Cəmi bir
irad
Hekayələr
Təhsil
Nazirliyindən inspektor
gəlmişdi. Həsənqulu
müəllimin fizika dərsində əyləşmişdi.
Əliqurumuş kimsə
Həsənqulu müəllimdən
yazmışdı. İnspektor
da məktubu götürüb
gəlmişdi Həsənqulunun
canından ötrü.
Həsənqulu müəllim
inspektoru tanıyırdı.
Yaxşı fizika müəllimi idi. Özü də elmlər namizədi idi.
Zəng
vuruldu. Dərs başlandı. Həsənqulu
müəllim hazır-qayıb
edib yerində əyləşdi. Dərsdə
nazirliyin inspektoru ilə yanaşı məktəbin direktoru və onun tədris
işləri üzrə
müavini də iştirak edirdi.
Artıq
dərsin başlamasından
10 dəqiqə keçirdi.
Müəllim yalnız
bircə dəfə:
- Uşaqlar, dərsimizdə
qonaqlar iştirak edir. Təhsil Nazirliyindən də gələn var. Qonağa hörmət lazımdır.
Sakit oturun. Danışmaq olmaz.
Şagirdlər də, müəllim
də on beş dəqiqə idi ki, lal-dinməz oturmuşdular.
Məktəb direktoru dillənmək istədi. Nazirliyin inspektoru əlinin işarəsi ilə onu saxladı.
Sakitcə:
- Müdaxilə etməyin. Sonunu gözləyək.
45 dəqiqə başa çatdı. Zəng vuruldu. Həsənqulu müəllim ayağa qalxıb, şagirdlərlə
xudahafizləşib çıxdı.
Qonaqlar da onun dalınca. Müəllimlər
otağına gəldilər.
Məktəbin direktoru özünü
birtəhər ələ
alıb xəbər aldı:
- Həsənqulu müəllim,
bu nə oyun idi çıxartdın?!
O da, öz növbəsində,
heç nə olmayıbmış kimi:
- Başa düşmədim,
nə oyun? - deyə soruşdu.
Məktəbin direktoru davam etdi:
- Dərsdə nə üçün bir kəlmə danışmadın?
Nazirliyin
inspektoru söhbətə
qarışmadan onun nə cavab verəcəyini
gözləyirdi.
Həsənqulu müəllim dedi:
- Danışsaydım, yüz
dənə, min dənə
irad tutacaqdınız.
İndiki halda vur-tut, bir irada
yol verdim: danışmadım.
Dərman
Tofiq maaşını təzəcə
almışdı. Arvad
uzun bir siyahı vermişdi. Alınacaq şeylər orada qeyd olunmuşdu.
Elə fikirləşirdi
ki, bazarlığa haradan
- mağazadan, yoxsa bazarın özündən
başlasın, bu
zaman bir nəfər ona yaxınlaşdı. Üzrxahlıq edərək:
- Ay yoldaş, buralarda ev satan var?
Tofiq özünü çoxbilmiş
göstərərək:
- Ev satan da olur,
hələ üstəlik,
kirayə verən də.
- Elə isə sizdən bəzi məsləhətlər almaq
istəyirəm...
Həmin
şəxsin döş
cibindən ondənəlik
tabletkanın kağızı
görünürdü.
Bu zaman başqa bir nəfər onlara yaxınlaşıb, birinci
şəxsin döş
cibindəki dərmana
işarə ilə:
- Qardaş, o, "Noqrippin"dir?
- Bəli, "Noqrippin"dir.
Nə olub ki?
- Anam bərk xəstədir. Dəymədiyim
aptek qalmayıb. "Noqrippin" axtarıram. Heç yerdə yoxdur. Bəlkə onu mənə satasan.
- Sata bilmərəm. Özüm güclə tapmışam. Mənə
də lazımdır.
Sənə versəm,
gərək özüm
axtarım. Bir-iki dənə verərdim. Ancaq bundan kar
aşmaz, Bağışla,
brat...
Tofiqin dərmandan başı çıxmırdı. "Noqrippin"in
adını da birinci dəfə idi ki, eşidirdi. Bu dərmanın
nəyə lazım olduğunu da bilmirdi. Sadəcə, dayanıb bu iki gəncin
söhbətinin nə
ilə qurtaracağını
gözləyirdi.
İkinci
şəxs az qala yalvarırdı:
- Ayə, müsəlman deyilsən, ağzımda deyirəm, anama lazımdır. Evdə tirrənib. Neçəyə
desən alacağam.
Birinci oğlan bunu eşidib şirnikdi. Ani fikirləşib:
- Bir tanış aptek var, desəm, get oradan al, sənə verməyəcək.
Mənim də vacib işim var... Amma düz deyirsən, müsəlmançılıqdır. Hamımızın anası,
bacısı var. Ananı
naümid qoymaq heç insafdan deyil. Yaxşı, dərmanı satmalı oldum. Sabah gedib özümçün alaram.
20 manat ver, dərman olsun sənin.
Cavan oğlan ciblərini töküşdürdü, pərt
halda:
- Bir işə bax, sən Allah. Yanımda o qədər pul yoxdur. Xahiş edirəm, gözlə. Bax, o beşmərtəbə
bina bizimkidir...
O, xeyli uzaqda görünən
binanı göstərərək
əlavə etdi:
- Gedim, pul gətirim.
- Yox, qardaş, daha bu olmadı.
Mən tələsirəm,
sən isə deyirsən gözlə...
Cavan oğlan Tofiqə müraciətlə:
- Ay qardaş, varınsa 20 manat əlborcu mənə ver, uzağı, 5 dəqiqəyə
pulunu çatdırım
sənə. Mənə
inanmırsansa, dərmanı
da özündə saxlayarsan.
Pulu gətirərəm,
dərmanımı verərsən.
Ev soruşan oğlan, 20 manatı alıb dərmanı Tofiqə verdi. Anası xəstə olan oğlan da pul dalınca getdi.
İndi Tofiq bayaqdan yolun ortasında qalmışdı. Dayanıb
cavan oğlanı gözləyirdi. Az gözlədi,
çox gözlədi,
oğlandan səs-soraq
çıxmadı. Tofiq
yalnız bundan sonra başa düşdü ki, həmin
oğlanlar əlbir imişlər, onu aldadıblar.
Beş addımlıqda aptek vardı. Tofiq tez aptekə girib "Noqrippin" soruşdu.
Aptekçi qız dedi ki, varımızdır,
özü də nə qədər istəsən. Tofiq dərmanın qiymətini
soruşdu. Qız:
- Manat yarımdır, - dedi və sonra
soruşdu. Neçə dənə istəyirsiniz?
Tofiq sualı cavabsız qoyub çıxdı. Aptekçi qız onun ardınca baxıb başını buladı.
Ətin sümüyü
İslam fəlsəfə doktoru idi. Elmlər doktorluğu hazırlığı
üzrə də mövzu götürüb
dissertasiya üzərində
işləyirdi. Səriştəli
tədqiqatçı idi.
Bir gün işdə
oturub jurnala məqalə yazırdı.
Bu zaman telefon zəng çaldı. Mansur idi. Yaxın dost olmasalar da, salam-kalamları vardı.
Bir-birinin xətrini istəyir, bir-birinin sözünü eşidirdilər.
İslam dəstəyi qaldırıb:
- Alo, eşidirəm, Mansur müəllim.
- Salam, necəsən?
- Şükür Allaha! Yaxşıyam. Sən necəsən? İşlərin
necə gedir?
Mansur da razılığını bildirdi.
O, Bakıdakı zavodlardan
birində sex rəisi
idi. Öz işinin də ustasıydı.
Mansur:
- Qardaş, sənə bir işim düşüb,
- deyə mətləb
üstünə gəldi.
- Buyur, buyur.
- Bilirsən, səndən yaxşı olmasın, mənim bir dostum var. Onun oğlu sizin sahədə doktorantdır.
Dissertasiya yazır.
Elmi rəhbəri deyib ki, bir əsərini
redaktəyə ver, abıra salsınlar. Deyirəm, bəlkə bir kömək göstərərsən. Zəhmət
haqqını da verəcək.
İslam:
- Bəs elmi rəhbəri
nə əcəb dissertasiyaya əl gəzdirmir? - deyə xəbər aldı.
Mansur:
- Elmi rəhbərinin işi başından aşır, deyir, özümə məqalə
yazmağa vaxt tapmıram. Amma iradlarını
bildirib. Deyir, əsərini bir səriştəli adama ver baxsın, həm iradları düzəltsin, həm də redaktə işləri aparsın. Mən də səni məsləhət
gördüm. Atasına
dedim, qoy İslam müəllimin razılığını
alım, sonra gedib söhbət edərsiniz. Nə deyirsən?
İslam tərəddüdlə:
- Açığı məndə
də vaxt azlığı var, - dedi.
- Amma birinci dəfədir mənə ağız açırsan, etiraz eləməyə üzüm
gəlmir.
Mansur:
- Ay sağ ol. A kişi, bir yandan baxanda etiraz eləməyin yeri də yoxdur.
Xeyrin olacaq. Qaçıb orada-burada dərs deyir, əldən düşürsünüz.
Ayın axırında
da vur-tut, 100-150 manat alırsınız. Saathesabı
dərs deyəndə
isə, tədris ilinin sonunu gözləyirsiniz
ki, birdəfəlik əməkhaqqınızı
alasınız.
İslamı gülmək tutdu:
- Zavodda işləyə-işləyə
bunları haradan bilirsən?
Mansur cavabında dedi:
- Mənim qızım da ali məktəbdə dərs deyir.
İslam:
- Yaxşı, zəhməthaqqı
müqabilində siz mənə nə verəcəksiniz? - deyə
soruşdu.
- Beş yüz manat.
- Mən razı.
Mansur:
- Onda oğlanı göndərirəm, söhbətinizi
edin. Redaktəni qurtaranda mənə xəbər verirsən, pulu özüm gətirib verəcəyəm.
İstəmirəm aranızda
pul söhbəti olsun. Danışdıq?
- Danışdıq.
Aradan bir müddət keçdi. Bu dəfə
İslam Mansura zəng etdi:
- Redaktə etdim. İş hazırdır. Götürə bilərsiniz.
- İşdəsən?
- İşdəyəm.
- Yarım saata yanındayam.
Az sonra İslamla Mansur görüşdülər. Laborantın
gətirdiyi limonlu çayı içə-içə
oradan-buradan, olub-keçənlərdən
söhbət saldılar.
Sonra İslam stolun siyirməsini
açıb iki dissertasiya çıxardı:
- Bu da dissertasiyalar. Bu əvvəlki
variantdır. Redaktə
elədiyim. Bu da indiki
nüsxə. Redaktədən
sonra düzəlişlər
də aparılıb.
Mansur razılığını bildirdi:
- Əla. Mən bilirəm də kimə söz deyərlər. Lap yaxşı.
Lap alt-üst eləmisən
ki?!
- Əlimdən gələni
etmişəm, çatışmayan
şeyləri də özüm əlavə etmişəm.
- Görürəm.
Mansur əlini cibinə atdı. Çıxardığı
pulu İslama uzatdı.
İslam pulu sayanda gördü
ki, 400 manatdır. Başını
qaldırıb Mansurun
üzünə baxdı:
- Beş yüz manat demişdin axı...
Mansur halını pozmadan:
- Hə, bilirəm. Burada təəccüblü
nə var ki? Qardaş,
guya bilmirsən:
ətin sümüyü
də olur.
İslam başa düşdü
ki, qalan 100 manatı
da Mansur qatlayıb cibinə
qoyub. Ona görə də daha bir
söz demədi. O 400
manatı verməsəydi,
nə edəcəkdi
ki?! Buna da şükür.
Hazır yemək
Xudayar pəncərədən yola
baxanda gözü Məmmədquluya sataşdı.
O, başını aşağı
salıb ağır-ağır
evinə sarı gəlirdi. Söz yox ki, işdən qayıdırdı:
- Qonşu, xoş gördük!
Məmmədqulu fikirli olduğundan
Xudayarın cingiltili səsindən diksindi. Başını yuxarı
qaldırıb candərdi
gülümsədi:
- Xoş günün olsun, qonşu.
Avtobusda
basabas olduğundan sıxıb suyunu çıxarmışdılar. Hiss olunurdu ki, danışmağa
heyi qalmayıb. Xudayar qonaqpərvərlik etdi:
- Qonşu, görürəm,
kefin yoxdur. Hazır yemək var. Mağazadan bir şüşə araq götür, vaxtımızı
keçirək. Çoxdandır
oturmuruq.
Təklif
yorulub əldən düşmüş Məmmədqulunun
ürəyindən oldu.
O saat razılaşdı:
- Nə deyirəm ki... - deyib geriyə döndü və tindəki dükandan bir butulka araq
götürdü.
Xudayar tez göstəriş verdi. Süfrə açıldı. Ortaya dərhal çörək,
göy-göyərti, bir
nimçə şor,
iki balaca stəkan gəldi. Xudayar arağın ağzını açıb
stəkanlara içki
süzdü. Çörəyi
şora batırıb
ağzına apardı.
Şüyüddən, keşnişdən,
göy soğandan götürüb qırdı
və iştaha ilə yeməyə başladı:
- Qonşu, bismillah elə...
Məmmədqulu bərk acmışdı.
Əlini süfrəyə
uzatdı və yeməyə başladı.
Xudayar stəkanı qaldırıb:
- Qonşu, bunu içək, sənin sağlığına. Sağ
ol, - dedi.
Onlar stəkanları döyüşdürüb
içdilər. Xudayar
iştaha ilə şordan, göyərtidən
yeyir, Məmmədqulu
isə iştahasını
vurmaq istəmir, yemək gözləyirdi. Xudayar növbəti sağlığı dedi:
- Qonşu, bunu içək, mənim sağlığıma.
İçdilər. Araq butulkası
yarı olmuşdu. Xudayar çörəkdən
kəsib arasına şor yaxır, göy-göyərtini dəstələyib
ağzına təpirdi.
Ondakı iştaha Məmmədquluda heyrət
oyadırdı: "Bu hələ
şoru, çörəyi
belə gözünə
təpir, yeməyi harasına yeyəcək?!
- deyə öz-özünə
fikirləşirdi. Xudayarın
səsi onu xəyaldan ayırdı:
- Qonşu, gəl, bunu da hər ikimizin sağlığına
içək. Gül olaq,
bülbül olaq, ancaq qəfəsdə olmayaq. Sağ ol. Getdik.
Qarnı
acından quruldayan Məmmədqulu bu dəfə arağı yarıya qədər içdi. Butulka boşalmaq üzrə idi. O özünü saxlaya bilməyib:
- Qonşu, yemək hazır olmadı? Acından öldük
ki... Bəs deyirdin, hazır yemək var. Nə gecikdi, sənin bu yeməyin?!
Ağzı yeməklə dolu
olan Xudayar birtəhər şor-çörəklə
göyərtini boğazından
ötürüb əli
ilə süfrəni göstərdi:
- Ay rəhmətliyin oğlu, bu hazır yemək
deyil, bəs nədir?
Bunu eşidən Məmmədqulu
dik ayağa qalxdı. Bir Xudayarın üzünə, bir də şor-çörək
və göy-göyərti
qoyulmuş süfrəyə
baxıb:
- Sənin hazır yeməyin bu imiş?! - dedi və qapını
çırpıb özünü
həyətə saldı.
Akif
ABBASOV
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.28.