Bu isim bir can:
Qarabağ - Azərbaycan!
Musiqi sükutun dekorudur.
Sənət boşluğun dekorudur.
Söz ünsiyyətin dekorudur.
Jurnalistika hər hansı
bir lokal hadisəni, faktı, ünsiyyəti ictimailəşdirmək,
onu müasirlərilə
bölüşmək, produktiv
fikirləri zamanında
aktivcəsinə paylaşmaq
vasitəsidir. Jurnalist
həmişə gündəmi
hədəfləyir. O, müasirlərinin
sükutunu pozub diqqəti problemin aktuallığına yönəldən
adamdır.
83 yaşlı Fazil Rəhmanzadə jurnalistikasının
mayası fakt deyil, hadisə deyil, ünsiyyətdir, dialoqdur, ülfətdir. Sadəcə, o dialoqu, ülfəti, adi dostluq münasibətlərini
fakta, hadisəyə çevirə bilən, ünsiyyət zamanı məsələləri spektral
görükdürməyi bacaran,
peşəkar qələm
sahibidir.
Dünyanı görə-görə gəlmək, düşünə-düşünə
yaşamaq, ömürboyu
hər gün müxtəlif insanlarla tanış olmaq, kimlərləsə ülfət
bağlamaq, dost qazanmaq,
kimlərdənsə ayrılmaq,
ancaq unutmamaq, daim var olduğun mühit içrə qəhrəman axtarmaq, onlardan ürəkdolusu yazılar yazmaq, gündə-gündə toplumun
problemlərini gündəmə
gətirmək və bundan usanmamaq, yazmaq, yazmaq, bir daha yazmaq
- bu, jurnalist görəvidir, jurnalistin missiyasıdır, onun yaradıcılığının əzəl mübtədasıdır.
Jurnalistin
sözü jurnalistin yandırdığı məşəldir.
Məqsəd insanlar və mədəniyyətlər
arasında körpüləri
sözlə işıqlandırmaqdır.
Bu məşəllər cəmiyyəti
qaranlıqdan aydınlığa
çıxaracaq yolun
siqnallarıdır.
Azərbaycan mətbuatı səhifələrində
öz imzası ilə artıq jurnalistikamızın tarixi
bir hücrəsini bulmuş Fazil Rəhmanzadə də bütün yaradıcılığı
boyu xalqın, toplumun siyasi və mədəni həyatını işıqlandırmağı,
bu həyatı təmin edən personaların dühasını
fərqli-fərqli müsahibə
və təsvirlərin,
vətənpərvərlik ruhuna köklənmiş mülahizələrin köməyilə
millətin hafizəsinə
hopdurmağı özünə
hədəf seçib.
Onun yenicə çapdan çıxmış
"Duyğuların gözü
ilə" məqalələr
toplusu da söylədiklərimə
bir nümunə...
Fazil Rəhmanzadə Azərbaycan
jurnalistikasının zirvə
qartalıdır.
Nədən ki, o, həmişə Azərbaycanın siyasət
və mədəniyyət
tarixində zirvəyə
dönmüş şəxsiyyətlərin,
yəni millətin fəxr və qürur zirvələrinin
ətrafında dövrə
vura-vura, onların niyyət, amal, eyləm və əməllərindən aləmə
car çəkə-çəkə hər zaman milli ideologiyaya
xidmət edib, milli ideologiyanın gündəliyini
emosional bir ruhda, ünsiyyət kompozisiyasında qələmə
alıb.
Siyasətdə bu zirvə Heydər Əliyevdir: Fazil Rəhmanzadə "Duyğuların gözü
ilə" kitabını
ulu öndərin şəxsiyyətinin,
onun ideyalarının,
dövlətçilik, müstəqillik
konsepsiyasının, sənətə,
sənətkarlara münasibətinin
işığına tutaraq
yazıb və hətta mən deyərdim ki, o özünün
bütün jurnalist fəaliyyətini məhz bunun üzərində qurub. Maraqlıdır, sən bu kitabı
oxuyarkən, jurnalistin
hər məqaləsinə
Heydər Əliyevin sanki qiyabi şəkildə
hüzur gətirdiyinə,
onun məqalələrini
izlədiyinə şahid
olursan və haradasa qəlbinin dərinliklərində inanırsan
ki, bu məqalələrin
hamısı ilk növbədə
ulu öndərə ünvanlanıb.
Çünki Fazil Rəhmanzadənin yazılarının
hamısında bir raport, bir hesabat
ruhu aydın duyulur.
Diplomatiyada bu zirvə müxtəlif dövlət
vəzifələrində çalışmış
Həsən Həsənovdur:
1992-93-cü illərdə BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında Azərbaycan
Respublikasının Daimi
nümayəndəsi, Fövqəladə
və Səlahiyyətli
səfiri Həsən
Həsənov ABŞ-da Fazil
Rəhmanzadə üçün
azərbaycanlı mühacirlərin
həyatına qapılar
açır və Fazil müəllim bu "qapı"lardan istifadə edib, əsas etibarı ilə Cənubi Azərbaycandan olan mühacirlərlə bir ünsiyyət şəbəkəsi
yaradır, onların psixologiyasını, məişət
qayğılarını öyrənməyə
çalışır. Jurnalistin
mühacirlərlə irihəcmli
səmimi müsahibələri
bir tərəfdən,
bu insanların vətən həsrətinin
sona yetdiyinə bir işarə olur, digər tərəfdən də, müstəqil Azərbaycan
Respublikası ilə təmasın mümkünlüyünü
bildirir. Ona görə
də Fazil müəllimin jurnalist məqalələri hər
zaman "Azərbaycan evi"ni
yansıdır. Əslində,
Azərbaycan evi Fazil Rəhmanzadənin ürəyidir: sanki bu şəxs Yer üzünün bütün azərbaycanlılarını
öz ürəyinə
sığışdırmağa çalışır. Onun
Həsən Həsənovla
bir dost ünsiyyəti
təkcə azərbaycanlı
mühacirlərlə yaxınlaşmaq
ehtiyacından irəli
gəlmir. Bu, eyni zamanda azərbaycanlıların
soykökü barədə
düşünmək, qədim
Aramey mənbələrində
və Fəzlullah Rəşid əd-Dinin salnamələrində adıçəkilən
Aqus/Ağuz ölkəsilə bağlı
məlumatları gündəmə
gətirmək, bir daha xalqın diqqətinə çatdırmaq
fürsətidir.
Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə
Komitəsində bu zirvə Fazil Rəhmanzadə üçün
general-mayor Cəbrayıl Usubovdur:
o adam ki, jurnalistin məqalələrində təmənnasız
xeyirxahlığın ismi
kimi təzahür eləyir, Fazil müəllimin görkəmli
Azərbaycan sənətçilərindən
kitablar yazmaq arzusunun gerçəkləşməsinə
mütəmadi yardımçı
olur. Əbəs deyil ki, "Duyğuların
gözü ilə"
kitabında general-mayor "Sözün qeyrətini çəkən kişi"
epitetilə səciyyələndirilib
jurnalistin qəhrəmanları
sırasında mövqelənir.
Azərbaycan klassik musiqisində
bu zirvələr Qara Qarayevdir, Fikrət Əmirovdur, Niyazidir, Arif Məlikovdur. Mən Fazil müəllimin "Qara Qarayev dühası"
məqaləsindən çox
etkiləndim. Bu məqalədə
mənə ləzzət
eləyən bir neçə məqam oldu. Mən gördüm ki, Fazil Rəhmanzadə hər bir situasiyada təkcə jurnalist kimi qalmaqla, hadisəni kənardan təsvir edib ona münasibət bildirməklə kifayətlənmir:
o, hadisənin episentrinə
doğru gedir, birbaşa hadisənin iştirakçısına çevrilir,
öz qəhrəmanı
uğrunda mübarizə
aparır. SSRİ dönəminin
ən yüksək ödüllərindən biri
sayılan Lenin mükafatına
dahi Qaranın iki dəfə təqdim edilərək bu mükafatı almamasını Fazil Rəhmanzadə həm öz şəxsi problemi, həm Azərbaycanın problemi, həm də Azərbaycana, dünyamiqyaslı
bəstəkara qarşı
sovet mədəniyyət
qurumlarının ədalətsizliyinin
həyasız təzahürü
kimi qavrayır.
Nəhayət ki, 1967-ci il aprelin 22-də Qara Əbülfəz oğlu Azərbaycanın çox dəyərli dövlət xadimlərinin
səyləri nəticəsində
Lenin mükafatı ilə
təltif edilir. Lakin bu tarixdən öncə F.Rəhmanzadənin
məsələdən artıq
müfəssəl xəbəri
vardı. İş bu ki, Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin
baş katibi Leonid İliç Brejnevin qəbulundan Qara Qarayevin təltifilə bağlı əminlik əldə edib çıxan Azərbaycan
dövlətinin görəvlisi,
xalqın sevilən ziyalısı Şıxəli
Qurbanov bu müjdəni birinci elə Moskvada ikən "Bakı" və "Baku" axşam
qəzetlərinin şöbə
müdiri Fazil müəllimlə bölüşür.
Mən əminəm
ki, bu faktdan və Fazil Rəhmanzadənin
operativ şəkildə
hadisənin mərkəzi
iştirakçılarının arasında olmasından geniş oxucu auditoriyasının xəbəri
yoxdur.
Ondan da xəbəri yoxdur ki, bir-birilə uzun müddət küsülü
qalan dahi Qara Qarayevlə dahi Fikrət Əmirovu barışdıran
şəxs məhz
ulu öndərin özü
olur. Lakin buna rəğmən,
Fikrət Azərbaycan
KP MK-nın 1971-ci il plenumunda
nəhənglər nəhəngi
Qara Qarayevi öz məruzəsində
yenidən sərt tənqid edir. Və bu tənqiddən
sonra Qara hamıdan inciyib həmişəlik Moskvaya
köçür.
Yenə
də Heydər Əliyev fenomeni!!!
Ulu öndər Qara Qarayevə Sosialist Əməyi Qəhrəmanı
adının verilməsində
mühüm rol oynayır, sonra isə Moskvada çalışarkən, bəstəkarın
xəstə günlərində
diqqətini, qayğısını
ondan əsirgəmir və dahi Qaranın
Fəxri Xiyabandakı
dəfn mərasimində
tribunaya vida sözü söyləmək
üçün Fikrət
Əmirovun dəvət
edilməsində israrlı
olur. Yalnız müdrik adamlar belə dəqiq qərar verib tarixçəni idealcasına
yekunlaşdıra bilirlər.
Sonucda Fikrət Əmirov tribunaya qalxıb Qara Qaryevin son mənzilinin astanasında çox ləyaqətli bir nitq söyləyir, onun musiqi dühasından
major tonlarda danışır.
F.Rəhmanzadənin topluya
yığılmış məqalələri,
bax, bu cür
gözlənilməz təsirləndirici
faktların dramatik təqdimilə zəngindir.
Sovet estradasında bu zirvələr Müslüm
Maqomayev və Vaxtanq Kikabidzedir. Onların hər ikisi məşhur estrada ulduzları olmalarına rəğmən,
Fazil Rəhmanzadə ilə yaxından dostluq eləyib, bu jurnalisti öz
əziz sirdaşı
bilib. Mən "Duyğuların gözü
ilə" məqalələr
toplusunun mahiyyətinə,
cövhərinə vararkən,
birdən-birə aydınlaşdırdım
ki, sən demə, bu kitab öz xarakteri, poetikası etibarı ilə dostlar məclisinin emosional, eyforik stenoqrammasıdır, dostlarla
görüşlərdən reportajdır, dostlar adına yazılan şərəfnamədir:
həqiqətən, bu
kitaba bir məclis ruhu hakim; hamı bir-birinin tanışıdır, hamı
bir-birinə şaddır.
Fazil Rəhmanzadənin
jurnalist üslubunda bu özəl, dominant bir əlamət: o nə vaxt kimdən
nə yazıbsa, kiminlə müsahibə aparıbsa, hər zaman həmin şəxslə dostlaşmağı bacarıb;
istər Nəsibə
Zeynalova olsun, istər Zeynəb Xanlarova, istərsə də hər hansı başqa birisi... Hətta bu kitabı vərəqləyə-vərəqləyə
mənə elə gəldi ki, bütün azərbaycanlıların adı
onun dostluğunda var.
Fazil Rəhmanzadə Azərbaycan
teatr mədəniyyətinin
zirvələri ətrafında
dönüb-dönüb onlardan
bol-bol yazmağı
da sevən bir jurnalist olub, bütövlükdə, Azərbaycan
teatrına aşiq birisi olub. Milli teatr üfüqlərində
Fazil müəllimin tərcih etdiyi zirvələr Nəsibə
Zeynalovadan savayı, Ədil İskəndərovdur,
Şəmsi Bədəlbəylidir,
Ələskər Ələkbərovdur.
Əlbəttə, Azərbaycan
səhnəsinin korifeyi
statusunda Hacıməmməd
Qafqazlını da bura
qatmaq mümkün. Belə ki, H.Qafqazlının
83 yaşı olarkən
Fazil Rəhmanzadə onu əla və
müfəssəl danışdırıb,
teatr tariximizin canlı şahidinin özünəməxsus müşahidə
və düşüncələrini
teatrşünaslıq elmindən
ötrü fiksə eləyib.
Hərçənd mənim üçün,
ilk növbədə, onun
Ələskər Ələkbərovla
bağlı yazdıqları
maraqlı idi. Çünki müəllimim,
professor Mahmud Allahverdiyev Azərbaycan
teatrının Ələskər
Ələkbərov möcüzəsini
genişhəcmli monoqrafiyasında
mükəmməl tədqiq
etmişdi və mən elə sanırdım ki, bu sənətçi ilə
bağlı daha heç kim yeni heç nə deyə bilməz. Çünki Mahmud müəllim
bir aktyor kimi də Ədil
İskəndərovun teatrında
Ələskər Ələkbərovla
çiyin-çiyinə çalışmışdı,
hətta bir sıra tamaşalarda onunla tərəf-müqabil
də olmuşdu.
Lakin Fazil Rəhmanzadənin jurnalist tədqiqatı əsasında mən Ələskər Ələkbərov barədə daha bir maraqlı, bəlkə də həmin dövr üçün olağanüstü bir faktı öyrəndim. Jurnalist bu informasiyanı aktyorun gündəlik qeydlərindən əldə eləyib: 1956-cı ildə Ə.Ələkbərov SSRİ-nin teatr xadimlərinin tərkibində Şekspir faciələrinin səhnə təcəssümü ilə bağlı Budapeştdə keçiriləcək beynəlxalq konfransa qatılmaq niyyətilə Macarıstana gəlir. Lakin Macarıstanda oktyabrın 21-də qəfil başlanan, haradasa, 200 min nəfəri əhatələyən, "Azadlıq və islahatlar" məfkurəsinə köklənmiş iğtişaşlar ucbatından onları Varşava Dram Teatrının aktyoru Vladimir Zaniyeviçin müşayiətilə Polşaya göndərirlər. Zaniyeviç biləndə ki, Ə.Ələkbərov Otello rolunun ifaçısıdır, aktyora fürsətdən yararlanmağı təklif edir: deyir ki, bizim də teatrın repertuarında "Otello" tamaşası var; bir-iki günlük məşqdən sonra Otello rolunda siz də bizim aktyorlarla birgə səhnəyə çıxa bilərsiniz. Beləliklə, Varşava Dram Teatrının səhnəsində Ə.Ələkbərov azərbaycanca danışa-danışa Otellonu oynayır və onu, qulaqcıqlarda eşidilmək şərtilə, seyrçilər üçün sinxron tərcümə edirlər. Unikal bir hadisədir: Azərbaycan aktyoru ilk dəfə xarici bir ölkənin səhnəsində tək qastrolçu aktyor kimi tamaşa oynayıb.
Onu da söyləyim ki, bu faktı mədəniyyətimizin gündəminə gətirmiş F.Rəhmanzadənin atdığı addım da unikal olub. O, Ələskər Ələkbərovun gündəlik qeydinin həqiqətini öyrənmək, bunu sənət faktı kimi təsdiqləməkdən ötrü bayaq adını çəkdiyim general C.Usubovun dəstəyilə birbaşa uçub Varşavaya, həmin tamaşa haqqında məlumat toplayıb və bunu Azərbaycan teatr tarixinin mühüm bir səhifəsi kimi təqdim etməklə bir fəxr yaşayıb.
Mən hələ Rober Osseyni demirəm ki, Fazil müəllim onu Parisdən Nyu-Yorka uçarkən, təyyarədə "yaxalayır", bu məşhur fransız aktyorunu yenidən Rüstəm Hüseynzadə soyadı ilə Azərbaycan üçün kəşf edir, onun ruhuna, varlığına Azərbaycanı nəhayət ki, bir vətən kimi qondurmağa çalışır və hətta bunu bacarır da...
Fazil Rəhmanzadə jurnalistikasından daha hansı "zirvə"lərin adı keçmir ki... Onun məqalələri çox tanınmış azərbaycanlının görüşüb söhbətləşdiyi, sevindiyi və dərdləşdiyi bir hücrə rolunu oynayıb həmişə...
Amma bütün bunlarla yanaşı, Rəhmanzadə yaradıcılığında bir guşə var ki, yeri çox xüsusidir. Məsələ ondan ibarət ki, Fazil müəllim yeniyetməlik çağlarında, gənclik illərində futbolun böyük aşiqi olub və qəribəsi də budur ki, o futbolu sevib, futbol da onu...
Elə bu üzdən də Azərbaycan futbolunun tarixində Fazil Rəhmanzadə üçün zirvələr Tofiq Bəhramovdur, Ələkbər Məmmədovdur, Anatoli Banişevskidir. Fazil müəllim onların hamısının haqqında yazıb; onlardan öz doğmaları, öz komanda yoldaşları kimi yazıb. Və sən taleyə bax ki, Böyük Britaniya kraliçasının fərqləndirdiyi, "qızıl fit"ə sahib Tofiq Bəhramov həm də gənc Fazilin idman müəllimi olub, onu istedadlı futbolçu qismində fərqləndirirb, uşaq və yeniyetmə furbolçular bölməsində görməyi arzulayıb. Amma dünya elə dönüb, elə fırlanıb ki, Fazil Rəhmanzadə aktiv futboldan uzaqlaşıb, jurnalistikada sözlərlə, fikirlərlə bir hücumçu mövqeyində "futbol oynayıb", vaxtaşırı futbol aləmindən yazmağı da unutmayıb və özünün duyğusal, nostalji dolu bir məqaləsini 60-70-ci illərdə az qala, Milli Qəhrəman kimi qavranılan Tofiq Bəhramova həsr edib. Bu məqalənin maraqlı cəhəti ondadır ki, Tofiq Bəhramovun fiquru jurnalist tərəfindən müxtəlif baxışların kəsişməsində işıqlandırılır.
Bir yandan, UEFA-nın keçmiş prezidenti və məşhur fransız futbolçusu Mişel Platini, bir yandan, Ukrayna "Dinamo"sunun bombardiri Oleq Bloxin, bir yandan da, sovet estradasının ulduzu İosif Kobzonun fikirləri Tofiq Bəhramovun portretini dünyanın idman tarixi üçün monumentallaşdırır. Yəni futbol arenalarında belə bir hakim olmayıb, yoxdur və olmayacaq da...
Hələ mən bu məqaləyə F.Rəhmanzadənin dünya elminin Lütfi Zadə, Kərim Kərimov kimi elm zirvələri, Azərbaycanın kino mogikanı Əjdər İbrahimov barədə yazdıqlarından söz açmıram. Nədən ki, Fazil müəllimin jurnalist fəaliyyətini, Xəzərin suları kimi ləpələnən yazılarını bir məqalə çərçivəsində əhatə etmək mümkünsüzdür. Hərçənd "Duyğuların gözü ilə" toplusu Fazil müəllimin öz yaradıcılığından seçdiyi yalnız bir sıra məqalələrinin məcmuyudur; elə məqalələrin ki, müəllifinin dünyasını, xarakterini, məfkurəsini, tərcihlərini yüzdə yüz yansıdır.
Amma bilirəm, məndən mütləq soruşacaqlar, soruşmasalar da, öz içlərində fikirləşəcəklər ki, niyə Aydın Talıbzadə götürüb də birdən-birə Fazil Rəhmanzadənin kitabından bir məqalə yazsın? Səbəbi nə? Sualı cavablamaq isə hər zaman mərdanə sadəlik...
Əvvəlcə, onu söyləyəcəyəm ki, "Bakı" və "Baku" axşam qəzetlərinin yeri mənim üçün çox önəmli: hər iki qəzet Azərbaycan mətbuatında mənim yolumun başlanğıcı. Hələ tələbə ikən mənə qəzet səhifələrində dərc olunmağa imkan yaratmış Fazil Rəhmanzadə, Ağəddin Mansurzadə, Aqil Dadaşovun və təbii ki, qısa tanışlıqdan sonra məqalələrimin çapına şəxsən icazə vermiş qəzetin baş redaktoru Nəsir İmanquliyevin xatirələri məndən ötrü çox əziz. Odur ki, Fazil müəllimin öz kitabını mənə lütfkarcasına hədiyyə etməsindən xeyli mütəəssir oldum. İkinci: bu yazılar mənə 60-80-ci illərlə bağlı xəfif bir nostalji yaşatdı: sanki valideynlərimin dünyasına, 190 nömrəli məktəbin futbol meydançasına bir anlığa gedib-qayıtdım. Üçüncü: məqalələr toplusunu oxuduqca mən Fazil Rəhmanzadə yazılarının jurnalistin Azərbaycana, azərbaycanlılara olan sonsuz, aşıb-daşan sevgisindən pöhrələndiyinə şahidlik etdim və belə bir insanla tanışlığımdan qürurlandım. "Bu isim bir can": QARABAĞ AZƏRBAYCAN - Fazil Rəhmanzadə məfkurəsinin koordinatları...
Aydın
TALIBZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.18-19.