Evimiz
İştirak
edirlər:
Azər
Armen
Döyüş
bölgəsi. Qarşı-qarşıya olan iki alçaq təpədən
üzü yuxarıya doğru bir-birindən xəbərsiz iki
nəfər sürünür. Ətrafdan eşidilən silah
səsləri bəzən şiddətlənir, bəzən
azalır. İldırım çaxır. Yağış
yağmağa başlayır. Lap yaxına mərmi
düşür. Onun ardınca daha iki partlayış olur. Azərin
irəli sürünməyə taqəti yoxdur.
Özünü toparlayır. Dirsəklərini yerə söykəyib
bir qədər sürünür.
Azər.
Hə... Deyəsən, Allah məni istəyir. Ayaqlarım...
Ayaqlarımı hiss eləmirəm. (Qarğa səsi
eşidilir. Azər başını səmaya qaldırır).
Ay qarğa... Ayağım... Oyy... Ayağım yoxdu elə
bil... (Sürünür). Ay qarğa, sən həmin
qarğasan. Həmin qarğa! Nə ölümün var bu
odun-alovun içində. Sən çoxdan uçub getməliydin,
axı. Biz kənddən çıxanda evimizin başına
dolanırdın. Səsini də, bax, beləcə
atmışdın başına. Babam bir güllə atdı
göyə, uçub getdin (Havaya üç-dörd güllə
atır. Ani sükut. Qarşı təpədəki erməni
də havaya güllə atır. Hər ikisi yuxarıya
doğru sürünməyə davam edirlər. Azərin taqəti
kəsilir. Yenə zarıyır. Su qum-qumasını
götürüb başına çəkir. Qab boşdur.
Qabı ağzı üstə çevirir, silkələyir).
Heç olmasa, bir qurtum qalardın... Heç olmasa, bircə
qurtum. (Su qabını hirslə kənara atır.
Ağrısı yenidən tutur. Taqəti kəsilir,
başını qollarının arasına alır).
Ölürəm... Hə... Ölürəm... Allah da məni
istəyib-eləmir! Özümü aldadıram. Verdiyim
sözü tuta bilmədim. Bağışlasınlar məni.
Bura qədər gəl, evi görməyib öl...
(Ağlayır. Sükut. Arxası üstə çevrilir.
Buşlatının iç cibindən ailə fotosunu
çıxarıb baxır. Fotoda babası, atası,
anası, yoldaşı və oğludur. Şəkli qoyur cibinə.
Armen təpə ilə sürünüb irəli gedir. Azər
onu yalnız indi görür. Qışqırır). Kimsən
sən? Kimsən? (Armen dayanır. Çevrilib baxır,
avtomatın darağını çıxarıb yoxlayır.
Sürünməyə davam edirlər. Armen dayanır. Qumbara
çıxarır).
Armen.
(Öz-özünə, yavaşdan) Heç yana qaça bilməyəcəksən.
Səni gəbərdəcəm. (Qumbaranı Azərə tərəf
atmaq istəyir. Sonra nəsə düşünüb, fikrindən
daşınır. Qəfildən ayağa durur, axsaya-axsaya
qaçır. Azər də ayağa durmağa
çalışır, amma bacarmır. Ona tərəf iki
güllə atır. Armen yıxılır).
Azər.
(Sevinclə bağırır) Həə... Həə... Deyəsən,
dəydi... Dəydi it oğluna... (Sürünüb bir qədər
uzaqlaşır. Qarşıda böyük daş
görünür. Daşın arxasında erməni hərbçisinin
meyiti var. Silahın ucu ilə ona toxunur. Qum-qumasını
götürür. Boşdur. Onun avtomatını
götürüb darağını yoxlayır. Boşdur.
Silahı hirslə yerə çırpıb daşın
arxasından çıxır. Geriyə boylanır. Armeni
yerində görmür). Hara getdi bu? Yoxa çıxdı.
Ölməyib oğraş. Ölməyib! Yəqin ki, dumanda
gizlənib. (Təşvişə düşür. İrəliyə
baxır. Təpənin başında duman get-gedə seyrəlir.
Uzaqda dumanın içində ev görünür. Azərin
sanki üzü işıqlanır. Gülümsəyir).
Evimiz... Az qalıb... Çatıram sənə. Bilirəm,
neçə illərdir yolumu gözləyirsən. (Evə
doğru sürünür. Tez-tez arxaya baxır. Erməni
zabitinin yıxılıb qaldığı yerdə
qaraltısı görünür. Azər qumbaranı
götürür, çəkib atmaq istəyir. Sonra fikrindən
yayınır. Ətrafına dayanmadan mərmilər
düşür. İrəliləyə bilmir. Geri
qayıdıb daşın arxasında daldalanır. Bu dəfə
erməninin güllə yağışına tuş gəlir.
Erməni dizi üstə dayanıb onu atəşə tutur). O
tərəfdə erməni meyitləri var. Hə... Onların
avtomatını götürüb.
Daşın
arxasındakı meyiti çevirir, üst-başını
axtarır. Buşlatının cibindən qız
uşağının şəkli çıxır. Uşaq
şikəstdir. Əlil arabasındadır. Şəklə
uzun-uzadı baxır. Arxasını çevirir. Ermənicə
nələrsə yazılıb. Şəkli ehtiyatla
götürdüyü yerə qoyur. Meyitin belindən - kəmərin
altından güllələr tapır. Avtomatın
darağını doldurur. Atışırlar. Hər ikisinin
gülləsi qurtarır. Avtomatı atırlar. Yenidən
sürünməyə başlayırlar. Hər ikisi
nümayişkaranə şəkildə bir-birinə
qumbaranı göstərirlər. Ev lap yaxındadır. Ucadan
danışırlar.
Armen.
Türkcə bilirəm. Hə... Ataram.
Azər.
Ölmək istəyirsən?
Armen. Nə?
Azər.
Ölmək istəmirsənsə, rədd ol. Çıx get!
Armen.
Görürsən o evi?
Azər.
Hə. Bizim evimizdir.
Armen.
Hardan sənin oldu? (Qumbaranı hər ikisi yenə bir-birinə
göstərirlər). Bizim evdir. Mən o evdə
böyümüşəm.
Azər.
O evi mənim atam tikib.
Armen.
Yalan danışma.
Azər.
Yalan danışmıram.
Armen. Sən
heç o evin üzünü də görməyibsən.
Azər.
Sənə dedim ki... (Öskürür).
Armen.
(Rişxəndlə gülür). Gördün? Gördün
ki, o evin sənə dəxli yoxdu. Rədd ol, çıx get.
Azər.
Gndakn arag sparrvets'... (Güllə tez bitdi).
Armen. Hə...
Ermənicə də bilirsən... (Qum-qumasını
çıxarır. Su içir). Ermənicə de
görüm: su istəyirəm (Gülür). Hə... De
görüm... (Azər ona tərəf sürünür). Gəlmə.
Eşitmədin, gəlmə? Mi ari! (Gəlmə!).
(Bağırır). Durs ari (Rədd ol).
Azər.
Alçaq!
Armen.
(Gülür. Qum-qumanı təzədən yuxarı
qaldırır). Sənin ölümünün şərəfinə!
Təmiz erməni çaxırıdır. He-he... he-he...
Ağrıları azaldır. Niyə elə baxırsan?
Düşmən olanda nolar? Su olsaydı, sənə verərdim.
Hə... hə... Bu, musurmana haramdır. Ona görə vermirəm.
Azər.
Mənim də ağrılarım var.
Armen.
Çox olsun.
Azər.
Nə?
Armen.
Deyirəm, çox olsun. Onsuz da öləcəksən. Az
qalıb.
Azər.
Evimizi görmədən ölən deyiləm.
Armen. Yaxşı,
əgər o ev sizindirsə, onda suallarıma cavab ver.
Azər.
Hər şey yadımdadır. Hər şey.
Armen. Quyu
hansı tərəfdədir.
Azər.
Tövlənin arxasında.
Armen.
Quyunun üstünə nə yazılıb?
Azər.
(Astaca) Su. (Udqunur) Su...
Armen. Nə?
Azər.
1986 - iyun.
Armen. Həyətin
ortasında tək ağac var, o hansı ağacdır?
Azər.
O ağac durur?
Armen. Hə.
Hansı ağacdır?
Azər.
Nar. Onu mənim babam əkib.
Armen.
Yalan deyirsən.
Azər.
Şirin nardır. Bal kimi (Evin yaxınlığına mərmi
düşür. Dalbadal atırlar). Evi vurdular.
Hər
ikisi sürünməyə başlayır. Evin ətrafına
çatırlar. Yenə mərmi düşür. Hər ikisi
başını tutub uzanırlar. Uzaqdan ağır
texnikanın gurultusu eşidilir. Hər ikisi əziyyətlə
üz-gözünü, üst-başını təmizləyir.
Qumbaranı yoxlayırlar. Sonra vəhşi inadla
sürünüb həyətə girirlər. Hərəsi
divarın bir tərəfində gizlənir.
Azər.
Tövləmizin arxası... Quyu... Çinar
ağacımız. Orda iki alma ağacı da var idi. Quyunun da
üstünü basdırmısınız.
Armen. Anam
o alma ağacından özünü asıb
öldürdü.
Azər.
Niyə?
Armen. Bacım
quyuya düşüb öldü, 12 yaşında. Anam da
dözmədi buna. Asdı özünü. Biz də alma
ağacını kəsib atdıq quyuya.
Azər.
Başqasının evində xoşbəxt olmaq olmaz.
Hamınız belə bədbəxtsiniz.
Armen.
P'akir berand! (Yum ağzını). Bizi siz bədbəxt elədiniz.
Azər.
Siz bədbəxt doğulmusunuz.
Armen.
Asatsi,vor dzaynd q'd'ri! (Dedim ki, səsini kəs!)
(Azər
sürünə-sürünə onun üstünə gedir.
Armen qumbaranı çıxarır. Hər ikisi əl
saxlayır).
Azər.
Yaşamaq istəyirsənsə, get burdan. Əl vurmayacam sənə.
Maşınların səsini eşidirsən? Bizimkilərdir.
Gəlirlər.
Armen. Qoy
gəlsinlər. Ölməyə gəlirlər.
Qardaşımın intiqamını alacam. O da burda
döyüşürdü. Evimizi qoruyurdu. Kəndimizi
qoruyurdu. Sonra görmədim onu. Kaş heç olmasa,
basdıra bilərdim. İndi bir şikəst qızı
qalıb.
Azər. Şikəst?
Armen. Hə...
Əlil arabasında. Həmişə də şəklini
üstündə gəzdirirdi (Pauza). Noldu, niyə
danışmırsan? Sənnənəm...
Azər.
Onun yerini desəm, çıxıb gedərsən?
Armen. Sən
onu harda görmüsən?
Azər.
Sualıma cavab ver. Mən onun yerini bilirəm.
Armen. Hardadır?
Sağdır?
Azər.
Yox.
Armen.
Hardadır?
Azər.
Mən gizləndiyim daşın arxasında bir meyit var.
Armen.
Hardan bilirsən mənim qardaşımdır?
Azər.
Güllə axtarırdım, cibindən əlil arabasında
olan bir qızın şəkli çıxdı.
Armen.
Gülümsəyən qız...
Azər.
Hə...
Armen
doluxsunur. Gözünü silir.
Azər.
(Belindən "lapatka" çıxarıb ona tərəf
atır) Get onu basdır.
Armen.
Axmaq... Mən uşağam sənin üçün?
Azər.
Get onu basdır.
Armen. Bir
az uzaqlaşan kimi qumbaranı atacaqsan. Həə... Bilirəm.
Azər.
Get dedim. Get!
Uzun
sükut. Armen divardan tutub ayağa qalxır. Qorxu və tərəddüd
içindədir. Lapatkanı götürür. Axsaya-axsaya
iki-üç metr aralanır, yıxılır. Qorxa-qorxa geri
çevrilir, baxır. Ayağa qalxmağa cəhd edir,
bacarmır. Sürünə-sürünə bir qədər
də uzaqlaşır. Yenidən dayanır. Qum-qumasını
çıxarıb içir. Sonra buşlatının cibindən
kiçik plastik butulka çıxarıb Azərə sarı
atır.
Armen.
İç.
Yıxıla-dura
gözdən itir. Azər sürünə-sürünə evə
sarı gedir. Həyətdəki kranı açır. Su
yoxdur. Divardan tutub evə tərəf birtəhər
addımlayır, yıxılır, yenə sürünür,
yenə qalxır. Taxta qapı bağlıdır. Çiyni ilə
qapıya bir neçə zərbə vurur. Qapı
açılmır. Pilləkənin üstündə oturur,
fikrə gedir. Armen görünür. Kənarda dayanıb ona
baxır. Üzündə müəmmalı ifadələr
var. Hardasa lap yaxında it hürür. Azər diksinir. Ora-bura
boylanır. Armeni görür. Əlini tez qumbaraya atır.
Armen.
(Əlini ona tərəf uzadır). Qorxma... Qorxma...
Azər.
Nə vaxt qayıtdın?
Armen.
İndi.
Azər.
İt səsini eşitdin?
Armen. Nə
it? İtlər çoxdan qaçıb gediblər.
Azər.
İt hürdü hardasa.
Armen. Sənin
qulağına səs gəlib. Olur belə şeylər.
Azər.
Bəlkə də. Dəfn elədin?
Armen. Hə...
İndi rahatam. Sağ ol.
Azər
acı-acı gülümsəyir.
Azər.
(İstehza ilə onu yamsılayır). Sağ ol... Sağ ol...
(Gülür).
Armen. Niyə
gülürsən? (Cibindən şikəst qızın şəklini
çıxarır. Baxır). Aparacam bunu verəcəm
özünə. Qoy bilsin ki, atası son nəfəsində də
onu fikirləşib. Sənin uşağın var?
Azər.
Var.
Armen.
Oğlandır, qız?
Azər.
Oğlan.
Armen.
Şəkli var üstündə?
Azər.
Hə
Armen. Baxa
bilərəm?
Azər.
Hə... (İçəri döş cibindən
uşağının şəklini çıxarıb
göstərir).
Armen.
Neçə yaşı var?
Azər.
Doqquz.
Armen.
Gözlə burda, gəlirəm.
(Gedir).
Azər.
(Öz-özünə). Yox, ola bilməz. İt səsi
eşitdim. Mənim itimin səsinə oxşayırdı. (Evlə
hamamın bitişik yerinə qulağını söykəyir.
Tez də çəkir. Armen gəlir. Əlində albom var).
Armen. Gəl,
şəkillərə baxaq (Şəkilləri göstərir.
Armenin atası, anası ilə olan şəkilləridir. Evin
qarşısında bir neçə şəkil var. Şəkillərdən
biri də quyunun başında Armenin anası və
bacısının şəkilləridir). Bax, bu anamdır. Bu
da quyuya düşən bacım. Heç elə bil, yox
imişlər.
Azər.
Səndən bir söz soruşum.
Armen.
Soruş.
Azər.
Alma ağacını kəsib niyə quyuya atdınız?
Bunun mənası nədir?
Armen. Kənddə
bir qoca arvad var idi. Demişdi ki, o ağacların canında
şər ruhlar var. Kəsin, atın suya, üstünü də
basdırın. Su onu yuyacaq, şər ruhlar qorxub
qaçacaqlar.
Azər.
Yaxşı nağıldır.
Armen.
Bilmirəm nağıldır, ya nədir. Amma belə
olmuşdu.
Azər.
(Sevincək). Alabaş... Alabaş... Mənim itim. Bax, bu iti mənə
babam gətirmişdi. Evin qabağındakı nar ağacı
ilə eyni gündə.
Armen. Həə...
O it sonra yoxa çıxdı.
Azər.
Necə yəni yoxa çıxdı?
Armen. Həmişə
gəlib yatırdı elə burda. Hamamdan gözünü
çəkmirdi.
Azər.
(Kövrəlir). Yalan demirsən?
Armen. Yox.
Bir itə görə ağlayırsan?
Azər.
Lapatkanı hara qoydun?
Armen. Evin
qabağına atdım.
Azər.
Gətir.
Armen.
Neynirsən?
Azər.
Gətir!
Armen.
(Əlacsız). Yaxşı. (Gedir).
Azər.
(Arxasınca) Evdə "lom" var?
Armen.
Olmalıdır.
Azər.
Onu da tap gətir.
Azər
hamamla evin bitişik yerinin köhnəlmiş
suvağının bəzi yerlərini əli ilə
qoparıb atır. Armen"lom" və "lapatka" gətirir.
Armen.
Buranı uçurursan?
Azər.
Hə, kömək elə, uçuraq.
Armen.
Axı, orda nə var?
Azər.
Görəcəksən.
Lap yaxınlığa
mərmi atılır. Atəş getdikcə şiddətlənir.
Evin şüşələri titrəyir. Uzaqdan maşın və
ağır texnikanın səsi eşidilir.
Armen.
(Sevincək. Dikəlir, uzaqlara boylanır). Bizimkilərdir.
Azər.
(İstehza ilə) Sizinkilər bir də gəlməyəcəklər.
Texnikanın
səsi uzaqlaşır. Armen məyus olur.
Armen.
Getdilər.
Göydə
qarğa görünür. Qarıldayır.
Azər.
Gəldi yenə.
Armen.
(Başını göyə qaldırır). Buralarda
qarğalar çox olur. Amma müharibədən sonra
görünmürlər. Qocalar deyirdilər ki, kənddə
qarğalar çoxalan kimi sərçələrlə
qaranquşlar uçub gediblər. Hə, bir də göyərçinlər.
Bilirsən də, qarğalar hər şeyi əvvəlcədən
bilirlər.
Azər.
Hə...
Armen. Bu gəlibsə,
deməli, müharibənin bitməsinə az qalıb.
Azər.
Biz evimizdən çıxan gecə anam yuxuda qarğa
görmüşdü. Tanımadığı bir adam
çinar ağacının başındakı yuvanı
dağıdırmış. Səhəri biz evdən
çıxanda bir boz qarğa evimizin üstündə
uçurdu. Səsini də atmışdı başına.
Babam bir güllə atdı, yoxa çıxdı.
Armen. Bəlkə
elə həmin qarğadır.
Azər.
(Azər gülür). Alma ağacını quyuya atdıran
arvadın nağıllarına çox qulaq asmısan.
Armen.
Qarğalar heç nəyi yaddan çıxarmırlar. Hə!
Ziyan gördükləri adamların paltarlarını da yadda
saxlayırlar.
Azər.
Bizim nə günahımız?! Çinar ağacının
başındakı yuvanı Arakel dayı uçururmuş.
Armen. (Heyrətlə)
Kim?
Azər.
Arakel dayı.
Yenə mərmi
düşür.
Azər.
Bizimkilərdir. Gələcəklər bura. Mütləq gələcəklər.
Armen.
Sizinkilər gəlsələr, deməli, mən əsir
düşəcəm.
Azər.
Belə görünür.
Armen.
Heç vaxt! Özümü öldürəcəm.
Öldürə bilməsəm də, məni sən öldürərsən.
Sükut.
Azər heç nə demir. "Lom"u götürür.
Divara ilk zərbəni özü vurur. Yarasından
ağrı tutur. Əl saxlayır. Sonra köməkləşib
suvağı çətinliklə dağıdırlar. Divar
eşilir. Kiçik boşluq görünür. Azər
içəri girir, boşluqdan müxtəlif əşyalar
çıxarır: samovar, sac, qab-qaşıq, kitablar, hərəsindən
bir qutu "Kosmos" və "Pamir" siqareti, iki
sandıqça və s. Azər hıçqırır.
Birinci sandıqçanı açır. İçindən
fotoalbom, məktəb dəftərləri, uşaq corabı
çıxır. Hamısını yığır
çölə.
Azər.
Hər şey indiki kimi yadımdadır.
Armen. (Təəccüblənir.
Sanki donub yerində qalıb, gördüklərinə
inanmır). Heç vaxt ağlımıza gəlməzdi ki,
burda nəsə ola bilər.
Azər
ikinci sandıqçanı açır. İçində
"Qurani-Kərim" var. Öpüb gözünün
üstünə qoyur. Azan verir. "Quranı"
sandıqçaya qoyur. Sonra kitabları vərəqləyir.
Birini götürüb oxuyur.
Azər.
Əlibala Hacızadə, "İtkin gəlin" (Avtoqraf
yerini oxuyur). "Məhsul bayramı münasibəti ilə əziz
bacım Xuramana xoş arzularla. Abdullayev İslam, 10A sinfi,
1981-ci il". Anama bağışlayıblar. 10-cu sinifdə oxuyanda.
(Başqa kitabı götürür). Səməd Vurğun,
"Seçilmiş əsərləri". Kənd
kitabxanası, 1983-cü il". (Kitabı qoyur yerə. Siqaret
qutularını götürür. Əvvəl
"Kosmos"u açır. İçində 5 ədəd
siqaret, bir kibrit qutusu var). Hə, babam həmişə kibritini
siqaretin içinə qoyardı. (Gülümsəyir). Amma bu
siqaret necə olub bura düşüb, bilmirəm. Bax, bu sacda
nənəm bizə qutab bişirərdi, kətə bişirərdi.
Dadı damağımdan getməyib. (Sandıqçanın
içindən məktəb dəftərini
götürür). Bax, bu da mənim dəftərim. 6-cı
sinif şagirdi Süleymanov Azər Sultan oğlu. Mövzusu
gör nədir: "Mənim evim". Aprel, 1992-ci il. (Oxuyur)
"Mən evimizi çox sevirəm. Harda olsam, evimiz
üçün darıxıram. Bu evi mənim babam tikib,
1971-ci ildə. Bizim evimizdə altı otaq var..."
(İnşanı yarımçıq qoyur).
İnanırdıq ki, çox çəkməyəcək,
qayıdacağıq. Ona görə də hər şeyi bax,
burda gizlətdik. Amma 27 il keçdi. 27 il... Babam-nənəm
yuxuda kəndimizi, evimizi görüb diksinib ayıldılar,
ağladılar. Babamı öz-özünə danışan
gördüm. Atamın-anamın canı
yaşadığımız heç bir evə qızmadı.
Qaçqınçılıq, kasıblıq, zülm-zillət...
Yayda isti bizi incitdi, qışda soyuq. Didərginlik
arzularımızı gözümüzdə qoydu. Oxuya bilmədik
- nə mən, nə qardaş-bacılarım. Nənəm
evimizin açarını ölənə qədər
saxladı. Hansı evə köçdüksə, divara
mıx çaldı babam. Açarı göz
qabağından asdı. "Kəndimizdə ölək",
dedilər, ölə bilmədilər. İndi ruhları
rahatdımı, narahatdımı, bilmirəm. Xoşdumu,
naxoşdumu, bilmirəm. İndi kəndimiz də var, evimiz də.
Amma onlar yoxdu. Görmədilər. ("Kosmos"dan birini
yandırır, birini Armenə uzadır). Uşaq vaxtı
siqaret çəkmisən?
Armen. Hə...
Hə... (Hər ikisi qəfil öskürürlər. Bir-birinə
baxıb gülürlər). Atamın siqaretindən
oğurlayırdım. Siqaret çəkməyi mənə
Arakel dayının oğlu öyrətmişdi. Dayan-dayan, sən
bayaq dedin ki, çinarın başındakı yuvanı Arakel
dayı uçurmuşdu?
Azər.
Hə. Gəl, bax şəkillərə. (Albomu açır.
Bir yerdə şəkillərə baxırlar).
Armen.
Arakel dayı... Biz bu evi Arakel dayıdan almışıq.
Azər.
Biz də kənddən çıxanda atam evimizi Arakel
dayıya tapşırdı. O da satıb sizə. Rayonda
poçtda işləyən Nadirə xala qaça-qaça gəldi
bizə. Dedi ki, ermənilər gəlir. Sonra başqa bir
qonşumuz gəldi. Ermənilər Nadirə xalanın dediyi
kimi heç səhəri gözləmədilər.
Axşamüstü hər tərəfdən atmağa
başladılar. Babamla atam yığdı bu əşyaları
bura. Çox inanırdıq ki, qayıtmağımız lap
tezliklə olacaq. Hələ bilirsən, sonra nə oldu?
Armen. Nə?
Azər.
Evdən çıxanda anam toyuq-cücəyə dən səpdi
ki, biz qayıdana qədər acından ölməsinlər.
(Kövrəlir). Bax, onda bir dəstə qarğa göyün
üzündə uçuşurdu. Səsləri
götürmüşdü aləmi başına. Bəd
günlərin xəbərini verirdilər. Üç gün
rayonda qaldıq. Atam könüllü dəstələrinə
qoşulub axıra qədər döyüşdü. Amma nə
xeyri... Atam bizdən xeyli sonra çıxdı rayondan. Gələndə
dedi ki, evi tapşırdım Arakelə. Nənəm də
dedi, bir zalımdan qaçdıq, o biri zalımdan mədət
umduq ki, ev-eşiyi qoruyacaq.
Armen. Sənə
bir şey demək istəyirəm.
Azər.
De.
Armen.
Əslində, bizi də bura məcbur köçürdülər.
Azər.
Kim məcbur elədi?
Armen.
Rayonun böyükləri. Dedilər, köçün orda
yaşayın, aylıq pul alacaqsınız. Atama iş də
verdilər. Mən böyüdüm, orduya yazıldım,
qaldım işlədim. Amma heç vaxt doğulduğum o evi
unuda bilmədim. Uşaqlığım qaldı o evdə.
Xatirələrim qaldı. Mən o evdə dil
açmışdım, o evdə iməkləmişdim.
Uşaqlıq dostlarım, dəcəlliyim, ilk məhəbbətim...
hamısı, hamısı qaldı orda. İnsan bir dəfə
yurd salar. Bir dəfə ev-eşik olar.
Azər.
Bizim dili öyrənməyin necə oldu?
Armen. Bura
köçməzdən əvvəl azərbaycanlı
qonşularımız olub. Bir az bilirdim. Sonra orduda öyrətdilər.
Sizin əsirlərlə görüşürdük,
danışırdıq. Onun çox köməyi oldu.
Azər.
O əsirlər indi hardadırlar?
Armen.
Bilmirəm. Sonra xəbərim olmadı. (Sükut). Amma...
Azər.
Nə amma?
Armen. Amma
bu ev həm də bizimdir, elə deyil? Mənim burda da... hə,
bu evdə də xatirələrim var.
Azər. Xatirələrin
sənə bədbəxtlikdən başqa nə verir?
Armen.
Əslində... (Sükut).
Azər.
Hə, əslində nə?
Armen.
Əslində ikimiz də bədbəxtik. Sən bir başqa
cür, mən başqa cür. (Susurlar. Siqaret
yandırırlar). Gedək içək.
Çaxırımız var. Gedək! Gəl!
***
Ev. Azər
və Armen yerdən döşək atıb yatıblar. Azər
gözünü açır. Durub yerin içində oturur.
Pəncərəyə boylanır. Yağış
yağır, külək əsir. Ayağa durur. Armenin
üstü açıqdır. Yorğanı onun üstünə
çəkir. Armen oyanır. Əvvəl key-key baxır, sonra
diksinib oturur.
Azər.
Qorxdun?
Armen. Yox.
Anamı yuxuda görürdüm. Oyandım ki, sən
üstümü örtürsən. (Uzun pauza. Armen kövrəlir,
gözünü silir).
Azər.
Yaxşı, uşaqlıq eləmə. Danış
görüm, nə görmüsən?
Armen.
Görürdüm ki, yaz vaxtıdır. Alma ağacları
çiçək açıb. Anam gözəl don geyinib.
Soruşuram ki, sənin belə donun yox idi axı, hardan
almısan bunu? Deyir, dərzi Haykanuşa tikdirdim bunu ki, sənin
qarşına gözəl çıxım. Sonra
başladı ağlamağa. Məni aparmaq istəyirdi.
Yalvarırdı ki, evdən çıx, yoxsa öləcəksən.
Ata yox, ana yox, qardaş yox... Hamısı bu müharibədə
qırılıb. Məni özü ilə aparmaq istəyirdi.
Azər.
Bu müharibə ömrümüzdən nələri
aldı, ilahi?!
Armen. Niyə
axı müharibələr olur? Niyə axı biz bir-birimizlə
düşmən olmalıydıq, hə? Adam balası kimi
yaşayırdıq də. Babalarımız qız verib,
qız alıblar. Xeyirdə-şərdə bir-birinin
yanında olublar.
Azər.
Dünyada heç bir müharibə qiyamətə qədər
davam eləməyib. Bu da bir gün bitəcək.
Armen.
Sülh olsun.
Azər.
Olacaq, mütləq olacaq.
Armen.
Unudaq hər şeyi. Qoy yenə günəşin
işığına bir yerdə qızınaq.
Azər.
Unutmağı söz vermirəm. Bu qədər
ağrı-acını, dərdi, zülm-zilləti unutmaq sənə
zarafat gəlməsin. Balasını itirən ana bunu ancaq
öləndə unuda bilər. Ərini itirən qadın,
atasını itirən uşaq, qardaşını itirən
bacı, oğul itirən ata... Yurd dağılıb, yuva
dağılıb, tifaq dağılıb... Günəşin
də əvəzinə danışa bilmərəm. Bilmirəm
yenə Günəşin işığına bir yerdə
qızına biləcəyik, ya yox. Yaşayarıq, görərik.
Amma sülh mütləq olacaq. Kağızlar, sənədlər
başqadır, unutmaq və bağışlamaq başqa.
Kağızda bağışlamağa nə var ki...
Bacarırsansa, ürəkdə, qanda-canda bağışla.
Ehh... Dur, gedək quyunun üstünü açaq.
(Həyətə
çıxırlar. Armen dayanır).
Armen. Mən
qorxuram.
Azər.
Nədən? Burda qorxmalı nə var?
Armen.
Anamdan sonra o quyuya yaxın getməyə qorxmuşam.
Azər.
Bəs, birinci gün niyə məndən soruşdun ki, quyunun
üstündə nə yazılıb?
Armen.
Heç özüm də bilmirəm.
Azər.
Onu mənim atam yazıb. Evin də arxasında yazı var.
Babam da lap cavanlığından nə tikirdisə,
üstünə tarixini yazırdı. Gəl dalımca! (Axsaya-axsaya
bir az gedib, dayanırlar)
Armen.
Neçə gündür burdayıq?
Azər.
13 gündür. Yeməyə də bir şey qalmayıb.
Armen. Bəlkə
çıxaq kənddən?
Azər.
Hara? Belə vəziyyətdə heç yerə gedə bilmərik.
Armen. Nəsə
olacaq. Arakel dayı da gəlmişdi yuxuma.
Azər.
(İstehza ilə gülür) O nə deyirdi?
Armen.
Deyirdi ki, türklər gələndə Azər səni verəcək
onlara.
(Azər
gülür).
Azər.
Sən nə dedin?
Armen.
Dedim, o söz verib. Söz verib ki, məni özü
öldürəcək. Ya da gizləyəcək. Arakel
dayı başladı məni danlamağa ki, Azəri
öldürmək imkanın olub, amma qorxmusan.
Azər.
Deyərdin ki, Azərin də məni öldürmək
imkanı çox olub.
Armen. Məsələn.
Azər.
Çox, çox...
Armen. Mən
deyirəm. Məsələn, sən hamamın yanını
qazanda içəri girmişdin. Heç nədən xəbərin
yox idi. İstəsəydim, səni öldürərdim. Bir dəfə
də su içəndə imkan düşdü. Sonra... hə,
yatanda nə qədər olub. Amma ağlayan adamı, su
içən adamı, bir də yatan adamı öldürməzlər.
Azər.
(İstehza ilə gülümsəyir. Pauza). Gəl, gəl
dalımca!
Quyuya
çatanda Armen dayanır. Yaxınlaşmır. Quyunun
üstü böyük lay dəmir, xırda dəmir-dümür,
çürümüş taxtalarla örtülüb. Armen
oturur. Azər quyunun üstünü çətinliklə
açır. Əlini qoyur "1986, iyun"
yazısının üstünə. Köks
ötürür, fikrə gedir. Quyunun üstündəki lay dəmiri
qaldırır. Anasının quyudan su çəkməsini
gözünün qabağına gətirir. Quyunun içinə
boylanır. Armen şübhəli baxışlarla onu seyr edir.
Sanki kimsə varmış kimi sağa-sola boylanır. Ayağa
durur, cəld yaxınlaşır Azərə. Onu arxadan itələyir.
Azər daşdan yapışır. Armen təzədən onu
itələyir. Əlbəyaxa olurlar, dalaşırlar. Armen
sanki yuxu görürmüş kimi özünə gəlir,
diksinir. Həyəcanla tövşüməyə
başlayır. Üz-gözünü ovuşdurur. Bu, xəyaldır.
Armen. Sənə
noldu?
Azər.
Heç. Heç nə.
Armen.
Əyilmə. Çox əyilmə.
Azər.
(Dikəlir). Gəl, gəl yaxına.
Armen.
Qorxuram.
Azər.
Gəl, gəl... Bir dəfə boylan, qorxun keçəcək.
Armen
qorxa-qorxa yaxınlaşır, quyuya boylanır.
Çıxır.
Azər
ona fikir vermir. Quyunun yanındakı alma tinglərini
götürür. Sonra dikəlib ətrafa boylanır.
Azər.
Armen... Armen... (Cavab yoxdu). Armen... Hara getdi bu? (Yer qazıb alma
tinglərini basdırmağa çalışır,
ağrıları imkan vermir). Armen... (Evə sarı gedir, onu
evin arxasında görür. Odun, çör-çöp
yığır). Səni çağırıram...
Armen. Mən
acam. Gedim evləri axtarım, görüm, nə tapıram.
Azər.
Odunu yığ, gətir quyunun yanına. Ocağı orda
qalayarıq. Yuxarıdan alma ağacları
çıxarmışam. Kömək edərsən, əkərik.
Armen.
Yaxşı. (Odunu, çör-çöpü
yığıb aparırlar quyunun yanına). Gedirəm evləri
axtarmağa.
Azər.
Əvvəl bunu əkək, sonra get.
Armen.
Halım yoxdu. Bir şey yeyək, sonra. Kartofdan bir az qalıb,
bir az da gedim tapım, gəlirəm.
(Evə
gedir, iki-üç kartof gətirir. Əlində köhnə
qazan da var).
Azər.
Yaxşı. Mən də ocağı qalayıram.
Armen. Hələ
qalama.
Azər.
Vedrəni gətir, suyu quyudan çək.
Armen
köhnə vedrə və kəndir gətirir. Kəndiri
bağlayır vedrənin qulpuna. Yenə tərəddüd
edir quyuya yaxınlaşmağa. Amma Azərin ona
acıqlı-acıqlı baxdığını görüb
vedrəni quyuya sallayır. Su çəkir. Kartofları qazana
tökür.
Armen.
Ocağı hələ qalama.
Ayağını
çəkə-çəkə qapıdan
çıxır. Bir qədər sonra uzaqdan səs-küy
eşidilir. "Sakit... Sakit... Orda kimsə var. Həyətdən
tüstü qalxır. Kimsə ocaq qalayıb".
(Səhnə
arxasından Armenin həyəcanlı səsi gəlir: Yekan...
(Gəldilər...) Yekan...
Ayağını
çəkə-çəkə iti addımlarla evə
yaxınlaşır. Güllə səsləri eşidilir. Azər
həyəcanla ora-bura boylanır. Armen Azərdən xəbərsiz
evə keçir, qumbaraları gizlətdikləri yerdən -
köhnə şkafın içindən götürmək
istəyir. Qumbaralar yerində yoxdur. Şkafı ələk-vələk
edir. Güllə səsləri artır, artilleriyadan atəş
açılır. Armen qumbaraları tapa bilmir. Əsgərlərin
səsi uzaqdan aydın eşidilir.
Azər.
(Sevincək). Gəldilər... Gəldilər... (Armen təlaşla
evi axtarmağa davam edir). Armen harda qaldı? Görəsən,
nəsə olmayıb ki...
Azər
evə sarı gedir. Armen qumbaraları küncdə
üst-üstə yığılan yorğan-döşəyin
altından tapır. Hər ikisini götürür. Gəlir
qapının ağzına.
Azər.
Armen...
Armen.
Sizinkilər gəlirlər. Mənimki bura qədər
imiş. (Qumbaraları göstərir).
Azər.
Dayan, neyləmək istəyirsən? Başın xarabdır sənin?
Armen.
Əsir düşməkdənsə ölmək
yaxşıdır.
Azər.
Dayan... Dayan... Qulaq as. (Evin yaxınlığına mərmi
düşür. Güllə səsləri şiddətlənir,
səs-küy lap yaxınlaşır). Sən sağ-salamat
evinə gedəcəksən. Sənə heç kimin əli
dəyməyəcək. Söz verirəm.
Armen. Bura
qədər imiş.
Azər.
Sənə söz verirəm. Kişi kimi söz verirəm. Sənə
heç kimin əli dəyməyəcək. Dayan.
Armen. Mən
ölürəm, bu evdən də nə qalar-qalar...
Azər.
Armen, qurban olum. Evimizi qoruyaq!
(Armen
qumbaranı çəkir. Partlayış. Azərbaycan əsgərləri
həyətə girirlər. Armen və Azərin
parça-parça olmuş meyitləri yan-yana).
Cavid
ZEYNALLI
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.16-18.