Birinci Ümum
Türkoloji Qurultayı
"Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabından parça
Qurultay
zamanı gəlmişdi. Bakı şəhərinin ən
mühüm küçələrindən olan
"Kommunist" küçəsi, üzərinə yeni
böyük hərflərlə şüarlar
yazılmış, al bayraqlar ilə bəzənmişdi.
Şəhərdə təzə, canlı bir həyat və hərəkət
başlamışdı. Küçələr çox
uzaqdan gələn sevgili qonaqlarını səmimi
qucaqları arasında sıxışdırırdı.
Yüksək, vüqarlı binalar sıra-sıra durmuş
müsafirlərini salamlayırlardı. Mövsüm
qış, ancaq hava saf və bərraq idi. Göy üzündə
buluddan, qubardan heç bir əsər yox, ətraf günəşin
tar-mar, gümüş tellərinə bürünmüş;
dəniz sakit-sakit xarələnirdi. Təbiət bu sükuti
ilə Qurultayda veriləcək son qərarın,
dünyanın ən uzaq hücra guşələrindəki
dost-düşmənlərimizin eşidə bilmələri
üçün - guya imkan hazırlamışdı... Şəhərdə
qurultaydan başqa söz yox idi. Hər kəs "görək,
nə olacaq: hansı əlifba qələbə
çalacaq?.." deyirdi. Əski əlifba tərəfdarlarının
da ümidləri kəsilməmişdi. Onlarca qurultay yeni əlifba
üçün qəbir qazıyan bir yer, kəfən
hazırlayan bir müəssisə idi. Qazaxlar ilə
kazanlılar yeni əlifba əleyhində olduqlarına dair xalq
arasında qüvvətli bir şayiə dolaşırdı.
Yeni əlifba əleyhində olanları "a kişi,
osmanlılar da qəbul etməyəcəklər,
qurtardı-getdi, vəssəlam", deyə bir-birlərinə
ürək verirdilər. Biz də vəziyyətdən
çox şübhəli idik. Qazaxlar ilə
kazanlıların fikri məlum; krımlılara ümid bəsləyirdik;
ancaq hənuz tamamilə şübhədən
çaxarmamışdıq; osmanlı mürəxxəslərinin
fikrini bilmək mümkün olmayırdı. Bizi ən
çox maraqlandıran özbəklərin fikri idi.
Çünki onları qazanırsaq, türkmənlər ilə
bərabər bütün Türkistan bizim tərəfimizdə
olacaqdı. Qırğızların yeni əlifba tərəfində
olduqlarına dair qəti məlumat almışdıq. Səməd
ağa başda olmaq üzrə Azərbaycan Yeni Əlifba Komitəsinin
bütün fikri, bütün diqqəti Anadolu türklərilə
özbəklər üzərinə dikilib qalmışdı.
Səməd
ağa məni yanına çağırdı. "Xalid, -
dedi, - sən özbəklərinlə danış, hər
halda onların müəyyən bir fikirləri olacaq. Fikirlərini
açıq, aydın söyləsinlər. Biz də ona
görə iş görək... bir də
Köprülü-zadə Fuad yoldaşla da görüş,
gör onların fikirləri nədir?"
Səməd
ağanın bu arzusu üzərinə Özbəkistan mürəxxəslərinin
yanına getmişdim. Özbəkistan mürəxxəslərinin
başında o zamankı Özbəkistan maarif komissarı Rəhim
Ənamov bulunurdu. Bu yoldaş təxminən, iyirmi beş
yaşlarında, orta boylu, zəifcə bir gənc idi. Bundan
başqa, Özbəkistan Elmi Şurasının sədri Qazi
Alim, Bəkcan və başqa yoldaşlar da var idi. Bunların hər
ikisi də mənim ən səmimi dostlarım idi. Bunların
vasitəsilə qəti bir məlumat alacağıma ümid
edirdim.
Özbəkistan
mürəxxəslərini Əski Avropa otelindəki mənzillərdə
buldum.
- Əssəlam
ələykim, - "ələyküməssalam, kilin, kilin,
xoş kördük, qalaysız, salamatmısız, bala
cağarkınız (polunuz) amanmı? - deyə
qarşıladılar. Oradan, buradan söhbət etdik. Nəhayət,
mən söhbəti yeni əlifba
məsələsinə çəkmək istədim.
Özbəkistan hökumətinin bu barədə əlbəttə,
bir qərarı vardır, - dedim. Bütün mürəxxəslər
gözləri, yer altından, bir-biri üzərinə
dolaşdı, nəhayət, "cavabı bu yoldaş
verir" mənasını bildirən bir tövr ilə komissara
baxdılar. Komissar yerə baxaraq bir az düşünür
kibi oldu, sonra: "Bu iş üçün kildik, qurultay
qanday (neçə) qərar versə, biz də o
qarardamız", cavabını verdi. Söhbətimizin
mövzusunu dəyişdirmək üçün tələsmişmi
idi, nədənsə dərhal mənə:
"Özünüz qalaysız, salamatmısız!" -
sualını vermişdi.
Söhbətimizin
bu rabitəsizliyi ortaya bir neçə dəqiqə sürən
bir sükut gətirdi. Nəhayət, yoldaşlardan biri:
- Nə
üçün cim-cit qaldınlar? (yəni nə
üçün susdunuz?) - sualını verdi.
Mən bu
sualdan istifadə etmək istədim:
- Komissar
yoldaş mənim sualıma cavab vermədi, - dedim. Komissar
gülümsədi.
- Əlbəttə,
hökumətin bu xüsusda bir qərarı var, ancaq o qərarı
şimdilik sizə söylüyəməm, - dedi.
Məsələni
anlamaq müşgül deyildi; qərar əlbəttə, -
yeni əlifbanın lehində olmayacaqdı. Bunun üzərinə
məsələnin təfsilatını soruşmağa
lüzum görmədim. Şakalı, zarafatlı bir neçə
dəqiqə sürən müsahibədən sonra müsaidə
istədim. Qazi Alim yoldaş qapıdan uzadırkən mənalı
bir əda ilə:
-
Vaxtınız müsaid olursa, axşam sizə gəlmək
istəyirdim, - dedi.
Onun bu
fikri və arzusınu qüvvətləndirmək lazım idi:
- Bu sizin
üçün mədəni bir vəzifədir, əda
edib-etməmək sizə aiddir; mən, təbii rica edirəm,
- deyərək onun bizə gəlməsini
çox arzu etdiyimi bildirdim.
Qazi Alim
yoldaş həqiqətən, sözünü yerinə
yetirdi, axşam bizə gəldi.
Mən
Özbəkistan Cümhuriyyətinin yeni əlifba barəsindəki
qərarını anlamaqda səhv etməmişdim. Həqiqətən,
Qurultaya gələn mürəxxəslərə ərəb əlifbasını
müdafiə etmələri xüsusunda qəti təlimat
verilmiş idi. Mürəxxəslərin bu barədə mənimlə
danışmaq istəmədiklərinin də səbəbi bu
idi. Bununla bərabər, ertəsi gün yenə mürəxxəslərin
xüsusi iclasları olacaq, ondan sonra qəti fikir və qərarlarını
söyləyə biləcəklər idi. Sabaha qədər nəticəni
bəkləmək lazım idi. Bundan dolayı, mən də Səməd
ağa ilə görüşməyi ertəsi günə qədər
təxir etməyi münasib gördüm. Çünkü
onun bu xəbərdən şiddətli surətdə mütəəssir
olacağına şübhə yox idi. Kim bilir, bəlkə
sabaha qədər özbək mürəxxəslərinin
fikirləri dəyişəcək, heç olmazsa bitərəf
qalacaqlarına dair bir söz verəcəklər idi.
Qazi Alim
özü ilə bərabər mürəxxəslərdən
Bəkcan və başqa bir neçə
yoldaşlarının prinsip etibarı ilə yeni əlifba tərəfdarı
olduqlarına işarət etmişdi. Bir də əlindən gəldiyi
qədər öz yoldaşlarını yeni əlifba tərəfinə
çəkməyə çalışacağını,
gülərək əlavə etmişdi.
Sabah oldu.
Mənim üzərimə qoyulan ikinci vəzifəni əda
etməli idim. Bunun üçün Yeni Avropa otelinə getməli
idim, çünkü türk ədəbiyyatının iki
böyük alimi, Anadolu türklərinin mürəxxəsi
olan Köprülü-Zadə Fuad bəy buraya yerləşdirilmişdi.
Fuad bəylə birinci dəfə tanış
olmayırdım. Qapıçı vasitəsilə ziyarət
etmək üçün gəldiyimi bildirdim, "rica edirəm,
buyursunlar", deyə xəbər göndərmişdi. Fuad bəy
zəif və nazik vücudu ilə masa arxasında oturmuş,
dodaqları sıxışdırılan papirosundan həlzunlu
dumanlar buraxaraq, əlindəki jurnal ilə məşğul
idi. Məni görər-görməz: "ay əfəndim,
buyurunuz, buyurunuz, rica edirəm, buyurunuz...", deyə
ayağa qalxdı. Bir neçə addım irəliləyərək
bərk-bərk əllərimi sıxdı. Hənuz əllərimi
buraxmamış, masanın o bir tərəfində, pəncərə
önündə kitab mütaliəsilə məşğul
olan gözü çeşməkli, ağ saqqallı, bəyaz
saçlı, ixtiyarca bir adamın yanına qədər gətirdi.
- Əli
bəy, - dedi, sizə əski dostlarımızdan Xalid Səidi
təqdim ilə şərəfyab olmaq istəyirəm", -
dedi. Mən də:
- Aman əfəndim,
məhcub ediyorsunuz, - deyə müqabilə etdim. Əli bəy
əlindəki kitabı buraxaraq, ixtiyarlara məxsus bir tövr
ilə yavaş-yavaş ayağa qalxdı, sevimli çöhrəsinə
xüsusi bir əda verən təbəssümlə mənə
əllərini uzadaraq: - "Müşərrəf oldum",
- dedi. Əli bəy… mənim üzərimə dərin bir təsir
buraxmış, Azərbaycan ədəbi həyatında
mühüm işlər görmüş məşhur
Hüseyn-zadə Əli bəy idi. Əlini iki əlimlə tutmuş, bir
dürlü buraxmaq istəmirdim...
Əli bəy
oxumaqda olduğu kitabın arasına çeşməklərini
qoydu, stulunu masa yanına çəkdi. Otaqda üç
adamdan başqa kimsə yoxdu, necə gəldiklərindən,
yolda əziyyət çəkib-çəkmədiklərindən
bəhs edən ufaq bir müqəddəmə müsahibəsindən
sonra mövzunu yeni əlifbaya çevirməyə tələsdim,
çünkü gəlib-gedənlər coxalırsa, bu barədə
müsahibə etmək, bəlkə, mümkün
olmayacaqdı.
- Fuad bəy,
- dedim, - təbii, yeni əlifba məsələsindən
dolayı təşrif etdiniz. Bu xüsusda, Türkiyə əfkari-ümumiyyəsilə,
siyasi dairələrinin fikirləri sizcə məlum
olduğundan şübhə yoxdur.
Fuad bəy
yanındakı qurşun qələmi əlinə alaraq, masa
üzərindəki bloknota bir takım işarələr
qoyduqdan sonra:
- Əfəndim,
- dedi, Türkiyənin bugünkü vəziyyəti həpimizə
məlumdur; məğlubiyyətlə nəticələnən
ağır və uzun müharibələrdən
çıxdıq, iqtisadi vəziyyətimiz bizi məmnun edə
biləcək bir halda deyil, bilxassə böyük bir taqım
inqilab həyatı yaşayırız, zehnimiz hənuz daha
mühüm məsələlər ilə məşğuldur.
Bununla bərabər elmi müəssisələrimiz, Azərbaycan
tərəfindən ortaya atılan yeni əlifba məsələsinə
də biganə deyillər. Bu yaxınlarda Maarif Nəzarəti
tərəfindən xüsusi bir komisyon təşkil edildi. Bu
komisyon imla və hürufatı tədqiq ilə məşğul
olur, hənuz qəti bir fikir və qərara gəlmədilər.
Zənn edirəm bu tədqiqat yenə bir kaç ay davam edəcəkdir.
- Şu
halda, - dedim, qurultayda Anadolu türkləri namına yeni əlifbanın
lehinə və ya əleyhinə bir fikir verəmiyəcəksiniz?
- Təbii,
deyilmi? Ancaq şurasını da ərz edəlim ki, yeni əlifbanın
əleyhinə rəy vermək üçün əlimizdə
bir əsas yoxdur, lehinə rəy vermək üçün də
- maaləsəf - hənuz hazırlığımız
olmadığı kibi hökumət tərəfindən də
bu xüsusda əlimizdə bir təlimat yoxdur.
-
Çox gözəl, - dedim, - bu xüsusdakı fikrinizi
öyrənə bilərmiyəm?
- Əfəndim,
- dedi, əsas etibarı ilə mənim fikrim yeni əlifbanın
lehindədir, ancaq ümumi vəziyyətimizlə
hesablaşmaq məcburiyyətindəyəm. Bizim
halımız başqa; Şərqdə yaşayan ayrı
türk xalqlarının vəziyyəti bambaşqadır.
Türkiyə ədəbiyyatı - təbii, Avropa ilə müqayisə
etməyirəm, o qədər fəqir deyildir, yeni əlifbaya
keçdiyimiz təqdirdə, bir çox
kitablarımızı yeni əlifbaya keçirməyə məcbur
qalacağız, bunun üçün iqtisadi vəziyyətimiz
müsaid olmadığını yuxarıda ərz
etmişdim. Əlifba məsələsi bizdə əskidir,
bunun üçün müxtəlif zamanlarda müxtəlif
komisionlar təşkil edildi, hətta Cahan hərbi zamanında
Ənvər paşa tərəfindən də əskəri
işlərdə bir yeni əlifba təcrübəsi
yapıldı, ancaq həyata keçiriləmədi. Mən bu
nöqteyi-nəzərdən öz fikrimdən də çox
ehtiyatlı davranmağa məcburam.
- Fuad bəy,
- dedim, - müsaidə edərsəniz, yenə bir şey də
soruşmaq istəyirdim.
Xəfif
bir təbəssümlə:
- Rica edirəm,
- dedi, - yenə bir şey deyil, daha bir çox suallar verə
bilərsiniz, vaxtımız da müsaiddir.
- Dediyiniz
kibi, biz Şərq türkləri yeni Əlifbaya daha qolay surətdə
keçə biləriz, keçməyə də şiddətli
lüzum görürüz. Şayəd Şərq türkləri
yeni əlifbaya keçərlərsə, Anadolu türkləri
yenə əski əlifba üzərində qala bilərmi?
Fuad bəy
bir az düşündü.
Əli bəy:
- Zənn
edərəm, - dedi, - bu iş mümkün olmayacaq.
Fuad bəy
təsdiq etdi.
- Əvət,
- dedi, - o halda bütün çətinliklərə, iqtisadi
ağırlıqlara qatlanaraq yeni əlifbaya keçməyə
məcbur olacağız (bu, təbii, mənim öz fikrimdir.
Hökumət dairələrinin bu xüsusda nə
düşündüklərinə aid bir şey deyəməm).
Çünkü əsrimizdəki mətbuat mədəniyyəti
geniş sahələr, çox miqdarda oxucular istəyir. Bundan
dolayı Şərq türkləri ilə mədəni
münasibətimizi saxlamaya məcburuz, vaqiən
hürufatın ayrı olması dilcə olan münasibəti
kəsməz, ancaq çocuklarımıza, gənclərimizə,
ayrı-ayrı hərfləri öyrətməyə məcbur
qalacağız, bu da bir çox vaxtımızı boş yerə
sərf etməyə səbəb olacaq... Bugünkü texnika
da yeni əlifbaya keçməyi tələb edir. Ərz
etdiyim kibi, buna bizim iqtisadi şəraitimiz hənuz müsaid
deyildir. Bu xüsusda çalışmaqda olan komision lazım
görürsə, bizim də keçməmiz ehtimaldan uzaq
deyildir; ancaq hənuz rəsmi, qəti bir şey deyəməm.
Müsahibəmiz
həmən-həmən qurtarmış idi, qapı
döyüldü, qapıçı:
- Ziyarətinizə
gəlmişlər, - dedi.
Mən də
gələn qonaqlar üçün oturduğum stulu boşaltmaya
məcbur oldum...
***
Otelin
qapısından hənuz çox uzaqlaşmamışdım.
Arxamdan:
- Ortaq!
Ortaq, Xalid ortaq! - səsini eşitdim. Bu, Bəkcan idi. Gülərək
mənə yaxınlaşdı, Qaziyi
gördünüzmü? - sualını verdi.
-
Xayır. Bir şeymi var? - dedim.
- Bəli,
bir şey var.
- Xeyir
olur?
- Xeyirdir:
bu sabah öz aramızda iclas yapdıq, əski qərarımızı
dəyişdirdik, artıq yeni əlifbanı müdafiə etmək,
onun lehinə səs verməyə qərar verdik. Doğrudan
da, xeyrli bir xəbər idi.
- O halda,
- dedim, - sizi yeni əlifba ilə təbrik, bu bəşarətinizdən
dolayı sizə ayrıca təşəkkür edirəm...
***
Səməd
ağa ilə görüşərək, onu vəziyyətlə
tanış etməli idim. Saat on ikiyə
yaxınlaşmışdı. İdarəsinə getməmiş,
yanına kimsəni qəbul etməyir, yalnız qurultay işlərilə
məşğul olurdu.
Məni
görər görməz:
- Hə!
Xalid, axşam səni gözlədim, işlər necədir?
Özbəklər nə fikirdədir? Ərəb əlifbasından
əl çəkəcəklərmi?
Suallarını
sıralayır, böyük bir maraq ilə mənim verəcəyim
cavabı eşitməyə tələsirdi.
- Səməd
ağa, - dedim, - işlər yaxşıdır, özbəklər
yeni əlifba tərəfindədirlər; ancaq...
- Bəsdir,
bəsdir, ayrı şey lazım deyil, artıq yeni əlifba
keçəcək. Mən özbəklərdən çox
şübhəli idim... indi de görüm, ancaq nə? - dedi.
- Ancaq o
ki, - dedikdən sonra Fuad bəyin fikirlərini anlatdım.
Səməd
ağa gözlüyünü çıxararaq bir az
düşündü, barmaqları ilə çal
saqqalını qarışdırırkən:
- O da
düzdür, - deyərək, Fuad bəyin fikirlərini təsdiq
edir kibi oldu, sonra - Mən Anadolu türklərinin yeni əlifbaya
keçəcəklərinə arxayınam, ondan ötrü
ki, Mustafa Kamal inqilabı kəskin bir yolda aparır,
inqilabın ən böyüyü də bizim
üçün, əlifba inqilabıdır. Görəcəksən
ki, M.Kamal yaxın zamanda birdən-birə yeni əlifbanı
keçirəcəkdir.
Səməd
ağa tamamilə arxayın olmuş, Qurultayda yeni əlifbanın
qələbə çalacağına əmin olmuşdu.
Qurultay
açılırkən
1926-cı
il şubat, saat doqquzda Qurultay açılacaqdı.
Bütün türk ölkələrindən dəvət edilən
vəkillər ilə Avropanın ən məşhur
türkşünas alimləri gəlmişlərdi. Mədəniyyət
Sarayı (Sabiq İsmailiyyə) onları geniş qəlbində
yerləşdirirdi. Qırmızı bayraqlar, müxtəlif
şüarlar ilə bəzənən zal lojalarından
qapılarına qədər dolmuş, tək bir nəfər
üçün də artıq yer qalmamışdı,
çünkü zalda vəkillərdən başqa müxtəlif
ittifaqlardan qonaqlar da vardı.
Qurultay
zalına girə bilmək üçün bilet əldə edə
bilənlər özlərini bəxtiyar sayırlardı. Mədəniyyət
Sarayının yanındakı Sabir bağçası tərəfinə
qoyulan ucadanışanın altı xalq ilə dolu idi. Heyət
rəyasət seçildi, iclas açılır...
İclasın sədri Səməd ağa
gurultulu alqışlar arasında xitabət kürsüsünə
çıxdı. Qurultayın səbəbi, yeni əlifbanın
lüzumu və əhəmiyyəti haqqındakı ilk həyəcanlı
nütqini irad edərək təkrar sürəkli
alqışlar arasında rəislik mövqeyini işğal
etdi.
Qurultayın ilk günlərində müxtəlif
professorlar tərəfindən türk tarixinə, ədəbiyyatına,
türk dilinin üsul tədrisinə dair və başqa
mövzularda elmi məruzələr oxundu. Müzakirə
"ruznamə"sinə görə yeni əlifba məsələsi
daha sonraya buraxılmışdı. Ayrı mövzulardakı
məruzələr qurtarır, yeni əlifba məsələsi
yaxınlaşırdı. Zalda hərarətli fəaliyyət
getdikcə artır, vəkillərə yeni əlifba barəsində
yazılan kitablar, jurnallar, qəzətələr
dağıdılırdı. Yeni əlifbanın lehində, ələyhində
olanlar bütün qüvvələrini dimağları ilə
dillərinə toplayırdılar, bir-birlərilə
çarpışmağa hazırlaşırdılar. Proqram
müvcibincə ərəb əlifbası ilə yeni əlifba
tərəfdarlarından ikişər adam məruzədə
bulunacaqdı. Ərəb əlifbası lehinə qazax mürəxxəslərindən
Bay Tursun ağa ilə, kazanlılardan Alimcan Şərəf;
yeni əlifba tərəfdarlarından da Azərbaycan Maarif
Komissarlığı sənət və ali məktəblər
müdiri Cəlil Məhəmməd-Zadə yoldaş ilə
Azərbaycan Yeni Əlifba Komitəsi elmi işçisi Fərhad
Ağa-Zadə yoldaş məruzədə bulunacaqdı...
Məruzələrdən sonra münaqişələr
şiddətləndi. Hər iki hürufatın məziyyətlərilə
nöqsanlarının ən incə, ən gizli nöqtələrinə
qədər təhlil və tənqid edilirdi, münaqişə
bütün şiddətilə, bütün hərarəti ilə
bir neçə gün davam etdi, nəhayət, Dağıstan
mürəxxəsi Qorxmazov yoldaşın rəyasəti
altında təşkil edilən komision tərəfindən tənzim
edilən qərar böyük bir əksəriyyətlə qəbul
olundu.
Bu qərara görə: latın əsası
üzərinə qurulan yeni türk əlifbası ərəb
əlifbasından hər cəhətdən üstün
olduğu qəbul edilmiş: ancaq qəbul edilib həyata
keçirilməsi hər cümhuriyyətin öz
ixtiyarına buraxılmışdır.
Bu qərar oxuyucularımızı bir az təəccübə
salacaq, çünkü qərarda türk ölkələrindəki
ayrı-ayrı cümhuriyyətlər, yeni əlifbaya
keçməyə məcbur edəcək heç bir şey
görülməyir; yenə hər cümhuriyyət öz
fikrində muxtar olduğu halda, qurultayın nə əhəmiyyəti
oldu.
Bəli, öylədir, ancaq qurultay bundan
başqa dürlü bir qərar da qəbul edəməzdi, o
elmi bir qurultay idi, cümhuriyyətlərin daxili işlərinə
müdaxilə edəməzdi. Komitənin planı da bu qərardan
ayrı bir şey deyildi. Yeni əlifbanın hər cəhətdən
əski əlifbaya üstün olduğu qəbul edilməklə
komitə öz məqsədinə nail olmuşdu.
Qurultay qurtardı. Dərhal yeni əlifbanın
lehinə rəy verən cümhuriyyətlərin vəkillərindən
mürəkkəb xüsusi bir iclas
çağırıldı. Bu iclasda onların da öz
cümhuriyyətlərində yeni əlifbanı keçirmələri
üçün lazım olan əməli şeylər
müzakirə edildi. Buna aid qərarlar qəbul edildi. Bu qərara
görə vəkillər məmləkətlərinə
dönən kibi, dərhal komitələr təşkil edəcəklər,
öz dillərinin xüsusiyyətlərinə görə
yeni əlifba projeləri tənzim edəcəklər, bu projelər
ayrıca çağırılacaq, bir konfransda birləşdiriləcəkdi.
Bu iclasda qazaxlar ilə kazanlılar vəkillərindən
başqa, bütün vəkillər iştirak etdi. Demək,
Türkoloji Qurultayı sayəsində Anadolu türkləri
bitərəf, qazaxlar ilə kazanlılar tamamilə
qarşı oldu; qalan türk-tatar ölkələrinin isə
qəti olaraq yeni əlifbanı qəbul etmiş olduqlarına
hökm edilə bilərdi.
Xalid Səid XOCAYEV
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 21 noyabr, ¹43-44.-
S.30-31.