Sirli qaçış
Yumoreska
Dükandan bir qutu şokolad alıb, üzərindəki şəklə baxa-baxa çölə çıxdım. Hansısa bayram münasibətilə şirniyyat fabrikində doldurulmuş və zövqlə tərtib edilmiş qutunun dekorativ qabartma naxışlı qapağı üzərində rəngli dəniz mənzərəsi təsvir olunmuş, zərif lentlə bəzədilmişdi. Gözəlliyinə söz yoxdu, iki göz istəyirdi ki, tamaşa etsin.
Keçidə yaxınlaşanda yolun qarşı tərəfində köhnə tanışım Mirsəlimi gördüm. O Mirsəlim ki, asudə vaxtlarımızda bir-birimizə qulaq yoldaşı olur, dünyanın gəl-gedindən danışır, gündəmdə olan məsələlərə öz münasibətimizi bildiririk. Arada şeir yazsa da, açıb-ağartmır, hərdən dövlət sirri açırmış kimi qulağıma pıçıldayır:
Qartalım qıy vurur dağda, qayada,
Onda abır da var, hətta həya da...
Qartalın abırlı olmasını
onun daim zirvələrdə yaşaması
ilə izah edir.
Nəsə, mətləbdən kənar
düşməyək. Dostuma
əl elədim ki, yolu keçməsin, elə oradaca görüşüb hal-əhval
tutaq. Deyəsən, görmədi. Qutunu qaldırıb yellətdim
ki, diqqətini çəkim,
gördü, amma özünü görməzliyə
vurub geri döndü. Yoldan bir-iki avtomaşın da keçəndən sonra Mirsəlim yoxa çıxdı, ora-bura boylandım, Mirsəlim yox.
"Yerəmi batdı dostum, göyəmi çıxdı dostum, bəlkə mən yanılmışam, əzəldən
yoxdu dostum?" - deyə məlum bir şeiri naməlum duyğularla improvizə eləyib getmək istəyəndə
Mirsəlimi "Qızlar
bulağı"na sarı
gedən gördüm.
Getmirdi e, az qala uçurdu. Son vaxtlar belə "uçuş"larla tez-tez
üzləşməyim məni
şübhəyə saldı.
Elə bil dost-tanış mənimlə
rastlaşmaqdan çəkinir,
gözdən itməyə,
gizlənməyə çalışır.
Telefon zəngləri də azalıb, hətta qohum-əqrəba
da günlərlə axtarıb
aramır. Nədən?
Bu nə əsrardı
ki, anlamıram?! İldə
bir dəfə "Sirlər xəzinəsi"ni
vərəqləyirəm, "Dəhşətli sirr",
"Sirli ada",
"Sirlərin sərgüzəşti"
sinkretik romanını,
"Sirr", "Sirri-zəmanə"
hekayələrini gözdən
keçirirəm, televizorda
"Ev bizim, sirr bizim" operettasına, "Sehrli xalat", "Bir qalanın
sirri" filminə baxıram. Hamısının
sirrini anlayıram, amma son vaxtlar belə münasibətin sirrini anlamıram. Əvvəllər boş verirdim, gedirdi. Amma indi yox e, vaxtı
çatıb, nəyin
bahasına olursa-olsun,
Mirsəlim məni bu sirdən agah etməlidir.
Onu təqib etməyə başladım. Aramızdakı
məsafə getdikcə
artırdı, bu yerişlə ona çata bilməyəcəyimi
təxmin etdim. Taksi üçün yola göz gəzdirdim,
adətən belə anlarda yoldan BTR də keçir, taksi yox. Özümü
daranqlet bir "Jiquli"nin qarşısına
atdım. Sürücünün
qaramtıl, qart üzü, su kimi rəngsiz, bulanıq gözləri vardı. Mənə elə gəldi ki, bu adam kordu,
əvəzində o başını
pəncərədən çıxarıb,
- "a kişi, korsan?"
- deyə bağırdı,"
- ölmək istəyirsən,
get Mazandarana!"
- Qardaş, nə deyirsən de, amma məni maşına götür, qarşıda
bir nəfərə çatmalıyam, tələsməsəm,
aradan çıxacaq.
Sürücü məni əməliyyat
işçisi sanıb
işarə verdi ki, əyləşim.
Ön oturacağa keçməyimlə
maşın nərilti
ilə yerindən götürüldü, bu
anda sürücü,
yəqin ki, özünü
təqib filmlərinin
qəhrəmanı sanıb
qara eynək taxdı, müqəssiri anında yaxalamaq üçün maşınları
bir-bir ötməyə
başladı.
Mədəniyyət sarayının qarşısına çatanda
hansısa tədbir yenicə başa çatmışdi. Mirsəlim
izdiham arasında itib-batmışdı, ha boylansam
da, gözə dəymədi.
Sürücü - rəis,
kömək lazımdısa,
mən hazır, - deyə yardımçı
olmaq istədi.
- Sağ olun, özüm öhdəsindən
gələrəm, - deyə
izdihama qarışdım.
Sağa-sola, irəliyə-arxaya
boylansam da, Mirsəlim
yoxdu. Bir qədər sonra onu mikrorayon
yolunda gördüm. Gözdən itirməyim deyə arxasınca qaçmağa başladım.
Aramızdakı məsafə
isə azalmırdı.
Deməli, ona çatmaq üçün
doğru yol seçməmişdim. Müdriklərin
bir deyimini xatırladım: "Doğru
yolla gedən bir tısbağa, mənzil başına yanlış yolla gedən bir atdan daha tez
çatar". Kəsə
yolla özümü üzü enişə buraxdım. Ta istəsəydim
belə, sürəti
azalda bilməzdim, ayağım səkiyə
düzülmüş sal
daşlara ilişsəydi,
Araz çayına qədər yumbalanacaqdım.
Mirsəlim arxaya dönüb məni görüncə ikinci nəfəsi açıldı.
Asfalt yolda şütüyən bir
"Mazda", bir "Mersedes-Benz",
bir dənə də "Nissan Teana" avtomobilini ötüb keçdi, arxadan gələn "Toyota" onunla
dirəşdiyindən yolun
sağına tullandı.
Qarşıda Qaraxanbəyli kəndinə
gedən tozlu şosse yol göz işlədikcə
uzanırdı. Bir kilometr
marafondan sonra rəqibimdən nə az, nə çox,
cəmi bir kilometr arxada idim. İkinci kilometrdə aramızdakı
məsafə əlli metr də azaldı.
Dairəvi yolla şəhərin cənub
istiqamətinə sarı
irəliləyəndə arxadan
səslər eşitdim.
Təxminən, 15-20 nəfər
mənə sarı qaçırdı. Heyrətdən
yerimdə donub qaldığımdan gəlib
məni keçdilər.
Axırıncıya güclə
çatdım:
- Qardaş, bu nə qaçışdı
belə, marafon var?
- Nə marafon, marafon nədir? Gördüm hamı qaçır, mən də qoşuldum onlara.
Beləcə, komanda halında
şəhər avtovağzalına
yaxınlaşırdıq. Mirsəlim arxaya baxanda anladi ki, çənbər daralmaqdadır,
bu qaçışla
çox davam gətirməyəcək. Odur
ki, avtovağzaldan çıxan
ilk avtobusa əl eləyib saxlatdırdı
və pilləkənə
atıldı. Mən ora çatana kimi avtobus yola
düşdü. Eşq
acısı boş şeydi, o ki avtobusa çata bilmirsən, gözünün qabağında
çıxıb gedir
haa, onun kimi acı verən
bir hiss yoxdu. Gücüm tükənmişdi,
kor-peşman geri qayıtmaq istəyirdim ki,
yolun kənarında bir maşın dayandı, tanış bir səs eşitdim:
- Rəis, müqəssiri yaxalaya bildin?
Həmin
sürücü idi, qara eynəyi burnunun üstünə endirmişdi.
- Yox, əldən çıxdı.
- Hara qaçdı?
- Odur ey, avtobusdadır.
- Elə isə nə gözləyirsən,
getdik! - deyə şəhadət barmağı
ilə eynəyi yuxarı qaldırıb qapını açdı.
Əyləşdim, maşın var gücü
ilə yerindən götürüldü.
Şəruru keçdik, avtobus
Sədərək istiqamətinə
yönəldi.
Vəlidağ yaxınlığında sürücü sevinclə
qışqırdı:
- Ura, avtobus dayandı.
Biz avtobusa çatanda sürücü hansısa
nasazlığı aradan
qaldırırdı. İçəri
girib Mirsəlimi axtardım, yox idi. Dedilər ki, narahat bir sərnişin
vardı, avtobus dayananda hamıdan əvvəl enib dağa sarı qaçdı.
Dağ yamacında bir qaraltı sezdim, sərnişinlərdən biri,
- odur, özüdür,
- deyə nişan verdi.
Sürücü dostumdan (Sədərək
yolunda artıq dost olmuşduq) burada gözləməsini xahiş
etsəm də, məni tək buraxmadı, dinc, yanaşı dağa dırmanmağa başladıq.
Dağın ətəklərindən yavaş-yavaş duman qalxırdı, aşağılardan,
dərələrin dərinliyindən
axan çayın şırıltısı sanki
dumana qarışıb
ətrafa yayılırdı.
Tənha bir qartal qanadlarını açıb əngin səmalarda asta-asta süzürdü. O, demək
olar ki, qanad çalmırdı və
aşağıdan baxan
hər kəs bu nəhəng qartalın ova çıxdığını,
ona görə də asta-asta süzüb ov güddüyünü zənn
edərdi. Mən də belə zənn edərkən, sürücünün iniltisini
duydum. Arxaya dönüb onu tanınmaz halda gördüm. Sən demə, qartal mədəsində nə varsa, onun başına
ifraz eləyib. Hər halda, şair dostumun bəhs etdiyi abırlı, həyalı
qartal bu işi görməzdi.
"Abırlı" qartalın
yeddi arxa dönəninə lənət
oxuyan sürücünü
yamacda buraxıb Mirsəlimin arxasınca yollandım. İrəlidə
minalanmış zonaya
aid xəbərdarlıq nişanı
diqqətimi cəlb elədi, Mirsəlimin həmin zonaya girməsinə iki-üç
addım qalırdı.
Çığıraraq xəbərdar
elədim, yer-göy eşitdi, bu yox. Tələsik məftillərin arasından
keçib özünü
qamışlığa vurdu.
O, artıq özü
də bilmədən Ermənistanla sərhədin
bir addımlığında
idi.
Əziz
oxucular, işdi-şayəd,
bu səfərdən qayıtmasam, haqqınızı
halal edin. Amma yox ey, sizi intizarda
qoymamaq üçün
nəyin bahasına olursa-olsun, bu qaçışın sirrini
öyrənməliydim.
...Mən aşırımdan
yumbalanmaqla ona çata bildim, birdən-birə məni qarşısında görüncə
çaşıb qaldı.
Nəfəsim kəsilə-kəsilə
soruşdum:
- Zalım oğlu, hara qaçırsan belə, xəbərin varmı ki, Ermənistan sərhədindəsən?
- Nə Ermənistan, sən nə danışırsan?
Sərhəd qurğularını, xəbərdarlıq nişanlarını
ona göstərəndə
rəngi ağardı.
Nəhayət, Mirsəlimin məndən
qaçışının sirrini öyrənməyin
vaxtı gəlib çatmışdı. Sən
demə, onu məndən qaçmağa
vadar edən şokolad qutusu olub. Elə bilib təzə kitabımdır.
- Allahdan gizlin deyil, səndən nə gizlin, axırıncı dəfə
kitab oxuduğum yadıma
gəlmir. İnternet dəbə
düşəndən mütaliəyə
nə marağım qalıb, nə həvəsim. Mənə
hədiyyə etdiyin kitablarının birini də oxumamışam. Eləcə masamın üstündə yatıb
qalıb. Xətrinə
dəyməmək üçün
birnəfəsə oxuduğumu,
heyran qaldığımı
bildirmişəm. Yalan
demişəm, qələt
eləmişəm, məni
bağışla. İndi ahıl
çağımda yenə
də yalan danışmaq istəmədiyimdən
bu dəfə aradan çıxmağı
üstün tutdum. Belə məqamda igidlik ondursa, doqquzu gözə görünməməkdir.
Barmağımı dişlədim. Mirsəlimin
timsalında dost-tanışın
niyə gen gəzməsinin
sirri indi mənə agah oldu. Onların statistikası barədə
də məlumat verə bilərəm. Təkcə cari ilin 11 ayında 4 dost, 9 tanış, 2 əqrəba
itirmişəm ki, bu
da ötən ilin müvafiq dövrü ilə müqayisədə,
2 dost, 5-3 tanış, 1 əqrəba
çoxdur. Faizlə də deyə bilərəm, amma gərək hesablayam. Deməli, hər şeyə səbəb mənim kitablarım olub, kitab verdiyim dostu özümə düşmən eləmişəm.
- Kaş ki bunu əzəldən deyəydin,
bu boyda təhlükəyə də
düşməzdik. Yaxşı,
indi nə qədər ki, yaxalanmamışıq,
aradan çıxaq.
Aradan çıxmağı bacardıq.
Vəfalı sürücüm
məni gözləyirdi.
Mirsəlim onun əlindəki qutunu görcək ayaq saxladı. Binəva onu kitab sanmışdı.
Naxçıvan
Hüseyn ƏSGƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, №42.- S.27.