Musson küləkləri
Hekayə
Onun
ağlamağını ilk dəfə babam öləndə
görmüşdüm. Çiyinlərini ata-ata
hönkürürdü. Həyətin ayağındakı
akasiya ağacının kölgəsində
qırmızı əl arabasını tərs çevirib
üstündə oturmuşdum. Onda hələ məktəbə
getmirdim. Qarışqalar ağzı aralanmış
zoğalı ayaqqabımın üstüylə sağa-sola
gedirdilər. Çubuqla küləyin hasarın dibinə
topaladığı qumun üstünü cızırdım.
İndi də
həyətə keçəndə gözüm hasarın
dibini aldı. Evin artırmasına qədər xırda qum təpəcikləri
topalanmışdı. Ayaq saxlayıb bağa göz gəzdirdim.
Ağacların əhəngi axıb, yerə tökülən
meyvələr quruyub, bəziləri şirə verib,
üstünə qarışqalar daraşıb. Evin hasara
bitişik divarında tala-tala kiflər əmələ gəlmişdi.
Ən çox ot-alaq ürəyimi qısdı. Gərək
imkan edib adam tutum, həyət-bacanı səliqəyə
salsın, ağacları, barını əhəngləsin,
evin suvağını təzələsin. Nə çoxdur qəsəbədə
işsiz cavan. Bir günə abadlaşar buralar. Yaxşı,
imkanı tapdım deyək, bəs məndə vaxt
hardandır gəlib başlarının üstündə
dayanım, çay-çörək verim, işlərinə
göz qoyum?! Dərslərə də iki gün qalıb,
bayramacan çətin yolum bura düşə.
Boyası
qopmuş qapını döyəndə aralandı.
Qulağımı verdim, səs gəlmirdi, yəqin, yatıb.
İçəri keçdim. Qonur pişiyimiz mətbəxdə
sərinkeşə qısılıb xumarlanmışdı.
Arabir quyruğunu qımıldadırdı. Mətbəxə
keçəndə tənbəl-tənbəl mənə
boylandı.
Çəkələklərimi
geyinib arxa otağa baxdım. Rütubət qoxurdu. Pəncərələri
taybatay açıb yuxarı mərtəbəyə
qalxdım. Yataq otağında çarpayı
yığılmamışdı. Masada üç kitab
gözümə dəydi. Yaxınlaşıb ən üstəkini
götürdüm. Kitabı açanda qatlanmış 147-ci səhifənin
solğun, saralmış vərəqindəki
başlığı güclə oxudum: "Musson küləkləri,
gecə və gündüz brizləri".
Kitabı
yerinə qoyub meşin kresloya dirsəkləndim. Söykənəcəyi
bir-iki yerdən yırtılmışdı.
Dağınıq kitab rəfinin yanında iri dünya xəritəsi
asılmışdı. Diqqətimi çəkdi: kimsə
Bakıdan Kazana qədər olan hissəni qələmlə
qaralamışdı.
Eyvana
çıxdım. Divanda əllərini başına
yastıq edib uzanmışdı. Hənirti eşidib qurcuxdu.
Bilmədim üzümə mat-məəttəl baxır, yoxsa
yuxudan kal oyanıb? Yanında oturdum.
- Bu nə
vaxtın yatmağıdır?
- Kitab
oxuyurdum, dedim, gözümün acısını alım, -
gözlərini ovuşdurdu. Geniş alnına tökülən
çal telləri qıvrılmışdı.
-
Üzünə nolub? - çənəsindəki qəzet
parçasına təəccübləndim.
- Səhər
azca kəsmişəm.
- Niyə
belə diqqətsizsən?
- Yenə
məni danlamağa gəlmisən? - alnı
qırışlandı.
- Lap
uşaqlaşırsan, nə dedim axı?! - sakit-sakit
üzünə zilləndim. Gözlərinin çuxuru nəmlənmişdi,
- gedək, bir tikə çörək ye, lap əldən
düşmüsən.
Əvvəl
elə bildim höcətləşəcək. Amma cavab verməyib
ayağa qalxdı, eyvanın o başına addımlayıb məhəccərə
söykəndi.
- Bu il
ağaclar yaman bar verdi.
-
Gördüm, həyət-bacaya daşıb.
- Gərək
vaxtlı-vaxtında yığan olsun.
Anamın
barlı-bərəkətli yaylardakı sevincini
xatırladım. Bu meyvələrdən nələr
hazırlamazdı?! Qurusu quru, mürəbbəsi mürəbbə,
kompotu kompot. Nə bu əncir heyif olardı, nə bu ağ
şanı yiyəsiz qalardı, nə bu xartutlara
qarışqa daraşardı. Hünərimiz nə idi
yaxamızı qırağa çəkək? Qardaşım
da, mən də ovuclarımız qabar bağlayana qədər
meyvələri vedrə-vedrə mətbəxə
daşıyardıq.
Gözümü
paslı sürahidən çəkib qoluna girdim.
- Yemək
gətirmişəm sənə, aşağı düşək.
Televizoru
yandırıb torbadakı qazanları çıxardım.
Qazın böyük gözündə yeməyi isinməyə
qoydum.
- Ətli
lobya supu bişirmişəm, mədən yumşalar. Burda da
yarpaq dolması var, - güllü qazançanı ona göstərib
soyuducuda yerbəyer elədim.
Divanda
oturub kanalları çevirirdi. Pişik ayaqlarına
qısılmışdı. Təmiz kasa axtardım.
Çirkli qab-qacağın üstündə milçəklər
uçuşurdu. Qabları yuduqca televizordan otağa
qırıq-qırıq səslər dolurdu: "Sentyabrın
14-15-də ölkənin paytaxtında və bəzi
rayonlarında gözlənilən küləkli hava şəraiti
ilə bağlı sarı, narıncı və
qırmızı xəbərdarlıq edilib".
-
Bağdanqovan başlayır, - ona çevrilib gülümsədim.
- Öyrəşmişik,
heç nə olmaz.
Bilmədim
niyə cəm halında danışır: dili öyrəşib,
ya qonum-qonşuyla bu haqda tez-tez söhbətləşir?
- Sən
öyrəşmişik, deyirsən, amma camaat
maşın-maşın şəhərə
axışır. Gələndə neçə yüklü
maşın gördüm.
- Xoş
gedirlər! Yayda səfasını sürürlər,
qışda cəfasını biz çəkərik.
- Sən
də şəhərə gəl, payızda, qışda
burda neyləyəcəksən?
-
Neçə il neyləmişəm, onu. O xırda, dar evlərdə
çox yaşamaram.
Qabları
qurulaya-qurulaya dolaba düzdükcə çək-çevir
etdim. Onu şəhərə aparmaq üçün neçə
dəfə dilə tutmuşam. Həmişə söhbət
dalana dirənirdi. Bilmirəm, bina evinin adı gələndə
niyə belə səksənirdi?! Nə üçün bu
evin, bu həyət-bacanın, bu qəsəbənin xiffətini
çəkməkdən qorxurdu?
Bir dəstə
göyərti, pomidor-xiyar doğrayıb salat hazırladım.
Süfrəni silib kasaya yemək çəkdim.
O, yemək
yeyəndə gözucu "WhatsApp"da valideynlər qrupuna gələn
mesajlara baxırdım. Valideynlər yaxınlaşan ilk dərs
gününün həyəcanıyla yerli-yersiz suallar verirdilər.
- Bu il
hansı sinifləri götürmüsən? - loxmasını
aramla çeynəyə-çeynəyə üzümə
baxdı, elə bil mesajları məndən əvvəl
oxumuşdu.
- Birinciləri.
-
İşin var ki.
- Öyrəşmişəm.
Bəs sən darıxırsan məktəb üçün?
- Hərdən,
- qaşığı kasaya söykəyib fikrə getdi,
çənəsindəki çəpəki kəsik
qızarırdı, - axırıncı ilim yadıma
düşür, kağız-kuğuz qaralamaqdan boğaza
yığılmışdım.
- İndi
də dərsdən çox, yazı-pozuya vaxtımız
gedir, - gülə-gülə ona qahmar çıxdım, - məncə,
hərdən yox, çox darıxırsan.
- Niyə
elə?
-
İlin-günün bu vaxtı musson küləklərini, gecə
və gündüz brizlərini niyə oxuyasan?
Ürəkdən
güldü, bu gün ilk dəfə səsini belə gur
eşitdim. Pişik diksindi. Qazın balaca gözündə
çay qoydum.
"Yekaterinburq,
Surqut, Tümen və Kazan hava limanlarının fəaliyyəti
müvəqqəti olaraq dayandırılıb. Rusiyanın
Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, qərar
mülki hava gəmilərinin uçuş təhlükəsizliyini
təmin etmək məqsədilə tətbiq edilib".
Canıma
üşütmə düşdü. Dərin bir təşvişlə
ona baxdım. Bayaqkı təbəssümü çəkilmiş,
ifadəsiz nəzərləri mavi ekrana zillənmişdi.
Handan-hana üzünü mənə çevirdi:
-
Qardaşından nə xəbər?
- Təzə
danışmışam, yaxşıdır.
- Gündə
oralardan bəd xəbər gəlir, - ani hərəkətlə
televizoru söndürdü. Pişiyi qucağına alıb
belinə sığal çəkdi. Qırış əllərinin
üstü çillənmişdi.
Başımı
aşağı salıb susdum. Təyyarə vurulandan sonra mən
də ondan nigaranam. Çoxdandır xəbər tuta bilmirəm.
Əvvəllər ayda-ildə bir dəfə səsini
eşidirdik. Əzəldən adamı itirib-axtarmağı
yoxdur. Arabir uzaq qohumlardan soraqlaşıram, onlar da üzdən
gedir. Görəsən, pis vərdişlərini tərgidə
bilib? Nə ailə qurdu, nə bu ev-eşiyə yiyəlik elədi...
Vaxtında evlənsə, belə olmazdı, ailə qədri
bilərdi, qismətində var idisə, övlad payı
olardı. Bəlkə, onda ayağı kafelərdən kəsilər,
səfeh dost-tanışından, axmaq həndəvərindən
uzaq gəzərdi. Yenə qabaqlar qorxacaq yeri vardı. Anam
öləndən sonra lap cızığından
çıxdı.
Çaydanın
fitinə fikirdən ayıldım. Süfrəni
yığışdırıb iki fincan çay
süzdüm, büllur qənddanı cürbəcür
şokoladlarla, konfetlərlə doldurdum. Çayından bir
qurtum alanda pişik qucağından atlanıb mətbəxə
qaçdı, sobanın qabağında, boz xalının
üstündə qıvrılıb uzandı. Nəlbəkini
tumarlaya-tumarlaya divardakı çata baxırdı. Bezgin astagəlliklə
yerini rahatladı, mütəkkəyə söykənib təsbeh
çəkməyə başladı. Qara təsbehin iri,
daş muncuqlarını çevirdikcə otağın səssizliyi
pozulurdu.
Arxa
otağın pəncərələri zərblə
çırpıldı. Bayırda itlər
ağız-ağıza verib hürüşürdülər.
İçəri keçib pəncərəni
bağladım. Səslər kəsildi. Şüşədən
təkdənbir yağış damlaları
süzülürdü. Bura arxa həyətə
baxırdı. Bulanıq pəncərədən hasarın o
tayında tələm-tələsik zivədən mələfələri,
paltarları yığan qonşu qadına baxdım. Hər
iki qolunu doldurandan sonra təlaşla,
yırğalana-yırğalana evə qaçdı. Külək
boğuq-boğuq uğuldayır, akasiya ağacının
budaqlarını hiddətlə pəncərənin tutqun
şüşələrinə çırpırdı.
Orxan
CUVARLI
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, №42.- S.13.