Vampirin həqiqi əhvalatı  

 

Vampirlər haqda hekayələr, adətən Ştiriyada cərəyan edir, mənimki də istisna deyil. Qeyd etmək lazımdır ki, Ştiriya heç vaxt orada olmayan adamların təsəvvür etdikləri romantik məkana qətiyyən oxşamır. Bura induşkaları, ətlik toyuqları və əhalisinin axmaqlığı ilə məşhurlaşan darıxdırıcı düzənlik sahədir.

Vampirlər, adətən gecənin bir aləmi, iki qara at qoşulmuş kareta ilə gəlir. Bizim vampirimiz axşamüstü adi qatarla gəldi. Mənim zarafat etdiyimi fikirləşə bilərsiniz. Qətiyyən, olduqca ciddiyəm. Və haqqında danışacağım, evimizin viran qalmasına səbəb olan adam da həqiqi vampir idi.

Çox vaxt vampirləri qarayanız, olduqca yaraşıqlı təsvir edirlər. Ancaq bu vampir ağbəniz idi, siması xüsusi heç nə ilə seçilmirdi. Xoşagələn olsa da, dəhşətli dərəcədə yaraşıqlı saymaq olmazdı.

, o bizim evimizi viran qoydu, əvvəlcə heyran olduğum qardaşımı məhv etdi, sonra da əziz atamı. Mən də onun sehrlərinin qurbanı olmuşdum, amma boynuma almalıyam ki, heç nəyə baxmayaraq, ona düşmən gözüylə baxmıram.

Yəqin, müxtəlif qəzetlərdə "Baronessanın heyvan sığınacağı" haqqında oxumusunuz. Var-dövlətimin böyük hissəsini yiyəsiz heyvanlara xərcləməyimin səbəbini danışmaq istəyirəm.

Artıq qoca qarıyam, o vaxtlar isə hələ on üç yaşında qız uşağı idim. Əvvəlcə ailəmizdən danışım. Polyak idik, soyadımız Vronski idi, Ştiriyadakı qəsrimizdə yaşayırdıq. Ailəmiz balaca idi, qulluqçuları saymasaq, atamdan, belçikalı dayəmiz hörmətli mademuazel Vonnerdən, qardaşımdan və məndən ibarət idi. Əvvəlcə atamı deyim. O, qoca idi, biz onun ömrünün payızında dünyaya gəlmişdik. Anam yadıma gəlmirdi, o məndən bir ildən bir az çox balaca olan qardaşımı dünyaya gətirəndə ölmüşdü. Atam elmlə məşğul olurdu və həmişə bilmədiyim dillərdə yazılmış çoxlu qəliz kitablar oxuyurdu. Çal saqqalı çox uzanmışdı, başına həmişə qara məxmərdən təsək qoyurdu.

Bizə qarşı necə mehriban idi! Onun mehribanlığını sözlə təsvir etmək olmaz. Ancaq onun sevimlisi mən deyildim. Onun ürəyi Qabrielə aid idi - ya da Qavrilə, onu polyak dilində belə çağırırdıq... Ya da rusca Qavrila deyirdik. Əlbəttə, qardaşımı nəzərdə tuturam. O, yeganə portreti, daha doğrusu, incə toxunuşlarla çəkilmiş şəkli atamızın kabinetindən asılmış anamıza çox oxşayırdı. Yox, yox, heç vaxt qardaşıma paxıllığım tutmamışdı, əziz qardaşım mənim yeganə sevgim idi və həmişə elə qalacaq. Məhz onun xatirəsi üçün hazırda Vestberns parkında yiyəsiz it və pişiklər üçün sığınacaq saxlayıram.

O vaxtlar, dediyim kimi, hələ uşaq idim. Adım Karmiladır. Uzun, cod saçlarım heç cür səliqəli qalmırdı. Çox da qəşəng deyildim, hər halda, həmin dövrdə çəkilmiş şəkillərimə baxanda özümü cazibədar adlandıra bilmirəm. Həmin saralmış kağızlardan mənə böyük ağzı, böyük gözləri, qeyri-bərabər üz cizgiləri olan qızcığaz boylanır.

Mənə şıltaq deyirdilər, amma Qabriel məndən də şıltaq idi. Hər halda, mademuazel Vonner belə iddia edirdi. O, orta yaşlı, çox gözəl qadın idi, belçikalı olsa da, fransızca çox əla danışırdı, üstəlik, fikrini Ştiriyada istifadə edilən alman dilində də çatdıra bilirdi.

Heç bilmirəm, qardaşımı necə təsvir edim. Onda qəribə və qeyri-insani nələrsə hiss olunurdu, təxminən, heyvanla ilahi varlıq arasında bir şey kimi idi. Bəlkə də, favnların görünüşü nə demək istədiyimi qismən təsvir edə bilər, amma o da tam olmayacaq. Qabrielin iri gözləri cüyür gözlərinə oxşayırdı. Həmişə qarışıq olan saçları mənimkinin eyni idi. Ümumiyyətlə, ortaq cəhətimiz çox idi. Bir dəfə anamın qaraçı nəslindən gəldiyini eşitmişdim, yəqin, bizim anadangəlmə vəhşiliyimizin və ipə-sapa yatmazlığımızın da kökündə bu dayanırdı. Amma əgər mən sözə baxmayan uşaq sayılırdımsa, Qabriel sərbəstliyin özü idi. Heç nə onu corab və çəkmə geyinməyə məcbur edə bilməzdi. O ancaq bazar günləri çəkmə geyinirdi və saçını da ancaq həmin gün daramağa icazə verirdi - əlbəttə ki, başqa heç kimə yox, təkcə mənə.

Onun eşq ilahəsinin yayına oxşayan dodaqlarını necə təsvir edim! Onlara baxanda Zəbur surəsini xatırlayırdım: "Dodaqlarından gözəllik axır, çünki Tanrının rəhmi həmişə səninlə olacaq!" Hələ onun qıvraq, mütənasib bədəni!

O, maraldan bərk qaçırdı, dələ kimi ağacların ən hündür budaqlarına tullanırdı. Qardaşım canlı təbiətin mücəssəməsi idi. Dayəmiz onu hələm-hələm dərs oxumağa otuzdura bilmirdi, birtəhər dilə tutanda isə qardaşım inanılmaz sürətlə hər şeyi öyrənirdi. O, bütün alətlərdə çala bilirdi, amma məsələn, skripkanı lazım olan qaydadan başqa istənilən cür tuturdu. Hər şeydən çox, qamışlardan və nazik budaqlardan kəsib düzəltdiyi tütəklərdə çalmağı xoşlayırdı. Mademuazel Vonner əbəs yerə onu pianonun arxasında otuzdurmağa çalışırdı. Məncə, qardaşım, sözün əsl mənasında, ərköyün böyümüşdü. Atam onun hər nazına dözürdü.

Onun qəribəliklərindən biri o idi ki, hələ lap uşaqlıqdan ət görəndə dəhşətə düşürdü. Dünyada heç nə Qabrieli ət yeməyə məcbur edə bilməzdi. İkinci qəribə cəhəti heyvanlarla asan dil tapması idi. İstənilən heyvanı əhliləşdirməyi bacarırdı. Quşlar onun çiyninə qonurdu. Hərdən mademuazel Vonnerlə mən Qabrieli meşədə itirirdik (o, tez-tez yanımızdan qaçıb gedirdi), xeyli axtarandan sonra onu ağac dibində oturub fit çalan yerdə tapırdıq, ətrafında isə həmişə çoxlu meşə heyvanı olurdu: dovşan, tülkü, kirpi, dələ... Adətən həmin heyvanları gətirib qəsrin həyətinə buraxırdı. Bu qəribə heyvansevər dayəmiz üçün əsl başağrısı idi.

Qəsr qülləsinin ən başındakı balaca otağı özünə götürmüşdü. Ora pilləkənlərlə çıxmaq yerinə hündür şabalıd ağacı ilə dırmaşırdı. Heç nəyə baxmayaraq, səliqəli geyinib kilsənin bazar ibadətlərinə getməyi xoşlayırdı. Saçı daranmış, səliqəli geyimdə, əsl tərbiyəli ev uşaqlarına oxşayırdı. İbadət vaxtı ilahi barışıq içində olurdu. Hələ gözlərinin necə parıldadığını görəydiniz!

Hələlik, vampir haqqında bir kəlmə də danışmamışam. İcazənizlə, bu kədərli hekayəyə başlayım. Bir dəfə atam qonşu şəhərə getmişdi. Atam tez-tez ora gedirdi. Ancaq bu dəfə qonaqla qayıtdı. Atamın sözlərinə görə, bu cənab hansısa yarımstansiyadakı gecikməyə görə qatara çata bilməmişdi, bizim tərəflərdən isə qatar az keçdiyi üçün gecəni vağzalda keçirməli idi. Təsadüfən atamla söhbət etmiş və bu cansıxıcı vəziyyətdən şikayətlənmişdi. Atam ona gecəni bizdə keçirməyi təklif edəndə cənab həvəslə razılaşmışdı.

Cənab özünü qraf Vardalek kimi təqdim etdi. Macar soyadına baxmayaraq, almanca çox gözəl, ləhcəsiz, hətta deyərdim, yüngül slavyan intonasiyası ilə danışırdı. Səsi heyrətli dərəcədə yumşaq və nüfuzedici idi. Bir az sonra onun polyakca da bildiyini öyrəndik, fransızcası isə mademuazel Vonneri heyran etdi. Elə bil o bütün dilləri bilirdi. İcazənizlə, ilk təəssüratımı qeyd edim. Hündürboylu, uzunsaçlı kişi idi, yumru sifətində qadınsayağı nəsə vardı. Fiqurası ilanvari idi - fikrimi izah edə bilməyəcəyəm, amma bu belə idi. Böyük burnu, gözəl ağzı və heyranedici təbəssümü vardı, gözlərində kədər donmuşdu. Qraf olduqca yorğun görünürdü. Gözləri yarıyumulu idi. Əslində, demək olar ki, gözləri həmişə belə olurdu. Belə ki, əvvəl-əvvəl heç gözlərinin nə rəngdə olduğunu və yaşını təxmin edə bilmədim.

Qabriel qaça-qaça otağa girdi. Dağınıq saçlarına sarı kəpənək dolaşmışdı, əlində isə dələ tutmuşdu. Həmişəki kimi ayaqyalın idi. Qonaq qardaşıma baxanda gözlərində qəribə parıltı sezdim. Göz qapaqları geniş açıldı və ilk dəfə onun zümrüd yaşılı gözlərini gördüm. Qabriel ilanın hipnoz etdiyi quş kimi qrafın qabağında dayandı. Əlini Vardalekə uzatdı və qraf onunla görüşəndə nə üçünsə şəhadət barmağını qardaşımın nəbzinə basdı. Bilmirəm nə üçün, amma buna fikir verdim. Qardaşım heyrət içində dal-dalı gedib qapıdan çıxdı və otağına qaçdı - bu dəfə ağac budaqları ilə yox, pilləkənlə. Qrafın qardaşım haqqında nə fikirləşəcəyi məni dəhşətə gətirdi. Tezliklə qardaşım gəlişi ilə məni yüngülləşdirdi. Əyninə məxmər kostyumunu, corablarını və çəkmələrini geyinmişdi. Saçlarını darayıb səliqəyə saldım və o bütün gecə özünü çox yaxşı apardı.

Vardalek şam yeməyinə düşəndə görkəmi dəyişmişdi. Bu dəfə xeyli cavan görünürdü. Heç vaxt belə parıltılı dərisi və mütənasib bədəni olan kişi görməmişdim. Axı qraf gələndə rəngi çox solğun idi.

Şam vaxtı çox şən idi və hamımızı heyran etdi, xüsusilə atamı. Belə məlum oldu ki, atamla onun ortaq maraqları var. Atam hərbçi keçmişindən söhbət açanda isə Vardalek döyüşdə ciddi yara almış balaca barabançı haqqında əhvalat danışdı. Danışanda qrafın gözləri geniş açıldı və onun hansısa ehtirasla canlanan ölü baxışları canıma vicvicə saldı. Ancaq bu ifadə bir an çəkdi.

Şam vaxtı əsas söhbət atamın bu yaxınlarda bukinistdən aldığı mistik kitablardan getdi. Atam onlardan baş aça bilmirdi, amma məlum oldu ki, Vardalek o mövzuları yaxşı bilir. Desert veriləndə atam qonaqdan səfərini tamamlamağa tələsib-tələsmədiyini soruşdu.

- Əgər çox tələsmirsinizsə, bir müddət bizdə qonaq qalmağa razı olardınız?

Atam eyhamla başa saldı ki, gözdən-könüldən uzaq yaşamağımıza baxmayaraq, qonaq bizim kitabxanamızda maraqlı çox şey tapa bilər.

- Tələsmirəm, - Vardalek dedi. - Səfərimə davam etmək üçün də xüsusi səbəb yoxdur. Əgər kitabları başa düşməkdə sizə köməyim dəyərsə, buna ancaq sevinə bilərəm.

Qəflətən üzünü acı təbəssüm bürüdü və dedi:

- Bilirsiniz, mən kosmopolitəm, sərgərdanam.

Yeməkdən sonra atam ondan piano çala bilib-bilmədiyini soruşdu.

- , bir az bacarıram, - qraf dedi.

Pianonun arxasına keçib macar çardaşı çalmağa başladı. Vəhşi, möcüzəvi, adamı cuşa gətirən ifa idi. Bu musiqi adamı dəli edə bilərdi. Hədsiz gərginlik içində çalırdı.

Qabriel onun yanında dayanmışdı. Onun gözləri görmədiyi uzaqlıqlara dikilmişdi. Bədənini əsməcə tutmuşdu. Çardaşın əsas mövzusu təkrarlanıb təzədən başlayan hissədə astadan dedi:

- Məncə, bu melodiyanı təkrarlaya bilərəm.

Tez gedib skripkanı özü düzəltdiyi ksilofonu gətirdi. Sonra doğrudan da, alətləri dəyişə-dəyişə melodiyanı təkrarladı. Vardalek ona baxıb kədərlə dedi:

- Yazıq uşaq! Sənin ruhunda musiqi yaşayır.

Onun Qabrieli qeyri-adi istedadı münasibətilə təbrik etmək yerinə, nə üçün kədərləndiyini başa düşmədim. Qardaşım əhliləşdirdiyi vəhşi heyvanlar kimi adamayovuşmaz idi. O, həmişə yad adamlardan qaçırdı, evimizə qonaq gələndə isə, bir qayda olaraq, qüllədəki otağına çəkilirdi, yeməyini yuxarı aparmalı olurdum. Növbəti səhər onu parkda Vardaleklə bir yerdə görəndə nə qədər təəccübləndiyimi təsəvvür edə bilərsiniz. Onlar xiyabanda əl-ələ gəzib söhbət edirdilər. Qabriel qonağa meşədən tutduğu heyvanları göstərirdi, onlar üçün xüsusi zooloji bağ salmışdıq. Mənə elə gəldi ki, Qabriel bütünlükdə qrafın təsirindədir. Yox, qraf Vardalek bizim xoşumuza gəlirdi və onun qardaşımla xüsusi mehriban rəftarı bizi şad edirdi. Amma qrafın səhhəti getdikcə pisləşirdi - bunu birinci mən hiss etdim. Bizə gəldiyi günkü kimi yorğun və xəstəhal olmasa da, hərəkətləri getdikcə ləngləşirdi, əvvəllər belə deyildi.

Atam qonağımıza getdikcə daha çox bağlanırdı. Qraf atama tədqiqatlarında kömək edirdi, hər dəfə Triyestə gedəndə isə atam onu könülsüz buraxırdı. Hər halda, qraf bizə Triyestə getdiyini deyirdi. Hər dəfə qayıdanda isə bizə hədiyyə kimi şərq şirniyyatı, bəzək əşyaları və parçalar gətirirdi. Triyestə hər tərəfdən, o cümlədən, Şərq ölkələrindən də gələnlərin olduğunu bilirdim, amma elə o vaxtlar da başa düşürdüm ki, Vardalekin bizim üçün gətirdiyi qəribə və möcüzəvi əşyalar Triyestdən - yaddaşımda əsasən qalstuk satılan dükanları ilə qalmış şəhərdən alınmayıb.

Qraf getdiyi vaxtlarda qardaşım ancaq ondan danışırdı. Amma hər halda, hər dəfə qraf gedəndə qardaşımın əvvəlki həyatsevərliyi müəyyən qədər qayıdırdı. Qraf isə hər dəfə qayıdanda qocalmış və solğun görünürdü. Onu görən kimi qardaşım üstünə atılıb qucaqlayır, dodaqlarından öpürdü. Bu vaxt qrafın bədəni qəribə tərzdə titrəyirdi və bir neçə saatdan sonra o yenə cavanlaşıb güc yığırdı.

Xeyli müddət belə keçdi. Atam Vardalekin birdəfəlik getməsi haqqında heç eşitmək də istəmirdi. Qonaq getdikcə ailə üzvünə çevrilirdi və dayə ilə mən Qabrieldə əmələ gələn qəribəlikləri görürdük. Bircə atam evdə baş verənlərə biganə idi.

Bir dəfə gecə nəsə götürmək üçün qonaq otağına düşürdüm. Qrafın otağının yaxınlığındakı pilləkənlə düşəndə Şopenin noktürnünü eşitdim. Vardalek otağına qoyulmuş pianoda çalırdı. Musiqi o qədər heyranedici idi ki, məhəccərə söykənib qulaq asmağa başladım. Birdən alaqaranlıq pilləkəndə ağ fiqur peyda oldu. Həmin vaxtlar ruhlara inanırdıq və mən qorxudan titrəyə-titrəyə pilləkən meydançasının tağına qısıldım. Yavaş-yavaş pilləkənləri düşən Qabrieli görəndə necə təəccübləndiyimi deyə bilmərəm. Elə bil trans vəziyyətində idi. Bu məni ruhla mümkün qarşılaşmadan da çox qorxutdu. Bəs mən gözlərimə inana bilərdim? Bəlkə, sadəcə gözümə görünür?

Tərpənə bilmirdim. Qardaşım uzun gecə köynəyində qabağımdan keçib qrafın otağının qapısını açdı. Qapını açıq qoyub içəri keçdi. Qraf çalmağa davam edirdi. Bir az sonra bu dəfə polyak dilində danışdı:

- Əzizim, səndən ayrılmaq məcburiyyətindəyəm. Sənin həyatın mənim həyatımdır və ölü olmağıma baxmayaraq, yaşamalıyam. Nə üçün Tanrının mənə yazığı gəlmir? Eh, həyat! Eh, həyatın əzabları!

Vardalek akkord götürüb lap yavaşdan çalmağa başladı.

- Qabriel, sevgilim! Sən mənim həyatımsan. Hə, həyatım! Bəs həyat nədir? Məncə, həyat səndən almaq istədiyim ən balaca şeydir. Əlbəttə, bu bol həyatını ölmüş adamla hələ xeyli paylaşa bilərdin. Amma bəsdir!

Birdən xırıltılı pıçıltı ilə dedi:

- olmalıdırsa, qoy olsun!

Qardaşım hələ ifadəsiz baxışlarını ona dikib dayanmışdı. Deyəsən, bura özündən asılı olmadan, yuxuda gəlmişdi. Vardalek çalmağı saxlayıb əzabla inildədi, sonra kədərli və yumşaq tərzdə dedi:

- Get, Qabriel. Bu günlük bəsdir!

Qabriel gəldiyi kimi asta addımlarla otaqdan çıxdı. Öz otağına qalxdı, Vardalek isə həyəcanlı bir şey çalmağa başladı. Çox bərkdən çalmasa da, mənə elə gəldi ki, simlər bu saat qırılacaq. Heç vaxt belə ürək parçalayan musiqi eşitməmişdim.

Səhər mademuazel Vonner məni pilləkəndə tapdı. Yəqin, huşumu itirib özümdən getmişdim. Bəlkə, bu yuxu idi? Heç indi də heç nədən əmin deyiləm. Onda da şübhələr ürəyimi gəmirirdi və heç kimə heç nə demədim. Həm də ki, nə deyə bilərdim?!

İcazənizlə, bu uzun hekayəni qısaldım. Ömrü boyu xəstəliyin nə olduğunu bilməyən Qabriel birdən yatağa düşdü. Qratsdan həkim çağırdıq, amma o, xəstəliyin səbəbini müəyyənləşdirə bilmədi. Dedi ki, bu, orqanların yox, hisslərin xəstəliyidir. Nə edə bilərdik?

Hətta atam da Qabrielin ağır xəstə olduğunu dərk etdi. Dəhşətli dərəcədə narahat idi. Saqqalındakı tək-tük qara tüklər də ağarıb ağappaq oldu. Vyanadan da həkimlər gətirtdik, amma onların da savadı və təcrübəsi kömək etmədi. Qardaşım çox vaxt özündə olmurdu, özünə gəldiyi qısa vaxtlarda isə ancaq Vardaleki tanıyırdı. Vardalek daim onun yanında oturub incəliklə qulluğunda dayanırdı.

Bir dəfə qonşu otaqda olanda qrafın həyəcanlı qışqırığını eşitdim:

- Tez rahibi çağırın! Tez!

o saat da əlavə etdi:

- Gecdir!

Qabriel əllərini qaldırıb Vardalekin boynunu qucaqladı. Bu onun xəstə yatandan bu yana etdiyi ilk hərəkət idi. Qraf ona tərəf əyilib dodaqlarından öpdü. Aşağı qaçıb rahibi çağırdım. Bir dəqiqə sonra biz otağa çıxana qraf artıq içəridə deyildi.

Rahib qardaşımın bədəninə yağ sürtmə ayinini icra etdi. Yəqin, Qabrelin ruhu həmin vaxt göylərə uçurdu, amma biz buna inanmaq istəmirdik.

Vardalek çıxıb getdi bir də onun haqqında heç nə eşitmədim.

Tezliklə atam da öldü. Dərd onu birdən-birə lap qocaldıb apardı. Vronskilərin bütün var-dövləti mənə qaldı. Qardaşımın xatirəsinə yiyəsiz heyvanlar üçün sığınacaq açdım və indi, qoca vaxtımda adamlar mənə gülür. Onlar hələ vampirlərə inanmırlar!

 

Erik STENBOK

 

Tərcümə etdi:

Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 noyabr, №41.- S.28-29.