənətkar yetişib. Elə Vilayət Cəfərovun
da şeirlərində bu
ruh aydın hiss olunur - o, sözə bir aşıq səmimiyyəti ilə yanaşır, şeirə
sazın nəfəsini
gətirir. Onun poeziyası Tovuzun zəngin sənət mühitindən qidalanır,
sazla yoğrulmuş xalq ruhunu yaşadır.
V.Cəfərovun akademik
Z.Bünyadovun xatirəsinə yazdığı
"Deyildir" şeir
və "Əli qılıncı Zülfüqar"
kitabındakı "Hz. Əli"
şeirinu nümunə
kimi göstərmək
olar.
Vilayət Cəfərovun
elmi fəaliyyəti, xüsusən ərəb ədəbiyyatına dair apardığı araşdırmalarla
önə çıxır.
Onun ərəb ədəbiyyatının müxtəlif
sahələrindəki tədqiqatları,
bu ədəbiyyatın
dil, üslub və mövzu baxımından dərindən
təhlilinə töhfə
vermişdir. Professorun
tərcüməçilik fəaliyyəti də mühüm rol oynamış, Azərbaycanda
ərəb ədəbiyyatının
müxtəlif nümunələrini
tanıtdırmışdır. Vilayət Cəfərov yalnız kitabları, tədqiqatları ilə tanınmamış, həm
də özünün
elmi məktəbini yaradaraq, bu sahədə
çalışan bir
çox gənc tədqiqatçını yetişdirmişdir.
Vüsalə
Musalı
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 28; 29.