Rus nasir,
dramaturq, publisist və xeyriyyəçilik fəaliyyəti ilə
məşğul olmuş ictimai xadimdir. İxtisasca həkim
olan yazarın əsərləri 100-dən çox
dilə çevrildiyi
üçün o, haqlı
olaraq dünya ədəbiyyatının klassiki
sayılır. Dünyanın
3-4 hekayə ustasından
biri kimi məşhurlaşan Çexov
həm də ən məşhur dramaturqlardan biridir. Ona bu şöhrəti qazandıran isə son yüz il boyu dünya səhnələrindən
düşməyən dörd
pyesidir: "Qağayı",
"Üç bacı",
"Albalı bağı"
və "Vanya dayı".
Yaradıcılıqla məşğul
olduğu 25 il ərzində
ən müxtəlif janrlarda 500-dən çox
əsərə imza atdığı üçün
o, həm də dünyanın ən məhsuldar qələm adamlarından biri kimi tanınır.
Bənzərsiz
kişi
Hekayə
Gecə saat bir idi. Başına
silindr qoymuş, əyninə isə kapyuşonlu şinel geyinmiş ucaboylu bir cənab qarımış qız və mamaça kimi tanınan Mariya Petrovna
Koşkinanın qapısının
ağzında ayaq saxladı. Payızın alaqaranlığında bu
adamın üzünü,
əllərini ayırd
eləmək mümkün
deyildi, amma sırf öskürmə və zəngi silkələmə
tərzindən onun zabitəsini, xoş ovqatını, hətta bir qədər də ötkəmliyini sezmək olurdu.
Üçüncü zəngdən
sonra qapı açıldı və
Mariya Petrovna kişinin qarşısında
zühur elədi. Əynində bəyaz ətək olan qadın çiyninə kişi paltosu salıb. Əlində tutduğu yaşıl abajurlu kiçicik lampanın işığı
bu qadının səpkili, çopur üzünü, damarları
çıxan boynunu, ləçəyin altından
boy göstərən kürən
və yağlanmış
saçlarını işıqlandırır.
Kişi soruşur:
- Mamaçanı görə
bilərəm?
- Mamaça mənəm.
Nəsə istəyirdiniz?
Kişi kandardan içəri keçdiyi
zaman Mariya Petrovna qarşısında ucaboylu, yaraşıqlı
bir kişinin dayandığına şahid
olur: artıq cavan sayılmayacaq bu adamın xoş sifəti ciddi cizgilərə və qıvırcıqlı
bakenbardlara malikdir. Özünü təqdim edir:
- Mən - kollej asessoru Kiryakovam. Arvadıma baxasınız
deyə, qapınıza
gəlmişəm. Bircə
xahişim olacaq - bacardıqca tələsin.
Mamaça razılaşır:
- Yaxş-şı-ı...
Əynimi geyinənə
qədər, zəhmət
olmasa, siz məni qonaq otağında gözləyin.
Kiryakov şinelini soyunaraq, qonaq otağına keçir. Lampadan yayılan o yaşılımtıl işıq
bu səfər də ucuzvarı mebelin ağ və yamaqlı örtüyünə, baxımsız
dibçək güllərinə,
qapının plüş
basmış yan taxtalarına düşür...
Ətirşah ilə karbol turşusunun qoxusu vurur burnuna.
Divar saatı da, bu yad kişidən çəkinirmiş kimi,
ürkək bir tərzdə çıqqıldayır.
Beş dəqiqə sonra geyinmiş halda, həm də üz-gözünə
su vurduğu üçün gümrahlaşan
Mariya Petrovna qonaq otağına
girərək bildirir:
- Hə, mən hazır! Gedə bilərik!
Kiryakov deyir:
- Hə, tələsməliyik...
Yeri gəlmişkən,
bir vacib məqamı da öyrənim:
görəcəyiniz iş
qarşılığında məndən nə qədər pul istəyəcəksiniz?
Mariya Petrovna karıxmış halda gülümsəyir:
- Vallah, hələ
bilmirəm... Bəs siz nə qədər
verərdiniz?
Hərəkətsiz
duran Kiryakov soyuqqanlı baxışlarla
mamaçanı süzüb,
deyir:
- Mən belə şeyləri xoşlamıram, çünki
razılaşma puldan daha vacibdir. Nə mənim sizin qazancınızda gözüm var, nə də sizin mənimkində. Sonradan anlaşılmazlıq
yaşanmasın deyə,
bəri başdan bir razılığa gəlməmiz məsləhətlidir.
- Düzünə
qalsa, heç bilmirəm ey, nə deyim... Dəqiq bir qiymət yoxdur axı?!
- Özüm
də işlədiyim
üçün mən
başqasının əməyinə
qiymət biçməyə
alışmışam. Haqsızlığı
da görməyə gözüm yoxdur. Məndən əlavə pul qoparmanıza da, haqqınızı kəsməyə də mən eyni dərəcədə
qarşıyam. Odur ki, mənə indidən bəlli bir qiymət söyləmənizdə israrlıyam.
- Amma qiymət də işdən asılı olaraq dəyişir axı!
- Hm-m!.. Tərəddüdlərinizi nəzərə
alaraq, özüm bir qiymət söyləməyə məcburam
artıq. Mən sizə iki manat
ödəyə bilərəm.
Sir-sifəti
pörtən və geri-geri gedən Mariya Petrovna deyir:
- İnsafınız
olsun da!.. Məni lap utandırırsınız
ey... O iki manatı götürməkdənsə,
işimi pulsuz görməm daha məsləhətlidir. İzninizlə,
beş manata razılaşaq...
- İki manatdan bircə qəpik də artıq verən deyiləm. Haqqınıza
göz dikmədiyim kimi, sizə artıq pul ödəmək niyyətindən
də uzağam.
- Özünüz
bilən məsləhətdir,
amma mən də ikicə manata görə durub qapınıza qədər gedən deyiləm...
- Amma qanuna görə, bundan imtinaya da haqqınız çatmır.
- Onda, izninizlə, pulsuz gedim.
- Pulsuz da... mən istəmirəm. Hər əməyin qarşılığı
mütləq ödənməlidir.
Özüm də çalışdığım üçün fərqindəyəm
ki...
Mariya Petrovna ürkək tərzdə bildirir:
- İki manata görə əsla getmərəm. İzninizlə,
bunu pulsuz edim...
- Elə isə əbəs yerə rahatsız etdiyim üçün sizdən
üzr istəyirəm...
Qarşınızda təzim
edirəm.
Kiryakovu girişə qədər ötürən
mamaça deyir:
- Amma siz də əcəb... Əgər təklifimi uyğun sayırsınızsa, üç
manata gedərəm.
Mısmırığını sallayan Kiryakov baxışlarını
yerə zilləyir, sonrakı iki dəqiqə boyu təklif barədə düşünür, sonra
qətiyyətlə: "Yox!"
cavabı verməklə,
küçəyə çıxır.
Heyrət və çaşqınlıq hissinə
qapılan mamaça qapını onun ardınca örtb, öz yataq otağına
üz tutur.
Yerinə girərkən fikrindən keçir:
"Yaraşıqlı və
ciddi adamdır, amma davranışına bax bunun: özü bilən məsləhətdir".
Aradan heç yarım saat keçməmiş qapı
zəngi təkrar çalınır və qadın kandarda yenə Kiryakovu görür.
O, deyir:
- Heyrətamiz özbaşınalıqdır
ha! Mamaçaların yaşadığı
ünvanları nə
əczaxanadakılar bilir,
nə polis, nə də süpürgəçilər.
Bu səbəbdən də
bayaqkı təklifinizlə
barışmaqdan başqa
bir çarəm qalmır. O üç manatı sizə ödəyəcəyəm, amma… bir xidmətçi və xidmətindən yararlanacağım hər
hansı birisini tutduğumda olduğu kimi, bu səfər
də bəri başdan bildirməliyəm
ki, ödəmə vaxtı
məndən çaypulu
və sair əlavə məbləğ
istəməyəcəksiniz. Çünki hər kəs sadəcə haqq etdiyini almalıdır.
Mariya Petrovna durub uzun-uzadı
Kiryakovu dinləmir, çünki artıq ondan tamamilə bezdiyinin fərqindədir.
Bu kişinin təmkinli
və ahəngdar danışığı qadının
qəlbinə ağır
bir yük kimi çökməkdədir.
Əynini geyinən qadın kişi ilə birgə küçəyə çıxır.
Hava sakit olsa da, soyuqdur, həm də necə tutqundursa, fənərlərin işığı
güclə sezilir. Mamaça yaxın ətrafa baxsa da, arabaçı-filan görə
bilmir...
Maraqlanır:
- Yəqin yaxında
olursunuz?
Kiryakov qaşqabaqla dillənir:
- Hə, yaxında
oluruq.
Əvvəlcə bir, sonra iki, ardınca
üç dalanı geridə qoyurlar... Kiryakovun, hətta yerişindən də müəyyən ciddiyyət
və nəciblik oxunur.
Mamaça söhbətə
cəhd edir:
- Əcəb iyrənc
hava var!
Təmkinini qoruyaraq susan kişinin, qaloşları aşınmasın
deyə, illah şümal daşların
üstüylə yeridiyi
qadının diqqətini
çəkir.
Xeyli yol getdikdən sonra, ən nəhayət, mamaça bir artırmadan içəri
keçir. Oradan boylandığı zaman qarşısında
iri və səliqəli qonaq otağı görür. Otaqlarda, hətta yataq otağında belə, zahıdan başqa bir kimsə gözə dəymir... Yaşadığı
şəhərdə doğuma
hazırlaşan qadının
başına, adətən
qohum-əqrəbası və
ağbirçək qadınlar
yığılır, burada
isə heç kəs yoxdur. Bircə aşpaz qadın əlimyandıda ora-bura vurnuxur, onun da üzündə təlaş ifadəsi donub. Qəfil uca nalələr yüksəlir.
Aradan üç saat ötür. Doğmuş qadının
yatağının böyründə
oturan Mariya Petrovna ona nələrsə pıçıldayır.
Qadınlar tanışlıq
qurmağa artıq fürsət tapıblar, qeybətləşir, dərdləşirlər...
Mamaça hərdən:
- Sizə danışmaq
olmaz ey! - deyə xəbərdarlıq
eləsə də, zahıya fasiləsiz suallar yağdırmağından
da qalmır.
Budur, qapı açılır və Kiryakov özünəxas təmkinlə yataq otağına daxil olur. Keçib stulda əyləşərək,
bakenbardlarını sığallamağa
başlayır. Otağa
sükut çökür...
Mariya Petrovna ürkək baxışlarla
ev yiyəsinin yaraşıqlı, təmkinli
və donuq sifətinə göz qoyur, onun nə
deyəcəyini gözləyir.
İnadla susan kişi nə barədəsə düşünür.
Səbri daralan mamaça özü söhbətə ayaq qoymaq niyyətinə düşür və söhbətə oralarda alışılmış bu
giriş cümləsiylə
başlayır:
- Tanrıya şükürlər
olsun: daha bir insan da dünyamıza
qədəm qoydu!
Üzündəki donuq ifadəni qoruyan Kiryakov dillənir:
- Hə-ə, bax,
bu - xoş xəbərdir. Digər tərəfdən isə,
bir çətən övlada baxmaqdan ötrü adam gərək pula da pul deməyə. Axı övlad dünyaya gələndə onun qarın toxluğu və əyin-başıyla
bağlı sənə
hər hansı təminat verilmir.
Zahı qadının çöhrəsində günahkar
bir ifadə peyda olur: sanki
o, bu dünyaya iznsiz və ya sırf öz
şıltaqlığı ucbatından canlı bir məxluq gətirib.
Köks ötürən
Kiryakov yerindən qalxaraq, təmkinlə otağı tərk edir.
Mamaça zahı qadına deyir:
- Əcəb adamdır
bu, Tanrıya acıq getməsin... Necə ciddidirsə, heç gülümsəyə
də bilmir.
Zahı qadın ərinin həmişə
bu cür olduğunu etiraf eləyir... O - dürüst,
adil, düşüncəli
və bəlli məntiq çərçivəsində
qənaətcildir, ancaq
bütün bu özəlliklər indi fani bəndələrin anlamayacağı bir həddə çatıbdır.
Qohum-əqrəba bu ailədən uzaqlaşıb,
xidmətçilər bir
aydan çoxdur evi tərk edib,
tanış-bilişləri yoxdur, hər addımda səhv edəcəklər deyə,
evin xanımı və uşaqlar daima qorxu-hürkü içində yaşayırlar.
Əri dava-şava salmır, çığırıb-bağırmır,
üstün cəhətləri
də qüsurlarından
qat-qat çoxdur, amma o, evdən
çıxan kimi hamının içini hüzur və yüngüllük hissi bürüyür. Bunun niyə
belə olduğunu isə heç evin xanımı da anlamır.
Təkrar yataq otağına baş çəkən Kiryakov xatırladır:
- O ləyənləri yaxşıca yuyub-təmizləmək
və anbara qoymaq lazım gələcək. Bu flakonları
da bir yerdə gizlədin, əlbət, lazım olar.
Deyilən sözlər son
dərəcə bəsit
və adi xüsuslardır, bununla yanaşı, mamaçanın
canına nədənsə
bir üşütmə
düşür. Qadın
artıq bu kişidən qorxmağa başlayır və hər dəfə onun addım səslərini eşidincə,
səksənir.
Səhər çağı
evinə getməyə
hazırlaşanda o, Kiryakovun
gimnaziyada oxuyan, qırxıqbaş və rəngi soluxmuş kiçik oğlunun mətbəxdə çay
içdiyini görür...
Onun qarşısında
dayanan Kiryakov özünün o ahəngdar,
amiranə səsiylə
uşağa bunları
deyir:
- Əgər yeməyi
bacarırsansa, işləməyi
də bacar. Bax, az əvvəl
içdiyin o bir qurtum çayın da pulla satın alındığı barədə,
pulun isə zəhmət bahasına qazanıldığı barədə
sən, yəqin heç düşünməmisən.
Odur ki, yeyərkən
də, düşün...
Oğlanın kütləşən
sifətini süzən
mamaçaya elə gəlir ki, otaqdakı bu bənzərsiz kişinin öz varlığıyla ətrafındakı
hər şeyə göstərdiyi basqı ucbatından mətbəxdəki
hava da gərginləşib,
sanki az sonra divarlar uçub-dağılacaq. Qorxudan
özünü itirən
və bu kişiyə görünməmiş
nifrət bəsləyən
Mariya Petrovna boğçasını əlinə almaqla, əlüstü evdən çıxır.
Yolu yarı edincə yadına düşür ki, kişidən o halalca üçlüyünü
almağı da unudub. Ayaq saxlayır,
bir az düşündükdən
sonra əlini yelləməklə, yoluna
davam edir.
Anton ÇEXOV
Dilimizə çevirdi Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 31.