Çoxluq içində təklik
Universitetdə
oxuduğum illərdə Mirzə Fətəli Axundzadə haqqında kurs işi
yazmışdım. Universitet müəllimim, görkəmli tənqidçi,
teatrşünas Cəfər Cəfərov yazımı oxuyub əsasən
bəyənmişdi, amma bir fikrimə ciddi etirazını
bildirmişdi. Hissə qapılaraq Mirzə Fətəlini
bütün Avropa dramaturqlarından - Molyerdən, Şillerdən
üstün qoymuşdum.
"Heç vaxt belə populist yanaşmalara uyma, - dedi mənə
Cəfər müəllim, - belə iddialardan, hətta
yalançı millətçilik də yox, sırf əyalətçilik
qoxusu gəlir".
Bu sözlər mənim üçün əbədi dərs oldu.
Bəzən mətbuatda, ya ayrı-ayrı çıxışlarda
"Bizim poeziyamız dünyada bütün poeziyalardan
üstündür" iddiasıyla rastlaşanda soruşmaq
istəyirəm: - Bəyəm, sən dünyanın
bütün dillərində yaranmış şeirlərlə
tanışsan?"
Bizim klassik ədəbiyyatımız,
o cümlədən, şeirimiz, həqiqətən, o qədər
zəngindir ki, onu başqa xalqların bədii ədəbiyyatlarıyla
qarşı-qarşıya qoymağa ehtiyac yoxdur. Hər
xalqın ədəbiyyatı, hər şeydən əvvəl,
o xalqın özü üçün əzizdən əzizdir.
Amma bu danılmaz həqiqətə uyğun olmayan iki misal
çəksəm, inanıram ki, Cəfər müəllimin
ruhunu incitmərəm. Həm də mənə elə gəlir
ki, Cəfər Cəfərovun özü də mənim bu iki
qənaətimlə razılaşardı.
Bir.
Türk xalqlarının Servantes, Balzak, Tolstoy, Dostoyevski
miqyasında romançısı yoxdur. İstəsək də,
istəməsək də, bu belədir. Amma...
Amma nə rusların, nə fransızların, nə ispanların, nə
almanların "Kitabi-Dədəm Qorqud" səviyyəsində
dastanları da yoxdur.
- Bəyəm, sən bu dilləri bilirsən ki, belə hökm
verirsən? - deyə bilərlər. Cavab verirəm: rus dilini
bilirəm, fransızların "Roland haqqında nəğmə",
ispanların "Sid", almanların "Nibelunq"
dastanlarını isə tərcümədə oxumuşam. Nə
rusların "İqor alayı haqqında söz"
dastanı, nə ispanların, fransızların, almanların
(ingilislərin ümumiyyətlə, dastanları
olmasını eşitməmişəm) obraz zənginliyi,
süjet parlayışı, lirik təsvirlərinin
canlılığı baxımından "Kitabi-Dədəm
Qorqud"la yanaşı dura bilməz.
İki.
Yenə də tərcümələrə əsaslanaraq deyə
bilərəm ki, XVI əsrin ən böyük dramaturqu
Şekspir, ən böyük romançısı Servantes, ən
böyük şairi Füzulidir. Təkrar edirəm: XVI əsrin!
Dünya ədəbiyyatında məhz XVI yüz ildə
Füzulidən böyük şairin adını çəkə
bilirsinizsə, buyurun, deyin. O başqa məsələ ki,
dünya ("dünya" deyəndə, ənənəvi
olaraq Qərb dünyası nəzərdə tutulur)
Füzulini Şekspir və ya Servantes qədər
tanımır. Bu, Füzulinin günahı deyil. Bir az da bizim
suçumuzdur. Bu mövzuda dərinə getmək istəmirəm.
Söhbət Füzulidən gedirsə,
bu yazımın başlığına
çıxardığım sözlər - "Çoxluq
içində təklik" - ilk növbədə, Füzuli
qəhrəmanı Məcnuna aiddir.
Nə idi Məcnunun günahı ki, ÇOXLUQ onu cünun, dəli
saydı? Sevgisi? Bəyəm, sevmək dəlilikdir, qoy lap
çılğın eşq, qeyri-adi məhəbbət olsun?
Bəzən "Leyli-Məcnun"u Şekspirin "Romeo və
Cülyetta"sıyla tutuşdururlar. Bu iki əsərin
oxşarlığı ancaq zahiri bənzəyişdir. Faciəylə
bitən hər iki süjetin tragik səbəbləri tamamilə
fərqlidir. Romeo ilə Cülyettanın sevgisi iki ailənin rəqabətiylə,
qatı düşmənçiliyi ilə
qarşılaşır. Məcnunla Leylinin ailələri
arasında heç bir ədavət yoxdur, əksinə, onlar hər
iki tərəfdən ÇOXLUĞUN nümayəndələridir,
hər iki tərəf Qeysi Məcnun sayır. Əgər belə
olmasaydı, Qeysin atası oğlunu Məkkəyə aparıb
Kəbədə məhəbbət mərəzindən
sağaltmaq istəməzdi. Romeo Cülyettaya qovuşmaq istəyir.
Məcnun Leyliyə olan eşqinin bəlasına düşməyi
arzulayır. Alicənab cəngavər Nofəl Qeysi sevgilisinə
qovuşdurmaq üçün cəngə başlayır. Məcnun
isə bu döyüşdə Nofəlin məğlub
olmasını istəyir. ÇOXLUQ bunu başa düşə
bilərmi? Əlbəttə, yox. Odur ki, Məcnun obrazı ədəbiyyatımızda
ÇOXLUQ içində qəribliyin, tənhalığın
ilk parlaq örnəyidir.
Sonralar bu "tənhalıq tilsimi" XIX və XX əsr ədəbiyyatımızda
meydana çıxır.
Mirzə
Fətəlinin Hacı
Nurisində və Şahbazında, Nəcəf
bəy Vəzirovun müsibətli Fəxrəddinində,
Əbdürrəhim bəy Haqverdiyevin bəxtsiz cavanı Fərhad
surətində Məcnundan gələn metafizik tənhalıq,
mühit içində nakamlıq var. Hamısı çoxluq
içində darıxan, karıxan, çırpınan,
özünə yer tapa bilməyən tənha insanlardır.
XIX əsrin ikinci yarısında Mirzə Fətəlinin
altı komediyası meydana çıxandan, XX əsrin otuzuncu
illərinə - Cəfər Cabbarlının
"Dönüş"ünə qədər ədəbiyyatımız
- nəsrimiz, şeirimiz, dramaturgiyamız, təsviri sənətimiz,
musiqimiz çoxluq içində Təkin qiymətini
anladıb.
Ümumiyyətlə, bu dövrdə yaranan ədəbiyyat,
sənət örnəklərimiz zənnimcə, əsasən,
altı böyük şəxsin M.F.Axundzadənin,
Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər
Sabirin, Cəfər Cabbarlının, Əzim Əzimzadənin
(rəssamlıqda), Üzeyir bəy Hacıbəylinin (musiqidə)
adlarıyla bağlıdır. "Nədən bu parlaq
yaradıcıların sırasında böyük Hüseyn Cavidin adı çəkilmir?"
Haqlı suala cavab belədir ki, bu
müqtədir sənətkarın çoxusunu nəzmlə
yazdığı və əsasən Şərq tarixini
canlandıran ölməz əsərlərində sırf Azəri
türk xarakteri - Mirzə Fətəlidə, Mirzə Cəlildə,
Sabirdə olduğu kimi əks edilməyib. Şübhəsiz,
bu, ədəbiyyat tariximizdə Cavid
yaradıcılığının önəmini azaltmır,
bu, klassikin özəlliyinin, fərqliliyinin göstəricisidir.
Zaman etibarıyla böyük bir bədii prosesin başlanğıcında
Mirzə Fətəli irsi durur. Məncə, M.F.Axundzadə yalnız dramaturgiyamızın, ədəbi
tənqidimizin deyil, çağdaş nəsrimizin də əsasını
qoyub. Tək bir "Aldanmış kəvakib" hekayəsiylə
deyil, ilk növbədə səhnə əsərləriylə.
Ədəbiyyat tariximizdə təxminən, elə bu dövrdə
yaranmış üç hekayəni müasir nəsrimizin
başlanğıcı sayırlar. Onlardan biri Abbasqulu ağa
Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsi ərəb-fars
kəlmələri, izafətləriylə dolu, elə qəliz
bir dildə yazılıb ki, öz-özlüyündə
maarifçilik dəyəri olan bu əsəri
çağdaş nəsrimizin, ən azı dil
baxımından başlanğıcı saymaq çətindir.
Eləcə də İsmayıl bəy
Qutqaşınlının fransızca yazdığı "Rəşid
bəy və Səadət xanım" hekayəsini yeni nəsrimizin
başlanğıcı kimi qəbul etsək, yenə də
şeir tariximizdə olduğu
kimi, nəsrimizdə də ədəbi örnəklərimizin
ibtidaisini yad dilə bağlamış oluruq. Əlbəttə,
həmin əsərlər ədəbiyyat tariximizdə
qalır və qalmalıdır. Amma XIX əsrdə bir azərbaycanlı
qələm sahibinin fransızca bədii əsər yazması
nə qədər fərəhli faktdırsa və bu fakt, hətta
Mirzə Fətəlinin özünü heyran qoyubsa, bu gün
bizimlə bizim dildə danışan nəsrimiz (təkrar edirəm,
həm dramaturgiyamız, həm də nəsrimiz) Axundzadənin
komediyalarından başlanır.
Dil bədii ədəbiyyatın
ən vacib və əsas
ünsürüdürsə, "Aldanmış kəvakib"
çağdaş dilimiz baxımından bizdən
çox-çox uzaqdır. Amma eyni müəllifin, eyni zaman kəsiyində
yaratdığı komediyaları, bugünkü səhnəmizdən
də yazıldığı kimi, hamının
anladığı bir şəkildə səslənir. Səhnədə
oynanılan əsəri kitabda oxuyarkən, bu mətnlərin nəsr
və komediya kimi janr fərqlərinin yalnız forma
etibarıyla ayrıldığını görürük. Bu
əsərlərin klassika sayılmağının bir səbəbi
də odur ki, o dövrün libaslarında
çağdaşımız insanların xarakterləri
canlanır. O cümlədən, əsrlərdən-əsrlərə
keçən ÇOXLUQ içində darıxan
TƏKLƏRİN faciəsi.
Molla
İbrahim Xəlilin fırıldaqlarına
sidq-ürəklə inanan avamların içində Hacı Nuri sözü
eşidilməyən qəribdir. Maarifə, təhsilə,
dünyanı görməyə can atan Şahbaz bəy də
dərviş Məstəli şahlar çoxluğunda və
caduya inanan sadəlövh qadınlar qarşısında təkdir.
Qaragüruh içində işıqlı fərdin təkliyi
və fəaliyyəti əvvəllərdə qeyd etdiyim kimi,
N.Vəzirovun, Ə.Haqverdiyevin əsərlərindən
keçir və M.C.Məmmədquluzadənin ölməz
"Ölülər"ində ən yüksək zirvəsinə
ucalır. Hacı Nurinin ayıq sözlərinə yox, Molla
İbrahim Xəlillərin qızıl sövdəsinə
inananların varisləri Şeyx Nəsrullahın ölüləri
dirildəcəyinə etiqad
edirlər və bu ÇOXLUĞUN içində İsgəndər
içməsin, neyləsin?
İsgəndər
içərdi,
Ləqəbi də Kefli İsgəndərdi.
Gecə-gündüz düşündürdü
onu
diri ölülərin dərdi.
Yoxsa o
da,
bir poçt məmuru olar,
Nə dərdlənər, nə
içərdi,
Ömrü ölülər içində
Sakit, səssiz keçərdi.
Qınamayın İsgəndəri,
yaman olur anlamaq dərdi.
Dərd
tək onda deyil ki, İsgəndər ölülərin dirildiyinə
inanan Hacı Həsənlərin çoxluğunda təkdir.
Dərd həm də ondadır ki, ölülərin dirildiyinə
əlbəttə ki, inanmayan "poçt məmurları"
da çoxluğun rəyiylə
razılaşmalıdırlar, avamlığa qarşı
durmaqdan qorxub çəkinirlər. Konformist cəmiyyətdə
düşünən, anlayan, anladığını deyə
bilməyən və deyərsə belə, ÇOXLUĞUN
eşitməyəcəyi bir şəraitdə TƏKLİK
TİLSİMİNİ qırmaq asan deyil. Cəfər
Cabbarlının Oqtayı da həyatından artıq sevdiyi
teatr aləmində təkdir, pulun, var-dövlətin hər
şeydən üstün çıxdığı, hər
şeyə qadir olduğu, sevdiyinin belə, satın
alındığı mühitdə Aydın da təkdir.
Əgər ədəbiyyatda bu
zəngin personajlar silsiləsini
böyük nasir və dramaturqlar yaradıbsa, şeirdə
bunu Sabir edib və bu insan mənzərələrinin
içində şair özü təpə-tənhadır:
Derlər
usan, hərvəzü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm.
Yaxud:
Surtuqlu
müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları
neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları
neylərdin, ilahi?!
Qeyrətli donosbazlarımız iş
bacarırkən, -
Tənbəl, dəli şeytanları
neylərdin, ilahi?!
Yaxud:
Eylə
bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng
şikəst eylədi
balü pərim,
Banlamağın hasilini anladım.
Bir də məni vurma, aman, səngdil,
Rəhm
elə, nıqqıldayıram
indi mən.
Ağlamayın,
ağlamayın, cücələr,
Banlamaram,
banlamaram bir daha.
Banlamamaqdır sizə əhdim
mənim,
Söyləmirəm: anlamaram bir daha!
Örnək
gətirdikcə gətirmək istəyirsən, adam Sabir dərdinə,
Sabir nisgilinə, Sabir tənhalığına acımaqdan
qurtula bilmir.
Anlamaq dərdindən, tənhalıq
əzabından qurtulmağın bir xilas
yolu gülüşdür.
Sabirin şeirlə yazdıqlarını,
Əzim Əzimzadə rəsmdə
canlandırdıqlarını böyük Üzeyir Hacıbəyli
həyat eşqiylə dolu musiqli komediyalarında səhnəyə
çıxarır.
"Arşın mal alan" xalqımızın ən nisgilli dövrlərində
ona sevinc,
şadyanalıq ovqatı bəxş edən, yaralarına məlhəm
qoyan təsəlli olub. Keçən əsrin əvvəllərində
Azərbaycan sənətinin heç bir əsərində
"Arşın mal alan"da olduğu qədər nikbinlik
ruhu, yaşamaq həvəsi, sevib-sevilmək istəyi yoxdur.
Üzeyir Hacıbəyli öz musiqili komediyalarının həm
də libretto müəllifi kimi klassik
dramaturqlarımızın sırasındadır. Amma digər
böyük dramaturqlarımızdan fərqli olaraq Üzeyir bəy
personajlarını yalnız söz vasitəsiylə deyil, həm
də musiqi diliylə yaradır. "Arşın mal
alan"da hər personajın
musiqi obrazı var - Əsgərlə
Gülçöhrənin lirik obrazları, Vəliylə
Tellinin komik obrazları, Xalayla Soltan bəyin qocafəndi
yumoristik obrazları, azacıq da nostalji hisslərlə ifadə
olunmuş nisgilli ovqatları.
Obraz, xarakter rəngarəngliyi baxımından "O olmasın, bu olsun"
da belədir. Bu əsərdə də hər personajın
öz musiqi səciyyəsi var. Amma "O olmasın, bu
olsun"un bütün məzəli ünsürləriylə
yanaşı, süjetinin dərinliyinə varanda görürsən
ki, burada da üst qatın altında həzin bir təklik
motivi var. Məşədi İbad, nə qədər gülməli
görünsə də - təkdir, tənhadır. Pulagir "obrazavonskilər",
muzdla yazı çap edən qəzetçilər, sözdə
basıb-kəsən, mahiyyətcə qorxaq qoçular, insanın
meymuna bənzəməsindən dəm vuran əyalət
"darvini", ala-yarımçıq osmanlı dilində
konuşan zat, borca düşüb borclarını ödəməkçün
qızını bədbəxt etməyə hazır olan ata, Məşədi
İbadı əvvəl çirkin sayıb, sonra ona ərə
getməyə razılıq verən (razısan? hə, hə)
qulluqçu və nəhayət, qanqster üsuluyla Məşədini
aldadıb nişanlısını əlindən alan sinik Sərvər...
Karikatura üslubunda təqdim olunan personajlar içində Məşədi
İbad ən sadəlövh insan, hər yalana sidq-ürəklə
inanan, asan aldanan, səxavətli (hətta
fırıldaqçı "dostlarının" hamam pulunu
da ödəyən), gücü bircə biçarə hambala
çatan Məşədi İbad eybəcər çoxluq
içində yeganə günahsız şəxsdir. Tənqid
hədəfinə məruz qalan Məşədi İbadın
yeganə günahı gənc qıza tamah salmasıdır.
Məcnundan Məşədi İbada
uzanan yol, əlbəttə şərtidir,
yəqin ki, məsələnin belə qoyuluşu mübahisə
və etiraz doğura bilər. Amma bu mövzunu ifrat həddə
çatdırmaqla bir vacib məsələyə diqqəti
çəkmək istədim: ÇOXLUQ içində
TƏKLİK yalnız ayrı-ayrı fərdlərin bəlası
deyil, ümumən cəmiyyətin dərdi, mühitin böyük
faciəsidir.
25-26 noyabr 2025
ANAR
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.4-5.