Anlamaq, tanımaq, yaşamaq...
yaxud düşüncə formulu
Fazil
Mustafa çağdaş ictimai-siyasi
həyatımızın düşüncə
sahiblərindən, ideyalar
və ideallarla yaşayan ziyalılarındandır.
İxtisasca hüquqşünas
olsa da, ədəbi-bədii,
publisistik düşüncəsi
ilə diqqəti daha çox çəkir, millət vəkili fəaliyyətini,
şairliyi, filoloqluğu,
teoloq və psixoloqluğu bütün
formalarda özündə
birləşdirdiyinə görə
daha çox, cəmiyyətdə fikir adamı, öncül düşüncə sahibi
kimi tanınır. O,
zaman-zaman məşhur yazarlar,
alimlər, siyasətçilər
və başqa fikir adamları haqqında yazdığı
esselərdə bəşəri
düşüncələr sərgiləyir, erudisiyası
və aydın zəkası ilə təkcə faktları şərh etmir, onlara fəlsəfi yanaşma nümayış
etdirir, təhlillərində
sərrast qiymətləndirmələr
aparır. Onun istedadla qələmə aldığı portret-esselərdə
heç bir sahə nəzərdən
qaçmır, duyğu
və düşüncə
harmonik şəkildə
boy göstərir. Onun
yanaşmalarında heç
bir mənəvi ziddiyyətə, tarixi yanlışlığa, fəlsəfi
sapmalara, etik-estetik əyintilərə yer tapmaq mümkün deyildir. Tanınmış
şəxsiyyətlərə, dünya və Azərbaycan alimlərinə,
şairlərinə, yazıçılarına,
digər mütəfəkkirlərə
verdiyi qiymət dəqiqliyi, məntiqi qətiyyəti, obrazlı
düşüncə tərzi
ilə seçilir. Qiymətləndirmələrində dəqiq olan, təsvir və tərənnümlərində mənəvi coşqu nümayiş etdirən Fazil Mustafa dəyərləndirdiyi
insanlara böyük sevgi və sayğı
ilə yanaşır,
onların hamısını
ciddi bir ziyalı ittifaqında birləşdirməyə çalışır.
Onun geniş və zəngin zəkası minnətdarlıq
hissilə keçmişdən
qidalanır, duyğu və düşüncələri
inamlı bir şəkildə gələcəyə
yönəlir. O, cəmiyyətin
qəliblənmiş tendensiyalarına
da yaradıcı yanaşır,
həyatın paradoks və təzadlarında da
insan kamilliyinin və gələcəyin yüksəliş simptomlarını
arayır. O, ziyalılığı
öyür və təbliğ edir. Onun analizlərində zəmanə yalnız bir pillə kimi, həyatın mütləq gedişi üçün bir mərhələ hesab olunur. Fazil Mustafa öz mühakimələrində
bəşəriyyətin mənəvi
tərəqqisinə yönəlik
ümid yüklü fəaliyyətləri yeni bir
ideya qaynağı kimi irəli sürür və bu ağırlıq mərkəzini zəmanəsinin
liderləri olan seçkin insanların şəxsində tapır.
Masamın üstündəki bu
kitab "Anladım, tanıdım,
yaşadım" adlanır.
Səhifələdikcə dünyanın
intellektual mənzərəsi
gözlərimiz önündə
canlanır. Fazil Mustafanın üz tutduğu ünvanlar, müraciət etdiyi insanlar dünyanın elm, sənət mənzərəsini
dəyişən, bəşəriyyətin
inkişafına təkan
verən seçkinlərdir.
Esselər bədii düşüncə, fəlsəfi
dərinlik və estetik siqlətilə mükəmməldir. Kitabın
adı öz-özlüyündə
ciddi məntiqi fabuladan xəbər verir. "Anladım" -
ilk təqdimat. Burada müəllifin oxuduğu,
öyrəndiyi və
belə deməyə
tam haqqımız var, sevdiyi
və təsirləndiyi
tarixi şəxsiyyətlər
haqqında esselər toplanıb. İkinci təqdimat "Tanıdım"dır.
Qeyd etdik ki, Fazil Mustafa bu gün ictimai-siyasi, eyni zamanda ədəbi
cameənin içində
olan, bu hərəkatda fəal iştirak edən aydınlarımızdandır. Adıçəkilən
bu bölmədə Fazil ünsiyyətdə olduğu alimlər, dövlət xadimləri, şairlər və başqa ictimai-siyasi xadimlər barədə düşüncələrini bölüşür,
onların yaradıcılığını
qiymətləndirir və
bəzi polemik fikirlərini də cəsarətlə irəli
sürür. "Yaşadım"
bölümündə öz
həyat sürəcindən
bəhs edir, yaşam fəlsəfəsini
açır, bir insan, ziyalı, düşüncə əhli
kimi ömür kredosunu bəyan edir. Bütün bu bölümlər bir-birini tamamlayan məntiqi ardıcıllıqla
təqdim olunsa da, saya mahiyyət daşımır. Ümumiyyətlə,
Fazil Mustafa fərqli düşünməyi, həyata,
faktlara müxtəlif
rakursdan yanaşmağı
çox sevir və mülahizələrində
polemikaya açıq-aşkar
yer qoyur. Bu bölmələrdə təqdim
olunan esselər (onların bəzisini yığcam və mükəmməl elmi yanaşmalar da adlandırmaq
olar) həm bədii-publisistik oriyentasiyası,
həm də akademik məzmunu ilə tam, bitkin, mükəmməl araşdırmalardır.
Onun mülahizələri
qaynar bir sosial impuls verir,
mövcud düşüncə
və təfəkkürləri
hərəkətə gətirir.
O, haqqında bəhs etdiyi bəşəriyyətin
seçkin insanlarını
ideya daşıyıcısı
kimi, başını
itaətkarcasına aşağı
salıb ehkamlarla yaşayan insanlar kimi yox, sorğu
dolu nəzərlərini
dünyanın dərin
qatlarına yönəltmiş
düşüncə və
duyum öncəgörləri
kimi göstərir. O,
bu şəxsləri ilahi mərhəmətinə
bel bağlayan iradəsiz,
cılız təbiətli
insanlar kimi deyil, özünü ictimai hadisələrin mərkəzində hiss eləyən
aparıcı təbəqə
olaraq təqdim edir, itaət və zülmü özünüdərkə çevirən
yaradıcı qüvvə
kimi öyür. O, varlığı mənəviyyat
nüvəsi ətrafında
fırlanan güc mərkəzi kimi qəbul edən bu ziyalı kəsimə inanır, dünya düzəninə
onların verdiyi töhfələri layiqincə
qiymətləndirir.
Fazil Mustafanın esseləri elmi-publisistik və bədii palitrası ilə çox zəngindir. O, haqqında yazdığı ziyalıların
ömür və yaradıcılıq sferasında
gözəl zaman anlayışını
qabardır, qəlblərə
dolan qorxu və səbirsizliyə qarşı ziyalı hüsyarlığını qoyur,
insanlığı azadlığa
çıxaran duyğu
və düşüncələrin
zəngin çalarlarının
öncəqoruyuculuğunu üzə
çıxarıb tərənnüm
edir. O, bu ziyalıların simasında
dünyanın xilasını
görür, axtarır
və tapır. Onlar bütün dövrlərin və bütün xalqların, daha dəqiq desək, bəşəriyyətin
seçkin insanlarıdır.
Onlar kimdir? Fazil Mustafanın müraciət etdiyi, anlatdığı adamlar
Aleksandr Osipoviç Çernyayevskidir,
Aşıq Ələsgərdir,
Cəmaləddin Əfqanıdır,
məşhur nobelçi
alim, metafizik Əbdüs
Salamdır, Azərbaycanın
görkəmli fikir adamları Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Cəlil, Mirzə Ələkbər
Sabir, Mirzə Fətəli,
Nəriman Nərimanov
və başqalarıdır;
dünya korifeylərindən
- Kant, Karl Marks, Tomas Mann, Umberto Eko, tanıdıqlarından Alim Qasımov,
Aydın Məmmədov,
Azad Mirzəcanzadə, Heydər
Əliyev, Əbülfəz
Elçibəy, Məmməd
Araz, Şirməmməd
Hüseynov, Vaqif Səmədoğlu və yaşadığı bölümdə
özü haqqında,
fəaliyyəti, yaşam
tərzi, istək və arzuları, qazandıqları və itirdikləri barədə
düşüncələr - bəzən poetik, bəzən lirik, duyğusal yanaşmalar yer alır. Göründüyü kimi,
kitabın söz palitrası çox zəngin, müraciət coğrafiyası genişdir.
Buradakı bölümləri
birləşdirən ümumi
bir prinsip var - mənəviyyat və əxlaq. Fazil Mustafa müraciət etdiyi ünvanlara mənəviyyat
və əxlaq nöqteyi-nəzərindən yanaşır,
elmi-poetik kəşfləri
önə çəkməklə
yanaşı, əsas
postulatı əxlaq və mənəviyyat müstəvisində qərarlaşdırır.
Müxtəlif xalqları, irqləri
və sinifləri bir mövqedə, ədəbiyyat, elm, incəsənət,
siyasət sferasında
birləşdirən Fazil
Mustafa onların irqi,
milli, dini fərqliliklərini
bir müstəviyə
- elm, sənət, dünyaya
verilən töhfənin
mahiyyət və zənginliyinə yönəldir.
A.O.Çernyayevski -
"Vətən dili"
dərsliyini, ilk Azərbaycan
əlifbasını hazırlayan
bu Şamaxı molakani Fazil Mustafanın gözündə
maarif çırağı
yandıran, Azərbaycanın
bilgin insanlarını
maarifçi ideyası
ilə işıqlandıran
ziyalı təbəqəsinin
ilk qaranquşlarındandır. Müəllif onun haqqında əsl ziyalı səxavətilə
söz açır.
Bizim tərəqqi və ittihatımızda son dərəcə
ciddi rol oynamış XX əsr ziyalılarımız içində
Əhməd Ağaoğlunun
siması daima möhtəşəm görünür.
Bu yorulmaz ziyalı və cəfakeş maarifçi Azərbaycanın
tərəqqisi, azadlığı,
müasir dünyaya inteqrasiyası üçün
nələr etməmişdir?
Ömrünün sonunadək
yorulmaq bilmədən
çalışan Ə.Ağaoğlu Azərbaycan
istiqlalı yolunda, həqiqətən, bir nurgəzdirənə çevrilmişdir.
Kitabda F.Mustafa
bu böyük ziyalının həyat və fəaliyyətinə
xüsusi qiymət verir, onun ədəbi-publisistik
və inqilabi yaşantılarına geniş
bir oçerk həsr edir. F.Mustafa o dövr
ziyalılarını eyni
platformadan qiymətləndirərək
yazır: "Uzun illər Əhməd bəy Ağaoğlunun (eləcə də, Məhəmməd Əmin
Rəsulzadə, Əli
bəy Hüseynzadə,
Əlimərdan bəy
Topçubaşovun) bütöv
obrazı bizdən gizlədilib. Bir çox şəxsiyyətlərimizi bütöv
obraz olaraq tanımamaq, bəlkə də bizim nəslin
ayrıca bir natamamlığı sayıla
bilər". Qeyd edək ki, bu natamam boşluğu, müasir nəslin nümayəndəsi olan Fazil Mustafanın yorulmaz və fundamental araşdırmaları doldurmağa
başlayıb. Bir vaxtlar
tabuya məruz qalmış XX yüzilliyin
ilk dönəmlərinin olayları,
tarixi prosesləri yurdun Fazil Mustafa kimi ləyaqətli tədqiqatçıları tərəfindən
sevgi və coşqu ilə araşdırılır, geniş
oxucu kütləsinin malı edilir. O cümlədən, müəllifin
Əli bəy Hüseynzadə barədəki
fikirləri, Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin, Mirzə Fətəlinin, Nəriman Nərimanovun və başqalarının
milli dirçəliş yolundakı
xidmətləri haqqındakı
düşüncələri köklü təfəkkür
hadisəsidir. Müəllif
yığcam, qısa
esselərdə böyük
mətləblərə işıq
salır, dərin mahiyyətli məsələləri,
ictimai-siyasi təbəddülatları
çözələyir.
Aşıq Ələsgər haqqında
yazılmış esse
təkcə şəxsiyyətin,
fikir məhdudiyyəti
tanımayan, yaradıcı
eleksiriylə azad sənətkar ömrü
yaşayan, düşüncə
və lirik qəlbi ilə bütün ehkamları vurub dağıdan bir aşığın təqdimi deyil, həm də folklorumuz barədə dolu fikirlərlə, heç kimi təkrarlamayan baxışlarla
xalq yaradıcılığının
özəl keyfiyyətlərini
araşdıran tədqiqat
kimi yadda qalır. F.Mustafa qiymətləndirmədə
dəqiq və sərrastdır: "Azərbaycanda
sazla danışan ilk
səslənən ad Ələsgərdir. O, təkcə,
bir aşıq yox, bütöv bir dilin, duyğunun
və düşüncə
sisteminin memarıdır".
Ələsgərə bu
dəyər, təkcə,
elmi, bədii-poetik qiymət deyil, həm də onun sənətinə estetik və fəlsəfi yanaşmadır.
Sonra müəllif yazır:
"Aşıq ədəbiyyatının
bütün janrlarında
və bəzən
diametral fərqli mövzularda
ustadcasına əsərlər
yaradan Ələsgər
miqyasda sənətkarlarımız
çox azdır: divani, qoşma, təcnis, gəraylı, deyişmə, bağlama, hərbə-zorba, heca, müxəmməs kimi janrlarda bir Ələsgər
etalonu var!" Doğrudan
da, bu janrlar zaman-zaman aşıqların repertuarında
bu və ya digər şəkildə
özünü göstərmişdir.
Amma Ələsgər onlara
yeni təravət, təzə
ruh və poetik struktur gətirmişdir. Bu mənada,
F.Mustafanın qənaəti dəqiq elmi qiymətdir.
"Anladım" bölümündə
dünya çapında
tanınmış, məşhur
simaların təqdimatı
xüsusi yer tutur. F.Mustafa
dünya şöhrətli
fizik, imanla elmi birləşdirən,
Nobel mükafatı laureatı,
pakistanlı alim Əbdüs
Salamı xüsusi məhəbbət və hörmətlə təqdim
edir. O, zəif elektromaqnit qüvvələri
sahəsindəki elmi tədqiqatlarına görə
Nobel mükafatına layiq
görülmüş nəzəri
fizikdir. Onun "Nobel nitqi"ndə əsas yeri Quranın "Əl-Mülk" surəsindən
gətirilən iqtibaslar
tutur. Fazil Mustafa Quranın elmlə əlaqəsinə işarə
vuraraq göstərir
ki, Şərqdə, adətən
Quranın sxolastik tərəfinə meyil edilir, elmi qat kənarda qalır. Əslində Əbdüs
Salamın uğurunun əsas qaynağı Quranın bu elmi mənbələrinə
dərindən vaqif olmasındadır.
"Tanıdım" başlığı
altında verilmiş yazılardan biri - Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş esse məzmunu, təmkinli təhkiyəsi, siyasi təvazökarlığı ilə
seçilir. Ulu Öndərimizin müstəqil
Azərbaycanın siyasi
memarı kimi gördüyü işlər,
siyasi erudisiyası, uzaqgörən fəaliyyəti
Fazilvari baxış bucağından yüksək
qiymətləndirilir, onun
dövlət xadimi kimi titanik fəaliyyətinin
müəyyən nüansları
qabardılır. F.Mustafanın
təqdimatında Heydər
Əliyev istənilən
antimilli ənənəçiliyə
qarşı döyüşkən,
azad və humanist insanların himayədarı kimi xatırlanır.
Azərbaycanda yaşayan xalqların qardaşlıq və əməkdaşlığının bünövrə daşı
olan azərbaycançılıq
və multikultural siyasətin necə zərif, incə üsullarla həyata keçirməsindən geniş
bəhs edilir. Onun ulu rəhbərin
fəaliyyətinə verdiyi
qiymət səlist və mənalıdır:
"1918-ci ildə Məhəmməd
Əmin bəy və silahdaşları müstəqil dövlətimizin
nəzəri varlığını
üzə çıxardı,
Heydər Əliyev isə bu dövlətin
həmişəlik real
varlığını yaratdı".
"Yaşadım" bölümü Fazil Mustafanın ömürlüyünə
bir ekskursdur. Həyatı, yaşam tərzi, şəxsiyyət
kimi formalaşma sürəci bədii-poetik
ibarələrlə, sadə
bir dillə, eyni zamanda elmi
dərinliklə təqdim
olunur. O, həyatın
mənasını, yaşam
fəlsəfəsini dinamikada
axtarır: "Həyatımın
vacib epizodlarını
xatırlamaqda məqsədim
səsini duyurmaq üçün hansı təməlin olmasına diqqət yönəltmək
idi. Dünya indiyədək kimin səsini dərhal eşidib ki?" Fazil Mustafanın bu məntiqi sualları düşüncə
doğurur, həyatın,
insanlığın, dünyanın
yaşam fəlsəfəsi
barədə fikirlərə
gətirir. Düzdür,
onun sonrakı söhbətlərində bu
sualların bəzisi cavablandırılır. Lakin
sual ritorikası, öyrənmək sirri, həyat həqiqətlərinə
vaqif olmaq ehtirası beyinləri zorla qavranılan dəyişikliklərə uyğunlaşdırmaya
yönəldir.
Fazil Mustafanın
"Cəhalət gülləsi,
aydınlıq çiləsi"
adlı başqa bir kitabı da bu yaxınlarda
işıq üzü
görmüşdür. Bir vaxtlar Fazilə qarşı namərd bir terror aktı həyata keçirilmişdi. Çox
şükür ki, Fazil
bu sınaqdan da kişi kimi çıxdı, sap-sağlam,
kimlərinsə qısıla-qısıla
dolaşdığı və
əsatir sonsuzluğu
ilə həyatdan bərk-bərk yapışdığından
fərqli ölümün
gözünə dik baxaraq qalib gəldi.
Kitab bu tarixçənin,
bu qanlı terror hadisəsinin xülasəsinə
həsr olunub. Lakin hadisələr təkcə
xronika kimi əksini tapmayıb. Kitabda həyat hadisələrinə fəlsəfi
qiymət, olay və hadisələrin səbəb və nəticələrinin araşdırılmasına
özəl, xüsusi
yanaşma, opponentlərinə
sərt və məntiqi cavablar da geniş yer alır. Kitabda Fazil Mustafanın yaşamaq eşqi, həyat sevgisi, dünyaya nikbin baxışları dominantlıq
edir. Və kitabda irəli sürülən kredonu bu cümlələrlə
bəyan edir: "Bu
kitab, sadəcə, bir
şəxsə açılmış
atəşin hekayəsi
deyil. Bu, millətin düşüncə savaşının
kitabıdır".
P.S. "Anladım, tanıdım, yaşadım" kitabında
F.Mustafanın mənə həsr olunmuş essesi də yer alıb.
Bəri başdan deyim ki, bu həssas
münasibət, mənim
yaradıcılığıma verilmiş yüksək qiymət, həyatıma sayğı və hörmət məni mütəəssir etdi. İsti münasibət həmişə insanın
ürəyinə toxunur,
xoş duyğular oyadır, minnətdarlıq
hissi yaradır. Bu mənada, mən də Fazil Mustafaya
minnətdarlığımı bəyan edirəm. Qaldı ki, elmi fəaliyyətimə, yazıçı
əməyimə verdiyi
qiymətə, onun mənim yaradıcılığımı
duyma potensialına, ona dəyər vermək meyarına, bu, artıq professional yanaşmadır, desək,
yanılmarıq. O yazır:
"Ədəbi platformasını
"hamının gördüyü
və tanıdığı
dünyanı bir də olduğu kimi yazmaq kimə
və nəyə lazımdır?" ifadəsi
ilə açıqlayan
Kamal Abdulla ədəbiyyatımızda tarixlə çağdaşlığı
sağlam mühakimə
ilə əlaqələndirə
bilən yazar olaraq, gələnəkləri
dağıdan tezislərini
topluma da qəbul etdirmək cəsarətini
göstərə bildi".
Dəqiq və dərin yanaşmadır.
Fazil
Mustafa siyasi ləqayəti,
elmi sərrastlığı,
bədii təfəkkürü,
ictimai siqləti düşüncə axarımıza
özünəməxsus bir
yenilik gətirir. Bu yeniliyi qəbul etməyə hazır olmalıyıq.
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.6-7.