Azərbaycan Prezidentinin xalqa müraciətləri
və ya ana dilimiz
Vətən müharibəsində
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda
aparılan Vətən müharibəsinin
çoxdan gözlənilən böyük bir zəfərlə başa çatdırılmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin televiziya vasitəsi ilə
xalqa müraciətləri bir neçə
baxımdan tarixi rol oynadı
ki, onlardan biri də ana dilimizin həmin müraciətlərdə
öz zəngin fonetik,
leksik və
qrammatik imkanları səviyyəsində təzahürü və ya iştirakı
idi.
Prezidentin müraciətləri,
bir tərəfdən,
cəbhədə gedən
proseslər, əldə
edilən qələbələr
barədə ətraflı
məlumatlar verir, digər tərəfdən,
xalqın mübarizə
ruhunu, qələbə
əzmini yüksəldir
və nəhayət, üçüncü tərəfdən,
gözlərimiz qarşısında
cərəyan edən
tarixi hadisələri
idarə edə-edə
siyasi, ictimai və fəlsəfi mahiyyətini anladırdı.
Və milli dövlətçilik
mədəniyyəti baxımından
çox rəmzi (və heyranedici) idi ki, Azərbaycan Respublikasının dövlət
dili - Azərbaycan dili Respublikanın ərazi bütövlüyü
uğrundakı mübarizəyə
(müharibəyə!) ilk günlərdən
səfərbər olunmuşdu!..
Ümumiyyətlə, dilin zənginliyi, refleksiya imkanlarının genişliyi
ondadır ki, xalqa düşdüyü (və
düşə biləcəyi)
hər hansı fövqəladə hərəkət
(və idrak) situasiyasında inamla xidmət edə, lazımi sözü, ifadəni, sintaktik konstruksiyanı rahatlıqla
ortaya qoya, dinləyənlərin - cəmiyyətin
şəxsində isə
rezonans verərək sosial əhval-ruhiyyə yarada bilsin.
Prezident
İlham Əliyevin xalqa
müraciətləri içərisində
eləsi olmadı ki, öz ifadə texnologiyaları baxımından
geniş reaksiya doğurmasın.
Kommunikasiya nəzəriyyəsinə görə, nitq ünsiyyəti o halda uğurludur ki, adresantla adresat arasında söhbətin nədən
getdiyi barədə tammiqyaslı anlaşma
var. Azərbaycan cəmiyyətinə
uzun illərin təcrübəsindən aydın
idi ki, ermənilərin
orta əsrlərin sonlarından etibarən məlum etnik separatçılıq hərəkətlərinin
davamı olaraq gəlib çıxdığı
şovinist təcavüzkarlığın
nəticəsi kimi Ermənistan artıq həddini aşmış,
məsələni həll
etməli olan beynəlxalq missiyaların
siyasi deqradasiyaya uğraması imkan vermişdir ki, Ermənistanın
ölkə başçısı
məsuliyyətini itirərək
sərsəmləsin...
Azərbaycan Prezidentinin xalqa
müraciətləri Prezident
- Xalq qarşılıqlı
(və dərindən)
anlaşma-ünsiyyətin bir
də ona görə klassik nümunəsi idi ki, praktik olaraq Vətən müharibəsinin
hüdudlarını da aşaraq,
başlanğıcdan sona
qədər öz kommunikativ effektini nəinki itirmədi, əksinə, bu gün də Xalqda belə bir təsəvvür var
ki, həmin müraciətlər
heç zaman bitməyəcək...
Azərbaycan Prezidenti, Azərbaycan
Silahlı Qüvvələrinin
Ali Baş Komandanı
İlham Əliyevin xalqa
ilk müraciəti sentyabrın
27-də oldu.
Müraciət belə başladı:
"Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən
müxtəlif növ
silahlardan, o cümlədən,
ağır artilleriyadan
istifadə edərək
bizim yaşayış
məntəqələrimizi, eyni zamanda hərbi
mövqelərimizi atəşə
tutmuşdur.
Düşmən atəşi nəticəsində
mülki əhali və hərbçilərimiz
arasında itkilər,
yaralananlar var. Allah şəhidlərimizə
rəhmət eləsin!
Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin
hərbi mövqelərinə
atəşlər, zərbələr
endirir".
Azərbaycan Prezidenti Ermənistan
hakimiyyətinin işğal
olunmuş torpaqlarımızı
geri qaytarmaq əvəzinə, son vaxtlar,
hətta yeni ərazilər
ələ keçirmək
iddiasında olduğunu,
nəinki bunu gizlətmədiyini, bir sıra təxribatlar da törətdiyini qeyd etdikdən sonra dedi:
"Ermənistanın təxribatları,
eyni zamanda Ermənistan rəhbərliyi
tərəfindən verilən
bəyanatlarda da öz
əksini tapır. Ermənistanın baş naziri bir il bundan
əvvəl işğal
edilmiş torpaqlarda - Xankəndidə demişdir
ki, "Qarabağ Ermənistandır
və nöqtə".
Birincisi, bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ
ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm.
Qarabağ Azərbaycandır
və nida işarəsi. İkincisi,
bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə
vurulan böyük zərbə idi. Əgər Ermənistanın
baş naziri deyirsə ki, "Qarabağ
Ermənistandır", onda
hansı danışıqlardan
söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi
artıq iki il ərzində dəfələrlə
bəyan edir ki, Azərbaycan Ermənistanla
yox, qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır.
Bu da danışıqlar prosesinə
vurulan böyük zərbədir. İlk növbədə,
Azərbaycan heç vaxt oyuncaq xunta
rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını
dəyişdirmək cəhdləri
bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları
pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrinin
dövlət başçıları
dəfələrlə bəyan
etmişlər ki, status-kvo
qəbuledilməzdir və
bu, o deməkdir ki, işğala son qoyulmalıdır".
Prezident
əlavə etdi:
"Ermənistanın bizə qarşı təxribatları
bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim
şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının
"andiçmə" mərasimi
keçirilmişdir. Bu, təxribat
deyilmi? Bu bizə qarşı təhqirdir. Onlar hesab edirdilər
ki, biz bu təhqirlə
barışacağıq, razılaşacağıq.
Onlar bizi şüurlu şəkildə
təxribatlara çəkirlər
və bunun acı nəticələrini
görəcəklər.
Bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası" parlamentinin
qədim Azərbaycan şəhəri - Şuşaya
köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır.
Bu yaxınlarda Ermənistanın
baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən "könüllü"
hərbi birləşmələr
yaradılacaqdır. Bu, nə
üçün lazımdır?
Bunlar kimə qarşı vuruşacaqlar?
Bu, Azərbaycana qarşı
bu gün törədilən təxribatın
hazırlıq mərhələsi
idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən,
bu yaxınlarda BMT kürsüsündən demişdim
ki, Ermənistan yeni müharibəyə
hazırlaşır, Ermənistan
dayandırılmalıdır və dayandırılacaqdır".
Əlbəttə, bu sözlər
artıq kifayət edir ki, Azərbaycan öz ərazi bütövlüyünü öz
gücünə (hərbi
yolla!) müdafiə etsin.
Lakin başqa məlumatlar da var
ki, hər biri bütün detalları ilə xalqın nəzərinə çatdırılır...
Təcavüzə məruz qalan tərəfə gəldikdə
isə Prezident dedi:
"Azərbaycan heç bir təxribata əl atmamışdır.
Azərbaycan, sadəcə
olaraq, öz maraqlarını müdafiə
edir, öz mövqeyini dəstəkləyir
və öz siyasətini alnıaçıq
aparır. Biz dəfələrlə
bəyan etmişik ki,
Dağlıq Qarabağ
əzəli tarixi Azərbaycan torpağıdır
və bu, həqiqətdir. Ermənistanın
baş naziri deyəndə "Qarabağ
Ermənistandır", bu,
yalandır. Mən deyəndə ki, "Qarabağ
Azərbaycandır", bu,
həqiqətdir. Bütün
dünya Dağlıq
Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir.
Çünki bu bizim doğma, dədə-baba torpağımızdır.
Beynəlxalq hüquq bizim tərəfimizdədir.
Bütün beynəlxalq
təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır. Bütün
ölkələr Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır".
Azərbaycan Prezidenti xalqa müraciətini tarixə
əbədi olaraq yazılmış bu sözlərlə tamamladı:
"BMT-dən başqa bütün digər aparıcı beynəlxalq
təşkilatlar bizim
haqlı mövqeyimizi
müdafiə edir. Qoşulmama Hərəkatı
BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə
qəbul etmişlər.
İslam Əməkdaşlıq Təşkilatı ədalətli
qətnamələr qəbul
etmişdir. ATƏT-in qərarları,
Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir.
Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq.
Bu gün Azərbaycan
Ordusu Azərbaycan torpaqlarında düşmənə
sarsıdıcı zərbələr
endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi
bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə
işi var?! Ermənistan
ordusunun bizim torpağımızda nə
işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində
olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından
ibarətdir. Ermənistan
işğalçı dövlətdir,
bu işğala son qoyulmalıdır və
son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Beləliklə, hər cəhətdən
təmkinli, müharibənin
qaçılmaz olduğunu
etiraf, qələbənin
isə yaxında olduğunu sübut edən, Ermənistanın
günahı ucbatından
baş verən hadisələrin mahiyyətinə
varan, ən əsası
isə, Azərbaycanın
öz ərazi bütövlüyünü, xüsusilə,
Qarabağ uğrunda müharibəsinin haqq işi olduğunu təsdiqləyən bu müraciətlə ana dilimiz
Vətən müharibəsinə
daxil olur.
***
Azərbaycan Prezidentinin xalqa
oktyabrın 4-dəki ikinci
müraciəti ilk qələbə
xəbərləri ilə
başladı:
"Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə
bütün Azərbaycan
xalqını ürəkdən
təbrik edirəm".
Prezident
daha sonra bir neçə il əvvəl Cocuq Mərcanlı kəndi ilə bağlı görülmüş fövqəladə
işlərin tarixçəsini
xatırlatdı:
"Dörd il bundan əvvəl Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu
əməliyyat nəticəsində
azad edilmiş yüksəkliklər imkan
verdi ki, Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinə
sakinlər qayıtsınlar.
Gözəl qəsəbə
saldıq. Qəsəbənin
açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç
vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız
məhz Cocuq Mərcanlıdan başlamışdır".
Heç
də təsadüfi deyil ki, Prezident yalnız yuxarıdakı hər cəhətdən
real, qələbə sevinci
bəxş edən informativ məzmunlu mükalimələrdən sonra,
Vətən müharibəsinin
uğurla getdiyini elan edir.
Məsələ burasındadır ki, Azərbaycan xalqı Ali Baş Komandana inanır, işğal olunmuş ərazilərin,
ya sülh, ya da hərb yolu ilə qayıdacağına
əmindir, bununla belə, mövcud beynəlxalq münasibətlər
şəraitində heç
də birbaşa hərəkət etmək,
problem ətrafındakı vəziyyəti hər dəfə xalq-iqtidar məsləhətləşmələri səviyyəsindən izah
eləmək mümkün
deyil. Və əslində, müxtəlif
maraqlara xidmət edən dağıdıcı
müxalifətin apardığı
böhtan kampaniyalarına
rəğmən xalq bilir ki, ölkənin ərazi bütövlüyünün
ən qısa müddətdə təmini
iqtidar (və Prezident) tərəfindən
Onun missiyası kimi dərindən dərk olunur.
Azərbaycan Ordusunun bir həftədir başlamış,
nəinki ölkədə,
regionda, bütün dünyada böyük əks-səda vermiş, problemin hərbi həlli yoxdur - mifini bir andaca
alt-üst etmiş hücumu artıq tarix yazır:
"Bilirsiniz, bir həftədir ki, Azərbaycan
öz ərazi bütövlüyünün bərpası
uğrunda mübarizə
aparır. Döyüş
meydanında əsgər
və zabitlərimiz qəhrəmanlıq göstərir,
düşmənə sarsıdıcı
zərbələr endirir,
düşməni yerinə
oturdur, düşməni
torpaqlarımızdan qovur,
canı-qanı bahasına.
Bu şərəfli missiya
tarixdə öz yerini tapacaqdır.
Biz bu gün xalqımızın
və dövlətimizin
yeni tarixini yazırıq,
şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır.
Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq
uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni
cəlladları torpağımızı
işğal edib, bizim bütün tarixi, dini, mədəni
abidələrimizi darmadağın
edib dağıdıblar".
Prezident
öz müraciətinə
çox təmkinlə
başlayır, xüsusi
emosionallıq, həyəcan,
demək olar ki, hiss olunmur, düşmən üzərinə əks-hücumun
uğuruna böyük
əminlik var. Bunun bir
səbəbi Azərbaycan
tərəfin haqlı
olduğuna inamdırsa,
ikinci səbəbi məhz həmin haqlı tərəfin rəqibdən müqayisə
edilməyəcək qədər
geniş imkanlara malik olmasıdır.
Ən mühümü isə odur ki, hər nə qədər söhbət bilavasitə hərbi şəraitdə
və hərbi şərtlər daxilində
getsə də, Prezidentin nitqində sülh konseptləri aparıcıdır. Ümumiyyətlə,
müraciət mətnlərinin
dili üzərindəki
araşdırmalar göstərir
ki, Prezident Azərbaycan
xalqının, Azərbaycan
ordusunun gücünü,
qüdrətini həmişə
qeyd edir, ancaq hər dəfə bu gücün, qüdrətin
missiyasının məhz
vicdanlı sülh yaratmaqdan ibarət olduğunu deyir:
"Biz bütün şəhərləri
bərpa edəcəyik.
Ermənilər tərəfindən
dağıdılmış bütün məscidlərimizi
bərpa edəcəyik.
Bu bölgələrə həyat
qayıdacaq. Biz ermənilər
tərəfindən bizim
tarixi adlarımızı
dəyişdirib tarixi
saxtalaşdırmaq, eyni
zamanda Azərbaycan xalqının tarixi-mədəni
irsini silmək cəhdlərinə son qoyduq.
Bizim yaşayış
məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.
Biz öz torpağımızda
döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz
bərpa edilməlidir
və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki
öz doğma dədə-baba torpağını
işğalçılardan azad edir".
Göründüyü kimi, bu müraciətdə siyasi ritm nə
qədər güclü
olsa da (ən azı ona görə
ki, burada öz ərazi bütövlüyünü
təmin edən bir ölkənin haqlı iddialarından bəhs edilir), bundan da aparıcı, bundan da miqyaslı elə bir etno-
tarixi intonasiya var ki, onu "biz haqq yolundayıq" hökmündən
daha mükəmməl
şəkildə ifadə
etmək çətindir.
Prezidentin
müraciət nitqləri
üçün ən
səciyyəvi məqamlardan
biri vaxtaşırı
ümumiləşdirmələrdən
zaman-zaman konkret hadisələrə
keçilməsidir ki, bunun
nə qədər böyük əhəmiyyəti
olduğu üzərində
dayanmağa, yəqin
ki, xüsusi ehtiyac yoxdur. Hər şeydən əvvəl ona görə ki, şəhərlərimiz, kəndlərimiz,
dağlarımız, çöllərimiz,
çaylarımız, göllərimiz
və s. bir-birinin ardınca azad olur ki, onlar azğın düşmən
tərəfindən nə
qədər dağıdılıb
tar-mar edilsələr belə,
sadəcə adlarının
çəkilməsi, Azərbaycan
əsgərinin əlində
olması barədə
ən yüksək səviyyədə məlumat
verilməsi xalqın ruhunu yerindən oynadır:
"Bu gün cəbrayıllılar,
əlbəttə ki, sevinc
içindədirlər, necə
ki, bütün Azərbaycan
xalqı. Dünən
bizim qədim yaşayış yerimiz - Suqovuşan qəsəbəmiz
işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni
qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır.
1990-cı illərin əvvəllərində
də Azərbaycan göz yaşlarını
töküb. Ancaq o, məğlubiyyət göz
yaşları idi, o, faciə göz yaşları idi.
Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara
və bütün Azərbaycan xalqına bu gün azad
edilmiş yaşayış
məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı
yaşayış məntəqələrini
azad edib: Cəbrayıl şəhəri,
Karxulu kəndi, Şükürbəyli kəndi,
Yuxarı Maralyan kəndi, Çərəkən
kəndi, Daşkəsən
kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi".
Prezident
Cəbrayıl rayonunun
və onun kəndlərinin işğaldan
azad edilməsinin bir nümunə olacağını xatırlatmaqla
yanaşı, yenidən
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
tarixinin mürəkkəb
məqamlarının təfsirinə
keçir:
"Bu kəndlərin sakinləri,
sizə müraciət
edirəm, sizin həsrətinizə son qoyulur
və bizim digər bütün qaçqın, köçkün
soydaşlarımız bilsinlər
ki, biz onları da onların
dədə-baba torpaqlarına
qaytaracağıq. Güc
yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar
yolu ilə həll olunsun, səbir göstərirdik.
Danışıqlarda həmişə
ədalətli mövqedə
olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının
torpağında heç
vaxt gözümüz
olmayıb. Amma demişik
ki, bu, bizimdir, xalqımızındır, millətimizindir,
bizə qayıtmalıdır,
danışıqlar yolu
ilə qayıtmalıdır.
Amma bu danışıqlar
faktiki olaraq münaqişənin dondurulmasına
gətirib çıxarmışdır.
Yəni, buna hesablanmışdır".
Otuz il ərzində aparılan danışıqların, bu
qədər uzun müddətdə Azərbaycan
xalqının heysiyyatı
ilə oynamaq cəhdlərinin yolverilməz
olduğunu bir daha nəzərə çatdıran Prezident xatırladır:
"İyirmi yeddi il ərzində biz bütün
dövrlərdə - danışıqların
bütün dövrlərində
konstruktiv mövqe göstərmişdik, ədalətli
mövqe göstərmişdik.
Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar
daha da azğınlaşıb.
Təcavüzkarın tamahı
daha da böyüyüb,
bizim dədə-baba torpağımıza göz
dikib. Nəticədə
işğal edilmiş
bütün torpaqları
qondarma "Dağlıq
Qarabağ respublikası"na
aid edib, yeni xəritələr
dərc edib və bu xəritələrdə
işğal edilmiş
bütün ərazilər
Dağlıq Qarabağ
kimi təqdim edilir. Ondan sonra
nə oldu? Ondan sonra bəyan
etdilər ki, bir qarış torpağı
Azərbaycana qaytarmayacağıq".
Azərbaycan Prezidenti qarşı
tərəfin hər cür diplomatik, çoxgedişli, çox
hallarda da riyakar, hiyləgər mövqeyini
geniş xalq kütlələrinin bütün
təfsilatı ilə
anlayacağı bir dildə şərh edərək, tam aydınlığı
ilə göstərir
ki, məsələni həll
etmək üçün
döyüş meydanından
başqa yol qalmamışdır:
"Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda
bizim əsas ümidverici məqamımız
o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli
yollarla Azərbaycana qaytarılacaq. Biz də
buna razılıq vermişdik
ki, mərhələli yollarla
qaytarılsın, sülh
yolu ilə qaytarılsın. Bir mərhələdə
5 rayon qaytarılsın, ikinci
mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq
Qarabağa qayıtsınlar,
Şuşaya qayıtsınlar,
ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar,
necə ki, vaxtilə
biz yaşamışıq. Bu, ədalətli mövqedir.
Bu, beynəlxalq hüququn
bütün normalarına
uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük
ki, Azərbaycan xalqının
iradəsini sındırmaq
istəyirlər. Gördük
ki, bizə qarşı
yeni müharibə açılır,
bizi yeni müharibə
ilə hədələyirlər.
Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz
şəhərimiz və
digər yaşayış
məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak
oldu, mülki vətəndaş həlak
oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi,
saxlanıldı. İndi ifadələr
verir, deyir, göndərilib ki, terror aktları
törətsin. Budurmu
danışıqlar prosesinə
sadiqlik?!"
Əlbəttə, Azərbaycan xalqı
son illərdə hakimiyyətə
gətirilmiş Ermənistan
baş nazirinin sayıqlamalarına bələd
olduğu kimi, Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq
məclislərdə həmin
sayıqlamaları vaxtaşırı
olaraq ifşa etdiyini, baş nazirin yalan bəyanatların
arxasınca başını
ora-bura soxmağa cəhdlər göstərdiyini
də yaxşı bilirdi.
Beynəlxalq hüquq normalarının
qorunması hələ
bir yana, öz ölkəsinin taleyi üçün məsuliyyət daşımalı
olan baş nazir hansısa qüvvələrin
təsiri altında özünü itirib o qədər azğınlaşdı
ki, nə özünün,
nə də ümumən ölkəsinin
arxasında dayana bilməyəcəyi anti-tarixi
sözlər dedi.
Yeri gəlmişkən, xalqa müraciətlərin mətnlərində
həm birbaşa, həm də dolayısı ilə çox tez-tez ifadə olunur ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti "Qarabağ Ermənistandır və nöqtə" sözlərini
heç kimə güzəştə gedə
bilməzdi:
"Mən Minsk qrupunun həmsədr ölkələrinə,
həmsədr olan səfirlərə, digər
beynəlxalq təşkilatlara,
Avropa İttifaqının
nümayəndələrinə dəfələrlə demişdim
ki, Ermənistana təsir
edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha
da quduracaq, yeni iddialar
ortaya atacaq. Eşitmədilər məni.
Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər.
Hesab edirdilər ki, Azərbaycan xalqı və mən - Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab
edirdilər ki, bizim müqəddəs şəhərimiz
olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?!
Azərbaycan xalqının
tarixinə zərbə
vuran erməni cəlladları ilə biz
danışıqlarmı aparmalıyıq?
Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı
özünə "andiçmə
mərasimi" keçirmişdir.
Baxım görüm,
indi andiçmə mərasimi harada keçiriləcək, yas
mərasimini keçirəcək!
İndi qaçıb siçan
kimi gizlənib. Çıxsın ortalığa!
Ermənistanın baş
naziri gedib Şuşada, Cıdır
düzündə rəqs
edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv
edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma
"Dağlıq Qarabağ
respublikası"nın parlamentinin
Şuşaya köçürülməsi
nə deməkdir?! Yenə də Azərbaycan xalqını
təhqir etmək cəhdidir. Cəbrayıla
Ermənistandan yeni yolun
çəkilməsi nə
deməkdir?! O deməkdir
ki, orada qanunsuz məskunlaşma aparılacaq.
Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər,
köçürürlər bizim qədim şəhərimizə, Şuşada
yerləşdirirlər, televiziyada
göstərirlər, beynəlxalq
konvensiyaları pozurlar,
Cenevrə Konvensiyasını
tapdalayırlar. Bunlara
söz deyən var?! Tapşırıq vermişəm
bütün bizim xarici diplomatik orqanlara - məsələ
qaldırın, BMT-də,
ATƏT-də, Avropa İttifaqında, başqa
təşkilatlara, deyin
ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi
maraqlandırmır. Maraqlandırmırsa,
indi də maraqlandırmasın. İndi nə
əl-ayağa düşmüsünüz?
İndi nə hoqqalardan
çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi
ölkələr, Avropa
ölkələri bizi
ittiham edirlər. Getsinlər güzgüyə
baxsınlar. Bu ittihamların
heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı
fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya
qayıtmalıyıq, qayıdırıq
və qayıdacağıq!"
Azərbaycan xalqının ruhunu
əks etdirməklə
Azərbaycan dilinin qüdrətini də nümayiş etdirən bu son dərəcə dərin məzmunlu ifadə texnologiyalarında
Ümummilli Lider Heydər Əliyev nitqinin ölməz təcrübəsinin davamını,
inkişafını görməmək,
duymamaq, təsəvvürlərdə
yenidən canlandırmamaq
mümkün deyil. Və heç bir tərəddüd etmədən deyə bilərik ki, zaman etibarilə
o qədər də uzun çəkməyən
Vətən müharibəsi
Azərbaycan dili siyasi üslubunun elə bir zəngin
çalarını yaratdı
ki, biz onu dilimizin məhz "Vətən müharibəsi üslubu",
yaxud "Zəfər
üslubu" adlandırırıq.
"Mən 27 sentyabr hadisələrindən əvvəl
Ermənistana demişdim,
gəl, təkbətək
vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm,
heç bir liderə zəng etməmişəm. Təmaslarım
olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın,
onların ayağına
yıxılmasın. Bax,
budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi
mundarlamasaydı, əlbəttə,
biz ümidlərlə yaşayıb
çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?!
İndi biz göstərdik kim-kimdir.
İti qovan kimi qovuruq onları!
Azərbaycan əsgəri
onları iti qovan kimi qovur!
İşğal edilmiş
torpaqlarda Azərbaycan
bayrağı qaldırılır!
Onların səngərlərində
Azərbaycan əsgəri
dayanır! Onların postları bizim əlimizdədir! Onların
tanklarını biz sürürük!
Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları
bizim əlimizdədir!
Biz xilaskar missiyamızı
icra edirik və edəcəyik!"
Nədir
bu üslubun özəlliyi? Odur ki, söhbət "danışıq
stolu" arxasında,
yalan danışmaq, hiyləgərlik etmək,
üzdə bir söz deyib arxada ayrı şey düşünməyə
imkan verən bir mühitdə getmir, söhbət hər bir sözün
bilavasitə dəyəri
olduğu təkbətək
döyüş meydanında
gedir:
"Ermənistan rəhbərliyi
yaxşı düşünsün,
hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm, nə şərt qoyursan bizə! Yıxılıb,
diz çöküb yalvarırsan ki, atəşkəs
bərpa olunsun. Atəşkəs Ermənistanın
baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan
məni sıxırlar,
mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm,
mən yeni fikirlərlə
gəlmişəm. Mən
keçmişdə nə
olub, hamısının
üstündən xətt
çəkmişəm, imkan
verin, vaxt verin. Dedim, yaxşı.
Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, "Qarabağ Ermənistandır". İndi desin "Qarabağ Ermənistandır". İndi mənə olan zənglər və zənglər əsnasında
gedən söhbətlər
əlbəttə ki, konfidensial
xarakter daşıyır
və bəzi hallarda indi soruşurlar
bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan,
çıxsın, qarşıdurma
dayansın. Amma sözdə
yox, əməldə.
Desin ki, mən Azərbaycanın ərazi
bütövlüyünü tanıyıram, necə
ki, baza prinsiplərində
bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam,
necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin
çıxarılması cədvəli
verilsin bizə. Onda biz, əlbəttə
ki, atəşkəs rejimini
bərpa edəcəyik.
Halbuki indi şiddətli döyüşlər
getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın,
onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən
nə lazımdır dedim, vəssalam".
Azərbaycan Prezidenti - Azərbaycan
Respublikası ərazisini
Ermənistan işğalçılarından
təmizləməyə uğurla
başlamış Ordunun
Ali Baş Komandanı
xalqa ilk müraciətini
aşağıdakı sözlərlə
yekunlaşdırır:
"Biz haqq-ədalət tərəfindəyik.
Biz tarixin ən şərəfli anlarını
yaşayırıq. Azərbaycan
xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli
anlar olub, hadisələr olub, qələbələr olub.
Onların sırasında
bugünkü hadisələr
xüsusi yerdədir.
Biz ədaləti bərpa
edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının
ümidlərini doğrulduruq
və bundan sonra da doğruldacağıq.
Biz haqlıyıq, biz zəfər
çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!"
***
Prezident
İlham Əliyev oktyabrın
9-da xalqa üçüncü
müraciətində Hadrut qəsəbəsinin, eləcə
də bəzi kəndlərin işğaldan
azad olunması barədə məlumat verdikdən sonra Azərbaycan ordusunun döyüş meydanında
tam üstünlüyünü göstərən faktlar üzərində dayandı,
düşmənin guya
hücuma keçdiyini,
itirdikləri bəzi mövqeləri geri aldıqları barədə
həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmağa məcbur olduğunu nəzərə çatdırdı.
Onu da qeyd etməyi unutmadı ki, düşmən uzun illər ərzində təmas xətti boyunca kifayət qədər möhkəm müdafiə sistemi qurmuşdur ki, "onları
yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək
üçün bizə
bir neçə gün lazım olur... Eyni zamanda,
biz bütün işləri
elə aparırıq
ki, az itkilər verək".
Düşmənin əhval-ruhiyyəsini səciyyələndirərkən Azərbaycan Prezidenti dedi:
"Düşmən panikadadır,
düşmən isterikaya
qapılıb. Düşmən
ölkənin rəhbərliyi
tamamilə özünü
itirmiş vəziyyətdədir.
Müxtəlif ölkələrə,
müxtəlif ölkələrin
dövlət-hökumət başçılarına müntəzəm
olaraq zəng edir, dəfələrlə,
gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına
yıxılır. Özünü
alçaldır ki, gəlin,
bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar.
Biz dəfələrlə bunu
demişik, öz xoşunuzla çıxın
bizim torpaqlarımızdan.
BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə
yetirin, yoxsa, peşman olacaqsınız.
Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq?
Barışmayacaq, dəfələrlə
demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə
barışacaq? Barışmayacaq,
dəfələrlə demişəm.
Amma bizim torpaqlarımızda
oturub, bizim müqəddəs torpağımızı
zəhərləyib sonra
da bizə qarşı
iddia qaldırasan - qudurğanlığın dərəcəsinə
baxın. Biz onları
yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları
elə qovuruq ki, onlar bu sprinti
heç vaxt yaddan çıxarmayacaqlar".
Azərbaycan dilinin bu bədii təkrarları, mənagücləndirici sinonimləri,
hər cəhətdən
məsələnin mahiyyətinə
nüfuz edən suallar, cavablar, Prezidentin nitqində (və müharibə üslubunda) yenidən doğulan təsirli (və təzə-tər) frazeologiya, əlbəttə,
xalqımızın iradəsini
mükəmməl bir
şəkildə əks
etdirir.
Ən çox nəzərəçarpan
da odur ki, bu nitqdə son dərəcə
böyük qətiyyət
var. İstər keçmiş,
istər indiki, istərsə də gələcək zamanda işlənsin, feil bütün hallarda həmin qətiyyətin ifadəsinə xidmət göstərir:
"Bu gün bütün cəbhə boyu döyüşlər gedir.
Azərbaycan bütün
istiqamətlər üzrə
mövqelərini möhkəmləndirir
və biz işğalçını,
təcavüzkarı sülhə
məcbur edirik. Bu əməliyyatın əsas
məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş
meydanında da, beynəlxalq
müstəvidə də,
siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü
gördülər, bizim
iradəmizi gördülər.
Onlar gördülər
ki, dünyada heç
bir qüvvə bizi haqq yolumuzdan
döndərə bilməz.
Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan-yalvar, kimin ayağının altına
yıxılırsan-yıxıl, kimin dabanlarını yalayırsan-yala, heç kim bizə təsir
edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq
və biz öz torpaqlarımızı geri
alacağıq, ərazi
bütövlüyümüzü bərpa edəcəyik!"
Prezidentin
nitqindəki həmin bu qətiyyət ona görə qiymətlidir ki, təkcə
Azərbaycan xalqının
yox, əsrlər boyu, ilk növbədə,
məhz öz liderləri tərəfindən
məhrumiyyətlərə məruz qoyulmuş ermənilərin də mənafelərinə uyğun
münasibətlərin qurulmasını
tələb edir. Halbuki Ermənistan baş nazirinin, qondarma "Dağlıq Qarabağ respublikası"nın
quldur başçısının
imitasiya etməyə çalışdıqları "qətiyyət" isə,
əslində, siyasi təcavüz, yekəbaşlıq
və hərc-mərclikdir:
"Dünən və srağagün siyasi müstəvidə baş
vermiş hadisələr
onu göstərir ki, Ermənistan rəhbərliyi
nəhayət, başından
böyük zərbə
alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə
oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar
yolu ilə, sülh yolu ilə torpağımızdan
çıxsın. Onsuz
da biz bu torpaqlara qayıdacağıq. Onsuz
da biz ərazi bütövlüyümüzü
bərpa edəcəyik.
Bütün dünya bunu gördü, o cümlədən, Ermənistan
bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik
ki, şəhidlər olmasın.
Biz öz torpaqlarımızı
istəyirik. Çıxın,
gedin bizim torpağımızdan, rədd
olun bizim torpağımızdan! Gedin,
öz ölkənizdə
yaşayın. Amma biz torpağımızı
geri alacağıq.
Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır".
Prezident
vaxtilə özünü
dünyaya göstərmək
üçün "xoruzlanan"
Ermənistan baş nazirinin cəmisi bir atım barıtı
olduğunu xatırladır:
"Bu gün Moskvada keçiriləcək görüş,
hesab edirəm ki, bir çox şeylərə aydınlıq
gətirəcək. Onlar
baza prinsiplərini qəbul etməlidirlər.
Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana
bir qarış torpaq verməyəcəyəm.
Nə oldu bəs?! Gəl, tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə
oldu verdin? Nə oldu qaçdın?
İndi gedirsən onun-bunun
dabanını yalaya-yalaya,
özünü alçalda-alçalda
öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra
bərabər etmisən.
Demişdi ki, verməyəcəkdi
bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən,
ya verməyəcəksən?!
Gəldik götürdük,
vəssalam. Götürəcəyik,
nə qədər lazımdır, istəsək
artıqlaması ilə.
Necə ki, iyul ayında götürə
bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə
bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı
ala bilməzdi. Bu döyüşlər
onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz
artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk.
Bizim başqa ölkələrin torpağında
gözümüz yoxdur.
Amma öz torpağımızı
heç kimə verməyəcəyik".
Bundan sonra isə Ermənistanın baş nazirinin və onun ağılsızlıq,
yekəbaşlıq üzündən
düşdüyü gülünc
vəziyyətin təsviri
gəlir ki, görünür,
həmin təsviri Azərbaycan dilindən başqa heç bir dildə bu qədər canlı şəkildə
təqdim etmək mümkün deyil:
"Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, "Dağlıq
Qarabağ respublikası"
o cümlədən, işğal
edilmiş bütün
torpaqları əhatə
edir. Bəs, gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı
ki, zəng etməsin.
Kim qaldı ki, zəhləsini
tökməsin. Bir məsləhət
verərdim ki, bəlkə
şamanlara zəng etsin. Onlar ona
kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan
bir qəbilə başçısına zəng
etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına
çevrilib. Açın,
sosial şəbəkələrə
baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr
qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında
oturub, o torpaqdan çıxa bilmir".
Azərbaycan Prezidentinin müraciətlərində
deyildiyi günlərdən
xalqın yaddaşına
həkk olan elə mülahizələr,
mühakimələr var ki, zaman-zaman öz tarixi dəyərini daha da artıracaq, Vətənin
Bütövlüyünün təmin olunmasında atılmış strateji addımların hansı dərin qaynaqlardan güc aldığını,
hansı perspektivlər
vəd elədiyini nümayiş etdirəcəkdir:
"Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim
uğurlu əməliyyatımız
böyük nəticələrə
gətirib çıxardı.
Nəyi necə, nə vaxt etmək
lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq
bütün lazımi
tədbirləri görürəm,
ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə,
o cümlədən, hərbi
quruculuq sahəsində".
Azərbaycan Prezidenti münaqişənin
hərbi həll yolu yoxdur - mifinin
doğru olmadığını
bir daha xatırlatdıqdan sonra xalq danışıq dilinin imkanlarına meydan verdi:
"Bu əməliyyat olmasaydı,
biz təcavüzkara lazımi
zərbələr endirməsəydik,
onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya
danışıqlar aparmaq
üçün?! Oturacaqdı
özündən razı,
deyəcəkdi ki, torpaqları
vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı
sənin "qəhrəmanlığ"ın?!
Deyirdin, "Qarabağ
Ermənistandır". Qarabağ
Azərbaycandır!"
İllər keçəcək, lakin
düşmən üzərindəki
tarixi qələbəmizin
mənəvi şahidi
(və müşayiətçisi)
olmuş bu sözlər həmin qələbəyə Komandanlıq
etmiş dövlət
başçısının yaşantılarını daim
yaşadacaqdır:
"Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız
bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo
deyilən məsələ
yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim
status-kvonu, dəyişdirdim!
Bax, orada, döyüş meydanında.
Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq
onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini.
Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı
gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar
qurulub. Yarıb keçmişik. Azərbaycan
əsgərinin qabağında
heç kim heç nə edə bilməz. Biz bu gün o təmas
xəttini darmadağın
etdik. Yoxdur təmas xətti. İndi deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı
geri alacağıq. Hansı təmas xəttindən söhbət
gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc
göstərmişik, xalqımızın
iradəsinə arxalanmışıq
və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq!
Bu qələbə Azərbaycan
xalqının əldə
etdiyi qələbələr
arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam
edəcək. Biz torpaqlarımızı
azad edəcəyik, ərazi bütövlüyümüzü
bərpa edəcəyik!
Düşməni ondan
sonra da qovacağıq.
Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi
bəyənibdir. Qovacağıq
onları axıra qədər. Bayrağımız
işğal edilmiş
bütün torpaqlarda
qaldırılacaq, Azərbaycanın
ərazi bütövlüyü
bərpa ediləcək.
Yaşasın Azərbaycan
Ordusu! Qarabağ Azərbaycandır!"
***
Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev
dördüncü dəfə
xalqa müraciət edərkən söhbətə
Gəncə və Mingəçevir şəhərlərinin
raket atəşinə
tutulmasından başladı:
"Ermənistan rəhbərliyi
hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə
atəş açmaq
hərbi cinayətdir.
Onlar bu cinayətə görə
məsuliyyət daşımalıdırlar
və daşıyacaqlar.
Biz isə onların cavabını döyüş
meydanında veririk. Şəhidlərin, günahsız
insanların qisasını
döyüş meydanında
alırıq və alacağıq. Biz heç
vaxt mülki əhaliyə qarşı
mübarizə, müharibə
aparmamışıq, bundan
sonra da aparmayacağıq.
Biz ermənilər deyilik.
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında
birləşib. Bütün
Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik
göstərir".
Azərbaycan Prezidenti öz müraciət ənənəsinə
uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizi
sadaladı:
"Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını
uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım.
Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış
məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq
istəyirəm. Bu gün
Füzuli rayonunun aşağıdakı yaşayış
məntəqələri işğalçılardan
azad edilib - Qoçəhmədli kəndi,
Çimən kəndi,
Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi,
Dədəli kəndi
və Füzuli şəhəri. Füzuli
şəhəri işğalçılardan
azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"
Füzuli
şəhərinin işğaldan
azad edilməsinin hərbi-strateji təfərrüatına
xüsusi diqqət yetirən Ali Baş Komandan bununla Azərbaycan Ordusunun hansı döyüş qüdrətinə malik olduğunu
bir daha xalqın nəzərinə
çatdırmışdır:
"Füzuli əməliyyatı
rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi
Azərbaycan özünə
qaytardı, on minlərlə
insanın o yerlərə
qayıtmasını təmin
etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin
təmas xəttində
yerləşən bir
neçə müdafiə
xəttinin yarılması
bizə növbəti
strateji üstünlüklər
verir. Çünki Füzuli istiqamətində
yerləşən bizim
hərbi qüvvələrimiz
bu günlər ərzində orada döyüşlər aparırdı.
İndi, təbii ki, bu,
sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə
bildik. Hansı böyük hərbi peşəkarlıq və
rəşadət nəticəsində
biz Füzulini işğalçılardan
azad edə bildik. Ondan əvvəl
Cəbrayıl şəhəri
işğalçılardan azad edildi. Ondan
əvvəl Hadrut işğalçılardan
azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının,
o cümlədən, Füzuli
rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini
işğalçılardan azad edə bilmişik.
Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün
tam məsuliyyətlə deyə
bilərəm ki, Füzuli
əməliyyatı hərbi
kitablara daxil ediləcək. Təkcə
Füzuli əməliyyatı
yox, başqa əməliyyatlar. Bu gün
məndə olan məlumata görə, hərbi mütəxəssislər
artıq açıq-aydın
bildirirlər ki, Azərbaycan
Ordusu böyük döyüş qabiliyyətinə
və texniki təminata malik olan bir ordudur".
Azərbaycan Prezidenti yenidən
dinc yaşayış
məskənlərinin raket
atəşinə tutulması
məsələsinə qayıdaraq,
yalnız erməni faşizmini ifşa etməklə kifayətlənməmiş,
eyni zamanda günahkarların cəzasız
qalmayacağını xüsusi
olaraq elan etmişdi:
"Atəşkəs elan olundu,
ondan bir gün keçmədi Gəncəni bombaladılar.
Özü də haranı? Yaşayış
massivlərini. Bu gün
də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.
Bu, insanlığa qarşı
cinayətdir. Əgər
beynəlxalq birlik Ermənistanı törədilmiş
cinayətlərə görə
məsuliyyətə cəlb
etmək istəmirsə,
- necə ki, Xocalı
soyqırımına görə
heç kim onları məsuliyyətə
cəlb etməyib, -
biz özümüz onları
məsuliyyətə cəlb
edəcəyik. Biz özümüz
onların cəzasını
verəcəyik, özümüz
onları cəzalandıracağıq
və bizim cəzamız ədalətli
cəza olacaqdır. Onlar ən ağır
cəzaya layiqdirlər".
Ermənistanın baş nazirinə
ünvanlanmış aşağıdakı
suallar isə təkcə baş nazirin deyil, bütövlükdə Ermənistanın
müstəqil bir dövlət olaraq meydana çıxdıqdan
sonra yürütməyə
çalışdığı siyasətin portretini yaradır:
"Niyə demirsən "Qarabağ Ermənistandır".
Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, "Qarabağ
Ermənistandır və
nöqtə" deyəndə,
niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın?
Bilmirdinmi ki, gün gələcək, bu əməllərə görə
cavab verəcəksən?
Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən
erməniləri gətirib
məskunlaşdırmaq hərbi
cinayətdir, Cenevrə
Konvensiyasına ziddir.
Nümayişkaranə bunu
edirlər, televiziyada göstərirlər, necə
ki ermənilər gəliblər
bizim qədim torpağımızda yaşamağa,
işləməyə. İndi baxım, görüm kim gələcək Şuşaya məskunlaşmağa.
Cəbrayıla yeni yol
çəkirdin Ermənistandan.
Nə üçün?
O bölgəni, Arazboyu
bölgəmizi qanunsuz
yollarla zəbt edib, ondan sonra
orada erməniləri məskunlaşdırmaq üçün?
Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda
əhali az olduğu üçün
xaricdən erməniləri
müxtəlif yollarla,
o cümlədən, onları
aldadaraq gətirib orada məskunlaşdırmaq
nə məqsədi daşıyırdı? Bizim
tarixi torpaqlarımızı
əbədi işğal
altında saxlamaq, əbədi işğalı
təmin etmək və bizim torpaqlarımızı
erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin.
Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa
tarixi adlarımızı
da bərpa edəcəyik.
Şuşaya dırnaqarası
qurumun parlamentini köçürürdün bəs.
Get köçür, görüm
necə köçürəcəksən!
O saxta, quldur dəstə başçısının
"andiçmə mərasimi"nin
keçirildiyi yer nə gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın.
İndi görüm, hansı
şərti qoyursan. Nə oldu bəs?
Onun-bunun ətəyindən
yapışıb, onun-bunun
ayağının altına
yıxılıb imdad
diləyirsən ki, Azərbaycanı
durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan, dayanaq.
Rədd ol torpağımızdan, dayanaq.
Mən bunu demişəm, gizlətmirəm.
Azərbaycan xalqı
da bunu bilir, beynəlxalq aləm də bunu deyir.
Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq.
Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin.
Artıq son günlərin
tarixi bunu göstərir".
Azərbaycan Prezidenti erməni
xalqının da öz
gələcəyi naminə
nələr etməli
olduğunu göstərmişdir:
"Azərbaycan xalqını
təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin
başçılarını məsuliyyətə cəlb
etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər
təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün.
Mən də erməni xalqına müraciət etmişdim və bir daha
müraciət edirəm:
Qoymayın uşaqlarınızı!
Nə işi var onların bizim torpağımızda? Öz
ölkənizdə yaşayın.
Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin, yaşayın öz ölkənizdə,
nə edirsiniz-edin, amma bizim torpaqdan
çıxın. Əminəm
ki, erməni xalqı
da öz cinayətkar xunta rejimi başçılarını
məsuliyyətə cəlb
edəcək. Biz isə
haqq yolundayıq, ədalət yolundayıq.
Biz haqlıyıq, biz öz
torpağımızda vuruşuruq,
öz torpağımızda
şəhidlər veririk.
Bizim savaşımız
müqəddəs savaşdır!"
Aşağıdakı sözlərə
gəldikdə isə,
heç şübhəsiz,
böyük milli tarixi
dəyər daşımaqdadır:
"Biz döyüş meydanında
gücümüzü göstərdik,
həm düşmənə,
həm də bütün dünyaya. Döyüş meydanında
göstərdiyimiz güc
və onun mənbəyi Azərbaycan
xalqının iradəsidir,
Azərbaycan xalqının
istedadıdır və
bizim əldə etdiyimiz uğurlardır.
Bir daha demək istəyirəm ki, biz xoşbəxt
insanıq, bizim nəslimiz xoşbəxtdir
ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt
insan hesab edirəm ki, bu sevincli xəbərləri
doğma xalqıma çatdırıram. Ali Baş
Komandan kimi bütün işlərə
rəhbərlik edirəm
və Azərbaycan xalqını əmin etmək istəyirəm
ki, bundan sonra da öz fəaliyyətimdə
ölkəmizin, xalqımızın
milli maraqlarını qorumaq
üçün əlimdən
gələni əsirgəməyəcəyəm.
Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda
vuruşuruq, öz ərazi bütövlüyümüzü
bərpa edirik.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan
xalqı! Qarabağ Azərbaycandır!"
***
Xalqa oktyabrın 20-dəki beşinci
müraciətində Azərbaycan
Prezidenti söhbətə
yenidən erməni faşistlərinin yaşayış
məntəqələrini, mülki əhalini hədəfə almaqda davam etdiklərini göstərdi. Və izah etdi ki, bütün
bunlar döyüş
meydanında məğlub
olan düşmənin
vurnuxması, canını
qurtarmaq üçün
çıxış yolları
axtarması, özünü
daha da çıxılmaz
vəziyyətlərə salmasıdır.
Prezident
daha sonra dedi:
"Biz böyük səylər göstərdik, BMT Baş
Assambleyası, Qoşulmama
Hərəkatı, Avropa
Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, digər
təşkilatlar qətnamə
qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış
sənəddə də
sərhədlərimizin toxunulmazlığına,
suverenliyimizə və
ölkəmizin ərazi
bütövlüyünə dəstək göstərilir.
Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq
özünü lap dilənçi
kimi, lap düşük
kimi, - bağışlayın,
ifadəmə görə,
amma onlar hər bir ifadəyə
layiqdirlər, - aparan Ermənistan rəhbərliyi
gecə-gündüz bütün
beynəlxalq təşkilatlara
zəng edir, məktublar göndərir,
bəyanatlar verir ki, niyə səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri,
bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını
beynəlxalq birlik tərəfindən tanınan
öz ərazisində
keçirir. Biz Ermənistan
ərazisində hər
hansı bir əməliyyat keçirmirik,
- bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan
ərazisindən iki dəfə bombalamışdılar.
Biz cavab vermədik onların yolu ilə. Biz döyüş
meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların
intiqamını döyüş
meydanında alacağıq
və alırıq.
Biz şəhidlərimizin qanını
yerdə qoymayacağıq
və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas
məqsədi o idi ki,
bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik".
Azərbaycan Prezidentinin erməni
mifi, erməni yalanı barədə dedikləri konkret müşahidələrin, təhlillərin
elə bir ümumiləşdirilmiş ifadəsidir
ki, heç bir münasibətlə təkzib
etmək mümkün
deyil:
"Onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri
gecə-gündüz yalan,
uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında
baş verən hadisələr haqqında.
Sanki kimsə gəlib
bizim əvəzimizə
vuruşur. Azərbaycan
xalqı, Azərbaycan
gəncləri, Azərbaycan
əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq,
hər kəs bunu bilir. Amma özlərinə sığışdıra
bilmirlər, çünki
miflər dağılır,
miflər onların ideologiyasının əsasdır.
Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox
ölkələrə qəbul
etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını
törədib. Gəncənin
bombalanması haqqında
onların rəsmi nümayəndələri yalan
bəyanat veriblər
ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var.
Ağıl da yoxdur. Ağıl olsaydı, deyərdilər ki, baxın,
bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr
tərəfindən izlənilir,
haradan atılıb,
hara dəyib. Ballistik raketlərə döyüş
tapşırığı verilir. O təsadüfən
o yaşayış massivinə
düşməmişdir. Gecə
vaxtı, qəsdən.
Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb
Gəncəyə bu raketi? Biz özümüzə
atmışıq? Necə
ki, yalan danışırdılar,
Azərbaycan özü
Xocalı soyqırımını
törədib, indi də yalan danışırlar.
Bütün dünyaya
yalan danışır,
bütün müsahibələrdə
yalan danışır.
Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər
ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç
vaxt unutmayacaqlar.
İndi isə imdad diləyirlər. Ona-buna zəng
edirlər, kömək
edin, kömək edin!"
Prezidentin
müraciətlərində riayət olunan bir cəhət də verilən informasiyaların dəqiqliyi,
obyektivliyi ilə yanaşı, müharibə
şəraitinin zəruri
tələblərinin gözlənilməsidir:
"Gün gələcək, bu haqda geniş
məlumat veriləcəkdir.
Əminəm, Azərbaycan
xalqı yaxşı başa düşür
ki, bu gün nəyi demək mümkündürsə, onu
deyirik. Çünki döyüşlər gedir
və biz istəyirik
ki, tezliklə bu döyüşlər başa
çatsın, tezliklə
ərazi bütövlüyümüz
bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən
məlumat və məlumatın həcmi
tam kifayətdir".
Prezident
çıxışının sonunda dedi:
"Əziz xalqım, əziz zəngilanlılar,
füzulililər, xocavəndlilər,
cəbrayıllılar və
işğal edilmiş
digər rayonların sakinləri, biz öz missiyamızı yerinə
yetiririk. Düşmənə
layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən
bizim qarşımızda
acizdir. Düşmənin
belini qırırıq,
qıracağıq!
Qarabağ bizimdir! Yaşasın
Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!"
***
Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin Azərbaycan
xalqına noyabrın
8-dəki altıncı müraciəti
xüsusi tarixi əhəmiyyət daşıyırdı
və birbaşa Şəhidlər Xiyabanından
edildi:
"Əziz həmvətənlər,
əziz bacılar və qardaşlar!
Böyük fəxarət və
qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan
azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün
Azərbaycan xalqını
ürəkdən təbrik
edirəm. Bütün
şuşalıları ürəkdən
təbrik edirəm.
İyirmi
səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq!
Biz bu tarixi Qələbəni döyüş
meydanında qazandıq.
2020-ci il noyabrın 8-i Azərbaycan
tarixində əbədi
qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin
günüdür! Bu qələbəni
biz döyüş meydanında
qazandıq, danışıqlar
masası arxasında yox".
Prezident
dedi:
"Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu
azərbaycanlılar Şuşada
yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın,
bütün Qafqazın
incisidir. Ancaq mənfur düşmən
Şuşanı işğal
altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi
dağıtdı, bizim
məscidlərimizi dağıtdı,
təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün
tarixi abidələrimizi
bərpa edəcəyik,
bütün məscidləri
bərpa edəcəyik,
28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə
il bundan əvvəl -
2016-cı ilin Aprel döyüşlərindən sonra
işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində
mənim göstərişimlə
tikilmiş məscidin
açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə,
memarlıq üslubuna
görə eynidir. Demişdim ki, gün gələcək, biz Şuşa
şəhərində erməni
vandalları tərəfindən
dağıdılmış məscidlərimizi bərpa
edəcəyik və bu gün gəlir.
Bu gün Azərbaycan
bayrağı Şuşada
dalğalanır. Bu gün
bütün Azərbaycan
xalqı qürur hissi ilə bu xoş xəbəri
qarşılayır".
Azərbaycan Prezidenti xalqa müraciətində düşmən
üzərindəki qələbənin
əsas amillərini kifayət qədər müfəssəl təhlil
etdi ki, həmin amillər bunlardan ibarətdir:
1) iqtisadi güc;
2) milli birlik;
3) beynəlxalq səviyyədəki
uğurlar;
4) ordu quruculuğu.
Sonra dedi:
"Bax, belə ordu yaratmışıq
biz! Deyirdik, işğalçılara,
deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz
birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz
həllini tapmasa, hərbi yolla məsələni həll
edəcəyik. Mən
bunu dəfələrlə
demişəm. Buna görə
də tənqid olunmuşam bəzi ölkələr tərəfindən.
Mən demişəm
ki, bəs bizim torpaqlarımız məgər
hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh
yolu iləmi zəbt edib? Hər bir ölkənin
özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar
artıq tamamilə səmərəsizdir, bizim
başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər.
Həmişə sözümün
üstündə durmuşam.
Azərbaycan xalqına
nə demişəmsə,
onu da etmişəm.
Bu məsələdə də
sözümün üstündə
durdum və artıq biz Qələbəni
qeyd edirik".
Qarabağın tacı olan Şuşanın əsarətdən
azad olunması, əslində, düşmənin
məğlub edilməsi,
qırx dörd gün davam edən müharibənin bitməsi demək idi. Odur ki, Azərbaycan
Prezidenti, Ali Baş Komandan budəfəki müraciətini Azərbaycan
xalqı üçün
müqəddəs olan
bir məkandan etmişdi:
"Əziz bacılar və qardaşlar, bu gün bu
müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu
qarşısında bir
daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı
yerdə qalmır. Erməni vəhşiliyinin
qurbanlarının, Xocalı
qurbanlarının qanı
yerdə qalmır. İntiqamımızı döyüş
meydanında aldıq.
Biz mülki vətəndaşlara
qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq
ki, mənfur düşmən
93 mülki şəxsi
namərd atəşlə
öldürüb, 400-dən çox mülki şəxs yaralanıb.
Amma mən dedim yox, biz azərbaycanlıyıq!
Biz intiqamımızı döyüş
meydanında alacağıq
və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni
qovuruq və qovacağıq!
Mən bu gün, eyni
zamanda Ulu Öndər
Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz
aydın olsun, dünya azərbaycanlıları!"
Azərbaycan Prezidentinin dediyi
aşağıdakı sözlər
belə bir faktı təsdiq edir ki, müharibənin gedişi günlərində
Prezidentin xalqa müraciətlərini xalqın
onun tarixi arzusunu qəhrəmanlıqla
həyata keçirməkdə
olan Prezidentə, Müzəffər Ali Baş
Komandana kütləvi
müraciətləri müşayiət
etmişdir:
"Mən bu günlərdə
dünya azərbaycanlılarından
və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm
ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır.
Nə qədər gözəl sözlər,
nə qədər böyük dəstək göstərilir. Bu gün
biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz
yenilməz xalqıq!
Biz döyüş meydanında
düşmənə yerini
göstəririk!"
Bu sözlər isə Azərbaycan tarixində Səfəvilər dövründən
sonra ölkəmizin ərazi bütövlüyünü
təmin etmiş yeganə dövlət başçısının sözləridir.
Və bu sözlərdə ifadə
olunan çoxlu mənaların əsası
odur ki, xalq-iqtidar birliyi Azərbaycanın
yeni tarixini yaradır:
"Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
***
Bundan sonra Azərbaycan Prezidenti daha dörd dəfə xalqa müraciət etməli oldu. Noyabrın 10-da "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin Bəyanatı" ilə xalqı tanış edib dedi ki, Ermənistanın hərbi kapitulyasiya aktı olan bu sənədə Azərbaycan Prezidenti fəxrlə, qürurla, Ermənistanın baş naziri isə hansısa künc- bucaqda şərəfsizliklə imza atır. Azərbaycan Prezidenti 20 noyabr tarixli müraciətində Ağdamın, 25 noyabr tarixli müraciətində Kəlbəcərin, 1 dekabr tarixli müraciətində isə Laçının bir güllə atılmadan işğaldan azad olunduğunun müjdəsini verdi.
Prezidentin xalqa müharibədən sonrakı müraciətləri müharibə günlərindəki müraciətlərinin ideya-məzmunca bilavasitə davamı olduğuna görə, dil-üslub texnologiyaları baxımından da yaxındır ki, buraya əsasən aşağıdakılar daxildir:
a) təcavüzkarın iç üzünü açan, onu ifşa və mənən-ruhən məhv edən dil-ifadə texnologiyaları;
b) milli iradəni gücləndirən, tarixi özünüdərk imkanlarını yüksəldən, müasir özünütəsdiq imkanlarını genişləndirən dil-ifadə texnologiyaları;
c) analitik-siyasi, hər bir mühakiməsi möhkəm tarixi yaddaşa, məntiqi-diplomatik təhlilə əsaslanan, sistemli olduğu qədər də səmimi dil-ifadə texnologiyaları.
Ümumən, bu dil, bütün maneələrə rəğmən Əlahəzrət Həqiqəti yarımçıq yox, sonacan demiş dildir!..
Və cəsarətlə demək olar ki, Prezidentin silsilə müraciətləri, bir tərəfdən, ən yeni dövr Azərbaycan tarixinin ən mötəbər mənbələri, digər tərəfdən, müasir Azərbaycan dilinin ən mükəmməl nitq abidələridir ki, milli mütəşəkkillik ruhunun ən dərin qatlarından gəlir.
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, №41.- S.6-10.