"Ey bəlakeşlər,
sizə
həmdərd olan Arif mənəm"
Hacı
Arif Buzovnalının əziz xatirəsinə
"Ölüm var ki, həyat qədər dəyərli" - Hacı Arif Buzovnalının uzun sürən xəstəlikdən sonra dünyasını dəyişməsi məni də sarsıtdı və indi onunla belə vidalaşmağımı heç cür ağlıma gətirə bilmirəm. Mikayıl Müşfiq Cəfər Cabbarlının vəfatına bir şeir həsr etmişdi. "O ki söz atından tərpəndi, düşdü, Sanki şeirimizin bir bəndi düşdü". Arif Buzovnalı itkisiylə də qəzəl ədəbiyyatımızın bənzərsiz bir şairini itirdik. Əruzu təbliğ etməkdən yorulmayan, Bakı-Abşeron şeir mühitində onlarla qəzəlkeş cavanları ətrafına toplayıb saatlarla onlara müəllimlik etməkdən zövq alan, bu müəllimliyini naşirlik-redaktorluq fəaliyyəti ilə birləşdirib "Xəzər təzkirəsi" toplusunu tərtib edən Arif deyildimi? Heç elmlər namizədi olmadan klassik poeziyamızın bir çox problemlərini araşdıran, ürfan, sufi poeziyasını incəliklərinə qədər mənimsəyən Arif deyildimi? Dini dəyərləri, "Quran" təfsilələrini də mükəmməl mənimsəyən və poeziya ilə dini dəyərləri vəhdət halında işıqlandıran Arif deyildimi? Və bütün bunlar onun Qəzəlxan missiyasını daha geniş anlamda dərk etməyə gətirir bizi.
Neçə əsrdir ki, Azərbaycan şeirinin Qəzəl deyilən bir gözəli, bir əfsunçusu var ki, biz onun tilsimindən, sehrindən qurtula bilmirik və qurtulmaq da istəmirik. Zaman dəyişir, ədəbiyyatda yeni cərəyanlar, yeni poetik formalar meydana gəlir, şairlər yeni ideyaların bədii təcəssümünə can atır, qəzəl isə öz taxt-tacını, əbədi yaşam haqqını itirmir. Olsun ki, zamanın hansı dönəmindəsə qəzəl bir qədər arxa plana keçir, hətta "köhnəlik" nümunəsi elan edilir, amma yenə boy göstərib öz missiyasını yerinə yetirir. Bu gün - XXI əsrin birinci çərəyində qəzəl özünün yeni bir dövranını yaşayır. Amma qəzəli eksperiment xatirinə yazanların qələmində yox, onu mükəmməl dərk eləyib hünər göstərənlərin qələmində sevirik. Heç şübhəsiz, Hacı Arif Buzovnalı Əliağa Vahiddən, Hacı Maildən, Hacı Ələmdardan sonra "Qəzəl bildirir şairin qüdrətin" kəlamının layiqli icraçılarından biridir. Arif qəzəlin şəklini çəkmirdi, özünü yaradırdı.
Atəşi-eşqə yanan hər kəs demə pərvanədir,
Hər səsi bənzətmək olmaz bülbülün əfqanına.
Aşiqi-nalan cahan içrə
həmin hal əhlidir,
Şövq ilə kafər
də olsa lütf edər mehmanına.
Eşq ilə İsa dəmiylə
Azərə can bəxş
edən,
Eşq idi göndərdi Musanı Xuda ünvanına.
Eşq idi məqsəd Məhəmməd Mustafa meracına,
Eşq idi ilkin səbəb
Şahi-Şəhidin qanına.
Arifa, gəl əhli-eşqəm
söyləməkdən ar
elə,
Vəsli
yarə yetməz aşiq dözməsə hicranına.
Göründüyü kimi, Hacı Arif eşqi və aşiqliyi bir dairədə götürmür,
çoxçalarlı bir
məfhum kimi mənalandırırdı. Eşq
və Aşiq kəlmələri mənaca
müxtəlif və zəngindir. Bu Aşiq dünyanı dərk etməyə, onun sirlərinə vaqif olmağa can atır. Həyatdakı, aləmdəki
dəyişmələr, insan
dünyasının təzadları,
iman və din məsələləri... bütün
bunlar Hacı Arifin yalnız eşq tematikasına qapılmadığını
göstərir. Deyir
ki: "İnsanda artmış
iştəha, dünya
malı candan baha, Məcnun və Leyla yox daha, səhra həmin səhra deyil. Nəfəs ilə göz olmuş taraz, dürr axtaran çox. Dərinləri olmuş dayaz, dərya həmin dərya deyil". Deməli, dünyadan eşq dolu zərrələr
əksilmiş, həyatın,
gözəlliyin məna
və mahiyyətinə
xələllər gəlmişdir.
Və deyəndə
ki:
Fani dünyada bəşərdən
mehribanlıq görmədim,
Etinasızlıqdan üstün bir
yamanlıq görmədim.
Xoş günümdə vermək
baş-başa yaddır
mənə,
Gənc
yaşımda dərdgir
oldum, cavanlıq görmədim.
Qan deyib meydanda gərdiş eyləyən
çox,
Kimsədə pəhlivanlıq gördüm,
amma qəhrəmanlıq
görmədim.
Əlbəttə, Hacı Arif də ustad qəzəlçilərin
o ənənəsinə sadiq
qalır, Nəsimi, Füzuli, Seyid Əzim Şirvani,Vahid
kimi zamanın, yaşadığı dövrün
onun mənəvi dünyasına kəskin reaksiyasını etirazla qarşılayırdı. Arifin qəzəlləri o ustad sənətkarların dövrə,
zəmanəyə qarşı
etirazlarının yeni əsrimizdə,
bəlkə sonuncu meydangirliyi idi.
Ayrılıq dərdin vüsal
zövqündən üstün
bilmişəm,
Dost olub duşmanıma, dostumla düşmən olmuşam.
Yad edib Leylaları, sinəmdə Məcnunlar gəzər,
Bağrı göz yaşı
ilə doymuş biyaban olmuşam.
Mən də dünya görmüşəm, azdırma,
ey dünya, məni,
Çox
müsibətlər çəkəndən
sonra insan olmuşam.
Hacı
Arif Azərbaycan qəzəlinin yeni dönəmində
ən yaxın dostu İlqar Fəhmi ilə birgə onun məzmun planına, forma strukturuna yeniliklər gətirirdi. Təbii ki, onun təsvir etdiyi Aşiq XXI əsrdə yaşayır.
O, klassik eşq "nizamnaməsinə" sadiq
olsa da, bu günün reallıqları
içindədir. Və
bu günün reallıqları XXI əsr
insanının hiss və
həyəcanlarını qəzəl
formasında ifadə etmək tələb edir. Hacı Arifin qəzəllərinin dili və ifadə vasitələri də öz yeniliyilə seçilirdi. Son illərin
qəzəllərində dil
və ifadə vasitələri ilə bağlı iki fikir gündəmdədir.
Birincisi odur ki, qəzəl gərək klassik nümunələrdə
olduğu kimi, fars və ərəb
tərkibləri ilə
dolu ola. İfadə vasitələri də klassik poeziyada olduğu kimi sabit qala. İkincisi
odur ki, qəzəl mümkün qədər fars və ərəb
tərkiblərindən xilas
ola, yalnız azərbaycanca
yazıla, müasir oxucular onu asan
anlasınlar, dərk eləsinlər. Hacı
Arifin qəzəllərində bu iki tendensiya
birləşir, amma əsas yeri bizim öz sözlərimiz
təşkil edir. Təbii ki, indiki dövrdə, xüsusən,
gənclərin klassik
poeziyanı və qəzəli mənimsəməyə
çətinlik çəkdikləri
bir zamanda dilin sadəliyi əsas şərtdir, amma unutmayaq ki, qəzəl əsrlərdən
bəri belə bir xüsusiyyətilə seçilmişdir ki, obrazlı
fikir, sözün məcaziliyi ənənəvi
kanonlarla bağlıdır.
Bu kanonları qırmaq
isə göründüyü
qədər də asan deyil. Amma Hacı Arif yeni dövrün qəzəlini
yaradanda klassika ilə müasirlik arasında körpü yaradırdı:
Könlündə vüsal nəğməsi
vardırsa, sevirsən,
Sevda dolu qəlbin vardırsa, sevirsən.
Yox qorxusu yaş ötsə, xəzan tutsa vücudun,
Ruhunda bahar müjdəsi vardırsa, sevirsən.
Həsrətlə baxan gözlərinin
səcdə zamanı,
Yarın
qaşıtək qibləsi
vardırsa, sevirsən.
Eşq içrə sevinc umma səadət günəşindən,
Üstündə qəmin kölgəsi
vardırsa, sevirsən.
Arif, əsil aşiqdə, deyirlər, ağıl olmaz,
Səndə dəlilik rütbəsi
vardırsa, sevirsən.
Onunla tanışlığım Hacı
Ələmdar Mahirin rəhbərlik etdiyi "Məclisi-üns" verilişlərinin
birində başladı.
Klassik poeziyamızın
təbliğinə həsr
olunan bu veriliş bütün əruz heyranlarını öz ətrafına toplamışdı. Elə
ilk tanışlıqda hiss elədim ki, bu cavan oğlan Füzulini və ümumiyyətlə klassikanı
dərindən bilir. Özü də qəzəl yazır və demək olar ki, əruzu, onun bütün bəhrlərini çox gözəl mənimsəyib.
Bu tanışlıq getdikcə
səmimi dostluğa
da çevrildi. Günlərin
birində İTV-nin
"Ustad dərsi"
verilişində Əliağa
Vahid yaradıcılığından ikilikdə söz açdıq. Amma mən onu təkcə qəzəlxan kimi deyil, həm də klassik poeziyanın, ürfan və sufi elmlərinin
bilicisi kimi tanıdım. Keçən
il "Azərbaycan" jurnalının
sonuncu sayı Məhəmməd Füzuliyə
həsr olunmuşdu və bu sayda
Arifin "Nəsimi... Xətai...
Füzuli..." məqaləsi
də dərc edilmişdi. Və onda hiss elədim ki, Hacı Arif həm də orijinal düşüncələrə
malik bir alimdir. Natiqliyinə də söz ola bilməzdi. Həm öz qəzəllərini, həm
də Füzuli şeirlərini onun kimi ifa edən
ikinci bir şəxs tanımıram.
Hacı
Arif "Xəzər təzkirəsi" toplusunu
ərsəyə gətirdi,
bütün Bakı-Abşeron
qəzəlçilərinin şeirlərindən nümunələr
var o topluda. O toplunun
son sözünü də
Arif yazmışdı.
Son sözdə ürəyindən
keçən belə
bir arzunu da ifadə etmişdi ki, Azərbaycan şeiri yeni Vahidimizi qazansın. Amma haqq naminə deyim ki, Hacı Arif Buzovnalının özü də qəzəl dünyamızda
Vahid məktəbinin kamal
mərtəbəsinə layiq
bir üzvü idi.
Cəmi
53 il yaşadı Hacı
Arif Buzovnalı. Vaxt tapmadı yazmaq istədiklərini yaza bilsin, amma
yazdıqları da bir
şair-alim ömrünü
bu fani dünyada
ölümsüzlüyə çevirdi.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.9.