Qasırğanın apardıqları...
Möhtəşəm ingilis aktrisası Vivyen Linin baş rolda oynadığı "Küləyin
apardıqları" filmini
görməyənlər yəqin
ki, az olar.
Filmdə
1861-1865-si illərdə ABŞ-da quldar Cənubla Şimal İttifaqı arasında gedən dördillik Vətəndaş
müharibəsi zamanı
Skarlet O`Xaranın (Vivyen Li) və çevrəsindəki dünənin
xoşbəxt insanlarının
timsalında qanlı qarşıdurma nəticəsində
meydana çıxan fəlakətlərin onların
hamısının həyatından
səmum yeli kimi keçərək hər şeyi qurutduğu, məhv etdiyi, dəyərdən saldığı əks olunmuşdu.
Bilmirəm, 41 yaşında stalinizmin
minlərlə günahsız
qurbanlarından biri olmuş türkoloq-alim,
professor Bəkir Çobanzadəni
və birinci həyat yoldaşı Dilarə Bulqakovanı bu filmin qəhrəmanları
ilə müqayisə
etmək mümkündürmü?
- Bəlkə də yox. Çünki dövr də, situasiya da fərqlidir. Amma
bir məsələdə
şəksiz bənzərlik
var: Viktor Fleminqin 8 Oskara
layiq görülmüş
məşhur filmindəki
qəhrəmanların sevgisini,
xoşbəxtliyini, insanca
yaşayışını Vətəndaş müharibəsinin
acı, soyuq rüzgarları necə havaya sovurmuşdusa, haqqında söz açmaq istədiyim Krım Skarlet O`Xaranın və yaxınlarının gün-güzəranını
"böyük terror" və ardınca gələn dəhşətli
müharibənin qasırğaları
qara gətirmiş, göy əsgiyə düymüşdü.
Azərbaycan Cümhuriyyətinin qurucu
atalarından Əlimərdan
bəy Topçubaşov
1903-cü il noyabrın 28-də "Kaspi" qəzetinin 255-ci
sayında "Müsəlman
qadınının sərbəst
fəaliyyəti" adlı
öz dövrü üçün aktual mövzulu bir məqalə dərc etdirmişdi. Təbii ki, adını çəkdiyim
yazıda Dilarə Bulqakovadan danışıla
bilməzdi. Çünki
həmin vaxt qızcığazın cəmisi
8 yaşı vardı.
Amma onun ailəsinə
qohumluğu çatan
digər tanınmış
Krım əsilzadə
nəsillərinin - Müftizadə,
Bolatukov, Şirinski soylarının yetirdiyi pedaqoq, həkim, xeyriyyəçi, ictimai xadim kimi fəaliyyət
göstərən türk-müsəlman
xanımların fəaliyyətindən
sevgi və qürurla söz açılmışdı.
XX əsrin əvvəlində
Rusiyanın türk-müsəlman
əhalisi arasında qadın hərəkatı
da daxil olmaqla, ictimai-siyasi və mədəni cəhətdən
bir neçə fəal bölgə vardı: Volqaboyu (Kazan, Orenburq), Krım, Cənubi Qafqaz (Bakı, Tiflis), Litva və Polşa. Əlimərdan bəy məqaləsində belə
ziyalı qadınlardan
biri, tatar maarifçisi Hüseyin Feyzxanovun qızı Əminə xanımın
xeyirsevərliyi, ana və
bacılarına əl
uzatması haqda yazmışdı: "Morozov fabrikinin
ipək saplarından deyil, İslamın ən nəcib amallarından toxunan çarşabına bürünmüş
Əminə xanım Feyzxanova fəlakətin tüğyan etdiyi ağır vaxtlarda xalqın arasında olmuş, aylarla ac, xəstə, köməksiz,
sinqa yaraları tökən, yatalağa yoluxan insanlara təmənnasız yardım
göstərmək üçün
gecəsini gündüzünə
qataraq çalışmışdı.
Yedirib-içirmək, müalicə
etmək, oxutmaq, təsəlli vermək kimi nəcib əməllər adını
çəkdiyim gözəl
müsəlman qadınının
gündəlik işində
bir vəhdət halında birləşmişdi".
Krım
türk qadınlarının
nəcib keyfiyyətlərini
özündə birləşdirən
Dilarə Bulqakovadan Bəkir Çobanzadənin
xanımı deyil, XX əsrin əvvəllərində
müsəlman qadın
hərəkatının tanınmış
nümayəndəsi kimi
danışmağa daha
çox əsas var.
O, 1895-ci ilin sentyabrında Krımda, Yalta yaxınlığındakı
Dərəköy kəndində,
murza (knyaz) ailəsində doğulmuşdu.
Atası Əli İsmayıl Bulqakov
(1849-1910) XVII yüzillikdə Osmanlıdan Krıma köçən əsilzadə
nəslindən idi.
Başqa
bir Krım zadəganı, rus ordusunun polkovniki İsmayıl Müftizadənin
1899-cu ildə "Tavriya
elmi arxiv komissiyasının xəbərləri"
məcmuəsinin 30-cu sayında
dərc olunan "Krım tatarlarının
1783-1899-cu illərdə hərbi
xidmət oçerkləri"
araşdırmasında Bulqakovların
tarixindən söz açılıb. Müəllif
nəslin öndəri
Əbdüllətif ağanın
atası Temir ağa ilə birlikdə Türkiyədən gəlib
Krımın müxtəlif
yerlərində, eləcə
də ailə soyadına çevrilən
Bulqak kəndində geniş torpaq sahələri aldığını
qeyd edir. 1783-cü ildə yarımada rusların işğalına
uğrayanda Əbdüllətif
ağa Rusiya təbəəliyinə keçmişdi.
Beləliklə də,
əcdadları Sultan II Süleyman
(hakimiyyət illəri
1687-1691) sarayında xidmət
etmiş nəslin Krımla bağlı tarixi başlanmışdı.
2002-ci ildə Ağməscid
(Simferopol) televiziyasının keçirdiyi televiktorinanın
nəticələrinə əsasən
Bulqakovlar soyu Krımın qədim zadəgan nəsli kimi tanınmışdı.
Bir neçə əsrlik
zəngin şəcərə
ağacında digər
məşhur soylarla -
tatar kökənli Kantakuzin, Balatukov, Şirinski, Ulanov, Kıpçakski, Karamanov,
Tayqanski, Karaşayski ailələri ilə qohumluq bağları Bulqakovlardan bölgənin
geniş əlaqələrə
malik, nüfuzlu təmsilçiləri
kimi söz açmağa imkan verir.
Bulqakov soyadı başqa bir assosiasiya da doğurur. Böyük yazıçı, onilliklər
boyu düşüncələrə
hakim kəsilən məşhur
"Master və Marqarita"
romanının, digər
diqqətəlayiq əsərlərin
müəllifi Mixail Bulqakov (1891-1940) konkret bu nəsildən olmasa da, Rusiyanın siyasi, hərbi, inzibati, mədəni elitasının əksər
nümayəndələri kimi
kökləri, mənşəyi
ilə, heç şübhəsiz, türk-tatar
əsilli idi...
***
Əli Murza Bulqakova gəldikdə isə, XIX əsr Krım ziyalılarının adlı-sanlı
nümayəndələrindən biri kimi məşhurlaşmışdı.
Yaltada xeyriyyəçiliklə
məşğul olur,
milli və dini-mənəvi
məsələlərin müzakirəsində,
yaxud həllində daim öncül mövqedə dayanır, maarifçi kimi tanınırdı. "Tərcüman"
ideyalarının qızğın
tərəfdarı, İsmayıl
Qaspıralının yaxın
silahdaşlarından biri
idi. Həyatının
son illərini Krımda
keçirən böyük
dramaturq A.P.Çexovla
məktublaşırdı. 1900-cü ildə Əli Murzanın şəxsi vəsaiti hesabına Dərəköy kəndində
tatar qadınlarının
çalışa bilmələri
üçün kiçik
bir tikiş fabriki qurulmuşdu. Mavritaniya üslubunda tikilmiş fabrik-məktəb
binasının layihəsini
memar N.Tarasov
hazırlamışdı.
Birinci
Rus inqilabından sonra
Əlimərdan bəy
Topçubaşovun sədrliyi
ilə ümumrusiya müsəlman partiyası
- "İttifaq əl-Müslimin"
yaradılanda onun Krım bölməsinin rəhbərliyində İsmayıl
Qaspıralı (sədr),
Mustafa Kıpçakski, Ahmet Müftizadə, Əli Murza Bulqakov və b. təmsil olunmuşdular.
Əli Murzanın adını daşıdığı əmisi
Əli bəy Bulqakov (1815-1892) və onun oğlu Səid bəy Bulqakov (1859-1939) da tanınmış
ictimai xadim və xeyriyyəçi idilər. Peterburq Zadəgan alayında xidmət keçən Əli bəy uzun illər Tavriya mülki qubernatorunun dəftərxanasında
çalışmışdı. On iki il ərzində Yalta Zadəgan Məclisinin sədri olmuş, qüsursuz işinə görə rus ordenlərinə layiq görülmüşdü. Əli
bəyin nəcib, xeyirxah əməllərindən
biri də Buxara əmiri və Rusiya müsəlmanlarının könüllü
ianələri hesabına
inşa edilən Peterburq Cümə məscidinin tikintisinə
o dövr üçün
böyük məbləğ
sayılan 1000 manat ayırması olmuşdu. Krımda dərslərin
yeni üsulla keçildiyi
və açılışına
İsmayıl bəy Qaspıralının gəldiyi
Rüşdiyyə məktəbi
də onun vəsaiti hesabına tikilib təchiz olunmuşdu. Nəhayət,
həqiqi dövlət
müşaviri (orduda
general-mayor) çininə yüksələn
oğlu Səid bəy Bulqakov yüksək rütbəli
məmur və Tavriya Zadəgan Məclisinin sədri kimi soydaşlarının
maddi-mədəni problemlərinin
həllinə mühüm
töhfə vermişdi.
Belə
adlı-sanlı nəsli
təmsil edən Dilarə Əli Murza və Zöhrə
Soltan Bulqakovların ailəsindəki dörd uşaqdan ən böyüyü idi. Əli Bulqakovun Yaltada indi də
yerli əhəmiyyətə
malik memarlıq abidəsi
kimi mühafizə edilən 20 otaqdan ibarət mülkü var idi. Ailənin xoşbəxt günləri
də burada keçmişdi. Dilarə
qardaşı Bəxtiyarla
birlikdə pedaqoji kurslarda təhsil almışdı. Hər iksinin həyatı 1925-ci ildən sonra Bakı ilə bağlı olmuşdu. Azərbaycan məktəblərində
rus dilini tədris edən Bəxtiyar Bulqakov qohumlarının dediyinə
görə, 1942, yaxud
1943-cü ildə Bakıda
vəfat etmişdi.
Harada dəfn edildiyi və məzarının yeri bəlli deyil.
Dilarə
30 yaşında ikən
Azərbaycan paytaxtına
gəlməsinə baxmayaraq
həmin vaxta qədər böyük məktəb, hətta mübarizə yolu keçmişdi. İctimai
fəaliyyətə və
qadın hərəkatında
iştiraka, demək olar ki, yeniyetməlik çağında başlamışdı.
Şəfiqə Qaspıralı,
İlhamə Toxtar, Zeynəb Əmirxan, Səlimə Yaqubova və digər gənc tatar qadınları ilə birlikdə 16-17 yaşlarından
Krımda qadın cəmiyyətlərinin, savad
kursları və məktəblərin təşkilində
yaxından iştirak etmişdi. Krım türklərinin milli-azadlıq
hərəkatının lideri
Cəfər Seyid Əhməd "Xatirələr"ində
yazırdı: "Dilarənin
tez-tez səslənən
kəskin çıxışları
yerli əhalinin mühafizəkar hissəsini
elə hiddətləndirmişdi
ki, etirazlarını açıq
şəkildə bildirmişdilər.
Dilarə Bulqakova ilk gündən feminist mövqeyinin
radikallığı ilə
seçilirdi. 1917-ci ildə
o, soydaşı İlhamə
Toxtarla birlikdə müsəlman qadınların
aprelin 24-dən 27-nə qədər
Kazanda keçirilən
və milli qadın hərəkatının ideya
əsaslarının işlənib
hazırlanmasında mühüm
mərhələ təşkil
edən Ümumrusiya qurultayının iştirakçısı
olmuşdu".
Sonralar
Yaltanın bir hissəsinə çevrilən
Dərəköy kəndində
yaşadığı dövrdə
Dilarə Bulqakova
"Yeni həyat" adlı
qadın komitəsi qurmuşdu. Burada qızlara savad öyrədilir, hüquq və vəzifələri
başa salınır,
ailə-məişət məsələlərinə
dair mühazirələr
oxunurdu. 22 yaşlı
Dilarə azsaylı türk-tatar qadınlarının
sırasında 1917-ci il 1-11 may tarixlərində Rusiya türk-müsəlman xalqların
gələcəyi ilə
bağlı mühüm
qərarlar alındığı
I Moskva Ümumrusiya müsəlman
qurultayının iştirakçısı
olmuşdu. Gülsüm
Asfandiyarova, Zahidə Burnaşova, Rauza Çanışeva-Sultanqalieva, Səlimə Yaqubova kimi tanınmış xanımlarla birlikdə Rusiyanın Müsəlman
qadınları müvəqqəti
təşkilat bürosunun
üzvlüyünə seçilmişdi.
1917-ci ilin dekabrında şəxsi həyatında
mühüm hadisə
baş vermişdi - Dilarə Krım türklərinin tanınmış
ictimai-siyasi xadimi
Mustafa Kıpçakskinin (1861-1918-ci ildən sonra) oğlu İsmayılla
(1887-?) ailə qurmuşdu.
Mustafa Murza da İsmayıl
Qaspıralının ətrafındakı
fəal, millətini sevən, Krımda türk varlığını
yaşatmağa can atan,
fədakar insanlardan idi. 1918-ci ildə Polşa tatarı, general Masey Sulkeviçin
(1865-1920) yarımadada qurduğu
qısaömürlü Krım
Respublikasının dövlət
nəzarətçisi olmuşdu.
Adını daşıyan
ilk nəvəsini - 1919-su il fevralın 23-də doğulan
gələcək Mustafa Kıpçakskini
görüb-görmədiyini demək çətindir.
Dilarə
Bulqakovanın üçüncü
nikahdan doğulan oğlu Eldar Parpetovun yazdığına
görə, anasının
"İsmayılla evliliyi
uzun sürməmişdi.
Boşanandan az sonra teatrda gənc
professor Bəkir Çobanzadə
ilə tanış olmuşdu. Dilarənin gözəlliyi və ağlı onu heyran qoymuşdu. Ürəyini açmış,
evlənmək təklif
etmişdi. Ailə qurandan sonra Dilarə ərinin soyadına keçmişdi.
Bəkir Çobanzadə
kiçik Mustafanı
rəsmən oğulluğa
götürmüşdü. Ona soyadını və ata adını vermişdi. Mustafa bütün
həyatı boyu həmin ad və
soyadı şərəflə
daşıdı. Atalığı
ilə həmişə
fəxr etdi".
Bu mühüm detal Bəkir Çobanzadənin
miflərlə dolu, sirr pərdəsinə bürünmüş həyatının
bir məqamına aydınlıq gətirir. Bəzi müəlliflər
alimin Mustafa adlı oğlunun olduğu göstərir. Bu fakt, hətta Çobanzadə irsinin bilicisi, krımlı professor D.P.Ursunun mükəmməl
tədqiqat əsərində
- ikinci nəşri
2013-cü ildə Simferopolda
çıxan "Bəkir
Çobanzadə. Həyatı.
Taleyi. Dövrü"
kitabında da (doğrudur,
müəyyən şübhələrlə!)
özünə yer alıb. Əslində isə, Mustafa İsmayıl
oğlu Kıpçakski
kimi doğulan uşaq yalnız 4-5 yaşlarında Mustafa Bəkir
oğlu Çobanzadə
olmuş və sona qədər bu adla yaşamışdı.
Hətta atalığının
repressiyaya uğraması
da onu "zərərli"
soyaddan imtinaya məcbur edə bilməmişdi.
Anabir qardaşı Eldar Parpetova 1952-ci ilin yanvarında bağışladığı
şəklin arxasında
yazdığı aşağıdakı
sözlər Mustafanın
yüksək mədəniyyətinə
və nəcibliyinə
dəlalət etməkdədir:
"Mənim gənc,
qəlbimə yaxın
qardaşım Edik!
Ata evini tərk edib o qədər də asan olmayan
uzaq yola çıxacağın gün
yaxınlaşır. Hansı
yolla gedəcəyini öncədən deyə bilmərəm. Çünki
görücü deyiləm.
Sənə şöhrət
müjdəsi də verə bilmirəm. Zira, insan şöhrəti xəyali və ərköyündür. Amma inanıram
ki, yüksək ağlınla,
zəhmətə alışqanlığınla
həyatda yolunu tapacaq, can atdığın
məqsədə qovuşacaqsan.
Bu yolu keçərkən
bizi - ilk gənclik illərini də bir xeyirxah sözlə,
tərifəlayiq əməllə
yada sal. Mustafa Çobanzadə.
19.1.1952".
Eldar Parpetovun yazdığına
görə, "Dilarə
Bəkir Çobanzadənin
siyasi baxışlarını
bölüşürdü. Əri tez-tez siyasi, ictimai, elmi və pedaqoji
fəaliyyəti ilə
bağlı məsələləri
onunla müzakirə edirdi. Belə söhbətlər zamanı
xanımının mülahizələrinin
səlisliyinə, yaşına
uyğun olmayan müdrikliyinə təəccüblənməkdən
özünü saxlaya
bilmirdi. Dilarənin fərdi intellektual inkişafında doğma
ana dili ilə bir sırada türk və rus dillərini də mükəmməl bilməsinin rolu az olmamışdı".
1925-si ildən Bəkir, Dilarə və Mustafa Çobanzadələrin Bakı
həyatı başlamışdı.
Onlar keçmiş Kooperativnaya (indiki Yusif Məmmədəliyev)
küçəsində, 3 saylı binanın 5-ci mənzilində yaşayırdılar.
Amma xoşbəxt ailə
həyatı uzun müddət davam etməmişdi. Ədalət
Tahirzadənin yazdığına
görə, izdivacın
pozulması Dilarənin,
bəzən dözülməz
həddə çatan
sərt, tələbkar
xarakteri, ifrat hökmlülüyü ilə
bağlı idi. 1928-ci
ilin sonu, yaxud 1929-cu ilin əvvəlində cütlüyün
yolları ayrılmışdı.
Şöhrətinin zirvəsinə
yüksələn professor Bəkir
Çobanzadə az sonra Bakı Opera Teatrının artisti, Volqaboyu tatarı Ruqiyə Gireyevna Abdulina (Ulyanovsk, 1904-?) ilə
evlənmişdi. Taleyindəki,
bəlkə də
dost-tanış arasında
ilk baxışdan həsəd
doğuran bu dəyişiklik nəticəsində
gənc, aktrisa kimi perspektivli qadın bir neçə il sonra
"ÇSİR" (çlen semyi izmennika rodinı - vətən xaininin ailə üzvü) cəza düşərgəsinə göndəriləcək,
bir-birindən ağır
məhrumiyyətlərlə üzləşməli olacaqdı...
Onu
1937-ci il oktyabrın 14-də, Bəkir Çobanzadənin
güllələndiyi gecənin
səhəri həbs etmişdilər. "Ərinin
cinayətlərini bilib
xəbər vermədiyinə
görə" islah-əmək
düşərgəsində 8 uzun, məşəqqətli
il keçirmişdi. Cəzasını,
necə deyərlər,
günü-gününə qədər Qazaxıstanda,
məşhur ALJİR-də
(Akmolinskiy lager dlya jon izmennikov rodinı - Vətən xainlərinin arvadları üçün Akmolinsk cəza düşərgəsi)
çəkmişdi. Həbsdən
qayıdandan yalnız
10 il sonra, Xruşşovun
"yumşalma dövründə"
özünün və
ərinin taleyinə aydınlıq gətirmək
üçün Azərbaycan
SSR Daxili İşlər
Nazirliyinə müraciət
etmişdi: "Mən
də mütəxəssis
idim, müstəqil işim vardı. Onun (Bəkir Çobanzadənin - V.Q.) hərəkətləri
üçün necə
cavabdeh ola bilərdim?
Aradan illər keçib, amma bu gün də
heç nədən xəbərim yoxdur. Ara yerdə gəncliyimi, karyeramı, olan-qalan əmlakımı itirdim. Nəyə görə? Bilmirəm." 1955-ci ilin
dekabrında Xaçmaz
musiqi məktəbinin
müəllimi işləyən
Ruqiyə Gireyevna Abdulina "əməlində
cinayət tərkibi olmadığına görə"
bəraət almışdı.
Keçmiş ərinin
taleyini həbsindən
20 il keçəndən sonra,
1957-ci ilin oktyabrında
öyrənə bilmişdi...
Dilarə
Çobanzadəyə (oğlu
Mustafanın yazdığına
görə, 1937-ci ilin
yayına qədər
bu soyadı saxlamışdı) gəldikdə
isə, türklər
demişkən, üçüncü
dəfə dünya evinə girmişdi. Yəni ərə getmişdi. 1931-ci ilin ortalarında, çox güman doğma kəndi Dərəköydən
tanıdığı Ədhəm
Parpetovla ailə qurmuşdu. Parpetovlar Krımın ziyalı və imkanlı adamlarından idilər.
Ali tibb təhsili olan Ədhəm Dərəköydə aptek
müdiri işləmişdi.
1928-ci ildə həkim
işləyən qardaşı
Memetlə birlikdə əksinqilabi "Milli Firqə"
təşkilatı və
Türkiyədəki Krım
müxalifəti ilə
əlaqələrdə təqsirli
bilinərək, üç
il müddətinə azadlıqdan
məhrum edilmişdilər.
Həbs müddəti
başa çatan Ədhəm Parpetov dil və din birliyinə, iş yerləri və ali təhsil müəssisələrinin çoxluğuna
görə xeyli sayda Krım türkünün məskunlaşdığı
Bakıya üz tutmuşdu.
Amma üzərində böyük
şəhərlərdə və sərhəd bölgələrində yaşamaq
qadağası olduğu
üçün yeni evləndiyi
xanımını da götürüb
Zaqatalaya köçmək
məcburiyyətində qalmışdı.
1934-cü ildə bu nikahdan oğlu Eldar doğulmuşdu. Taleyin qəribə gərdişi ilə qardaşı Mustafa kimi, o
da ata adını və nəsil soyadını daşıya
bilməmişdi. Əsl
valideynlərini itirəndən
sonra Eldar Ədhəm oğlu Parpetov yerinə Eldar Sergeyeviç Şakaryan olmuşdu. Bu barədə bir qədər aşağıda...
1934-cü
il təkcə övlad
sevinci ilə deyil, həm də ər, ailə başçısı
itkisi ilə yadda qalmışdı. Ədhəm
Parpetovu, görünür,
bu dəfə həmişəlik aparmışdılar.
Yenidən tək qalan Dilarə Bakıya qayıtmışdı.
İçərişəhərdə iki kiçik otaqdan ibarət mənzil kirayə edib oğulları Mustafa və Eldarla orada yaşamağa başlamışdı. Anası
da həyatın get-gedə
dözülməz olduğu
Krımdan köçüb
yanlarına gəlmişdi.
"Evimiz həmişə qonaqla dolu olurdu,
- deyə Eldar Parpetov xatırlayır. - Gələnlər Bulqakovlar
ailəsinin qohumları
və yaxın tanışları, eləcə
də "Yeni həyat"
komitəsi ilə bu və ya
başqa şəkildə
bağlı olan, anamı yaxşı tanıyan qadınlar idi. Bolşevik zülmündən baş
götürüb qaçan
həmin adamlar Bakıya, ya bir yol tapıb
burada qalmaq, ya da Xəzəri keçib Orta Asiyada, İran sərhədinə
yaxın yerlərdə
daimi yaşamaq üçün gəlirdilər.
Davranışından, ünsiyyət mədəniyyətindən savadlı,
ziyalı, əvvəllər
yüksək təbəqəyə
mənsub imkanlı insanlar olduğu sezilirdi".
Heç bir yerdən kömək gözləməyən
Dilarə özünü
pedaqoji sahədə sınamaq qərarına gəlmişdi. 1934-cü ildən
etibarən Bakının
müxtəlif rayonlarındakı
məktəblərin yuxarı
siniflərində rus dili və ədəbiyyatı
fənnini tədris edirdi. Tezliklə pedaqoji sahədə fərqlənə bilmişdi.
1941-cı ildə oğlu
Eldarı da özünün
işlədiyi 176 saylı
məktəbin birinci sinfinə qoymuşdu.
Lakin elə həmin ilin yayında başlanan Böyük Vətən müharibəsi
azacıq da olsa, yoluna düşmüş
kimi görünən
həyatlarını yenidən
yaşanmaz hala gətirdi. Bakıda qalmağın mümkünsüzlüyünü
görən Dilarə
anası ilə oğlunu da götürüb
Kürdəmir rayonunun
Mollakənd sovetliyinə
köçmüşdü. Eldarın xatırladığına
görə yaşlı
kəndlinin bir "gözlü" evinin küncünə sığınmışdılar.
Dilarə
məktəbdə həm
rus, həm Azərbaycan dilindən dərs deyirdi. Müharibə uzandıqca
burada da yaşayış
çətinləşirdi. Siniflər boşalmışdı.
Bir müddət sonra isə məktəb binasında hərbi hissə yerləşdirildi.
Dilarə əsgərlərin
azərbaycanlı, komandirlərin
rus olduğu hərbi hissədə bir müddət tərcüməçilik etməklə
oğluna və yaşlı anasına cüzi də olsa, ərzaq ala bilirdi. Ehtiyacın amansız əli əvvəl xəstə və yaşlı Zöhrə xanımı apardı. Onu kənd qəbiristanlığında,
adsız məzarda dəfn etdilər.
Tanışlarından qonşu Ağdaş şəhər
məktəbində vəziyyətin
az-çox babat olduğunu öyrənən
Dilarə çətinliklə
də olsa, ora dəyişdi. Direktor onu və
balaca oğlunu mehribanlıqla qarşıladı.
Hətta imkansızlığını
nəzərə alıb
məktəb açılana
qədər sinif otaqlarından birində daldalanmalarına icazə verdi.
Tezliklə dolanışıq baxımından
Ağdaşın da Kürdəmirdən
fərqlənmədiyini gördülər.
Dərslər başlananda
isə saatların sayının güman etdiyindən xeyli az olduğu aşkara çıxdı.
Zavallı qadının
gücü yalnız acı-acı ağlamağa
çatdı. Daha sinif otağında qalmaq mümkün deyildi. Kirayə mənzil tutmaqdan isə heç söhbət gedə bilməzdi. Rəhmdil direktor həyətdəki
palçıq damı
- süpürgə, döşəmə
əskisi, vedrə, xəkəndaz və s. saxlanan, kəndlilərin çovustan dediyi yeri məktəbin ən savadlı müəllimi üçün
ayırmaqdan başqa çıxış yolu tapmamışdı. Hər
gün qüvvəsini
bir az da itirən Dilarə indi yalnız oğlunu necə xilas etmək barəsində düşünürdü.
Kürdəmirdən Ağdaşa
gələrkən Bakıda
yaşayan, qızına
baş çəkməyə
gedən bir azərbaycanlı qadınla
tanış olmuşdu.
Xeyirxah qadın burada qaldığı müddət ərzində
bəzən çarəsiz
ana-balaya baş çəkməyə gəlir,
bəzən yeməyə
də əlinə düşəndən bir şeylər gətirirdi. Eldar Parpetov anasının son günlərini
belə təsvir edir:
"O, yarıac şəkildə
günlərlə quru
torpağın üstünə
salınmış yataqda
uzanır, demək olar ki, danışmırdı.
Yeni tanışımız vidalaşmaq üçün
gəldi, tezliklə Bakıya qayıdacağını
dedi. Anam xahiş elədi ki, məni də şəhərə aparıb
Aliyə adlı tanışına versin. Özü də sağalıb ayağa duran kimi dalımca
gələcək. Aydın
məsələdir ki, həmin
vaxt anam bir də heç
vaxt görüşə
bilməyəcəyimizi yaxşı
başa düşürdü".
Krımın ən gözəl
guşəsində, zəngin
murza mülkündə
dünyaya göz açan, artıq özü də məhvin astanasına sürüklənmiş vətəni
kimi çarəsiz vəziyyətə düşən
Dilarə Bulqakova Ağdaşda, bir məktəb həyətindəki
köhnə, uçuq-sökük
damda tək-tənha dünyaya gözlərini yumdu. Bu, təxminən,
1943-cü ilin noyabrında
olmuşdu.
Təsadüfi tanışın Mustafanı
Ağdaşdan gətirib
təhvil verdiyi Aliyə Krım türkü idi. Soydaş və həmyerli kimi Dilarəyə əvvəllər
də köməyi dəymişdi. Ali Sovetdə
protokol şöbəsinin
müdiri vəzifəsində
çalışırdı. Ağır yaralandığına
görə cəbhədən
qayıtmış əri
Sergey Şakaryan isə
Bakı ermənisi idi. Anasının ölüm xəbəri alınanda onlar 9 yaşlı oğlanı övladlığa götürdülər.
Beləliklə, Eldar Parpetov dönüb oldu Eldar Sergeyeviç
Şakaryan. Müharibədən
sonra Neft və Kimya İnstitutunu
bitirib mühəndis ixtisasına yiyələndi.
Göndərişlə getdiyi
Sumqayıtda yaşadı,
burada "Neftkimyaavtomat"
Elmi-Tədqiqat Layihə
İnstitutunda "Hesablama
texnikasının analitik
nəzarətdə tətbiqi"
sektoruna rəhbərlik
etdi. 1982-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi aldı.
Əmək qabaqcılı
və səmərələşdirici
kimi 1986-cı ildə
keçmiş SSRİ Nazirlər
Sovetinin mükafatına
layiq görüldü.
Sovet xüsusi xidmət orqanlarının əli ilə törədilən
1988-ci il Sumqayıt hadisələrindən
sonra əsilli-köklü
türk Eldar Şakaryan, çox güman, "təhlükəli"
soyad daşıdığına
görə İrəvana
köçməli olmuşdu.
Özü bu barədə bir qədər də utancaq şəkildə yazır: "1988-ci ildə
Ermənistana, "Sənaye
avtomatikası" elm-istehsalat
birliyinin elmi işlər üzrə direktor müavini vəzifəsini tutmaqla bağlı dəvət aldım. 1996-cı ilin fevralına qədər burada çalışdım".
Görünür, İrəvanda keçirdiyi
illər erməni soyadlı Krım türkünün "qədim
xalq"ın milli müstəsnalıq
iddiaları və qarşısıalınmaz türk
düşmənçiliyi ilə təcrübədə
tanış olmasına
imkan yaratmışdı.
Nəticədə, xilas
yolunu qaçıb boğucu mühitdən qurtarmaqda görmüşdü.
1996-cı ildə ailəsi
ilə birlikdə Ukraynanın Poltava şəhərinə
pənah gətirmişdi.
Yalnız bundan sonra öz türk
kimliyi ilə yaxından maraqlanmağa, bu haqda uca
səslə danışmağa
başlamışdı. Mənsub
olduğu xalqın və nəslin tarixi, ünlü şəxsləri, nəcib
adət-ənənələri haqda xatirələri "Krımın səsi"
(rus dilində) qəzetində çap edilmişdi. Onun rus və Krım-tatar
dillərində nəşr
olunan "Dərəköydən
olan Parpetovların ailə salnaməsi" kitabı soydaşlarının
yaşadığı hər
yerdə böyük rəğbətlə qarşılanıb.
Çünki kitabda bir ailənin timsalında başı bəlalar çəkmiş
Krımın hələ
də bitib-tükənməyən
faciələri, tarixinin
şanlı və acı səhifələri,
insanlarının sevinc
və kədəri, gələcəklə bağlı
arzuları əks olunub.
Maraqlıdır ki, hətta İrəvanı
tərk edəndən
sonra da Eldar Parpetov 9 yaşında götürdüyü Şakaryan
soyadını dəyişməyib.
Bunu başa düşmək mümkündür.
Çünki ana dediyi
soydaşı Aliyə,
ata dediyi Bakı ermənisi Sergey sözün həqiqi mənasında, onu ölümdən qurtarmışdılar.
Müharibənin başsız
qoyduğu minlərlə,
on minlərlə həmyaşıdı
aclıq və səfalətin pəncəsində
boğulanda, yeməyə
çörək, daldalanmağa yer tapmayanda o, rahat mənzildə yaşamış,
qayğı və himayə görmüş,
təhsil almaq imkanı qazanmış, böyüyüb cəmiyyətdə
layiqli yerini tuta bilmişdi.
***
Atalığının sovet zindanında məhv edildiyi il Mustafa Çobanzadə
o dövrdə də Bakının nüfuzlu təhsil ocağı sayılan 6 saylı məktəbi əla qiymətlərlə bitirmişdi.
Qardaşı Eldarın
yazdığına görə
ucaboylu, idmançı
görkəmli, geniş
mütaliə dairəsi
və yaxşı nitq qabiliyyətinə
malik, yaraşıqlı gənc
idi. 10-cu sinifdə oxuyarkən yeniyetmələr
arasında boks üzrə Azərbaycan çempionatının mükafatçısı
olmuşdu. Ona görə
də məhəllə
avtoritetləri öz aralarında "Çobik"
dedikləri Mustafanı
görəndə özlərini
yığışdırır, artıq-əskik bir söz danışmırdılar.
Məktəbi qurtaran
il qəbul imtahanlarını
əla qiymətlərlə
verib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdu. Yaşıdlarının əksəriyyəti
kimi, müharibə başlananda 4-cü kurs tələbəsi Mustafa Çobanzadəni
də döyüşən
orduya çağırmışdılar.
Amma cəbhəyə deyil,
nədənsə Özbəkistana
göndərilmişdi. Oradan
isə təhsilini davam etdirmək üçün Moskvaya getmiş, 1943-cü ildə
türk və fransız dillərinə mükəmməl yiyələnməklə
Hərbi Tərcüməçilər
İnstitutunu bitirmişdi.
1947-ci ildə, baş
leytenant rütbəsi
ilə ordudan tərxis olunana qədər qapalı hərbi hissələrdə
xidmət etmişdi. Və bütün bu müddət ərzində heç bir şübhə doğurmadan, irad və iddia eşitmədən
"xalq düşməni"
kimi güllələnən
atalığının Çobanzadə
soyadını daşımışdı!
Bakıya
qayıdandan sonra ilk işi anasının məzarını axtarmaq olmuşdu. Amma Ağdaşdakı
axtarışları heç
bir nəticə verməmişdi. Eldar Parpetov (Eldar Parpetovun) yazdığına
görə "O, Səfiyyə
xanım Qıpçaqskayanın
(Mustafanın bioloji atası İsmayıl Qıpçaqskinin bacısı)
qızı Fəridə
Rüstəmbəyova ilə
görüşürdü. 1948-ci ildə evləndilər.
1949-cu il martın 7-də övladları
dünyaya gəldi.
Mustafa atalığının şərəfinə oğlunun
adını Bəkir qoymuşdu. Aradan bunca vaxt keçəndən
sonra Mustafa ilə Fəridənin niyə ayrıldığını xatırlamıram.
Amma heç vaxt bir-birləri haqda pis danışdıqlarını
eşitməmişdim".
Fəridə xanımın atası
doktor Cəfər bəy Rüstəmbəyov
(1884-1938) diplomat, siyasi və
dövlət xadimi kimi Azərbaycan Cümhuriyyətinin qısamüddətli
mövcudluq tarixində
müəyyən izlər
qoymuşdu. Cümhuriyyətin
Kuban hökuməti yanında
diplomatik nümayəndəsi
olmuş, Bakıya qayıdandan sonra nazir müavini vəzifəsi tutmuşdu. Bəkir Çobanzadə kimi, o da repressiya qurbanı idi. Çox güman, şəxsi tanışlıqları olmasa
da, qohum sayıla bilərdilər. Cəfər
bəy 1918-ci ildə Simferopolda (Ağməscid)
ikinci nikahla Mustafa Kıpçakskinin qızı
Səfiyyə xanımla
evlənmişdi. Qızları
Fəridə 1924-cü ildə
Tiflisdə doğulmuşdu.
Sənaye İnstitutunu
(AZİ) bitirmiş, Azərbaycan
EA-nın Kimya Texnologiyası İnstitutunda,
Sumqayıtdakı Ümumittifaq
əhəmiyyətli Layihə
İnstitutunda çalışmışdı.
1977-ci ildə Azərbaycan
SSR Dövlət Plan Komitəsi
sədrinin birinci müavini, 1980-1984-cü illərdə
Azərbaycan SSR Ali Sovetinin
deputatı olmuşdu.
1920-ci ilə qədər
ali məktəblərdə
təhsil alan azərbaycanlı tələbələr
haqqında çoxcildli
əsərin (prof. Misir
Mərdanovla birlikdə)
müəllifi, görkəmli
tədqiqatçı-alim Ədalət
Tahirzadə 2010-cu ildə
onunla görüşüb
atası haqda bildikləri ilə maraqlanmışdı.
Mustafa Çobanzadə müharibənin
yarımçıq qoyduğu
universitet təhsilini başa vurub, Bakı məktəblərində
tarix fənnini tədris etmişdi. Şagirdlərinin dediyinə
görə, müəllimlik
onda Allah vergisi idi. Tarixi sadəcə
tədris etmirdi, uşaqların gözləri
önündə canlandırırdı,
onları haqqında danışdığı dövrə,
zamana səyahətə
aparır, bəhs etdiyi şəxsiyyətlərlə
sanki üzbəsurət
görüşdürürdü. Fəridə Rüstəmbəyova
ilə boşanandan sonra keçmiş xanımının tələbə
yoldaşı və yaxın rəfiqəsi Zinaida Petrovna ilə evlənmiş, ömrünün
son üç ilini onunla yaşamışdı.
1953-cü ilin martında
34 yaşında Bakıda
vəfat etmişdi. Məzarı son illərə
qədər Dərnəgül
qəbiristanlığında idi.
Eldar Parpetov iddia edir ki, Mustafa ilə Fəridənin birgə nikahdan doğulmuş oğlu Bəkir əvvəl Çobanzadə
soyadı daşısa
da, sonra anası onu öz soyadına
keçirmiş və
beləliklə, Bəkir
Rüstəmbəyov olmuşdu.
Lakin 2010-cu ildə Azərbaycan
MEA Fizika İnstitutunun
əməkdaşı Bəkir
Mustafa oğlu Çobanzadə
ilə görüşüb
ailəsinin və nəslinin taleyi haqqında ətraflı söhbət aparan tədqiqatçı-alim Ədalət
Tahirzadə bu iddianın həqiqətə
uyğun olmadığını
sübuta yetirmişdir.
Bir qədər inandırıcı
görünməsə də,
Bəkir Çobanzadə
ilə bağlı bir epizodu da burada xatırlatmaq istərdim. Alim hələ
"xalq düşməni"
kimi həbs olunmamışdan əvvəl
Bakıda yaşayan hansısa tatar rəssamı onun Krım peyzajı fonunda at belində böyük portretini çəkibmiş. Mustafa Çobanzadə
ordudan qayıdandan sonra həmin rəssamı tapıb hələ də emalatxanasında saxlanan portreti ondan satın almış, mənzilinin ən görkəmli yerindən asmışdı. Və bütün bunlar
1953-cü ilin martına
qədər baş vermişdi. Tatar rəssamın
məşhur soydaşının
portretini çəkməsi
tamamilə mümkündür.
Lakin onun həbsindən
və gedər-gəlməzə
göndərilməsindən sonra portretini illər boyu emalatxanasında saxlaması,
yaxud oğulluğunun
həmin portreti mənzilində asması dövrün ruhu ilə qətiyyən bir araya sığışmır.
50-ci illərin ortalarında isə Bəkir Çobanzadənin günahsız
repressiya qurbanı kimi qanuni bəraət
qazanan ikinci arvadı Ruqiyyə Abdulina "ailə mülkiyyəti sayılan"
rəsm əsərini
Zinaida Petrovnadan tələb etmiş və geri almağa
müvəffəq olmuşdu.
Əgər bütün
bunlar doğrudursa, həmin portretin sonrakı taleyi də bəlli deyil. Digər tərəfdən, Ruqiyyə
Abdulinanın birinci evlililkdən, yaxud nikahdankənar münasibətdən
doğulan oğlu Gireyi Bəkir Çobanzadənin həqiqi
varisi kimi təqdim etməyə, hətta rəsmiləşdirməyə
təşəbbüs göstərməsi
ilə bağlı məlumatlar da var.
Son nöqtəni qoymazdan əvvəl düşündüm:
bu qədər əziyyət çəkib,
vaxt və enerji itirib haqqında
söz açdığım
uzun, kədərli və dolaşıq tarixçəni, mürəkkəb
ailə saqasını
araşdırmağa dəyərdimi?
Məncə, dəyərdi!
Alimləri, yazıçıları, şairləri iş otağında, kitab rəfi
önündə, yazı
masası arxasında,
əli alnında, Mirzə Cəlil demişkən, "gözlərini
göyə zilləyib
qafiyə axtaran şəkildə" təsvir
etmək keçmiş
dövrün ənənəsi
idi. Bir sıra hallarda onların yaradıcılığına öz
möhürünü vuran
ömür yolunu,
"həyat odisseyası"nı
daha dərindən öyrənmək üçün
bioqrafiyalarının qaranlıq
məqamlarına da baş
vurmaq lazım gəlir.
Bu yazı da belə bir ehtiyacdan doğuldu.
Oktyabr-noyabr, 2025-ci il
Sarayevo
Vilayət QULİYEV
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 21 noyabr, ¹43-44.-
S.28-29; 32.