Yaşantı: sözdən-sözə
İstedad Allahın lütfüdür.
Bu, həm də böyük iztirablardan keçir. İnsan öz zəhmətinin, əzab və iztirablarının yetirməsidir.
İstedad da əzabla
reallaşdırılır. Böyük, bəşəri,
yenilməz ruhlar, adətən bu iztirablara səssizcə sinə gərir, özünü reallaşdırır,
öz içindəki
möcüzələri izhar
eləyir və fərdi özünüdərkini
cəmiyyətin üstün
dəyərləri ilə
birləşdirib yaşantılarına
çevirir. Bu, xüsusən,
yaradıcı zümrəyə
aid keyfiyyətlərdir.
Yaradıcı insan, sanki ilahi vəhyləri
cəmiyyətə, həmyaşlarına
yetirir, onların bəsirət gözünün
işıqlandırılmasında elçi rolunu oynayır. Rəşad Məcid, məhz belə elçilərdəndir.
Öz sözü, öz nəfəsi, poetik-publisistik ruhu ilə soydaşlarına, əsrdaşlarına işıq
bəxş eləyən
işıqgəzdirəndir.
Rəşad Məcidin 60 yaşı
tamam olub. Bu, müdriklik yaşıdır,
hesabat dövrüdür.
Rəşad bu vaxta, bu vədəyə
mərhələ-mərhələ yetişmiş, həmdaşlarını
heyrətə salan yaradıcı bar-bəhərlə
ləbələb dolu
bir ömür yaşamışdır. Rəşad
öz yaradıcı ömrü, zəhmətlə
yoğrulmuş tərcümeyi-halı,
zəngin həyat mənzərəsinə görə
ilk növbədə istedadına
borcludur. Bu istedadı
reallaşdırmaq isə
onun zəhməti, fəaliyyəti, ədəbiyyat
qarşısında böyük
məsuliyyəti ilə
başa gəlmişdir.
Onun ədəbi fəaliyyəti, uzun illərin çarpışmaları
60 illik yubileyi münasibətilə çap
olunmuş "Qala adam" adlı samballı kitabda toplanmışdır. Kitabda
Rəşadın çoxşaxəli
yaradıcılıq yolu,
publisistikası, ədəbi-bədii
görüşləri, səfər
qeydləri və poetik nümunələri yer almışdır. Hər bir sahədə
özünəməxsus iz
qoymuş, dərin istedad nümayiş etdirmiş Rəşad Məcid çağdaş
ədəbi prosesin həm iştirakçısı,
həm də salnaməçisi qismində
çıxış edir.
Hər yazısında,
irəli sürdüyü
hər bir fikirdə bir boy da böyüyən Rəşad
Məcid adı, siravi insandan, düşünə bilən,
mühakimə yürüdən,
ədəbi mühitə
qiymət verən təcrübəli ekspertə,
səriştəli orbitrə
çevrilir. Onun ayrı-ayrı ədəbi
şəxsiyyətlər haqqında
oçerkvarı yazıları
mündəricəsində ciddi tədqiqat mahiyyəti daşıyan bədii-elmi mülahizələrdir.
Bu düşüncələrdə Rəşad heç kimi təkrar etmir, yaxud heç
kimə bənzəmir.
Ədəbi mülahizələrində,
elmi yanaşmalarında
o, tam özüdür, öz
fikirlərini söyləyir,
yeni, orijinal qənaətlərinə
söykənir. Vaqif Səmədoğlu, İsa Həbibbəyli,
Anar, İsi Məlikzadə,
Şirməmməd Hüseynov
və başqaları
haqqında yazdığı
elmi-publisistik məqalələrində
o, problemə yanaşma
tərzi ilə seçilir, bu insanların görünməyən,
yaxud qələmə
alınıb ictimailəşdirilməyən
cəhətlərini üzə
çıxarır, onların
yaradıcılığını yeni rakursdan, yeni bucaq altında qiymətləndirir.
Rəşad Anara yazıçı,
ictimai xadim, işıqlı bir vətəndaş kimi yüksək qiymət verir və yazır:
"O, Azərbaycan ədəbiyyatının
canlı klassiki, bir neçə nəslin ictimai şüurunun, bədii zövqünün formalaşmasında
mühüm rol oynamış böyük
ziyalımızdır". Dəqiq qiymətdir, həm də sonsuz məhəbbətlə
yoğrulmuş münasibətdir.
Kitabda Azərbaycan elminin, ədəbiyyat korifeylərinin
portret cizgilərini bütün incəliklərinədək
çözələyən qeydlər çox qiymətli nümunələrdir.
Əslində, Rəşad
korifeylər haqqında
söz açdıqca
öz portret cizgilərinə yeni ştrixlər
əlavə edir, özünün mənəvi
və intellektual səviyyəsi ilə
yadda qalır. Vaqif Səmədoğlunu böyük
məhəbbət və
nisgillə xatırlayan
müəllif yazır:
"Elə insanlar var
ki, onların xatirəsi
özləri qədər
işıqlı və
aydındır. Həmin
xatirələr lentini
yaddaşın xəyali
ekranından izlədikcə
ötən günlər
üçün qəribsəyirsən
və yaşanılan
onca gözəl hadisəni,
doğma simaları kədərli-sevincli hisslərlə
yad edirsən. Vaqif Səmədoğlu da mənim
yaddaşımın ən
müqəddəs yerində
xatirəsi həkk olunan şairlərdən,
dostlardan biridir".
Rəşadın yaradıcılığında Azərbaycan dilinin ədəbi, poetik və akademik qatları zəngin çalarlarda laylanır.
O, sözə həssas
yanaşır, hər
ifadənin məqamını
duyur, hiss edir, fikrin məntiqi yükünü dərindən
qiymətləndirir. Azərbaycan
dilinin folklor incələmələri onun
dilinə şirin ahəng qatır, ifadələrinin, deyimlərinin
poetik yükünü
vüsətləndirir, fikirlərinə
hamını ahənrüba
kimi bürüyən
bir istilik, doğmalıq, səmimiyyət
gətirir. Onun əsərlərində Azərbaycan
ədəbiyyatı bütöv
görünür. Bu, ədəbi
prosesin özünə
hörmət cizgiləri
süsləndirir. Onun
yazılarında ədəbi
proses heyrətamiz şəkildə
canlı və dinamik görünür.
O, müraciət elədiyi
hər hansı obyektə, insana, yaradıcı şəxsiyyətə
böyük sevgi və heyrətlə nəzər salır, toxunduğu mövzuları
xüsusi məhəbbət
və qayğı ilə təqdim edir. Bu istiliyi, hərarəti həm onun özünün yazdığı, həm də onun haqqında
söylənən, ona
ünvanlanan məqalələrin
ruhunda hiss edirsən.
"Ürəkdən gələn
yazılar - Rəşad
Məcidin publisistikası",
"60 yaşa yazı
hədiyyələri", "Rəşad Məcidin sözü haqqında",
"60 ilin söhbəti",
"Bir il Ağdam-Bakı qatarında
gecələmişəm...", "Qələmsiz yazılanlar",
"Qələmsiz yazılanlar"dan
yazılanlar", "Şuşa
dəftəri" və
başqa bölmələrin
hər birində bu isti, səmimi
nəfəsi dərindən
hiss edirsən.
"Qələmsiz yazılanlar"
Rəşad Məcidin
müasir ədəbi
aləmə yeni bir töhfəsidir. Bunu Rəşadın kəşfi
də adlandırmaq olar. Belə ədəbi nümunələrə
dünya çapında,
beynəlxalq ədəbi
sferada rast gəlinir. Məsələ
burasındadır ki, Rəşad
SMS səviyyəli virtual ədəbiyyata
Azərbaycan təfəkkürü
işığında yanaşmış,
orijinal bir janra imza atmışdır.
Hər biri poetik nümunəni xatırladan bu virtual düşüncələr, əslində,
dərin məna ilə yüklənmiş
müdrik aforizmlərdir.
Məsələn, "Xeyirxah
niyyətlə deyilən
iradları qəzəblə
söyləməzlər", "Susmaq da istedaddır, çoxlu keyfiyyətlər
tələb edir",
"Lap cüzi şeylərlə
də olsa, insanları sevindirmək mümkündürsə, buna qızırqanmayın",
"Fədakarlıq rəğbət
yaradır, təsirləndirir,
gözləri yaşardır",
"Hamıyla dil tapmaq, hamının dilini bilmək gözəl keyfiyyətdir.
Düzdür, istedad, enerji, səbir tələb edir. Zorakılıqdansa, çalışıb
dil tapmaq daha yaxşıdır"
və sair və ilaxır. Rəşadın qələmsiz
yazılan külliyyatı
başdan-başa belə
qiymətli düşüncələr
üzərində qurulub.
Bu mükəmməl
kitabda
ən
maraqlı bölmələrdən
biri "Şuşa dəftəri" adlanır.
Bu şeirlər Şuşa
sevgisi, Şuşa həsrətilə yoğrulmuşdur.
Hiss olunur ki, Rəşad
Şuşanın qoynunda
da Şuşa həsrətilə
yaşayır. Bu qovuşuğu
çox həssaslıqla
qoruyan Rəşad, onu itirməkdən qorxan bir uşaq
həyəcanı yaşayır.
O, uşaqlıqdan Şuşanın
qoynunda boy atmış,
onunla nəfəs almış, bu doğma yurdla qəlbi bir döyünmüşdür. Odur
ki, bu şeirlərdə
təcrübəli qələm
sahibinin oturuşmuş
düşüncəsindən daha çox, uşaq xiffəti, uşaq həsrəti və uşaq kürlüyü vardır.
İllər ötsə
də, Rəşad Şuşanı yenə dəli bir məhəbbətlə sevir və ən əsası odur ki, onu itirməkdən qorxur. İllər onun Şuşalı ruhuna toxuna bilməmiş,
əksinə, ötən
hər il onun Şuşa məhəbbətinə
güc-qüvvət vermiş,
yaşantılarını cilalamış,
yaradıcı ehtirasını
bir az da coşdurmuş, oyaq saxlamış, ovqatına
ovqat, poetik düşüncəsinə genişlik,
məhəbbətinə məhəbbət
qatmışdır. Şair
yazır:
Şuşa səni bulaq kimi duruldar,
Körpəliyin gül çağına
dönərsən.
Xəyalına beşik olar buludlar,
Əbədiyyət yarpağına dönərsən.
Bu şeirlər Şuşanın
poetik etnoqrafiyası, hissi-emosional təqdimidir.
Bu şeirlərdə müəllifin
poetik palitrası çox zəngindir. Şuşaya ünvanlanmış
söz boğçasının
ən qiymətli butaları xalq deyimləri, folklor ilmələri, dildən çıxdaş olunmuş,
itib-batmaqda olan el deyimləri, frazeoloji birləşmələr,
təşbehlər, qanadlı
sözlər, obrazlı
ifadələr və poeziya üçün vacib başqa elementlər yurdun şəninə oxunan nəğmələri süsləndirir.
Rəşad bu nümunələrdə sözü
zərrə-zərrə, cümlə-cümlə,
misra-misra toplayır, bədii biçimə salır, oxucunu Şuşanın sehrli aləminə aparmaq üçün poetik elementlərə çevirir:
Büllur
kimi yanır par-par, göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi
nəğmələrə, bax,
Çal-çağırlı səadətdi Şuşaya getmək!
Bu misraların hər birində Rəşad Məcidin Şuşaya olan saf məhəbbəti
uşaq heyrəti kimi boy göstərir. Şuşa həsrəti sevinc dolu heyrət
kimi yaşanır, sonsuz məhəbbətin tərcümanına çevrilir.
Rəşadın yaradıcılığı çoxşaxəli, rəngarəng,
çoxspektrlidir. Onun
qələmindən publisistik
məqalələr də,
resenziyalar, hekayələr,
şeir, esse də eyni istedad
və dərin düşüncənin məhsulu
kimi boy göstərir.
Rəşadın qələminin
ən vacib məntiqindən biri xalqın keçmişi, bu günü və gələcəyi üçün narahatlıq
notlarıdır. O, əsl
xalq adamıdır.
Dili, düşüncəsi, bədii-poetik istiqaməti
ilə xalqın kökündən qaynaqlanır.
Onun əsərlərində
xalqın mübariz gücünə böyük
inam var. Bu hiss həmişə
sevgi ilə birləşir: həyata, yaşamağa, xalq uğrunda mübarizəyə
əbədi bir sevgi ilə.
P.S. Kitabda Rəşad Məcidin mənim haqqımda yazdığı
"Kamal Abdullanın sirli
müdrikliyi" adlı
bir yazısı da yer alır. Orada belə bir fikir var: "Sonralar Feysbukda on il boyunca paylaşdığım
statuslarımdan, sms-esselərimdən
ibarət "Qələmsiz
yazılanlar" kitabımda
Kamal Abdullanın esselərini
xatırladım. Düşündüm
ki, statusların bəzilərində
akademik Kamal Abdullanın
həmin o yığcam
və dərin mənalara sahib esselərinin
təsiri hiss olunur. Bununla bağlı Kamal müəllimə öz təşəkkürümü də çatdırdım.
Onun münasibəti də məni mütəəssir etdi":
Əzizim
Rəşad! Sənin
isti etirafını vəfa borcu kimi qəbul edib eyni səmimiyyətlə
minnətdarlıq hissimi
bəyan edirəm. Qədirşünaslığına görə çox sağ ol.
Qaldı,
sözügedən kitaba...
"Qala adam" adlanan bu kitaba,
bəlkə, 60 yaşın
hesabatı da, demək
olar. Rəşadın
bir şeirindən götürülmüş "Qala adam" ifadəsi ona çox yaraşır. O, həqiqətən də,
dəyanəti, ləyaqəti,
ən nəhayət, rəşadəti ilə həmişə qala ömrü yaşamış
- mərd, mübariz, dönməz... Və özünə sözdən
bir qala biçmişdir.
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.12.