Üzeyir bəy haqqında
bəzi düşüncələrim...
İnsani
görəvim, arzum, əməlim
İnsanlığa xidmət etsəm,
nə mutlu...
Yağmur
suyu ilə torpağ təməlim
İnsanlığa xidmət etsəm,
nə mutlu...
Dərə axar, bu
torpağlar sulanır,
Günlər gələr keçər,
dünya dolanır
Fikir - sərmayədir,
həm faydalanır,
İnsanlığa xidmət etsəm,
nə mutlu...
Ozan Ali Mətini, ustadımız Üzeyr bəyin təməl niyyətini, əməllərini və
amacını bu gözəl söz ilə həzin-həzin bəyan eyləmiş, sanki anlatmışdır bizlərə. Bəli, Üzeyir bəy həyatı boyu bütün varlığı
ilə, necə demişlər: "nə
qədər var təndə
can..." Azərbaycanımıza, Azərbaycan xalqına, Azərbaycan musiqisinə, ümumiyyətlə, Azərbaycan
mədəniyyətinə yorulmadan
xidmət etmişdir.
Bu insani vəzifəni
ustadımız, yaşadığı
dövrün heç
də asan olmayan, zaman-zaman çox ağır şərtlərinə
sinəsini verib, zorluqları aşaraq, bəzən isə həyati təhlükəsi
ilə üz-üzə
qalmasına rəğmən,
mərdi-mərdanə, dürüstcə
icra edərək yerinə yetirməyə çalışmışdır. Bu bir gerçəkdir ki, Üzeyir bəy Hacıbəyli üçün
İnsanlıq - Azərbaycan
xalqı idi və bəstəkar, yazdığı musiqisi ilə, mədəni müəssisələrin təşkiliylə
və digər ictimai işləriylə gələcək qərinələrə
çox mühüm bir mesaj yollamışdır: İnsanlığa
xidmət - Azərbaycan
xalqına xidmətdən
keçər".
Üzeyir
bəyin 1908-ci ildə
yazmış olduğu
"Leyli və Məcnun" operasının
ilk tamaşası türk
dünyasında bir böyük mədəni hadisəyə çevrilmişdi,
mən deyərdim, bir kültürəl partlayış baş vermişdi ki, bu olayı millətimizin oyanışı, özünütanıma
yolunda yeni istiqamət
kimi səciyyələndimək
olar. Bu möhtəşəm
əsər qədim
dini-mərasım göstərilərdən
- Şəbih ənənələrinə
və qaydalarına əsaslanan meydan tamaşası idi sanki. Millətimiz əslində divan ədəbiyyatımıza
(Molla Məhəmməd
Füzuli Bağdadi) və fəsil-fəsil muğamatımıza arxalanan
bu meydan tamaşasının müasir
səhnə təcəssümünü
görürdü. Xalqımız
bu möhtəşəm
göstəriyi seyr edib, onu məmnuniyyətlə qəbul
etdi. Niyə də məmnun olmasın?! Gözünün
önündə Klassik
Azərbaycan musiqili teatrın şah əsəri canlanıb səslənməkdə idi.
Zaman keçdi və bizlərə həqiqətin
biri də aşkar oldu: Bəstəkarın yazdığı
"Leyli və Məcnun" muğam göstərisi bir yüksək təfəkkürün
məhsulu olaraq, inkişafı mütləq
olması gərəkən,
yəni potensial imkanlara malik olan bir ideyadır və dünya musiqisinə bir töhfə olaraq Üzeyir bəy Hacıbəylinin icad etdiyi yeni texnologiyadır.
Və təbii ki, belə bir musiqi
ideyanın, bu texnologiyanın davamı olmalıdır və olacaqdır!
"Leyli və Məcnun"dan
tam bir il sonra, yəni 1909-da bəstəkarın
ilk musiqili komediyası
olan "Ər və arvad" səhnə quruluşunu gördü və tamaşaçıların bəyənisin
qazandı. Arxa-arxaya,
1911-ci ildə "O olmasın,
bu olsun" və 1913-cü ildə isə "Arşın
mal alan" musiqili teatr inciləri səhnə üzü gördü ki, bu çox mühüm iki hadisə haqqında düşüncələrimi
oxucular ilə paylaşmaq istərdim. Musiqi çevrələrində
bu əsərləri janr olaraq, ya operetta, ya da ki musiqili komediya kimi təyin
edirlər. Özü-özlüyündə
bu adlandırma əslində doğru görünür, amma əsərlərin bir önəmli olan bircə özəlliyi onların başqa bir janra aid olduğunu
göstərməkdədir. Belə ki XIX-XX (əvvəli)-cu
yüzillərdə Avropada
çox yayğın olan musiqili komediya,
singspiel (musiqi müşayiətilə komediya) və ya operetta (kiçik opera), əyləncə
xüsusiyyəti daşıyan,
xəfif eşq macəralarından bəhs
edən, genəldə
məişət məzmunlu
bir tamaşa halında idi. Operetta janrı bu haliylə
Atlantik okeanını
adlayaraq Amerika Birləşmiş
Ştatlarının mədəni
həyatına musical adı ilə heç bir fərqli özəlliyi olmadan girər. Amma musical`ın orijinallığı,
məhz ilk tamaşası
26 sentyabr 1957-ci ildə
Broadway`də böyük
müvəffəqiyyətlə təqdim olunan bəstəkar Leonard Bernsteinin
"West side story" ("Vestsayt əhvalatı") musical`ində
açıq-aydın üzə
çıxdı. Bu tamaşada
gözəl musiqi, alovlu xoreoqrafik quruluşu olan rəqslər, müxtəsər,
bütün əyləncə
növləri sadəcə
vasitə idi. Tamaşanın müəllifləri bu
əyləncə vasitələrilə
ABŞ-də mövcud
olan dərin sosial problemləri tamaşaçılara açıq
şəkildə göstərmişdilər.
Beləliklə, amerikan
musical`ı Avropa operettasından fərqlənən
janr xüsusiyyətlərini
ancaq 1957-ci ildə almışdır. Son dərəcə
maraqlıdır ki, biz Üzeyir
bəy Hacıbəyli
operettalarının musical janr
özəlliklərini hələ
1911-1913-cü ildə "O olmasın bu olsun" (bəylərin müflisləşməsi, bakkalların
sosial baxımdan önə çıxması
və digər problemər) və "Arşın mal alan" (evlənmək problemləri,
qadın azadlığı
və s.) kimi əsərlərdə görürük.
Beləliklə, musical`ın
bir janr olaraq təməli, dünya musiqi tarixində ilk dəfə
Üzeyir bəy tərəfindən 1911-ci ildə
qoyulmuşdur.
Böyük bəstəkarın yazdığı
əsərlər xalqımız
tərəfindən mənimsənmiş,
bəyənilmiş, necə
deyərlər, toplumumuzun
iliyinə varmış
və dillərdə əzbər olmuşdur. Bir vətəndaş
olaraq Üzeyir bəy Hacıbəylinin bütün fəaliyyəti
(musiqi əsərləri,
ədəbi irsi, elmi-tədqiqat çalışmaları,
ictimai xidmətləri
və s.) doğma yurdumuzun müqəddəs
bayrağının üç
rənginə - mavi, qırmızı, yaşıl,
yəni bu rənglərin bildiyimiz rəmzi mənalarına yönəlik uyğun hərəkətlərdir və
milləti gələcəyə götürən
inkişaf proqramına müvafiqdir və kutlu bayrağımıza
uyğundur, - deyə düşünürəm. Məhz
buna görə Üzeyir
bəy ölkəmizin
ideallarına tam uyan halən əvəzi olmayan bəstəkardır.
Azərbaycan musiqisini özənlə
tədqiq edən bəstəkar, ta minilliklərdən
bizlərə miras qalmış ozan - aşıq musiqi qurumunu və makam - muğam sistemini türk dünyası, islam kültürü və ən nəhayət, dünya musiqi mədəniyyəti tarixinin
çərçivəsində görmüş, təhlil
etmiş bir nadir şəxsiyyətdir, bir sözlə, geniş konceptual düşüncəyə
sahib olan yeganə alimdir. Bir tərəfdən, Üzeyir
bəy Hacıbəyli
türk (məxəzlərdə
Şərq deyirlər)
musiqi sistemini meydana gətirən və makam qurğusunun
nəzəri təsdiqini
irəli sürən
Abu Nəsr al-Farabi
(9-cu yüzil), Abu Ali ibn Sina
(10-cu yüzil), Səfi
ad Din Ürməvi (13-cü yüzil) və Abdül Qadir Marağayi
(14-cü yüzil) kimi
böyük alim və
düşünürlərin və onların ənənələrinin
davamçısı, varisidir,
deyə açıq görünməkdədir. Bu barədə
musiqi ictimaiyyətimizə
dönə-dönə xatırlatmaqda
fayda var. Bir də ki adlarını saydığım
bilginlər, əslində,
hər şeydən öncə, bəstəkar
idilər ki, bu tarixi gerçəyi unutmamalıyıq. Digər
tərəfdən isə,
Azərbaycanımızın yeni bəstəkarlıq məktəbinin
özülünü qoymuş
olan Üzeyir bəy o böyük riyaziyyatçıların işləmiş
olduqları "möhtəşəm
12 sütunlu" makam
nizamının əsaslarını
təqib edərək,
musiqimizə Avropa notasion (yazı) sistemini gətirərək,
Avropa musiqi ənənələrinin bizlərə
uyğun olan təmas nöqtələrini
bulmuş və bu şəkildə musiqi təfəkkürümüzü
genişləndirmiş, zənginləşdirmiş,
qədim mədəniyyətimizə
yeni nəfəs gətirmişdir.
Bu baxımdan Üzeyir bəyin fəaliyyətinin
dərindən öyrənilməsi,
yaşadığımız tarixi günlərin işığında, musiqimizin
inkişafı istiqamətində
açılmış yeni mərhələ problemlərinin
çözülməsi yolunda
aktual olmuş, "olmazsa olmaz"a çevrilmişdir. Ümdə
vəzifəmiz Üzeyir
bəy fenomenini aşkara çıxarmaqdır.
Bununla belə, bütün səmimiyyətimlə etiraf
etməliyəm ki, Üzeyir
Hacıbəyli kimi bir dahinin yaradıcılığı
yetərincə öyrənilməyib.
Doğrudur, onun böyük bir sənətkar olduğu haqqında çox fikirlər irəli sürülür, yazılır,
yozulur, deyilir, lakin iş onun
yazmış olduğu
əsərlərinin ciddi
təhlilinə gəldikdə, meydana gətirdiyi musiqisinin milli ənənələrə bağlılığı
haqqında olduqca bəsit, qəlib halına dönüşmüş
fikirlər, ya da mücərrəd ümumiləşdirmələr
müşahidə olunur.
Azərbaycan musiqisinin yeni inkişaf mərhələsinə
qədəm qoyulurkən,
hətta bir qədər yol alınırkən, musiqi mərifətimizin belə
bir durumu, açığını desəm,
heç məmnunedici
deyil. Bu baxımdan Üzeyir bəyin əsərlərinin ciddi tədqiqi və ələlxüsus, müfəssəl
təhlili və bu mühüm çalışmaların nəticələrini
musiqimizin gələcəyi,
ümidi olan gənc bəstəkarlarımıza,
eləcə də, gənc tədqiqatçılarımıza
ötürülməsi nə
qədər önəmli
olduğu aşkardır
və danılmazdır.
Bu iş indiki dövrdə önəmli
və çox aktualdır, həm də ona görə
ki, gənc yaradıcı
quvvələrin arasında
"avropabazlıq", "intellektualbazlıq" meyilləri
sürətlə yayılmaqdadır,
bu isə gəncləri gerçək
Azərbaycan musiqi kültüründən uzaqlaşdırır
- nəticə etibarilə
musiqi hərəkatımıza
əngəl və fəsadlar törədir.
Üzeyir
bəydən sonrakı
inkişaf mərhələsində
bəstəkarlarımızın bir çoxunun əsərlərində Avropa
musiqi uyqarlığının
janr və formalarının
hakim olmasını bir
fakt kimi qeyd etmək istərdim. Bu, "postüzeyirbəy"
adlandırdığım dövrdə maarifləndirmə
məsələləri daha
qabarıq şəkildə
görünməkdədir, məncə. Heç şübhəsiz ki, o maraqlı
sürəc əsnasında musiqimizi
təmsil edən bəstəkarların (Asəf
Zeynallı, Ərtoğrul
Cavid, Müdhət Əhmədov, Qara Qarayev, Niyazi, Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıbəyov və b.) böyük nailiyyətləri göz qabağındadır və
bu gəlişmənin
musiqi sənətimizə
müsbət təsiri
bir gerçəkdir. Yeni çağda
isə bəstəkarlarımızın
qarşısında daha
fərqli problemlər
mövcuddur, onları
aradan qaldırmaq üçün mühüm
vəzifələrimiz vardır.
Belə ki, müasir Azərbaycan bəstəkarına
dolğun musiqi əsərləri yazması
üçün onların
bir tərəfdən,
dərinləməsinə türk
musiqi ənənələrinə
arxalanması mütləq
olmalı, digər tərəfdən isə, Avropa musiqi prinsiplərinin mükəmməl mənimsənilməsi
lazımdır. Bu yolda
Avropa musiqisinin yiyələnməsinə heç
bir əngəl yoxdur, çünki bütün ibtidai musiqi məktəblərimiz
və Yüksək tədris müəssisələrimiz
yetərincə bu işi görürlər.
Doğma türk musiqimizin isə, ələlxüsus, onun tarixinin, sisteminin, estetikasının öyrənilməsi yetərincə
deyil, - desəm, çox yumşaq ifadə işlətmiş
olaram. Məhz bu səbəblə gənc bəstəkarlarımızın
musiqi təfəkkürü
birtərəfli, daha çox "avropayönlü"dür
və aşırı
dərəcədə "avropameyilli"dir. Üzeyir
bəyin irsinin öyrənilməsi bu səbəbdən olduqca aktualdır, dahi bəstəkarın təcrübəsindən
istifadə olunması
isə bir zərurətdir və musiqimizin gələcəyə
yönəlik hərəkətinə
doğru olan addımlardan biridir.
27.09.2025
Aydın K. AZİM
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.21.