Bəxtəvər göz yaşları
Tarixi Qarabağ Zəfərinin
beşinci ildönümünə
El üzü gülürkən
Zəfər yolunda,
Bir qız ağlayırdı
səfər yolunda...
Quraqlıq içində yanan
yaya bax!
Gülər ulduzlara, parlaq aya bax!
Bəxtəvər dərəyə, xoşbəxt
dağa bax!
Sevinc tüğyanından ağlamağa
bax -
Bir qız ağlayırdı
səfər yolunda...
...Qürur ədasını
alıb boynuna,
Avtobus qalxırdı dağlar qoynuna.
Həsrətlə vüsalın qoşa
yolunda
Bir qız ağlayırdı
Şuşa yolunda...
Göz yaşı isladan hünər yolunda
Hıçqırıq oduna qalandı Şuşa.
Qayalar sağında, dərə
solunda,
Dönüb, xatirəyə calandı
Şuşa.
Dağlar
dağ çəkmişdi
dağ çəkənlərə,
Haqlının sözünə ağ
çəkənlərə.
Vaxt,
zaman ötdükcə dolama
zoru
Qəlbin
həyəcanı qalxıb-enirdi.
Ağzına su alıb sərnişin xoru,
Salon sükutunda haray dinirdi...
O qız adlar görüb sal daşlar üstdə,
Bəlkə qəm oyuqda bürüşəcəkdi.
Elə boylanırdı məhzun,
ahəstə,
Sanki Natəvanla görüşəcəkdi.
Qayalar donmuşdu kövrək səsində,
Təsəlli verirdik o, kiriyəsi.
Bir ocaq çatmışdı
od nəfəsində,
Sanırdıq ahından daş
əriyəsi...
Qəddini yanakı dönüb,
əyirdi,
Əksi
bəxtəvərlik sehrlərində.
Qarabağ deyirdi, Vətən
deyirdi
Otuz il yandığı şeirlərində...
Yenicə
güllənir yara bağımız...
Bitirkən işğalın sonu
beləcə.
İlk qədəm basdığı
Qarabağımız
Köksünə sıxırdı onu
beləcə...
Elə başlamışdı öyünc
işini,
Baxışı çatılmaz göz-qaşlarında.
Sevinci sığmayan can atəşini
Söndürə bilmirdi göz yaşlarında.
İslaq
kipriklərin qırpıqlarıyla
Kəsik
hıçqırığın səbri daşırdı.
Eşidib
təşvişlə, yarpaqlarıyla
Topxana meşəsi pıçıldaşırdı.
Zərif
ləçəkləri şehdən
yaşlanan
Bənövşə, boynunu bükmüş qəmlərin.
Dumanı
üzünə çəkib
yaşmanan
Çiçəklər yanaqda öpmüş nəmləri...
İlahi,
nə idi sirri bu qızın?!.
Borcmu ödəyirdi qəm rüsumutək?!.
Niyə
titrəyirdi səsində
hüzn
Sadıqcan tarının zil
ofsunutək?!
Namərdi, nankoru keçirdik
dörə,
Çox
dözdük xəyanət
"şabaşlarına"...
Tanrım,
bu təlaşı sən görə-görə,
Biz necə göz yumaq göz yaşlarına?!
İsa bulağının ayna üzünə
Üzünü söykəmək - qəsdi,
inadı.
Çırpılmaq eşqiydi Cıdır düzünə
Qəlbini uçuran mələk
qanadı.
Mir Mövsüm Nəvvabın
kamillik çağı,
Şairlik zənninə an-an düzülər.
Sanırdı Qalada sənət
ocağı,
"Məclis-Fəramüşan" yolunu gözlər...
Nisgil harayına səs əli verən
Ötən intizarın öz
əlləriydi.
Odlanan qəlbinə təsəlli
verən
Fatma Kəminənin qəzəlləriydi...
Gəlmiş xəyalına Ağabəyim
ağa,
O, Vətəndən uzaq
solan bir güldür.
Tehranda əkilib həmdəm olmağa,
Qürbətdə bitməyən "Xarıbülbül"dür.
Dərin
bir yuxudan qəfil ayılma -
Belə
uçunmazdı quş-quşluğunda.
Yetək
vadisində ani bayılma
Bir vüsal ətriydi bihuşluğunda...
Təlaş baharından açan
qeylü-qal
Sevgi düsturunun törəməsiydi.
Adi bir kövrəklik deyildir bu hal,
Vücudun saf-behişt irəməsiydi.
Əlvan
xəyalından çaxnaşır
aləm,
Baxışı az qala çaşa yolunda.
Otuz il gözündə buludlanan
qəm,
Yağmura dönmüşdü Şuşa yolunda...
Çin-çin əzizlənən xətrə,
hala bax,
Susmayıb, hönkürür o, yana-yana.
Gözünü silməkçün anam Qarabağ
Zəfər "dəsmal"ını yetirir ona!
Xəyalı baş vurur yamaca, yala,
Düşünür, səsləyən
onu hər yandır...
Daşaltı, Zarıslı, Qaybalı
qala,
Xəlfəli, Göytala, Kərkicahandır...
Gözünün qarası-ağı deyirdi,
Şəhid oğullara Zəfər
yolunda.
Nakam soyadlara ağı deyirdi -
Bir qız ağlayırdı
səfər yolunda...
Ay yuvarlanacaq üzü aşağı,
Eniş
mənzilinə qatılacaqdır.
Səma
ödülütək bəyaz
işığı
Gecənin döşünə taxılacaqdır...
O mübhəm ağlayış
sarmış dağ-daşı,
Fərəh dənizində qəm
dalğa uzun...
Zəfər müjdəsindən axan göz yaşı
Sevinc sərgisidir o zərif üzün.
Elə oxranırdı o, için-için,
Güclər toplanırdı incə
qolunda.
Cəminə bərabər neçə
sevincin
Bir qız ağlayırdı
Zəfər yolunda.
"Tərslikdən" tökmürdü
ətəkdən daşı
-
Bəbəkdə hər damla nur ləli idi.
Kirsin ətəyinə axan göz yaşı,
Xoşbəxtlik notunun gur seli idi.
O, niyə hönkürdü
Zəfər yolunda?
Titrək
sədasıyla laylandı
Şuşa?!
Zirvələr sağında, sükut
solunda,
Səsin
dönüşünə boylandı
Şuşa!..
Sanmam bulud çöhrə qəm-qəhəriydi,
Bədirli Ay üzü - göy
lisanıtək.
Yurdun Zəfər adlı bir baharıydı,
Gözündən axırdı şur
leysanıtək.
Dedim, dağa dalıb, dağa dağ vurma,
Ömrü uzun yollar dil qısaltmasın...
Bulud gözlərindən leysan
yağdırma,
Sevinc torpağını qəm
islatmasın.
Ağlayıb göyləri titrədəcəkdi,
Ulduzlar ahına taxılacaqdır.
Ayın
işığını büdrədəcəkdi,
Axşamın üstünə yıxılacaqdır.
...Qürur ədasını
alıb boynuna,
Avtobus qalxırdı dağlar qoynuna.
Həsrətlə vüsalın qoşa
yolunda
Bir qız ağlayırdı
Şuşa yolunda...
Öpürdü torpağı, məğrur
daşları
Zəfər sevincinin o göz
yaşları!
Bir qız ağlayırdı
Şuşa yolunda!..
Yusif NƏĞMƏKAR
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.15.