Dünya şöhrətli
Rüstəm İbrahimbəyov
Uzun illər Moskvada yaşamış olan və çoxşaxəli
yaradıcılıq fəaliyyəti
ilə ədəbi ictimaiyyətimiz tərəfindən
yaxşı tanınan
Azərbaycan ədəbi-mədəni
mühitinin ən görkəmli nümayəndələrindən
biri sayılan Rüstəm İbrahimbəyov
iyirmidən artıq nəsr, pyes və kinossenari kitablarının müəllifidir.
Tanınmış nasir,
kinodramaturq, kinorejissor,
prodüser, Azərbaycanın
əməkdar incəsənət
xadimi (1976), Rusiya Federasiyasının əməkdar
incəsənət xadimi
(1995), Azərbaycanın xalq
yazıçısıdır (1998). O,
1994-cü ildə "Günəşdən
usanmışlar" filminin
ssenari müəllifi kimi kino sənəti sahəsində dünyanın
ən nüfuzlu kino ödülü sayılan
Amerika Kinematoqrafiya Sənəti
və Elmi Akademiyasının "Oskar" mükafatını alan
ilk və yeganə Azərbaycan kino sənətkarıdır.
Həyatı. İbrahimbəyov Rüstəm
Məmmədibrahim oğlu
5 fevral 1939-cu ildə,
əslən qədim Şamaxıdan olan sənətşünaslıq professoru
İbrahimbəyov Məmmədibrahim
Əhməd oğlu və Məşədibəyova
Fatima Ələkbər qızının
ailəsində Bakıda
anadan olmuşdur. Rüstəm İbrahimbəyov
orta məktəbi bitirdikdən sonra 1956-1961-ci
illərdə M.Əzizbəyov adına
Bakıda Azərbaycan
Dövlət Neft və Kimya İnstitutunun
istehsal proseslərinin
avtomatlaşdırılması fakültəsində ali təhsil almışdır.
İki il Azərbaycan
SSR EA-nın Kibernetika
İnstitutunda elmi işçi kimi çalışmışdır.
Rüstəm İbrahimbəyov 1963-cü ildə Moskvada SSRİ Kibernetika İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirant olan dövrdə avtonəqliyyatın
idarə edilməsinin
nəzəri sistemlərinə
dair bir neçə elmi iş ortaya qoymuşdur. Lakin kinoya və ədəbiyyata olan sönməz marağı tezliklə onu elmdən birdəfəlik əl çəkməyə vadar
etmişdir. 1965-1967-ci illərdə
Ali Dövlət Kinematoqrafiya
İnstitutunda (VGİK) məşhur
kino korifeyi Sergey Gerasimovun
(1906-1985) rəhbərliyilə ali ssenari və
1972-1974-cü illərdə isə ali rejissorluq
kurslarını bitirmişdir.
1976-cı ildə kino sənətində
əldə etdiyi yüksək nailiyyətlərə
görə Rüstəm
İbrahimbəyova Azərbaycan
SSR əməkdar incəsənət
xadimi adı verilmişdir.
"Səhranın ağ günəşi" və
"Qum üzərində ev"
filmlərinə görə
Ümumittifaq Lenin komsomolu
mükafatına layiq görülmüşdür. "Ad günü" filmi Bakıda
keçirilən VII Ümumittifaq
televiziya filmləri festivalında laureat adını almışdır
(1979). "Ad günü", "İstintaq" filmlərinin
ssenari müəllifi Rüstəm İbrahimbəyova
Respublika (1980) və SSRİ Dövlət mükafatı
(1981) verilmişdir. Rüstəm
İbrahimbəyov uğurlu,
məhsuldar kinodramaturq
və rejissor kimi də fəaliyyət
göstərmişdir. "Uqra - sevgi ərazisi"
filminə görə
1993-cü ildə Venesiya,
habelə "Feliks" Avropa
kinofestivallarının baş
mükafatını almışdır.
"Günəşdən usanmışlar" kinolentinin
ssenari müəllifi kimi R.İbrahimbəyov
Kann kinofestivalının
Qran-Pri və ABŞ-ın kinematoqrafiya sənəti akademiyasının
"Oskar" mükafatlarını almışdır (1995). Rüstəm
İbrahimbəyov kino və
kinodramaturgiya sahəsində
ssenari müəllifi kimi dörd dəfə Rusiya Federasiyasının Dövlət
mükafatını alan
yeganə sənətkardır:
1993 - "Uqra - sevgi ərazisi", 1996 - "Günəşdən
usanmışlar", 1997 - "Səhranın ağ günəşi", 1999 - "Sibir bərbəri" filmləri.
Rüstəm İbrahimbəyov uzun
müddət Azərbaycan
Kinematoqrafçılar İttifaqı
idarə heyətinin katibi, birinci katibi və sədri vəzifələrində
çalışmışdır
(1967-2014). 1989-1991-ci illərdə SSRİ
Ali Sovetinin deputatı
olmuş, həmin hərc-mərclik dövründə
Moskvada, SSRİ Ali Sovetinin
iclaslarında Azərbaycanın
maraqlarını hər
an qızğınlıqla müdafiə etmişdir. Sağlığında Azərbaycanın
dünyada tanıdılması
baxımından hərtərəfli
istedad sahibi Rüstəm İbrahimbəyovun
əvəzsiz xidmətləri
olmuşdur. O, doğma
Azərbaycanın, SSRİ-nin,
Rusiya Federasiyasının
və sivil dünyanın bir çox aparıcı ölkələrinin müxtəlif
fəxri adlarına, mükafatlarına, orden-medallarına
layiq görülmüşdür.
Böyük sənətkar
10 mart 2022-ci ildə Moskvada
əbədiyyətə qovuşmuş,
doğma Bakıda Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Yaradıcılığı. Nəsr əsərləri. İstedadlı
qələm sahibi Rüstəm İbrahimbəyov
yaradıcılığa nəsrlə
başlamışdır. O, 1962-ci ildə "Molodyoj Azerbaydjana" qəzetində
dərc etdirdiyi "Mürəbbəsiz çörək"
hekayəsilə ədəbi
aləmə qədəm
qoymuş və ömrünün sonuna qədər bütün əsərlərini rus dilində yazmışdır.
İlk hekayələr kitabı
"Ezamiyyətdə və
evdə" 1970-ci ildə
"Gənclik" nəşriyyatında
işıq üzü
görmüşdür (T.Ə.Əhmədov. XX əsr
Azərbaycan yazıçıları.
Ensiklopedik məlumat kitabı. Bakı, "Nurlar", 2004. s. 747. 984 səh.).
Onun nəsr əsərlərinin
əksəriyyəti rus
realist ədəbiyyatının ənənələrindən qaynaqlansa
da, qəhrəmanların davranışlarındakı
psixoloji dayaqlara üstünlük vermək,
obrazların daxili ruhunun dialektikasını qabartmaq, "kiçik"
insanın taleyi mövzusunu Şərq düşüncə tərzi
zəminində təsvir
etmək məqamları
müəllifin bədii
obrazlarının sırf
azərbaycanlı zehniyyəti
tərəfindən Azərbaycan
milli mentaliteti kontekstində
araya-ərsəyə gəldiyini
aydın göstərir.
R. İbrahimbəyov bir
sıra hekayələrin,
"Unudulmuş avqust",
"Sakit bir gün", "9-cu Xrebtovuda",
"İşgüzar səfər",
"Nəğmə dərsi",
"Mezozoy tarixi",
"Park" və digər
povestlərin müəllifi
olsa da, ən çox dramaturq və ssenarist kimi tanınır. Onun nəsri və pyesləri dünyanın bir çox dillərinə tərcümə edilmiş,
demək olar ki, yaradıcılığı bütövlükdə
ekranlaşdırılmışdır. Müəllifin ən populyar və əhəmiyyətli nəsr
əsərləri Bakı,
Moskva və Sankt-Peterburqda
nəşr olunan aşağıdakı kitablarda
toplanmışdır: "Musiqi tapşırığı",
Bakı, "Yazıçı",
1973; "Nəğmə dərsi",
Bakı, "Gənclik",
1974; "Unudulmuş avqust.
Sakit bir gün". Nəsr toplusu, Moskva, "Gənc qvardiya", 1974; "Mezozoy
tarixi", Bakı,
"Azərnəşr", 1975; "Povestlər və hekayələr", Bakı,
"Azərnəşr", 1978;
"Park", Moskva, "Sovet yazıçısı", 1982; "Təbəssümlə oyanmış",
Bakı, "Yazıçı",
1986; "Seçilmiş əsərləri",
Bakı, "Azərnəşr",
1989; "Köçəri" romanı, Sankt-Peterburq,
"Amfora", 2006; "Seçilmiş
nəsr əsərləri",
Sankt-Peterburq, "Amfora",
2008 (Abuzar Baqirov. Moskovskaə azerbaydjanskaə
literaturnaə sreda.
Moskva, "Xudojestvennaə literatura",
2017. s. 118. 336 s.) və s.
Rüstəm İbrahimbəyovun yaradıcılıq
irsində Rusiyada azərbaycanlıların həyat
tərzinin müxtəlif
məqamlarda əks olunduğu milli mövzularda
povestlər və hekayələr az deyildir. "Ezamiyyətdə"
(1970) hekayəsində əsərin
qəhrəmanı - bakılı
Altay Mərdanov Moskvada
təsadüfən həmyerlisi
ilə görüşür
və həmşəhərlisi
bütün varlığı
ilə ona şəxsi həyatı necə qurmağın zəruriliyini anlatmağa çalışır: "Kitablar
kitab yerində, iş
iş yerində, amma yaşamaq da lazımdır. Sənin uşaqlarının günahı
nədir? Əgər sən bu gün
də masa arxasında
otursan, onlar sənin kimi keçəl və eynəkli doğulacaqlar..."
(Rustam İbraqimbekov. "V komandirovke" [Glektronnıy
resurs]. Rejim dostupa: http://www.libros.am/book/ read/id/251488/sluq/v-komandirovke-1). Paytaxtdakı
sərgüzəştlər o illərdə moskvalı qızlar arasında qafqazlılara münasibətdə
mövcud stereotiplərlə
daha da çətinləşirdi:
"qafqazlıların hamısı
alverçi və aldadıb qadınları yoldan çıxaranlardır".
Bu səbəbdən də
qızla, qadınla tanış olan alim sübut etmək məcburiyyətində qalırdı
ki, qafqazlılar arasında,
xüsusən də, azərbaycanlılar arasında,
"yalnız dəfnə
yarpağı alverçiləri
və qadın aldadanlar deyil, həm də layiqli insanlar vardır" və şübhəsiz ki, Altay Mərdanov
da onlardan biridir. Stereotipləri məhv edən "cəsarətli"
ziyalı azərbaycanlı
qızla tək qalsa da, klassik versiyada olduğu kimi, qadının dəvətindən sui-istifadə
etmir, ona toxunmur və hekayənin sonunda bacısının tanımadığı
bir adamla görüşmək naminə
mənzilə buraxmadığı
bir yeniyetməyə alimin kömək etmək kimi nəcib istəyi qalib gəlir. Altay Moskvaya veyillənməyə,
eyş-işrətə gələn
"laübali" qafqazlılardan
daha çox, XX əsr rus ədəbiyyatı
və kinosunun klassik qeyri-adi obrazlarına bənzəyən,
"əhli-hal" olmayan
qəribə bir ziyalı təsiri bağışlayır.
"Xalqlar dostluğu" jurnalında (2001, №8) nəşr
olunan "Hava məbədi" povestində
azərbaycanlı qəhrəmanların
həyatı bir neçə müvəqqəti
zaman kəsimində təsvir
edilmişdir. Əsərin
qəhrəmanlarından biri
olan Əmirhüseyn, süfrəyə kabab veriləndə
yuxuya gedib, kababdan əli üzüldüyünə görə
ayılanda toyda qalmaqal sala bilən,
Fransanın Marsel şəhərində aşpaz
işləyə bilən
və bütün dostlarına, tanışlarına
faizlə pul verə bilən bir kosmopolit bakılı obrazını
təcəssüm etdirir.
O, ən adi gülməli bir şeydən qəzəblənərək,
həddindən artıq
əsəbiləşib özündən
çıxa bilən,
dostlarını və
qohumlarını söz
alovu ilə yandırmağa hazır olan bir adamdır:
"Lənətə gəlin!
Bütün ailəlikcə!
Sizin üzünüzdən
doğma şəhərimdən
qaçdım, amma siz məni burada
da tapdınız. Sizin
ucbatınızdan heç
yerdə mənə həyat yoxdur! İki ay bu dovşanı böyütdüm,
içirtdim, yedizdirdim.
İndi hər şey
hədər getdi, sous
yandı və qovurma acı tam verəcək..." (Rustam İbraqimbekov.
"V komandirovke" [Glektronnıy
resurs]. Rejim dostupa: http://www.libros.am/book/ read/id/251488/sluq/v-komandirovke-1). İkinci
daha irihəcmli plandakı təhkiyə Azərbaycanda müharibədən
sonrakı dövrləri
təsvir edir, "hətta tanımadığı
bakılılar da bir-birlərini
salamlayırdılar, günahsız
insanlara böhtan atan möhtəkirlərin
belə özünəməxsus
şərəf kodeksi
vardı və nəhayət, müharibədən
şikəst qayıdan
qanuni ərini atıb sevgilisilə qaçan gənc arvada adamların mənfi münasibəti anlaşılan əxlaqi yanaşma idi" (Yenə orada). Keçmişin faciəli
hadisələri müasir
dövrdə əks olunur və povestin əsas həll olunmamış problemi Allahın lütfü mövzusudur -
varmı Yaradanın lütfü? Günahsız
insanlar hansı səbəbdən əziyyət
çəkirlər? Kislovodskdakı
ən yaxın restoranın adı ilə "Hava məbədi" adlanan ev, çoxşaxəli qohumluq əlaqələrini
ehtiva edən çoxrəngli xalça
kimi zamanları və ailələri birləşdirən əsas
məkana çevrilir.
Povestin Azərbaycan materialına və koloritinə söykənməsinə
baxmayaraq, yenə də klassik rus ədəbiyyatı ənənəsində qalır,
seçilmiş yola şərəf, sədaqət,
sadiqlik məsələlərinə
toxunulur.
R.İbrahimbəyovun "Xalqlar
dostluğu" jurnalının
eyni sayında dərc olunan "Dalğaların toplanması"
adlı başqa bir povesti də
zamanın müxtəlif
qatlarını əhatə
edir. Təhkiyə müasir zamandan sovet dövrünə üz tutur, qəhrəmanlardan birinin atası oğluna, yəni "Murtuza at minməyi, qoç kəsməyi və kabab çəkməyi öyrətməyə
macal tapır", lakin tezliklə ölür: "onu məsciddə tələsik
yudular və bir parça ağa bükdülər
- ata partiyanın üzvü idi və mərasim gizli keçirildi" (Yenə orada). Azərbaycanda qəssab olan Murtuz mağazasını
genişləndirərək ölkənin dil siyasətindəki dəyişikliklər
səbəbindən uzun
müddət populyar olmayan qonşu kitabxananı ələ keçirməyə çalışır:
"Kitabların yarıdan
çoxu rus dilində olduğuna görə praktik olaraq onları oxuyan yox idi.
Qalan hissəsi kiril əlifbasındadır
və ölkə isə latın əlifbasına keçmişdi"
(Yenə orada). Müəllif bu sadə, gündəlik faktla ölkəni bürüyən mədəni
böhranın dərinliyini
göstərir, çünki
müasir Azərbaycan
XX əsrdə üç
dəfə öz əlifbasını dəyişmişdir:
1929-cu ildə ərəb
əlifbası latın
əlifbası ilə
əvəzlənib, 1940-cı ildə kiril əlifbası qəbul olunub və 2001-ci ildə yenidən qətiyyətlə latın
qrafikasına keçildi.
Süjetin daha dəhşətli
bir dönüşünü
ölkədə hörmətli
bir insanın, akademik Əsədovun kitabxananın ləğvi
problemilə əlaqədar
öldürülməsi və
akademikin yaxın dostunun şərlənməsi,
günahlarını boynuna
almağa məcbur etmək üçün ona verilən işgəncələrin realistik
cizgilərlə təsviri
təşkil edir. Əsərin adı Bakıda baş verən hadisələrin əsas münaqişəsini
və mahiyyətini, şəhəri bürüyən
zorakılıq dalğalarını,
yuvarlanan, qarşısıalınmaz
zəncirvari hərəkət
dalğalarını əks
etdirir: "Eldar başa düşməyə
çalışırdı ki, müxtəlif, həm yaxın, həm də ondan uzaq
insanlar tərəfindən
törədilən bəd
əməllər, daha
doğrusu, bu bəd əməllərin
nəticələri çətinliklə
görünən dalğalar
kimi bir-birinin üzərinə yığılaraq,
birdən bütöv
bir hala gəldi, basqın edərək taleyin diqqətlə təşkil
edilmiş, məkrli nəhəng zərbəsi
kimi onun üzərinə düşdü?.."
(Yenə orada). Qəssabın kitabxana üzərindəki "qələbəsi"
dürüst bir insan üzərində qələbə kimi qəbul edilir; ədalətsiz fəsadların
dalğaları dayanmazdır:
"Üçüncü minilliyin əvvəllərində
kiçik kitabxananın
ləğvi səbəbindən
Bakı şəhərində
yaranan dalğanın gələcək nəsillərimizdən
kimi, nə vaxt, harada və
necə basmarlayıb məhv edəcəyini kim bilir?!" (Yenə orada). Povestin məyusedici nəticəsi müəllifin
doğma torpağının
taleyi ilə bağlı dərin narahatlığından, ləyaqətsiz
hərəkətlərin və
onların nəticələrinin
bəzən dönməz
xarakter ala biləcəyindən
qaynaqlanır və bu, müstəqil bir ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin inkişafı yolunda çox təhlükəlidir.
Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun nəsri
onun fəal vətəndaş mövqeyini
parlaq şəkildə
əks etdirərək,
müəllifin Azərbaycanın
taleyi ilə bağlı fikirlərinin
aktuallığını təsdiqləyir.
O, XX əsrin həm Azərbaycan, həm də rus ədəbiyyatını
formalaşdıran realist istiqamət
vasitəsilə doğma
mədəniyyətimizin tarixi
qanunauyğunluqlarının gözəl araşdırıcısı
kimi, çoxsaylı bədii sənət nümunələrinin böyük
istedada sahib olan dəyərli müəllifidir.
Dramaturgiyası. Görkəmli dramaturq
Rüstəm İbrahimbəyov
20-dən artıq pyesin
müəllifidir: "Yaşıl
qapı arxasındakı
qadın" (1971), "Şirə
bənzər" (1972), "Öz yolu ilə"
(1973), "Unudulmuş avqust"
(1974), "Toxunma" (1974), "Qum üzərində ev"
(1975), "Qaçış (Səyahətçilər)" (1975), "Həqiqət məqamı"
(1978), "Park" (1979), "Kaliforniyada dəfn" (1981), "Ailə
mühiti" (1982), "Qəti
tələb" (1983), "Vivaldinin musiqi sədaları altında
("Unutma" mehmanxanası)"
(1984), "Qum təpəsi arxasından atəş"
(1985; Valentin Yejovla həmmüəllif),
"Kabinet tarixçəsi"
(1985), "İlgək" (1996), "Arabir görüşmək
üçün tərəfdaş
axtarıram" (2002), "Siçovul" (2002), "Buninin
son bəhsi" (2007), "Tartüf Agaevich"
(2008), "Dumanlı səhər"
(2019) və s.
Onun
"Toxunma" pyesi vətənpərvərlik mövzusunda
yazılmış ən
yaxşı pyeslərin
müsabiqəsində birinci
yerə layiq görülmüşdür (1975). Milli kolorit, dialoqların kinematoqrafik lakonikliyi, süjetin yığcamlığı,
çevikliyi, fəlsəfi
yükü, həyat həqiqətlərinin məharətli
bədii şərhi pyesin yüksək sənətkarlıqla araya-ərsəyə
gəldiyindən xəbər
verir, müəllifin
nadir peşəkarlığına dəlalət edir.
Rüstəm İbrahimbəyovun pyeslərinin
əksəriyyəti bu
günün mənəvi
problemlərinə həsr
olunmuşdur. Müəllif
gündəlik işlərdə
və qayğılarda
böyük insan xarakterlərini, onların
daxili mürəkkəbliyini,
zənginliyini görməyi
və göstərməyi
bacarır. Onun qəhrəmanları passiv
həyat tərzindən,
var-dövlət hərisliyindən,
gecə-gündüz pul
qazanmaq ehtirasından,
zamanı boşuna keçirməkdən, tüfeyli
həyatdan, karyerizmdən
uzaq insanlardır. Aydın mövqeli, vətəni ürəkdən,
hay-küysüz sevən
yetkin və dolğun obrazlar qalareyası R. İbrahimbəyov
dramaturgiyasının yüksək
bədii mahiyyətini
təşkil edir və bu səbəbdən
də onun pyesləri təkcə tamaşaçılar üçün
deyil, həm də oxucular üçün cəlbedicidir.
Pyeslərin çoxunda
ailə dəyərlərinin
təsvirinə geniş
yer verilir, Azərbaycan ailələrinin
yaşam tərzi müəllif tərəfindən
yüksək qiymətləndirilir,
iftixarla oxucu və tamaşaçıya
örnək kimi təqdim olunur. Rüstəm İbrahimbəyovun
pyeslərini fərqləndirən,
onlara sonsuz maraq doğuran məxsusi cəhətlərin
çoxluğu dramaturqun
öz soydaşlarına
tələbkarlıqla və
pozitiv yanaşma üslubundan irəli gəlir. Onun azərbaycanlı obrazlarının
başqa etnomühitdə
özlərini ədəb-ərkanlı
aparmaları, nümunəvi
mənəvi-əxlaqi davranış
tərzi nümayiş
etdirmələri, ciddi,
yerini, sözünü
bilən adam təsiri bağışlamaları,
yetərincə intellekt
səviyyəli olmaları
müəllifin mənsub
olduğu doğma yurda, doğma millətə minnətdar övlad sevgisindən rişələnir.
Dramaturqun
qələmindən çıxan
pyeslərin hamısında
ən dərin mətləblər tam anlaşıqlı
dillə ifadə olunur, personajların səhnədəki ən kiçik hərəkətlərinin
şərhi müəllif
remarkaları ilə təmin edilir, hadisələr sanki kino lenti kimi axarınca
gedir. Bütün bu keyfiyyətlər sənətkarlıq baxımından
müəllifin səhnə
əsərlərini səciyyələndirir,
onların məzmununun
uzun müddət yaddaşlarda qalmasına xidmət edir, oxucu və tamaşaçıda
yüksək zövq formalaşmasına vəsilə
olur.
Dünyamiqyaslı sənətkar Rüstəm
İbrahimbəyov "İbrus"
adlı həm teatr, həm də kino şirkətinin
təsisçisidir (bu
qısaldılmış ad
müəllifin soyadının
və adının
ilk hecalarından ibarətdir).
"İbrus" dünyanın
bir sıra kinostudiyaları ilə müştərək filmlər
çəkmişdir. Bakıda
yerləşən "İbrus"
teatrı əslində
iki şəhərin teatrıdır: Moskva və
Bakının. Aktyorlar
tamaşalarda rus və Azərbaycan dillərində oynayırlar.
Rüstəm İbrahimbəyovun pyesləri
əsasında səhnələşdirilən
tamaşalar bütün
teatr səhnələrində
həmişə böyük
uğurla keçib və bu, təsadüfi
deyil. Axı, həm kino, həm də teatr dramaturgiyasında
ruhən güclü qəhrəmanlara, xüsusən
də, Azərbaycan
milli mentalitetinə malik personajlara
xas olan güclü hisslər əks olunur. Milli orijinal mədəniyyətə
eyhamlar, hətta qəhrəmanların adlarında
da nəzərə çarpır.
Müəllifin ilk pyeslərindən
olan "Aslana bənzər"də qəhrəmanlar
milli adlar daşıyırlar
(Murad, Solmaz, Ramiz, Mahmud). Burada
ehtiraslar daşıb-coşur,
ipə-sapa yatmır, bir qadının sevgisi üçün iki kişinin döyüşü onlardan
birinin ölümü
ilə başa çatır: "Ramiz qayıdır.
Əlində bir stəkan onların başı üstündə
dayanır. Baş verənlərdən tamamilə
özünü itirib.
Və həyatında
ilk dəfə bunu gizlətməyə çalışmır.
Muradın Lenaya sevgisi üzündən ölmək qabiliyyəti birdən-birə onun bütün həyat təcrübələrini və
insanlar haqqında fikirlərini alt-üst etdi. O, həmişə bilirdi ki, həyat bahasına qalib gəlmək olar, amma Murad tipli insanların buna qadir olduğuna heç vaxt inanmırdı"
(Rustam İbraqimbekov. "Poxojiy
na lğva". Glektronnıy resurs]. Rejim dostupa:
http://www.litmir.net/br/?i=58314).
Dörd
şəxsiyyət - qəhrəman
və onun üç daxili mənliyi (adi mübahisədən silahlı
toqquşmaya qədər)
qarşıdurmasında təcəssüm
olunan "Qəti tələb" pyesindəki
qəhrəmanın daxili
dünyasının mürəkkəb
quruluşu, şübhəsiz
ki, yalnız müasir
insan şəxsiyyətinin
daxili parçalanması
ilə deyil, həm də Şərq və Qərb zehniyyətlərinin
daxili qarşıdurması
ilə əlaqəlidir.
Eynilə, "Həqiqət
anı" pyesindəki
qəhrəman obrazı
da beləcə, daxilən
ikiləşir.
"Qum üzərində ev" pyesinin adı simvolikdir: həm qəhrəmanın qoca valideynlərinin güc-bəla
qurduqları evə, həm də qəhrəmanın özünün
qurmağa çalışdığı
münasibətlərə aiddir.
Ailəni bir yerə yığmaq üçün bütün
səylərə baxmayaraq,
bu ailə pərən-parça olub
və xəstə ananın övladlarını
bir yerə toplamaq cəhdi də qum üzərində
münasibətlər qurmaq
səyinə bənzəyir.
Sovet ölkəsinin tarixində azərbaycanlıların
rolu məsələsinə
aşkar eyhamlar tamaşa boyunca nəzərə çarpır:
bağ kottecində bir-birinin həyat materialları əsasında
dissertasiya yazan bir çox alim var. Tamaşanın adı ekzistensial xarakter daşıyır: hərəkətlərin
görünən məntiqsizliyinə
baxmayaraq, iltifatlı qonşu tərəfindən
təklif olunan traktor xidmətindən imtina edərək, ailənin qalıqları birlikdə qayanı yerindən tərpədib itələməyə çalışır
- bu, absurd bir hərəkətdir, lakin bu höcət əzmkarlıq yeganə düzgün hərəkət
kimi görünür.
Tamaşanın sonunda
qəhrəmanlar hər
hansı zəifliyə
qarşı qeyri-insani
gücün qüdrətini
nümayiş etdirməyə
çalışırlar: "Bütün ailə - ata, ana, qız və oğul - eyni zamanda onu
yerindən tərpətmək
ümidi ilə qayanı itələməyə
girişirlər. Dörd
insan fiquru normal həyati məntiqə zidd olan gərgin
bir vəziyyətdə
donub qalırlar"
(Rustam İbraqimbekov. "Dom na peske". [Glektronnıy resurs]. Rejim dostupa:
http://tululu.org/read64459/28/).
Mənzil
şəraiti, sevgi və nəsillərin münaqişəsindən bəhs
edən "Ailə mühiti" pyesində
"normal həyati məntiq"
münaqişəsi Azərbaycan
millətinə məxsus
olan qəhrəmanın
əzmkarlığı, prinsipiallığı,
ekzistensial cəsarəti
ətrafında cəmləşir.
Bu pyesdə də
"Park", "Yaşıl qapı arxasındakı qadın" pyeslərində
olduğu kimi, yenidən irreal bir məkan qurulur - hadisələr sanki eyni məkanda baş verir, lakin sevən ürəklərin xüsusi
həssaslığı sayəsində
süjetdə cərəyan
edən hadisələr
qəhrəmanlara bütövlükdə
görünür, hadisələrin
sinxronik təsviri
realist təəssürat yaradır.
Qafqaz
milli mövzusu müəllifin
"Kaliforniyada dəfn"
tragikomik Qərb antiutopik pyesində təqdim edilmişdir. Qafqazlı öz adının ölmüş
bir qəhrəman kimi, az qala,
müqəddəsləşdirildiyi qızıl mədənçilərinin
"qapalı" şəhərinə
düşür. Lakin qəhrəman
diri olsa da, şəhəri bürüyən
yalan, manipulyasiya, pozğunluq şəbəkələrini
məhv edə bilmir. Qeyd etmək
vacibdir ki, qəhrəmanı
əvvəlcə rus kimi qəbul edirlər, Qərbdə
SSRİ-nin əksər
xalqlarına belə yanaşardılar. Dramaturq
xalqlara belə basmaqəlib münasibətin
Amerika mədəniyyətinin xarakterik xüsusiyyəti olduğunu xüsusi vurğulayır.
Rüstəm İbrahimbəyovun pyesləri
ingilis, alman, fransız,
ispan, türk, polyak, çex, gürcü, qazax, qırğız, türkmən,
özbək və digər dillərə tərcümə edilmiş, dünyanın
100-dən artıq ölkəsində
teatr səhnəsində
tamaşaya qoyulmuşdur:
Bakı, Moskva, Sankt-Peterburq,
Krasnoyarsk, Kiyev, Minsk, Kişinyov,
Riqa, Tallin, Vilnüs,
Tbilisi, Astana, Daşkənd, Bişkek, Aşqabad,
Ankara, Sofiya, Berlin, Praqa,
Budapeşt, Buxarest, Varşava, Belqrad, Nyu-York, Paris, Los-Ancelos,
London, Stokholm və b.
Kino sənətindəki fəaliyyəti.
"Azərbaycanfilm", "Mosfilm" və digər respublikaların kinostudiyalarında Rüstəm
İbrahimbəyovun ssenariləri
əsasında 50-dən artıq
bədii və televiziya filmləri çəkilmişdir. Onun
ssenarisi əsasında
1969-cu ildə rejissor Eldar Quliyevin "Azərbaycanfilm"də lentə
aldığı ciddi
mənəvi-etik problemlərə
həsr olunmuş
"Bir cənub şəhərində"
filmi gənc kinodramaturqun
kino sənətində ilk uğurlu
addımı sayılır.
"Səhranın ağ günəşi" filminin
ssenarisi Valentin Yejovla
(1921-2004) birlikdə yazılmışdır
və 1969-cu ildə rejissor Vladimir Motıl
(1927-2010) tərəfindən "Mosfilm" kinostudiyasında
lentə alınmışdır.
Sovet İttifaqında
böyük uğur qazanan və sonradan tamaşaçıların
bir neçə nəslinin pərəstiş
etdiyi və şah əsərə çevrilən film Rüstəm
İbrahimbəyova Ümumittifaq
şöhrəti qazandırmışdır.
Məşhur sovet kosmonavtı Aleksey Leonovun
(1934-2019) ifadəsinə görə,
"Səhranın ağ
günəşi" filminin
lent yazısı əvvəlcə
sovet, daha sonra rus kosmonavtları
üçün mütləq
sehrli əşyalar sırasında kosmosa aparılırdı. Uçuşdan
əvvəl həm əsas, həm də ehtiyat heyət həmişə bu filmə birlikdə
baxardılar. Başqa
bir maraqlı fakt: düz 28 il sonra (1997) ssenari müəllifi Rüstəm
İbrahimbəyov məhz
bu filmə görə Rusiya Federasiyasının Dövlət
mükafatına layiq görülüb.
Gənc
rejissor Nikita Mixalkov
(1945) Rüstəm İbrahimbəyovun
ssenarisi əsasında
1970-ci ildə "Müharibənin
sonunda sakit bir gün" adlı filmi diplom işi kimi çəkib.
Bu iki istedadlı sənətkarın dostluğu
sonralar bütün dünya tamaşaçılarının
dərin rəğbətini
qazanan bir neçə sənət əsərinin meydana gəlməsinə səbəb
oldu: "Avtostop"
(1990), "Uqra - sevgi ərazisi" (1993), "Günəşdən
usanmışlar" (1994), "Sibir bərbəri"
(1998) filmləri.
Rüstəm İbrahimbəyovun ssenariləri
əsasında müxtəlif
illərdə və dünyanın müxtəlif
kinostudiyalarında bir
çox başqa dəyərli filmlər də çəkilib:
"Çekist haqqında
povest" (1969), "Onda
da dedim - xeyr!"(1973),
"Bir ailə üçün
bağ evi" (1978),
"Risk strategiyası" (1978), "Ad günü" (1978) - bu filmə görə 1980-ci
ildə Azərbaycan
SSR Dövlət mükafatı
alıb, "İstintaq"
(1979) - 1981-ci ildə bu
filmə görə
SSRİ Dövlət mükafatı
alıb, "Anın quruluşu" (1980), "Bağlı
qapı önündə"
(1981), "İşgüzar səfər" (1982), "Park" (1984),
"Məni qoru, mənim duam" (1986),
"Sərbəst düşmə"
(1987), "Başqa həyat"
(1987), "Xəfiyyə" (1987), "Vəhşi" (1988), "Hava
məbədi" (1989), "Çalışqan adam"
(1996), "Ailə" (1998), "Şəbih" (2000), "İnam
telefonu" (2001), "Dişi
ayının ürəyi"
(2001), "İşıqlı gecə "(2004), "Köçəri"
(2004), "Əlvida, cənub
şəhəri!" (2006), "Cənnət quşları"
(2008), "Qorxulu zaman" (2010), "Qəzəbli, azğın,
qudurğan..." (2011), "Kabusun gözlərilə"
(2011) və s.
Rüstəm İbrahimbəyov rejissorluqla
da məşğul olmuş,
öz ssenariləri əsasında aşağıdakı
filmləri çəkmişdir:
"Süita" - film-novella, "Bir gözəl gündə"
(1976), "Çalışqan adam" (1996), "Ailə"
(1998), "İnam telefonu"
(2001) və digər. Dünya şöhrətli
kinematoqrafçı bəzən
prodüserlik fəaliyyətində
də çoxşaxəli
istedadını nümayiş
etdirmişdir: "Taksi-blyuz"
(1990), "Düba-düba" (1991),
"Dağıdılmış körpülər" (Azərbaycan-ABŞ,
1993), "Ailə" (1998), "SSRİ xalqlarının dostluq muzeyi" (2000), "Köçəri"
(2004), "Aleksandr Nevski döyüşü
" (2009) və b.
Rüstəm İbrahimbəyovun ssenariləri
əsasında Azərbaycanın
tarixi keçmişinə
və müasir zamanına həsr olunmuş filmlər çəkilib: "Hava məbədi" (1989), "İstanbul əhvalatı" (1995), "Ailə"
(1998). Rüstəm İbrahimbəyovun
ssenariləri əsasında
rejissor Rasim Ocaqovun lentə aldığı bir sıra filmlər bu gün də
öz müasirlik və aktuallıqlarını
itirməyiblər və
haqlı olaraq "Azərbaycanfilm" kinostudiyasının
uğurlu filmlərindən
sayılırlar: "İstintaq",
"Ad günü", "Bağlı qapı önündə", "Park", "Başqa həyat",
"Hava məbədi",
"Qətldən yeddi
gün sonra".
Rüstəm İbrahimbəyovun "Bir cənub şəhərində"
adlı debüt filmində cənub şəhəri Bakının
urbanist və xəlqilik
prinsiplərinin toqquşması
tarixçəsi parlaq
şəkildə əks
olunub. Otuz ildən çox vaxt keçdikdən sonra, məhz müəllifin təşəbbüsü
və "Təbəssümlə
oyanmaq" hekayəsinin
motivləri əsasında
yazdığı öz
ssenarisi əsasında
Bakı mövzusunu davam etdirən "Əlvida, cənub şəhəri" (rejissor
Oleq Səfərəliyev)
filmi çəkilmişdir. Bakının 1920-ci illər
dövrünə həsr
olunmuş həmin kinolentdə əsas rolu Moskvada yaşayan
tanınmış Azərbaycan
şairi İlham Bədəlbəylinin
oğlu - Rusiya Federasiyasının əməkdar
artisti Timur Bədəlbəyli
oynamışdır. Bu film bakılıların bənzərsiz
multikultural həyat tərzindən bəhs edir, yumor və
yerli koloritlə zəngindir, geri dönməz zaman üçün
nostalji hisslər və caz melodiyaları
bütün film boyu bolluqla nəzərə çarpır. Film "Qızıl
çıraq" (2006) Azərbaycan
milli film mükafatının beşinci mərasiminin lideri olub, XI Beynəlxalq "Şərq-Qərb"
festivalının mükafatını
qazanıb və bir neçə beynəlxalq festivalda nümayiş etdirilib.
Rüstəm İbrahimbəyovun ssenarilərini
yazdığı "O biri
Sahil" postsovet Tbilisi haqqında
(2009), "Köçəri" Qazax tarixi haqqında
(2004), "Sehrbaz" (2003), "Vəhşi" (1988) özbək
şəhəri haqqında
və digər filmlərdə geniş mənada Şərq mövzusuna toxunulub.
Rüstəm İbrahimbəyov, demək
olar ki, yarım əsr ərzində bütün yaradıcılığı
ilə təkcə Azərbaycanda deyil, həm də Sovet İttifaqında, Rusiyada və dünya miqyasında öz xalqının müsbət imicinin yüksəlməsinə ləyaqətlə
xidmət etmişdir. Əlbəttə, belə
dünya şöhrətli
sənətkarın təqdimində
Azərbaycan reallıqları
və Azərbaycan həqiqəti həmişə
başqa etnomədəni
mühitdə tamamilə
adekvat, inamla və qərəzsiz qəbul edilib. Qeyd etmək lazımdır ki, belə mötəbər söz sahibi olmaq heç
də təsadüfi deyil, bu, çoxillik,
yorulmaz və düzü-düz, əyrini-əyri
göstərən şərəfli
yaradıcı əməyin
nəticəsidir. Rüstəm
İbrahimbəyov ilk əsərlərindən
başlayaraq, nəsrdə,
səhnədə və
ekranda oxucuları, tamaşaçıları ilə
həmişə səmimi,
etibarlı söhbət
aparıb, dərhal uğur qazanmaq üçün onlara kələk gəlməyib,
reallığı bəzəməyib,
həqiqətin bədii
etibarlılığı üçün
tələb olunarsa, hətta milli tənqiddən
də çəkinməyib.
Bədii materiala bu cür obyektiv,
həqiqətpərəst yaradıcı
yanaşma Rüstəm
İbrahimbəyova layiqli
dünya şöhrəti
və nüfuzu qazandırıb, ona görə də hər zaman öz əsərlərində doğma
xalqı haqqında dünyaya təqdim etdiyi hər bir xoş, müsbət
söz planetimizin bütün guşələrində
özünün layiqli
ünvanlarını maneəsiz
tapıb, Azərbaycanın
adına yetərincə
mənəvi dividendlər
gətirib və ümidvaram ki, onun ölməz əsərləri
bu şərəfli missiyanı uzun zaman yerinə yetirəcəkdir.
Etiraf etmək lazımdır ki, bütün
dünyada məşhur
olan belə parlaq, böyük şəxsiyyətlər öz
xalqı üçün
nadir bir şansdır,
böyük bir tapıntıdır, daha doğrusu, qiymətli təbii külçədir,
Yaradanın millətə
bəxşidir. Məhz
Yaradanın xoş məramı və lütfü sayəsində
belə seçilmiş
yaradıcı insanlar,
ümumbəşəri mənəvi-mədəni
dəyərlər xəzinəsinin
yaradılması naminə
milli dəyərlərin daşıyıcısı
olmaq və onları dünyanın digər xalqları arasında yaymaq yolunda nəcib bir missiyaya sahibdirlər.
Abuzər BAĞIROV
Ədəbiyyat qəzeti.- 2025.- 14 noyabr, №42.-
S.16-18.