Türk
dünyasının mədəniyyət və sivilizasiyalar
tarixi E.Hüseynbəylinin
"Gültəkin xaqan" romanında
Müasir
Azərbaycan nəsrinin parlaq nümayəndələrindən
biri - Elçin Hüseynbəylinin son iki-üç ildə nəşr
olunmuş bir neçə kitabının Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda ötən həftənin
cümə günü baş tutan maraqlı təqdimatını
ölkəmizin əbəbi həyatının əhəmiyyətli
hadisəsi hesab edirik. Birincisi və ən başlıcası,
ona görə ki, bu kitablar içərisində xüsusi
olaraq qeyd edəcəyimiz "Gültəkin xaqan"
romanı (Hüseynbəyli E. Gültəkin xaqan (roman). -
Bakı: Zərdabi-Nəşr MMC, 225. - 196) bu gün türk
dünyasının siyasi, iqtisadi, mədəni, təhsil və
müdafiə məsələlərinin həlli
üçün vacib olan və artıq beynəlxalq səviyyədə
tanınan Türk Dövlətləri Təşkilatının
ideoloji hədəflərinə, ideoloji platformasının
möhkəmlənməsinə xidmət edən tutarlı bir
əsər kimi təkcə Azərbaycanın deyil,
bütün qardaş türk respublikalarının ədəbi
həyatının hadisəsi, ədəbi təfəkkürünün
məhsulu kimi təqdim olunmağa layiq yaradıcılıq
nümunəsidir. Kitabın Türk Mədəniyyəti və
İrsi Fondunun dəstəyi, Fondun rəhbəri, professor
Aktoti Raimkulovanın "Böyük tarixə bədii
baxış" Ön söz-təqdimatı ilə nəşri
də fikrimizi təsdiqləyir.
Yazıçının
digər 5 kitabı - "Şah Abbas" romanının
böyüklər üçün yeni versiyada
hazırlanmış və uşaqlar üçün adəptə
edilmiş versiyaları, "Pərixan" romanı, məktəb
yaşlı oxuculara ünvanlanan, kiçik yaşlı
uşaqların oxu və maraq ehtiyacını ödəməyə
hesablanan iki hekayə məcmuəsi ("Banuçiçəyin
nağılları" və "Dənizin
nağılları") də təqdimat və müzakirənin
obyekti oldu.
Yaradıcılıq
və oxucu auditoriyası axtarışları baxımından
E.Hüseynbəylinin fəaliyyətini ayrıca qeyd etməklə
birgə, həm də uşaq və yeniyetmələr
üçün bədii mətnlərinin didaktik əhəmiyyətini
vurğulamaq vacibdir. İstedadlı qələm sahibinin bu qrup
hekayə və povestlərinin, xüsusən də Qarabağ
və Vətən müharibəsi mövzusunda əsərlərinin
orta məktəb dərsliklərinə sıx-sıx daxil
edilməsi həm də yaradıcılığının səmərəli
məcraya yönəldiyini təsdiqləyir. Yazıya
girişi o fikirlə yekunlaşdırmaq istəyirik ki, müasir
və ən yeni ədəbiyyatımızın istedadlı
nümayəndəsi kimi E.Hüseynbəyli yuxarıda
ayrıca olaraq vurğuladığımız "Gültəkin
xaqan" romanı ilə öz yaradıcılıq
potensialını bədii, tarixi və elmi-publisistik təfəkkürümüzün
çox məsuliyyətli, ciddi və yorulmaz bədii və
elmi axtarışlar tələb edən bir aspektinə yönəldib.
Yazıçının Azərbaycan, türk və dünya
oxucusuna təqdim etdiyi maraqlı roman-yol qeydlərinin türk
tarix və mədəniyyətləri barədə təsəvvürlərə
aydınlıq gətirməsi ilə yanaşı, bədii təfəkkürdən
kulturoloji araşdırmalara keçmək üçün də
müəyyən perspektivlər yaratdığı qənaətindəyik.
Bu forma və
məzmunlu romanlar barədə söz demək, onu
ixtisaslı, intellektual və ya kütləvi oxucuya təqdim
etmək çətindir. Biz burada tanınmış ədəbiyyat
nəzəriyyəçisi Rəhim Əliyevin o fikri ilə
tam razıyıq ki, "Yazının hədəfi və
predmeti dünya haqqında məlumat və təsəvvürləri
çoxlu adamlara ötürməkdir. Yazının
ünvanı çoxluq və cəmiyyətdir." Burada onun
mətn və ədəbi dil barəsində digər bir fikri
də yerinə düşür: "Bir dildə mətnlər
nə qədər çoxdursa, ədəbi dil də o qədər
zəngin hesab olunur" (Əliyev R. Ədəbiyyat nəzəriyyəsi.
- Bakı, Qanun, 2012. - s. 242-243).
Biz
yazıçılığı özünün professional
işi hesab edən E.Hüseynbəylinin fəaliyyətinin o cəhətinə
fikrimizi yönəldirik ki, o, çox az müasirlərimizdəndir
ki, bədii mətnlərinin və kitablarının
sonrakı taleyi ilə sistemli şəkildə məşğul
olur: yaşlı, kiçik və yeniyetmə yaşlı
oxucusu ilə dil tapmağa, ünsiyyət formaları
axtarmağa çalışır. Yaxşı anlayır ki,
maraqlı və aktual mövzu tapmaq, lakonik və dinamik
süjet xətti qurmaq, mövzuya uyğun olaraq bədii mətnə
ədəbi dilin, digər dil üslublarının
imkanları, publisist və jurnalist virtuozluğu ilə nəfəs
və həyat vermək azdır. Bədii mətn o vaxt
yaşayır ki, onun oxucusu, rəyçisi və tədqiqatçısı
çox olsun, buradakı ideyalar onların şüur və təhtəlşüurunun
məhsulu kimi müzakirələr doğursun. Xüsusən də,
əsər milli-ideoloji-tarixi kontekstdə dövrün və
zamanın çağırışına cavab versin. Fikrimizcə,
bu məzmunda bədii mətnlər orta məktəblərin
yuxarı siniflərinin ədəbiyyat dərsliklərinə
yol tapmalı, ölkənin ali məktəblərində
müvafiq ixtisas və ixtisaslaşmalarda kulturologiya,
linqvokulturologiya, multikulturalizm, tolerantlıq, ümumtürk
tarixi və mədəniyyətləri üzrə fənn və
kurslarda gənc nəslə mütaliə etdirilməlidir.
Romanın ingilis və rus dillərinə tezliklə tərcüməsinə
və Türkiyə türkcəsinə
uyğunlaşdırılmasına ehtiyac var. Mətndəki
onomastik leksik vahidlər, tarixizmlər, realilər və
lakunarlar tərcüməçi və tərcüməşünaslar
üçün maraqlı iş vəd edir. Bizə elə gəlir
ki, bu romanın müəllifinin qət etdiyi yolu və təhkiyə
planını həm də türk tarixi və mədəniyyəti
ünvanlarına maraqlı turistik marşruta çevirmək
olar.
Tarixi
roman janrına, tarixi mövzulara müraciət müasir ədəbi
prosesimizi səciyyələndirən başlıca cəhətlərdəndir.
Bunun hansı ehtiyacdan irəli gəldiyini oxucu yaxşı
anlayır. S.Rüstəmxanlının "Göy
Tanrı" və "Ölüm zirvəsi",
K.Abdullanın "Yarımçıq əlyazma",
Elçinin "Baş", E.Hüseynbəylinin "Şah
Abbas" və "Gültəkin xaqan", Eyvaz Zeynalovun
"Nadir şah", Yunus Oğuzun "Sultan Alp Arslan",
"Atabəy Eldəniz", "Səfəvi Şeyxi" və
s. romanları böyük tarixi keçmişə, tarixi-mədəni
areala, zəngin dil və ədəbiyyata, dövlətçilik
tarixinə və ənənələrinə malik bir
xalqın, qohum xalqlar ailəsinin öz tarixi mövcudluğu və
milli kimliyi barədə davamlı axtarışlarının
təcəssümüdür. Xüsusən də, onilliklər
və yüzilliklər boyu həm siyasi-ideoloji, həm də
tarixi-mədəni aspektlərdə xalqların
keçmişi əyri güzgüdə,
saxtalaşdırılaraq təqdim olunanda, bu, müəyyən
psixoloji sarsıntıya (travmaya) üstün gəlməyin hədəfinə
çevrilir. Ən qorxulusu isə xalqların tarixi və mədəni
irsi onların etnik, dini və milli mənsubiyyəti nəzərə
alınmaqla, Qərb və Şərq, Cənub və Şimal
kontekstlərində qərəzkarlıqla, birtərəfli təqdim
olunanda baş verir. 1828-ci ildə Azərbaycan
torpaqlarının Rusiya və Qacarlar imperiyaları arasında
bölüşdürülməsindən sonra araya düşən
ayrılığı, natamamlıq kompleksini adlamaq uğrunda
elm, sənət və ədəbiyyat adamlarımızın
mücadiləsi davam edir. "Gültəkin xaqan" tarixi
romanı ərazilərimizin qaytarılmasından sonra, Zəfərimizin
5 illiyi ərəfəsində işıq üzü
görüb. Elçin Hüseynbəyli son romanını Vətənin
bütövlüyünü, onun böyük Türk
dünyasının, türk-islam mədəniyyətinin və
sivil dünyanın ayrılmaz parçası kimi dərk və
təsəvvür etmək, öz xalqının "Odisseya"sını
yaratmaq niyyətini duyuruq...
Dünyanın
bugünkü xəritəsi formalaşanadək istər antik
və qədim, istər orta əsrlər və yeni, həm də
müasir və ən yeni dövrlərdə bu və digər
xalqlar və ya qohum xalqlar qrupu, ölkə və ölkələr
birliyi siyasi, ideoloji, dini, iqtisadi və s. zəmində
müharibə və istilalara səbəb olublar. Yeni
torpaqların kəşfi, ərazilərin zəbti, müstəmləkələr,
xaç yürüşləri, müxtəlif bəhanələrlə
böyük ərazilərin dini, siyasi-hərbi, iqtisadi və
s. xarakterli təsirlər altında saxlanılması,
barbarlıq və soyqırımı halları olub. Bununla bərabər,
hərbi-siyasi, mədəni cəhətdən üstün tərəfin
müsbət təsiri heç vaxt danılmayıb. Yeni kəşflər
və maarifçiliyin yayılması sayəsində XVI əsrdən
başlayaraq, Avropa ideyalarının bütün qitələrə
yol almasını dünya tarixşünaslığı birmənalı
olaraq mütərəqqi hal kimi dəyərləndirib. Avropa
dövlətlərinin müstəmləkəçilik siyasəti,
dünyanı bölüşdürmək uğrunda iki
dünya müharibəsi və XXI yüzilliyin başa vurmaqda
olduğumuz birinci rübü ərzində bəşəriyyətin
başı üzərini almış üçüncü
dünya müharibəsi təhlükəsi heç də
böyük güclərin tarixi keçmişinə,
dünyaya bəxş etdiyi mədəniyyətlərə
kölgə salmır. Bu mühakimə müstəvisində
dünya tarixində Xalqların Böyük köçünə
səbəb olmuş və bugünkü Qərbi Avropanın
etnik-milli və siyasi xəritəsinin formalaşmasına
böyük təkan vermiş türklərin (hunların)
müstəsna rolu vurğulanmaq əvəzinə, dünya mədəniyyət
və sivilizasiyaları tarixində, tarixi-mədəni
sivilizasiyalarla bağlı mövcud nəzəriyyə və
konsepsiyalarda türklər vəhşi (köçəri),
sivilizasiyaların dağıdıcısı kimi təqdim
olunur. Eramızdan əvvəl, IV əsrdə 24 tayfadan ibarət
ittifaq (imperiya) yaratmış hunlar Böyük İpək
Yolunun yaradıcısı olan Han Çin imperiyasının ən
böyük rəqibi, həmin o hunların xələfləri
olan Atilla hunları Şərqi və Qərbi Roma
imperiyaları ilə müharibələrin, Qərb və
Şərqin Katalaun düzündə üz-üzə gəldiyi
döyüşün iştirakçıları deyildilərmi?
Hələ eramızdan əvvəl hunlar Göy Tanrıya
inanırdılar. V-VII əsrlərdə türkdilli
xalqların bir federasiyada cəm olaraq yaratdıqları Böyük
Türk Xaqanlığı, türklərin (qüdrətli
türk dövlətlərinin) islam Renesansına verdiyi
töhfələr, XIX əsrin başlanğıcında
Avropada fövqəldövlət yaradaraq, dünyanı bir
hökmdarın idarəçiliyində görmək istəyən
Napoleona qədər nəhəng imperiyalar yaratmış
Çingizxan və Əmir Teymur türk dövlətçilik,
mədəniyyət və sivilizasiyalarının sahibi deyildilərmi?
Bugünkü Qərb və Şərq (yəni Amerika, Qərbi
Avropa və Çin) arasında tarixən mövcud olmuş
tarixi-mədəni areala (haqsız olaraq, bəzən boz sahə
kimi dəyərləndirilən Böyük Çölə)
aid mədəniyyətin yaradıcıları türk
xalqları olmayıbmı? Bu xalqlara kiminsə dövlətçilik
ənənələri bəxş etməsi, bu areala mədəniyyət
gətirməsi və Avrasiyanı daim öz təsir və nəzarəti
altında saxlaması iddiası gülünc
görünmürmü?..
Qoyulan
suallar yüzilliklər boyu əsasən, elmi-nəzəri, hərbi-siyasi,
dini-ideoloji və diplomatik mübahisələr müstəvisində
dünyanın gündəmində olub. Tarixə "Şərq
məsələsi" kimi düşən bu problem eyni zamanda
həm də böyük ədəbi müzakirələr
doğurub. Slavyanofillər, xüsusilə də, Fyodor
Dostoyevski tərəfindən qabardılan "Şərq məsələsi"
daha çox Balkanlarda və Şərqi Avropada Osmanlı
İmperiyasının istilası altında olan slavyan
xalqlarının - əsasən pravoslav xristianların - siyasi
və dini azadlığının təmin olunması bəhanəsi
ilə onların Rusiyanın təsir və nüfuz dairəsinə
qatılması, bu dövlətin siyasi və iqtisadi
maraqlarının regionda təmin olunması məqsədilə
gündəmdə saxlanılan problemlər kompleksi kimi dəyərləndirilib
(məsələn, "Brokqauz və Yefronun ensiklopedik
lüğəti"ndə). Əslində isə problemin
tarixi kökləri daha dərinə gedir. Rus çarları
III Vasili və III İvanın zamanından bəri türk
torpaqları üzərində yüksələn və
böyük Avrasiya dövlətinə çevrilən
Rusiyanın dövlətçilik və din tarixi planlı
şəkildə yenidən yazılır, onun Böyük
Çöllə əlaqələri təhrif olunur. XVIII əsrin
sonlarından başlayaraq, Rusiya İmperiyasının tərkibinə
qatılan Mərkəzi Asiya juzları və xanlıqları,
Azərbaycan xanlıqları sovet dövründə əsl
tarixini öyrənməkdən məhrum edilib. I Türkoloji
qurultaydan sonra, 30-cu illərdə, XX əsrin əvvəllərində
Rusiya və Osmanlıda formalaşmış
türkçülük və milli kimlik ideyaları, türk
dilləri, tarix və mədəniyyətlərinin tədqiqi
ilə bağlı perspektivlərin üstündən xətt
çəkilir. Çünki bu, rus
tarixşünaslığının, orta əsrlərə
aid dini-ədəbi abidələrin müəyyən etdiyi
çərçivələri aşırdı... Məsələnin
altında həm də başqa dini-ideoloji və siyasi mətləblərin
gizləndiyi aydın olur. Osmanlı İmperiyasının zəifləməsi
nəticəsində Balkanlar və Şərqi Avropa,
boğazlar uğrunda Rusiya və Avropa arasında gedən
mübarizə təkcə hərbi-siyasi və dini deyil, həm
də mədəniyyət və sivilizasiyaların
toqquşması xarakteri ilə səciyyələndirilir.
1869-cu ildə
rus filosofu N.Danilevskinin irəli sürdüyü lokal
sivilizasiyalar konsepsiyasında türk mədəniyyət və
sivilizasiyalarına yer verilməməsi və roman-german mədəniyyəti
ilə yanaşı, Avropada yalnız slavyan tarixi-mədəni
tipinin formalaşmaqda olduğu iddia olunurdu. Bunun
üçün mərkəzi Konstantinopol olmaqla, Rusiyanın
himayədarlığı ilə Ümumslavyan
İttifaqının yaradılması ideyası irəli
sürülür və əsaslandırılır (Danilevski
N.Y. Rusiya i Yevropa. - Moskva, AST: OQİZ, 2023. - 624 s.).
Ümumslavyan İttifaqı Avropaya, slavyan, yaxud yunan-slavyan
tarixi-mədəni tipi isə roman-german tarixi-mədəni
tipinə qarşı qoyulur. N.Danilevskinin Avropada türk
xalqları tarixi və mədəniyyətlərinin, eləcə
də islam dininin izlərini, mütərəqqi rolunu
kökündən inkar etməsi süni şəkildə
yunan-slavyan mədəniyyətinə, pravoslav
xristianlığına yol açmaq niyyətindən irəli
gəlirdi. Təəssüf ki, rus aliminin ardınca dünya mədəniyyətləri
və sivilizasiyaları tarixi ilə bağlı nəzəriyyələr
irəli sürmüş alman filosofu Osvald Şpenqler və
ingilis tarixçisi və nəzəriyyəçisi Arnold
Toynbi də onun irəli sürdüyü konsepsiyanın təsiri
altında olmuş, öz təsnifatlarında türklərə
məxsus mədəniyyət və sivilizasiyalara yer verməmişlər. Problemin XIX əsrin ikinci
yarısı - XX əsrin əvvəllərində rus fəlsəfi
və ədəbi dairələrində ciddi müzakirələrə
səbəb olan "rus ideyası" və "imperiya
ideyası" ilə kəsişməsi (F.Dostoyevski ilə
yanaşı, L.N.Tolstoy, A.Gertsen, sonradan N.Berdyayev və b.),
klassik avrasiyaçılar (N.Trubeskoy və b., sonrakı
dövrdə L.N.Qumilyov), Turan avrasiyaçıları
(O.Süleymenov, N.Nazarbayev) tərəfindən, həm də
son onilliklərin türk-slavyan tədqiqatlarında
(tyurkoslavistikada) tam fərqli aspektlərdə təqdim edilməsi
Böyük Çöl tarixi - Türküstan tarixi-mədəni
arealı, türk xalqlarına məxsus nomadik (köçəri)
mədəniyyət və sivilizasiyalar barədə təsəvvürlərə
müəyyən aydınlıq gətirsə də, Qərbin
və Rusiyanın akademik dairələrinin məsələyə
adekvat münasibəti hələ də həllini gözləyir.
Məsələyə
tarixi aspektdən baxış "Gültəkin xaqan"
romanı kimi əsərlərin qələmə
alınmasını şərtləndirən cəhətləri
qabartmağa imkan verir. Heç şübhəsiz ki, bu
maraqlı süjet müəllifin bədii təfəkkürünün
məhsulu, bu gün roman janrı tədqiqatçılarının
postmodernist, polifonik roman kimi səciyyələndirdikləri
bir əsərdir. Kitabın annotasiyasında göstərildiyi
kimi, əsər həm də sinkretik janr nümunəsidir.
Elçin Hüseynbəyli konkret janr çərçivələrinə
və kanonlarına sığmayan yazıçıdır.
Onun yaradıcılıq üslubunu konkret olaraq hansısa ən
müasir ədəbi metoda, "izm"lərə
bağlamağa cəhd etmək istəmirik. Yuxarıda
"Gültəkin xaqan"ın polifonik roman keyfiyyəti
daşıdığını qeyd etdiyimizdən burada müəllifin
düşüncə və yazı tərzinə,
süjetqurma və romançılıq təcrübəsinə
uyğun gələn bir fikrə istinad edək: "Polifonizm
bir sözdə iki səsin, bir insan düşüncəsində
iki əks ideyanın, bir əsər çərçivəsində
iki əks qəhrəman-ideoloqun və nəhayət, bir
yaradıcılıq hüdudlarında iki əks fəlsəfi
prinsipin mövcudluğu və onların dialoji şəkildə
qarşılaşması, polemikası deməkdir. Polifonizm təkcə
dil, üslub, janr problemi olmayıb, daha geniş fəlsəfi,
kulturoloji məsələləri əhatə edir. Dünya və
həyat başdan-başa bitib-tükənmək bilməyən
bir dialoqdur. Dialoq varlığın mövcudluq
formasıdır..." (Qocayev M. Mixail Baxtin və onun polifonik
roman nəzəriyyəsi // M. Baxtin. Dostoyevski
poetikasının problemləri. - Bakı: Kitab aləmi, 2005. -
s.10). Roman müəllifi kimi E.Hüseynbəyli həqiqət
axtarışında, öz ideyasının
reallaşmasına doğru canatımda daim özüylə
dialoqda və polemikadadır ki, bu da əsl çoxsəslilik
yaradır. Çoxsəsliliyi (polifonizmi) isə daha
böyük auditoriyanı və daha çox tərəfdarı,
həmfikri əhatə etmək kimi dərk edirik.
Yuxarıda
tarixə və tarixi araşdırmalara ekskursda məqsədimiz
müəllifin həm də özünü əsl tədqiqatçı
kimi göstərməsini vurğulamaqdır. Bu isə V-VIII əsrlərə
aid türk imperiyaları tarixi ilə bağlı tədqiqatları
sistemli şəkildə izləmək, mənimsəmək,
uyğun və məqsədli traktovkada təqdim etməklə
yanaşı, həm də konkret tarixi dövrləri türk
dilləri və sivilizasiyalarının ayrı-ayrı
inkişaf mərhələlərini əks etdirən
çalarları və cəhətləri arxaik leksik vahidlər,
tarixizmlər, toponimlər, antroponimlər və sair onomastik vahidlər
vasitəsilə canlandırmaq bacarığı tələb
edir. Müəllifin dilində rast gəlinən bəzi
söz və ifadələrin (məsələn, "kərənay",
"davul(lar)", "yabğu", "tutuqlular",
"budun(lar)" və s.) həm də ortaq türk dilinə
tezliklə keçidə çağırışı ifadə
etdiyini düşünürük.
Müəllif
üçün əsas şərt tarixi faktlara sadiqlikdir.
Türk tarixini əks etdirən yunan xronikaları, fars-ərəb
mənbələri, rus və Çin salnamələri,
ümumtürk abidələri, o cümlədən, qəhrəmanlıq
dastanları, türk tarixini, ona bağlı olan Qədim və
Orta əsrlər rus tarixinin rekonstruksiyasını təqdim edən,
qeyri-ənənəvi baxışları ilə seçilən
tədqiqatçıların (məsələn, N.Trubeskoy,
L.N.Qumilyov, O.Süleymenov, F.Cəlilov və b.) əsərləri
ilə, mövzu ilə əlaqəli Türkiyə türkcəsində
yazılan tədqiqatlarla yaxından tanışlığın
buna şərait yarada bildiyini fərz edirik. Romanın əhatə
etdiyi tarixi ərazilərin genişliyi, müəllifin qət
etdiyi yolun uzunluğu türk mədəniyyətlərinin
yayıldığı arealla müəyyən olunur.
Monqolustan (Ötükən), Çin, Mərkəzi Asiya
çölləri, Sibir türklərin ilk yurd yerləri kimi
təsvir edilir.
Əsər
həm də müəllifin etnoqrafik, etnoloji və antropoloji
müşahidələri ilə diqqəti cəlb edir. Bu onun
təsvir etdiyi hər bir muzey eksponatına, mifik və dini təsəvvürlərə
aid əşya və məfhumlara, romanda adları sadalanan
çoxsaylı etnos və xalqları (tanqutlar, soğdlar,
qırğızlar, qarlıqlar, kidanlar, tabğaclar, basmillər,
aşinazlar, soğdlar, turgeşlər, onoxlar, tarduşlar və
s.) xarakterizə edən xüsusiyyətlərin təsvirində
özünü büruzə verir.
Romandakı
təhkiyə üslubu dinamik və canlı süjet xətti
yaradır. Döyüşə hazırlıq, kütləvi
döyüş səhnələri ovaxtkı hərb sənəti
və strategiyası barədə təsəvvür
yaradır. Türklərin "Qurd oyunu", "Vəhşi
qaz" döyüş üsulu, Vızıldayan
ikibaşlı oxlar və çinlilərin Yanar şarları
(kürələri), döyüş düşərgələri
salma, kalkanların ordunu su ilə təminetmə
bacarığı, qidalanma, ərzaq və silahlarla təminat
və digər detallar batal səhnələrin,
döyüşçü ruhunun təsviri cəhətdən
inandırıcı görünür. Əsərin göstərilən
bədii məziyyətləri onun
ekranlaşdırılmasına və ssenarinin daha geniş
auditoriyaya çıxmasına imkan yaradır.
Müəlliflərimizin
Azərbaycan tarixindən, konkret olaraq, Səfəvi və Nadir
Şah Əfşar imperiyalarından bəhs edən
romanlarında, eləcə də İngiltərə tədqiqatçısı
Laurens Lokkartın "Nadir şah" əsərində oxucu
qardaş qırğınlarının, saray çəkişmələrinin,
satqınlığın, dövlət və dövlətçiliyin
məhvinə aparan eyş-işrətin şahidi olur. XVIII əsrdə
Avropada intişar edən Maarifçilik dövründə
nizamsızlıq, maarifsizlik, gerilik, qardaş
qırğını, mənasız dini təfriqə üzündən
itirilmiş Səfəvi və Nadir Şah Əfşar Azərbaycan
Türk imperiyalarına görə təəssüf hissi
yaşayırsan. "Gültəkin xaqan" romanı isə
qədim türk tarixini, o dövrün hökmdar, sərkərdə
və döyüşçü əxlaqı, ruhu və
şərəfini tam başqa bir tərzdə təqdim edir.
Dövlətin və ordunun idarəçiliyindəki demokratik
və vətənpərvər ruh, Xaqana sadiqlik duyğusu,
Göy Türk dövlətinin başçısı Bilgə
xaqan və ordunun başçısı Gültəkin xaqan
arasındakı səmimi, etibar və məhəbbət dolu
qarşılıqlı münasibət istər-istəməz
gözlərimiz önündə Səfəvi və Nadir
Şah imperiyalarındakı saray mühitini, hakimiyyətə
gələn qardaşın digər qardaşlarını,
doğmalarını necə amansızlıqla həyatdan məhrum
etməsini yada salır. Məclis başqanı Tonyukuk
obrazı yalnız Gültəkin xaqanın bütün
yürüşlərinin, qazanılan qələbələrin,
aparılan danışıqların, döyüş
planlarının qurucusu deyil, o həm də dilindən
söylənilən lirik ricətlərlə ("Tonyukuk
döyüşçülərə Qutluq (Eltəriş)
xaqanı anladır"; "Tonyukuk İstəmi xaqandan
(552-576) danışır"; "Tonyukuk Mətə
xaqanı anladır"; "Tonyukuk Bögü (Qapağan)
xaqanı (693-716) anladır") türk tarixinin
ayrı-ayrı səhifələrini vərəqləyir,
poetik çalarlarla ifadə edir. Müəllifin bu tərzdə
mətn içində mətnlər yerləşdirməsi həm
əsərin əsas ideyası, həm süjet xətti ilə
vəhdət yaradır. Bütün türk tayfa və
xalqlarını bir yerə yığıb ittifaq yaradaraq,
Çin səddini aşan və imperatriça Xuandzonqu
türklər üçün əlverişli sülh
müqaviləsi imzalamağa vadar edən Gültəkin
xaqanın obrazı inandırıcı və həyati
görünməklə bərabər, bir bayraq və damğa
altında birləşmiş türk xalqları və dövlətinin
qarşısında durmuş böyük hədəflərə
çatmağın açarının, ilk növbədə,
bacarıqlı, ədalətli, iradəli və
silahdaşlarının məsləhətini, xalqın diləklərini
duyan müdrik başçı və sərkərdənin əlində
olduğuna işarədir.
Mətə,
Bumin, İstəmi, Qutluq, Qapağan, Bilgə və Gültəkin
xaqan mifik qəhrəmanlartək yox, tarixi şəxsiyyətlər
kimi türk birliyinə səy göstərirlər. Onlar
Türk Dövlətləri Təşkilatını yaradan
bugünkü müstəqil türk cümhuriyyətləri
prezidentlərinin sələfləri qismində təqdim olunur...
Romanın sonuncu fəslinə Türkiyə Prezidenti
Ərdoğanın Türk Birliyinin vacibliyini əsaslandıran
çıxışının daxil edilməsi ağır
tarixi sınaqlardan keçmiş türklərin müasir
dövr üçün düşüncəsini əxz etdirməklə
bərabər, əsərə siyasi-ideoloji rəng qatır:
"Babalarımız yüz illər öncə Ötükəndə
(indiki Monqolustanda - T.C.) Böyük Türk dövləti
yaratmışlar; ərazisi 13 milyon kvadrat kilometr olmuşdur. Mətə
xaqandan tutmuş, Bilgə xaqana qədər, hamısı o
birliyi qoruya bilmişdir. Təəssüf ki, sonradan türk
tayfaları bir-birinə düşmən olmuş, həmin
birlik dağılmışdır. Biz indi Turan Birliyinə
doğru gedirik. Qardaşım İlham Əliyevlə bu barədə
çox danışmışıq. İndi başqa türk
dövlət rəhbərləri də burdadır. Turan Birliyi
niyə də yaranmasın! Bu birlik bizim özümüzü
müdafiə işidir. Bir kimsəylə torpaq davası etmədik,
etmərik də, amma özümüzü qorumalıyıq.
Çünki dəyişən və vəhşiləşən
dünyada bu, vacibdir!"
Telman
VƏLİXANLI (CƏFƏROV)
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.10-11.