Hekayə diskurs kimi:
"Musson
küləkləri"
Orxan Cuvarlının "Musson küləkləri" hekayəsi dinamika və emosiyası üzdə
deyil,
daxili qatda yaşanan mətndir.
Orxan belə
gənc yaşda hekayəni hədsiz usta, peşəkar qələmlə yazıb,
yüksək poetik imkanları ilə seçilən obrazlı dil sərgiləyib, həyat-ölüm problematikasının
pafosdan uzaq bədii həllini verib. Mətndəki hər şey dərin bir boşluğa müncərdir,
yazıçı bu boşluğu, insan tənhalığı və
yorğunluğunu, son aqibət
duyğusunu personajın
psixoloji vəziyyətini
dinamikləşdirən iri
planlardan yararlanmaqla ötürür, ətrafdakı
hər detalın kədərli görüntüsünə
vurğular etməklə
təkliyin ifadəliliyini,
əzəmətini artırır.
Müəllif heç
bir ömür hekayətindən bəhs eləmir, sadəcə obrazın daxili aləminə köklənməsi,
sıxıcı məna
məkanlarının yaradılması,
zaman-məkan sərhədsizliyi
ilə oxucu üçün əyani lövhələr açır
və elə bu lövhələrlə
onu obrazların həyatı, keçmişi
ilə bağlı səbəb-nəticə halqasına
qoşur. Bu soyuqluq arxasında duyulan iztirablar daha toxunandır və təhtəlşüura birbaşa
işləyir. İdeya
əsası "son problematikası"
olan bu mətndə
ruhsal və fizioloji bitkinlik elə təklik, aqibət duyğusunun əlaməti kimi səciyyələnir.
Hekayədə yorğun ovqatla
yüklənmiş poetik-real-şərti təsvirlər
var, təsvir olunan detallar məkanı konkret funksiya ilə təmin edir. Yazıçı
minimum emosiya ilə boşluqlarda, əslində,
öz dünyalarında
inzivaya çəkilən
insanların hekayətini
vizual olaraq məişət detallarının
təsviri, virtual olaraq
isə keçmişlə
bağlı xatirələrinin
nisgilini verməklə
psixoloji rakurs və mizanlarla açır. Dünyasını
dəyişən ana, qürbətdə
yaşayan qardaş, tək qalan ata və çarəsizlik
labirintində qalan baş obraz - bunca yoxluğun soyuqluğu və psixoloji yükü müəllifin seçdiyi
təhkiyə dili, güclü hissi toxunuşlara malik detalların
vurğusu ilə monolitlik qazanır. Hekayədə ləngərli
bir qüssə, bədbin atmosfer, həzin sükut hakimdir və bu sükutda insan təkliyinin amansızlığı dərin
estetik həllini tapa bilir.
Müəllif elə ilk səhnələrdə
məkanın psixoloji
diskomfort yaradan fakturası, soyuq təsvirlər, tutqun rənglərlə oxucuya müəyyən işarələr
verir. Bu vizual informasiyalar hekayənin sonrakı gedişatında
insan hisslərinin ötürdüyü ovqat
atmosferində dəyişilmir,
əksinə, biri digərini motivləndirən
komponentlər, enerji dalğası kimi təzahür edir. Və sadəcə, düşündürür! Həyatın
mənasına varmaq, özünüdərkinə yetmək
üçün bir nəfəsdərim şansı
verəcək qədər...
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.14.