Nə hikmətdirsə...
Hekayə
Vətən müharibəsinin şıdırğı vaxtlarında təqaüdünü alıb əsgərlərimizə yardım fonduna köçürən Hikmət babaya - sayqı və ehtiramla!
Dünyanın
yükünün əyilən vaxtıydı. Həyət-bacalardan
cavanların qaqqıltısı kəsilmiş, qız-gəlin
qulağı səksəkədə, analar
gözüyaşlı, atalar qəddi bükükdü...
Təkcə
uşaqlar keflərindən qalmırdılar. Hərəsi bir
bayraq tapıb başının üstünə qaldırır,
"Qarabağ Azərbaycandır!" deyib,
bağıra-bağıra belədən-belə
yürüyürdülər.
Bağlamadakı
heyvanın suyunu dəyişdi, yemini təzələdi,
tövlənin girəcəyindəki beli götürüb
içəridə bir az dümələnsə də, həvəsi
olmadı, divara söykəyib çölə
çıxdı.
"Görəsən,
pensiyəni verərlər?! Vaxtıdı ye... Verməlidilər...
Amma... Hə də, indi ölkədə müharibə gedir,
gecikə bilər... Lap qoy bir ay gecikdirsinlər... Lap elə
verməsinlər... Ölmüyəciyik ha, acınnan. Bude,
heyvanımız var, toyuq-cücə, yumurta... Vallah, hə..."
Bayıra
çıxdı. Qonşusu Nemət kişini görüb bir
hal-əhval tutmaq istədi.
- Nə
var, nə yox? Cəbhədən nə deyillər? İrəliləyiş
var?
- Nə
bilim?.. - Qonşu ağzını sürüdü. İndi
yadına düşdü ki, onun nəvəsi də ordadır
axı. "Kişinin, yəqin ki, fikri-zikri uşağın
yanındadı... Mən də soruşmağa vaxt tapdım. Gəl
nəvəsini soruş..."
- Nəvənnən
nə xəbər var? Danışır? Allah arxalarında
dursun...
Qonşunun
kefi duruldu. Həvəslə danışmağa
başladı:
- Hə,
dünən danışmışıx... Deyir, kefimiz
yaxşıdı, hər şeyimiz var... Düşməni
qatıb qabağımıza qovuruq... İnşallah, bu
gedişnən beş-altı günə
Şuşadadılar... - Birdən qonşunun səsi
qırıldı. Əlinin dalı ilə sulanmış
gözünü sildi. - Yannarında bir uşağa qəlpə
dəyib, nə dədəsi var, nə nənəsi...
Hikmət
də qəhərləndi:
-
Yetimmiş? Can-can...
- Yox e,
savsem yoxuymuş... Şuşada internatda
böyüyübmüş... Ona görə deyib ki, mənim
Şuşadan başqa heş nəyim yoxdu... Gedəcəm
Şuşanı azad edəcəm... Ona da
çatammıyıf... Qubadlıda vuruflar...
Qocalar
göz yaşlarını əlləri ilə silib
çöm üstdə oturdular. Siqaretlərini bir-birinin oduna
yandırıb susdular. Handan-hana Nemət kişi acı
tüstüdən boğula-boğula dedi:
- Deyir,
font yaradıblar... Əsgərlərimizə yardım fondu...
Yadındamı, biz uşax olanda 41-45-in müharibəsinə
də camahat yardım eliyirdi... Kimi pul verirdi, kimi
xalça-palaz, kimi yun köynək, əlcək toxutdurub
göndərirdi, mənim anam barmağınnan nişan
üzüyünü çıxarıb vermişdi...
Hikmət
kişini tüstü boğdu, iki kərə bərkdən
öskürüb gumuldandı:
- Görən,
pensiyəni verəllər?
- Nəblim,
əşşi... Camahat nə hayda, sən nə hayda...
Nemət
kişi çubuğunu yanıncan sürüyə-sürüyə
çıxıb getdi. Hikmət kişi isə qalxa bilmirdi.
"Camahat nə hayda... sən nə hayda..." - söz
kişinin içalatını qəlpə kimi yaralayıb
keçmişdi. Çox çətinliklə
özünü toplayıb qalxa bildi. Qayıdıb həyətə
girdi.
- Ay
uşax, mənim o abır paltarımı şotkaleyin, gedəsi
yerim var...
Nimdaş
kostyumunu geydi, dimdiyi ağarmış kepkasını
başına basdı, köhnəlmiş
ayaqqabısını qara mazla mazladı, ayağına geyib
yola çıxdı. Rayon mərkəzinə aparası
avtobusu gözləmək üçün kəndin
aralığına yönəldi.
***
Kişi
bankomata yaxınlaşanda xeyli adam növbəyə
dayanmışdı. Elə "axırıncı kimdir?"
deməyə hazırlaşırdı ki, nisbətən cavan
adamlar geri çəkildilər, kişini qabağa
buraxdılar. Bir orta yaşlı kişi isə az qala nitq
söylədi:
- Əhsən,
balalar! Belə ağır günlərdə bir-birimizə
dayaq olmalıyıq! Bir yannan müharibə, bir yannan
pandemiya... Xalqımız gərək dədə-babadan gələn...
Hikmət
kişi "natiq"in dediklərini daha eşitmədi. Heyrət
içində ora-bura boylandı.
"Nə
hikmətdisə, ağır günlərdə xalqın ən
yaxşı cəhətləri üzə çıxır.
İki ay qabaq da gəlmişdim bura, maa heç baxan da
olmamışdı. Hələ bir cavanla bir orta yaşlı
kişi uçer üstündə az qala süpürləşəcəkdilər.
Mən hayxırdım, qayıtdılar... İndi...
Yadımdadı, 20 Yanvarda da beləydi. Avtobusda cavanlar qocalara,
qadınlara, uşaqlara yer verir, imkansıza əl tuturdular...
Sonra 90-cı illərin Qarabağ müharibəsində
cavanlar davaya gedəndə hamı yığışıb
xeyir-dua verirdi... Şükür Allaha! Adamlarımızın
murdarlıqlarını müharibə yuyub apardı... Hikmətinə
şükür, Xudaya..."
İstədi
etiraz edə ki, mən növbəyə duracağam,
olmadı. Kişinin kartını tanımadığı bir
nəfər əlinnən alıb bankomatın yuvasına
saldı və dedi:
- Əmi,
nömrəni özün yığırsan, ya mən
yığacam?
Kişi
gülümsündü:
- Ay bala,
mənim gözüm görürmü ki, özüm
yığam? Bax, burda yazılıb, ala, özün
yığ, pulu da çıxart...
Pulu
alıb saydı (adətiydi, hökmən sayardı), sonra
birbaş banka yollandı...
***
- Ay
qızım, mən pul...
Üzünnən
yorğunluq yağan qız gözünü kompüterdən
ayırmadan:
- Əmi,
pulu burda vermirlər, bayırda bankomat var, ora gedin, - deyib
telefonda kiminləsə danışmağa başladı.
Kişi bir xeyli gözlədi. Bu vaxt başqa pəncərədən
bir qadın dilləndi:
-
Əmican, siz niyə dayanmısınız?
Kişi
utandı, əlində tutduğu pulu ("pensiyəmin
yarısını ayırdım, yəqin azdır, ona görə
baxan yoxdur, ayıb oldu") qadına göstərdi:
- Bala, mən
əsgərlərimizə pul göndərmək istəyirəm...
O yardım nəyiydi... hə, hə, fondu, yardım fondu... Ora
pul köçürəcəm... Müharibəyə görə...
Pensiyamı bu gün almışam. Ona görə gec gəlmişəm...
Bu vaxt
bayaqdan ayaq üstə dayanaraq telefonla danışan yorğun
qız kişinin nə dediyini, deyəsən, başa
düşdü, telefonunu yerə qoyub, başını pəncərədən
çıxarıb kişini təpədən-dırnağa
süzdü, sonra kişinin mazlanmış
ayaqqabısının böyrünün
aralandığını görüb doluxsundu, ağlamamaq
üçün barmağını ağzına təpdi,
göz yaşları axıb koftasına, ordan da təzə
yerə qoyduğu telefonun üstünə damladı.
- Baba...
Əmi... Bağışlayın, siz allah... Mən... Mənim
yoldaşım da cəbhədədir. Zəng eliyən də
o idi... Siz cəbhəyə yardım fonduna pul
köçürməyə gəlmisiniz. Mən isə sizi
başa düşmədim... Nə olar,
bağışlayın məni...
Kişi
pulları qızın önünə qoydu. Şəxsiyyət
vəsiqəsini də çıxarıb ona verdi və gedib
aralıdakı stullardan birinə çökdü. Bu vaxt
avtobusda harasa ilişib böyrü paralanan ayaqqabısına
gözü sataşdı və gülümsündü:
- Səni
biyabır olasan... Heç vaxtıydı...
Bayaqkı
qız yerindən durdu, çıxıb kişinin yanına gəldi
və şəxsiyyət vəsiqəsinin üstünə
qoyduğu qəbzi ona uzatdı:
- Hikmət
baba, sizə bankımız adınnan çox təşəkkür
edirik! Əliniz düşərli olsun!
Kimsə
arxadan dilləndi:
-
Qarabağ Azərbaycandır!
Kişi sulanmış gözlərini dəsmalı ilə sildi. Əlini əsim-əsim əsən ürəyinin üstünə basıb "uxay" dedi və bankdan çıxdı.
***
Axşamdan xeyli keçmiş kəndə döndü. Həyətə girəndə hamı onun ayağına baxırdı. Kişi ayaqqabısının tamam qopduğunu indi gördü. Nəvəsi əlindəki kiçik bayrağı göyə qaldırıb qışqırdı:
- Baba,
indicə səni televizorda göstərdilər! Dedilər ki,
Hikmət baba öz pensiyasını cəbhəyə köçürüb!
Baba, biz səninlə qürur duyuruq! Qarabağ Azərbaycandır!
Sonra
qulağına pıçıldadı:
- Amma bircə
pis iş oldu ki, cırıq ayaqqabını da göstərdilər...
Kişini
böhd apardı. Ürəyi yansa da, çay istəmək əvəzinə
siqaret yandırıb yaxındakı kətilə çökdü.
"Nə
hikmətdisə... " Gözü ac mal kimi ağzını
açmış ayaqqabısına sataşdı. "Eeeee...
Bu zibil də yırtılmağa vaxt tapdı də..."
Sonra siqaretindən dərin bir qullab alıb
gülümsündü: "Yırtılan ayaqqabı olsun...
Təki o cavanların telinə bir zərər dəyməsin..."
10.01.2021
Azad
QARADƏRƏLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, №41.- S.20.