Türk xalqlarının ilk
ədəbiyyat tarixi dərsliyi
Fikrimizcə, professor Elman Quliyevi Azərbaycan
elmi ictimaiyyətinə,
xüsusilə filoloqlara
təqdim etməyə
ehtiyac yoxdur. O, bir ədəbiyyatşünas
alim kimi, son onilliklərin
elmi-ictimai arenasında
yaxşı tanınır.
Kifayət qədər
elmi nüfuza, hörmət və sanbala malikdir. Ancaq onun nüfuzu,
hörməti və sanbalı yalnız Azərbaycan coğrafiyası
ilə məhdudlaşmır.
Belə ki, bir sıra türkdilli (türk mənşəli)
ölkələrdə də
elmi ictimaiyyət
professor Elman Quliyevi yaxşı
tanıyır, onu məhsuldar, istedadlı və cəfakeş türkoloq alim kimi qəbul edir, tədqiqatlarından faydalanır.
Şəxsən mən
Türkiyədə, Özbəkistanda,
Qazaxıstanda, həmçinin
TÜRKSOY-da filoloqlar arasında
və ümumən elmi ictimaiyyətdə
Elman müəllimə bir
türkoloq alim kimi necə qaynar, səmimi münasibət göstərildiyinin şahidi
olmuşam. Biz buraya cəsarətlə müstəqil
dövlətləri olan türk respublikalarının Azərbaycandakı
səfirliklərinin rəsmi
yetkililərinin onun elminə və şəxsiyyətinə isti
münasibətini də
əlavə edə bilərik. Həmin rəsmi yetkililər E.Quliyevi türk
xalqları arasında
körpü yaratmağa
çalışan, onlar
arasındakı ədəbi-mədəni
əlaqələri yaxınlaşdırmağa,
yüksəltməyə səy
göstərən, turançılıq
və türkçülük
idealına xidmət edən, bu yolda
əməli addımlar
atan cəfakeş bir tədqiqatçı,
elm adamı, türkoloq
kimi tanıyırlar. Heç şübhəsiz
ki, bunun səbəbi alimin bu sahədə
gördüyü işlər,
ortalıqda olan əsərləri, atdığı
addımlarla gördüyü
işlərin miqyası,
çəkisi, əhəmiyyətidir.
Əlbəttə, onun
deyilən sahədə
gördüyü işlərin
miqyası, sferası geniş, çoxşaxəli,
çoxparametrlidir. Ancaq
fikrimizcə, bu işlərin içərisində
ən çox diqqəti çəkən,
xüsusi təqdimata ehtiyacı olan, istər bu gün,
istərsə də gələcəkdə fəxarətlə
xatırlanan və xatırlanacaq bir iş var: "Türk xalqları ədəbiyyatı"
(Bakı, "Elm və
təhsil", 2025, 864 səh.)
dərsliyi. Onu da deyək ki, bu, adını çəkdiyimiz
dərsliyin son nəşridir.
Bu nəşrə qədər
dərslik 2009-cu ildən indiyə qədər bir neçə dəfə nəşr olunub. Fərq burasındadır
ki, hər nəşr
əvvəlkinə nisbətən
daha da təkmilləşdirilmiş,
zənginləşdirilmiş şəkildə ortalığa
çıxır. Yəni
müəllif otuz ildən çoxdur ki, bu dərslik üzərində çalışır,
işlərini davam etdirir, ona yeniliklər
və əlavələr
edir. Kitabın 2025-ci
il nəşri, yəni
yuxarıda adını
çəkdiyimiz son nəşri
dərsliyin ən mükəmməl variantı
hesab oluna bilər. Və yəqin ki, Elman müəllim
bu istiqamətdə işini daha da davam etdirəcək və kitabın gələcəkdə daha
təkmil nəşrləri
meydana çıxacaqdır.
Haqqında danışdığımız
"Türk xalqları
ədəbiyyatı" kitabının
həcmi böyükdür,
yəni 864 səhifədir.
Bu da təbiidir. Çünki
dərsliyin ehtiva etdiyi obyekt istər
məkan, istərsə
də zamanca geniş, əhatəli və tutumludur. Onun coğrafiyası məkanca Uzaq Şərqdən, Çin
sərhədlərindən başlamış, balkanlara
qədər Asiya və Avropanın türk xalqları yaşayan geniş bir məkanını əhatə edir. Zamana gəldikdə isə, türklərin varlığının tarixinin
min illərlə ölçüldüyü
bəllidir. Tarixin dərinliyinə uzandıqca
qaranlıqlaşan həmin
tarixdə türklərin
ilk söz, sənət
abidələrinin, bədii
ədəbiyyat nümunələrinin
ilk dəfə nə vaxt, zamanın hansı çağında
yarandığı konkret
şəkildə bəlli
deyil. Ancaq bu məchulluq içərisində bəlli
olan həqiqət odur ki, qədim türklərin yaratdığı
söz sənəti örnəklərinin tarixi
də min illərlə
ölçülür. Əski
Oğuz dastanları bunu aydın şəkildə sübut
edən bədii faktlardır. Deməli, E.Quliyevin dərsliyinin
obyekti zaman baxımından
da çoxəsrlik bir
tarixi dövrü əhatə edir.
Prof. E.Quliyevin "Türk xalqları ədəbiyyatı" dərsliyi
təsadüfi, ötəri
bir həvəsin məhsulu deyil. Onun ərsəyə gəlməsini, tədricən
təkmilləşməsini, uğurunu, mükəmməl
bir tədris vəsaiti kimi formalaşmasını təmin
edən əsaslı səbəblər vardır.
Bu səbəblərin bir
tərəfi tədris
həyatının ehtiyacları,
tələbləri ilə
bağlıdırsa, digər
tərəfi də türkoloq alimin şəxsi qabiliyyəti,
uzun illər tədris etdiyi "Türk xalqları ədəbiyyatı" fənninə
marağı, türk
xalqlarına və onun ədəbiyyatına sevgisi, türkçülük
və turançılıq
sevdası, türk xalqları arasında körpü yaratmaq arzusunu bir alim missiyasına çevirmək
istəyi ilə əlaqədardır.
Bəllidir ki, rus müstəmləkə
rejiminin modern forması
olan SSRİ dönəmində
indi müstəqil dövlətləri olan türk respublikalarının
əksəriyyəti "Sovet
İttifaqı" deyilən rus-sovet siyasi rejiminin
sərhədləri daxilində
idi. Türk mənşəli xalqların bir-birinə inteqrasiyası, sıx ədəbi-mədəni
əlaqələr saxlaması
və vahid ideya ətrafında birləşməsi, turançılıq ideallarının
təbliği və bir sözlə, türkçülüklə
bağlı hər şey yasaq mövzular sırasında
idi. Türk xalqlarının bir-birindən
uzaq düşməsi
üçün nə
lazımsa, edilirdi və bu, ədəbiyyata
da aid idi. Xoşbəxtlikdən
1991-ci ildə SSRİ dağıldı,
sovet respublikaları,
o cümlədən, formal dövlətləri
olan türk respublikaları (təəssüf
ki, bir sıra türk xalqları və toplumları indi də rus
imperiyasının müstəmləkə
boyunduruğu altındadır)
müstəqillik qazandı.
Bu tarixi hadisə türk xalqlarının bir-birinə yaxınlaşması,
qarşılıqlı əlaqələrinin
hərtərəfli mənada
inkişafı üçün
şərait yaratdı.
Azərbaycan Respublikasında
ali məktəblərin
filoloji yönümlü
fakültələrində 1995-1996-cı tədris ilindən etibarən tədris planına "Türk xalqları ədəbiyyatı"
deyilən yeni bir fənn daxil edildi. ADPU-da bu fənnin tədrisi gənc alim və müəllim Elman Quliyevə
tapşırıldı. Və gənc
alim və müdərris
həvəslə işə
başladı. Əlbəttə,
fənni tədris edərkən, E. Quliyev hər şeyi "yoxdan var etməli" idi. Çoxsaylı türk xalqlarının çoxəsrlik ədəbiyyatının
onlarla ədəbi şəxsiyyətinin yüzlərlə
əsərini, həyat
və yaradıcılığını
oxuyub öyrənmək,
onları ələmək,
ən aparıcı ədəbi simaları və onların ən aparıcı əsərlərini seçmək,
ümumiləşdirmək, tədrisə gətirmək
asan bir məsələ deyildi.
Bu, həm uzun vaxt, həm böyük zəhmət,
həm yüksək erudisiya və intellekt, həm də səbir və həvəs tələb edən bir problem idi. Elman müəllim tədricən
bütün çətinliklərin
öhdəsindən uğurla
gəldi. Əvvəlcə
fənnin proqramını
tərtib etdi. Sonra dərslik yazmağa başladı və dərsliyin ilk nəşri
2009-cu ildə işıq
üzü gördü.
Lakin bu, dərsliyin
ilk variantı idi. Bundan sonra müəllif
dərslik üzərində
işini davam etdirdi. Yeni axtarışlar,
yeni materiallar, yeni sənətkarlar,
yeni yanaşma və təhlillər nəticəsində
dərsliyin müxtəlif
illərdə yeni nəşrləri
ərsəyə gəldi.
Hər nəşr əvvəlkinə nisbətən
daha təkmil, daha dolğun və zəngin şəkildə meydana çıxırdı. Beləliklə,
kitabın son, yəni
2025-ci il nəşrinə gələn
yol otuz ildən də çox bir zaman məsafəsini, bir müəllim həvəsini,
türkçü ləyaqətini
və əxlaqını,
alim cəfakeşliyini və
erudisiyasını əhatə
edir. Göründüyü
kimi, dərsliyin uğurunu təmin edən faktorların sayı çoxdur. Ən başlıcası,
bu çoxsaylı keyfiyyətlərin bir şəxsiyyətdə qovuşmasıdır.
Onu da əlavə edək ki, dərsliyin ilk nəşrinə
qədər və ondan sonra prof. E.Quliyevin türk
xalqları ədəbiyyatına
dair bir neçə dərs vəsaiti, monoqrafiyası,
məqalələri və
s. də işıq üzü görmüşdür.
Bunlardan: "Müasir
özbək ədəbiyyatı
tarixi" (Bakı,
1999), "Türkiyə türk
ədəbiyyatı" (Bakı,
2003), "Özbək ədəbiyyatı"
(Bakı, 2009), "Türk
xalqları ədəbiyyatının
yaradıcılıq problemləri"
(Bakı, 2010, həmmüəlliflə),
"Orta əsrlər
türk xalqları ədəbiyyatı" (Bakı,
2010), "Şərq xalqları
ədəbiyyatı" (2 cilddə, Bakı, 2011),
"Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı" (Bakı,
2012), "Abay Kunanbayev"
(Ankara, 2020), "Şərq xalqları ədəbiyyatı
antologiyası" (Almaniya,
2023, həmmüəlliflə) və s. kitabları göstərə bilərik.
Biz buraya müəllifin
Mirzə İbrahimov, Məhəmmədhüseyn
Şəhriyar, habelə
Azərbaycan və Şərq ədəbiyyatının
müxtəlif problemləri
və ədəbi şəxsiyyətləri ilə
bağlı çoxçeşidli
tədqiqatlarını, monoqrafiya
və məqalələrini
də əlavə edə bilərik.
Elman müəllim ilk azərbaycanlı müəllifdir ki, onun ali məktəb dərsliyi (haqqında danışdığımız "Türk xalqları ədəbiyyatı" dərsliyi) özbək dilinə tərcümə edilərək, 2022-ci ildə Daşkənddə nəşr olunmuşdur. Eyni zamanda dərslik 2019-cu ildə Almaniyada, 2024-cü ildə Türkiyədə işıq üzü görmüşdür. Kitabdan həm Özbəkistanın, həm də Türkiyənin bir sıra ali məktəblərində dərslik kimi istifadə olunur. Hal-hazırda kitab Qazaxıstanda ali məktəblərdə tədris məqsədilə qazax dilinə tərcümə edilir.
Biz iftixar hissi ilə deyə bilərik ki, barəsində söz açdığımız kitab yalnız Azərbaycanda deyil, bütün türk dünyasında "Türk xalqları ədəbiyyatı tarixi" fənni ilə bağlı ilk və hələ ki yeganə dərslikdir. Müxtəlif türk xalqları arasında kitaba olan marağın başlıca səbəblərindən biri də budur.
Bir neçə kəlmə də müxtəsər olaraq kitabın son 2025-ci il nəşrinin detalları, təfərrüatı barədə. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, rəyçiləri bir neçə tanınmış filoloq alimlərdir. Məsləhətçilər isə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, TÜRKSOY-un Baş katibi Sultan Rayev, hal-hazırda Türkiyənin (prof. Birol Akgün), Özbəkistanın (Bahrom Aşrafxanov) və Qırğızıstanın (Maksat Mamıtkanov) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri olan yüksək səviyyəli rəsmi dövlət yetkililəridirlər. Kitab yalnız Azərbaycanda deyil, digər türk respublikalarında da eyniadlı fənnin dərsliyi kimi tövsiyə olunmuşdur və ondan həmin ölkələrdə də istifadə edilir. Kitaba millət vəkili, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev "Böyük türk ideallarına xidmət edən kitab" sərlövhəli dəyərli Ön söz də yazmışdır. Qədirşünaslıq naminə onu da əlavə edək ki, dərslik məhz C.Feyziyevin təşəbbüsü və dəstəyi ilə çap olunmuşdur. Millət vəkili kitaba yazdığı Ön sözdə haqlı olaraq deyir: "Sevindirici haldır ki, "Türk xalqları ədəbiyyatı" kitabı digər türk dövlətlərinin universitetlərində də dəyərli tədris mənbəyi kimi istifadə olunur. Professor Elman Quliyevin ...dərsliyinin 2022-ci ildə özbək dilinə tərcümə olunaraq böyük tirajla Daşkənddə, 2024-cü ildə isə Türkiyədə çap olunması, geniş mənada, türk dünyasında bu kitaba olan sevgi və tələbatın göstəricisidir. TÜRKSOY tərəfindən həm bu kitaba, həm də onun müəllifi, prof. Elman Quliyevin türkçülük fəaliyyətinə verilən diqqət və qayğını da vurğulamaq yerinə düşərdi".
Dərslikdə çəkilən əziyyətin, görülən işin miqyasını, tutumunu, çəkisini, əhatə dairəsinin genişliyini anlamaq və təsəvvür etmək üçün onun bölmələrinin adları ilə tanış olmaq kifayətdir: 1.Giriş. 2.Türk dastan yaradıcılığı. 3.Mahmud Kaşğari. 4.Təsəvvüf cərəyanı. 5.Ümumtürk yazılı ədəbiyyatı. 6.Türkiyə türk ədəbiyyatı. 7. Azərbaycan ədəbiyyatı. 8.Özbək ədəbiyyatı. 9.Türkmən ədəbiyyatı. 10.Qazax ədəbiyyatı. 11.Tatar ədəbiyyatı. 12.Qırğız ədəbiyyatı. 13.İraq-türkman ədəbiyyatı. Kitabın daha sonrakı 3 bölməsində qədim türk eposlarından, poeziyasından və nəsrindən bədii nümunələr verilmişdir. Dərslik zəngin və çoxsaylı kitabiyyatla tamamlanır. Ümumiyyətlə, kitabda 14 Türkiyə, 8 Azərbaycan, 12 özbək, 2 türkmən, 3 qazax, 3 tatar, 1 qırğız, 4 İraq-türkman sənətkarı haqqında əhatəli oçerklər yer alır. Kitabın yazılması və tərtibi zamanı müəllif həm tarixi-xronoloji, həm də "seçmə və ələmə" prinsipinə əməl etməli olmuşdur. "Seçmə və ələmə" prinsipi dedikdə, biz onu nəzərdə tuturuq ki, hər bir türk xalqının ədəbiyyatını təmsil edən onlarla və yüzlərlə sənətkar vardır. Təbii ki, həmin sənətkarların hamısını dərsliyə gətirmək mümkünsüzdür. Buna lüzum da yoxdur. Deməli, ədəbiyyatın aparıcı simalarını, əsas təmsilçilərini, belə demək mümkünsə, qaymaqlarını kitaba daxil etmək lazım idi. Müəllif doğru olaraq bu cür də hərəkət edib.
Kitabdakı oçerklər kifayət qədər dolğun, ümumiləşdirici səciyyəyə malik olub, istər elmi, istərsə də tədris-metodiki baxımdan səviyyəli təsir bağışlayır. Müəllifin dili, üslubu yetərincə sadə, anlaşıqlı, bir o qədər də elmidir. Kitab türk xalqlarının ədəbiyyat tarixinin əsas mənzərəsini canlandırmağa, təsəvvür etməyə yetərincə imkan verir. Cəsarətlə deyə bilərik ki, bu dərslik yalnız prof. E.Quliyevin yox, bütövlükdə Azərbaycan türkologiyasının uğuru kimi dəyərləndirilə bilər.
Yaqub BABAYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.29.