Azərbaycan nizamişünaslığının
qiymətli töhfəsi
(Əsmətxanım Bəyəhməd
qızı Məmmədova.
Nizami Gəncəvi yaradıcılığı üzrə
filoloji tədqiqlər
(monoqrafiya), Bakı,
"Elm və təhsil",
2022, 408 s.)
XIV əsrdən başlayaraq,
Hindistan, İran, Türkiyə,
Pakistan, Rusiya, Azərbaycan
və başqa ölkələrdə Nizami
Gəncəvi əsərlərinə
şərhlər yazan
müəlliflərin əksəriyyəti
öz dövrlərinin
dilçi-alimləri olsalar
da, şərh və lüğətlərdə yalnız
Nizami leksikasının
semantik məzmununu öyrənməyə, xüsusən,
Quran ayələrindən alınma
iqtibas, yaxud təlmihləri izah etməyə, poetik məna və fiqurları açıqlamağa,
yaxud həmin misraların sonrakı poeziyada təsirini öyrənməyə daha
çox yer vermişlər. Ümumiyyətlə,
ərəb dilçiliyinə
nisbətən xeyli sonralar yaranan fars linqvistika elmində şərhçilik,
lüğətçilik və
poetika sənətinin
öyrənilməsinə üstünlük
verildiyi üçün
Nizami Gəncəvi əsərləri üzərində
fonoloji, morfoloji, sintaktik təhlillər və şairin zəngin dil xəzinəsinin qrammatik quruluşu və yazı semantikası üzərində linqvistik
araşdırmalar aparılmamışdır.
Məsələn, XIV əsrdə
Nizami Gəncəvi beytlərinin məşhur
şərhçilərindən Məhəmməd bin Qivami
bin Rüstəm əl-Bəlxinin
"Bəhr əl-fəzayel
fi mənafe'ül-əfazel" (Fazillər dənizinin fəzilətlərinin faydası)
lüğətində Nizaminin:
"Ğəmze-ye nəsrin
nə ze bad-e səba, Əz əsər-e lotf-e to şod tutiya" - Nəsrin gülünün
qəmzəsi badi-səbadan
deyil, Sənin lütfünün təsirindən
tutiyaya çevrilir - beytinin poetik və fəlsəfi mənasını şərh
edir, həmçinin bu beytdən bəhrələnərək, Əmir
Xosrov Dəhləvinin
də: "Nəsrin gülü, bəlkə də badi-səbadan deyil, sənin lütfündən açılmışdır"
məzmunlu bir beyt yazdığını
söyləyir və bununla da beytin şərhi bitir.
XIX əsrdən üzübəri
dünya və Azərbaycan şərqşünaslığı
miqyasında Nizami Gəncəvinin lirikası
və poemalarının
nəşri, tərcümə
və tədqiqi zamanı izahlar və açıqlamalar -
söz və ifadələrin lüğəvi
mənaları və beytlərin şərhi, leksik-poetik və onomastik-üslubi xüsusiyyətlərinin
öyrənilməsi sahəsində
əməyi olan çoxlu sayda müəlliflər vardır.
Bununla belə, Nizami Gəncəvi əsərlərinin dil xüsusiyyətləri indiyədək
yalnız poetika sənətinin predmeti olaraq tədqiqata cəlb olunmuşdur və tam məsuliyyətlə
demək olar ki, dünya şərqşünaslığının
tarixində Nizami Gəncəvi əsərlərinin
linqvistik özəllikləri
öyrənilməmişdir. Son dövrlərdə Mənzərə
Məmmədovanın "Nizami
dilinin leksik üslubu: "İskəndərnamə"
əsəri üzrə"
ikicildlik izahlı lüğət səciyyəli
əsəri istisna olmaqla, demək olar ki, bu sahədə
mühüm bir boşluq var idi. İndiyədək Nizami Gəncəvinin zəngin dil xəzinəsinin fonetikası, qrammatikası
və yazı semantikası üzərində
linqvistik araşdırmalar
aparılmamışdır. Halbuki Nizami beytlərinin leksik-semantik mənalarının dəqiqləşdirilməsində
linqvistik detalların araşdırılmasının mühüm əhəmiyyəti
vardır.
Bu baxımdan, görkəmli
şərqşünas alim Əsmətxanım Bəyəhməd
qızı Məmmədovanın
"Nizami Gəncəvi
yaradıcılığı üzrə filoloji tədqiqlər" adlı
monoqrafiyası dünya
elmi miqyasında aparılan ilk tədqiqat işidir. Alimin uzun illər çəkdiyi zəhmətin
bəhrəsi olan bu əsərdə ilk dəfə olaraq Nizami Gəncəvinin poeziya dilinin nəzəri aspektləri
- dilin fonologiyası, sözün fonetik tərkibi, Nizami dilinə xas diqraflar (iki samitin birləşməsi
), omoqraflar (yazılışı
eyni, lakin vurğu ilə fərqlənən sözlər),
omofonlar (tələffüzü
eyni, lakin yazılış və mənaları fərqli olan sözlər), tabeli mürəkkəb cümlələrin, xüsusən,
şərt budaq və qarşılıqlı-güzəşt
budaq cümlələrinin
şairin dilində Azərbaycan türkcəsinin
strukturuna uyğunlaşdırılması
elmi şəkildə
təhlil olunur və XII əsrin tarixi-mədəni şəraitində
farsdilli poeziyada Azərbaycan üslubunu zirvəyə qaldıran Nizami dühasının böyüklüyü göstərilir.
Kitabda
"Xəmsə" məsnəviləri
üzrə fonetik-qrafik
hadisələrin öyrənilməsi
Nizamişünaslığın mətnşünaslıq sahəsinin
inkişafına yeni bir
töhfədir. Burada
alim indiyədək dilçilik
sahəsində tam izah
edilməmiş dil hadisələrini doğuran
səs dəyişikliklərini
tədqiq edir. Fars dilində diqrafların tələffüzü zamanı
fonetik səs dəyişiklərinin baş
verməsi və bu hadisənin Nizami yaradıcılığında
özünəməxsus şəkildə
əks olunmasının
öyrənilməsi müəyyən
zaman kəsiyində ərəb-fars
tələffüzlərinə məruz qalan türk sözlərinin, o
cümlədən, coğrafi-tarixi
məkanlarımızın adlarının düzgün
müəyyənləşdirilməsində
dəqiq elmi izahlara yollar açır.
Əsmətxanım Məmmədova tərəfindən Nizami
"Xəmsə"sində diqrafların ikili oxunuşu hadisəsinin elmi izahı şəxsən mənə
- bir araşdırıcı
olaraq bir çox mühüm məsələlərin həllində
əminliklə fikir söyləməyə yardımçı
oldu. Məsələn,
məlumdur ki, orta əsrlərdə tarixi və ədəbi mənbələrimizdə yer
alan "Ərmən"
sözü türk toponimidir və bu sözün ilkin qədim variantları "Ağvan-Alban"
formasında mövcud
olmuşdur. Zaman-zaman ərəb-fars
tələffüzlərinə məruz qalaraq yazılışda türk
mənşəli "Ağvan-Alban"
sözlərindəki qoşa
samitlərin - ğv, lb-diqraflarının sonrakı
dövrlərdə dəyişikliyə
uğrayaraq, -rm- diqrafı
formasına salınması
ilə əlaqədar,
bu toponim "Ərmən" formasını
almışdır. Qeyd
etməliyəm ki, vaxtilə
məşhur şərqşünas
- tarixçi alim Səid
Nəfisi də "Azərbaycanın Aran vilayətinin
adının qədim
Alban tayfasının adı
ilə bağlı olduğunu" söyləmiş
və bu adda olan qoşa samitlərin yazılışının
dəyişikliyə uğradığını
qeyd edərək yazmışdır: "Əvvəllər
bu yerin adı "Albanu", daha sonra isə
"Ərbanu" şəklində
yazılmışdır. Amma Sasanilər bu adı Aran şəklində
yazmışlar... Orbelian
Stefannos "Sünik tarixi" kitabında bu kəlməni "Ərhan" şəklində
vermişdir" (Səid
Nəfisi, Divan-e qəsayid
o ğəzəliyyat-e Nezami
Gəncəvi, Enteşarat-e
Foruği, çap-e pəncom, h.ş.1362, s. 34).
Fars dilində fonetik məhdudiyyət qanununun mövcud olduğunu nəzərə alaraq, dildə assimilyasiya, eliziya, dissimilyasiya, proteza, metateza kimi çoxsaylı hadisələri araşdıran
Əsmətxanım Məmmədovanın
bu kitabında ilk dəfə olaraq Nizami Gəncəvinin əsərlərinin dil bazasında fonetik qısalmalar və fonem çevrilmələr
geniş tədqiqata cəlb olunur. İsim, sifət, say, əvəzlik, feillər, bağlayıcılar və
dil strukturunun başqa komponentlərində
təxfif - söz həcminin dəyişməsi,
tətvil - fonemlərin
uzadılması və
yaxud başqa fonemlə əvəz olunması, təğyir -
metateza - yer dəyişmə, fonetik həcmi dəyişsə
də, mənası sabit qalan leksemlərin
və sair fonetik hadisələrin öyrənilməsi Nizamişünaslıqda
həll olunmamış
bir sıra problemlərin çözülməsinə
imkanlar açır. Məsələn, təkcə
isim və sifətlərin Nizami beytlərində fonetik dəyişikliyə uğrayaraq
işlədilməsini izlədikdə,
bir çox sözlərin poeziya qanunlarına, tələffüzün
yumşaqlığına, yəni
əruz vəzninin qaydalarına uyğunlaşdırıldığını
görürük: "Şah"
sözündə, şah=
şəh əvəzlənməsi,
"dağ" sözündə
kuh=koh, "qara" sözündə
siyah=siyəh, "qısa" sözündə
kutah=kutəh əvəzlənməsi və
sair çoxsaylı fonetik dəyişikliklə
verilən nümunələr
Nizaminin misranın gözəlliyi, incəliyi
naminə ikili ölçülü qrafiklə
yazılan dil vahidlərindən faydalandığını
və Əsmətxanım
Məmmədovanın sözlərilə
desək, "ədəbi
dil normasından" fərqli bir üslubda sənət yaratdığını görürük.
Müəllifin bir mütəxəssis-alim olaraq
bu dəqiq elmi araşdırması əslində bir çox aktual problemlərə aydınlıq
gətirir. Biz də Nizaminin öz sevimli Afaqına həsr etdiyi türkcə bir qəzəlindən bəhs
edərkən, şairin
vəznə uyğun olaraq bu adı
- Əfəq formasında
yazdığını qeyd
etmişik. Göründüyü
kimi, şərqşünas
dilçi alimimizin bu qiymətli tədqiqatı poeziyada bir çox linqvistik məsələlərin
aydınlaşdırılmasında alimlərin istinad edə biləcəyi mühüm elmi vəsaitdir.
Kitabda həcmi dəyişilən,
lakin mənası sabit qalan leksemlər
haqqında aparılan
araşdırmalar bu günün mətnşünaslıq
elmi və tərcümə sənətinin
inkişafında mühüm
əhəmiyyəti olan
bir məsələdir.
Alim Nizaminin dil xəzinəsinə mənsub
xarakterik cəhətləri
seçməklə və
bir sıra sözlərin yazılış
qaydalarına diqqət
etməklə mətnşünaslıq
sahəsinə də
yeni töhfə vermişdir.
Məlumdur ki, Nizami Gəncəvi əsərlərinin
əlyazmalarına müraciət
edərkən, ən qədim nüsxələrdən
başlayaraq ciddi müqayisələrin aparılması,
müəllifin fərdi
yaradıcılıq, yazı
və üslub prinsipləri əsasında
mətnlərin tutuşdurulması
və dürüst dil variantlarının müəyyənləşdirilməsi vacib problemlərdəndir.
Dünya elmində qəbul edilən son tekstoloji konsepsiyalar ən düzgün nüsxəni müəllifin
yaradıcılıq iradəsinə
uyğun olan kompromis variantlar əsasında müəyyənləşdirilməsini
tələb edir. Filoloji tərcümələr
zamanı Nizami əsərlərinin əlyazma
nüsxələrində katiblər
tərəfindən təhrif
olunan, yaxud həcmi dəyişərək
qısa formada ifadə edilən sözlərin mövcudluğu
bəzən beytin mənasının düzgün
tərcümə olunmasına
əngəllər yaratmışdır.
Məsələn, Nizami
Gəncəvinin "İqbalnamə"
əsərində "Busə"
(öpüş) sözünün
"bus" formasında qısa
yazılışı öncə
katibləri çaş-baş
salmışdır. Odur
ki, beytin mənasını
anlamamışlar və
həmin sözü
gah, "Lus" , gah
da "Tus" kimi yazmaq
məcburiyyətində qalmışlar
və maraqlıdır
ki, bu sözü əksər əlyazma mətnlərində güclə
sezilən formada yazmışlar. Bu da filoloji
tərcümələrdə beytin səhv anlaşılmasına səbəb
olmuşdur. Həmin beytlər belədir:
Ərus-e
məra piş-e peykərşenas
Konəd
taze ruyi bəsi əz qiyas.
Dər
in name gər həm nərəfti bebus,
Soxən
qoftən-e taze budi fesus.
(Mənim gəlinim gözəltanıyanlar qarşısında,
bənzəri olmayan
yeni üzlü bir (gözəldir). Əgər
bu əsərdə öpub (nazla, nəvazişlə, incə
yolla - Z.A.) getməsən,
təzə söz söyləməyə çətinlik
çəkərsən).
Artıq,
qeyd etdiyim kimi, həm bəzi katiblər, həm də filoloji tərcüməçilər
diqqət etməmişlər
ki, Nizami burada öz yeni əsərini
"təzə gəlin"ə
bənzədir və
o üzdən "busə"
(öpüş) sözünü
işlədir. Sadəcə,
bu sözün
"bus" formasında işlənmə
mexanizmini bilməyə
ehtiyac var idi. Əsmətxanım Məmmədova
zərgər dəqiqliyi
ilə Nizami dilindəki bu qısalmaları qeyd etmiş, o cümlədən,
"busə" sözünün
də bəzən
"bus" forması almasını
elmi şəkildə
izah etmişdir, nəticədə tədqiqatçılara
Nizami beytlərini dürüst anlamağa əsaslı bir yol açmışdır.
Fars dilində Nizami modelinin müəyyənləşdirilməsi,
onun yaradıcılığında
türk dilinə məxsus sintaqmatik (dildə söz birləşməsi qayda-qanunu)
və paradiqmatik (sözlərin seçilməsi
və qoşma formaları) özəlliklərinin
üzə çıxarılması,
Nizami əsərlərinin
dilinin sadə izahlar sistemi deyil, bütöv bir türk-müsəlman mədəniyyətini əks
etdirən dil sistemi olduğunun sübut olunması Əsmətxanım Məmmədovanın
tədqiqatının əsas
məziyyətlərindən biridir. Alim "Xəmsə"də
şərt budaq cümləli və qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələrin zəngin
variantlarını araşdırır,
təhlillər aparır
və Nizami beytlərində fars dilində cümlə quruluşundan fərqli cəhətləri misal gətirdiyi (Ke məğnatis əgər
aşeq nəbudi, bedan şouq ahəni-ra çon robudi?! - Ki, maqnit əgər aşiq olmasaydı, belə şövq ilə dəmiri özünə çəkərdi?!) beytini
nümunə olaraq göstərir və haqlı olaraq yazır: "Verilmiş beytdə şərt budaq cümləli tabeli mürəkkəb cümlənin struktur cəhətdən Azərbaycan
dilinin şərt budaq cümləsinə oxşar bir formasını görürük.
Sanki cümlə birbaşa
dilimizdən fars dilinə tərcümə
edilmişdir" (s.186).
Kitabda Nizami Gəncəvi yaradıcılığı farsdilli
ədəbiyyatda Azərbaycan
üslubunun zirvəsi
olaraq öyrənilir,
o cümlədən, Azərbaycan
üslubunu şərtləndirən
əsas xüsusiyyətlər
və onun çoxşaxəli təzahür
formaları - atalar sözləri və hikmətli ifadələr,
Nizami əsərlərində
gül adlarının
poetik xüsusiyyətləri,
məsnəvilərdə sağlamlığa,
tibbə aid tövsiyə və qadağalar xüsusi olaraq araşdırılır,
habelə Nizami cazibəsinin sehrinə düşən tədqiqatçılar
haqqında geniş məlumat verilir.
Nizami Gəncəvi sənətinə
böyük məhəbbətlə
və səriştəli
bir mütəxəssis-alim
mövqeyilə yazılmış
bu monoqrafiya indiyədək Nizamişünaslıqda
çözülməsi müşkülə
çevrilən bir çox problemlərin həllində istinad edəcəyimiz zəngin elmi mənbədir. Bu qiymətli əsər şərqşünaslıq və
türkologiya elmində
mötəbər söz
sahibləri olan akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, görkəmli
Nizamişünas alim, professor Mehdi Kazımov, dosent Şəhla Məcidova və dosent Bilqeys Quliyevanın xeyir-duası ilə oxucuların ixtiyarına verilmişdir.
Uca Yaradan bu dünyanı
öz hikməti və elmi ilə
bəzəmişdir. Amma o bəzəyin
naxışını yer
üzündə bəslədiyi
alimlərin, ustadların
əli ilə
zaman-zaman təzələyir, yenidən qurur. Nizamişünaslıq elminə
yeni naxış vuran əlləriniz var olsun, dəyərli Əsmətxanım
müəllimə!
Zəhra ALLAHVERDİYEVA
Ədəbiyyat qəzeti.- 2025.- 7 noyabr, №41.- S.27.