Sovet-türk kollokviumları
Birinci Bakı Türkoloji
kollokviumuna aparan yol
1985-ci ilin mayında keçirilən Sovet Türkoloqlar Komitəsinin
illik toplantısında
komitənin sədri, akademik Andrey Nikolayeviç
Kononov və SSRİ Elmlər Akademiyasının
müxbir üzvü,
komitənin sədr müavini Əthəm Rəhim oğlu Tenişevin təklifləriylə
mən Komitənin xarici əlaqələr üzrə sədr müavini seçildim. Qarşımda sovet türkoloqlarının zəif
olan xarici elmi əlaqələrini canlandırmaq, başqa ölkələrin, birinci
növbədə, Türkiyə
alimləri və qurumlarıyla təmaslar yaratmaq, beynəlxalq konfranslar keçirmək,
düzənlənən elmi
forumlarda sovet alimlərinin fəal iştirakını təmin
etmək kimi ciddi vəzifələr qoyulmuşdu. Doğrusu, türkologiyanın inkişafından
ehtiyat edən və bu elmin
sadəcə dilçilik
səviyyəsində tutulmasında
və yalnız siyasi konyunktura xidmət etməyində görən o dövrün
iqtidarının tutumunu
nəzərə alsaq,
bu vəzifəni həyata keçirmək
o qədər də asan iş deyildi.
Komitə rəhbərliyi
və üzvlərinin
əksəriyyəti çox
yaxşı başa düşürdü ki, ciddi
beynəlxalq koordinasya,
müxtəlif ölkələrin
alimləri arasında
fikir alış-verişi,
ortaq elmi araşdırmalar, toplantılar
olmadan kompleks bir elm olan türkologiyanın
inkişafi mümkün
deyildir. Heç şübhəsiz, SSRİ-də
yaşayan türk xalqlarının dillərinin
öyrənilməsi, qrammatikalarının
yazılması, sözlüklərin,
elmi-nəzəri əsərlərin
hazırlanması, ədəbi
və mədəni irsin öyrənilməsi sovet türkologiyasının
dünyada da qəbul edilən böyük uğurlarıydı. Söylədiklərimizə
örnək olaraq, sadəcə Andrey Kononovun
1956-cı ildə çap
olunmuş və bu gün də
elmi dəyərini itirməyən, dünya alimlərinin masaüstü
kitabı olan "Türk ədəbi dilinin qrammatikası", Əthəm Tenişevin rəhbərliyi ilə hazırlanmış çoxcildli
"Türk dillərinin
müqayisəli qrammatikası"
kimi fundamental əsərləri
göstərmək kifayətdir.
Türkiyədə isə
mətinşünaslıq, xüsusilə də, qədim türk mətnlərinin Türkiyə
türkcəsinə çevirisi
və nəşri yüksək səviyyədə
idi. Reşit Rahmeti Aratın "Qədim Türk şeiri", Tələt
Təkinin qədim türk runik yazıları haqqındakı
əsərləri, "Divan-ü Lüğat-it Türk"ün
faksimilə nəşri
və çağdaş
türkcəyə tərcüməsi
isə türkiyəli
məsləkdaşlarımızın başarıları idi. Avropada, özəlliklə
Fransada türklərin
dinləri və inancları, orta əsr türk xalqlarının mədəni-fəlsəfi
düşüncələri üzərinə çox
sanballı kitablar yazılmışdı və
bizim bunların çoxundan xəbərimiz
yox idi. Heç şübhəsiz,
Avropa, Türkiyə və Sovet alimlərinin
işbirliyi türkologiyanın
inkişafi və gələcəyi baxımından
böyük önəm
daşıyırdı.
Sovet Türkoloqlar Komitəsinin
sədr müavini kimi, ilk işim iki ildən bir imzalanan Sovet-Türk
mədəni və elmi əməkdaşlıq
protokolunun incələnməsi
oldu. Burada çox qəribə bir mənzərəylə
qarşılaşdım. Sən
demə, idmanla bağlı bir-iki maddədən başqa, heç bir maddə işləmirmiş.
Halbuki protokolda ildə 2-3 alimin qarşılıqlı olaraq
Türkiyə və
SSRİ-yə göndərilməsi,
ikili konfrans və simpoziumların dəstəklənməsi, ortaq
nəşrlərin hazırlanması
kimi maddələr varmış və onlar ölü maddələr olaraq bir protokoldan başqasına keçirmiş.
Uzun araşdırmalardan
sonra mən elmi əlaqələr proqramı hazırladım.
Bu proqrama görə növbə ilə Sovetlər Birliyi və Türkiyədə olmaq üzrə hər il Sovet-Türk kollokviumlarının, Əhməd
Yəsəviyə həsr
olunmuş beynəlxalq
konfransın keçirilməsi,
"Sovetskaya Turkoloqiya"
jurnalında Avropa və türk alimlərinin məqalələrlə
çıxışlarının təşkil edilməsi, onların əsərlərinin
ruscaya tərcüməsi
və bu kimi başqa işlər nəzərdə
tutulurdu. Nə üçün konqres, simpozium deyil, kollokvium keçirilməsini
təklif edirdim? Uzun illər iştirak etdiyim bir çox elmi toplantıların bir özəlliyi vardı - hərə çalışdığı sahə ilə bağlı konkret və dar mövzuda
çıxış etdiyi
üçün nadir istisnalarla
ciddi müzakirələr,
dartışmalar olmurdu.
Bu səbəbdən, çıxışdan
sonra məsləkdaşlarımızın
bir qismi foyelərdə çay içərək dost söhbəti
edir, bir qismi də şəhərə
gəzməyə gedirdi.
Belə elmi toplantıların elmi dəyəri bir o qədər də yüksək olmurdu. Kollokviumlarda isə məhdud sayda bəlli sahənin alimləri iştirak edir və onlar
əvvəlcədən təsbit
edilmiş bir necə problem ətrafinda məruzələr hazırlayırlar.
Odur ki, bu toplantılarda daha çox yeni, orijinal fikirlər səslənir,
müzakirələr professional səviyyədə aparılır,
zidd fikirlər söylənilir. Bu da, heç
şübhəsiz, konkret
bir elmi problemin hərtərəfli
öyrənilməsinə təkan
verir. Kollokviumların
bir başqa özəlliyi də var - iştirakçılardan başqa
heç kim nə çıxış
edə bilər, nə də dartışmalara qatıla
bilər. Bu səbəbdən
kollokviumlar elmi-praktik baxımdan daha verimli olurdu. Bu təklif və düşüncələrimi əvvəlcə
Türkoloqlar Komitəsinin
sədr müavini Əthəm Tenişevlə
paylaşdım, onun
tam dəstəyini aldıqdan
sonra Leninqradda yaşayan və yay istirahətini Akademiyanın
Moskvadakı "Uzkoye"
sanatoriyasında keçirən
Andrey Kononovun yanına
getdim. Orada qaldığım 6-7 saat ərzində biz Andrey Nikolayeviçlə
hazırladığım proqramı
ətraflı müzakirə
etdik və belə qərara gəldik ki, daimi sovet-türk kollokviumlarının
təşkil edilməsi
təklifi ilə komitənin adından
SSRİ Elmlər Akademiyasının
Rəyasət Heyətinə
məktub göndərək.
Belə də etdik. Çox keçmədən SSRİ Elmlər
Akademiyası bizə təklifimizin dəstəkləndiyini
və bu məsələ ilə bağlı SSRİ Xarici İşlər Nazirliyinə
rəsmi yazı göndərdiyini bildirdi.
Bir müddətdən sonra
yeni imzalanan Sovet-Türk
Mədəni və Elmi Əməkdaşlıq
Protokoluna sovet-türk
kollokviumlarının keçirilməsilə
bağlı maddənin
salındığını öyəndik.
Sovet-türk kollokviumları
Sovet-türk kollokviumlarının keçirilməsinə Türk
tərəfindən dəstək
ala bilmək məqsədilə
SSRİ Elmlər Akademiyasının
təklifi və Türkiyə Xarici İşlər Nazirliyinin
dəvətilə 1986-cı ilin oktyabrında Türkiyə Xarici İşlər Nazirliyinin
qonağı kimi Türkiyəyə getdim və bir ay müddətində bu məsələ ilə bağlı onlarca görüş keçirdim.
Ankarada olduğum 10 gün ərzində Xarici İşlər Nazirliyinin rəsmiləri,
Ankara Universitetinin rektoru,
professor Tarık Somer,
Dil, Tarix və Coğrafya fakültəsinin dekanı,
professor Ruçan Arık
və bölüm başkanları Kazım Yaşar, Yücəl Özkaya, İsmail Akayla, Hacettepe Universitetinin rektoru və müəllimləri, Ali Təhsil
Nazirliyinin funksiyasını
üstlənən Yüksək
Öğretim Kurumunun
yetkilisi Leyla Şahinlə,
Atatürk Dil, Tarih Kurumu başqanı Suad İlhan, Türk Tarih Kurumu başqanı,
professor Yaşar Yücəl,
Türk Dil Kurumu başqanı Həsən Erenlə görüşərək, iki
ölkə türkoloqları
arasında əlaqələrin
qurulmasının əhəmiyyətindən,
sovet-türk kollokviumunun
önəmindən söz
açırdım. Çox
qəribə də olsa, məsləkdaşlarım
məni yüksək səviyyədə qarşılayır,
təkliflərimi maraqla
dinləyir, amma söyədiklərimə ehtiyatla
yanaşırdılar. Açığını
desək, onların heç biri kollokvium fikrinin reallaşmasına inanmırdı.
Ona görə görüşlərimiz,
söhbətlərimiz diplomatik,
yəni maraqlı niyyət məxrəcində
keçirdi. Ankarada 10
gün qaldıqdan sonra, nazirliyin əvvəlcədən hazırlanmış
proqramına görə
İzmirə yollandım.
Orada mənə köhnə dostum, professor
Fikrət Türkmən
ev sahibliyi edirdi.
İzmirdə 9 Eylül və
Ege universitetlərinin
rəhbərləri və
müəllimlərilə çox
sayda görüşlər
keçirir, təkliflərimizi
onlara aydınlatmağa
çalışırdım. Ankarada söylədiklərimizə
heç deyilsə maraq vardı, İzmirdə isə bu, yox deyiləcək
səviyyədə idi.
Orada daha çox rəsmi görüşlərim oldu.
Milli Təhsil müdiri
Mətin Danışı,
şəhərin meri Burhan Özfaturanı, onun yardımçısı Yusuf bəyi
ziyarət etdim və şəhərin görməli yerlərini gəzdim. Odur ki, mənim İzmir proqramıma
daha cox turistik səfər demək daha doğru olardı. Oktyabrın 19-da
növbəti dayanacağım
olan İstanbula gəldim. Burada da rəsmi qarşılanma, rəsmi ziyarətlər, universitet rektorları və müəllimlərilə
görüşlərim oldu,
tələbələr qarşısında
bir-iki məruzə ilə çıxış
etdim. İstanbul səfərim
də bu səpkidə davam edirdi. Kollokvium məsələsinə gələndə,
hamı bir ağızdan -"gözəl
fikirdir, ancaq onu yuxarılar həll edə bilər", deyirdi. Doğrusu, məyus olmağa başlamışdım.
Türk məsləkdaşlarım
bir tərəfdən,
elmi əlaqələrin
qurulmasını, rus,
sovet türkologiyasına
böyük ehtiyacları
olduğunu deyir, o biri tərəfdən də, bu işə
çox ehtiyatla yanaşırdılar. Proqramıma
görə, oktyabrın
23-də İstanbul Universiteti Ədəbiyyat Fakültəsi
Türk Dili və Ədəbiyyatı Bölümünün
professor və müəllimlərilə
görüşməliydim. Bu universitet və bölüm mənə
yad yer deyildi. 1985-ci ildə İstanbul Universitetinin
keçirdiyi Beynəlxalq
Türkoloji Konqresində
məsləkdaşlarımın çoxuyla yaxından tanış olmuş, bəziləri ilə də dostluq münasibəti qurmuşdum.
Rəsmi görüşlərdən
sonra o zaman yardımçı
dosent olan dostum Osman Fikri Sərtqaya məni otağına çay içməyə dəvət
etdi. Söhbət zamanı mən diplomatik dili bir kənara qoyaraq, ona kollokvium
mövzusunu təkrar açdım, Ankarada, İzmirdə bu işə, nədənsə
çox sərin baxdıqlarını dedim.
Osman bəy özünəməxsus
üslubuyla: "Yanlış
qapı çalmısan,
qardaşım. Bu məsələni
həll etsə, ancaq bizim bölüm
başqanımız, professor Muharrəm Ergin hoca həll edər. Belə işlərə onun kimi sözü keçən adam lazımdır. Bir dəqiqə
gözlə, ona məsələni danışım,
görək nə deyir". Bir azdan Osman bəy qayıtdı və "Hoca səni gözləyir, gedək", - dedi. Muharrəm bəy məni diqqətlə dinlədikdən sonra,
"Bu kollokviumlarda hansı
problemləri ələ
almaq istəyirsiniz?"
- deyə soruşdu. Mən, ilk öncə türklərin, özəlliklə
də oğuz türklərinin ortaq problemlərinin - qədim türk şeiri, dastan yaradıcılığı, runik
türk yazıları,
"Dədə Qorqud"
eposunun problemlərinə
ağırlıq vermək
istədiyimizi, mənim
şəxsi arzumun isə ilk kollokviumun "Dədə Qorqud" dastanına həsr olunması və Bakıda keçirilməsi
olduğunu dedim. Muharrəm bəy, "Söylədiklərinizin ikisi
də - kollokvium da,
ilk toplantının Bakıda
olması da yaxşı
fikirdir. Yəqin bilirsiniz, mən də azəriyəm, tərəkəmələrdənəm. Nəsib olsa, mən də o toplantıya qatılaram, Bakını da görmüş
olaram", - dedi və Osman bəyə dönərək: "Xarici
İşlər Nazirliyinə,
yetkili qurumlara mənim imzamla məktublar hazırla, kollokviuma dəstək verdiyimizi yaz." Osman bəyin otağına döndüyümuzdə o, " Muharrəm Hoca "tamam" dedisə, demək ki, bu iş baş tutacaq", - dedi...
Bir aylıq Türkiyə səfərimi başa vurub, oktyabrın 31-də Moskvaya döndüm. İki həftədən sonra Sovet Türkoloqlar
Komitəsi Bürosunun
toplantısında Türkiyə
səfəri ilə bağlı hesabatla çıxış etdim,
geniş müzakirələrdən
sonra Sovet-Türk Kolokviumlarının təşkil
olunması və birinci toplantının
"Mədəniyyət abidəsi
olaraq "Kitabi-Dədə
Qorqud" dastanı"
mövzusunda Bakıda
keçirilməsi haqqında
qərar alındı
və bu qərar SSRİ Elmlər Akademiyasının Rəyasət
Heyətinə yazılı
olaraq bildirildi. Akademik Andrey Kononov və Akademiyanın müxbir üzvü Əthəm Tenişevin fəaliyyətləri və
görüşləri sonucunda
tezliklə kollokviumların
Sovet Türkoloqlar Komitəsinin himayəsində
keçirilməsi haqqında
SSRİ Elmlər Akademiyasının
Rəyasət Heyəti
də qərar qəbul etdi. Komitənin növbəti toplantısında mən kollokviumların sovet tərəfi başqanı
təyin olundum. Həmin toplantıda mənə ləngimədən
birinci kollokviumun hazırlıq işlərinə
başlanılması tapşırıldı.
İlk iş olaraq filologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru, tanınmış folklorçu
və qorqudşunas Xalıq Koroğlu ilə görüşdüm
və durumu ona danışdım. Xalıq müəllim belə bir toplantının
keçiriləcəyi xəbərinə
çox sevindi, eyni zamanda tərəddüdlərini
də dilə gətirdi: "Sən də bilirsən ki, xalqlar dostluğunu pozduğu bəhanəsiylə
uzun illər "Dədə Qorqud" dastanının öyrənilməsinə
və yayılmasına
bəzən açıq,
bəzən qapalı
yasaqlar qoyulub. Bu gün belə, Türkmənistanda yasaq davam etməkdədir. Bu səbəbdən dastanı
araşdıran, incələyən
türkoloq, folklorçu,
tarixçilərin sayı
çox azdır. Odur ki, sovet heyətini təşkil etmək sənin üçün çətin
olacaqdır. Şəxsən
mən o kollokviumda olmaq istərdim." Doğrudan da, "Dədə
Qorqud" dastanıyla
ciddi bir şəkildə məşğul
olan alimlərin siyahısını tutmağa
başladığımda çox
acınacaqlı bir tabloyla qarşı-qarşıya
gəldim. Sonsuz Sovetlər Birliyi ərazisində sadəcə
iki bilgin - Moskvada Xalıq Koroğlu, Bakıda
professor Şamil Cəmşidov
bu dastanı
professional və davamlı
şəkildə araşdırırdılar.
Qazaxıstanlı gənc
alim Şakir İbrayev
Moskvada Xalıq Koroğlunun rəhbərliyi
ilə "Dədə
Qorqud" mövzusunda
namizədlik dissertasiyası
yazsa da, vətənə
qayıtdıqdan sonra
bu temadan uzaqlaşmışdı. Doğrusu,
çaşqınlıq içindəydim,
bu vəziyyətdən
necə çıxacağımı
bilmirdim. Moskvada aspiranturada oxuduğum üç il müddətində
hər gün bərabər olduğum, qardaşım kimi sevdiyim, istedadına, yetənəyinə inandığım
və Sovet Turkoloqlar Komitəsi tərəfindən "Sovetskaya
Türkologiya" jurnalına
baş redaktorun müavini təyin olunmasında müəyyən
rol oynadığım
Aydın Məmmədova
narahatlığımı bildirəndə,
o, Azərbaycanda bir necə alimin "Dədə Qorqud dastanı" mövzusunda
qısa müddətdə
və istənilən
səviyyədə məruzə
hazırlaya biləcəklərinə
və bizi lazımi şəkildə
təmsil edə biləcəklərinə inandığını
söylədi. Aydın
iki gənc və istedadlı alimdən - Kamal Abdullayev və
Kamil Vəliyevdən ağızdolusu
danışır və
onların sovet heyətinə salınmalarını
israrla təklif edirdi. Mən Kamili və Kamalı istedadlı dilçi alim kimi tanıyırdım, ədəbiyyatla
maraqlandıqlarını da bilirdim, ancaq bizim mövzumuzla bağlı olduqlarını
bilmirdim. Aydın məni Tofiq Hacıyev və Süleyman Əliyarlı ilə də tanış etdi. Söhbətlərimiz sırasında
bu hər iki tanınmış alimin dastanla əlaqədar çox maraqlı görüşləri
olduğunu öyrəndim.
Moskvaya döndükdən
sonra məsləkdaşlarımın
köməyilə sovet
heyətinə daxil edilə bilinəcək alimlərin siyahısını
tutdum. 25 nəfərlik
bu siyahıda Leninqrad Universitetinin professoru S.N.İvanov,
Özbəkistandan professor Törə
Mirzəyev, Türkmənistandan
akademik B.Çarıyarov,
Moskva Universitetindən İya
Borolina kimi tanınmış bilginlərin
adları vardı. Ancaq onların çoxunun "Dədə
Qorqud dastanı" üzərində incələmə,
araşdırmaları yoxdu.
Uzun çalışmalardan
sonra perspektivli gənc alimlərin çoxluqda olduğu heyətin siyahısını
hazırlayıb, təsdiq
olunması üçün
Sovet Türkoloqlar Komitəsinə təqdim etdim. Komitə mənim təklifimi dəstəklədi və
beləliklə, Xalıq
Koroğlu (Moskva), Tofiq
Məlikov (Moskva), Şamil
Cəmşidov, Süleyman
Əliyarov, Tofiq Hacıyev, Kamal Abdullayev, Kamil Vəliyevdən
(Azərbaycan) oluşan
sovet heyətini təsdiqlədi. Bundan başqa, kollokviuma Qazaxıstandan Şakir İbrayev və Erdən Kajıbekovun, Qırğızıstandan Süleyman
Kayıpovun, Türkmənistandan
Bekmuradov və Annaqurban Aşirovun muşahidəçi kimi dəvət olunmaları qərarlaşdırıldı. Beləliklə, birinci sovet-türk kollokviumunun keçirilməsi üçün
bütün formal məsələlər
həll olunmuş və sıra toplantının elmi cəhətdən yüksək
səviyyədə hazırlanmasına
gəlmişdi. Heyət
üzvlərinə əvvəlcədən
çıxışlarını hazırlamaq və mümkün olduqca "Sovetskaya Türkologiya"
jurnalında çap etdirmək təklif olundu. Kollokviumun Bakıda keçirilməsini,
heyət üzvlərinin
çoxunun Azərbaycandan
olmasını və mənim Moskvada işlədiyimi nəzərə
alaraq, Aydın Məmmədovdan mənim Bakı təmsilçim kimi orada təşkilati
işləri koordinə
etməsini xahiş etdim. Yeri gəlmişkən,
kollokviumun uğurlu keçməsində dostum
Aydının böyük
zəhməti olduğunu
demək istərdim. Bakıdakı təşkilati
işlərin əsas
yükü onun üstünə düşmüşdü.
Mən Osman Sərtkaya
ilə daima əlaqə saxlayır, hazırlıqla bağlı
bilgi verirdim. O da, öz növbəsində,
Türkiyədə kollokviuma
hazırlıq işlərindən
məni xəbərdar
edirdi. Osman bəy də orada bir
çox problemlərlə
qarşılaşır, onları
özünəməxsus təşkilatçılıq
qabiliyyətilə həll
etməyə çalışırdı.
1988-ci ilin mayında
Osman bəy mənə
türk heyətinin siyahısını göndərdi.
Kollokviumun Türkiyə
tərəfi başqanı
təyin olunan Osman Fikri Sertkaya rəhbərliyindəki heyətə
"Kitabi-Dədə Qorqud"un
ilk naşirlərindən və
araşdırmaçılarından olan Orxan Şaik
Gökyay, Ankara Universitetinin
professoru, ümumtürk
mədəniyyəti tarixinin
dünyaca ünlü
bilicisi Bahəddin Ögəl, Egey Universiteti Türk Dili və Ədəbiyyatı
Bölümü başqanı,
professor Fikrət Türkmən,
Ankara Qazi Universitetinin professoru
Əhməd Bican Ərcilasun, Elazığ Universiteti Sosyal Araşdırmalar İnstitutunun
müdiri, dosent Tuncər Gülənsoy, Ərzurum Universitetinin dosenti Saim Sakaoğlu
salınmışdı. Sonradan
öyrəndim ki, tanınmış
alim Zeynəb xanım
Qorxmaz da kollokviuma qatılmaq istəyirmiş,
ancaq böyük alim və insan Bahəddin
Ögəl ağır
xəstəliyinə baxmayaraq,
Bakını görmək
həsrətində olduğunu
bildirincə, heyətə
o alınmışdı. Heyiflər
olsun ki, kollokvium keçirildikdən bir müddət sonra Bahəddin Hoca dünyasını dəyişdi.
Türk
heyəti iyun ayının 31-də Moskvaya
gəldi. Onları Şeremetyevo hava limanında mən və köməkçim
Yelena Napolnova qarşıladıq.
Hamımız - türklər
də, biz də çox həyəcanlıydıq,
yeni və böyük
bir işə başladığımızın fərqində idik, bu da bizi, təbii
olaraq, həyəcanlandırırdı.
Görüşüb-qucaqlaşdığımız
zaman Bahəddin Ögəlin pıçıldadığı
"Şükür bizi
qovuşdurana" sözləri
bu gün də qulaqlarımdadır.
Qonaqlarımızı Akademiyanın
Oktyabr meydanındakı
otelinə yerləşdirdikdən
sonra bərabər axşam yeməyini yemək üçün restorana düşdük.
Bu emosional ab-hava orada da davam edirdi. Həyatında içki içməyən,
ağırbaşlığı ilə bilinən Saim Sakaoğlu içdiyi şampan şərabının etkisiylə
həyəcanını gizlətmir
və təkrar-təkrar
şərab badəsini
qaldırırdı. Türk
dostlarımızdan kimsə,
" Gəlin, Saim bəyin soyadını dəyişdirək, Şampanskiy
qoyaq, olsun Saim Şampanskiy", dediyində, hamımız
yaman gülmüşdük.
Bu hadisədən sonra
Türkiyəyə hər
gedişimdə və
Saim bəylə görüşəcəyimi bildiyimdə
ona bir şüşə
şampan şərabı
aparardım...
İyul
ayının 1-də türk
heyəti, Xalıq Koroğlu və mən Bakıya gəldik və "Azərbaycan" otelinə
yerləşdik. Bizi qarşılayan Aydın Məmmədov Bakıda hazırlıq işlərinin
tamamlandığını, proqramda nəzərdə tutulduğu kimi, kollokviumun sabah Əlyazmaları İnstitutunda
başlayacağını bildirdi.
Axşam yeməyindən
sonra Osman bəy, Aydın və mən bir araya
gələrək, kollokviumun
Bakı proqramını,
sabahkı toplantının
nə şəkildə
keçəcəyini görüşüb
qərarlaşdırdıq. Bəzi məqamları diqqətə alaraq, Dövlət Radio və Televiziya Komitəsinin sədr müavini, məsləkdaşım Aqşin
Babayevə telefon edib, kollokviumdakı çıxışların lentə
alınmasında bizə
yardımçı olmasını
xahiş etdim. Sağ olsun, Aqşin bəy bu məsələni o saat həll etdi. İyulun 2-sində Əlyazmaları İnstitutuna
gəldiyimizdə böyük
izdihamla qarşılaşdıq.
Toplantının keçirilməsindən
xəbər tutan bir çox türkoloq, filoloq məsləkdaşımız və
saysız gənclər
kollokviumun işini izləmək, türk alimlərini görmək həvəsilə buraya gəlmişdilər. Kollokviumun
yuxarıda açıqladığım
şərtlərini və
toplantı zalının
kiçik olmasını
nəzərə alaraq,
içəriyə ancaq
iştirakçılar və
dəvət olunan qonaqlar buraxılırdı.
Dəvətlilər arasında
akademik Ziya Bünyadov, xalq yazıçısı Anar,
Ədəbiyyat İnstitutunun
direktoru, professor Yaşar
Qarayev və başqa tanınmış
elm və mədəniyyət
adamları vardı.
Saat
10-da öz işinə
başlayan kollokviumu giriş sözüylə
Azərbaycan Elmlər
Akademiyasının elmi
katibi, akademik Bəkir Nəbiyev açdı. Səhər
toplantısı mənim,
axşamki isə Osman
bəyin sədrliyi ilə keçdi. Üç gün davam edən kollokviumda Xalıq Koroğlu "Təpəgöz
və polifem", Tofiq Hacıyev "Dədə Qorqud Kitabı dilinin iki sintaktik xüsusiyyətləri
haqqında", Süleyman
Əliyarlı "Kitabı
Dədə Qorqut: tarixi-filoloji araşdırma
təcrübəsi", Şamil
Cəmşidov "Dədə
Qorqud Kitabı haqqında", Tofiq Məlikli "Kitabi-Dədə
Qorquddakı şeir mətnlərinin strukturu",
Kamal Abdulla ""Dədə Qorqud Kitabı strukturunun iki planda öyrənilməsi",
Kamil Vəli Nərimanoğlu
"Kitabı Dədə
Qorqud şeirləri haqqında bir neçə söz", Orxan Şaik Gökyay "Dədə Qorqut Kitabı üzərinə", Bahəddin
Ögəl "Dədə
Qorqut Kitabının əski və yazılı qaynaqları haqqında", Əhməd
Bican Ərcilasun "Dədə Qorqut Kitabı ilə Oğuz Dastanı arasındakı əlaqələr",
Tuncər Gülənsoy
"Dədə Qorqut Hekayələrinin
Anadolu və Rumelində
izləri", Oman Fikri
Sərtkaya "Dədə
Qorqut Kitabındaki bəzi şeir parçalarının heca
vəzni və məzumə türü açısından yenidən
oxunması", Fikrət
Türkmən "Dədə
Qorqut hekayələrinin
Anadolu və Rumelində
yaşayan qolları",
Saim Sakaoğlu "Bəy Böyrək hekayəsindəki qiyafət
dəyişdirmə motivi
ilə digər motivlərin Anadolu nağıllarında
görülməsi" mövzusunda
çıxış etmiş
və bu çıxışlar ətrafında
olduqca geniş, maraqlı müzakirələr
aparılmışdı. 6 il sonra, 1994-cü ildə bu məruzələr
"Türk Dili Araşdırmaları
Yıllığı"nın özəl sayında çap olunmuşdur. Heyiflər olsun ki, biz kollokviumun materiallarını
ayrıca kitab şəklində
nə azəricə, nə də rusca çap etdirə bildik. Kollokviumun keçirilməsindən
23 il sonra qətiyyətlə
deyə bilərəm
ki, bu, böyük bir tarixi hadisə
idi. 1926-cı il Birinci
Bakı Türkoloji Qurultayından bu yana, ilk dəfə idi ki, Türkiyədən
bir heyət Bakıya gəlir və orada Azərbaycan
və Türkiyə alimləri birlikdə elmi konfrans keçirirdilər.
Bu, türk məsləkdaşlarımızın
Bakıya, Azərbaycana
ilk gəlişləriydi. Bakı
səfəri onlar üçün, Fikrət
Türkmənin dili ilə desək, "xəyal deyil, xəyal ötəsi" bir şeydi.
Kollokvium
öz işini tamamladıqdan sonra, türk və sovet heyətinin üzvləri İsmayıllı
rayonunu, Lahıcı ziyarət etdilər, Azərbaycanın gözəl
yerləriylə tanış
oldular. Bakıda başlayan hər iki ölkə alimlərinin həyəcanlı,
emosional görüşlərini
sözlə ifadə etmək mümkün deyil. Adlarını əzbər bildiyimiz qocaman Orxan Şaik
Gökyayı və Bahəddin Ögəli Bakıda görmək, əsərlərini əldə
etmək, o zaman gənc
olan, sonralar Türkiyə türkologiyasının
aparıcı alimlərinə
çevrilən Saim Sakaoğlu, Əhməd Bican Ərcilasun, Tuncər Gülənsoy, Fikrət Türkmən,
Osman Sərtkaya ilə
görüşüb-danışmaq, dostluq əlaqələri qurmaq bizim alimlərimiz
üçün həqiqətən,
olduqca böyük hadisə idi. Eyni zamanda türk
məsləkdaşlarımızın Ziya Bünyadov, Abbas Zamanov, Tofiq Hacıyev, Şamil Cəmşidov və başqa alimlərimizlə
olan görüşləri
yeni işbirliyinin başlanğıc
nöqtəsiydi. Bakı
kollokviumu Türkiyədə,
özəlliklə də
Azərbaycanda Qorqudşünaslıq
elminin inkişafina qüvvətli təkan verdi. 1988-ci ildən sonra "Dədə Qorqud ensiklopediyası"nın,
onlarla maraqlı kitabların, yüzlərlə
məqalələrin çap
olunması, dastanın
1300 illiyinin beynəlxalq
səviyyədə qeyd
edilməsi, "Dədə
Qorqud" elmi jurnalının nəşri
söylədiklərimizə dəlalət etməkdədir.
Bakı kollokviumunun 10
illiyi 1998-ci ildə Türkiyənin Konya şəhərində,
20 illiyi isə 2009-cu ildə Bakıda Slavyan Universitetinin və onun rektoru
Kamal Abdullanın təşəbbüsüylə
geniş şəkildə
qeyd olunmuş, bu toplantılarda kollokviumun oynadığı
tarixi roldan, keçən illər ərzində Qorqudşünaslıqda
əldə edilən uğurlardan söz açılmışdı. Bütün
bunlar sonralar oldu. Kollokviumun ikinci pərdəsi isə qonaqları ölkələrinə yola
saldıqdan və mən işlədiyim Şərqşünaslıq İnstitutuna
qayıtdıqdan sonra
başladı. İşə
gələn kimi, o
zaman SSRİ Elmlər Akademiyası
Dil-Ədəbiyyat Bölümünün
akademik katibi və İnstitutda Ədəbiyyat Şöbəsinin
müdiri olan akademik Yevgeniy Çelışev
məni otağına
apardı və: "Bakıda kollokvium necə keçdi? Mənə düzünü
söylə, orada nələr oldu?" - deyə soruşdu. Çox sevdiyim və dərin hörmət ediyim Yevgeniy Petroviçin sualı bu tərzdə verməsi məni şübhələndirsə də,
hər şeyi olduğu kimi ona danışdım.
Yevgeniy Petroviç gülümsəyərək:
"Kollokvium başlayan
kimi Yerevandan Akademiyaya və İnstituta çox sayda teleqram gəldi. Onlarda deyilirdi ki, azərbaycanlılarla
türklər kollokvium
adıyla bir araya gəlib, ermənilərə qarşı
yeni soyqırımının planlarını görüşüblər.
Burada bəziləri istəyirdi ki, səni təcili olaraq Moskvaya geri çağıraq.
Bunun əleyhinə çıxdıq,
çünki bu, beynəlxalq skandala səbəb olardı. Çox qəribə də olsa, bəzi
məsləkdaşların da Bölməyə məktub
yazaraq, orada sənin hesabatının dinlənməsini və lazımı tədbirlər
görülməsini təklif
edirlər", - dedi.
Nə gizlədim, ermənilərin haradasa canfəşanlıq edəcəklərini
gözləyirdim, odur
ki, Aqşin Babayevdən
kollokviumdakı çıxışların
hamısının başdan
sona qədər lentə alınmasını
xahiş etmişdim. Ancaq uzun illərdir
bir yerdə çalışdığım bəzi insanların bu hərəkəti mənə çox pis təsir etmişdi. "Yevgeniy Petroviç,
yazılanların hamısı
cəfəngiyyatdır, yalandır.
Kollokvimdakı çıxışların
hamısı lentə
alınıb. Xahiş
edirəm, ya siz, ya da təyin
edəcəyiniz komissiya
onları dinləsin. İstədiyiniz zaman Bölmədə
hesabat verməyə də hazıram", - dedim. Yevgeniy Petroviç gülümsəyərək, "mən də bilirdim ki, yazılanlar yalandır, ancaq məsləkdaşlarımızın məktubuna reaksiya verməliyik", - dedi.
Yevgeniy Petroviçdən sonra
məni İnstitut direktorunun müavini,
professor Georgiy Kim yanına
çağırdı və
söhbətə həmişəki
zarafatcıl üslubuyla,
"Eşitmişəm Bakıda
inqilab eləmisən" sözləriylə
başladı. Ona da uzun-uzadı
durumu başa saldım. Sabahısı gün SSRİ Yazıçılar
Birliyində işləyən
Vera Feonova telefon edib, ermənilərin Bakı kollokviumu ilə bağlı Birliyə bir sürü teleqram göndərdiklərini, bu
məsələyə aydınlıq
gətirlməsi üçün
katibliyin ona tapşırıq verdiyini
söylədi. Sonradan
məlum oldu ki, ermənilər Mərkəzi
Komitədən tutmuş,
bir çox təşkilata teleqramlar, məktublar göndəriblərmiş.
Mən bir neçə ay işimi-gücümü
atıb, "inqilab etmədiyimizi",
ciddi elmi problemlərlə məşğul
olduğumuzu isbat etməyə çalışdım.
Nəhayət, 1988-ci ilin
noyabrında Dil-Ədəbiyyat
Bölməsi ilə Sovet Turkoloqlar Komitəsinin Yevgeniy Petroviç
Çelışevin başqanlığında
birgə toplantısı
keçirildi və orada mənim geniş hesabatım dinlənildi. Şərqşünaslıq
İnstitutunun Ədəbiyyat
şöbəsində işləyən
Svetlana Uturgauri və onu dəstəkləyənlər
çıxışlarında həm kollokviuma, həm də "Dədə Qorqud" dastanının öyrənilməsinə
qarşı olduqlarını
gizlətmirdilər. Ancaq
Çelışev, Əthəm
Tenişev və özəlliklə kollokviumun
iştirakçısı olan
Xalıq Koroğlu, Bakı toplantısı və sovet heyətinin
işinə tam dəstək
verərək, elmi siyasi konyunktura alət etməməyə
çağırdılar. Müzakirədən
sonra qəbul edilən Bölmənin qərarında kollokviumun və sovet heyətinin
fəaliyyəti yüksək
qiymətləndirilir və
kollokviumların davam edilməsi istənilirdi.
Sovet Türkoloqlar Komitəsinin
sədri, SSRİ EA müxbir
üzvü Əthəm
Tenişev 1988-ci il oktyabrın
10-da Şərqşünaslıq İnstitutunun direktoru,
SSRİ EA müxbir üzvü
M.S.Kapitsaya ünvanladığı məktubunda
yazırdı:
Hörmətli Mixail Stepanoviç!
SSRİ ilə Türkiyə Respublikası arasında imzalanmış protokola dayanaraq SSRİ EA Ədəbiyyat
və Dil Bölməsi Azərbaycan Elmlər Akademiyası ilə birlikdə 1988-ci ilin 1-8 iyul tarixlərində Bakıda türk filologiyası problemlərinə
həsr olunmuş birinci Sovet-Türkiyə kollokviumu keçirilmişdir.
Bakı toplantısı
"Oğuz dastanı
"Kitabi-Dədə Qorqud"
türk mədəni abidəsi kimi" mövzusuna həsr olunmuşdu.
Sovet-Türkiyə elmi əlaqələri tarixində belə bir forum ilk dəfə keçirilirdi. İki ölkənin alimləri bir yerdə toplanaraq unikal türk abidəsinin öyrənilməsi, incələnməsilə bağlı problemləri müzakirə etmiş, çağdaş türkologiyanın məsələləri haqqında fikir mübadiləsi aparmış, görüləcək konkret işlərin planlarını görüşmüşlər.
Türk və sovet alimlərinin ümumi fikirlərinə görə, Bakıda keçirilən elmi tədbir türkoloji elmində olduqca böyük hadisəyə çevrilmiş və iki ölkə arasında elmi əlaqələrin yaranmasında yeni bir səhifə açmışdır. Sovet və türk mətbuatında çıxan saysız məqalələr bunun bir sübutudur. Maraqlıdır ki, sovet-türk kollokviumundan sonra İngiltərə, Almaniya və ABŞ-ın elmi təşkilatları türk tərəfinə belə kollokviumların keçirilməsini təklif etmişlər.
İkitərəfli belə elmi forumların keçirilməsi ideyası Sovet Türkoloqlar Komitəsinə və şəxsən Komitənin sədr müavini, sizin institutun baş elmi işçısı Tofiq Məlikova aiddir. O, birinci Sovet-Türk kollokviumunun təşkil olunmasında və keçirilməsində böyük rol oynamışdır. Eyni zamanda ona sovet heyətinə rəhbərlik etmək də tapşırılmışdır.
Sovet Türkoloqlar Komitəsində xarici elmi əlaqələrdən məsul olan T.Məlikov, eyni zamanda sovet heyətinin İstanbulda keçirilən VI Beynəlxalq Türkoloji Konqressində (19-25 sentyabr 1988) və Ankarada Türk Dil Qurumunun Beynəlxalq qurultayında (26 sentyabr-3 oktyabr 1988) uğurla iştirak etməsində önəmli rol oynamışdır. O, həmçinin VI Konqressin bir seksiyasına başçılıq etmiş, hər iki toplantıdakı elmi-nəzəri çıxışları böyük marağa səbəb olmuş və onların ətrafında ciddi diskussiyalar aparılmışdır.
Sovet-Türk kollokviumunun hazırlanması və keçirilməsindəki məhsuldar işinə, beynəlxalq konqreslərdəki aktiv fəalliyyətinə görə Sovet Türkoloqlar Komitəsi Tofiq Məlikliyə təşəkkür elan etmiş və SSRİ EA Şərqşünaslıq İnstitutunun da onun fəaliyyətini eyni şəkildə yüksək dəyərləndirəcəyinə ümid edir.
Tenişev Ə.R.
Sovet Türkoloqlar Komitəsinin sədri,
SSRİ EA Müxbir üzvü.
Bir müddətdən sonra Birinci Sovet-Türk kollokviumunu uğurla hazırlayıb keçirdiyimizə görə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin Sərəncamı ilə mənə və başqa təşkilatçılara təşəkkür məktubu göndərildi.
Bütün bu çətinliklərə və əngəlliklərə baxmayaraq "Kitabi-Dədə Qorqud" dastanlarına həsr olunmuş ilk Sovet-Türk kollokviumu qardaş türk xalqları arasında önəmli elmi və tarixi hadisəyə çevrildi. Bunun nəticəsiydi ki, 1998-ci ildə türkiyəli həmkarlarınız Konya şəhərində Birinci kollokviumun 10 illiyini və 2009-cu ildə isə Bakı Slavyan Universiteti onun 20 illiyini maraqlı tədbirlərlə qeyd etdilər. Bakıda keçirilən tədbirlə bağlı Slavyan Universitetinin hazırladığı broşurda bu böyük elmi hadisə belə dəyərləndirilirdi: "Sovet rejiminin son illərinə təsadüf edən bu böyük hadisə XX əsrin sonlarında Azərbaycan və Türkiyə alimləri arasında ilk mənəvi-elmi körpü oldu. Rusiyalı, türkiyəli, azərbaycanlı, türkmənistanlı, qazaxıstanlı filoloqların iştirakı kollokviumun dəyərini təkcə elm adamları arasında deyil, geniş ictimaiyyət arasında da yüksəklərə qaldırdı. İlk dəfə Azərbaycana Türkiyədən adını eşidib əsərlərini böyük məhəbbətlə oxuduğumuz ustadlarımız və sonrakı dövrlərdə dostlarımıza, qardaşlarımıza çevrilən gənc həmkarlarımız gəldi. Ustad Orxan Şaik Gökyaya, ustad Bahəddin Ögəl, indi özləri ustadlara çevrilmiş Əhməd Bican Ercilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən, Saim Sakaoğlu, Tuncər Gülənsoy ilə görüşlərimiz, elmi müzakirələrimiz, söhbətlərimiz unudulmaz xatirələrə çevrildi.
Tofiq Məlikli, Osman Sərtqaya, Aydın Məmmədov kollokviumun həqiqətən, ciddi professional dəyərləndirmələr məclisinə çevrilməsində əvəzsiz xidmət göstərdilər. Azərbaycan və Orta Asiyalı alimlər - Tofiq Hacıyev, Süleyman Əliyarlı, Kamil Vəliyev, Şakir İbrayev, Xalıq Koroğlu, Erdən Kajibəyov, Süleyman Qayıbov, Annaqurban Aşırov, Kamal Abdulla Dədə Qorqud abidələri üzərinə məruzələri ilə ümumi filoloji "cəbhə xətti"ni bir qədər də görümlü etdilər.
O zaman kim deyə bilərdi ki, qısa bir zaman keçəcək və bizim birliyimiz, əməkdaşlığımız virtual müstəvidən reallığa çevriləcəkdir?!"
Tofiq
MƏLİKLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.10-12.