Yaddaş çölünün
çağıran çiçəkləri
Əvvəli 38-39,
40-cı saylarımızda
Sənədli povest
Bu yazı yadın, yəni yadımda qalanların yadırğalanmayan
yollarıdır. O yad və
yaddaş yolları qəfildən pıçıldadı
ki, bizi də yaz, bu fani
dünyada yazıdan böyük sığınacaq
yoxdur. Və mən də yaddaş çölünün
çağıran çiçəklərinə
qulaq asdım, xəyalı körükləyən
xatirələr dünyasına
üz tutdum.
Müəllif
...Manqurt ürəklərin səfil səhralarında,
duyğu və düşüncələri, arzu
və ümidləri imperiyalar xeyrinə işğal olunan qulluq qullarının itkin vicdanında öz ilə özgənin, doğma ilə yadın, millət ilə antimillətin vətəndaş
müharibəsi başlanmalıdır.
Söhbət zaman-zaman qəlbimizə,
beynimizə yeridilən
antimillət zəhərlərinə,
xalqa xəyanətin manqurtizm modelinə, köləlik sisteminə qarşı qəlbimizdə
və beynimizdə aparacağımız vətəndaş
müharibəsindən gedir.
Söhbət gizli imperiya niyyətləri ilə qəlbimizdə və beynimizdə məskunlaşan yadlığa
qarşı duyğu,
düşüncə döyüşlərindən,
milli varlığımızda sıxışdırılan özümüz
uğrunda mübarizədən
gedir; bu, antimillətlə millət
uğrunda müqəddəs
müharibə, əbədi
döyüş olmalıdır
- tam və qəti qələbəyədək!
Deyə
bilərlər ki, rəngləri
bu qədər tündləşdirməyə ehtiyac
yoxdur. Lakin Azərbaycan
ailəsini təqdim edən serialda bircə nəfər də işıqlı obraz, milli ruh, milli mentalitet daşıyıcısı
yoxdursa, hər şey reklam bazarına, alverçilik əxlaqına hesablanırsa,
bütün obrazların
qəlbində, ruhunda
özgəlik, yadlıq
küləkləri əsirsə,
milli dəyərlər hər
addımda diz çökürsə, təslim
olursa... bütün bunlara başqa nə ad vermək
olar?!.
Qəfil
bir külək əsir, dil yaddaşının möcüzəli
közərtisi heyrət
heykəlinə dönür;
böyük rus yazıçısı İvan Turgenevin ulu babası - Qızıl Orda xanı Qurgen Mirzənin xristianlığı
qəbul etməsindən
sonrakı nəsilbənəsil
ruh üşüntülərini
düşünürəm; Dərbənd şeyxülislamının
türk oğlu, xristianlığı və
Aleksandr adını qəbul
edən, "rus şərqşünaslığının banisi" adlandırılan
(akademik Bartold) dahi Mirzə Kazımbəyi düşünürəm;
türk mənşəli
300 məşhur rus familiyasını monoqrafik
tədqiqata cəlb edib, mərdanə bir kitab yazan N.Baskakovun vicdanını düşünürəm; Derjavindən
Hertsenə, Bunindən
Anna Axmatovaya, Dostoyevskidən
Tolstoya, Kuprindən M.Qorkiyə, hətta Kutuzovdan Suvorova... qədər qar-qırovlu ruh çöllərini, əsrlər boyu böyüyüb rus nəhənglərinə çevrilən
Qızıl Orda uşaqlarının taleyindən
keçən yaralı
yaddaş yollarını
düşünürəm; Dəşti-Qıpçağın - Qıpçaq çölünün
qanlı xatirələrini,
yovşan ətrinin deyilməz-bilinməz göynərtilərini
düşünürəm; Qafqaz Albaniyasının tragik süqutundan sonra acgöz goreşənlər kimi möhtəşəm milli mədəniyyətimizə
daraşan ruh işğalçısı yadelliləri,
gəlmə yadları
düşünürəm...
Köhnə, kövrək dostumun
incik səsinə uzaq, yaralı yollardan təngnəfəs
qayıdıb gəlirəm:
- Fikrin hardadır? Deyirəm, bu boz seriallar uşaqları
məhv edir, gizli bataqlıq girdabları kimi çəkib aparır, heç nə edə bilmirik...
- Onları TRT-nin yayımladığı seriallara
yönəlt - "Oyanış",
"Diriliş", "Quruluş"
seriallarına.
- Onda da başlayacaqlar Osmanlı türkcəsində
danışmağa...
- Həmin seriallar çağdaş Türkiyə
ədəbi dilindən
daha çox, ümumtürk ədəbi
dilində, ümumoğuz
dil mühitində çəkilib; "Kitabi-Dədə
Qorqud" dastanlarının
dili ilə analoji bağlantıları,
qeyri-adi etnolinqvistik ruh cazibəsi heyrət doğurur; təqdirəlayiq haldır
ki, o seriallar bizim AzTV-də həftəboyu yayımlanır...
Deyəsən, qocaman, nigaran dostumu inandıra bilmişdim və bu duyğu ruhumda
yaz günəşi kimi gülümsəyirdi...
Yazının bir qədər
əvvəl, bataqlıq
kimi ruhumu udan qarayaxa vahiməsindən
can qurtarmışdım. Və
əlahəzrət sözə
sevgiylə, qəlbimdəkiləri
demək ümidi ilə yeni abzas başlayıram...
Ədəbiyyatımızın ən kədərli əsərləri
olan "Anamın kitabı"nda Ana yenilməzliyinin,
"Ölülər"də Kefli İskəndər həqiqətlərinin qələbəsi...
vardı; bu iki qaranlıq kədər dənizindəki
iki işıq adası ümumi ruhun cəbhəboyu qələbəsini təmin
və təsdiq edirdi. Serialların qara girdablarında işıq adaları kimi xilas yolları
da yaradın, cənablar!
Yox, əgər əlahəzrət sponsorlar
bunu istəmirsə,
"biz belə işıq,
ümid adalarına pul verə bilmərik",
- deyib dirənirlərsə,
onda əl saxlayın, bu milli ruh matəmgahlarına son verin!..
Azərbaycan xalqı Qarabağ
uğrunda apardığı
44 günlük Vətən
müharibəsində dünyanın
əksər xalqlarından
ruhən daha güclü, daha sağlam, daha səfərbər olduğunu
təsdiq etdi. Azərbaycan bir daha sübut etdi ki, o, tarix boyu yaratdığı nəhəng imperiyaların,
qüdrətli dövlətlərin
layiqli varisidir, böyük sələflərin
böyük xələfidir.
Bir əlində sazla eposlar, dastanlar yaradıb, bir əlində sözlə Orxon-Yenisey mətnləri,
"Oğuznamələr" yazıb, tarix boyu misilsiz qılınc
və qələm zirvələri fəth edib Azərbaycan. Dünyanın maskalı qara qüvvələrinin,
xain gizli güclərinin bütün
təhdidlərinə, qışqır-bağırına
baxmayaraq Qarabağının
otuz illik işğalına son qoyub,
son əsrlərin ən
böyük xilaskarlığına
imza atıb, möhtəşəm zəfəriylə
yeni bir qələbə
dastanı yazıb Azərbaycan!
Bu yerdə qürurla, cəsarətlə yazıram
ki, bir qədər əvvəl xatırlatdığım
türk seriallarının
oyanış, diriliş,
quruluş modellərini
çağdaş dövrümüzün
gerşək reallığına
çevirir Azərbaycan!
Prezident, Ali Baş Komandan İlham Əliyevin
dediyi "Şuşa,
sən azadsan! Şuşa, biz qayıtmışıq!
Şuşa, biz səni
dirçəldəcəyik!" cümlələrinin qılınc
və qələm qüdrətini, epik möhtəşəmliyini yaşayır,
Azərbaycan!
Müasir
milli mətbuatımız, KİV-imiz, ədəbiyyat və mədəniyyətimiz
bu tarixi qələbəyə, böyük
zəfərə, bu xilaskar möhtəşəmliyə
layiqincə cavab verə bilirmi? Təəssüf ki...
Və Azərbaycan tele-məkanı
yenidən boz, bayağı, səviyyəsiz
seriallarını, xalqı
kütləyə döndərməyə
hesablanan şit, şablon şoularını
davam etdirir. Şuşa, Qarabağ haqqında ciddi silsilə verilişlər,
sanballı sənədli
filmlər yenə gecikir, televiziyalar yenə yubanır, kosmetik bər-bəzəklə
baş girləyir, vaxt öldürür. Bu gün yeni təfəkkür
tərzi, müasir teleestetikayla silahlanan konseptual təfəkkür
verilişləri, həqiqi
sənədli telefilmlər,
Qarabağ, Şuşa
haqqında fundamental sənədli
seriallar zamanıdır.
Xalq xilaskar Oyanışın, Dirilişin,
Quruluşun strateji hədəflərinə güzgü
tutan çağdaş
teleməhsul intizarındadır...
***
Yaratdığımız çoxsaylı
uğurlu verilişlərdən
bircəsi haqqında danışmaqla kifayətlənir,
yaddaşımın qırx
illik AzTV səhifəsini bağlayıram.
Oğuz
qrupu Türk xalqlarının 1500 illik möhtəşəm milli mədəniyyət
yoluna, fenomenal poetik fikir karvanına
üz tutan "Poeziya" verilişi şərəfli bir missiya, çətin bir sınaq qarşısında idi.
Azərbaycan, Türkiyə, Türkmənistan,
bütövlükdə Oğuz
qrupu Türk xalqlarının, eləcə
də Avroasiyanın, bütün dünyanın
dörd bir tərəfinə yayılan
türk toplumlarının
poeziyada kodlaşaraq əbədiləşən xilaskar
yaddaş enerjisini, fikir gücünü oyatmaq, yeni təfəkkür
tərziylə, məhz
olduğu kimi sistemləşdirərək yenidən
öz sahibinə qaytarmaq, təqdim etmək həqiqətən,
şərəfli bir missiya idi. Bunu
çağdaş müstəqillik
dövrünün, əlahəzrət
zamanın özü tələb və təklif edirdi. Bir əlində qılınc,
bir əlində qələm böyük dövlətlər, qüdrətli
imperiyalar yaradan Qazi Bürhanəddinlərin, Cahan
Şah Həqiqilərin,
Şah İsmayıl Xətailərin, Sultan Süleymanların,
Şah Təhmasiblərin,
Baburların təmsil
etdiyi böyük gücə Azadlıq meydanında, Şəhidlər
Xiyabanında, Dövlət
Bayrağı meydanının
uca, enməz səmalarında dərin düşüncələrə dalan milli həqiqətin ehtiyacı vardı...
Çətinlik onda idi ki, Azərbaycan teleməkanında
gizli-aşkar yollarla, minüzlü qrantlarla şirnikləndirilən, Manqurtun
öz anasına tuşladığı ox kimi
hər an atıla bilən və atılan, zəhərli göbələklər kimi
günbəgün, aybaay,
ilbəil çoxalan teleşoular o milli həqiqətə
qarşı gizli səlib yürüşünə
başlamışdı.
Kütlə psixologiyasına hesablanan,
xalqı kütlənin
əliylə vuran bir sıra manqurt
teleşouların meydan
oxuduğu xəstə
teleməkanda sağlam
fikirli, sadə, saf mövqeli poeziya verilişi nə dərəcədə
uğur qazanacaqdı?
Mafioz maliyyə sövldələşmələrinin kütləvi şəkildə
tirajladığı fırıldaqçı
reytinq cədvəllərinin
"Kuxna" verilişlərinə,
manqurt teleşoulara böyük faizlər bağışladığı, axırıncıları birinci,
ikinci, üçüncü
yerlərdə müjdələdiyi
bir vaxtda ciddi "Poeziya" verilişi açmaq nə dərəcədə
yerinə düşərdi?
Kitabın küncə
qısıldığı, dünyanın sarsıdıcı
İnternet tələ-toruna düşdüyü, milli-mənəvi
dəyərlərin kütlə
bazarında kütləvi
şəkildə ucuzlaşdığı,
əzələ, meyxana
ritmlərinin qəlb şeir ahənglərinə
meydan oxuduğu, bədənin ruha yuxarıdan-aşağı baxdığı
və pulun ədəbiyyata ədəb
dərsi vermək istədiyi bir zamanda halal "Poeziya"nın
səsini eşidən,
dediklərini anlayan, göstərdiklərini görən,
sevinclərinə qoşulan,
əzablarını bölüşən
olacaqdımı?..
Xatirələrimin bu məqamında
"Poeziya"nın M.F.Axundzadəyə həsr
edilən sayından kiçik bir mətni yada salmağa ehtiyac duyuram:
1500 il əvvəldən baş alıb gələn, ədəbi sözün Dədə Qorqud, Füzuli zirvələrindən
keçən ağır
yüklü poeziya karvanı on doqquzuncu əsrin əvvəllərinə
çatmışdı. Tale elə gətirmişdi ki,
ədəbi dilin doğma Dədə Qorqud yolları yadırğamışdı; sözün
Füzuli tilsimi neçə yüz il idi ki, susmaq, səngimək bilmirdi; şeir yollarının çoxu Füzuli zirvəsinin ətəklərində
dolanırdı. Nəsil-nəsil
şairlər ordusu Füzulini ötüb keçmək yox, ona çatmaq, ona bənzəmək uğrunda mübarizə aparırdı... Yeni ədəbi
düşüncələr köhnə ədəbi qəliblərdə sıxılırdı,
təzə poetik ruh min ilin köhnə
əruz bədənində
darıxırdı; poeziya
gülüstanında gül
bülbülə, bülbül
gülə eşq
elan etməkdən, gizli-gizli
nəsə deməkdən
təngə gəlmişdi,
bezmişdi.
Şeir
yorulmuşdu...
(Davamı olacaq)
Sadıq ELCANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, №42.- S.22.